Super User
Ən asan mənimsənilən uğur formulları – Qellap institutu alimlərinin formulu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün təqdim edəcəyin uğur formulunu Amerikanın Qellap institutunun alimləri ortaya qoyublar. Bu uğur formulu «Amerikada kim kimdir» adlanan məlumat kitabındakı 1500 məşhur insanın respondent qismində sorğu-sual edilərək mövqeyinin, xarakterik əlamətlərinin araşdırılması nəticəsində ərsəyə gəlib. Araşdırma ən uğurlu insanlarda 9 ümumi vacib xüsusiyyət ortaya çıxarıb ki, bu xüsusiyyətlərin cəmini də Qellap institutu alimləri uğur formulu kimi təqdim ediblər:
1. Sağlam fikir.
Rəyi soruşulanlar arasında sağlam fikrə malik olmaq ən çox yayılmış xüsusiyyətdir. Respondentlərin 61 faizi bildirib ki, sağlam fikir onların uğur qazanmasında çox vacib faktor olub.
Çoxları üçün sağlam fikrə malik olmaq – gündəlik işlər barədə optimal və konkret qənaətəgəlmə anlamı verir. Bunun üçünsə bütün kənar fikirləri kənara atıb bu və ya digər hadisənin kökünə baxa bilmək vacib şərtdir. Bəs sağlam fikrə malik olmaq anadangəlmə keyfiyyətdir? Respondentlərin fikrincə, bu keyfiyyəti insan özü özündə inkişaf etdirməlidir. Ona malik olmaq yollarından biri də başqa insanların təcrübəsindən, eləcə də öz səhvlərindən öyrənə bilmək bacarığıdır.
2. Öz işinin bilicisi olmaq.
Səsvermədə ikinci yer tutan xüsusiyyət. Məşğul olduğun işi dərindən bilmək qədər heç bir şey uğur qazanmağa kömək edə bilməz. Bu, sənin biliklərinin sığortalanması, mövcud risklərin minimum səviyyəyə düşməsi deməkdir. Peşəkar bilikləri almaq prosesi daim, hətta ən yüksək zirvələri fəth etdikdən sonra da davam edir.
Uğur qazanmaq üçün bunu inadla istəməli, qazananda isə qoruyub saxlamağı bacarmalısan.
3. Öz gücünə inam.
Böyük uğur qazanan insanların əksəriyyəti, əsasən, öz qabiliyyət və bacarıqlarına, bir sözlə, öz baqajlarına güvənirlər. Bu güvənmə öz gücünün təsdiqi ilə yanaşı, həm də cəsur hərəkətlərə doğru qətiyyətli irəliləyiş əzmi də gətirir. Bilik və bacarıqla yanaşı məqsədə çatmaq üçün saatlarca usanmadan, inadla işləməyə dözüm və iradə də lazımdır.
4. Yüksək səviyyə.
Nailiyyətlər əldə etmək üçün yüksək inkişaf səviyyəsinə malik olmanın da əhəmiyyətli rolu var. Bu səviyyəyə çatmaq – mürəkkəb konsepsiyaları cəld mənimsəmək, onların sürətli və dəqiq analizini apara bilmək üstünlüyü verir.
Respondentlərdə yüksək inkişaf səviyyəsini təmin edən üç element olaraq isə bunlar müəyyənləşdirilmişdir: dərin söz ehtiyatı, yaxşı mütaliə qabiliyyəti, yaxşı yazma qabiliyyəti. Məlum olmuşdur ki, sorğuya ayrılan bir il ərzində respondentlərin hər biri orta hesabla 19 kitab oxumuşlar ki, bunların da 50%-i bədii ədəbiyyat olmuşdur.
5. İşi sona çatdıra bilmək qabiliyyəti.
Bu xüsusi qabiliyyət də uğurlu insan olmaq üçün ən vacib qabiliyyətlərdən hesab olunur. Qarşıya qoyulan məqsədə özünü tam həsr etmək – uğurlu nəticəni təmin edən şərtlərdən ən başlıcaları sırasındadır.
Rəyi soruşulanların böyük əksəriyyəti özlərinin işi sona çatdıra bilmək qabiliyyətlərinin üç keyfiyyət hesabına formalaşdığını etiraf ediblər: təşkilatçılıq istedadı, yaxşı iş vərdişləri və əzmkarlıq.
Məsələn, bir fizika üzrə professor öz uğur formulunu belə izah edib: «Gərgin əmək+özünçün bu əməyin ritmini qura bilmək qabiliyyəti».
Həmin professor etiraf edib ki, həftədə 100 saat işləyir.
Qellap institutu alimləri bu 5 əsas faktordan başqa uğura zəmin yaradan 4 köməkçi faktorun da adlarını çəkirlər;
6. Rəhbərlik edə bilmək qabiliyyəti;
7. Yaradıcı potensial;
8. Kolleqalarla qarşılıqlı münasibət;
9. Bəxtigətirmə.
Amerika alimləri ortaya çıxardıqları uğur formulunu öyrənə biləcək və təqdim etdikləri şərtlərlə təklif edəcəyi şərtlər üst-üstə düşən hər bir iddialı şəxsə tezliklə «Kim kimdir» məzmunlu kitablara düşməyi arzulayırlar.
Gözəl arzudur, əlbəttə.
Beləliklə, biz bu hissədə bir fərdin və fərdlər toplusunun uğura aparan xüsusiyyətlərindən, eləcə də uğur şərtlərindən ibarət ən bəsit uğur formulları ilə tanış olduq.
“Ədəbiyyat və incəsənət”
(21.11.2023)
26 noyabr hansı gündür? - ƏLBƏTTƏ Kİ, KƏLAĞAYI GÜNÜ
Bəli, 26 noyabrı biz Kəlağayı günü kimi qeyd edirik. Bu il bu günün hansı özəllikləri olacaq? Bu sualla da “Ədəbiyyat və incəsənət”in əməkdaşı Könül Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin qurucusu Güllü Eldar Tomarlıya müraciət edib. Cavabı diqqətinizə çatdırırıq:
-Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində 26 noyabr Kəlağayı gününə həsr olunmuş “Anam kəlağaylı bir muğamıydı...” adlı konsert tədbiri keçiriləcək.
26 noyabr 2023 cü ildə baş tutacaq konsertdə saat 16:00-da kəlağayıya aid rəsm əsərlərinin sərgisi keçiriləcək, saat 17:00-da isə konsert proqramı təqdim ediləcəkdir. Konsertdə milliliyimizin simvolu olan kəlağayımıza həsr olunan ifalar, şeirlər səsləndiriləcək. Fürsətdən istifadə edib portalınız vasitəsilə bütün sənətsevərləri tədbirimizə dəvət edirəm.
Xatırladaq ki, konsert-tədbirə biletləri iticketaz sayıtından əldə edə bilərsiniz.
https://iticket.az/en/events/concerts/anam-kelagayli-bir-mugamiydi-s/102938
“Ədəbiyyat və incəsənət”
(21.11.2023)
BİRİ İKİSİNDƏ – Ramil Əhmədin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbəRamil Əhmədindir.
PİŞİK KÖLGƏSİNDƏN BAŞLADI GECƏ...
Sakit, kimsəsiz küçə.
Pişik kölgəsindən başladı gecə...
Çatmadı köməyə
Otuz iki hərfin bircə dənəsi,
Çözülmədi bu əlifba bilməcəsi...
Uçub getdi
dilimin ucundakı qışdan
Unudulmağın isti qoynuna
qaranquş sözlər...
Hanı söz?
Hansı söz?
Necə tapım o sözü?
Necə deyim həsrətimi?
Necə deyim səni sevdiyimi,
sənə öldüyümü?
Gözlədiyimi – bu ömrə gələsən deyə,
Gizlədiyimi – özüm belə bilməyim deyə...
Necə, necə, necə?
Pişik kölgəsindən başladı gecə...
Susdu kökdən düşmüş piano səsi,
Su qatılmış pivələrlə keçən yay da bitdi,
Sentyabrla gəldi payız.
Bir halımı düşün –
oktyabrsız, noyabrsız, yalqız...
Sənsiz bir saat keçməzkən,
gün necə keçir, həftə, ay necə?
Keçir bir-birini təkrarlayan addımlar,
Keçir küçəmizdən qərib adamlar...
Bəlkə, sən də gəldin,
Gəldin, bəlkə, bu gecə...
Bəlkə, bəlkə, bəlkə də...
Pişik kölgəsindən başladı gecə...
SÖYKƏNMİŞƏM SƏSİNƏ
Gözlərin azanımdır –
Gündə min yol məni sevgiyə çağıran...
Könlüm sənə səcdədə,
Qəlbim qəlbinə sonsuz bir rüku...
Bu sevda nə sevdadır belə? –
Sultanlığı olmayan bir quyu...
Adın dodağımda dua kimi səsləndi,
Yaxşı olmağıma bəsdir bir “Necəsən?”in,
Gül qoxudu gülməyin.
Gəmiləri torpaqdan keçirən
Fatehin inadkarlığıyla
istədim səni!
Səndən məcburi köçkün bədənimi
harada gizlədim, vətənim mənim?
Harada yoxa çıxsın bu canım ki,
qurtulum bir kimsə olmaqdan?
Mən bu dünyada heç kim olmaq istəyirəm,
Bircə sənin nəyin olum, bilmirəm...
Ayaqlarımın gücü yox,
söykənmişəm səsinə...
Uzun gecələr
həsrətindən çəkilmir,
söykənmişəm səsinə,
Səsinin dəydiyi sözləri bir-bir öpmək istəyir könlüm.
O sözləri söz edən hərfləri bir-bir bağrıma basmaq,
Hər kiçik zərrə qədəriylə sevmək səni.
Qaldırdım bütün ağ bayraqları
Eşq cəbhəsində,
Təslim, təslim,
Təslim bu sevdaya!
Söykəndim səsinə,
Quşlara dedim şükranlığımı,
Çatdırsın səni mənə verənə –
aləmlərin Rəbbinə...
CAN SIXINTISI
Sərinliyin
yuxu kimi çəkildiyi bu şəhərdə
ən uzun küçəydi avqust!
Küçələrindən qadınlar keçməyən bu şəhərdə
Kişilər bir-birini doğmuşdu,
Kişilər bir-birindən doğulmuşdu sanki.
Bir-birlərini çoxaltmışdılar bina kölgələrinin altında
və əlbəttə, mümkün bütün xanalarda...
Çocuqlarsa günəşin uşaqlarıydı
və ailə-məişət zəmininə dözməyin çölündə kaktusuydular!
İşsizliyin doğurduğu sərgərdanlığa hamilə kişilər keçirdi yollardan,
İnanmışdım gözləri boşluğa açılan bu kişi pəncərələrin bir-birini doğduğuna.
Maşının altında yavrularını yalayan dişi qonur pişik xatırladırdı bircə
bir qadından doğulduğumuzu!
Bircə o xatırladırdı bir zamanlar anamın olduğunu,
Atasız doğulanlar olsa da, anasız heç kəsin olmadığını deyirdi tarix!
Maşının sahibi bir dərisi yanmış,
sonsuz bu avqust şəhərində
dişiliyini göstərməyə başqa bir yer tapmadığı üçün pişiyi tənbehləyirdi,
vurğusu ikinci hecaya düşən "miyov"ları sözə çevirdiyimdən gülümsəyirdim.
Adamdan daha çox
yeriyən tər damlasıydı o kişi
və hər gecə yatağındakı çiçəyi tərlə sulayırdı.
Məhəllədə hansı uşağı öpsəm, duz dadırdı.
Günorta – məmurun nahar fasiləsi,
Axıb keçən maşınların qupquru cansıxıcı səsi,
Qonşu pəncərədən gələn upuzun bir sol, lya, si,
Üzündə təbəssüm donmuş şəhərin dəlisi,
Tül pərdələrin ardındakı gizlin baxışlar,
Yayılan pıç-pıçlar, dedi-qodular,
Kölgəsini qovalayan uşaqlar,
Yarpağı titrəməyən,
Yarpağı soyuqqanlı qatilin əlləri kimi titrəməyən ağaclar,
Gözlərinə baxa bilmədiyim yandırıcı bir günəş,
Çayımın rəngsizliyində gülümsəyən evin qadınsızlığı,
İş yorğunluğu, baş ağrısı, fanilik duyğusu və qan azlığı,
Ruhumu saran dibsiz bir can sıxıntısı –
Hamısı, hamısı, hamısı, hamısı, hamısı,
İçimə gömdüyüm sözlərin ən qırmızısı,
İçimdə gömdüyüm sözlərin, de,
hansı ən çox yaraşar bu şeirə,
hansı, hansı, hansı, hansı, hansı?
Sərinliyin
yuxu kimi çəkildiyi bu şəhərdə
ən uzun küçəydi avqust!
Sərgərdan kişilərə hamilə yollar!
Balkona düzülmüş dibçək gülləriydi qadınlar!
Kölgəsiylə oynayan məsum uşaqlar!
Ac pişik yavrular! Ümidsiz qocalar!
Bitməyən sonsuz bir avqust şəhərində
Yetir məni vüsala avqustun sentyabra həsrətindən!
Ey küçəyə səpilən günəş şüası
Qucaqla məni
bədənimin D vitamin əksikliyindən!
GƏLMƏDİN
Mən əlləri göylərə açılan əkinçi ümidiylə gözlədim səni,
Sən suya həsrət çöllərə yağmayan yağışlar təki unutdun məni.
Unutma məni, çiçəkləri açdı bağçamın hər yerində,
Qurudu səni sevmələrin yaşıl sevdası,
Sən gəlmədin.
İrqçi bir məmləkətdə
afro-amerikan ümidləriydi bəslədiyim.
Gülüşlərim də qaraldı, dişlərim də,
Sən gəlmədin.
Ayaqlarım bezgin bədənimi daşıdı işlə ev arasında...
Yoruldum kartof və kotletlərin dünyasında yaşamaqdan…
Tənhalığıma uyğun başqa bir tənhanı axtarmaqla keçdi illər,
Telefona gömülmüş başlar metropolunda
Telefona gömülmüş bədənlər çoxluğundan usandım.
Ürəyim kimsənin keçmədiyi işıqsız bir arxa küçədir indi,
Çünki
Sən gəlmədin.
Çiçəkli süfrələr açdım,
Güllü pərdələr asdım,
Sən gəlmədin,
Çiçəkli süfrələrin,
Güllü pərdələrin
Nə anlamı qaldı daha?
Soldu hamısı.
Misralarımı bölən ver/gül
Gülündən soldu...
Sən gəlmədin.
BİRCƏ HƏRF
Bu qədər sevgilərin içində
kiminsə sevgisi itkin düşüb elə bil.
Bu qədər səsin içində
hansısa doğma bir səs yox,
Bu qədər adamın arasında kimsə çatmır.
Əslində,
bu qədər sevgilər, səslər, adamlar artıqdı.
İndi bizə lazım olan sevginin, səsin, adamın sonuncu parçasıdı.
Və xoşbəxtliyə bircə hərf çatmır – o...
Azadlığım
Sənlə gedə bilmədiyim
bütün parklar
ağaclardan hörülmüş həbsxanalardır.
Sənlə gedə bilmədiyim
Bütün şəhərlər
Binalardan hörülmüş həbsxanalardır.
Sənlə gedə bilmədiyim
bütün küçələr
adamlardan hörülmüş həbsxanalardır.
Sənlə üzə bilmədiyim
bütün dənizlər
sulardan hörülmüş həbsxanalardır.
Sənsiz
məhbusam
ağaclar, binalar, adamlar, sular arasında...
Hardasan, mənim azadlığım?
“Ədəbiyyat və incəsənət”
(21.11.2023)
Gələn il Varisin azı 5 kitabı təkrar nəşr olunacaq
Könül, “Ədəbiyyat və incəsənət”
Üzümüzə gələn 2024-cü ilin yanvar ayından etibarən yazıçı Varisin müxtəlif illərdə ən çox satılan 5 kitabı yeni tərtibatda işıq üzü görəcək:
“Bir ovuc torpaq”
“Son məktub”
“Yaşıl üzlü gündəlik”
“Əzilmiş fotoşəkillər”
“Yolayrıcında azıb qalanlar”
Bu, həm oxucuları kitab bazarına dolan keyfiyyətsiz pirat nüsxələri almaqdan xilas edəcək, həm də kitablara olan təlabatı tam ödəyəcək.
Kitab industriyamızda özünə möhkəm yer tutmuş, “Hədəf” qrupuna aid “XAN” nəşriyyatı ilə yazıçı arasında çoxillik müqavilə imzalanıb.
“Ədəbiyyat və incəsənət”
(21.11.2023)
Çərçivə? - ESSE
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Elə məhz indi beynimdəki kiçik fraqmentləri bir araya toplayarkən fərq etdim ki, əksik parçalar var və mən hafizəmə nə qədər hakim kəsilsəm də, onları müəyyən edə bilmirəm. Yaşanan hər anın ağ-qara boyalar ilə xatirələrə həkk olunmasına rəğmən həmin anların yaşatdığı yaxşı, yaxud pis hisslər yeniliyini qoruyub saxlamır. Sanki tarix tilsimli boyaların ahəngində öz mövcudolma halını unudur. Amma bir hal məlumdur ki, o, ümid etməkdən də boyun qaçırmır. Bütün bunlar sənə boş görünə bilər, hətta mənə səfeh gözü ilə baxa bilərsən.
Əmin ol ki, mən bütün bunlara rəğmən sənin aşağıda yazacaqlarımı bilməyini istəyirəm.
Zamanında üsyanlar etdiyin hər şeyi bu gün sakit qarşılayırsansa, deməli sən özündə önəmli bir xüsusiyyəti tərbiyə etmisən. Bu, qəbul etməkdir. Qurduğun örnək çərçivədə isə keçmişin hər hansısa bir anını sənə xatırladan təbəssümdən savayı bir şey olmur. Deyirlər ki, çərçivəni adama xatırladan sınan şüşəsi olur. Hansı ki, xatırlanması ilə unudulması bir olan həmin şüşə...
Amma mən belə düşünmürəm. Hər şəkil sənin içində böyütdüyün kiçik və xoşbəxt bir dünyanın üzündə yaratdığı dərin gülüşü özündə əks etdirir və həmin dünyanı bütün itirilənlərə rəğmən qoruyan sadəcə çərçivədir.
"Hər şeyin bir sərhəddi var"- deyiminin mənası tamamilə budur. Hər son öz sərhəddini qoruyur..., hər son öz çərçivəsində dustaqdır...
Hər şey bununla bitmir. Cavablamağını istədiyim bir sualım var. Şəkillərmi çərçivəyə sığmaq üçün var, yoxsa çərçivələrmi şəkilləri məhdudlaşdırmaq üçün?!
“Ədəbiyyat və incəsənət”
(21.11.2023)
Azərbaycanlı dramaturqun nağıl-pyesi “Dünya xalqlarının nağılları” teatr festivalında nümayiş olunub
Tanınmış uşaq yazıçısı və dramaturqu Vüqar Haqverdiyevin müəllifi olduğu “Sehrli planşet” nağıl-pyesi Rusiyanın Krasnoyarsk vilayətinin Kozul Uşaq Musiqili Teatrında səhnələşdirilib.
AzərTAC xəbər verir ki, balaca aktyorların ifasında hazırlanan musiqili tamaşa “Dünya xalqlarının nağılları” teatr festivalında nümayiş olunub.
Tamaşa uşaqlar tərəfindən böyük alqışlarla qarşılanıb.
Sözügedən səhnə əsərinin quruluşçu rejissoru teatrın rəhbəri Yekaterina Kunkinadır.
Əsərin başlıca ideyası uşaqlara dostluq, yoldaşlıq, xeyirxahlıq kimi əxlaqi-mənəvi dəyərləri aşılamaq, həm də onlara qarşıya qoyulan məqsədə düzgün yolla getməyin, pis əməllərdən çəkinməyin, dürüst və ədalətli olmağın, eləcə də çətin məqamlarda bir-birilərinə kömək etməyin vacibliyini və əhəmiyyətini göstərməkdir.
Əsərdəki hadisələr qeyri-adi bir məkanda, yeni nəsil ağıllı cihazlar qrupuna aid olan geniş ekranlı rəqəmsal planşetdə baş verir. Lakin bu planşet ağıllı olmaqla bərabər, həm də sehrlidir.
“Ədəbiyyat və incəsənət”
(21.11.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Sara Nacidən “Qırmızı meyvə” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sara Nacinin şeirlərini təqdim edir.
Sara Naci kimi tanınan Sara Məhəmmədi əfqan əsillidir və 1990-cı ildə Tehranda anadan olub. 1990-cı ildən şeir yazmağa başlayıb və 1998-ci ilin mayında “Səssiz keçidlər” kitabını nəşr etdirib. O, hazırda Tehranda yaşayır və kino rejissorluğu üzrə təhsil alır.
QIRMIZI MEYVƏ
Kədərlə yuxarı baxdı
Qırmızı bir meyvə dərdi
Kökləri yerin dərinliklərini axtarıb və günahkarların qanını soran
Böyük bir ağacdan
Və bütün fəsillərdə
Şeytanların başlarını
Meyvə verir
Bir cəhənnəm arxın qırağında oturdu
Və meyvəsini dişlədi.
“Ədəbiyyat və incəsənət”
(21.11.2023)
Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında böyük stendlə təmsil olunacaq
Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin təşkilatçılığı ilə ölkəmiz Lüksemburq Beynəlxalq Bazarında böyük stendlə təmsil olunacaq.
AzərTAC xəbər verir ki, “Abad”, “Azərsun”, “Azəripək”, “Aspi”, “Balkhoorma”, “Meysəri”, “Savalan”, “Şabyant”, “Silkway”, “Ravira” şirkətlərinin dəstəyi ilə Azərbaycan stendi dünyada yoxsulluqla mübarizə üçün vəsait toplamaqla yanaşı, milli məhsullarımızın istehlakçılara təqdimatını və mədəniyyətimizin təşviqini müvəffəqiyyətlə həyata keçirəcək. Azərbaycan stendi milli məhsullarımızın təbliği üçün əlverişli platforma olacaq.
Milli ornamentlərlə bəzədiləcək stenddə ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, mətbəxi ilə bağlı nəşrlər nümayiş olunacaq və ziyarətçilərə hədiyyə ediləcək. Bu nəşrlər stendimizi ziyarət edən lüksemburqlulara və turistlərə ölkəmiz haqqında ətraflı məlumat almağa imkan verəcək. Gün ərzində Azərbaycanı təmsil edən stenddə qurulmuş böyük ekranda mədəniyyətimizin təşviqi ilə bağlı videoçarxın yayımlanması planlaşdırılır.
İki gün davam edəcək Lüksemburq Beynəlxalq Bazarında ziyarətçilər yüksəkkeyfiyyətli milli məhsullarımızı - şərabları, təravətli çayı, nar şirəsini, gül və əncir mürəbbələrini, ənənəvi şirniyyatları, paxlava, şəkərbura dada və ala biləcəklər. Milad bayramı ərəfəsində onlar, həmçinin hədiyyə etmək üçün orijinal incə əl işlərini, UNESCO-nun bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş kəlağayıları əldə edəcəklər.
Milli ornamentlərlə bəzədilmiş stendimizdə ölkəmizin tər meyvə və tərəvəzləri (nar, heyva, xurma, feyxoa, pomidor, xiyar) də təqdim olunacaq.
Lüksemburq Beynəlxalq Bazarından əldə olunan ianə 7 kateqoriya üzrə 48 xeyriyyə təşkilatına göndəriləcək.
“Ədəbiyyat və incəsənət”
(21.11.2023)
Eyni həyatı ikinci dəfə yaşamaq
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Bir filmi ikinci dəfə izləyib bitirmək çox fərqli duyğudu. Eləcə də bir kitabı ikinci və ya üçüncü dəfə oxuyursan.
Bəs eyni həyatı ikinci dəfə yaşasaydınız necə olardı? Etdiyiniz hərəkətin bir addım sonrası sizi hara aparacağını bilə-bilə təkrar həmin şeyi etsəydiniz və heç nəyi dəyişməyə şansınız olmasaydı? Edə biləcəyiniz tək şey diqqət yetirmədiyiniz məqamlara diqqət yetirsəydiniz, "mən bu adama necə güvəndim" dediyiniz adamlarla təkrar tanış olub eyni səhvləri buraxsaydınız, həyatın bilinməyən, görünməyən tərəfini öyrənərdinizmi?
Bu saydıqlarımın hər birini bizlər hər gün, təkrar-təkrar yaşayırıq. Güvənmərəm deyirik, amma yenə də eyni adama güvənirik. Sevmərəm deyirik, amma hər dəfə eyni tip adamı sevirik. Dəyişən tək şey bu insanların simalarıdır. Xarakterləri dəyişmir, davranışları dəyişmir, biz isə köhnə səhvlərdən dərs almadan yaşamağa davam edirik.
Bir şeyi unutmaq olmaz:
"Həyat bizə eyni zərbəni endirirsə, köhnə dərslərdən dərs almamışıq deməkdir." Öyrənməyənə kimi də həyat eyni insanları qarşımıza çıxardıb bizi eyni yerdən yaralamağa davam edər.
“Ədəbiyyat və incəsənət”
(21.11.2023)
Xalq artisti Eldar Mansurovun yaradıcılıq gecəsi keçirildi
Könül, “Ədəbiyyat və incəsənət”
Çoxları onun instrumental musiqisini Riçard Klaydermanın, Nina Rotanın, Ennio Marrikonenin musiqisinə bənzədir. Bəli, o, instrumental musiqimizin ən yüksək zirvəsindədir, onu sevə-sevə dinləyirik.
Təbii ki, hər kəs dərhal anladı ki, söhbət “Xəyallar”ın müəllifi, Xalq artisti, bəstəkar Eldar Mansurovdan gedir.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Eldar Mansurovun yaradıcılıq gecəsi keçirildi. Gecədə bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor, Xalq artisti Gülbacı İmanova) və solistlər - Əməkdar artistlər Ramil Qasımov (tenor) və Nərgiz Kərimova (soprano) bəstəkarın əsərlərini dinləyicilərə təqdim etdilər.
Qeyd edim ki, Eldar Mansurov “Kleopatra” və “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3 mindən artıq mahnı və instrumental musiqinin müəllifidir.
Yaradıcılıq gecəsini parterdən izləyən Eldar Mansurov sonadək tam diqqətlə səhnəyə qulaq kəsdi. O, həmişə öz əsərlərinə bax bu cür tələbkardır. Ona yeni-yeni uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(21.11.2023)