Xalq artisti Eldar Mansurovun yaradıcılıq gecəsi keçirildi

Könül, “Ədəbiyyat və incəsənət”

 

Çoxları onun instrumental musiqisini Riçard Klaydermanın, Nina Rotanın, Ennio Marrikonenin musiqisinə bənzədir. Bəli, o, instrumental musiqimizin ən yüksək zirvəsindədir, onu sevə-sevə dinləyirik. 

Təbii ki, hər kəs dərhal anladı ki, söhbət “Xəyallar”ın müəllifi, Xalq artisti, bəstəkar Eldar Mansurovdan gedir. 

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Eldar Mansurovun yaradıcılıq gecəsi keçirildi. Gecədə bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor, Xalq artisti Gülbacı İmanova) və solistlər - Əməkdar artistlər Ramil Qasımov (tenor) və Nərgiz Kərimova (soprano) bəstəkarın əsərlərini dinləyicilərə təqdim etdilər. 

Qeyd edim ki, Eldar Mansurov “Kleopatra” və “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3 mindən artıq mahnı və instrumental musiqinin müəllifidir.

Yaradıcılıq gecəsini parterdən izləyən Eldar Mansurov sonadək tam diqqətlə səhnəyə qulaq kəsdi. O, həmişə öz əsərlərinə bax bu cür tələbkardır. Ona yeni-yeni uğurlar arzulayırıq. 

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.