Ağ sap
İlk dəfə
qara köynəyinin düyməsinin
ağ sapla tikilməyindən bildim
evinin
qadın əllərindən ötrü darıxdığını.
Sonra mənə hədiyyə etdiyin kitabların tozu
və
saralmış vərəqlərdəki tənhalıq qoxusu
anlatdı həyatını.
Ürəyim sənindi, bilirəm.
Saçlarım, gözlərim, ruhum...
Amma daha çox
əllərimin sənin olmasını istəyirəm.
Saçını tumarlayar,
süfrə bəzəyər sənə
əllərim.
Bir də
qara köynəyinə
qara,
ağ köynəyinə ağ sapla tikər düymələri...
Əllərin
Hər dəfə
əllərin toxunduqca yanaqlarıma
sildikcə göz yaşımı
utandım onlara əzab verməkdən.
Təbəssümün düşməni kədər imiş-
gündüzdən qorxan yarasa kimi gizlənər o
gülümsəsən,
günəş doğsa qəlbində...
Gülə bilsən,
silahın qəhqəhələr olsa
əliyalın düşmən kimi geri çəkilər
kədər.
Gülüşüm gözlərimə qayıtdı
qaranquş öz yuvasına qayıdan kimi.
əllərin unutsun göz yaşımı
sərçələr qürbət elləri unudan kimi.
O yol
Bu yolun başlanğıcı
o yolun bitdiyi yerdi.
O yol mənim gəldiyim,
sənin getdiyin yerdi.
Biz o yolda görüşməliydik.
Mən gəldim,
sən getmədin.
Orda bir yol yoruldu
səni gözləməkdən,
məni gözlətməkdən.
***
Susuz səhrada çiçək açdı,
xarabalıqda bülbül oxudu,
bir yetimin saçına
bir əl sığal çəkdi.
Elə təkdim,
sən gəldin...
Meh əssə
Həmişə məni aldatdı ümidim,
daha ona inanmaq
Istəmirəm.
Ondan əlimi üzmüşəm artıq.
İndi ipdən asılı qalıb ümidim,
bir az meh əssə qopub düşəcək.
Hava haqqında məlumatda isə
xəzri əsəcəyi deyilir.
Qayıdasan deyə...
Bundan sonra
daş basacam bağrıma,
daha ürəyimi ovxalanıb
sən gedən yolların
tozuna dönməyə qoymayacam.
Göz yaşlarım
unudacaq səni,
göynətməyəcək yanaqlarımı.
Kədərdən ağlayan
gözlərimi sildim.
Yorğun gözlərim
sevincdən ağlasın,
etdiyim bir damla yaxşılıq
su kimi də çıxsın qarşıma,
arxanca atım,-dedim.
Xəyanət yolu
toz olsun, duman olsun,
ayaq izlərin dağ çəkməsin
o yolun bağrına.
İçməyə bir qurtum
suyum qalsa da
onu atacam sənin arxanca.
Dağlar aşacam,
dərələr keçəcəm,
çöllərdəki, çəmənlərdəki
çiçəklərə deyəcəm
içdikləri bulaq suyundan
mənə də versinlər
arxanca atım.
Sevgimi saxta sevgilərə
dəyişdiyin zaman
sevən ürəyimin döyüntüsü
oyadacaq səni.
Xəyanətə gedən yolda
azmağın üçün
su atacam arxanca
bulaq suyu.
Getdiyin yerdən
getdiyin kimi də
qayıdasan deyə...
Sədəqə kimi
Hər sevən dünyanı cənnət sanırsa,
Sevgi çiçəyini dərməyi öyrən.
Pərvanə şam üçün odda yanırsa
Özünü gözümdə görməyi öyrən.
Bəlkə sevgi deyil, bu bir xəyaldı,
Xəyallar qoynunda bəsləyir məni.
Qəlbini dindirmə, bilirəm, laldı,
O da baxışıyla səsləyir məni.
Yenə öz-özümlə qalım baş-başa,
Yenə həmdərd bilim, kədəri, qəmi.
Get öz taleyini özünçün yaşa,
Mənə ümid vermə sədəqə kimi.
***
Gözlərimi yığ yollardan,
səp buludlara.
Sən gələndə
toz olmasın.
Sabahım
Çək əlini əllərimdən get daha
Əllərimi mən də çəkim əlindən.
Ümid etmə açılmayan sabaha,
Sonra da nə mən ağlayım, nə də sən...
Hər sabahım bir gecədə boğulur,
Hər tərəfi yara yeri, qan yeri.
Günəşi də qan içində doğulur
Yarasından boy göstərir dan yeri.
Yenə günüm göy əskiyə bükülür,
Şimşək mənim ürəyimdə çaxacaq.
Gözlərimdən sevinc göyə çəkilir,
Yaralansam, göydən duz da yağacaq.
Ölü doğub sabahımı göy üzü
Tanrı “qara kağız”a da bəxt yazır.
Qara geyib yas saxlayır göy özü,
Yeriyirəm, yeridiyim yol azır...
Həsrət yağışı
Sevmək belə asanmı? Necə ayrıldın məndən?
Qaldı göz yaddaşımda sənin o lal baxışın.
Sevgini soruşummu indi çöldən, çəməndən,
Yanan qəlbə su səpir yenə həsrət yağışı.
Tənhalığın önündə boynum yenə büküldü,
Əzaba, iztiraba yenə də möhtac oldum.
Sevinən ürəyimdən sevinc göyə çəkildi,
Susuz qalan çiçəktək artıq saraldım, soldum.
Həsrət yağışı döyür pəncərəmi bu axşam,
Ayrılıq əzabını saf sevgiyə bağışla.
Selə dönür göz yaşım, yenə sənsiz qalmışam,
Mənim də gözlərimin payı var bu yağışda.
***
Dünyanın
dörd yol ayrıcındayam.
Bütün yollar ürəyinə aparır...
Hara gedim?
Sevgi çiçəyi
Yenə günəş sönür, hava qaralır,
Ulduzlar duz kimi səpilir göyə.
Günəşin yerini yenə ay alır,
Həyat qara günü görməsin deyə.
Ana təbiət də gedir yuxuya,
Yumulur sarmaşıq göz qapağıtək.
Həyat möhtac olur ulduza, aya,
Könül nur içində yaşasın gərək.
Qonur ürəklərə eşq kəpənəyi,
Heç vaxt görünməsin həsrətin yeri.
Açsın könüllərdə sevgi çiçəyi,
Ətri bihuş etsin daş ürəkləri.
Təsəlli
“Gedənin arxasınca danışmazlar”,-deyiblər,
Danışıram özümlə. Soruşuram: ”Bilmədin,
niyə tərk etdi səni? İllərin getdi hədər”.
Demə: “Elə ağladın, gülənlə də gülmədin.”
Ağladım e, nə olsun, qədrimi kim bildi ki?
Gedən qayıtmaz oldu, gələn yolunu azdı.
Elə bildim gələcək, hara gəlir, gəldi ki?
Qismətimə fələklər belə bir yazı yazdı.
İnan, elə yoruldum, getsin yolun soluyla,
Bəlkə səndən ayrılıb arzuya, kama çatdı.
Daha sil göz yaşını, qoy getsin, öz yoluyla,
Yenə üzmə qəlbimi, bir də gördün, qayıtdı.
Pəncərəm
Pəncərəm günah iş görür.
külək gəlir otağıma,
tumarlayır jalüzləri.
Heç belə görməmişdim mən
ehtiraslı gecələri,
üzüyola gündüzləri
Sevgi yatır pəncərəmdə,
gecə düşəndə yumulur
güllərin ləçək gözləri.
Gecə ay ulduzlar ilə
nur saçmağından danışır,
nağıla dönür sözləri.
Açır günəş düyməsini -
göyün yaxasında qalır
buludların əl izləri...
Bir ovuc arpa
Anasının qoynuna sığınan körpə kimi
buludların arxasına sığınıb ay.
Otağımda sükut var
sanki səssizliklə boyanıb divarlar
hərdənbir səslər qopur gecənin bağrından,
uzaqlardan gəlir gecəyə keşik çəkən
itlərin səsi...
Göy üzünə dən kimi səpilib
ulduzlar.
Bir azdan gecənin bağrı yarılacaq
bir ovuc arpa kimi dağılacaq
yuxusu gecələrin.
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)