Super User

Super User

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 noyabr – “Ağdam Şəhəri Günü” elan olunması ilə bağlı imzaladığı Sərəncama əsasən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən silsilə materiallar - virtual kitab sərgisi və videomaterial hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət”ə kitabxanadan verilən məlumata görə, hazırlanan materiallarda Ağdam rayonunun yaranma tarixi, gözəl təbiəti, Cümə məscidi, Şahbulaq qalası, Qutlu Musa və Pənahəli xanın türbəsi kimi tarixi memarlıq abidələri, dünyada ikinci olan Çörək muzeyi haqqında məlumat verilir.

Materiallarda Ağdam rayonunun erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları-tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, Ağdamın “ruhlar şəhəri”nə çevrilməsi faktları işıqlandırılır. Azərbaycanın əzəli torpağı olan Ağdam şəhərinin Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi sayəsində imzalanan kapitulyasiya aktına əsasən geri qaytarılması haqqında geniş məlumat verilir. Videomaterialda bu gün Ağdam şəhərində aparılan bərpa-quruculuq işlərindən, yeni infrasrukturun qurulması, yaşayış məhəllələrinin salınması, sənaye parkları, aqroparkların yaradılmasından bəhs edilir.

Virtual kitab sərgisində Prezident İlham Əliyevin “Şəhər günlərinin” təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Vətən müharibəsinin 44 günlük Zəfər salnaməsi”, “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək”, “Ölümü fəth edənlər”, “Ağdam rayonu və onun toponimiyası”, “Ağdamım mənim”, “Ağdam rayonu dialektlərinin toplanılması və linqvistik təhlili” kimi 10-dan çox kitabın qısa annotasiyası və dövrü mətbuat nümunələrinin görüntüləri yer alıb.

20 noyabr – “Ağdam Şəhəri Günü” ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)

Bazar ertəsi, 20 Noyabr 2023 09:15

Qarakənd faciəsindən 32 il ötür

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

20 noyabr ölkə tariximizdə iki böyük hadisə ilə yadda qalıb. Onlardan biri əlamətdar hadisə olsa da, digəri isə böyük olduğu qədər həm də ağır bir faciədir. 

 

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycana məxsus və göyərtəsində yüksək rütbəli dövlət xadimlərinin, millət vəkili və jurnalistlərin olduğu "Mi-8" hərbi helikopteri erməni hərbi dəstələri tərəfindən vuruldu. 

Terror aktı nəticəsində aralarında Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, nazir müavini Qurban Namazəliyev Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayevin də olduğu ümumilikdə 22 nəfərdən ibarət olan sərnişin və şəxsi heyyətin hamısı həlak olub. 

İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib. 

 

Belə ki, 1991-ci il noyabrın 7-də Qarabağdakı münaqişə ilə bağlı vəziyyəti yerində araşdırmaq üçün Xankəndinə nümayəndə heyyətinin göndərilməsinə qərar verilir. Mixail Qarbaçovun köməkçisinin Bakıya zəngindən sonra xüsusi siyahı tərtib edilir. Bu siyahıya Azərbaycan Kommunist partiyasının 2-ci katibi Viktor Polyaniçko rəhbərlik etməli idi. SSR-i rəhbərliyi dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun da səfərdə iştirak etməsini istəyir. İlkin siyahıdan millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədovun adları çıxarılır. Lakin, daha sonra siyahı bir daha yenilənir və Viktor Polyaniçkonun adı niyəsə siyahıdan çıxarılır. Millət vəkillərinin adları isə yenidən siyahıya qaytarılır. Noyabrın 19-da gecə saat 23:00 da siyahı təsdiqlənir. Noyabrın 20-si səhər saat 11:00 radələrində nümayəndə heyyətini gətirən 2 helikopter Ağdama enir. Dövlət katibi Tofiq İsmayılovun başçılığı ilə Ağdam xalq deputatları soveti icraiyyə komitəsinin binasında yığıncaq keçirilir, daha sonra nümayəndə heyyəti vəziyyəti yerindəcə araşdırmaq üçün Xankəndinə getməyə qərar verir. Saat 12:57 -də Ağdamda "Mi-8" tipli iki helikopter uçuşa hazırlanır. "69" nömrəli "Mi8" əsas helikopter olmalı, 2-ci "72" nömrəli "Mi8" isə onu müşyiət etməli idi. Lakin, saat 13:48-də ikinci helikopter heç bir müşayiət olmadan numayəndə heyyətini götürərək  havaya qalxır. Çox keçmədən Xocavənd rayonunun Qarakənd istiqamətində uçan helikopterlə rabitə əlaqəsi kəsilir. Helikopter 14:42- də Qarakənd kəndi yaxınlığında 300 metr yüksəklikdə vurulur. Baş vermiş faciə barədə   İrəvan radiosu saat 16:15, Tehran radiosu 16:40-da Moskva radiosu 17:00 da xəbər yaysa da, faciə barədə xəbərin Azərbaycanın Prezident Aparatına saat 19:55 -də  çatdığı bildirilir. 

Terror aktının baş vermə səbəblərini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokrurona qarşı uçuşun düzgün idarə olunmaması və insan tələfatı maddəsi ilə cinayət işi açılır.  

Bu günə qədər cavabsız qalan suallardan biri də odur ki, niyə onları hərbi vertalyot müşayiət etmirdi, münaqişə bölgəsi olduğu halda niyə ehtiyyat tədbirləri görülməmişdi? 

Helikopterin qara qutusunu araşdırmaq üçün azərbaycanlı mütəxəssisləri yaxına buraxmırlar.  Hadisədən bir neçə gün sonra hadisənin baş vermə səbəblərini öyrənmək üçün qara qutunu Rusiyaya göndərirlər. Halbuki qara qutunu Gəncədəki helikopter zavodunda da açmaq olardı. Sonralar isə Rusiyaya göndərilən qara qutudan heç bir səs sorağ çıxmır. 

 

Viktor Polyaniçkonun adının nümayəndə heyyətinin siyahısından silinməsi, Qarbaçovun xüsusi istəyi ilə 20 yanvar hadisələri zamanı SSR-i Ali Sovetində çıxış etmiş və Qarbaçov da daxil olmaqla bütün iştirakçıları 20 yanvar şəhidlərinin xatirəsini yad etmək üçün ayağa qalxmağa məcbur edən Tofiq İsmayılovun, Qarabağda baş verən iğtişaşlara görə dəfələrlə Qarabağa səfərlər etmiş, hadisələri yaxından izləmiş, həmin hadisələrə görə erməniləri günahlandırmış və onlara qarşı adekvat addımların atılacağını bildirən baş prokuror İsmət Qayıbovun siayhıya əlavə olunması, helikopterin heç bir müşaiyət olunmadan havaya qalxaraq Xankəndinə istiqamət götürməsi, hadisə barədə xəbəri ilk Yerəvan radiosunun yayması, helikopterin qara qutusunun Gəncədəki helikopter zavodunda açılması mümkünkən azərbaycanlı mütəxəssislərin yaxına buraxılmayıb qutunun Rusiyaya göndərilməsə və birdə ondan xəbər çıxmaması, bunların hamısı təsadüf idimi sizcə? 

 

Və əvvəldə də qeyd etdiyim kimi 20 noyabr ölkə tarixində həmdə əkamətdar bir hadisə ilə yadda qalıb. 

Belə ki, Qarakənd terorunun 29-cu il dönümündə, yəni 2020-ci il (44 günlük müharibə dövründə ) noyabrın 20-də  Ağdam rayonu erməni işğalından azad edilmişdir.

Onu da qeyd edək ki, Ağdam rayonu 23:07:1993- cü il tarixində ermənilər tərəfindən işğal olunmuşdu.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)

Bazar ertəsi, 20 Noyabr 2023 08:45

Deputatlar əsl alpinist kimi!

Milli Məclisin deputatları və parlament Aparatının əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər.

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü həm ölkəmizdə, həm də xarici ölkələrdə təntənəli şəkildə qeyd edilir. Azərbaycan Respublikasının Milli Məclisi də öz növbəsində Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Milli Məclisin sədr müavini Adil Əliyev, parlament Aparatının rəhbəri Fərid Hacıyev, deputatlardan və Aparatın əməkdaşlarından ibarət bir qrup “Heydər zirvəsi”nə yürüş edib.

Yürüş noyabrın 18-də Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxmaqla yekunlaşıb. Zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefini ziyarət edərək, hörmət və ehtiramını ifadə edən yürüş iştirakçıları ağır hava şəraitinə və çətin relyefə baxmayaraq, yürüş zamanı qarşıya qoyulmuş məqsədə nail olublar.

Yürüşün digər iştirakçılarınln adlarını yaxın saatlarda elan edəcəyik. 

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)

Bazar ertəsi, 20 Noyabr 2023 17:00

Kirayə arzular

Ülviyyə Heydərova yazır

 

 

2016-cı ildə "Kirayə arzular" adında avtobioqrafik romana başlamışdım. Bu, kirayə qaldığım evlər və otaq yoldaşlarım haqqında idi. O vaxtı sayca onuncu evdə idim, indi on dördüncü evdəyəm. 

 

Həm işlər çox oldu, həm də düzü, həvəsdən düşdüm. Adətən mən yazının finalını öncədən bilirəm deyə, rahat yazıram. Bircə "Kirayə arzular"ın finalını bilmədiyimə görə əsəri yarımçıq saxladım. 

Əzizlərim, dünən "Kirayə arzular"ın gözəl finalı oldu. Azərbaycan Yazıçılar Birliyi bəzi üzvlərini, o cümlədən də məni - 24 ildir kirayələrdə arzularla yaşayan insanı bir otaqlı mənzillə təmin etdi. Kirayə evlərdə nə qədər qızdırıcı olsa belə insan içdən isinmir. Çünki orda təkcə bədənin yox, ruhun da üşüyür. Xalq yazıçı Anara  nə qədər təşəkkür etsəm yenə azdır. Ona bir ömür minnətdaram! Çünki o, mənim 24 illik həsrətimə son qoydu. 

Ömrümdə ikinci dəfə idi ki, sevincdən ağlayırdım. Bir Şuşa işğaldan azad olanda, bir də evlə bağlı xəbəri eşidəndə. Çünki hər ikisini illərlə arzulamışam. Hətta dostlarım, doğmalarım da bu xəbəri eşidəndə göz yaşlarını saxlaya bilmədilər. 

Ev xəbərini eşidəndə əziz dostum Günel Eminlini düşündüm, onun ruhunun nə qədər şad olduğunu hiss edirəm. Eminesko elə mən qədər bu evi arzulayırdı. Bax, indi sağ olsaydı, səhər açılandan yüz dəfə zəng edərdi, tort alıb bizə gələrdi...   

Əziz dostlar, tam əminliklə bilirəm ki, mənim sevincim sizin də sevincinizdir. Bayaqdan bu sevincin şahidi oluram. Bilirəm ki, əlacınız olsa, məni təbrik etmək üçün sabah yeni evimə gələrsiniz. Amma bunun üçün bir qədər (ya bir il, ya iki il) səbr eləməli olacaqsınız. Əvvəla bina hələ təhvil verilməyib. İkincisi mənzil təmirsiz veriləcək. Təmir qiymətlərinin nə qədər yüksək olduğunu bilirsiniz. Deyirlər, evlənənlə, ev tikənin işini allah düzəldir. Allah mənə də kömək olar. 

Əzizlərim, təbriklərinizə görə hər birinizə ayrılıqda sonsuz təşəkkürlərimi bildirirəm. Ev arzusunda olan nə qədər dostlarım var. Allah onları da tezliklə sevindirsin! Var olun!

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)

Bazar ertəsi, 20 Noyabr 2023 13:15

Mən ölmək istəmirəm - AKTUAL

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

https://youtube.com/watch?v=K4FSFir7zTw&si=kJHxvPYKEogooq0a

 

Salam, dəyərli oxucular. Oxuduqdan sonra və ya əvvəl izləmənizi istərdim. Öyrənəcək çox şeyimiz var. Bizim insan olma yolunda atacaq hələ çox addımımız var...

 

“Dərs bitdi...”

Dərs başlamışdı. Hər kəs yerində oturub bərk səslə danışır, gülür, müəllimin jurnalı yoxlamasını gözləyirdi. Qələm masaya 2 dəfə dəydi. Bu taqqıltı susmağa və artıq vaxtın gəldiyinə işarə idi. Yoxlama zamanı yetişdi.

-Ləman Məmmədova?

+Burada.

-Elxan Səfərov?

+Burada.

-Aysel Nəbizadə?

+Burada.

-Elina Hacıyeva?

+Müəllim yoxdu, bugün başımız dinc, sinfimiz əxlaqlıdır.

 

Gülüş səsləri... Müəllim heç bir reaksiya vermədi, əksinə, sanki uşaqları təsdiqləmişcəsinə güldü, üstündən keçdi…

 

-Davam edək, uşaqlar, sakitliyi pozmayın. -Aytən Nəsrullayeva

+Buradayam, müəllimə

-Əminə Bulud.

+Müəllim o da yoxdur.

*Müəllim, mən buradayam!

-Əminədən nə əcəb? O ki dərs buraxmazdı?

*Necə yəni yoxdur? Buradayam axı?!

Elina: -Əminə, onlar bizi eşitmir, boşuna çabalama.

 

-Nəysə. Şəbnəm də burada?

+Yox, o da yoxdur. 

*Aaa, necə yəni? Biz ki burada oturmuşuq?!

-Allah bilir, yenə harada gəzir. Nəysə, uşaqlar dərsə başlayaq. 

 

* * *

Keçmişə qayıdaq bir az. Düşünək. Axı insan düşünən varlıqdır. Həqiqətən, insan düşünən varlıqdırsa, insan sayılırıqmı biz? Dindən danışan bu qədər adam var, amma dinin qaydalarını yada belə salmırlar, dindar oluruqmu biz?

Necə də qəribədir. Necə də acınacaqlıdır. Hər an, hər saniyə bir qadın daha şiddətə məruz qalır, canı yanır, öldürülür. Azərbaycanda, dünyada hər gün yeni cinayət məsələləri aşkarlanır. Bəşəriyyətin yarandığı gündən bu yana birlikdə yaşayan 2 canlı nə zaman düşmən oldu bir-birinə bu qədər? 

Çox yox, bir neçə ay əvvəl 4 nəfər tərəfindən təcavüz görüb, sonra da binadan atıldı 15 yaşlı Şəbnəm. Kim xatırlayır? Bəlkə də heç kim. Ya da, o qızcığazın adaşı, Şəbnəm Şirin, Türk vətəndaşı gözəllər gözəli bu xanım öz sevgilisi tərəfindən bıçaqlanaraq öldürüldü. Niyə? Ayrılmaq istədi deyə. Bu canidən qurtulmaq istədi deyə... Qurtula bilmədi...

Cavab tapa bilmirik bu suallara. Nə zaman nifrət sardı qəlblərimizi? Körpəcik qızlar ana olur, körpə sahibi olur. Axı uşağın uşağı olar? Zaman gedir, aylar, illər, əsrlər gedir. İnsanların qəlbləri də getdikcə daşlaşır. Düşün ki, sənin min bir əziyyətlə böyütdüyün, toxunmağa qıya bilmədiyin zərif gülünü qırır şərəfini itirən biri. Düşün ki, hər cür çətinliklə böyütdüyün ağacının budaqlarını qırır mənliksizin biri.

 

Bir neçə il keçir balaca Nərminin yandırılaraq öldürülməsindən. Qatil naməlum qaldı, yoxsa tapıldı? Bəlkə də çoxumuz maraqlanmadıq. Bəlkə də adını belə unutduq onun... Ya da, Əminədən bəhs edək bir az. Qızının gözləri önündə boğazı kəsilən Əminə. Son cümləsi "Mən ölmək istəmirəm" olan Əminə...

Sadəcə ölüm deyil ki, məhv edən gül baxçalarımızı. Qol-budağını qırırlar böyümək arzusundakı fidanlarımızın. Təhsildən yayındırılan, tez evləndirilən körpələr, şiddət görən qadınlar... Niyə bu qədər çabalayırıq ümidlərini qırmaq üçün körpələrin?

Hər gün yeni hekayələr yazılmağa başlayır dünyaya gələn hər körpəylə birlikdə. Və hər gün yenə hekayələr yarım qalır, canilərin əllərində. Baxdığımız, gördüyümüz, görmədiyimiz hər yerdə bir nəfəsə möhtac qalan qadınlar var. Niyə? 

Minlərlə həyat var gözlər önündə yox olub gedən. Bir neçəsini xatırlayırıq sadəcə. O da bəlli-bəlirsiz bir xatirə şəklində... 

Kimdir bu qadınlar? Axı nə üçün rahatca nəfəs almaq belə çox görülür bizlərə?

 

“Mən Şəbnəməm. Qatili öz sevdiyi, əllərini tutduğu adam olan Şəbnəm. Günahım “azad” olduğumu sandığım ölkədə insan olduğuna inandığım birini sevmək idi...” 

 

“Mən Nərminəm. İtkin düşən, yanmış cəsədi tapılan və yenə də “qızın gözlərində çox bilmişlik var” deyilən o balaca Nərmin. Günahım məni ölümə sürükləyən şəxsə uşaq olduğumu, saf olduğumu bildirmək, mənlə oynamaq istədiyinə inanmaq idi.”

 

“Mən Elinayam. Günahım nədir, açığı mən də tam bilmirəm. Bəlkə də ailəmin günahlarının cəzasını ödədim mən. Bir də, deyəsən saçımdakı rəngləri sevmədilər. Amma niyə, bilmirəm, axı həyat rəngarəng gözəl idi.

 

“Mən Əminəyəm. Günahım Azadlıq istəməkdir. Azad yaşamağı, sevməyi, nəfəs almağı diləməkdir. Mənə verilən qısacıq həyatı yaşaya bilməyi arzu etməkdir. Mən ölmək istəmirdim. Övladım var idi, işim var idi, mənim həyatım var idi.” 

 

Milyon illərdir xor görülürük. Milyon illərdir, yox sayılır, heç edilirik. Qız uşaqlarının diri-diri basdırıldığı vaxtlardan illər, əsrlər keçib, amma nə fayda? İllər də keçsə insanlar eyni. İnsanlar ölü, insanlıq ölü... Ruhlarımıza kir dolub. Alışırıq artıq televiziyalarda, sosial şəbəkələrdə gördüyümüz o iyrənc səhnələrə. 

Deyəsən, problem elə alışmamızdadır. Bu iyrəncliklərin artışına göz yumuruq. 

Bəs hara qədər?

Oyan,ey əhali. Oyan, ey xalq. Oyan artıq. Biz artıq yaşamaq istəyirik, ölmək istəmirik. Mənim nəfəs almağa, yaşamağa ehtiyacım var. Mən ölmək istəmirəm!

Dinlə məni. Mən qadınam. Ailədə sadəcə bir əlavə boşqab kimi görülən, nəsil davamında iştirak edə bilməyən qadın. Hər etdiyi, hər dediyi tənqid edilən, ”qız uşağısan”  deyilərək geri plana atılan qadın.  

Mən qadınam. Anayam mən. İnsanam ən başlıcası. Oxumaq istəyirəm. Dinləmək, rəqs etmək, mahnı oxumaq. Mən də sevə bilmək istəyirəm. Mən də azad olmaq istəyirəm. İstəyirəm küçədəki üzərimdə olan hər baxış çəkilsin göylərə. Azad olmaq qəlbimdə həbs saxlanılan göyərçindir sanki. Mən artıq rahat gülə bilmək istəyirəm. Sadəcə 8 martda yox, hər gün özəl olmaq istəyirəm. Öz istədiyim peşə ilə məşğul olmaq, öz seçimlərimi etmək istəyirəm. Mən oyuncaq deyiləm, amma oyun oynamaq istəyirəm. Uşağam hələ mən. Qəlbi, ruhu, hisləri olan insanam mən də. Mən yaşamaq istəyirəm. Mən ölmək istəmirəm.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)

Bazar ertəsi, 20 Noyabr 2023 16:30

Adi gülüş yox, bu dəfə acı gülüş!

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Restoranda qız yanında ofisianta hökm etməyə çalışan adam görəndə əsəbləşirəm, yazığım gəlir...

 

Qarşısındakı şəxsi alçaltmağa çalışan insanlardan nifrət edirəm, yazığım gəlir...

 

Səfeh zarafatları ilə göz qamaşdırdığını zənn edən insanlara əsəbləşirəm, yazığım gəlir...

 

Bilmədiyi bir məsələ haqqında əminliklə danışan insanlara əsəbləşirəm, yazığım gəlir...

 

Başqasına məsləhət verib özü əməl etməyən insana yazığım gəlir...

 

Əməli ilə sözü üst-üstə düşməyən insanlara yazığım gəlir...

 

Qarşısındakını axmaq yerinə qoyub, özünü ağıllı hesab edən insanlara nifrət edirəm, yazığım gəlir...

 

Kişiliyini yalnız cinsəlliyi ilə isbatlayan insanlara nifrət edirəm, yazığım gəlir...

 

Analıq hissini yalnız biologiyası ilə eyniləşdirən insanlara nifrət edirəm, yazığım gəlir...

 

"Yaxşı oğlan" konsepsiyasına yazığım gəlir...

 

Qarışqadan fil düzəldən insanlara nifrət edirəm, yazığım gəlir...

 

İşinə yaramayanda, azad fikir ifadə etməyə çalışanda deyilən "sən dəyişilmisən, daha əvvəlki kimi deyilsən" sözlərinə nifrət edirəm, yazığım gəlir...

 

Yeməyə pul tapmayan, amma siqaretə pul tapan, hətta siqareti olmayan zaman kimliyindən asılı olmayaraq qarşısındakı şəxsdən siqaret istəyən insanlardan nifrət edirəm, yazığım gəlir. 

 

Rüşvət konfetlərini paylayanlara nifrət edirəm...

 

Öz istəklərinə görə günahsız insanların qanına susamış mürəkkəblərdən, nitqlərdən, əmr və fərmanlardan nifrət edirəm...

 

Böyük siyasi arenaların, məsələlərin  çayxanada şeş qoşa üzərində müzakirəsinə nifrət edirəm...

 

Xəstəliklərin illik həkim bilik və təcrübəsi tərəfindən deyil, ani şüursuz batil şamanist inanclarla həll olunmasına nifrət edirəm...

 

Gələcəyi və ona təsir etmə imkanı öz əlində ola-ola, "atdı tutdu" yanaşması ilə gələcəyini falçılara həvalə edən insanlara nifrət edirəm, yazığım gəlir...

 

Restorana və ya başqa dəbdəbəli yerə ilk dəfə gedib tik tokda canlı açıb özünü qlamur kimi göstərənlərə nifrət edirəm, yazığım gəlir…

 

Yalnız görüntü üçün çalışıb, reklamçı təsiri bağışlayan insanlardan nifrət edirəm, yazığım gəlir...

 

Və daha çox nifrət sıralamam varkən növbəti ardıcıllığa nifrət edirəm...

 

Hərdən ətrafdakılara da nifrət edirəm, rahat olun, bu sizin haqqınızdı, əgər sizləri bezdirirəmsə siz də mənə və ətrafda olanlara 1 dəqiqəlik nifrət edə bilərsiniz. Amma vaxtınızı nifrətə sərf edib boşuna zaman tükətməyin, çünki kimlər üçünsə dəyərli və lazımlısınız...

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)

Bazar ertəsi, 20 Noyabr 2023 15:30

“Qurban” - HEKAYƏ

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Son

 

Qurban əbədi olaraq gözlərini yumdu. O, etdiyi əməllərin qurbanına çevrilmişdi. Artıq bu işin geri dönüşü ola bilməzdi.

 

***

 

Bir neçə dəqiqə öncə

 

Gözlərini son dəfə açan Qurban iynəni axtarmağa başladı. Yerişindən ləngliyi hiss olunurdu. Nə gücü, nə də əvvəlki ağlı yerində deyildi. İynə onun hər şeyini əlindən alsa da hələ də əl çəkə bilmirdi. Qulağına səslər gəldikcə yox deməyə çalışsa da özü ilə bacarmadı.

 

İynəni tapıb dozasını müəyyən etdikdən sonra onu artıqlaması ilə doldurdu. Əlinə götürüb hələ də ona baxmağa davam edirdi. İynə onun əlində çox iyrənc görsənirdi. Bunu etmək istəmirdi. Özündə güc toplayıb onu kənara qoyacaqdı ki, iynə dilləndi:

– Dayan, nə edirsən? 

Qurban cavab verdi:

– Sənə yox deyirəm.

İynə qışqırmağa başladı:

– Sadəcə bir dəfə dadıma baxmalısan. Özün görürsən ki, daha digərləri təsir eləmir. Qurban qulağına gələn səsi dinləyərək yenidən iynəni əlinə aldı. İynəni damarlarına yeritdikdə rahatladığını hiss etdi:

– Sadəcə bir dəfə. Göylərə yüksəlmək üçün kəməri qoluna bərkit, məni damarına qəbul elə. Yavaşca gözlərini yum...

 

***

 

Bir gün öncə

 

Öz yatağında gözlərini açdığı zaman Nəsibəni gördü. Nəsibə bütün gecəni onunla birgə keçirmişdi. Kefini pozmayan Qurban əli ilə Nəsibənin saçlarına toxunduqda qadın yerindən dik atıldı. Bütün gecə Qurbanla birgə etdiklərini yadına salıb əlləri ilə başını tutdu:

– Biz nə etdik, Qurban? Ərim bilsə məni öldürər. 

Qurban gülməyə başladı:

– Məncə o bilsə də sənə heç nə etməz. Ailəli olduğun üçün narahat olma. Mənim də ailəm var.

– Axı o, sənin də dostundur. – Nəsibə geri çəkildi. – Özümü günahkar hiss edirəm.

– Məndən sonra heç kimlə etməzsən. Hər şeyin dadına bir dəfə baxmaq lazımdır.

– Yalnız bir dəfə – desə də ürəyində düşündü: "Görəsən bu artıq neçəncidir?" Nəsibə yenidən təkrarladı:

– Amma, sadəcə bir dəfə...

Qurban yorğanı üstlərinə çəkməzdən öncə qapılarının nömrəsinin 19 olduğuna diqqət yetirdi.

 

***

 

2 gecə öncə Saatına baxdığı zaman 19:00 göstərirdi. Sadiq pula görə öz anasını da satardı. Qurban da onun yanına əliboş gəlməmişdi. Pulu stolun üstünə qoyub Sadiqdən dərmanları aldı. Sadiq təlimatlarını səsləndirməyə başladı:

– Bu dərmanları Nəsibənin çayına qat. İçdikdən sonra ağlı başında olmayacaq. Qurban fikirli halda soruşdu:

– Sadiq, bəlkə dərmanlar lazım deyil? 

Sadiq dedi:

– Bir dəfə o da dadına baxsın, qurdunuzu öldürün.

– Bəs bu nədir? – Stolun üstündəki paketi göstərərək soruşdu.

– İynədi. Onları da hədiyyə edirəm, bu dəfə məndən olsun.

– Yox, götürmüyüm e...

– Əşşi götür, bir dəfəynən heç nə olmaz. Qurban dərmanları və iynəni götürüb Sadiqə sual verdi:

– O əri tərəfindən satıldığını bilir? 

Sadiq tərs-tərs baxdı:

– Pulunu vermisən, kefini çək, gerisi sənə qalmayıb, Arvadımdır, özüm bilərəm.

Qurban sağ-sola baxaraq dedi:

– Bəs Nəsibə hardadır?

– 19-cu otaqda səni gözləyir.

Qurban heç nə demədən dərmanları götürüb 19-cu otağa getdi.

 

***

 

Bir il əvvəl 

 

Universitetin çıxışından çıxarkən Nərgizin əlini tutan Qurban onun üçün böyük sürpriz hazırlamışdı. Birlikdə kafeyə yollandıqda Nərgiz bütün kafenin bağlandığını gördü. Süfrə bəzənmiş, musiqiçilər öz ifalarına başlamışdılar. Bu mənzərəni görən Nərgizin gözləri doldu. Keçib yerlərinə əyləşərkən Qurban və Nərgiz çox xoşbəxt görünürdü.

– Sən nəsə içəcəksən? – Nərgiz soruşdu. Qurban cavab verdi:

– Sevgimizi gücləndirəcək nə varsa ondan istəyirəm.

Nərgiz gülümsəyərək cavab verdi:

– Səninlə evlənməyə bir şərtlə razı olaram. Həmişə məni sevəcəyinə söz ver! Söz ver ki, heç vaxt mənə xəyanət etməyəcəksən.

Qurban cibindən bir siqaret çıxardıb yandırdı.

Damağına qoyaraq tərəddüt etmədən dedi:

– Söz verirəm...

Nərgizin bir anda siması dəyişdi:

– Siqareti atacağına söz vermişdin.

– Nə edim? Ata bilmirəm zəhrimarı. – Qurban qədəhi alkaqollu içkilərlə dolduraraq dedi:

– Xüsusi olaraq bu gün üçün içmək lazımdır. Nərgiz dedi:

– Sən axı içmirdin?

– Bu gün üçün içəcəyik. 

Nərgiz duruxdu:

– Əgər sən içirsənsə, mən də dadına baxaram.

Qurban təkid edərək dedi:

– İç, insanı mexoş edir. Hər şeyin dadına bir dəfə baxmaq lazımdır. Sadəcə bir dəfə – deyib cibindəki siqareti stolun üzərinə qoydu.

 

***

 

5 il öncə

 

Qurban üçün bu da çox maraqlı görünürdü. O, insanın düşüncələrinə sakitlik qatıb, özünə güvənməyən insanların güvənini artırmağa kömək edirdi. Qurban heç bir zaman pis vərdişlərin əsiri olmamışdı. Hətta içki belə içməmişdi. Bundan sonra nə iş, nə də ki, ailə qurduğu zaman pis vərdişlərə qoşulmağı düşünmürdü. Buna rəğmən siqaretin dadına baxmalı olduğuna özünü inandırmışdı. Dükandan aldığı siqareti cibinə qoyaraq cəld gizlincə oradan uzaqlaşdı. Qurban məktəbli olduğundan ailəsi tərəfindən əlindəki siqaretin bilinməsini istəməzdi. Yan-yörəsinə baxıb kibriti dodaqlarına yaxınlaşdıraraq siqareti yandırdı:

– "Hər şeyin dadına baxmaq lazımdır" – düşünərək ilk siqaretini ciyərlərinə çəkdi.

Xülyalara qapılacaqdı ki, arxadan Sadiqin səsi eşidildi:

– Niyə gözləmədin məni? Necədir, xoşuna gəldi?

Qurban dedi:

– Pis deyil, amma bunu çəkim, daha çəkməyəcəm.

– Nə oldu, nə tez qorxdun?

Qurban mövzunu dəyişərək başqa bir sual verdi:

– Nərgiz hardadır?

– Səni gözlədi, sonra da dərsdən çıxıb evə getdi. Sən onu sevdiyini demisən.

– Demişəm, evlənmək üçün universiteti bitirməli olduğumuzu deyib. Universiteti bitirdikdən sonra...

– Pah... oxuyub-oxuyub ağ günə çıxacaq. Beş günlük dünyadı, götür birini də çək.

Qurban və Sadiq gülümsəyərək ikinci siqaretlərini də yandırdılar. Qurban nəyin əsirinə çevriləcəyini vaxt ötdükcə anlayacaqdı.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)

 “Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

62-Cİ DƏRC

 

“Əlif atasını tapmışdı. Ona qarda irəliləməyə kömək etmək istəyirdi, amma atası razılıq vermirdi, deyirdi, qadınlara kömək et, məndən narahat olma.

Çay qurşaqdan yuxarı idi. Bu şaxtada suyu paltarlı keçmək – donub ölmək riskini göz altına almaq demək idi.

Bununla belə, heç kəs həya edib soyunmadı.”

Romanın təsirli epizodları izləyiciləri axıradək gərginlik içində saxladı.

Hava artıq qaralmışdı, Divanın Baş Hakimi üzünü müttəhim kürsüsündə vurnuxan Monte Melkonyana tutdu:

-Monte Melkonyan, şahid ifadələri və ekspert rəyləri ilə sizin cinayətininz tam olaraq sübut edilmişdir. Bu nümayiş olunan filmlər, dinlənilən musiqilər, yazılmış kitablar isə sizin cinayətininzi gələcək əsrlərə daşıyacaqlar. 1993-cü ilin 12 iyununda Azərbaycanın Mərzili ərazisində gedən döyüşlər zamanı siz azərbaycanlılar tərəfindən açılan güllə ilə qətlə yetirilmiş, Axirət dünyasının sakini olmusunuz. Bununla da Əsas dünyada tərətdiyiniz misilsiz cinayətlər cəzasız qalmışdır. Divan sizə Qeybedilmə cəzası kəsir. Belə ki, bu qədər cinayətin iştirakçısı olmuş şəxsin bizim bu Axirət dünyamızda da yaşaması yolverilməzdir. Divan qanunlarına görə ittiham olunan və cinayətləri tam sübut olunan şəxsə son söz demək ixtiyarı verilir. Buyurun, son sözünüzü söyləyin.

Monte Melkonyan sel kimi axan tərini sildi, icazə alıb hərbi buşlatını çıxararaq özünü bir qədər yelpiklədi, sonra ağır-ağır danışmağa başladı:

-Möhtərəm cənab Hakim, möhtərəm Divan iştirakçıları, şahidlər, zərərçəkənlər  və tamaşaçılar, tarix boyu ermənilər yaşayan hər bir ərazidə analar öz balalarına müxtəlif laylalar oxuyublar. Sasunda analar “ruri-ruri”, Vanda “ayrur-ayrur”, Muşda “urur-urur”, Aknda “oror-oror”, bir başqasında “na-na”, digər birində “ey-ey” oxuyublar, dialektlər müxtəlif, mətnlər müxtəlif olub. Mən, qeyd edildiyi kimi, Amerika Birləşmiş Ştatlarında, Kaliforniyada dünyaya göz açmışam. Anam məni hər gecə yatırdanda, eləcə də istirahət günlərində günortalar dayə yanına aparmayıb özü yatırdanda, iki-üç yaşımın bu xatırələrini əsla unutmaram, mənə çox qədim tarixi olan bir laylay, oxşama oxuyardı. Çar-ana bunu əfsanəyə görə oğlu Günəşə oxuyarmış. Bunu guya, heç kəs eşidə bilməzmiş. İlk dəfə ölməkdə olan oğlunu xilas etmək istəyən bir ana hər halda eşidir. O, dəmir cam götürüb dirilik suyu axtarışına çıxıbmış, Günəşin hüdudlarına yetişəndə ana dirilik suyunu tapır, həmin dəm Çar-ananın Günəşə söylədiyi sehirli laylasını da eşidir. Gəlib dirilik suyunu içirdərək və hər gecə bu laylanı oxuyaraq ana öz övladını xilas edir. Mənim anam tam 6 yaşıma kimi bu laylanı mənə oxuyurdu, 6 yaşımda – onda ki, artıq məktəbə getmək yaşım idi, püxtələşmişdim, mənə həmin o əsrarəngiz laylanın mənşəyi ilə bağlı bir tarixçə danışdı. Bu tarixçəyə görə, həmin bu laylay öz əzəlini Qərbi Ermənistandan – Akndan götürüb. Etnoqraf Ovsep Canikyan onu qələmə alaraq, lentə köçürərək bugünümüzə qədər gətirib çıxarıb. Akna yol dərin bir dağ sıldırımından keçərmiş. Sonra da yolçunun qarşısında inanılmaz gözəlliyə malik bir təbiət lövhəsi açılarmış. Bibliya çayı sayılan Fəratın sahilində yerləşirdi Akn. Təbii daş pillələrlə çay sahilindən ora qalxırdın. Aknda Areq adlı rayon varmış. İlk dəfə laylay məhz orada oxunubmuş. Anam bu yerə çatanda kövrəldi, göz yaşlarını gizləyə bilməyərək hıçqırdı, dedi, bizim əcdadlara malik həmin torpaqlar indi bizdə deyil, türklərin işğalı altındadır. Bizdə yalnız vətənimizin rəmzi olan Akn laylası, bir də nisgil və kədər qalıb. Anam bunları dedı, ardınca da pıçıldadı ki, türk bizim düşmənimizdir. İllər öncə eynən bu cür sözləri anamın anası da anama söyləyibmiş. Harda ermənilər yaşayırsa, orada layladan sonra analar eyni tərzdə uşaqlarının qulağına pıçıldayırlar ki, türk sənin düşmənindir.  Mən də bütün ermənilər kimi bu ruhda tərbiyə almışam, bu ruhda böyümüşəm. Bütün şüurlu həyatımı türklərlə mübarizəyə həsr etmişəm. Əgər dünyanın ən humanist haqq-ədalət müəyyənləşdiricisi olan Axirətin Divanı mənə cəza çəkirsə, mən nəkarəyəm, demək, günahkaram, bağışlana bilmərəm. Amma hər halda bir şey xahiş edəcəyəm. Necə ki, məni bu yola “milli maraqlar” adlı yazlmamış, şifahi ümumerməni kodeksi sürüklədi, məndən əvvəl də milyonlar bu yola sürüklənmişdi, məndən sonra da milyonlar bu yola sürüklənəcəklər. Xahiş edirəm, Axirət divanı Əsas dünyaya xəbər göndərsin, bu kodeks qadağan olunsun. Barı, bundan sonra mənim xalqım yalançı ideologiyanın, mif və əsatirlərin qurbanı olmasın. Mən dünən milli məsələdə ustad sandığım akademik Aqanbekyanın peşman olub burada necə ağladığına şahid oldum. Demək, bu yol düzgün yol deyilmiş. Tökdüyüm qanlara, kəsdiyim başlara görə Tanrı qarşısında üzr istəyirəm. Əvf olunmayacağımı bilsəm belə üzr istəyirəm.

Sürəkli alqışlar altında iki üzübağlı şəxs gəlib Monte Melkonyanı səhnənin arxasına apardı.

Bəzən şərəfsiz ömür sürmüş insana hansısa milli maraqlar naminə şərəfli ömür yarlıkı yapışdırır, onu milli qəhrəman səviyyəsinədək ucaldırlar. Amma tarix yalanı, saxtakarlığı əsla sevməz, gec-tez mütləq hər şey öz yerini alır. Şərəfsizlər tarixin zibilliklərinə gömülür, ruhları  üfunət qoxusuna bürünmüş halda əzab çəkməli olur.

Divan bağlandı, Məhkəmənin daha bir günü arxada qaldı. İnsanlar yerlərindən əsla tərpənmək istəməsələr belə, yenə də durub gecələmək üçün evlərinə yollandılar. Sabah ertədən isə yenidən burada olacaqlar. Sabah ittiham olunan şəxs bugünkü kimi döyüşçü və terrorçu deyil, o yazardır, qələm əhlidir. Amma türkün düşmən olması ideologiyasının ən qatı tərəfdarıdır, qələmiylə qətllərə fərman vermiş birisidir. Döyüşçü qatildən fərqli olaraq ziyalı qatil həmişə daha çox maraq doğurur. Çünki ziyalılığın missiyası nədir? İnsanlığa bilik, elm, maarifçilik bəxş etsin, yaxşı əxlaq, gözəl davranış əxs eləsin. Ziyalı insanlığı qan tökməyə, baş kəsməyə çağırırsa, ultra millətçiliklə zəhərlənmiş kəlmələri ilə qanlar tökürsə, bu artıq öz yayından çıxmış oxun gözlənilən yox, tam gözlənilməz traektoriya cızması deməkdir.

Ona görə də, sabah Divanı qurulacaq şəxsin peşəsi anons ediləndə onu tanımayan Axirət əhli çox səbirsizləndi ki, sabah tez açılsın, bu şəxsin kimliyini bilsinlər, onun sifət cizgilərinə baxıb, nitqini dinləyib bu qədər qəddarlığının, vəhşiliyinin kökünü öyrənsinlər. Özü də, maraqlı olan o idi ki, bu şəxs Əsas dünyanın sakini idi, cinayəti sübut olunarsa, Divandan dərhal sonra qeybedilmə cəzası ilə bu şəxs hər iki dünyada yaşamaqdan məhrum oluna bilərdi.

 

 

 

16-CI PROSES

 KİM KARDAŞYAN

 

Növbəti səhər açıldı, növbəti gün insanlar yuxudan duran kimi Baş Meydana axışmağa başladılar. Aylarla davam edən böyük proses yekunlaşmaq üzrəydi, son iki nəfər qalmışdı. Dünəndən anons etmişdilər ki, bu gün mühakimə edilən şəxs cinayətkar yazardır. Hamı da sənəti ilə fəaliyyəti kəskin təzad təşkil etdiyi üçün bu şəxsi canlı olaraq lənətləməyə səbirsizlənirdi. Amma növbəti şəkildən örpək salınanda qorxulu kişi obrazı əvəzinə gülümsər bir qadın obrazı göründü. Yerbəyerdən bu simanı tanıyıb “Aaaaaa, Kim Kardaşyan!” deyə səslənənlər də oldu, bəziləri “Bu ki yazar deyil, bu pornoaktrisadır”, “Tanıdım, “Ulduzlarla rəqs” realiti-şousunda iştirakçı olub” , - deyə Divanı qurulanı daha yaxından tanıdıqlarını da isbatladılar.

Hamı prosesin açılışını gözlədi ki məsələ tam aydınlaşsın, nəhayət, hakimlər səhnədə öz yerlərini tutdular, Baş Hakim müəmma pərdəsini aradan götürdü:

-Əziz Divan əhli, əziz tamaşaçılar, bu gün biz Andronik Ozanyandan sonra ən qatı canı hesab etdiyimiz bir şəxsi – yazar ola-ola insanları qan tökməyə, baş kəsməyə çağıran bir manyakı ittiham edəsi idik, sabah da sıradakı yeganə xanımı. Amma həmin xanım Divan heyətinə müraciət edərək öz prosesinin ertələnməsini xahiş etdi, buna səbəb kimi əsəblərinin tam tarıma çəkildiyini və daha bir gün gözləməsinin mümkünsüzlüyünü göstərdi. Hakimlər məşvərət edib belə qərara gəldik ki, bu mühakimə olunan şəxsin qadın olması nəzərə alınsın və xahişi təmin edilsin. Beləliklə,  prosesin növbəti – sonuncudan əvvəlinci günü mühakimə edilən şəxsi – Amerika aktrisası, realiti-şou ulduzu, fotomodel  Kim Kardaşyanın müttəhimlər kürsüsünə gətirilməsinin təmin olunmasını xahiş edirəm.

İnsan kütləsi mühafizəçilərin əhatəsində səhnəyə qaldırılan açıq-saçıq geyimli, bədən əzaları qabarıb çıxmış qadını görcək uğultu qopardı, bəziləri bu tanış simaya nifrətlə baxsalar belə, bəziləri hətta rəğbətlə, hətta sevgiylə tamaşa etdilər.

Qadın gəlib müttəhimlər kürsüsündə əyləşdi, o, kürsüdə əyləşəndə Baş Hakim yarızarafat, yarıgerçək sözlər söyləyib publikanı əyləndirdi:

-Əsas dünyadan gəlmiş 39 yaşlı Kim 3 gün sonra Los-Ancelesdə “Teen Choice Awards” mükafatlandırma mərasimində iştirak edəcəyini, bir həftə sonra Milanda defiledə çıxış edəcəyini, daha 10 gün sonra Bollivudda “Səhranın çiçəyi” filmində çəkilişlərə başlayacağını iddia edir, xəyalən həmin  mərasimlərdədir, arxayındır ki, gedib iştirak edəcək, fərqinə varmır ki, Axirət dünyasının Divanından hələ heç kəs cəzalandırılmadan qurtulmayıb.

Kim özünü yelləyərək yerindən səsləndi:

-Bir şeyi unutdunuz, möhtərəm hakim, XXL dərgisinin üz qabığı üçün fotosessiyam var, gələn ayın əvvəli Londonda olmalıyam.

Tamaşaçılar gülüşdülər, Baş Hakim də gülümsəyərək nitqinə davam etdi:

-Bəli, Kim Əsas dünyaya qayıtmağa, gördüyünüz kimi çox iddialıdır.

Kim yenidən yerindən replika atdı:

-Mənim milyonlarla İnstagram və YouTube izləyicilərim yeni post və süjet gözləyirlər, əmindilər ki, bu post və süjet pozitiv olacaq.

Zalda yenə gülüşmə və alqış sədaları eşidildi.

Baş Hakim zalda sakitlik yaranandan sonra Kim Kardaşyana müraciət etdi:

-Xanım Kim Qardaşyan, millətlərarası münasibətlərdə və əxlaqa zidd məsələlərdə ittihamla gəlib Divana çıxmısınız, proses necə olacaq, nələr baş verəcək, necə yekunlaşacaq, düzü mən də bilmirəm, yəni öncəki günlərdə öncədən hansı hökmü çıxaracağıma təqsirləndirilənin dosyesi ilə tanış olan kimi qərar vermişdim. Amma indi, düzü, bir az tərəddüdüm var. Yeri gəlmişkən, fürsətdən istifadə edib sizə bir sual verim. 2009-cu ildə “Qeyri-real blokbaster” filmində yaratdığınız qadın roluna görə “Ən pis qadın rolu” kateqoriyasında “Qızıl moruq” mukafatına layıq görülmüsünüz. Bu bir təsadüfdür, yoxsa priyomdur?

Kim gülümsəyərək...

 

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)

Bazar ertəsi, 20 Noyabr 2023 14:30

Alfredo Makaronu Resepti - ÇOX LƏZZƏTLİDİR

Leyla Ümid, “Ədəbiyyat və incəsənət”

 

Bu gün evimə qonaq gələn yaxın rəfiqəm Məryəm üçün hansı yeməyi hazırlayıb servis edəcəyimi bilmirdim. Daha sonra ikimiz eyni anda qərar verdik ki, sevimli yeməyimiz olan makaronu birlikdə hazırlayaq. Lakin hər zamankı kimi sadə deyil, soslu və pendirli italyan mətbəxinə məxsus  "Alfredo makaronu" hazırlamağı qərarlaşdırdıq. 

 

•İnqridientlər:

 

400 qram qələm makaron

Toyuq filesi (istəyə uyğun olan miqdarı)

1 stəkan qaymaq

1/2 stəkan süd

Həm duru yağ, həm də bir az kərə yağı

Bir qədər parmesan pendiri (mozarella pendiri də istifadə edə bilərsiniz)

3 diş sarımsaq (hissələrə bölünməlidir, amma çox xırda olmaz) 

Holland pendiri (bir az sousa, bir az da ən sonda üzərinə əlavə olunacaq)

Duz və istiot (zövqə görə)

 

•Hazırlanma qaydası:

 

1) Makaronu geniş bir qazanın içində suda qaynadın. Qaynayan suya duz və bir az sarıkök əlavə edin və makaronlar yumşalıb bişəndən sonra süzün.

 

2) Bir tavada hər iki yağı da qızdırın və sarımsağı əlavə edin. Həmən sonra hissələrə doğradığınız toyuq ətini tavaya əlavə edin. Qarışdıraraq sarımsağı qızarıncaya qədər 2-3 dəqiqə qovurun. Sonra sarımsaqları tavadan götürün.(yanmamalıdır, sadəcə dadı çıxmalıdır.) Toyuqlar ortabab qızardıqdan sonra tavanın altını söndürün.

 

3) Üzərinə qaymağı əlavə edin və qarışdıraraq ardıyca südü əlavə edin və qarışdıraraq pendirlərinizi əlavə edin. Pendirləri qarışığın içində tam əriyib uzanınca qarışdırırıq. Hazır olduqdan sonra altını söndürün və duz, istiot əlavə edin.

 

4) Süzdüyümüz makaronları sousumuz  hazır olan tavaya əlavə edib yaxşıca qarışdırırq.

 

5) Ən sonda servis edərkən üstünə rəndələnmiş holland pendiri əlavə edirik.

 

Dadı çox əla olur! Bon apetite! Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sara Nacinin   şeirlərini təqdim edir. 

 

 

Sara Naci kimi tanınan Sara Məhəmmədi əfqan əsillidir və 1990-cı ildə Tehranda anadan olub.  1990-cı ildən şeir yazmağa başlayıb və 1998-ci ilin mayında “Səssiz keçidlər” kitabını nəşr etdirib.  O, hazırda Tehranda yaşayır və kino rejissorluğu üzrə təhsil alır.

 

 

KUBİSM

 

Pəncərə çərçivəsində qalmışam

Yel əsir

Gözüm hər an sönməkdən qorxan çıraqdır

Yel ulduzları qaraldıb

Yel uşaqları özü ilə aparıb

Bizim kişilərimiz isə geri qayıtmayırlar

Sanki

Xiyabanın qarşısında dayanan zavod

İşçilərin ruhlarını

Göy üzünə üfürür.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.