Macarıstanda çəkilmiş ilk tammetrajlı Azərbaycan bədii filminin Budapeştdə premyerası olub

 

Macarıstanın paytaxtı Budapeşt şəhərində Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyası (AYID) tərəfindən təşkil olunan Türk dünyası gənclərinin bədii yaradıcılıq gecəsi çərçivəsində Macarıstanda çəkilmiş "Görüşənədək" adlı ilk tammetrajlı Azərbaycan bədii filminin premyerası keçirilib.

 

AZƏRTAC xəbər verir ki, “MagNet Közösségi Ház”da keçirilən tədbirdə çıxış edən AYID-in sədri Ramil Şükürov film haqqında ətraflı məlumat verib. O, bu kimi layihələrin Azərbaycan və Macarıstan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini, həmçinin Türk dünyasında ortaq mədəniyyətin, incəsənətin və irsin qorunması və inkişafında azərbaycanlı gənclərin rolunu vurğulayıb.

Sonra Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin gənclərindən ibarət ansambl tərəfindən hazırlanmış musiqili tamaşa göstərilib, Azərbaycana və digər türk xalqlarına məxsus mahnılar ifa edilib.

Tədbir AYID-in idarə heyəti üzvü, gənc soydaşımız Nazim Musabəylinin ssenari müəllifi və rejissoru olduğu "Görüşənədək" bədii filminin nümayişi ilə davam edib. Baş rollarda Kamil Şükürov, Elnarə Abdullayeva, Lalə Rəfiyeva, Aqşin Sakif və Timi Janurik, həmçinin müəllifin özünün yer aldığı filmdə Macarıstanda yaşayan iki gənc azərbaycanlı tələbə Aqşın ilə İlqarın həyatları və onların çətinliklərə qarşı mübarizəsindən bəhs edilib. Film böyük maraqla qarşılanıb.

Tədbir filmin yaradıcı heyətinin səhnəyə dəvət olunması və qonaqları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.