Sevimli tarixi seriallar — Vikinqlərdən Spartaka qədər. Amma hansı daha yaxşıdır? Bu gün “Ədəbiyyat və incəsənət” portalı kvalifikasiyalı reytinqlər dərc edən Fullpicture nəşrinə istinadən ən yaxşı tarixi serialların reytinqini təqdim edir.
Seriallar təsəvvür edə biləcəyinizdən də çox həyatımıza nüfuz ediblər. Onlarda zaman və məkan məhdudiyyəti yoxdur, janr da həmçinin. Birində Qədim Roma imperiyasının əsgərləri qılınc-nizə cingildədərək irəli şütüyürlər, digərində müasir dəmir-beton-şüşə Nyu-York göydələnində məişət qovğası gedir. Bəli, a-dan ş-ya qədər, hər şey və hər kəs serialların mövzu mənbəyidir. Hal-hazırda nümayiş edilən seriallar daha çox əyləncəvi xarakter alsa da, daha çox, vaxt öldürmək istəyən əyləncəsevər təbəqənin yemi olsa da, bununla belə, müxtəlif dövrlərdə, dünyanın uzaq guşələrində baş vermiş tarixi hadisələrdən bəhs edən serialları izləmək həqiqətən maraqlıdır. Bu seriallar bizimçün o vaxtlar həyatın necə olması haqqında dramatik və maraqlı fikirlər ortaya qoyur, onların auditoriyası isə daha ciddi kontingentdir.
Tarixi seriallar çoxdur. Hansı birini görməyə daha çox dəyər verirsiniz – deyə Fullpicture mütəxəssislərə və zövqlü tamaşaçılara sual edib və Netflix-in dəstəyi ilə belə bir onluq formalaşdırıb, buyurun, tanış olun:
1. “Bordcia”
Bu serialı izləmək üçün bir səbəb varsa, o da Jeremi Ayronsdur, Rodriqo de Bordcianın - VI Aleksandrın atasının rolunu canlandıran bacarıqlı aktyorun ifasıdır. Serial, adından göründüyü kimi, məşhur Bordcia ailəsinə və onların hakimiyyətə gəlməsinə həsr olunub və Renessans dövrü İtaliyasında baş verən rüsvayçılıqları diqqətə çatdırır. Qalmaqallı pontifikin parlaq və mənfur obrazı auditoriyanın diqqətini cəlb etmək üçün kifayət etmirdisə də, filmin yaradıcıları süjetə onun tamahkarlıq, hədə-qorxu gəlmə, xəyanət və amansız qalmaqallarıyla dolu səhnələr daxil etməklə qaynar qazan qaynatmağa müvəffəq olublar.
2. ”Ordenin çöküşü”
Premyerası 2017-ci ildə History kanalında keçirilən, Teftonq Ordeninin qanlı savaşlarından bəhs edən və iki mövsümü efirə çıxan bu tarixi serialın bu günə qədər üçüncü mövsümünün yayımlanacağı barədə xəbər hələ ki yoxdur, lakin tamaşaçılar bu serialın gələcəkdə davam edəcəyini səbirsizliklə gözləyirlər.
3. “Tudorlar”
Tudorlar serialı cəmi dörd mövsüm ərzində - 2007-ci ildən 2010-cu ilə qədər yayımlanıb. Serial Kral VIII Henrixin hakimiyyətinin ilk günlərindəki qalmaqallı, dramatik hadisələrdən xəbərdar olmaq istəyən hər kəs üçün diqqətəlayiqdir.
4. “Poldark”
"Poldark" 2015-ci ildə yayımlanan tarixi dramdır. Serialda hadisələr İngiltərədə 18 əsrin sonlarında baş verir və serial eyni adlı romana əsaslanır.
5. “Son Krallıq”
"Son Krallıq" 2015-ci ildə efirə çıxmağa başlamış və Bernard Kornuellin "Sakson salnamələri" romanının süjeti əsasında çəkilən serialdır. Netflix serialın hüquqlarını əldə etmədən əvvəl serial BBC America-da yayımlanmağa başlayıb və həmin gündən etibarən tam seriyalar deyil, yalnız epizodlar istehsal edir.
6. “Mamaça çağırın”
Hadisələri 1950-ci və 1960-cı illərdə cərəyan edən bir BBC dramı. Bu serialda hadisələrin nisbətən yaxın dövrdə - 20-ci əsrin ortalarında cərəyan etməsi faktı onu izləmək üçün heç də marağı aşağı salmır.
7. “Spartak”
Spartak serialı 2010-cu ildən 2013-ə qədər Starz-da nümayiş edilib. Üç mövsüm yayımlanan bir serialda hadisələr eramızdan əvvəl I əsrdə baş verir və eyniadlı məşhur tarixi Trakiya qladiatorunun həyatından bəhs edir.
8. “Yeraltı İmperiya”
Atlantik-siti şəhərində quru qanun dövründə baş verən dramatik hadisələr çox səs-küy qoparıb. Stiv Buşem bu serialda Nayk Tomsonunun rolunu oynayır. Kimdir Tomson? Şəhərdə fəaliyyət göstərən quldurların köməyi ilə Atlantik-sitini idarə edən hiyləgər bir siyasətçi. Serial 2010 – 2014-cü illərdə yayımlanıb.
9. “Vikinqlər”
"Vikinqlər" 2013-cü ildə History kanalında yayımlanan tarixi dramdır. Altıncı və son mövsümün premyerası 2020-ci ildə baş tutub və Netflix hazırda "Vikinqlər: Valqalla" adlı sikvelin yaradılması üzərində işləyir.
10. “Tac”
"Tac" hazırda ən məşhur tarixi seriallardan biri, bəlkə də birincisi hesab edilirf. Netflix-də bu serialın premyerası 2016-cı ildə keçirilib və orada Kler Foy gənc kraliça II Yelizavetanın obrazını məharətlə oynayıb.
------------------------------------------------------------------
Reytinq tamamlandı, amma “Ədəbiyyat və incəsənət” portalı olaraq zəruri bir əlavə etmək istəyirik. Təbii ki, burada yalnız Qərb tarixi, Qərb dövlətləri gerçəklikləri əks olunan seriallar daxil ediliblər. Halbuki Şərq dünyasını əks etdirən tək bir serialın adını çəkə bilərik ki, bu serial əksər reytinqləri alt-üst etməyə layiqdir. Söhbət Türkiyənin istehsalı olan “Möhtəşənm yüz il” serialından gedir.
11. “Möhtəşəm yüz il”
Tims Productions tərəfindən hazırlanan, Star TV tərəfindən 12 noyabr 2015 tarixində yayıma başlayan tarixi türk teleserialıdır. 2011-2014-cü illər tarixlərində yayımlanan serialın prodüseri Timur Savcı, ssenaristi Yılmaz Şahin, rejissorları isə Mert Baykal və Yağız Alp Akaydındır. Serialın ilk bölümləri Yunanıstanın Saqqız adasında çəkilmişdir.Serialda Osmanlı padşahı I Əhmədin cülus mərasimi səhnələri üçün İstanbulun Hadımköy səmtində xüsusi studiya qurulmuşdu. Bu səhnənin çəkimləri üçün Topqapı sarayının bir hissəsi ilə Babüssəadət və Babüssalam qapıları xüsusi olaraq yenidən hazırlanmışdı.Serialın mövzusu isə hələ 13 yaşında bir şahzadə ikən atası III Mehmedin vəfatı ilə taxta çıxan I Əhmədin və o illərdə saraya kölə olaraq gətirilən Kösəm Sultanın sevgisindən, ardından Kösəm Sultanın intiqam üçün girişdiyi taxt mübarizəsindən bəhs edir. “Möhtəşəm yüz il” teleserialı hələ televiziyada yayımlanmamışdan öncə artıq 50 fərqli ölkəyə satılmışdı. Demək, onun ən yaxşı tarixi seriallar reytinqində ön yerlərdən birini tutmağa haqqı vardır.
Şəkillərdə: “Ordenin çöküşü”, “Son Krallıq”, “Vikinqlər” və “Möhtəşəm yüz il” seriallarından görüntülər