Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şahı ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib.
Mədəniyyət Nazirliyinin yaydığı xəbərə görə, görüşdə həmçinin, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə, Britaniya Şurasının ölkə ofisinin rəhbəri vəzifəsinə təyin olunmuş Frensis Qardener-Trexo və Britaniya Şurasının əməkdaşı Dilarə İbrahimova iştirak edib.
Qonaqları səmimi salamlayan nazir Anar Kərimov ilk öncə Samr Şahı İordaniya üzrə Britaniya Şurasının ofis rəhbəri və Levant Klasterinin başçısı vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar və böyük nailiyyətlər arzulayıb.
Ölkəmizdə fəaliyyət göstərən Britaniya Şurasının mədəniyyət sahəsində həyata keçirdiyi layihələri yüksək qiymətləndirən nazir Azərbaycanın Britaniya Şurası ilə əməkdaşlığa önəm verdiyini və birgə fəaliyyətin Azərbaycan və Böyük Britaniya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə istiqamətləndiyini bildirib.
Səmimi qəbula görə nazirə minnətdarlığını ifadə edən Samr Şah Azərbaycanda çalışdığı müddətdə Şuranın əməkdaşları ilə birgə görülmüş işləri məmnunluqla vurğulayıb, mövcud əlaqələrin, səmərəli əməkdaşlığın növbəti illərdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib, nazirə və nazirliyin kollektivinə uğurlar arzulayıb.
Görüşdə, həmçinin Britaniya Şurasının ölkəmiz üzrə nümayəndəliyinin yeni rəhbəri ilə birgə fəaliyyətin uğurla həyata keçiriləcəyinə, əməkdaşlığın daha da genişləndiriləcəyinə inam ifadə edilib.
Görüş tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.