Super User
“AYRIC” – Orxan Fikrətoğlunun povesti (Son paylaşım)
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
AYRIC
6
Necə olur ki, sən o iranlını öldürəndən sonra beş il həyətə-bacaya çıxmadığım halda bütün məhlə mənə qəhbə dedi, hər gün onların gözlərinin qabağında elə özləriylə də qəhbəlik eləyən Zibanın qızlarına isə bacı?! Sən mənə bunu izah edə bilərsən? Yox! Mən isə sənə izah eləyə bilərəm. İnsanlar kölədir. Puluna minnət, ödə, sənə qul olsunlar. Sənə allah desinlər. Beyət etsinlər. Mənim dünyada bircə arzum vardı. Allah haqqı, burdasan deyə demirəm. Bircə arzum vardı. Səninlə bir uçuq daxmada yaşayıb üç oğlan uşağı doğmaq. Yaşaya bildim? Hanı o uşaqlar? Sən hardasan bəs? Kim buna mane oldu? Mən? Mənim öz həqiqətim var. Sən? Sənin də burda günahın yoxdur. Sən məni sevirdin deyə o oğraşı öldürdün. Bəs onda kim? Bilirsən bu KOVİD nədir? KOVİD səninlə mənim sevgimi məhv etmiş taleyin bu dəfə başqa bir görkəmdə şəkillənmiş xəstəlik variantıdır. Mən taleyin acığına iki həftəlik karantin zamanı özümə toy etdim. O isə cildini dəyişib indi də xəstəlik şəklində bizə toy tutmaq istəyir. Nə dəyişib? Heç nə. Zibanın qızları bilirsən niyə bizim kimi belə karantin tələlərinə düşmürlər? Çünkü qəhbədirlər deyə bu qəhbə dünyanın çəmini, dilini bizdən yaxşı bilirlər. Qəhbə qəhbənin dilini bilir axı. Görürsən necə işlər var, qədeş! Sən mənə bunun niyə belə olduğunu izah edə bilərdin?
– Sən bu xatirələrlə necə yaşayırsan?
– Səndən soruşuram, izah edə bilərdin? – Mədinə sualında israrlıydı.
– Yox, eləyə bilməzdim. Ona görə ki, mənim də həyatımda baş verənlərin heç bir zaman izahı olmayıb.
Mədinə nə qədər özünü şən göstərməyə çalışsa da, mirvari kimi saf göz yaşları iri yaşıl gözlərindən yanağına doğru süzülürdü. Qəribədir, Mədinə ağlamırdı, di gəl, göz yaşları damcı-damcı gözünün qaynağından süzülməkdəydi.
– Daha olan olub, keçən keçib. Mənim tır sürücülərinin yanına getdiyimi sənə o zaman kim demişdi?
– Ziba!
Mədinə bir müddət yerində donub qaldı. Göz yaşları da gözlərindən yanağına doğru süzüldüyü nöqtədə qırov kimi salxımlandı.
Sonra aram-aram eyvandan otağa keçib “tuman tökdü” hərəkətliliklə musiqisiz rəqs etməyə başladı.
Eyvandan otağa girəndə Mədinənin üzünə tökülmüş sarı buruq saçlarının altından eşidilən hıçqırıq səslərindən anladı ki, qadın ağlayır. Yaxına gəlib onu qucaqladı. Mədinə sinəsinə sığınıb: – Məni daha heç zaman tək qoyma! İnsanlardan qorxuram! – pıçıldadı.
Bir qədər birlikdə rəqs etdikdən sonra divana əyləşdilər.
Səhər yuxudan qalxan kimi Mədinə yenə ona dərmanlarını içirtdi. Qızdırması olsa da, özünü narahat hiss etmirdi. Son günlər öskürəyi artmışdı. Ən çətini ciyərlərinə yığılan bəlğəmi boğazından çölə çıxartmaq idi. Səhərlər saatlarla əlüzyuyanın qarşısında dayanıb ögüyürdü. Xeyri yox idi. Gecələr onu boğan da həmin bu sinəsinə yığılıb daşlaşmış bəlğəm idi. Canından çıxmırdı ki, çıxmırdı.
– Gəl bu gecə divanda yataq! – Mədinə on dörd günün dadını axıra qədər çıxarmaq istəyirdi.
– Yataq da. Mən səninlə yatıram. Çarpayı ilə yatmıram ki... –dedi.
– Divanda sənə divan tutacam, – Mədinənin səsi ehtirasdan dalğalandı.
Həmin gecə divanda yatdılar.
Səhər Mədinə gözünə daha qıvraq göründü. Sanki qadın yenidən doğulmuşdu. On beş yaşlı qıza bənzəyirdi. Saçlarını hörüb kürəyinə atmışdı. Onun yuxudan oyanmasını gözləyirmiş kimi divandan döşəməyə hoppandı. Bir göz qırpımında jurnal mizinin üstünə qoyulmuş əl telefonunu götürüb otağın açıq nəfəsliyindən çölə atdı.
Mədinənin nə etdiyini axıra qədər anlamağa macal tapmamış dodaqlarında dodaqlarının tamını hiss etdi. Mədinə onu ehtirasla öpdükcə içinə tamam fərqli bir rahatlıq axırdı. Nəfəsəni dərmək üçün bircə anlıq dodaqlarını dodağından ayıran Mədinə: – Bizə daha heç kim və heç nə mane ola bilməz. Otağıma daha heç kəsi buraxmayacam! Sənin ailəni də! – qışqırdı.
Mədinə özüylə birgə sanki onu da yenidən doğurdu.
– Rədd olsun telefon! – Mədinədən geri qalmamağa çalışdı.
Mədinə həmin səhər otağa brend dükanlardan hədiyyəlik paltarlar, bahalı ətirlər, dəbdə olan restoranlardan cürbəcür yeməklər sifariş verdi. Və həmin günü onlar gecəyə qədər sevişdilər. Şam yeməyindən sonra isə yenə birlikdə rəqs etdilər. Amma xəstəlik də otaqdaydı. Heç hara getməmişdi. Son günlər hər ikisi xırıltıyla öskürürdü. Mədinə bütün dərmanları ona vaxtlı-vaxtında içirtsə də, özü deyiənlərə əməl etmirdi. Bütün günü şıltaq qız uşağı kimi özünə bir məşğuliyyət tapır, sonra da səhərə qədər onunla doya-doya çarpayıda sevgi yaşayırdı.
Karantinin altıncı günü sübh tezdən xüsusi səyyar xəstəxananın baş həkimi onları bir daha müayinə etmək üçün otağa gəldi. Baş həkim əvvəllər hərbi həkim olmuşdu deyə davranışı sərt və qabaydı. O, diqqətlə hər ikisinin ağciyərlərinə qulaq asdıqdan sonra saturasiyalarını da yoxladı. Mədinənin xışıltılı ciyərləri və normadan çox aşağı enmiş saturasiyası həkimi əməlli-başlı özündən çıxartdı. Mədinəyə elə bu dəqiqə, gecikmədən xəstəxənaya getməli olduğunu dedi. Mədinə razılaşmadı. Baş həkim Mədinəyə bir xeyli dərman təyin etdikdən sonra söylənə-söylənə otaqdan çıxdı.
Həkimin ağzı fal imiş-nədi? Həmin günün axşamı qadının qızdırması gözlənilmədən qalxdı. Bütün gecəni qızdırmasalan dərmanlar içsə də, düşmədi. Səhərə yaxın isə birdən-birə ayaqları tutuldu. Qadının gizli şəkəri olduğundan xəstəlik ən əvvəl zədələnmiş ayaq əzələlərini iflic etdi. Bütün gecəni Mədinəni qucağına alıb uşaq kimi otaqda gəzdirdi. Yalnız o, bircə anlıq yuxuya gedəndə növbətçi həkimi köməyə çağırdı. Həkim Mədinəyə qızdırmasalan iynələr vurduqdan sonra saturasiyasının aşırı aşağı düşdüyünü görüb otağa oksigen balonu gətizdirdi.
Mədinənin başının üstündən heç hara çəkilmirdi. Hər nəfəsini güdürdü. Bu, nə axmaq xəstəlik imiş. Dünənə qədər gözlərində həyat qaynayan top kimi sağlam qadın bircə günün içində ağır yataq xəstəsinə çevrilib xırıldaya-xırıldaya oksigen balonuna möhtac olmuşdu. Dinib-danışmırdı. Bütün günü boğula-boğula yatırdı. Ancaq hərdənbir gözlərini geniş açıb məəttəl-məəttəl otağın tavanında yağlı boya ilə çəkilmiş buludsuz, aydın göy üzünə baxırdı.
Özünü artıq unutmuşdu. Dərmanlarını da içmirdi. Fikri ancaq Mədinədəydi. Təki o, ayağa qalxsın. Arxasınca danışılanlar da onun üçün artıq əhəmiyyətini itirmişdi. Nə deyirlər qoy desinlər, danışsınlar. Təki Mədinə sağ qalsın, ölməsin. Hər gecə baş həkimin məsləhəti ilə Mədinənin kürəyini döyəcləyirdi ki, ciyərləri açılsın. Onu durmadan, dayanmadan danışdırıb həyata qaytarmaq istəyirdi. Faydasızdı. Mədinə özünə gəlmirdi. Əksinə, gündən-günə xəstəliyi daha da şiddətlənirdi. Artıq hər gecə qan qusurdu. Qadının bu hala düşməsində günahkar idi. Hotelə gəlmək təklifini də Mədinəyə o vermişdi. Görünür, Mədinənin canı onun canı qədər sağlam deyilmiş. Yoluxduğu ilk gündən qadının hərarəti qırxı keçmişdi və ciyərlərində buzlu şüşələr əmələ gəlmişdi. Baş həkim necə gün idi ki, Mədinənin ciyərlərinin altmış faizinin tutulduğunu və mütləq xəstəxanaya getməli olduğunu deyirdi. O, razı olmurdu. Xəstəxanaya getsə, Mədinə öləcəkdi. Bunu hiss edirdi.
Oksigen balonunun monitorunda dəfələrlə qadının saturasiyasının və nəbzinin sıfra düşdüyünü görmüşdü. Bununla belə, yenə də canı soyumaqda olan Mədinəyə dərmanlar içizdirməkdəydi. Sulu dərmanlar onun kip bağlanmış dodaqlarından artıq keçmirdi. Ağzından geri qayıdıb sinəsinə süzülürdü. Mədinənin yaşamadığını beyni ilə dərk etsə də, ürəyi ilə buna inanmırdı. Qadının daşa dönmüş ciyərlərini var gücüylə yumruqlayıb “buzlu şüşələri” sındırmağa çalışırdı. Həkimlər otağa girsəydilər, Mədinəni aparacaqdılar. Ona görə də heç birini otağa buraxmırdı. Qapının arxasından həkimlərə onun yaxşı olduğunu deyirdi. Artıq günlərin sayını da itirmişdi. Günlər onun üçün əhəmiyyətini itirmişdi. Nə fərqi vardı necə gündü burdadı. Bu gün neçənci gündür? Harda yaşayır? Kimdir? Neçənci ildir? Mədinəsiz bunların nə əhəmiyyəti var idi ki?
Və bir gün Allah elə bil səsini eşitdi. Mədinə bircə anlıq özünə gəlib tük basmış üzünü titrəyən barmaqları ilə sığalladıqdan sonra: – Görürsən birlikdə yaşamaq necə gözəldir! – pıçıldadı.
Qadının əllərini öpüb: – Biz daha heç zaman ayrılmayacağıq! – dedi.
Mədinə çətinliklə olsa da, çarpayıda dikəlib: – Həyatım boyu qıl kimi nazik körpüdən sağa-sola baxa-baxa keçməli oldum. Yolun sonunda məni nə gözləyəcəyini bilmirdim deyə qorxurdum. Əllərindən tutmaq istəyirdim. Hamı kimi, sən də əlini heç zaman mənə doğru uzatmadın! – dedi və taqəti olmadığından yenidən çarpayıya çökdü.
Bir müddət hər ikisi susdu.
Dizi üstə döşəməyə çöküb gözlərindən otağa nur daman Mədinənin alnından öpdü. Qadının alnı bumbuz idi. Əlinin istisi də əllərinin içində get-gedə soyuyurdu.
Qorxa-qorxa: – Mədinə! – qışqırdı.
Qadın cavab vermədi.
Səsi qırıla-qırıla bir dəfə də: – Mədinə! – çağırdı.
Mədinə ölmüşdü.
Amma yenə də gözəlliyi üstündəydi və geniş açılmış gözlərində bir zamanlar kiçik dəmir yolu stansiyasında “dərgaha yüksəlmiş” rus qarısının gözlərində olan xoşbəxtlik işığı vardı.
Hələ də əllərinin içində olan Mədinənin artıq soyumuş əlini öpüb sinəsi üstünə qoyduqdan sonra ayağa qalxıb yeyin addımlarla qapıya sarı getdi.
Əlini qapının dəstəyinə sarı uzadanda qulağına qağayı qışqırığına bənzər bir səs gəldi.
Çevrilib çarpayıya tərəf baxdı.
Mədinənin əli ona doğru uzanmışdı...
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
“Çıxardıb başından kəndin tacını...” – ƏDƏBİ TƏNQİD
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün tənqid saatıdır.
Qürbət MİRZƏZADƏ
Filologiya üzrə fəlsəfə doktoru
ADİLİYİN POEZİYASI VƏ YA POETİK DÜŞÜNCƏNİN BƏNZƏRSİZLİYİ
Keçən əsrin 70-ci illərində ədəbi yaradıcılığa başlayan Fərqanə (Fərqanə Habil qızı Mehdiyeva) 1964-c il fevral ayının 20-də Salyan rayonunun Ərəbqardaşbəyli kəndində dünyaya gəlib. Kənd orta məktəbində təhsilini başa vurduqdan sonra o, 1984-cü ildə Bakıda Əhməd Cavad adına Mədəni-Maarif Texnikumunun rejissorluq fakültəsinə qəbul olmuş, 1986-cı ildə buranın məzunu olaraq təhsilini tamamlamışdır. O, 1985-ci ildən “Aşıq Pəri” məclisinin üzvü idi.
Fərqanə Mehdiyeva 1986-1993-cü illərdə Salyan Mədəniyyət evində və Gədəbəy rayon uşaq kitabxanasında müdir vəzifəsində çalışmışdır. 1993-cü ildən Xətai rayonundakı 260 №li orta məktəbdə müəllim kimi pedaqoji fəaliyyət göstərmiş, 2021-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ali təhsilini başa vurmuşdur. Bundan sonra fəaliyyətini Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanlarında davam etdirmiş, əvvəlcə “Dünya” jurnalında ədəbi işçi (2002-2007), 2007-ci ildən ömrünün sonuna kimi isə “Ulduz” jurnalında poeziya şöbəsində redaktor və şöbə müdiri kimi çalışmışdır.
Ədəbi fəaliyyətinə görə Fərqanə Mehdiyeva “Həsən bəy Zərdabi” (2006), “Qızıl qələm” (2006), 2009-cu ildə isə Prezident təqaüdü ilə mükafatlandırılmışdır.
Mətbuatda şeirləri, nəşr olunan kitabları daha çox Fərqanə imzası ilə dərc olunmuşdur.
O, 2020-ci il may ayının 2-də uzun sürən xərçəng xəstəliyindən vəfat etmiş, may ayının 3-də Bakıxanov qəsəbə qəbiristanlığında dəfn olunmuşdur.
Bu qeydlər Fərqanə Mehdiyevanın bir qədər rəsmi tərcümeyi-halı barədə məlumat verir. Təbii ki, onun şair fərdiyyəti haqqında ən mükəmməl tərcümeyi-halı mətbuat səhifələrində vaxtilə işıq üzü görən şeirləri və bu nümunələrin yer aldığı bənzərsiz poetik axtarışlar kimi yadda qalan “Çəkdiklərim mənə bəsdir”, “Deyirlər şirindi dünya...”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq...”, “Hayana gedib anam”, “Gedirəm torpağı qucaqlamağa” adlı poetik toplularıdır.
Fərqanənin “Nənələr” adlı ilk mətbu şeiri 1977-ci ildə Salyan rayonunda çıxan “Qələbə” rayon qəzetində dərc olunmuşdur.
Qeyd etmək lazımdır ki, Fərqanə xanım poetik ruh və nəfəs etibarilə orijinal, heç kimə bənzəməyən, özünəməxsus fikir və düşüncə dünyası olan istedadlı bir şair idi. Onun xalq şeiri ilə modernist şeiri ortaq, ənənəvi forma biçimində təqdimi tamamilə yeni bir yaradıcılıq tapıntısı kimi qiymətləndirilə bilər. İlk baxışda bir-biri ilə heç bir oxşarlığı və bağlılığı olmayan şeir təmayülünü eyni məxrəcə gətirməsi də şairin istedadından, yaradıcılıq fitrətindən irəli gəlirdi.
O, hamının gördüyü, yaxından müşahidə etdiyi adi hadisələri: ailə-məişət, təsərrüfat məsələlərini, insani münasibətlərdə nəzərə çarpan dəyişmələri, cəmiyyətdə baş verən ziddiyyət və aşınmaları sadəcə sadalama yolu ilə getmir, ona işıqlı, duyğulu səmimiyyət qatır, buradakı gerçəkliyi poetik-fəlsəfi bir ovqatla poeziyanın sənət ecazına çevirməyə nail olurdu.
Ehtiyacı, məhrumiyyəti, sosial-mənəvi sıxıntını Fərqanə xanım çox böyük sənətkarlıqla poeziya faktına çevirir, onu hava, su və ruhi-duyğusal bir iksir kimi ehiyacların, sarsıntıların mənəvi təminatçısı olmaq qüdrətini oxucuya inandırmağa nail olur:
Birtəhər keçinim, eh... sabah yenə
Əllərim ehtiyac qulu olacaq, –
Qoy xörək əvəzi atım qazana,
Bilmirəm ya quru, sulu olacaq.
Mən düzüm sözləri vərəq süfrəmə,
Kim bilir, familli, adlı çıxacaq,
Ürək damarından yaranan şeirin
Çox güman tikəsi dadlı çıxacaq.
Bu bəndlər şairin “Ehtiyac” şeirindəndir və bu misralarda adi həyati ehtiyacları metaforalarla poeziyanın arsenalına çevirmə istedadını sübut etməyə elə bir ehtiyac da duyulmur. Diqqət yetirilərsə, burada bənzəyənlə bənzədilən arasındakı oxşarlığı, mütənasibliyi şair poetik tapıntı səviyyəsində təqdim edir, həqiqətən də, “vərəq süfrə”nin rəngi, forması arasındakı uyğunluğu ustalıqla tapıb üzə çıxarır. “Ehtiyac”dakı son poetik akkordlar, zənnimizcə, şairin obrazlı düşüncə tərzinin bənzərsizliyi, orijinallığı barədə əyani təsəvvür yaratmaq iqtidarındadır:
Məni qınamayın, ürək qanımla,
Sözü qızardacam soğan əvəzi.
Özgə yol tapmadım, üz tutdum hara,
Qonağım olarsız, ay mən kimilər,
Şeir bişirəcəm sabah nahara!
Onu da qeyd etmək lazımdır ki, belə bir poetik ovqat, adi həqiqətləri mənalandırmaq qabiliyyəti sonrakı yaradıcılıq axtarışlarında Fərqanə xanımın şeir dünyası üçün dəyişilməz, stabil bir keyfiyyət göstəricisinə çevrilir.
Fərqanənin şeirlərindəki lirik-emosional duyğunun mahiyyətində çox vaxt adi təəssüratlar yox, konkret predmet və anlayışlar dayanır. Belə bir təqdimat, şübhəsiz ki, onun poeziyasına özünəməxsus ifadə manerası gətirməklə yanaşı, insan, həyat və zaman haqqında mücərrədlikdən çox uzaq bir düşüncə assosiasiyası yarada bilir.
Etnoqrafik cizgilərin fonunda insanın keçirdiyi hiss və duyğuların eyni müstəviyə gətirilməsi baxımından Fərqanənin “Təndir” şeiri ən mükəmməl nümunə hesab oluna bilər. Çoxları ilk baxışda belə düşünə bilər ki, bu şeirdə təndir, onda bişirilən, çörəyin ətri, rayihəsi haqqında poetik söhbət açılacaq. Etiraf edək ki, çox vaxt şeirdə belə bir ənənəvi, dəfələrlə təsvirə gətirilən məqamlarla tez-tez rastlaşmaq olur. Bu da bir həqiqətdir ki, belə hallar oxucu üçün adi, informativ təəssüratdan da o yana gedə bilmir.
Fərqanə xanımın “Təndir”ində icra olunan hal və prosesin özü, onun başına pərvanə kimi dolanan ananın ruhu-mənəvi dünyası, obrazlı şəkildə deyilsə, təndirin ovqatı üstündə köklənir:
Təndirin tüstüsü çıxanda başdan,
Anam gözlərindən su çiləyibdi.
Küt gedən təndiri ovutmaq üçün
Ərkyana təndiri şillələyirdi.
Bu misralarda təndirə xas olan xüsusiyyətlərlə insan əhval-ruhiyyəsi çox incəliklə proyeksiya olunub. Fikir verin, kündənin ovudulması (əslində uşaq, bəzən də böyük ovudular), təndirin şillələnməsi çoxuna adi görünə bilən iş, icra prosesi kimi düşünülə bilər. Ancaq bu hamıya adi görünə biləcək mənzərəyə şair yeni məzmun, fəlsəfi ümumiləşdirmə gətirməyə nail olur, orijinal poetik mühakimələr irəli sürür.
Təndirin həsrətini, insan təmasından uzaq düşən görkəmini şair təsəvvür olunması mümkün olmayacaq bir sənətkarlıqla təsvirə gətirir və bu, sözün həqiqi mənasında ədəbi düşüncə üçün əsl tapıntı və poetik kəşf səviyyəsinə qaldırılır.
Doğma anası tək sevib təndiri,
Könlünə şipsirin ovqat olubdu.
Anam getməyəndə təndirə yaxın
Təndirin sinəsi çat-çat olubdu.
Tənqidçi Vaqif Yusiflinin belə bir yaradıcılıq məziyyətini obraz yaratmaq cəhdi kimi qiymətləndirməsində müəyyən həqiqət var: “Ümumiyyətlə, Fərqanə ən yaxşı şeirlərində obraz yaratmağa can atır və buna nail ola bilir. Vaxtilə mən onun “Təndir” şeirini xüsusi qeyd etmişdim və yazmışdım ki, Fərqanənin ən uğurlu şeiridir. Uğurunu onda görürdüm ki, Fərqanə elin müqəddəs od yeri-bərəkət yeri olan Təndiri poetik obraz səviyyəsinə qaldırmışdır. Təndirlə bağlı bizim poeziyada ilk dəfə ən gözəl şeirin yazıldığının şahidi olduq. Ancaq bu şeirin məziyyətini təkcə şairin Təndir obrazını mükəmməl yaratmasında axtarmaq doğru olmazdı. Şeirin bir uğuru da orada mükəmməl Ana obrazının yaradılmasıdır”.
Ana, ümumilikdə götürüləndə, Fərqanənin yaradıcılığından qırmızı xətt kimi keçən müqəddəs bir mövzudur. Bir şair kimi onun yaradıcılığında hər şey anadan başlayır, hər bir hadisəyə, təfərrüata, mətləb və xüsusatlara münasibət anasız ötüşmür, ana münasibətindən kənarda qalmır. Bu əvəzolunmaz varlığa hər müraciətdə şair anaya xas olan bir gözəgörünməz səciyyəvi keyfiyyəti kövrək notlar üstə oxucuya çatdırır. Şair bu obrazı ətə-qana gətirmək üçün müxtəlif ədəbi üsul və vasitələrdən yararlanmağın adekvat variant və versiyalarını yaradır. Bunun ana-ölad münasibətlərində, ananın kənddən şəhərə göndərdiyi sovqatda övladının taleyindən nigarançılığı yaradan səbəblərdə, şəhərdə məskunlaşmada, sevgi və ailə həyatının anadan uzaq düşməyə bais olmasında axtarılması şeirdə yeni hadisə deyil, ancaq Fərqanə xanım belə bir uzaq düşmənin və həsrətin səbəblərini son dərəcə təsirli və inandırıcı detallarla, obrazlı təfərrüatlarla təsvirə gətirir ki, oxucu belə hadisəni sankı heç kəsin ağlına gəlməyən yenilik kimi qavrayır. Təfərrüata varmadan deyə bilərik ki, belə bir dərin lirizmlə, psixoloji məqamların poetik mətndə yaratdığı ovqat sənətkar təxəyyülün cazibəsində culğalaşır, vəhdət halına gətirilir, oxucu qəlbini riqqətə gətirir, nəticə etibarilə ananın mükəmməl poetik obrazının yaradılmasına gətirib çıxarır.
Bu baxımdan “Təndir”in başına pərvanə kimi dolanan anadan gələn istilik, hərarət, doğmalaıq “Anama məktub”a çevrilir, “Anamın tayları köçür dünyadan...” da addım-addım yaxınlaşmaqda olan əbədi nisgilin, ayrılığın göz yaşaları içərisində xəbərini çatdırır.
“Anama” şeirində gözləri yollara dikilən ananın keçirdiyi hiss və həyəcanlar təsirli cizgilərlə yadda qalır. Şeirin səhlövhəsi altındakı ananın dilində səsləndirilən: ”Hər şənbə, bazar günləri gözlərim yolda qalır, deyirəm, bəlkə, uşaqlardan gələn oldu”.
Şeir belə başalayır:
Düşübdü borana, yağışa bilmir,
Özü öz içində haylanan anam.
Həyətə-bacaya sığışa bilmir
Hər bazar yollara boylanan anam.
Bəlkə, gələn oldu, – deyər özünə,
Xəlbiri fırlanır, ələyi gəlmir.
Günorta bişəni saxlar axşama,
Qazanı açmağa ürəyi gəlmir.
Övladları üçün kəndlə şəhər arasında məsafə qət eləyərək saçlarını yollarda ağardan ananın hər belə gəlişi nəvə-nəticələri üçün toy-bayrama çevrilsə də, bu gəliş-gedişin nəyin və nələrin hesabına başa gəlməsinin onlar fərqində deyil. Buna laqeydlik də demək olmaz.
“Anam şəhərə gedir” şeirində başdan-ayağa bu mətləblərdən söhbət açılır. Bu şeirdə kəndlə şəhər ayrı-ayrılıqda idealizə olunmur, biri o birindən üstün tutulmur, sadəcə olaraq, kənddən şəhərə gəlişin təəssüratları, qayğı və düşüncələri dilə gətirilir:
Çıxardıb başından kəndin tacını,
Ocaqda yan üstə qoyub sacını,
Amanat tapşırıb həyət-bacanı,
Anam şəhərə gedir.
Bu, kənd həyatının, kəndən şəhərə səfərə çıxan ananın hal və vəziyyətini, hiss və həyəcanlarını ifadə edən yaddaqalan bir poetik lövhədir, şair burada nənənin ətəyindən yapışan nəvələrin, həyətin-bacanın, toyuğun-cücənin, xoruzun, itin ana hənirindən, ana qayğısından uzaq düşməsindən dolayı yaranan nisgilini detalları ilə təsvir edir, oxucunu belə bir ovqatın yaşantıları ilə baş-başa qoyur:
Nəvələr yapışıb, savaşa baxın,
Sovqat yığımında yarışa baxın,
Sümsüyün sallayıb Alabaş, baxın,
Anam şəhərə gedir.
Müharibəyə – gedər-gəlməzə yollanan oğulların taleyinə yas tutan ananın sinəsini göynədən həsrət, əbədi ayrılıq “Qırmızı geyinə bilməyir anam” adlı şeirin əsas mövzusunu, ideya-bədii siqlətini qabarıq şəkildə nümayiş etdirir:
Həmişə başından aşır dərd-səri,
Bir sümük qalıbdı, bir də ki dəri,
Nə az, nə də ki çox – 41-dən bəri
Qırmızı geyinə bilməyir anam.
Şeirdə rəng effektindən sənətkarlıqla yararlanmaq, ondan istifadə yolu ilə əsas fikri, mənanı daha təsirli ifadə etmək bacarığı xüsusi olaraq nəzərə çarpmaqdadır:
Bir saçın ağ hörüb, bir qara qızlar
Anamın yaşıdı o qarı qızlar,
Görür ki, saralıb qara kağızlar,
Qırmızı geyinə bilməyir Anam.
Şeirin son bəndində ananın 41-dən qövr eləyən yarasının üstünə yeni bir yara vurulduğunu da şair dilə gətirir, xain, nankor qonşuların Qarabağ torpağına qanlı dişlərini qıcaması, əbədi-əzəli yurd yerlərinə göz dikməsi buna bir səbəb kimi göstərilir: “Bağrının başında yara dağ kimi, Dolanır boynuna qara bağ kimi, Neyləsin dərdi var Qarabağ kimi, Qırmızı geyinə bilməyir Anam. Məni də geyməyə qoymayır Anam...”
Fərqanənin ana ünvanlı şeirlərindən sonra ana Vətənə, ana torpağa sirayət edən bir mehr və sonsuz sevgi hisslərinin ifadəsi gəlir. Əvvəlcə Ana ilə Vətənin bir sim üstə köklənməsini əyani olaraq təsdiqləyən “Ana, bizə vətən gəlib” şeirindən başlamaq daha münasib görünür, çünki burada bölünən, parçalanan vətənin ağrı-acıları, nisgil və həsrəti gözləri yol çəkən ananın obrazı ilə üst-üstə düşür, qəribə bir assosiasiya yarada bilir. Cənublu şair Elsevənə ünvanlanan şeirdə belə həmahəng səslənən məqamlar bu baxımdan diqqəti çəkir:
Yollar, yoxuşlar sevinib,
Gələn gedib, gedən gəlib.
Bölünməyib neçə yerə,
Arzu, istəyi tən gəlib.
Qılınc alıb sıyırdığı,
Zalım fələyin saydığı,
Nə zülmlə ayırdığı
Gözlərimdən itən gəlib.
Gör nələrin sorağıdır,
Duruşa bax, həsrət dadır.
Qonaq Allah qonağıdır,
Ana, bizə Vətən gəlib!
Bəzən ictimai-siyasi, sosial ədalətsizlikdən bəhs edəndə də şair Vətənə müraciət edir, dərdini, əndişələrini bu ünvana üz tutmaqla ifadə edir:
Kimin dilini kəsirlər,
Kimi dindirirlər, Vətən.
Kimi yuxarı qaldırıb,
Kimi endirirlər, Vətən.
(“Qoymurlar düşəsən yola”)
Sevgi, ev-eşik, ailə qayğıları da Fərqanənin bir şair kimi sevə-sevə, tez-tez müraciət etdiyi mövzulardandır.
Müsahibələrinin birində ona ünvanlanan “Qadın şair üçün ailə sırada neçənci yerdə durur? sorğusuna cavabda maraq doğuran məqamlar var. Burada şair yaradıcılığı üçün səciyyəvi olan bu cəhəti belə izah edir: “Mənim üçün həmişə birinci yerdə olub. Çalışmışam ki, tərəzi heç vaxt əyilməsin. Danlanmışam da, xörəyim də yanıb, dəmim də qaynayıb, amma əziyyətlərə qatlanmışam. Bir də yaxşı şeir dinləniləndə oxucu dərhal düşünər ki, bu şair evdə, eşikdə övladına, ailəsinə necədir, görəsən? Çalışmışam ki, bu suallar qarşısında utanmayım.
Hərdən mənə elə gəlir ki, ailə ömürlük cəza kaloniyasıdır. Yaxşı mənada. Düzdür, bu türmənin yaxşı, pis yerləri də var. Mən türmənin yaxşı yerindəyəm”.
“Sevgi şeirləri yaza bilmirəm” adlı şeirdə Fərqanə yaza bildiyi mövzuların siyahısını təqdim edir, bu insani hiss və duyğuları dilə gətirməkdə çətinlik çəkdiyini səmimi şəkildə izhar edir:
Axırdan yazıram, başdan yazıram,
Torpaqdan yazıram, daşdan yazıram.
Ağacdan, budaqdan, quşdan yazıram,
Sevgi şeirləri yaza bilmirəm...
Şeirlə bölürəm bu tən dərdimi,
Vərəqlər üstündə bitən dərdimi.
Yazıram yurd-yuva, Vətən dərdimi,
Sevgi şeirləri yaza bilmirəm...
Ancaq “Bahar toyları” şeirində şair sevgidən, “torpağa, daşa çilənən təbəssüm”dən ilhamla, ehtirasla yazanda bizi bu həqiqətə inandıra bilmir və sevgi şeirləri ilə də hamını təəccübləndirə və heyrətləndirə bildiyini əyani olaraq nümayiş etdirir:
Təbəssüm çilənər torpağa, daşa,
Səadət günəşlə bölünər yarı,
Gələr ömrümüzə min sevinc ilə,
Gələr ömrümüzə bahar toyları.
Ürəyi uçunar qonşu qızların,
Cavanlar bəxtinə gözaltı edər.
Gələr ömrümüzə bahar toyları,
Ömrümüz, sən demə, bahardan betər.
“Ömür-gün yoldaşıma”, “Qadınlar, sıxmayın kişiləri siz”, “Mənzilin mübarək”, “Məni özünə bağla”, “Arabir vaxt tapanda”, “Demə cansız kağızdı”, “Baxışınla sığal çək”, “Payızın yanında gözlərsən məni”, “Dərdindən öləcəyəm...”, “Sevgimə güllələnmə düşür...”, “Mən sənə darıxmaq öyrədəcəyəm” kimi tam sadalamadığımız nümunələr şairin bu qəbildən olan şeirlərindəndir.
Fərqanə xanımın yaradıcılığında epik nümunələrə təsadüf olunmur. Bunu onun yaradıcılığı üçün kəm-kəsir hesab etmək də doğru olmaz. Əslində, onun ayrı-ayrı şeirlərindəki təsvirə gətirilən lövhələr, bitkin süjet xətli poetik örnəklər bütöv bir epik növün mənzərəsini tamamlamaq gücündədir.
Azərbaycan Yazıçılar Birliyinin və “Ulduz” jurnalının birgə layihəsi seriyasından “Gedirəm torpağı qucaqlamağa” adlı seçmə şeirlərdən ibarət kitabın, itkisini ürək ağrısı ilə dilə gətirən şeirlərdən, yaradıcılığını təhlil edən məqalələrdən, sağlığında işıq üzü görən kitabları haqqında yazılan rəylərdən, onunla aparılan sorğu və müsahibələrdən, vəfatı münasibətilə yazılan elegiyalardan, haqqında qələmə alınan xatirələrdən ibarət 415 səhifəlik “Mən sizə darıxmaq öyrədəcəyəm” toplusunun nəşri, tələbələri və yetirmələri tərəfindən təsis olunan “Fərqanə ədəbi məclisi” “Siz məni qoymayın şair olmağa”- deyən istedadlı şairin ədəbi aləmdə var olmaq, yaşamaq statusunu təsdiq edir.
Fərqanə xanımın “Şairin yaşı olmur” adlı şeirində şair taleyi barədə düşüncələrini belə ifadə edir:
Bu gedimli dünyada,
Ölsə də diri olur.
Ötüb keçən hər günü
“Aprelin 1-i olur
Şairin yaşı olmur”.
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
Devid Şvarts təlimi – Heç vaxt «Mənim başım yaxşı işləmir» deməyin
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əyləclər avtomobilin sürətini azaltmaq və tam dayandırmaq üçündür. Heç fərqinə varmısınız ki, insanın beyninin də əyləcləri var? Bəzi frazalar var ki, insan beynini əsilcə tormozlayır. Bunları mən gündəlik həyatda həmişə hiss eləyirdim. Müvəffəqiyyətə, uğura köklənmiş fəaliyyətimizi bədbin hisslərin, düşüncələrin necə tormozladığının həmişə şahidi olmuşdum.
Bədbinlik və qətiyyətsizlik adlı nəsnələrin gətirdikləri fəsad çox böyükdür.
Devid Şvartsın «Masştablı düşünmək sənəti» kitabını oxudum və müəllifin «Beynin işini bloklayan 4 təhlükəli fraza» ümumiləşməsi ilə tanış oldum.
Beyni bloklayan bir neçə fraza var. Onlar, necə deyərlər, insanın əlini-qolunu yanına salır, beyni fəaliyyətsizliyə kodlaşdırırlar, deyirlər, daha düşünməyinə, həllər axtarmağına ehtiyac yoxdur. Qəribədir ki, insan tez-tez belə frazalardan istifadə edir, amma heç düşünmür də ki, bu necə təhlükəlidir.
Bəli, neyropsixoloqlar həyəcan təbili çalaraq insanları bu adətdən kənarlaşmağa çağırırlar.
1.
Devid Şvartsın diqqət yönəltdiyi belə məhvedici frazalardan biri budur: «Mənim heç vaxt bəxtim gətirmir». İş ondadır ki, bəxti gətirmək, əslində təsadüfi bir şey deyil. Hər hansı bəxtigətirməyə diqqətlə baxsaq, görərik ki, onun içində hazırlıq, planlaşdırma, düşüncənin müəyyən obrazı vardır ki, insanı uğura məhz bunlar gətirir. Ona görə də, özünüzdə qələbə üçün lazım olan xüsusiyyətlər formalaşdırın, özünüzü qalib kimi aparın, tezliklə mütləq sizin də bəxtiniz gətirəcək.
2.
Başqa bir fraza budur: «Mənim sağlamlığım zəifdir». Yadda saxlayın ki, mütləq sağlam adam yoxdur. Devid Şvartsa görə, iş onda deyil ki, insanın nə qədər gücü var. İş ondadır ki, insan gücündən necə istifadə edir. Və müəllif maraqlı bir nümunə gətirir: Qolf oyununda böyük uğurlar qazanan tək əlli insandan bəhs edir, deyir, bir əl üstəgəl düzgün münasibət iki əl üstəgəl yanlış münasibətdən daha üstündür.
Əgər sizdə sağlamlığınızın olduqca zəif olması anlamı varsa, əvvəlcə öz emosiyalarınızı idarə etməyi öyrənin. Doktor Şindler özünün «İlin 365 gününü necə yaşayaq» adlı kitabında boş yerə yazmır ki: «Bu gün xəstəxana yataqlarının dördündən üçündəkilər emosiyalardan doğan xəstəliklərin qurbanlarıdır».
3.
Devid Şvartsın təhlükəli sandığı növbəti fraza «Mənim başım yaxşı işləmir» frazasıdır.
Əgər siz özünüzü kifayət qədər ağıllı hesab etmirsinizsə, məlumunuz olsun ki düşüncə tərzi İQ göstəricisindən daha önəmlidir (İQ göstəricisi – testlərlə müəyyənləşdirilən intellekt əmsalıdır). Daha dəqiq desək, intellektin səviyyəsi yox, ondan bizim necə istifadə etməyimiz daha vacibdir. Ən müxtəlif, hətta ən dolaşıq məsələ üzərində qətiyyətlə, ciddiyyətlə, yorulmadan düşünmək böyük potensiallı, ancaq tənbəl beyinə malik olmaqdan xeyli qiymətlidir.
Hər hansı bir həll olunası məsələ qarşınıza çıxarsa, ilk öncə düşünün: Sizin hansı yüksək xüsusiyyətləriniz onu həll etməyə kömək edər. Vasitə tapmaq həmişə mümkündür. Və hər kəsdə də bu vasitə müxtəlif olacaq. Özünüzə etibar edin, dünyaya pozitiv baxmağa çalışın. Qızıl şərtə əməl edin: Müvəffəqiyyət 90% psixoloji əhvaldan asılıdır.
Və ən nəhayət, Devid Şvartsın göstərdiyi insan beynini tormozlayan dördüncü fraza budur: «Mən çox qocayam (yaxud, gəncəm)».
Hər yaşda insan öz uğursuzluğunu yaşının üstünə atmağa çalışır, bu, insan xislətindən əmələ gələn bir şeydir. Amma nəzərə almaq lazımdır ki, dünyada bir çox uğurlu əhvalatlar insanların ahıl dövrünə təsadüf edib. Məsələn, məşhur Amerika rəssamı Anna Meri Robertson Morez 70 yaşında rəsm çəkməyə başlayıb. Həyat yoldaşı dünyasını dəyişəndən sonra başını rəsm çəkməklə qatan bu xanımın 10 ildən sonra ilk fərdi sərgisi olub. 90 yaşının tamam olduğu ildə isə yalnız 70 yaşında rəssamlıq karyerasına başlayan xanım o qədər pul qazanıb ki, bu, bütün buna qədərki 89 il ərzində qazandığının cəmindən artıq olub.
Şvarts məsləhət görür ki, əgər siz öz yaşınızı hansısa bir işi görmək üçün uyğun olmayan hesab edirsinizsə, yaxşısı budur qarşıda nə qədər məhsuldar ilinizin qaldığını hesablayasınız. 50 yaşlı adamın özünü bitmiş hesab etməsi yanlışlıqdır, axı onu hələ 40% məhsuldar həyat gözləyir.
Unutmayın – sevimli işlə məşğul olmaq heç zaman gec deyil.
Mən gündəlik elanlara diqqət edəndə nəyi müşahidə edirəm? Fərq eləməz, bu qəzet, yaxud küçə elanları olsun, işverənin tələbləri işaxtaranlardan adətən belə olur: «40 yaşadək», «50 yaşdan yuxarı olmayan» və s.
Mən həmişə belə elanlarla rastlaşanda içimdə bir razılaşmamaq fırtınasının qopmasını hiss etmişəm. Əziz iş verən, niyə 40 yaşadək olmalıdır işə götürdüyün adam? Zəmanət hardadır ki, 39 yaşlı insan 41 yaşlı insandan daha çox fayda gətirə bilər?
Ona görə də Devid Şvartsın insan beynini bloklayan frazalarından söhbət açdıqdan sonra mütləq bu iradımı da çatdırdım. Bu cür işə yanaşma müəssisə rəhbərinin həm uğur qazana biləcək bir insanın qarşısında sədd çəkib onu uğurundan məhrum etməsidir, həm də özünün fəaliyyətini hər hansı istedadlı, işgüzar, fayda gətirəcək bir şəxsdən istifadədən məhrum etməsidir.
Beləliklə, bu hissəni oxuduqdan sonra, əziz oxucum, siz əmin oldunuz ki, müsbət düşünmək, bədbin fikirləri başınızdan qovmaq, pozitiv olmaq son dərəcə vacibdir. Bu şərtlər əsasında uğura yolunuz da yaxınlaşacaq.
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
Şəhidlər barədə şeirlər – SAMİR PAŞAYEV
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Samir Paşayevə həsr edilmiş şeirlə tanış olacaqsınız.
SAMİR ADIŞİRİN OĞLU PAŞAYEV
(07.10.1999.-29.09.2020.)
Bakı şəhərində doğulmuş, Əslən Şəkinin Böyük Dəhnə kəndindən olan, Bakıdakı 100 nömrəli orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
Şəhid olduğu yer: Suqovuşan
Dəfn yeri: Binəqədi
SAMİR
Uşaqlıqdan bilirdi Vətən nə, torpaq nədi?
İyirmi il yaşadı, ölməz qəhrəman oldu.
Anası öyrətmişdi, namus nə, bayraq nədi?
Vətənin dərdlərinə şəfalı dərman oldu.
Əslən Böyük Dəhnədən, Bakıda doğulmuşdu,
Deyirdi, Qarabağı biz azad edəcəyik,
Mayası halallıqla, düzlüklə yoğrulmuşdu,
İnanırdı, Şuşaya qalibtək gedəcəyik.
Hər bir fənni sevirdi, qiymətləri beş idi,
Yüz nömrəli məktəbin şagirdiydi-əlaçı.
Onunla söhbət etmək, ülfət qılmaq xoş idi,
Bilikdir min bir dərdin, min mərəzin əlacı.
Yorulmadan, həvəslə oxuyub çalışırdı,
Komputer mühəndisi olacağam, deyirdi.
Sinif yoldaşlarıyla inamla yarışırdı,
Afərin, yüksək balla ali məktəbə girdi.
Ali məktəbi Samir başa vuran zamanı,
Söylədi, verməliyəm daha bir imtahanı,
Bu imtahan müqəddəs bir borcdur yurdumuza,
Gedirəm xidmət edim mən milli ordumuza.
Ana oğlanlarını yola saldı sahmanla.
Onlar yurdun sahibi, xan Oğuz türküdürlər.
Getdilər əsgərliyə qardaşı Asimanla,
Əsgərlikdə qardaşlar daha da bərkidilər,
Məqam çatdı, müqəddəs torpaqların xilası,
Samirgilin dəstəsi öndədir, döyüşdədir,
Hər əsgər bu diyarın bir yenilməz qalası.
Ölümlə həyat indi üzbəüz görüşdədir.
İgidlər şirə dönüb düşmənləri qırırlar,
Qələbə heç bir zaman asan gəlməyir başa.
Avtomatla yağını necə sərrast vururlar,
Geri dönə bilməzsən girmisənsə savaşa.
Suqovuşan uğrunda dava oldu çox çətin,
Yaralandı, durmadı, yenə də döyüşdü o,
Hamı gördü Samirin hünərin, cəsarətin.
Şəhid qardaşlarıyla cənnətdə görüşdü o.
Samir, adın yazılıb ölməzlər cərgəsində,
Hünərindən nə qədər söhbət açsaq da azdı.
Əbədiyaşarsan sən qaliblər ölkəsində,
Samirlər olmasaydı şanlı zəfər olmazdı.
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
“Mənə ümid vermə sədəqə kimi” - Xuraman Hüseynin şeirləri
Ağ sap
İlk dəfə
qara köynəyinin düyməsinin
ağ sapla tikilməyindən bildim
evinin
qadın əllərindən ötrü darıxdığını.
Sonra mənə hədiyyə etdiyin kitabların tozu
və
saralmış vərəqlərdəki tənhalıq qoxusu
anlatdı həyatını.
Ürəyim sənindi, bilirəm.
Saçlarım, gözlərim, ruhum...
Amma daha çox
əllərimin sənin olmasını istəyirəm.
Saçını tumarlayar,
süfrə bəzəyər sənə
əllərim.
Bir də
qara köynəyinə
qara,
ağ köynəyinə ağ sapla tikər düymələri...
Əllərin
Hər dəfə
əllərin toxunduqca yanaqlarıma
sildikcə göz yaşımı
utandım onlara əzab verməkdən.
Təbəssümün düşməni kədər imiş-
gündüzdən qorxan yarasa kimi gizlənər o
gülümsəsən,
günəş doğsa qəlbində...
Gülə bilsən,
silahın qəhqəhələr olsa
əliyalın düşmən kimi geri çəkilər
kədər.
Gülüşüm gözlərimə qayıtdı
qaranquş öz yuvasına qayıdan kimi.
əllərin unutsun göz yaşımı
sərçələr qürbət elləri unudan kimi.
O yol
Bu yolun başlanğıcı
o yolun bitdiyi yerdi.
O yol mənim gəldiyim,
sənin getdiyin yerdi.
Biz o yolda görüşməliydik.
Mən gəldim,
sən getmədin.
Orda bir yol yoruldu
səni gözləməkdən,
məni gözlətməkdən.
***
Susuz səhrada çiçək açdı,
xarabalıqda bülbül oxudu,
bir yetimin saçına
bir əl sığal çəkdi.
Elə təkdim,
sən gəldin...
Meh əssə
Həmişə məni aldatdı ümidim,
daha ona inanmaq
Istəmirəm.
Ondan əlimi üzmüşəm artıq.
İndi ipdən asılı qalıb ümidim,
bir az meh əssə qopub düşəcək.
Hava haqqında məlumatda isə
xəzri əsəcəyi deyilir.
Qayıdasan deyə...
Bundan sonra
daş basacam bağrıma,
daha ürəyimi ovxalanıb
sən gedən yolların
tozuna dönməyə qoymayacam.
Göz yaşlarım
unudacaq səni,
göynətməyəcək yanaqlarımı.
Kədərdən ağlayan
gözlərimi sildim.
Yorğun gözlərim
sevincdən ağlasın,
etdiyim bir damla yaxşılıq
su kimi də çıxsın qarşıma,
arxanca atım,-dedim.
Xəyanət yolu
toz olsun, duman olsun,
ayaq izlərin dağ çəkməsin
o yolun bağrına.
İçməyə bir qurtum
suyum qalsa da
onu atacam sənin arxanca.
Dağlar aşacam,
dərələr keçəcəm,
çöllərdəki, çəmənlərdəki
çiçəklərə deyəcəm
içdikləri bulaq suyundan
mənə də versinlər
arxanca atım.
Sevgimi saxta sevgilərə
dəyişdiyin zaman
sevən ürəyimin döyüntüsü
oyadacaq səni.
Xəyanətə gedən yolda
azmağın üçün
su atacam arxanca
bulaq suyu.
Getdiyin yerdən
getdiyin kimi də
qayıdasan deyə...
Sədəqə kimi
Hər sevən dünyanı cənnət sanırsa,
Sevgi çiçəyini dərməyi öyrən.
Pərvanə şam üçün odda yanırsa
Özünü gözümdə görməyi öyrən.
Bəlkə sevgi deyil, bu bir xəyaldı,
Xəyallar qoynunda bəsləyir məni.
Qəlbini dindirmə, bilirəm, laldı,
O da baxışıyla səsləyir məni.
Yenə öz-özümlə qalım baş-başa,
Yenə həmdərd bilim, kədəri, qəmi.
Get öz taleyini özünçün yaşa,
Mənə ümid vermə sədəqə kimi.
***
Gözlərimi yığ yollardan,
səp buludlara.
Sən gələndə
toz olmasın.
Sabahım
Çək əlini əllərimdən get daha
Əllərimi mən də çəkim əlindən.
Ümid etmə açılmayan sabaha,
Sonra da nə mən ağlayım, nə də sən...
Hər sabahım bir gecədə boğulur,
Hər tərəfi yara yeri, qan yeri.
Günəşi də qan içində doğulur
Yarasından boy göstərir dan yeri.
Yenə günüm göy əskiyə bükülür,
Şimşək mənim ürəyimdə çaxacaq.
Gözlərimdən sevinc göyə çəkilir,
Yaralansam, göydən duz da yağacaq.
Ölü doğub sabahımı göy üzü
Tanrı “qara kağız”a da bəxt yazır.
Qara geyib yas saxlayır göy özü,
Yeriyirəm, yeridiyim yol azır...
Həsrət yağışı
Sevmək belə asanmı? Necə ayrıldın məndən?
Qaldı göz yaddaşımda sənin o lal baxışın.
Sevgini soruşummu indi çöldən, çəməndən,
Yanan qəlbə su səpir yenə həsrət yağışı.
Tənhalığın önündə boynum yenə büküldü,
Əzaba, iztiraba yenə də möhtac oldum.
Sevinən ürəyimdən sevinc göyə çəkildi,
Susuz qalan çiçəktək artıq saraldım, soldum.
Həsrət yağışı döyür pəncərəmi bu axşam,
Ayrılıq əzabını saf sevgiyə bağışla.
Selə dönür göz yaşım, yenə sənsiz qalmışam,
Mənim də gözlərimin payı var bu yağışda.
***
Dünyanın
dörd yol ayrıcındayam.
Bütün yollar ürəyinə aparır...
Hara gedim?
Sevgi çiçəyi
Yenə günəş sönür, hava qaralır,
Ulduzlar duz kimi səpilir göyə.
Günəşin yerini yenə ay alır,
Həyat qara günü görməsin deyə.
Ana təbiət də gedir yuxuya,
Yumulur sarmaşıq göz qapağıtək.
Həyat möhtac olur ulduza, aya,
Könül nur içində yaşasın gərək.
Qonur ürəklərə eşq kəpənəyi,
Heç vaxt görünməsin həsrətin yeri.
Açsın könüllərdə sevgi çiçəyi,
Ətri bihuş etsin daş ürəkləri.
Təsəlli
“Gedənin arxasınca danışmazlar”,-deyiblər,
Danışıram özümlə. Soruşuram: ”Bilmədin,
niyə tərk etdi səni? İllərin getdi hədər”.
Demə: “Elə ağladın, gülənlə də gülmədin.”
Ağladım e, nə olsun, qədrimi kim bildi ki?
Gedən qayıtmaz oldu, gələn yolunu azdı.
Elə bildim gələcək, hara gəlir, gəldi ki?
Qismətimə fələklər belə bir yazı yazdı.
İnan, elə yoruldum, getsin yolun soluyla,
Bəlkə səndən ayrılıb arzuya, kama çatdı.
Daha sil göz yaşını, qoy getsin, öz yoluyla,
Yenə üzmə qəlbimi, bir də gördün, qayıtdı.
Pəncərəm
Pəncərəm günah iş görür.
külək gəlir otağıma,
tumarlayır jalüzləri.
Heç belə görməmişdim mən
ehtiraslı gecələri,
üzüyola gündüzləri
Sevgi yatır pəncərəmdə,
gecə düşəndə yumulur
güllərin ləçək gözləri.
Gecə ay ulduzlar ilə
nur saçmağından danışır,
nağıla dönür sözləri.
Açır günəş düyməsini -
göyün yaxasında qalır
buludların əl izləri...
Bir ovuc arpa
Anasının qoynuna sığınan körpə kimi
buludların arxasına sığınıb ay.
Otağımda sükut var
sanki səssizliklə boyanıb divarlar
hərdənbir səslər qopur gecənin bağrından,
uzaqlardan gəlir gecəyə keşik çəkən
itlərin səsi...
Göy üzünə dən kimi səpilib
ulduzlar.
Bir azdan gecənin bağrı yarılacaq
bir ovuc arpa kimi dağılacaq
yuxusu gecələrin.
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
Bəs necə oldu ki, o, günü-gündən gözəlləşən bu işıqlı dünyadan əl çəkdi?! - MÜŞFİQİN DOĞUM GÜNÜNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Günlərim aхışır bir uyqu кimi,
Dərədən dərəyə aхan su кimi,
Dilbərim hərcayi bir ahu кimi
Hicran dağlarını aşarmı, söylə?
Sənsiz nə zövqü var bağın-baharın?
Açan çiçəкlərin, uçan quşların?
Sənsiz cənnət olsa кainat yarın,
Hеç mənim ruhumu oхşarmı söylə?
Səninlə bağlayıb mən əhdi-pеyman,
Dеdim qismətimiz olmasın hicran.
Müşfiq quş olsa da, görəsən bir an
Səndən uzaqlara uçarmı, söylə?
Araşdırmalar zamanı Ayna Sultanovanın xatirələrində rast gəlinmiş bir qeyddə yazıldığına görə Mikayıl Müşfiq həbs olunmamışdan 2-3 ay öncə Ayna Sultanova şairi yanına çağırıb deyir ki: "Biz artıq Hüseyn Cavidi itiririk, onu həbs edəcəklər. Sən, Cavidin əleyhinə bir neçə yazı yazsan, səni represiyadan qurtara bilərik." Mikayıl Müşfiq isə Ayna Sultanovanın bu təklifinə belə bir cavab verir:
"Mənim sağ əlim Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram." Hətta bu hadisədən sonra Ayna Sultanova hönkür-hönkür ağlayıbmış.
Ölüm forması haqqındakı məlumatlar ziddiyyətli olsa da, ( mənbələrə görə o, güllələnərək dənizə atılıb, lakin, bəraətindən sonra ailəsinə verilən ölüm kağızına görə isə o, sürgündə, həbs düşərgəsində vəfat edib.) onun ölüm səbəbi dəqiqdir, Stalin represiyası.
“Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?” misralarını qələmə alacaq qədər həyat eşqi ilə yaşayan gənc bir şair necə oldu əl çəkdi bəs bu işıqlı dünyadan?!
Deməkki bəzi şeylər var ki, onlar həyat eşqinin, can şirinliyinin belə fövqündə dayanır. İman kimi, inam kimi, vətən kimi, vicdan kimi, əqidə kimi. Necə ki, Müşfiq öz əqidəsindən sona kimi dönmədi.
Bu gün represiya qurbanı, gənc yaşda dünyadan nakam köçən şairimiz yeni Azərbayan şeirinin öncülüllərindən sayılan Mikayıl Müşfiqin doğum günüdür.
Bu gün yenə Xəzər güllərə bələnəcək, axı Xəzər həm də Müşfiqin rəmzi məzarı sayılır.
Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya gəlib. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Körpə ikən anasını, altı yaşında isə atasını itirən şair nənəsinin himayəsində böyüyüb.
1915-1920-ci illərdə Rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.
Mikayıl Müşfiqin ilk mətbu əsəri 1926-cı ildə "Gənc işçi” qəzetində
dərc olunan "Bu gün” şeiri olub. “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib.
1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub.
1957-ci ildən başlayaraq əsərləri “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında çap edilib.
Tərcümə ilə də məşğul olan şair A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.
Stalin represiyasının qurbanı olan gənc şair 1937-ci il iyun ayının 4-də evində həbs edilərək, əksinqilabçı milli təşkilatın üzvü, sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlıqdan xəbərdar olmaqla ittiham edilib və mənbələrə görə 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib.
1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən Mikayıl Əbdülqədir oğlu İsmayılzadəyə bəraət verilib.
Şairin həyat yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri isə 2005-ci ildə işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
“A-Hub Akselerasiya Proqramı”nın 2023-cü il dünya finalının qalibləri mükafatlandırılıb
Xəbər verdiyimiz kimi, “Rəqəmsal yaradıcı həftəsonu” (Digital Creative Weekend) layihəsi çərçivəsində iyunun 2-də Mədəniyyət Nazirliyinin dəstəyi, ICESCO və “New Space Open Innovation”un əməkdaşlığı ilə Bakı Kristal Zalında (“Baku Crystal Hall”) “A-Hub Akselerasiya Proqramı”nın 2023-cü il üzrə dünya finalı təşkil edilmişdi.
İyunun 3-də Şuşa Hotel-Konqres Mərkəzində proqramın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə iatinadən xəbər verir ki, dünya finalında 11 ölkədən (Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali, Sudan) 30-dan çox innovativ komanda iştirak edib. Bu innovatorlar öz ideyalarını nümayiş etdirərək 30 min ABŞ dolları pul mükafatı uğrunda yarışıblar.
Yekun nəticələrə əsasən, "Snack Pack" (Azərbaycan) komandası I, "ReSkill"(Tacikistan) komandası II, "Biopols" (Türkiyə) komandası III, "Caredify" (Tunis) komandası isə IV yeri qazanıb. Qaliblər müvafiq olaraq 10, 8, 6, 6 min ABŞ dolları pul mükafatına layiq görülüblər.
Sonda ailə fotosu çəkdirilib.
Xatırladaq ki, "A-Hub Akselerator"u, ICESCO və "New Space Open Innovation"un əməkdaşlığı ilə həyata keçirilən, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmış bir təşəbbüsdür. Akselerator proqramı yaradıcı və texnoloji startapları dəstəkləyərək, onların ideyalarını reallaşdırmaq üçün lazım olan resursları və mentorluğu təmin edir. 2021-ci ildə pilot layihə kimi başlayan proqram hazırda 20 ölkədə fəaliyyət göstərir və daha da genişlənməkdədir.
“Ədəbiyyat və incəsənət”
(04.06.2024)
Nizami Gəncəvinin “Xəmsə”si türk dilində nəşr olunacaq
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin dünyada tədqiqi və təbliğini həyata keçirmək məqsədilə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi dahi şairin “Xəmsə”sinə daxil olan bütün əsərlərin orijinaldan türk dilinə tərcüməsi və nəşri layihəsinə start verib.
AzərTAC xəbər verir ki, Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün əsərlərin türk dilinə tərcüməsi məqsədilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Ərzurum Atatürk Universiteti Fars Dili və Ədəbiyyatı bölümünün müdiri, professor, tərcüməçi Nimet Yıldırım arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Xəmsə”yə daxil olan “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” və “Yeddi gözəl” əsərləri ilk dəfə türk dilinə tərcümə edilərək nəşr olunacaq.
Qeyd edək ki, tərcüməçi Nimet Yıldırım “İskəndərnamə” əsərinin əvvəlki illərdə tərcüməsini həyata keçirmiş və əsər 2022-ci ildə türkcə nəşr olunub.
Azərbaycan Mədəniyyət Mərkəzi Nizami Gəncəvi əsərlərinə Türkiyədə türk dilində böyük tələbatın olduğunu nəzərə alaraq, “İskəndərnamə” əsərinin də “Xəmsə”yə daxil edilərək yeni buraxılışda nəşrini planlaşdırır.
İmzalanma mərasimində Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dövlətinin Nizami Gəncəvi irsinin tədqiqi və təbliğinə daim mühüm önəm verdiyini qeyd edərək, 2021-ci ildə dahi şair və mütəfəkkirin 880 illiyi münasibətilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini xatırladıb.
Tərcüməçi-alim Nimet Yıldırım dahi Azərbaycan şairi, bəşər ədəbiyyatının zirvəsi sayılan Nizami Gəncəvinin “Xəmsə”nin orijinaldan türk dilinə tərcüməsi layihəsinə sahib çıxdığı üçün Azərbaycan dövlətinə, dövlət başçısı İlham Əliyevə öz təşəkkürünü bildirib. O, Türk dünyasının qüruru olan Nizami Gəncəvi əsərlərinin çox az sayda türk dilinə tərcümə edildiyini və bu səbəbdən dünyaşöhrətli şairin qardaş ölkədə geniş tanıdılması və təbliğinə ciddi ehtiyac olduğunu qeyd edib.
Nimet Yıldırım Nizami Gəncəvi əsərlərinin tərcüməsinin həyata keçirməyin olduqca çətin, şərəfli və məsuliyyətli iş olduğunu qeyd edərək, bu təkrarsız layihəyə imza atdığına görə özünü xoşbəxt saydığını qeyd edib.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Gəncəvinin “Xəmsə”si dünyanın müxtəlif dillərinə tərcüməsi həyata keçirilir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Xalq şairi Camal Kamal “Xəmsə”ni 2015-2020-ci illərdə orijinaldan özbək dilinə tərcümə etmiş və xüsusi nəşrlə buraxılib. Bundan başqa, nazirliyin layihəsi ilə 2021-2023-cü illərdə Misirli professor Abdelaziz Mostafa Mohamed Bakuşi Nizami Gəncəvinin “Xəmsə”sini ərəb dilinə tərcüməsini həyata keçirmiş və yaxın günlərdə sözügedən nəşrin də çapı nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(04.06.2024)
Gənclər Kitabxanası “Xalq şairi Vaqif Səmədoğlu - 85” adlı məlumat bazası yaradıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası dramaturq, ictimai xadim, Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlayıb.
Kitabxanadan “Ədəbiyyat və incəsənət” portallna verilən məlumata görə, məlumat bazasında görkəmli ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilərək, əsərlərindən nümunələr təqdim olunub. Həmçinin Vaqif Səmədoğlunun yubileyi ilə bağlı rəsmi sənədlər, görkəmli şəxsiyyətlərin onun haqqında söylədikləri dəyərli fikirlər, onunla bağlı xatirələr və ədibin memuarları da yer alıb. Elektron bazada böyük dramaturqun əsərləri, həyat və yaradıcılığı haqqında kitablar, məqalələr, ədibin sözlərinə yazılan mahnılar və haqqında çəkilən filmlərdən də bəhs edilib. Burada “Təltiflər”, “Vaqif Səmədoğlu medalı”, “İzomateriallar”, “Video və foto qalereya” kimi bölmələr də yer alıb.
Məlumat bazası ilə kitabxananın rəsmi saytından tanış olmaq mümkündür.
“Ədəbiyyat və incəsənət”
(04.06.2024)
Astarada maraqlı ədəbiyyat tədbiri keçirilib
Dünən - iyunun 3-də AYB Lənkəran Bölməsi nin təşkilati dəstəyi və Astara Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Mərkəzdə şair Qorxmaz Kadusi ilə görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına AYB Lənkəran Bölməsindən verilən məlumata görə, görüşdə Mərkəzin əməkdaşları, məktəblilər, müəllimlər, ziyalılar, bölgə yazarları iştirak ediblər.
Mərkəz əməkdaşlarının rəhbərliyi ilə şagirdlər tərəfindən hazırlanan geniş ədəbi bədii kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Mərkəzin direktoru Şəmsiyyə Mirzəyeva tərəfindən tədbirdə iştirak edən yazarlara: səbəbkar şair Qorxmaz Kadusiyə, yazıçı dramaturq Qafar Cəfərliyə, LDU-nun dossenti Leyla Məcidovaya, şair Nəriman Azəriyə, şair Ziya Dilsuza, şahmatçı, ədəbiyyat bilicisi İdrak Dadaşova Fəxri Fərman təqdim edilib.
Sonda şair Qorxmaz Kadusi tədbirə görə Mərkəzin rəhbərliyinə və əməkdaşlarına, şagirdlərə təşəkkür edib, kitablarını Mərkəzə hədiyyə edib və şeirlərindən nümunələr söyləyub.
Tədbir şirniyyat masası ətrafında maraqlı söhbətlə davam etdirilib.
“Ədəbiyyat və incəsənət”
(04.06.2024)