“Ədəbiyyat və incəsənət” portalı millət vəkili, akademik Nizami Cəfərovun qazax yazıçısı Kemel Tokayevin “Gecə açılan atəş” kitabı barədə resenziyasını təqdim edir.
Bu ilin sentyabr ayında Azərbaycan Milli Kitabxanasında qazax ədəbiyyatında detektiv janrın banisi Kemel Tokayevin "Gecə açılan atəş" kitabı azərbaycanlı oxuculara təqdim edildi. Görkəmli qazax yazıçısının məhz 100 illik yubileyi ilə bağlılığı həmin təqdimata, əlbəttə, xüsusi məna, məzmun vermiş oldu. Həm qazax, həm də Azərbaycan ziyalıları, ədəbiyyat xadimləri çıxış edərək, Kemel Tokayevin yaradıcılığını yüksək qiymətləndirdilər.
Təqdimat nə qədər möhtəşəm olsa da, əsas məsələ, yazıçının üç maraqlı əsərinin - "Damğalı qızıl", "Gecə açılan atəş" və "Sirli iz" povestlərinin (yeni terminologiya ilə, əslində, romanlarının) azərbaycanca nəşri idi. Və məmnuniyyətlə demək olar ki, tərcüməçi Nəriman Əbdülrəhmanlı sözügedən yaradıcılıq işini uğurla yerinə yetirmiş, həm qazax koloritini, həm qazax dilinin ifadə imkanlarını, həm də yazıçının özünəməxsus təhkiyə tərzini Azərbaycan türkcəsində də qoruyub saxlamışdır.
Kitaba Azərbaycanın dünyaşöhrətli detektiv yazıçısı Çingiz Abdullayevin yazdığı Ön sözdə deyilir:
"Kemel Tokayevin taleyi məni sarsıtdı. Bu cür ssenariləri həyatın özü yazır. Həm də həyat yer üzünün hər bir sakininə qarşı heç də, həmişə ədalətli və mərhəmətli olmur... Uzun illərdən sonra, artıq səksəninci illərdə min doqquz yüz iyirmi iki, iyirmi üç, iyirmi dördüncü illərdə dünyaya gəlmiş nəsli "qəhrəmanlar nəsli" adlandıracaqdılar. Həmin nəslə mənsub adamların, az qala, hamısı İkinci Dünya müharibəsinin döyüş meydanlarında həlak oldu, dəhşətli statistikaya görə, sağ qurtulanların yalnız bir neçə faizi həyatda qaldı".
Kemel Tokayev ata-anasını uşaq yaşlarında itirmiş, böyük qardaşı ilə uşaq evində böyümüş, Kasım cəbhəyə gedib həlak olandan sonra, onu da ordu sıralarına aparmışdılar. Müharibədən ağır yaralanaraq qayıdan Kemel Tokayev həm ata-anasız uşaqlıq, həm də döyüş meydanlarında keçən qanlı-qadalı gənclik illərində qazandığı möhkəm xarakteri ilə ali filoloji təhsil alıb, jurnalistlik etməklə yanaşı, yazıçı kimi də məşhurlaşır.
Kitabda yazıçının oğlu, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin "Atam haqqında söz"ü Kemel Tokayevin mühiti, həyatı, şəxsiyyəti və yaradıcılığı ilə daha dərindən tanış olmaq üçün son dərəcə mühüm məlumat verir. Və bu məlumatlar yüksək elmi-intellektual səviyyədən başqa, böyük səmimiyyətin ifadəsidir. Atasının uşaqlıq, yeniyetməlik, eləcə də müharibə illərindən bəhs etdikdən sonra müəllif, onun "ədəbiyyata gedən keşməkeşli yol"una nəzər salaraq yazır:
"Atamın doğma dili ömrünün axırınadək ana südü ilə canına-ruhuna hopmuş qazax dili idi. O, ana dilini sevir, haqlı olaraq, bu dili həddən artıq zəngin dillərdən biri hesab edirdi. Onun dediyinə, ailəmizdə tez-tez təkrar etdiyinə görə, çoxobrazlılığı cəhətdən qazax dilinin dünya linqvistikasında oxşarı yoxdur".
Kasım-Jomart Tokayev xatırlayır ki, atası rus dilini kifayət qədər yaxşı öyrənsə də, "onun şifahi nitqi bu dilin hər halda, onun doğma dili olmadığını büruzə verir, bu nitqdə qazax ləhcəsi bir qədər hiss olunurdu".
"Atam haqqında söz"də Kemel Tokayevin ilk ədəbi yaradıcılıq təşəbbüsləri barədə söhbət açılır:
..."Ulduz yürüşü" adlı ilk kitabını Qazaxıstan pionerlərinə həsr etdi. Bu, ədəbi sahədə ilk qələm təcrübəsi idi. Həmkarlarının bəziləri onun özünü yazıçılığa həsr etmək arzusunu bölüşmür, bir sıra "tənqidçilər" də yaradıcılıq həvəsini öldürmək üçün ilk kitabı ilə bağlı zəhərli məqalələrlə çıxış edirdilər".
İlk təşəbbüs nə qədər "uğursuz" sayılsa da, ikincisi o qədər diqqəti çəkir. Milis işçilərinin çətin əməyinə həsr olunmuş "Daşqın" romanı "nəşr olunanadək qazax dilində bu cür bədii əsər, demək olar, işıq üzü görməmiş, atam yeni yönümdə ilk addım atmışdı. Janrın bu qədər uğurlu seçilməsi, mürəkkəb mövzunun işıqlandırılmasına peşəkarlıqla yanaşma, bütövlükdə, nəinki kitabın uğurunu, həm də atamın qazax ədəbiyyatında layiq olduğu yeri tutmasını təmin etmişdi. O, birmənalı olaraq ədəbiyyatımızda detektiv janrın yaradıcısı kimi qəbul edildi".
Kasım-Jomart Tokayev atasının yaradıcılığı barədə danışarkən, bu yaradıcılığın sosial-mənəvi əsasları haqqında deyir ki, "Kemel Tokayev mülkiyyətçilik psixologiyasından tamam-kamal məhrum idi, daim cəmiyyətin və dövlətin maraqlarını hər şeydən uca tuturdu... Macəra janrını seçməsi də, məncə, xasiyyətinin məhz bu cəhətilə izah olunur".
Fikrimizcə, həmin izah Kemel Tokayevin ideya-estetik məram və məqsədlərini anlamaq üçün strateji mahiyyət daşıyır. Və azərbaycandilli oxuculara təqdim olunan əsərlərdə də bu cəhət, o mənada olduqca qabarıqdır ki, söhbət sovet ideologiyasının təbliğ etdiyi "vətən" və "vətəndaş"dan daha çox, ümumən (milli!), "vətən" və "vətəndaş"dan gedir.
Kasım-Jomart Tokayev atasının yaradıcılığının "istehsalat mövzusu" ilə heç bir bağlılığı olmadığını, hətta "sovet ədəbiyyatına xas olan hüquq-mühafizə sistemi ilə əlaqədar stereotiplərdən uzaq" olduğunu deməkdə də tamamilə haqlıdır. Ancaq bir məsələni qeyd etmək lazımdır ki, detektiv dünya ədəbiyyatının elə bir universal janrıdır ki, hər hansı siyasi-ideoloji stereotip üzərində dayanmaq, hansısa "ideal"a xidmət etmək marağında deyil. Əksinə, o, insan maraqlarının ən gümanedilməz imkanlarını aşkarlamaqla hər cür stereotiplərə qarşı cəbhə açması ilə seçilir.
Kasım-Jomart Tokayev yazır:
"...Məni bir məsələ maraqlandırmaya bilməz: təbiəti etibarilə həddən artıq yüksək şəfqət hissinə malik olan Kemel Tokayev qəddar cinayətkarların həqiqətəuyğun obrazlarını necə yaradırdı? Məncə, onun yaradıcılığının bu cəhətini dərindən saf-çürük etməyə ehtiyac var. Atam bir çox cəhətlərinə görə müəmmalı adam idi. Onun təbiətində anlaşılmaz sirr duyulurdu - hər halda mənə, əsasən, belə gəlirdi".
Kifayət qədər dəqiq olan bu müşahidələr, ilk növbədə, yaradıcılıq psixologiyası dediyimiz fenomenlə əlaqədardır ki, onun dövr-mühit, aparıcı ideya-estetik təmayüllər və yazıçının şəxsiyyətindən irəli gələn müxtəlif təzahürləri vardır. Əsərlərindən göründüyü kimi, Kemel Tokayev içərisində yaşadığı ictimai- siyasi quruluşun dünyada yeganə humanist quruluş olduğuna o qədər də inanmadığına görə, onu idealizə etməyə (bir çox sovet yazıçılarından fərqli olaraq) cəhd göstərmir, o, daha çox İnsana, onun əxlaq-mənəviyyatca nə dərəcədə mükəmməl olub-olmamasına, humanizminə, ləyaqətinə güvənir. Elə qəhrəmanları var ki, sovet məktəbini bitirib həyatda müəyyən mövqelər tutsalar da, çox rahatlıqla xarici kəşfiyyatın əlində oyuncağa çevrilirlər. Və onun əsərlərində elə epizodlara rast gəlmək də mümkündür ki, sovet cəmiyyətində həmin kəşfiyyatın rahat "işləməsi" üçün müəyyən şərait olduğunu da göstərir.
"Atam haqqında söz" müəllifinin belə bir mülahizəsi ilə razılaşmaq lazım gəlir ki, "sovet dövründə yaşayan Kemel Tokayev quruluşun ideyalarını kor- koranə həyata keçirən insan deyildi... Onun əsərlərində kommunist ideologiyasının ünvanına təriflərin olmadığını artıq qeyd etmişəm. Atamın kitablarını təkrar-təkrar oxuyanda əsərlərinin baş qəhrəmanlarının özlərinə məxsus daxili aləmə, ruhi yaşantılara malik, sevinən və kədərlənən insan olduqlarını açıq- aydın dərk edirəm".
Hər nə qədər uşaq evi, məktəb-internat səviyyəsində himayəçilik etsə də, özünün "eksperimental" idarəçilik üsulları ilə onu ata-anasından məhrum eləmiş bir quruluş ədəbiyyata ictimai həyatın "alt qatları"ndan gəlmiş Kemel Tokayevin tərənnüm obyekti ola bilməzdi. Və Cəmiyyətdən (quruluşdan) daha çox, Şəxsiyyətə (ayrı-ayrı insanlara) güvənməsi də, görünür, illərlə formalaşmış bu "kompleks"in nəticəsi idi.
Biz adət etmişik ki, sovet dövründə (və təbii ki, SSRİ məkanında) yazıb- yaratmış yazıçıların, demək olar, hamısını "sovet yazıçısı" adlandıraq. Bu baxımdan, "Son zərbə", "Əsgər müharibəyə getdi", "Yuvasından bezən quş", "Sirli iz", "Damğalı qızıl", "Gecə açılan atəş" və s. əsərlərin müəllifi də, prinsip etibarilə, istisna təşkil eləmir. Ancaq nəzərə alsaq ki, bu əsərlər sovet hakimiyyəti çökəndən sonra da, öz populyarlığını, nəinki itirmir, bəlkə, daha da artırmışdır, onda gərək, sovet dövründə də əsl ədəbiyyatın yarandığına (və əsl yazıçıların yaşadığına) şübhə etməyək. Hər bir yazıçıda öz dövrünün, zəmanəsinin mənəvi-ideoloji xarakterindən az və ya çox dərəcədə nə isə var. Bununla belə, görünür, sovet ideologiyası hər nə qədər marağında olsa da, heç bir yazıçının əlindən tutub, 50-ci, 60-cı, 70-ci illərdə ona "istehsalat romanı" yazdırmayıb.
Kemel Tokayevin əsərləri sənədliliklə bədiiliyin "dialoq"u və ya harmoniyasından ibarətdir ki, fikrimizcə, yazıçının üslub özünəməxsusluğu, hər şeydən əvvəl, məhz burada təzahür edir. Belə ki, müəllif təhkiyəyə oxucunun diqqətini hər hansı halda cəlb edəcək işıqlı-rəngli təsvirlərlə başlayır; məsələn:
"Gecə yağan yağış asfaltın toz-torpağını yuyub aparmışdı. Aprel ayının səhər günəşi saf, təzə-tər görkəmiylə bərq vururdu. Parlaq Günəş şüaları adamın gözlərini qamaşdırırdı. Nəhəng qovaqların yenicə cücərmiş yarpaqları evlərin divarlarını zərif yaşıl rəngə boyamışdı".
"Damğalı qızıl"ın bu ilk cümlələri təhtəlşüur duyumla nümayiş etdirir ki, hansısa, qaranlıq işığa çıxacaq, hansısa, böyük bir sirrin üstü açılacaq. Və əsərin süjeti nə qədər çoxşaxəli olsa da, hadisələrin hərəkəti, prinsip etibarilə, biristiqamətlidir... Ləşkərov (nədənsə, tərcümədə rus dili "aksent"i ilə Lyaşkerov getmişdir) soyadlı bir şəxs Dövlət Təhlükəsizlik Komitəsinə zəng vurub, məlumat çatdırır ki, tanımadığı adam kimləsə səhv salaraq, ona maşın hissəsi əvəzinə, qızıl külçəsi vermişdir. Elektrik stansiyasında çilingər işləyən həmin şəxs onu da əlavə edir ki, külçənin üzərində Çin heroqliflərini xatırladan işarələr var.
Təhlükəsizlik orqanının əməkdaşları, tamamilə təbiidir ki, qızıl külçəsinin hər baxımdan şübhə doğuran sahibini axtarmazdan əvvəl, Ləşkərovun özünü sorğu-suala çəkirlər. Və bu, adi "sovet adamı"nın ailəsində mövcud olan iqtisadi, sosial-mənəvi vəziyyət barədə obyektiv təsəvvürün ortaya çıxması ilə nəticələnir... Qızıl barədə eşidən arvadı Ləşkərovu dilə tutur ki, qızılı satıb özləri üçün xərcləsinlər:
"Oy, Kanaycan, indi əməlli-başlı kef çəkəcəyik! Sən narahat olma, müştərini özüm tapacağam. Amma qiymətini öyrənmək lazımdır... Ucuz satsaq belə, bir ətək pulumuz olacaq! Daha maaşacan günləri saymayacağıq".
Beləliklə, "hər cəhətdən təmin olunmuş sovet ailəsi"nin əsl simasını təqdim edəndən sonra yazıçı detektiv roman üçün səciyyəvi olan hadisələrin təsvirinə keçir. DTK əməkdaşları Kanay Ləşkərovun təmiz adam olduğunu müəyyənləşdirdikdən sonra ehtimal edirlər ki, qızıl külçəsi onun əlinə yalnız təsadüf nəticəsində düşüb. Belə ki, "şəhər böyüyür, köhnə evləri sökür, yeni binalar tikirlər. Küçələrin bir çoxunun adı dəyişib... Rabitəçi ünvanları səhv salıb"...
Göründüyü kimi, yazıçı "sovet ailəsi"nin kifayət qədər acınacaqlı taleyinə işarə vurduqdan sonra sovet həyat tərzinə müəyyən güzəştə gedir, şəhərdə köhnə evlərin əvəzində, elə bir sürətlə yeni binalar tikilir ki, "köhnə" mənəvi-əxlaqi dünyanın sakinləri yeni ünvanları çaş-baş salırlar. Bunun həqiqət, yoxsa, ironiya olduğu üzərində düşünməyə, daha doğrusu, baş sındırmağa, bəlkə, o qədər də ehtiyac yoxdur. Çünki hər ikisi var. Ona görə həqiqətdir ki, bəşəriyyətin bir qisminin, həm də müasir dünya sivilizasiyasından geri qalmış hissəsinin həyatına tətbiq olunan yeni ictimai-inzibati uklad eksperimentləri, doğrudan da, məsələn, Qazaxıstan, Özbəkistan, Azərbaycan kimi ölkələrdə çoxmərtəbəli binalar, zavodlar, fabriklər, yollar inşa elədi; eyni zamanda ona görə ironiyadır ki, mənəvi- əxlaqi tərəqqi özünü vəd olunan miqyasda (və keyfiyyətdə!) heç cür göstərə bilmədi.
Müxtəlif millətlərdən olan çekistlər (onu da əlavə edək ki, Kemel Tokayevin qəhrəmanları - həm cinayətkarlar, həm hüquq-mühafizə orqanlarının işçiləri, həm də sıradan insanlar müxtəlif millətlərə mənsubdurlar ki, bu, ilk növbədə, Qazaxıstan cəmiyyətinin etnik tərkibinin adekvat təsvirindən irəli gəlir) mövcud əlamətlər - istər-istəməz buraxılmış "səhvlər" əsasında cinayətkarların izinə düşərək onları bir-bir ifşa edirlər. Və məlum olur ki, onların başında "sosialist inqilabı"ndan sonra Rusiyadan Çinə qaçmağa nail olmuş, orada daha da zənginləşmiş, artıq ahıllaşdığı üçün vətənə qayıtmaq qərarına gəlmiş Qureyev dayanır. Qureyev kimdir? Özünü ətrafdakılara Qriqori Matveyeviç Qureyev kimi sırımış bu adam Akmolada doğulmuşdu. "İnqilab"dan sonrakı hərc-mərclikdə prikazçikini öldürüb, soyadını mənimsəmiş bu təcrübəli işbazın əsl soyadı Qazarx olmuşdu. Var-dövlət qazanmaq üçün cilddən-cildə girmiş, hər cür cinayətə əl atmış Qazarx özünə o qədər əmindir ki, hətta çekistlərin qarşısında belə sovet hakimiyyətini dolamaqdan çəkinmir, "əvvəlki müstəntiqə dönə-dönə demişəm ki, möhtəkirliklə məşğul olmuram. Axtarış zamanı olan-qalan hər şeyimi müsadirə elədilər. Sovetlərin yaxşı qazancı oldu", - deyir.
Romanda cinayət (və cinayətkarlar) aləmi detektiv ədəbiyyatın tələblərinə cavab verəcək bir səviyyədə kifayət qədər maraqlı epizodlarla təsvir olunmaqla yanaşı, çox da sxematizmə varılmamış, böyük ədəbiyyatın ideya-estetik prinsipləri gözlənilmişdir. Həmin epizodlardan biri artıq normal həyat yolunu tapmış, ailə qurmuş gənc mühəndisin cinayətə sürüklənməsidir... "Zaurum Şarf yaxşı qazanırdı... Adama elə gəlirdi ki, həyatı qaydasındadır. Amma axşam məclislərinin birindən qayıdandan sonra ürəyini arvadına açdı:
- Larisa, Qərbdə mənim qabiliyyətimlə var-dövlət və şöhrət sahibi olardıq. Səyahət eləyər, dünyanı gəzərdik... Artıq cana doymuşam, fasiləsiz yığıncaqlar, iclaslar, həmkarlar ittifaqlarıyla dolu olan bu boz həyat məni bezdirib.
Arvadı çaşqın halda onu süzdü:
- Nə danışırsan, axı? Bəyəm, pis yaşayırıq? Hər şeyimiz - televizorumuz, soyuducumuz, xalı-xalçamız, mebelimiz var. Maşın almışıq. Sənə daha nə lazımdı?
- Boş-boş danışma! Burnunun ucundan uzağı görmürsən! Sənin xoşbəxtliyin dörd divar arasına sığışır".
Gənc "sovet ailəsi"ndə gedən bu söhbətdə də həqiqətlə ironiyanın zərif əlaqəsini görməmək mümkün deyil. "Səyahət eləmək, dünyanı gəzmək"lə "xoşbəxtliyi dörd divar arasına sığışdırmaq" arasındakı kəskin ziddiyyət bir yana, sovet cəmiyyəti üçün, doğrudan da, səciyyəvi "fasiləsiz yığıncaqlar, iclaslar, həmkarlar ittifaqları ilə dolu olan boz həyat" gənclərdə xaricə marağı artırmaya bilməzdi. Və yazıçı tamamilə haqlıdır ki, hakimiyyətin, rejimin hesablaşmaq istəmədiyi həmin təbii (və qarşısıalınmaz!) maraq, nəticə etibarilə, cinayətkarların əlində vasitəyə çevrilir.
"Gecə açılan atəş" də "Damğalı qızıl" kimi işıqlı-rəngli təsvirlərlə başlayır, ancaq birincidən fərqli olaraq, ikincidə həyəcan, ruhi-psixoloji gərginlik daha güclüdür:
"Qısamüddətli, xəyalı xatırladan kövrək işıq donub qalmış meşəni bir anlığa nurlandırdı, sonra ağaclar yenə zülmətin qoynunda yoxa çıxdı. Yağış ağı deyirdi..."
Belə bir havada meşəbəyi paraşütlə enən adamı görsə də, onun düşmən kəşfiyyatçısı olduğunu anşırtmır:
"Mirzaş əlində qoşalülə tüfəng kandarda dayanmışdı. O, diqqətlə gecənin qoynuna baxır, onun pıçıltısını dinləyirdi. Yağışın şırıltısı qəlbinə dinclik gətirir, başqa bir yad səs eşidilmirdi. Bir daha ildırım çaxıb, səmadan yerə enən adamın qara siluetini bir anlığa zülmətin qoynundan çıxardı. Həmin adam yağışın şırnaqları arasında asta-asta yırğalanırdı".
Meşəbəyi bu naməlum, sirli adamın kim olduğunu aydınlaşdırmaq istərkən, onunla qarşılaşır... " - Tərpənmə! - Hökm dolu əmr eşidildi.
- Sən kimsən axı? Burada neyləyirsən? - Qoca tüfəngini qaldırıb soruşdu.
Elə həmin anda da atəşin aydın gurultusu eşidildi. Sanki işıq şüası qocanın sinəsinə sancılıb bütün bədənini yandırdı. Meşə titrədi, torpaq ayaqlarının altından qaçdı. Ağaclar fırlana-fırlana yerə yıxılmağa başladılar. Qoca meşəbəyi də ağaclarla birgə yerə sərildi".
Çox keçmir ki, düşmən təyyarəsinin SSRİ-nin hava sərhədini pozduğu barədə məlumat verilir. Və əməliyyat qrupu yaralanmış meşəbəyini tapıb xəstəxanaya yerləşdirir... Bu "giriş"dən sonra təxribatçının axtarışı başlanır.
Bugenbayev, Lopatin və Altayevdən ibarət qrup tezliklə Namatxanov soyadlı bir nəfəri həbs etsələr də, sonra aydınlaşdırılır ki, o, əsl kəşfiyyatçı deyil, iz azdırmaq üçün göndərilib. Qoca meşəbəyini vuran əsl kəşfiyyatçı isə özünə münbit fəaliyyət mühiti yaratmaqda idi.
Hadisələr olduqca maraqlı, eyni zamanda son dərəcə təbii yolla cərəyan edir. Və bu təbiiliyi təmin edən ədəbi priyomlardan ən mühümü, heç şübhəsiz, Qazaxıstanın etnoqrafik mənzərələrinin zəngin, çoxçalarlı fon olaraq böyük məharətlə təqdim edilməsidir. Oxucu, bir tərəfdən, təcrübəli düşmən kəşfiyyatçısını onun qarşısına qoyulmuş vəzifələri yerinə yetirmək üçün nələrdən keçəcəyini, hansı macəraların iştirakçısı olacağını, nə zaman ələ keçəcəyini (əlbəttə, bu sonuncu - sosializm realizminin yazıçıdan tələb etdiyi əsas nəticə idi) səbirsizliklə izləyir, digər tərəfdən isə, qazax həyatının, qazaxların, eləcə də az və ya çox dərəcədə qazaxlaşmış başqa xalqların nümayəndələrinin məişətinin koloritli təsvirindən zövq alır.
Əksəriyyəti həmyerlilərinin Sosialist Əməyi Qəhrəmanı adı alması münasibətilə uzaq rayonda keçirilən təntənəli tədbirdən evlərinə qayıdan N. şəhəri sakinlərindən ibarət ümumi vaqonun sərnişinlərini səciyyələndirərkən, müəllif yazır:
"Qapının lap ağzında, aşağıdakı qatda qazax qarı və cavan rus qadın oturub. Onlar növbəylə barmaqlarını üçlitrlik bankaya salır, xırda, turşməzə xiyar çıxarır, suyunu yerə silkələyib qara çörəklə yeyirlər.
Qonşu kupedəsə, vəziyyət başqa cürdü. Ümumi vaqonda hər şey göz qabağında olsa da, gənc oğlanla qız özlərinə gün ağlamağı bacarıblar. Onlar yuxarı yerlərdə başları pəncərəyə doğru uzanıb, dünyanı tamam unudublar.
...Aşağıdakı yatağın kənarında cavan qadın körpəsinə süd verir. O, gənclərin söhbətini eşitdi. Sanki yadına sevinc dolu nəsə düşdü, özünü saxlaya bilməyib ucadan güldü..."
Elə bu zaman qonşu vaqonda kiminsə çamadanının oğurlanması xəbəri yayılır. Və mənzərə dəyişilir:
"- Onların əlindən qatarda da rahatlığımız yoxdur.
- Milis hardadı? O hara baxır?
- Eh, onlar ancaq akt tərtib eləməyi bacarırlar.
Rus qadın bu sözləri eşitdi. O, şirin-şirin mürgüləməyə macal tapmış qarının çiyinlərindən tutub silkələməyə başladı:
- Oy, apa! Apa! Vaqonda oğrular var. Kisələrindən göz-qulaq ol ki, əkişdirməsinlər.
- Nə danışırsan? - Qarı qorxdu".
Doğrudur, sonra məlum olur ki, oğurluq işi əməliyyatçıların qurmasıdır, ancaq bu vəziyyətin səciyyəviliyinə, sovet məişəti üçün heç də yad olmadığına elə bir şübhə yeri qalmır. Hər şeydən əvvəl, ona görə ki, müxtəlif xarakterli, müxtəlif millətlərdən olan insanlardan ibarət vaqon oğurluğa ona görə eyni cür reaksiya verir ki, bu, sovet cəmiyyətinə, hər nə qədər əleyhinə "mübarizə aparılsa" da, xas bir xüsusiyyətdir.
Yazıçının ustalığı ondadır ki, düşmən kəşfiyyatçısını da həmin etnoqrafik vaqon-cəmiyyətin "üzvi tərkib hissəsi"nə çevirə bilir:
"Gecədir. Qatar hələ də yol gedir. Səma ağarmağa başlayır. Günçıxan tərəfdə güclə sezilən çəhrayımtıl işıq peyda olur, dan yeri sökülür. Vaqonda hamı sakitləşib yatır. Təkcə Çernonosov oyaqdı".
Bu həmin Çernonosovdur ki, yağışlı-şimşəkli gecədə paraşütlə meşəyə atılmış, onu görən qoca meşəbəyini vurmuş, ölüb-ölmədiyini bilmədən oradan uzaqlaşmışdı. Sonra, təsadüfən, meşəbəyinin qarısı ilə rastlaşmış, onun yadında qalmaqla çox böyük səhvə yol vermişdi.
Kemel Tokayevin milli təəssübkeşliyi bu məqamda, hətta detektiv janrın kosmopolit ifadə tərzində belə özünü bütün mükəmməlliyi ilə nümayiş etdirir... Kəşfiyyatçı Çernonosov qazax dilini öyrəndiyinə, Orta Asiya üzrə mütəxəssis olduğuna görə peşmançılıq keçirir... "Bütün bu hadisələr şef qəfildən məşğələyə gələndə baş verdi. O həmin məqamda dinləyicilərə qazax adət-ənənələri, onlarla qonşu müsəlman xalqları - qırğızlar və özbəklər - arasındakı fərqli cəhətlərdən danışırdı. Çernonosov hiss elədi ki, şefi Qazaxıstan daha çox maraqlandırır... Şef soruşdu:
- Cənab Skotnikov (orada bu adla qeydə alınmışdı) Asiya xalqlarından hansının dilini bilirsiniz?
- Özbəklə bir-birimizi başa düşərik, qazaxla dil taparıq, - "mütəxəssis" cavab verdi".
Skotnikovun tərcümeyi-halını araşdırıb, onun anadangəlmə cəllad olduğunu görürlər. Skotnikov Çernonosova çevrilir. Qatarda isə tanış olduğu qıza - Zinaida Ryabovaya özünü Svintsov kimi təqdim edir. Və beləliklə, DTK cilddən-cildə girmiş düşmən kəşfiyyatçısını - Çernonosov-Skotnikov-Svintsovu axtarmaq məcburiyyəti altında qalır.
Həmin axtarış prosesi gedə-gedə, bir tərəfdən, Çernonosov-Svintsovun yeni- yeni cinayətləri ortaya çıxırsa, digər tərəfdən, Altınşaş adlı tələbə - gələcək psixiatrla gənc DTK müstəntiqi Talqat arasında son dərəcə səmimi bir məhəbbət romanı başlayır. Və bu roman təxribatçı-cinayətkar axtarışının prozaik təəssüratlarına qarşı dayanmaqla əsərin süjetinə lirik bir hərarət gətirir.
Ən mühüm yenilik isə o olur ki, yağışlı-şimşəkli gecədə düşmən kəşfiyyatçısının vurduğu qoca meşəbəyi Mirzaş sağalıb öz işinə qayıdır. Düşmən kəşfiyyatçısının kimliyini müəyyənləşdirmək üçün gələn DTK işçisini Mirzaş hansısa cinayətin zərər görmüş şahidi kimi yox, ev sahibi kimi qarşılayır:
"İri qazanda ət bişirdi. Nasir ev sahibinin qoyun kəsmək niyyətinə etiraz elədi, amma Mirzaş razılaşmadı.
- Nə danışırsan, oğlum! Qonaqsan, axı. Biz də hələ qonaq qəbul eləməyi yadırğamamışıq. Bu, dədə-babalarımızdan miras qalıb, müqəddəs adəti pozmaq bizə yaraşmaz. Qazaxlar qonaq qəbul eləmək üzündən müflis olmayıblar.
Az sonra sürüdən qara qoyun gətirildi, bütün zəruri qayda-qanunla kəsildi, ət artıq qazanda qaynayırdı".
"Gecə açılan atəş" müəllifi məqamı düşən kimi detektiv janrın tələbləri fövqünə qalxaraq qazax etnoqrafiyasının rəngarəng çalarlarını sonsuz maraq (və mənsub olduğu mədəni-mənəvi dünyaya böyük ehtiramla!) elə təsvir edir ki, romanın yalnız yazıçı deyil, həm də bir etnoqraf əlindən çıxdığı təsəvvürü yaranır.
Çoxmillətli Qazaxıstanın özünəməxsus dil-ünsiyyət mühitini görkəmli söz ustası mükəmməl epizodlarla təqdim edir... Cinayətkarların gizli əməllərindən xəbəri olmayan sadəlövh qoca tatar qadın Rafida artıq Çernonosovun cənginə keçmiş qonşu Sidor Qlinovun alaqapısını döyür... " - Salam, Sidor! Kefin kökdü? Yakşı. Ey, qonşu, sən tək-tənhasan. Bilirəm ki, gündüzlər evdə olmursan. Bu gün evinə yad bir adam gəldi. Özüm gördüm. Başına belə çalma bağlamışdı. Çox iriydi! - Rafida əliylə göstərdi. - Sən milisə get. O, oğurluğa gəlmişdi. Mən sənə deyir.
O, rus, tatar və qazax sözlərini bir-birinə qarışdıra-qarışdıra danışırdı. Amma qazax dilini bir qədər bilən Qlinov qonşunu birtəhər başa düşdü.
- Yakşi, apa, raxmet. Çox yaxşı, - o da eyni cür, qarışıq tərzdə dillənib alaqapını örtməyə cəhd elədi.
- Qonşuyuq, bir-birimizə yardım eləmək lazımdı. Yoxsa, sonra inciyəcəksən, - qarı sakitləşmək bilmirdi".
Kemel Tokayev, hər nə qədər sovet dövründə yazıb-yaratsa da, qazax xalqının dini-mifoloji irsi barədə məlumat verməkdən də çəkinmir:
"Bax, o türbədə Jolbars Ata uyuyur. O, bütün cəlayirlər üçün müqəddəs şəxsdi. Xalqın müflisləşdiyi, qıtlıq olduğu ağır illərdə köç zamanı vəfat eləyib. Ölüm ərəfəsində xalqına deyib ki, nəşimi qara dəvənin belinə qoyub, başını buraxsınlar, özləri də qara nərin dayandığı yerdə yurd salsınlar. Öz qurtuluşlarını həmin yerdə tapacaqlar. Dəvə bütün günü, o təpəyə çatanacan gedib. Həmin vaxt bura qumluq səhraymış. Ağsaqqallar yığışıb məşvərət eləyib, o qədər camaatın burda yaşaya biləcəyinə inanmayıblar. Səhər açılandasa yaxınlıqda göz yaşı kimi, dumduru suyu olan göl əmələ gəldiyini görüblər".
Bəlkə də, elə görünə bilər ki, bu cür təfərrüatlar qazax ədəbiyyatında detektiv janrın banisinin sözügedən janrın poetexnoloji prinsiplərinə riayət etməməyinin, onun tələblərindən sərf-nəzər eləməyinin nəticəsidir, ancaq bütün hallarda nəzərə almaq lazımdır ki, Kemel Tokayev, ilk növbədə, qazax yazıçısıdır, yalnız bundan sonra detektiv yazıçıdır. Və heç şübhəsiz, bunun təsiridir ki, "Gecə açılan atəş"in müəllifi özünün detektiv qəhrəmanı Çernonosovu Jolbars Atanın türbəsini "ziyarət"ə gətirir:
"Çernonosov - Aşrapov yaxına getdi. Türbə böyük deyildi, amma başdan-ayağacan qırmızı və mavi naxışlarla bəzədilmişdi. Rənglər çox aydın, həm də uzunmüddətli idi. Minalarda səma da, göl də güzgüdəkitək əks olunurdu. Qəbrin üstündə cilalanmış ağ mərmərdən sinədaşı vardı. Çernonosov düşüncəli halda, xeyli dayandı, qəfildən sinədaşının üstündə öz əksini gördü, diksinib türbədən çıxdı".
Yazıçı demək istəyir ki, onun Vətənini düşmən məkrindən yalnız DTK orqanları deyil, həm də Ulu Babaların ruhu qoruyur.
Detektiv janrın ən mühüm tələblərindən biri də gözlənilməzlik, qəhrəmanların daim başsındırıcı suallar qarşısında qalmasıdır. Kifayət qədər təcrübəli DTK işçiləri, bəzən, o dərəcədə təəccüblənməli olurlar ki, öz hisslərini zorla cilovlayırlar. Cinayətkarı yaxalamaq üçün taksi sürücüsü, yaxud yeməkxanada qabyuyan "işləyən", yaxud da özünü sərxoşluğa vuran çekistlər hər nə qədər peşəkar təsiri bağışlasalar da, bir sıra hallarda gözlənilməz situasiyaların güclü təzyiqlərinə məruz qalırlar ki, yazıçı özünü həmin situasiyaların mahir təsvirçisi kimi göstərir.
İkinci Dünya müharibəsi dövründən bəhs edən "Sirli iz"in "giriş"i, yaxud "preambula"sı bundan ibarətdir ki, "gecə mövqelərimizə artilleriya atəşi zamanı kəşfiyyatçılar qrupunun komandiri Süleymenov həlak olmuşdu. Onda düşmənin müdafiəsini yarmağa çalışan birləşmələrin atəş fəaliyyətinin seçimi olan məxfi hərbi xəritə vardı. Həmin xəritə Süleymenovun planşetindən yoxa çıxmışdı. Komandanlıq baş vermiş hadisə barədə dərhal cəbhə qərargahına məlumat çatdırdı. Əks-kəşfiyyat şöbəsi təcili surətdə əməkdaşı Rodinovun əmrlə hadisəni araşdırmaq üçün göndərdi".
"Damğalı qızıl" və "Gecə açılan atəş"dən fərqli olaraq, "Sirli iz"də, demək olar ki, heç bir etnoqrafik rəngarənglik yoxdur. Bu, bütün detektiv səciyyəsi ilə birlikdə müharibə romanıdır.
Qərargahın mühafizə rəisi, leytenant Malyar baş verən hadisədən başını itirmişdi... "Qardaşının ölümü, xəritənin sirli şəkildə yoxa çıxması onu tamamilə çaşdırmışdı... Hər cür məsuliyyət daşımağa hazır idi". Ancaq əks-kəşfiyyatçı mayor Rodinov üzdə olan "dəlillər"lə kifayətlənməyib, ciddi təhqiqat apararaq, əvvəl yoxa çıxmış xəritəni tapır, sonra isə əsl cinayətkarı müəyyənləşdirir. Sübut edilir ki, o, Stalinqrad altındakı döyüşlərdə yüzlərlə yaralını xilas etmiş, iki "Qırmızı Bayraq" ordeni almış Belovanı qətlə yetirərək, onun sənədlərini, adını, soyadını mənimsəyən məşhur peşəkar casus Qış Qaranquşu və ya Leydir. Rodinov onu təkzibolunmaz dəlillər qarşısında qoyanda Ley öz casusluq tərcümeyi-halını etiraf etməyə məcbur olur. Və beləliklə, haqsız şübhələr aradan qalxır.
Əvvəlki romanlarındakı kimi, burada da müəllifin peyzajları misilsizdir:
"Hava aydın, sakit, mülayim idi. Günəş meşənin üzərində bərq vururdu, yaraşıqlı şam ağaclarının zirvələri qızılı rəngə boyanmışdı. Burada müharibəni xatırladan heç nə gözə dəymirdi. Hətta ağac budaqlarıyla örtülmüş səngərlər, blindajlar belə, meşənin təbii görkəminə xələl gətirmirdi".
Kemel Tokayev kimi görkəmli yazıçıların əsərləri azərbaycancaya nə qədər çox çevrilib nəşr edilərsə, Azərbaycanda müasir qazax ədəbiyyatı, ictimai-siyasi həyatı və mənəviyyatı barədəki təsəvvürlər də, heç şübhəsiz, bir o qədər zəngin olacaqdır.
“Ədəbiyyat və incəsənət”
(22.11.2023)