Super User
Dövlət Kukla Teatrı Tbilisidə beynəlxalq festivalda uğurla iştirak edib
Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərlik etdiyi qrup Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Uşaq və Gənclər Beynəlxalq Teatr Festivalında uğurla iştirak ediblər.
Teatrın mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, kuklaçılarımız teatr bayramında “Məlikməmməd” (Azərbaycan xalq nağılı əsasında) tamaşasını nümayiş etdirərək münsiflər heyətinin rəğbətini qazanıblar.
Kuklaçılar 10-a yaxın ölkədən kukla teatrı kollektivlərinin təmsil olunduğu festivalda “Ən yaxşı səhnə həlli” və “Ən gözəl kukla” nominasiyalarında mükafata layiq görülüblər.
Xatırladaq ki, teatr qrupu “Məlikməmməd” tamaşasını həm də azərbaycanlıların kompakt yaşadıqları Marneulidə də göstərərək tamaşaçıları sevindiriblər.
Məlumat üçün deyək ki, bu səfər Azərbaycan Dövlət Kukla Teatrı ilə Gürcüstan Dövlət Kukla Teatrları Birliyi arasında əməkdaşlıq memorandumu çərçivəsində reallaşır. 2022-ci ildə imzalanmış bu sənədə əsasən, iki ölkənin nəinki kukla, ümumən teatrları müxtəlif istiqamətlərdə davamlı əməkdaşlıq edəcək və müştərək layihələrə qatılacaqlar. Bu mənada tamaşaların hazırlanması, təcrübə mübadiləsinin tətbiqi, ustad dərslərinin təşkili, eləcə də spesifik istiqamətlərdə kurs və qısamüddətli təlimlərin keçirilməsi də nəzərdə tutulub.
Memoranduma əsas məqsədi tərəflərin qarşılıqlı əməkdaşlığı yolu ilə müxtəlif yaş qrupları üzrə kukla ifaçılıq sənətini daha da təkmilləşdirmək və dünya miqyasında sistemli təbliğinə nail olmaqdır.
“Ədəbiyyat və incəsənət”
(07.06.2024)
“Oxu tar” - RƏSULZADƏ BARƏDƏ HEKAYƏTLƏR
Oxu tar
1926-cı il. Bakının Novxanı kəndi. Azan səsi eşdilir. Molla, Məhəmməd Əmin Rəsulzadənin atası Hacı Ələkbərin evinin damından nərdivanla aşağı düşür. Rəsul, Azər əmisini qucaqlayıb birlikdə ağlayırlar. Sonra yenə də divardan xalçanı açıb ruhsuz bədənə bükürlər. Mərhumun qardaşı oğlu Məhəmmədəli uşaqlara dogma əmi kimi idi. O, altı yaşlı balaca Azərin üzündən öpüb onu sakitləşdirməyə çalışır. Oohumlar, qonşular mərhumu məsciddən birbaşa kənd qəbirstanlğına aparıb dəfn edirlər.
Azər əmisinə möhkəm sığınır:
- Əmi, bəs atam niyə gəlmədi?
Əmi:
- Oğlum, baban “Məhəmməd Əmin” - deyə-deyə bu dünyadan köçdü. İlbislər atanı vətəndən uzaqlara didərgin saldılar. İlahi, sən özün bizim məmləkətə nicat yolu göstər, onu cəhənnəm əzabından xilas et!
Azər:
- Axı, atam nə günahın sahibidir?
Məhəmmədəli:
- Atan bu ölkəni azad görmək istəyir… İnanıram ki, o, tezliklə vətənə qayıdacaq. Çünki onun qaldırdığı bayraq bizim ürəyimizə həmişəlik sancılıb.
İllər keçdi. Azərin on altı yaşı olmasına baxmayaraq heç vaxt görmədiyi atasını əvəz edən babasını hər gün xatırlayır, bir gün də olsa yaddan çıxara bilmirdi. Azər həm yaxşı şəkil çəkir, həm də tarda gözəl ifa edirdi. Bir gün qardaşı Rəsula dedi:
- Kaş babam sağ olardı, mənim necə tar çaldığımı görərdi.
Rəsul qardaşını qucaqlayıb köks ötürdü:
- Azər, babam sənin tar çalmağını görmədi, amma inanıram atam görəcək, hələ sənə “afərin oğlum” da deyəcək. Az qalıb, atam bizi öz yanına Türkiyəyə aparacaq.
Azər içəri otaqda divardan asılan tarı götürüb segah çalır. Elə bil mizrabı simlərə deyil, ürəyinin tellərinə vurub ürəyini çalır, tarı ağladır. Tarzən qəmli olanda simlər də nalə çəkir. Sanki insan kimi dil açıb, uzaqlarda olan, üzünü belə görməyən atasına olan məhəbbətindən qəmli bir hekayə nəql edir, “baba sevgisindən” danışır.
Ulduzlu fəzada görünən ay ağ buludlar altında üzürdi. Aşağıda isə həmin ayparanın işığına qərq olmuş daxmanın həyətindəki ağaclarda bir budaq da tərpənmirdi. Təkcə ağacların salxım-salxım sallanan yarpaqlarının ipək kəlağayı kimi xəfif və mülayim səsindən, incə xışıltısından başqa.
Azər tarı çaldıqca Rəsul heyrətdən donub qalmışdı. Hələ indiyənə kimi muğama belə vurulmamışdı, belə məftun olmamışdı. Bir anlıq ona gəldi ki, atası babası ilə birgə qapıda durublar. Hər ikisinin gözlərində sevinc var.
Azər tarı köksünə sıxıb gözündən yaş axa-axa çalırdı. Babalardan bizə miras qalan, tarı yasaq edənlərin acığına çalınan tarın səsi getdikcə daha da ucalırdı. Sanki tarımızı əlimizdən almaq istəyən proletarların açığına Müşfiqin “Oxu tar”ına sevinirdi. Bu “Segah”ın yaratdığı möcüzə idi!
“Ədəbiyyat və incəsənət”
(07.06.2024)
WOW növbəti poetik marafon keçirib
İyunun 6-da UNESCO tərəfindən ərəb əsilli böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin 225 illiyi qeyd edilib. Bu münasibətlə Ümumdünya Yazıçılar Təşkilatı (WOW) “Puşkin dünya xalqlarının dilində” adlı poetik marafon keçirib.
Marafonda təşkilatın bütün 5 dil qrupu üzrə (ingilis, ispan, rus, ərəb və türk) katibliyi şeirlər təqdim edib. Brazilya, Britaniya, Fransa, Avstriya, Rusiya, Azərbaycan, Misir, Hindistan və Nigeriyadan olan məruzəçilər ayrı-ayrı dil qruplarında Puşkin yaradıcılığının necə tərənnüm edilməsindən söz açıblar.
Təşkilatın Türk dilləri üzrə katibi, Azərbaycan yazıçısı Varisin “Ədəbiyyat və incəsənət” portalına verdiyi açıqlamaya görə, o, türk dünyası ədəbiyyatından, bu arealda dünya ədəbiyyatının ən gözəl nümunələrinin tərcümə edilərək yerli oxuculara çatdırılması ənənəsindən bəhs edib.
Poetik marafonda Türk dünyasından 5 söz adamı öz ana dilində Puşkin şeirlərini səsləndirib. Bunlar - Azərbaycandan şair, Yazıçılar Birliyinin Poeziya sektorunun müdiri İbrahim İlyaslı, Özbəkistandan Termez Dövlət Universitetinin prorektoru doktor Obidjan Sofiyev, şair və tərcüməçi Şohistə Artukova-Kamranlı, Qazaxıstandan şair, tərcüməçi Tanagöz Tolkınqızı, İrandan (Güney Azərbaycandan) şair, naşir Əli Çağladır.
Layihənin türk dünyası üzrə əlaqələndiricisi Azərbaycan şairi, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalıdır.
Ümumdünya Yazıçılar Təşkilatı il ərzində poetik marafonları davam etdirəcək.
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)
Moskvada azərbaycanll rəssamın sərgisi açılıb
Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Rusiya və Azərbaycanda tanınan fırça ustası Bayram Salamovun fərdi sərgisi açılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın Moskva müxbirinə istinadən xəbər verir ki, “Şəhərlərin melodiyası” adlı sərgidə rəssamın 20-dən çox rəsm əsəri nümayiş etdirilir.
“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova jurnalistlərlə söhbətində qeyd edib ki, Bayram Salamovun əsərlərinin parlaq palitrası və maraqlı mövzuları heç kəsi laqeyd qoymur. “Sərgi Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Düşünürəm ki, sərgi bu bayramla vəhdət təşkil edir. Bayram Salamovun rəsmləri kortəbii, rəngarəng və canlıdır, uşağın dünyaya baxışını çatdırır. Rəssam rəng sxemləri və maraqlı hekayələri ilə tamaşaçılara Azərbaycan haqqında danışır”, - deyə pavilyonun direktoru bildirib.
Rəssam Bayram Salamov çıxışında sərginin təşkilinə görə “Azərbaycan” pavilyonuna təşəkkür edib və Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələrini qeyd edib.
Bayram Salamov Azərbaycanın Şəki rayonunun Qoxmuq kəndində anadan olub. 1986-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, Şəki Dram Teatrında dekorasiya rəssamı kimi fəaliyyət göstərib, sonra Tolyatti şəhərində öz şedevrlərini yaradıb və 2010-cu ildə ümdə arzusunu həyata keçirərək “Bayram Art Gallery” adlı şəxsi rəsm studiyasını açıb.
Rəssamın əsərləri Rusiyanın bir çox şəhərlərində, həmçinin Azərbaycan, Almaniya, İtaliya, Çexiya və Kiprdə keçirilən sərgilərdə nümayiş etdirilib. Onun tablolarına Tolyatti İncəsənət Muzeyinin və Mordoviya İncəsənət Muzeyinin kolleksiyalarında rast gəlmək olar. Bundan başqa, fırça ustasının rəsmləri Rusiya, İspaniya, Böyük Britaniya, Almaniya, Kipr, Çexiya, İtaliya və Kanada kolleksiyaçılarının şəxsi kolleksiyalarına da daxil edilib.
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)
İntizar ədəbiyyatı - Söhrab Tahir, "Anamın əlləri"
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Anamın əlləri yadıma düşüb,
Öpüb gözüm üstə qoymaq istərəm.
Əlinin kötəyi necə şirindir,
Şirin kötəyindən doymaq istərəm.
Alın qırışının dərinliyində,
Bu gün fikir-fikir olub itmişəm.
Ana kötəyinin şirinliyində
Məst olub, Məst olub, huşa getmişəm.
Hirslənib o məni hərdən döyəndə,
Yaşlı gözlərini qırpıb yumardı.
Xırda əllərinin titrəyişindən
Nəsihət tökülər,
Öyüd damardı.
Bir az "qudurmuşam",
Dəcəlləşmişəm,
Anam cızığıma salaydı məni.
Özünü kötəyin altına atıb
Atamın əlindən alaydı məni!
Niyə öpməmişəm ana əlindən,
Ovcunda naz gülü əkməmişəm heç?!
Hamının nazını çəksəm də bəzən
Anamın nazını çəkməmişəm heç.
“Ədəbiyyat və incəsənət”
(06.06.2024).
Rəsm qalereyası: Sakit Məmmədov, “Natürmort”
Yaddaşımın lentinə köçən görüş
Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Milli Konservatoriyasında yazıçı Anar ilə görüş haqqında düşündüklərim
Görüşün günü, saatı təyin olunduqda və tamamilə layihə kimi mənə həvalə olunduqda heç düşünmədim. Daha doğrusu, əksinə düşündüm ki, mən nəsri ilə böyüdüyüm, dramatik əsərlərindən ruhlandığım bir yazıçını niyə araşdırım və bu görüşü niyə qeyri-adi etməyə çalışım? Ədəbiyyat özü Anar deyilmi?
Mən bildiyim, tanıdığım, təxəyyülümün, düşüncəmin Anarına aid bir görüş olacaq, çox güman. Gələcək nəslin yaddaşında həkk olunacaq görüş. Gün yetişdi. Anar müəllim Azərbaycan Milli Konservatoriyasının qonağı oldu. Onu Xalq artisti, AMK-nın rektoru Siyavuş Kəriminin yanına ötürdükdə içimdə olan hissin nə olduğunu bilmədim. Sanki bir ordu sevdiyim ədəbiyyat nümunələri ilə addımlayırdıq. Mənim də alnıma belə bir gün yazılıb, düşündüm. Yolu yarılamışdıq ki, dedim: “Anar müəllim, necəsiz?” Ayaq saxlayıb, dayanıb “Sağ olun, yaxşıyam” dedi. Sonra yenə addımladıq. Amma mən yaman sıxılırdım. Danışmağa söz tapmırdım. Tədbirin başlamağına da az qalmışdı. Tez səhnəyə tərəf tələsdim. Zal tələbə və müəllimlərlə dolmuşdu. Yazıçılar birliyindən cəmi iki nəfər sadiq dostlar Arifə Əliyeva və Məlahət Qənbərova da burada idi. Onları görüb sevindim. Kənan Hacı, ədəbiyyatşünas Nərgiz Cabbarova, şair Aybəniz Qafarlı da qonaqlar içində idi. Yalnız zalımız maraq dolu baxışlı gənclər, tələbə və müəllimlərlə dolmuşdu.
Səhnəyə doğru gələn Anar müəllimi yerində əyləşincəyə qədər ayaqüstə alqışladılar. Mən onun ağır, səngin yerişindən, duruşundan, dalğın baxışından bir həsrət gördüm. Yəqin dostlarının, mələk ana, atanın xiffəti görünüb gözlərimə. Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru əziz qonağı qarşıladı. Siyavuş müəllim də tamam ayrı dünyadır; onun özündən böyük sənət adamlarına olan dəyəri, ehtiramı həm müəllimlərinə, həm də tələbələrə bir örnəkdir. Siyavuş Kəriminin səhnəyə dəvətindən sonra sözə başlamalı idim. Özüm üçün bəlli bir danışıq düşünmüşdüm. Yalnız bihudə sözə belə başladım: “Bir dəfə Vaqif Səmədoğlunun yubileyində gördüm ki, hamı hər kəs onun haqqında ayrı-ayrı xatirələr paylaşır, bir-birini qısqanır. Onda ağlıma belə bir fikir gəldi: hər kəsin öz Vaqif Səmədoğlusu var. İndi mən də bu gün üçün heç bir araşdırma aparmadım, Vikipediya vərəqləmədim. Sadəcə mənim üçün Anar kimdir, onu anlatmaq istədim.”
Əlbəttə, bu gün AMK-nın tələbələri üçün yaddaşlardan silinməyən bir gündür. Çünki yazıçı Anar onların qonağıdır. Yazıçı Anar Azərbaycan ədəbiyyatına, incəsənətinin tarixində böyük xidmətləri olan bir şəxsiyyətdir. Onun ədəbiyyata, xüsusilə Türk dünyasından ədəbiyyat incilərini toplaması sahəsində işləri sonsuzdur. “Min beş yüz ilin oğuz şeiri” antologiyası iki cilddən ibarət bir antologiyadır. Azərbaycan və Türk ədəbiyyatı üçün əvəzedilməz bir dərslikdir. Onun çəkdiyi filmlər, yazdığı ssenarilərdə kökümüzü, tariximizi, dilimizi, adət-ənənələrimizi qoruması kimi nüanslar unudulmazdır. Sovet dövründə “Dədə Qorqud” filminin ssenarisini yazdı. “Gürcü familiyası” hekayəsinin əsasında çəkilmiş “Gün keçdi” filmində İçəri şəhərin təəssüfünü çəkməsi də cəmiyyətə o dövrdə bir mesaj deyildimi? Sevimli yazıçımız elə bəşəri mövzulara müraciət edir ki, bu mövzular Azərbaycan gerçəkliyini ayrı-ayrı zamanlarda bizə başa salır.
Bu barədə məlumat verəcəyimdən əmin idim. Yalnız bütün bu gərəkli informasiyaların altında mən Anar müəllimə gizli bir məktub ötürürdüm. Onun əsərlərini, yaradıcılığını nə dərəcədə mənimsədiyimi göstərirdim. Ta uşaq çağlarımdan oxuduğum “Adamın Adamı” kitabı, “Yaxşı padşahın nağılı”, “Molla Nəsrəddin 55”, “Beş mərtəbəli evin altıncı mərtəbəsi”, “Mən, sən, o və telefon”, “Ötən ilin son gecəsi”, “İmtahan”, “Dantenin yubileyi”, “Gürcü familiyası”, “Şəhərin yay günləri” əsərlərini bir-bir yadıma saldım. Oxucu və yazıçı ünsiyyəti mistik bir duyğudur. Kimsə səni oxucun qədər tanımaz əslində. Hərdən ədəbiyyat görüşlərində mənim tanımadığım, ruhundan bixəbər olduğum, əsərlərini çox az oxuduğum həmsöhbətlərim də olur. O zaman mən əlavə məlumatlardan onu tanımağa çalışıram. Yalnız Anar o qədər doğma bir imzadır ki, mənim üçün.
Anar haqqında danışanda onun “Sizsiz” əsərindən söz açmamaq mümkün deyildi. Bu əsərdən söz açdım. Gözəl şair Nigar Rəfibəylinin oğlu balaca Anara yazdığı şeirini oxudum. “Sizsiz” əsərini çox erkən çağlarımda oxumuşdum. O zamanlar itginin nə olduğunu bilmirdim və içimdə çox qəribə sıxıntı üzmüşdü. İnsan doğmalarını itirəndə filosof olur, özü üçün təsəlli düşüncələrə dalır, yazılar yazır. “Sizsiz” əsəri də yazıçının təsəllisi idi. Yalnız o böyük eşqi olan iki böyük şairin ürəyini, hisslərini, ağrısını, sevgisini bizlərə aşkar edir. Onlar hətta dünya üzündə ölüm qədər kədərli bir anlayışı sevgiylə əvəzləyir. O sevgi kainatı, illəri aşıb indi də ürəyimizi sevindirə və bizi düşündürə bilir. O sevgi poeziyada o qədər diridir ki, bu minvalla elə tədbir gedərkən belə Anar haqqında kiçik bir filmə baxdıqda düşüncələrim tamamilə ayrı bir səmtə getdi. Bir anlıq anladım ki, mənim gördüyüm Anar müəllimi burada əyləşən tələbələr tanımır. Azərbaycan Yazıçılar Birliyinin sədri və yazıçı Anar. Hərdən ədəbi mühitin iynəli sözlərinə tuş gələn və ya aşırı yaltaqlığa məruz qalan ziyalı. Vəssalam, cəmiyyətin çoxluğunun bildiyi bu idi. Yalnız mən standart olmayan, yeknəsək olmayan bir yanaşma düşündüm.
Anar, əgər düşünə bilənlər çoxluq təşkil etsəydi, ədəbiyyat üçün böyük simalardan biridir. O, əslində Azərbaycanın gələcəyi və ədəbiyyatı üçün çox töhfələr bəxş edib. Üzeyir Hacıbəyli, Hüseyn Cavid, M.F. Axundov, Cəlil Məmmədquluzadə kimi mövzularda yazdığı və çəkdiyi filmlər insanların həyatında mühüm rol oynayır. Tələbə və gənclər üçün isə ekskursiya xarakteri daşıyır. "Dədə Qorqud" filmi Dədə Qorqud dastanları haqqında bir neçə nəsildə ilk təəssüratı yaratdı. Dədə Qorqud anlayışına ilk bu filmdən qaynaqlandı. Qobustan haqqında sənədli film, televiziya və teatr səhnələri üçün yazdığı dramaturji əsərlər də diqqətəlayiqdir.
Anar, çoxşaxəli və gərəkli yaradıcılıq yolunda saysız-hesabsız əsərlər yaratdı. Azərbaycan teatrının və kinosunun yetmiş faizini onun yaradıcılıq nümunələri təşkil etdi. O, gözəl obrazlar müəllifidir. Mən onun obrazlarını sevirəm. Obrazlar tamdır, onları sevmək, onlardan küsmək, onlarla söhbət etmək olur. Anar yaradıcılığını və bütün bu informasiyaları bacardığım qədər bir saata sığışdırmaq istədim. Yalnız Anar, Azərbaycan ədəbiyyatında elə dərin köklü yaradıcılığa malikdir ki, onu bir saatlıq tədbirə sığışdırmaq qeyri-mümkündür.
Görüş boyunca Aysel İbrahimova və AMK-nın “Populyar musiqi və caz ifaçılığı” fakültəsinin tələbəsi Babək Əfəndinin ifasında Nigar Rəfibəylinin sözlərinə yazılmış “Neyləyim” və Anarın sözlərinə yazılmış “Əlvida” musiqi əsəri səsləndi.
Tədbirdə AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət “Balaca yazarlar birliyi”nin bir qrup üzvü də iştirak edirdi. Balaca yazar Rəhimə Anar müəllim üçün şəkillərlə bəzədilmiş məktub hazırlamışdı. Tələbələrin məktublarını səsləndirdikdən sonra hamı bu ədəbiyyat adamı ilə şəkil çəkdirmək üçün yaxınlaşdı. Gözəl yazıçımızı yormadan tədbiri sona çatdırdıq.
Mən, atamın mənə əmanət etdiyi ədəbiyyat aləmində əsl yazı adamlarının üstündə əsirəm. Onlar mənim üçün çox müqəddəs yerdədirlər.
Anar, gözəl yazıçı, mənim ta yeniyetmə dövrümdən indiyə qədər yaradıcılığını, axtarışlarını, yeniliklərini izlədiyim gözəl yazıçıdır. Azərbaycan Milli Konservatoriyasında 22 may 2024-cü il bir günəş parladı. Gözəl tövsiyələr və müdrik fikirləri ilə hər birimizi sevindirdi, fərəhləndirdi. Kitabları imzaladı. Mənim də Anar imzalı kitabım oldu.
“Evləri köndələn yar” tamaşasındakı kimi bir nəfər operator gəlib nəsə çəkib getdi. Amma tədbiri lentə almalı olan operator səhərisi gün gəldi. Sonra başladıq həmin gün gələnini axtarmağa. Şap doğrudan da elə bildi şupdadı. Nə qədər danışıqlar aparsam da süjetlər əlimə gəlmədi. Özüm də səhnədə olduğumdan çəkiliş də edə bilmədim. Xəbərlər yaxşı ki gəlib yayımlandı. Səhər saytları da ələk-vələk etdim, heç kim yazmamışdı. Heç xəbər lentində də bu görüşlə bağlı bir xəbər yox idi.
Bəli, başa düşdüm ki, bu görüş mənim yaddaşımın lentinə və həmin gün bizimlə o günü paylaşan, Anar yaradıcılığına dəyər verən insanlar üçün idi.
Standart görüşlərdən fərqli olaraq, Ana Nigar Rəfibəyli, Ata Rəsul Rza olan xalqının vətənin gərəkli gözəl övladı Anar üçün olan səmimi və gözəl görüş... yaddaşımın lentinə həmişəlik köçdü.
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)
Azərbaycan Dövlət Film Fonduna yeni fotosənədlər daxil olub
Qocaman fotoqraf, “Azərbaycanfilm” kinostudiyasının veteranı Məmməd Babayevin şəxsi arxivindən Azərbaycan Dövlət Film Fonduna yeni fotosənədlər daxil olub.
Fondun yaydığı məlumata görə, təqdim olunan fotosənədlərdə Xalq artisti, görkəmli dirijor və bəstəkar maestro Niyazinin müxtəlif görüşlərdə çəkilmiş nadir görüntülərinə rast gəlmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)
Bakı rusiyalıların uşaqlarla səyahət etdiyi şəhərlər siyahısında birincidir
Bakı rusiyalıların uşaqlarla birgə uçduqları şəhərlərin siyahısında liderdir.
AzərTAC xəbər verir ki, bu barədə “Tutu” səyahət xidmətinin araşdırmasında deyilir.
Səyahət xidməti uşaqlarla səyahət etmək üçün ən populyar şəhərlərin adlarını sadalayıb. Araşdırmada qeyd olunur ki, ilk üçlükdə Azərbaycan, Qırğızıstan və Belarusun adı var, 6 yaşınadək uşaqları olan sərnişinlər isə ən çox Bakıya və Oşa səyahət edirlər.
Ölkə sakinlərinin uşaqlarla birgə uçduğu Rusiyanın ən populyar şəhərləri Soçi, Moskva və Sankt-Peterburqdur. Aviaistiqamətlərin ilk onluğuna, həmçinin Kalininqrad, Mineralnıye Vodı, Mahaçqala, Yekaterinburq, Tümen, Krasnoyarsk və Ufa daxildir.
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)
PƏRDƏARXASI – İlginc bilgilər
Əkbər Qoşalı yazır
“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist, siyasi icmalçı Əkbər Qoşalının növbəti siyasi şərhini təqdim edir.
“SOCAR-Türkiyə”nin önündə yığışıb, əyləm edən qrup var(dı) ha, bax, onlarla bağlı yeni ilginc xəbərlər olsa, nə deyərsiniz? – “Sən demə, həmin qrup Qarabağda məscidlərin dağıdılmasına, öz havadarlarına arxalanan ermənilərin Qarabağda, Zəngəzurda İslam ibadətgahlarına donuz doldurmasına, işğalçıların müsəlman qəbristanlıqlarını təhqir etməsinə, habelə, Tehran rejiminin soydaşlarımızın ən adi haqq-hüquqlarını tanımamasına, eləcə də, uyğurların Doğu Türküstanda – öz dədə-baba el-obalarında sıxıntı içində yaşamalarına dəxi sabitqədəm şəkildə reaksiya veribmişlər.
Məgər, həmin qrup dünyanın dörd yanında bir müsəlmanın burnu qanayınca, mədəni Avropada “Quran” yandırma əyləmləri olunca, istər sosial media üzərindən, istər müvafiq ünvanlar qarşısına yığışmaqla etiraz aksiyaları keçirirmiş. Müxtəlif ölkələrin Ankaradakı Böyükelçilikləri, İstanbuldakı konsulluqları səhər işə gələrkən, axşam evə dönərkən bəlli qrupla qarşılaşırmış. “SOCAR-Türkiyə” önündən tanıdığımız bu qrup, üstəlik, İsraillə sıx işbirliyi içində olan (yaxud yəhudilərə məxsus) bir çox ünlü brendin, markanın Türkiyə üzrə təmsilçiliklərinin önünü zaman-zaman zəbt edibmiş... – Bax, bizim qardaş ölkəmizdə yarımmövcud olan bu qrup beləcə səmimi müsəlman təəssübkeşliyi içindəymiş”. – Siz canınız, dırnaq içində verilmiş “təəsübkeşlik örnəkləri”nin hansınasa azacıq inandınızmı? – Əlbəttə, yox! Niyə inanasınız ki?! Bəyəm, elə sadəlöhv adam var?..
Bax, belə bir açıq-aşkar təxribatla üz-üzə qalmışıq. “Qalmışıq” deyirəm – çünki bu, yalnız “SOCAR-Türkiyə”yə, ümumən SOCAR-a deyil, hətta yalnız Azərbaycan hökumətinə də deyil, Azərbaycan-Türkiyə qardaşlığına, Türkiyənin özünə, deyərdim, Türk birliyinə (Türk Dövlətləri Təşkilatına) yönəlib. Belə çıxmasın ki, bir kiçik qrupu böyüdürəm – əsla, yox! Əsla, başarılı ola bilməyəcəklər! – Ona görə yox ki, enində-sonunda “bir qrupdu, dəstədi başlarından hündürə tullanmağa gücləri çatmaz” deyirəm; ona görə ki, haqqı təmsil etmirlər, imitasiya edirlər. Ona görə ki, ən adi məntiqli sual qarşısında cavabsız qalarlar; amma haqqın incəldiyini hamı görüb, üzüldüyünü kimsə görübmü?..
Bəs bu kiçik qrupun arxasında böyük məkr ola bilərmi? – Çox böyük ehtimal ki, vardır. Bu əyləmlərdəkilərin bir çoxunun gözünü Paris dəbi ilə Qum örtmüş ola bilməzmi?.. Bir bölümü də oyun içində oyuna düşmüş olmazmı? Bu ehtimalların nə dərəcə yaşarılı olduğuna bir qədər sonra – əyləm günlərinə diqqət edərkən cavab ararıq...
Əziz qardaşı, dostu, qonşusu ilə Qanun qüvvəli “Şuşa Bəyannaməsi”nə malik Azərbaycanın İslam həmrəyliyində, Türk birliyi strategiyasında, hələ-hələ Türkiyə ilə həmrəyliyində qüsursuz özkeçmişi, bu günü və gələcəyə üfüqügeniş baxışı var. Fələstin, Qəzza mövzusunda da biz beynəlxalq hüququn yanında, tərəfində, arxasında olmuşuq. Hərçənd Fələstinin ünlü liderlərinin işğalçı Ermənistanla aşırı məhəbbəti (həşr-nəşrliyi) bilinən məsələdir; o da bilinən məsələdir ki, “SOCAR-Türkiyə” iddia olunduğu kimi İsraillə xam neft üzrə birbaşa ticarət bağına malik deyil. Gəlin şirkətin özünün tutarlı açıqlamasından bir bölümə diqqət edək: “Son dövrlər regionda baş verən geosiyasi proseslər nəticəsində müəyyən etiraz aksiyalarında SOCAR Türkiyə və qrup şirkətləri bir müddətdir ki, bəzi təxribatçı qruplar tərəfindən həm sosial media üzərindən, həm də həyata keçirilən fiziki aksiyalarla hədəf göstərilməkdədir. Bu təxribatçı qruplar, şirkətimizin İsrail ilə xam neft üzrə ticarət əlaqəsi olduğuna dair əsassız ittihamlar irəli sürərək sosial media üzərindən təxribat xarakterli paylaşımlar etməkdə və şirkət binamıza əməkdaşlarımızın təhlükəsizliyini riskə atacaq şəkildə fiziki hücumlar həyata keçirməkdədirlər. İstanbuldakı mərkəz binamızda 12 mart, 29 may, 31 may və 2 iyun tarixlərində, Bursadakı Bursaqaz ofis binasında isə 24 may tarixində həyata keçirilən və getdikcə şiddətlənən təxribatların davam etməsi əməkdaşlarımızın həyatı üçün təhlükə yaratmaqdadır”.
İndi isə ardıcıllıqla əyləm günlərinə (12 mart, 29 may, 31 may və 2 iyuna) diqqət edək:
12 mart – Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik bağların qurulmasının 32-ci ildönümü günüdür. O İran ki, güclü, dünyəvi Azərbaycan Respublikasının varlığını öz totalitar, gerilikçi rejimi üçün təhdid sayır. Və o İran ki, “SOCAR-Türkiyə” önündə əyləmə yığışanlar haqqında elə ilk günlərdəncə “İran proksi qrupları” deyə söz açıldı;
1921-ci ilin 12 martında Türk Millətinin İstiqlal Marşı, 12 mart 1936-cı ildə isə Türk bayrağı haqqında Qanun TBMM-də qəbul edilib. Tehran rejiminin güclü Türkiyəyə, Türk bayrağına münasibəti Azərbaycan Respublikasına, Azərbaycan bayrağına münasibətindən pisdir ki, yaxşı deyil;
12 mart 1985-ci ildə silahlı erməni militanları Türkiyənin Ottavadakı Böyükelçiliyinə basqın düzənləyib;
12 mart 2000-ci ildə Papa II İohann Pavel, Kilisənin keçmişdə yəhudilərə, müxaliflərə, qadınlara və yerlilərə qarşı işlədiyi günahlardan ötürü əfv diləyib;
Bu il 12 mart – Yel çərşənbəsi günüydü...
29 mart 1918-ci ildə Türk-İslam aləmində ilk demokratik respublikanı – Azərbaycan Xalq Cümhuriyyətini bir gün öncə elan etmiş Milli Şura Antanta dövlətlərinin davamlı təzyiqlərindən sonra İrəvan şəhərinin (100 illiyinə) tarixdəki ilk erməni dövlətinə - Ermənistana verilməsi haqqında (yetərsaysız da olsa) qərar qəbul etmək zorunda qalıb;
29 martın ən möhtəşəm hadisəsi: 29 may 1453-cü ildə Sultan II Mehmedin başçılığı altındakı Osmanlı ordusu İstanbulu fəth edərək Bizans dövlətinin varlığına son qoyub!
31 may 1999-cu ildə İmralı adasında PKK lideri Abdullah Öcalanın yarğılanmasına başlanıb;
31 may 2010-cu ildə İsrail əsgərlərinin Qəzza bölgəsinə humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə hücumu nəticəsində 9 mülki şəxs həlak olub. (Türkiyədən hərəkət edən o gəmilər İnsani Yardım Vəqfinin yardımlarını daşıyırdı)...
2 iyun 1964-cü il – Demokratik, dünyəvi və milli Fələstin Dövləti qurmağı hədəfləyən, müxtəlif milli qurumları bir araya gətirən Fələstin Azadlıq Təşkilatı qurulub.
Nə gizlədim, əyləmə çıxan qrupların məhz bu tarixləri seçməsinin təsadüf əsəri olduğunu düşünmürəm. Solçu, “islamçı” və b. sifətlər qarışıb əcəbsandal olub sanki... Sanki rəmzlərlə hərəkət ediblər və bəzən, o günün hadisəsinə qarşı, bəzən də o günün adına yığışıblar... Sanki pərdə arxasında bir drijor çubuğu vardır və o drijor bilərəkdən “not”ları qarışdırıb...
Ancaq bu, çox fərqli hadisələrin təvafüq etdiyi günlərdə “SOCAR-Türkiyə” binası önünə yığışıb, ağzına, ağlına gələni hayqırmaq heç adekvat deyil, heç. O hadislər ki bizim qürur, sevinc qaynağımızdır, bayram ovqatı bəxş edir – onu elə “qeyd” etməzlər; o hadisələr ki, kədərlidir – onun da qeyd edilmə ünvanı “SOCAR-Türkiyə” binası ola bilməz; nəhayət, o hadisələr ki, Azərbaycanla, Türkiyə ilə birbaşa bağı yoxdur, daha çox hansısa üçüncü ölkənin ilgi alanındadır, yenə də, əyləmçilər ünvanı qətiyyən düz seçməyib.
*
İyunun 4-dən Bakı Enerji Həftəsi başlayıb. Dövlət, hökumət başçıları, nüfuzlu şirkət rəhbərləri evsahibinə - Azərbaycan Prezidentinə təbrik, müraciət məktubları ünvanlayıb. Bəli, ilk Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 30-cu ildönümüdür. Ölkəmizin enerji sektoruna birbaşa xarici yatırımların cəlb edilməsində önəmli rol oynamış Sərginin (“Caspian Oil&Gas”) bu il 29-cusu, habelə Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji (“Caspian Power”) sərgisinin 12-cisi düzənlənir. Bu tədbirlər enerji siyasətinin əsas seqmentlərini (neft, qaz, kəşfiyyat, hasilat, emal, nəql), eləcə də, yaşıl enerjini əhatə etməkdədir. Üstəlik, bu il respublikamızda “Yaşıl Dünya naminə Həmrəylik İli”dir; COP29-un bu ilki evsahibi də Azərbaycan Respublikasıdır.
Bəs belə önəmli hadisələri gözügötürməyənlər heçmi yoxdur? Öncəki illərdə bənzəri beynəlxalq tədbirlər (I Avropa Oyunları, Avropa Musiqi Yarışması, “Formula-1” Azərbaycan Qran Prisi və b.) ərəfəsində qanqaraldan olaylarla qarşılaşmadıqmı? İstər ölkə içində, qardaş ölkəmiz Türkiyədə, istərsə də, başqa ölkələrdə Azərbaycan əleyhinə əyləmlər olmadımı?..
Bu da keçər...
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)