Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin dünyada tədqiqi və təbliğini həyata keçirmək məqsədilə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi dahi şairin “Xəmsə”sinə daxil olan bütün əsərlərin orijinaldan türk dilinə tərcüməsi və nəşri layihəsinə start verib.
AzərTAC xəbər verir ki, Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün əsərlərin türk dilinə tərcüməsi məqsədilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Ərzurum Atatürk Universiteti Fars Dili və Ədəbiyyatı bölümünün müdiri, professor, tərcüməçi Nimet Yıldırım arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Xəmsə”yə daxil olan “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” və “Yeddi gözəl” əsərləri ilk dəfə türk dilinə tərcümə edilərək nəşr olunacaq.
Qeyd edək ki, tərcüməçi Nimet Yıldırım “İskəndərnamə” əsərinin əvvəlki illərdə tərcüməsini həyata keçirmiş və əsər 2022-ci ildə türkcə nəşr olunub.
Azərbaycan Mədəniyyət Mərkəzi Nizami Gəncəvi əsərlərinə Türkiyədə türk dilində böyük tələbatın olduğunu nəzərə alaraq, “İskəndərnamə” əsərinin də “Xəmsə”yə daxil edilərək yeni buraxılışda nəşrini planlaşdırır.
İmzalanma mərasimində Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dövlətinin Nizami Gəncəvi irsinin tədqiqi və təbliğinə daim mühüm önəm verdiyini qeyd edərək, 2021-ci ildə dahi şair və mütəfəkkirin 880 illiyi münasibətilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildiyini xatırladıb.
Tərcüməçi-alim Nimet Yıldırım dahi Azərbaycan şairi, bəşər ədəbiyyatının zirvəsi sayılan Nizami Gəncəvinin “Xəmsə”nin orijinaldan türk dilinə tərcüməsi layihəsinə sahib çıxdığı üçün Azərbaycan dövlətinə, dövlət başçısı İlham Əliyevə öz təşəkkürünü bildirib. O, Türk dünyasının qüruru olan Nizami Gəncəvi əsərlərinin çox az sayda türk dilinə tərcümə edildiyini və bu səbəbdən dünyaşöhrətli şairin qardaş ölkədə geniş tanıdılması və təbliğinə ciddi ehtiyac olduğunu qeyd edib.
Nimet Yıldırım Nizami Gəncəvi əsərlərinin tərcüməsinin həyata keçirməyin olduqca çətin, şərəfli və məsuliyyətli iş olduğunu qeyd edərək, bu təkrarsız layihəyə imza atdığına görə özünü xoşbəxt saydığını qeyd edib.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Gəncəvinin “Xəmsə”si dünyanın müxtəlif dillərinə tərcüməsi həyata keçirilir. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Xalq şairi Camal Kamal “Xəmsə”ni 2015-2020-ci illərdə orijinaldan özbək dilinə tərcümə etmiş və xüsusi nəşrlə buraxılib. Bundan başqa, nazirliyin layihəsi ilə 2021-2023-cü illərdə Misirli professor Abdelaziz Mostafa Mohamed Bakuşi Nizami Gəncəvinin “Xəmsə”sini ərəb dilinə tərcüməsini həyata keçirmiş və yaxın günlərdə sözügedən nəşrin də çapı nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(04.06.2024)