İçərişəhərdə fotoneqativlərin bərpası üzrə nəzəri-praktiki seminar təşkil olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Muzey Mərkəzinin fondlarından fotoların, foto və şüşə neqativlərin təmizlənməsi, bərpası və rəqəmsallaşdırılması üzrə nəzəri-praktiki seminar təşkil olunub. Qeyd edək ki, Almaniyanın Xarici İşlər Nazirliyinin “Mədəniyyətin qorunması” proqramı çərçivəsində elan etdiyi müsabiqədə Muzey Mərkəzi qalib gəldikdən sonra “Fotolarda canlanan tarix” adlı layihəyə başlanılıb.

 

Qoruq İdarəsindən verilən məlumata görə, bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” Muzey Mərkəzinin fondundan XIX əsrin sonlarına, XX əsrin əvvəllərinə aid nadir fotoların və şüşə neqativlərin təmizlənməsi, bərpası və rəqəmsallaşdırılaraq elektron bazaya daxil edilməsi nəzərdə tutulur. Bərpa prosesi üçün Muzey Mərkəzi tərəfindən xüsusi avadanlıq alınmışdır, nadir fotoların bərpası üzrə Gürcüstan Milli Muzeyinin ekspertləri dəvət edilmişdir.

 

Seminar zamanı muzey və foto aləmində Azərbaycanda ilk dəfə olaraq foto artefaktların bərpası haqqında ətraflı əyani təqdimat olacaq və iştirakçılara fond nümunələri əsasında bərpa prosesi nümayiş olunacaq. Fondun fotoneqativləri arasında Bakının, Abşeron və Qarabağın abidələrinə aid unikal foto nüsxələr mühafizə edilməkdədir.

 

Seminar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gürcüstan Milli Muzeyinin ekspert və Almaniyanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.