Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Bir filmi ikinci dəfə izləyib bitirmək çox fərqli duyğudu. Eləcə də bir kitabı ikinci və ya üçüncü dəfə oxuyursan.
Bəs eyni həyatı ikinci dəfə yaşasaydınız necə olardı? Etdiyiniz hərəkətin bir addım sonrası sizi hara aparacağını bilə-bilə təkrar həmin şeyi etsəydiniz və heç nəyi dəyişməyə şansınız olmasaydı? Edə biləcəyiniz tək şey diqqət yetirmədiyiniz məqamlara diqqət yetirsəydiniz, "mən bu adama necə güvəndim" dediyiniz adamlarla təkrar tanış olub eyni səhvləri buraxsaydınız, həyatın bilinməyən, görünməyən tərəfini öyrənərdinizmi?
Bu saydıqlarımın hər birini bizlər hər gün, təkrar-təkrar yaşayırıq. Güvənmərəm deyirik, amma yenə də eyni adama güvənirik. Sevmərəm deyirik, amma hər dəfə eyni tip adamı sevirik. Dəyişən tək şey bu insanların simalarıdır. Xarakterləri dəyişmir, davranışları dəyişmir, biz isə köhnə səhvlərdən dərs almadan yaşamağa davam edirik.
Bir şeyi unutmaq olmaz:
"Həyat bizə eyni zərbəni endirirsə, köhnə dərslərdən dərs almamışıq deməkdir." Öyrənməyənə kimi də həyat eyni insanları qarşımıza çıxardıb bizi eyni yerdən yaralamağa davam edər.
“Ədəbiyyat və incəsənət”
(21.11.2023)