BİRİ İKİSİNDƏ - Nurlana İşığın “Burulğan” hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün növbəti dəfə Nəsr saatıdır, Nurlana İşığın “Burulğan” hekayəsinin təqdimatıdır.

                                      

 

İşıq tut ağacının altında oturmuşdu. Kürəyini də ağacın gövdəsinə söykəmişdi. Başının üstündəki yarpaqlar yelpik olub onu sərinlədirdi. Üçrəng pişik də  böyründə qıvrılıb xumarlanırdı. İşıq  bu gün həmişəkindən sevincli idi. Anası onu xeyli tərifləmişdi. O, anasına tut mürəbbəsi bişirməkdə yaxşıca kömək etmişdi. Birlikdə şipşirin bir gün keçirmişdilər. İndi yorulub lap əldən düşmüşdü.

          İşıq tut çətirinin altında yenicə mürgü döyməyə başlamışdı ki, yarpaqların qəfil xışıltısına oyandı.  Gözlərini açıb yerindən tərpənmədən diqqətlə ətrafa baxdı. Düz gözünün qabağında yaranan burulğanın özüylə birgə  iki dənə qurumuş yarpağı süpürüb göyə sovurduğunu gördü. İşığın bundan çox xoşu gəldi. O istədi ki, yenə belə bir səhnə olsun, o da  tamaşaya dursun. Ancaq pişiyin gözləri qorxudan böyümüşdü, tükləri biz-biz durmuşdu.

         Ana təbiət elə bil İşığın ürəyini oxudu. Bir az ara verən sakitlikdən sonra sürətli külək daha güclü burulğan yaratdı. Pişik caynaqlarını ağacın cadar gövdəsinə keçirib onu qucaqladı. Göy üzündən xortuma bənzər qara bir  bulud enib ağzını yer üzünə dirədi və ağaclardakı bütün yarpaqları göyə sovurdu. Külək elə sürətlə, elə hay-küylə əsirdi ki, ağaclar acıqlarından  başlarını yelləyirdilər. Tutun budaqlarındakı  meyvələr tappıltı ilə yerə tökülürdü. İşıq bilmirdi ki, hansı birini tutub saxlasın, qırmızı ətəyini açıb ora-bura qaçırdı. Tutlar onun başına, üzünə, kürəyinə – hər yerinə tökülürdü. Küləyin sürətinə gücü çatmayan İşığın qanı qaraldı. Həm də artıq ayaqları sözə baxmırdı. Küləyə qoşulub qaçırdılar. İşıq iki əlini ən yaxın budaqdan tutub müvazinətini saxlamaq istədi, ancaq burulğan altdan yuxarı hər şeyi necə sovurdusa, uşağın ayaqları torpaqdan ayrıldı, o sağa-sola yelləndi. Qasırğa bir az da hirsləndi, uşağın yapışdığı budağı möhkəm silkələməyə başladı.

          İşıq acıqlandı:

– Qorxmuram səndən, nə qədər istəyirsən coş, burul, mənim tutduğum budaq səndən güclüdür. Bunu eşidən qasırğa kükrəyib ağacı kökündən tərpətdi. Ancaq ağac təmkinini pozmadı. O, İşığın qulağına əyilib pıçıldadı:

– Ayağını köklərimin üstündən ayırma. Onda qasırğanın bizə gücü çatmaz.

         Balaca qızarmış barmaqlarıyla budaqdan yapışan İşıq var gücüylə ayaqlarını yerə basdı, ağacın kökünə qüvvət gəldi. Külək hər şeyi anlamışdı, o, sürətini azaltdı. Qasırğa isə yalnız özüylə yığdığı çör-çöpü apara bildi. Pişik heç nə olmamış kimi caynaqlarını ağacdan qoparıb yenə ağacın dibində xumarlanmağa başladı.

Ağac İşığa dedi: “Sağ ol ki, məni qoyub getmədin, köklərimi bapbalaca ayaqlarnla qorudun”.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.