Tanınmış uşaq yazıçısı və dramaturqu Vüqar Haqverdiyevin müəllifi olduğu “Sehrli planşet” nağıl-pyesi Rusiyanın Krasnoyarsk vilayətinin Kozul Uşaq Musiqili Teatrında səhnələşdirilib.
AzərTAC xəbər verir ki, balaca aktyorların ifasında hazırlanan musiqili tamaşa “Dünya xalqlarının nağılları” teatr festivalında nümayiş olunub.
Tamaşa uşaqlar tərəfindən böyük alqışlarla qarşılanıb.
Sözügedən səhnə əsərinin quruluşçu rejissoru teatrın rəhbəri Yekaterina Kunkinadır.
Əsərin başlıca ideyası uşaqlara dostluq, yoldaşlıq, xeyirxahlıq kimi əxlaqi-mənəvi dəyərləri aşılamaq, həm də onlara qarşıya qoyulan məqsədə düzgün yolla getməyin, pis əməllərdən çəkinməyin, dürüst və ədalətli olmağın, eləcə də çətin məqamlarda bir-birilərinə kömək etməyin vacibliyini və əhəmiyyətini göstərməkdir.
Əsərdəki hadisələr qeyri-adi bir məkanda, yeni nəsil ağıllı cihazlar qrupuna aid olan geniş ekranlı rəqəmsal planşetdə baş verir. Lakin bu planşet ağıllı olmaqla bərabər, həm də sehrlidir.
“Ədəbiyyat və incəsənət”
(21.11.2023)