“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair İbrahim İlyaslı görüşür.
Sevgiyə layiq dostun yox,
Nifrətə layiq düşmənin.
Nə layiqsiz adamsan sən –
Bə sənin nəyin var, nəyin?!
Nə dərdindən ölənin var,
Nə öldürmək istəyənin.
Zalım adam, aciz adam,
Bə sənin nəyin var, nəyin?!
Matdım-matdım nə baxarsan,
Bu Yer sənin, bu Göy sənin.
Səninkilər sənin deyil,
Bə sənin nəyin var, nəyin?!
Nə haqqını tanıyırsan,
Nə nahaqdan yox köməyin.
Haqlı adam, haqsız adam,
Bə sənin nəyin var, nəyin?!
Nə ağ bayrağın yellənir,
Nə gəlir qanlı köynəyin.
Amalın yox, amacın yox,
Bə sənin nəyin var, nəyin?!
Yaşa dolmaq yaşamaqmı,
Yaşanıb tükənmiş adam?
Yaradandan utan barı,
“Yox”una söykənmiş adam!
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)