Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Hə, tarixə qızıl hərflərlə adını yazdıran şanlı Azərbaycan!
Bir parça quru torpağı bizə vətən edən Fətəli xanlar, Nəriman, Yusif, Əhməd, Mikayıl və adını saymadığım neçə-neçə bəylər, Rəsulzadələr, Elçibəylər..
Mahnıda deyilir ki, əsgər vətən əmanəti, yurd əmanəti. Heç vaxt başa düşmədim bunu mən..
Əsgər vətənin bizə əmanəti idi, yoxsa bizləri vətən əsgərlərə tapşırmışdı..?
Vətən, məncə, bizi onlara, onları da bizə əmanət etmişdi, hər iki tərəf isə Allaha əmanət..
Qoruyun bizi, qoymayın düşmən tapdasın torpağımızı.
Qaytarın qız-gəlinlərin namusunu.
Qeyrətli oğullar əcdadlarının harayına yetib taxsınlar igidlik papaqlarını.
Qoy göy üzü mələklərə doysun.
Qoy bizim şəhidlərimiz olsun.
Bir gecədə əlli, qırx dörd gündə iki min yeddi yüz səksən dörd, min illər boyu milyon şəhid..
Neçə ailəyə od düşdü?
Neçə gənc tarixdən kəsilib cəbhəyə yollandı..?
Necə gənc cəbhədə tarix yazdı..?
Generala can fəda deyib neçə könüllü cəbhəyə atdı özünü..
Ana-nənələrimiz namazlarında dua etdi övladlar üçün..
Adını bilmədiyimiz Əhmədlər, Rəşadlar, Nurlanlar və neçə milyon yaralı ürəklər..
Onlar qorudular bizi, Onlar bayrağa, əmanətə sahib çıxdılar..
Ancaq biz..
Biz bacarmırıq yaralarımıza sahiblənməyi, köz bağlamamış unuduruq, unutdururlar..
Müharibənin ortasında şəhidin şəklini paylaşanlar torpaqlar geri alınanda nə şəhid anasının yaralı ürəyindən, nə şəhid övladının körpə gözlərindən utanmadan bayram edir, Qarabağ qana boyananda bayrağa bürünüb yatanlar bir yana olur, bayrağı çiynində gəzdirib pafoslu çıxış edənlər bir yana..
Hələ yeni ildə, Novruz bayramında da unutmuruq ki şəhid ailələrini..
Biraz sovqat yığıb paylaşırıq “şəhid ailəsinə dövlət sahib çıxır” deyərək..
Həmişəki kimi, məhəllədə nərd atan dayılar arasında qızğın müharibə gedir, Putini Paşinyana, Paşinyanı Trumpa qatıb söyür, sağçıları, solçuları, federalları, demokratları, liberalları tənqid edib çıxış yolu axtarırlar.
Kimisi deyir, kor siyasətə yem edilən avam xalqın zəif damarını tutub əllərində oynadırlar.
Kimisi Ukraynadan, Türkiyədən mədət umur.
Bəziləri deyir, imkan olan kimi qaçım bu xarabadan.
Bəziləri pafoslu çıxışlarında yaltaqlıq edib deyirlər, strategiya zəif olsaydı biz 50 yox 5000 şəhid verərdik, yəni rəqəmlərə baxın, halınıza şükr edin.
Bir şeyi bilirəm ki, bizlər Vətənpərvər deyilik.
Bizlər borcluyuq Vətənə.
*
Hamı hər şeyi danışacaq.
Elə mən də hamı kimi çox söz deyəcəm, araya zaman girəcək, yaralar köz bağlayan kimi yenə xatırlatma olacaq.
Mitinqlər, qarşıdurmalar, axmaq siyasi söhbətlər, partiyalararası münaqişələr…
Hələ çox söz danışılacaq.
Amma on milyon dəfə deyilən “Vətən sağ olsun” kəlməsi “kaş atam sağ olardı” deyən körpənin qarşısında aciz qalacaq.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)