Super User

Super User

Poetik Qiraətdə bu gün mərhum Xalq şairimiz Musa Yaqubdur. Onun “Vardır” şeiri “Yaşıl dünya naminə həmrəylik ili”nə yaraşan şeirdir. Ruhu şad olsun Musa Yaqubun!

Xoş mütaliələr!

 

Burda hər meşənin min cür ağacı,

Burda hər ağacın yamyaşıl tacı. 

Burda hər tac üstə sarmaşıq saçı, 

Hər saçın küləkdən darağı vardır. 

 

Burda hər budağın şeyda bülbülü, 

Burda hər bülbülün qönçə bir gülü, 

Burda hər qönçənin yaşıl bir tülü, 

Hər tülün xırdaca saçağı vardır. 

 

Burda hər yamacın çiçəkdir daşı, 

Burda çiçəklərin şehdir göz yaşı; 

Burda şeh damlası bir üzük qaşı, 

Hər qaşın qızılı qurşağı vardır. 

 

Burda sərər düzə lalələr xalı, 

Burda hər xalının qara bir xalı… 

Hər xalda şirin bir şair xəyalı, 

Burda hər xəyalın oylağı vardır. 

 

Burda qayaların daşdır suvağı, 

Burda hər daş üstə qartal caynağı, 

Caynaqlı hər daşın bir buz bulağı, 

Burda hər bulağın qonağı vardır, 

Harda bu saydığım gözəllik olsa, 

Orda Azərbaycan torpağı vardır!!!

 

Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Bildiyiniz kimi, “Ulduz" aylıq ədəbiyyat dərgisi və Azərbaycan Ədəbiyyat Fondunun  unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri  poeziya müsabiqəsinin qalibləri artıq  bəllidir. 

 

I yer: 

Cavid Qasımov;

 

II yer: 

Rəşad Nağı Mustafa, 

Allahşükür Ağa;

 

III yer: 

Eminquey, 

Seyyidəli Sübhi, 

El Roman

 

“Ədəbiyyat və incəsənə” portalı mükafatçıların poeziya nümunələrini təqdim edir:

 

II YER

RƏŞAD NAĞI MUSTAFA

“MÜHARİBƏ ŞEİRİ”

 

Müharibə başlayıb.

Nəbatat bağındayam.

Hava yaman soyuqdur, özüm də bir az xəstə.

Heyif, evdən çıxanda papaq da qoymamışam,

Anam elə bilir ki, ölüm ayağındayam.

Müharibə başlayıb... Nəbatat bağındayam...

Mən səni gözləyirəm...

Eləcə dayanmışam Eldar şamının altda.

Gör e, adam adında ağaclar var həyatda.

Ağacların üstündən yıxılan balacalar böyüyür,

igid olur.

Mən səni gözləyirəm, amma indi, bəlkə də,

bu ağacın adaşı Şuşada şəhid olur.

Mən səni gözləyirəm...

Gəlsən, soruşma məndən, vətən səninçün nədir?

Bax indi dediklərim hamısı bəhanədir:

Anamın olduğu yer, atamın yatdığı yer,

bir də sən hardasansa, ora mənə vətəndir.

Anam heç vaxt ölməsin, sən də ölmək istəmə.

Mən atamdan bilirəm, ölüm bədahətəndir.

Mən də mütləq öləcəm, elə Eldar şamı da.

Bir əsgər anasının ümidi ölmür heç vaxt,

bir də əziz şəhidlər ölmür, başına dönüm.

Məni bərk qucaqlama, axı atan deyiləm,

məndən barıt qoxusu gəlmir, başına dönüm.

Hər şeyə baxmayaraq,

yenə də məni sevmək

çox xoşuna gəldisə,

dua et, ayrılmayaq,

duadan yaxşı nə var,

ürəyin gözəldirsə?..

 

 

“QIŞ PARKI”

 

Qırılar qanadın, qırılar qolun,

Uçma, qurban olum, sən hələ xamsan.

Mən yazan şeirdən düşdüsə yolun,

Bəxtəvər adamsan, xoşbəxt adamsan.

Mənə lazım deyil sənin “sağ ol”un,

Bir dəfə ürəkdən sev məni, bəsdir.

Quşların uçmağı aldadır səni,

Onlarda adətdir, səndə həvəsdir.

 

Qanadın buluddan böyük deyilsə,

Kədərin Uhuddan böyük deyilsə,

Lap böyük olsa da, qorxma, mən varam.

Sənin gəlişinə aşiq olmuşam.

Vurulmaq bir dəfə olur, bilirsən,

Bir də gedişinə vurulammaram.

 

Uçma, qurban olum, sən hələ xamsan.

Uçsan da, unutma, yerdə mən varam.

Qırılsa qanadın, yansa qanadın,

Yerə bərk düşməyə səni qoymaram.

 

Sən yaxşı adamsan, yaxşı adamsan.

Atam deyilsən ki, qəfil öləsən.

Əlini qaşığın altına tutub

Anam deyilsən ki, yemək verəsən.

 

Eybi yox, mənimçün nar dənələmə,

Bir dəfə ürəkdən sev məni, bəsdir.

Səni Qış parkında gözləyəcəyəm,

Tələsdir özünü, mənə tələsdir…

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı  növbəti şeir kitabı-

"Adını çəkirəm" ilə oxucularını sevindirən DGTYB- nin başqanı İntiqam Yaşardır. 

 

-Xoş gördük, İntiqam bəy, yeni kitabınız uğurlu olsun.

Amma bu dəfə Sizin şeirlərinizdən yox, başqa bir şairin şeirindən danışacağıq.

Poeziya milli sənət olduğu üçün xalqın tarixi, keçmişi, milli- mənəvi dəyərləri burada yaşayır. 

Dahi Hüseyn Cavid gözəl söyləyib: "Əsərlər zəhərli, əxlaqsız, kefşək bir mövzu təqib edərsə, gec-tez bütün oxucularını da zəhərləmiş olar".

Gözəl poeziya ruhu da gözəlləşdirər.

Beləliklə, İntiqam bəy, şərti olaraq elə bu an üçün söyləsək ki, " Sevdiyin şeiri gəl mənə söylə" Siz bizə hansı şeiri söyləyəcəksiniz?

 

-Salam Ülviyyə xanım, rubrikaya dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm. Rubrikanızı izləyirəm, çox rəngarəngdir. Sizə təqdim edəcəyim şeir ölməz şairimiz Musa Yaqubun " Bir günah sənindir, bir günah mənim" şeiri olacaq.

Musa müəllim bu şeirdə cəmiyyətin mənzərəsini, insanların yanaşmasını, insanların düşüncəsini, insan və cəmiyyət münasibətlərini çox gözəl poetik dillə bir az da məsafədən dayanaraq gözəl izah edib. Bu şeiri çox sevirəm və təkrar- təkrar mütaliə edirəm. Musa bəyə rəhmət diləyirəm, oxucularımıza isə xoş mütaliələr arzulayıram.

 

Musa Yaqub

 

Bir günah sənin, bir günah mənim

 

Bir gözünü mən əydim, bir gözünü sən,

Niyə narazıyıq bu tərəzidən?

Sən çeşmə qurudan, mən ağac kəsən,

Bir günah sənindir, bir günah mənim.

 

Bu südə su qatıb hərə bir qaşıq,

Arını şəkərə dadandırmışıq.

Bazarın yağı şor, balı qarışıq,

O mətah sənindir, bu mətah mənim.

 

Söz sözə gələndə sən nəfsi qıran,

Mən dünya malına göz yumub duran.

Amma ayrılıqda daşı da yaran,

Bir tamah sənindir, bir tamah mənim.

 

Görürük bu silah vurmur hədəfə,

Vurmur, ha atırıq mininci dəfə.

Əlimiz dolaşıb düşüb kələfə,

Bir əl gah sənindir, bir əl gah mənim.

 

Qoyma yalanımız qalxsın ayağa,

Hay deyirik, haya gəlmirik, qağa.

Sözü güləşdirib əhdi danmağa,

Bir vallah sənindir, bir vallah mənim.

 

Yamanca ustayıq hər ehtiyatda,

Dostluq şirnisi də dilimiz altda.

Amma yaman günə əlimiz altda,

Bir silah sənindir, bir silah mənim.

 

Ömür təsəllidi, ümid sabahdı,

İndi öz xeyrinə çoxu agahdı.

Hərə dolanışa bir cür nikahdı,

Bir nikah sənindir, bir nikah mənim.

 

Orda bulanıq su hopur torpağa,

Burda üzə çıxıb dönür bulağa.

Hələ ki vaxtımız var durulmağa,

Bir sabah sənindir, bir sabah mənim.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Cümə, 07 İyun 2024 17:03

Mənim Vaqif Səmədoğlum - ESSE

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

Dünən Vaqif Səmədoğlu barəsində olan bir tədbirə getmişdim.

Evə gələn kimi köhnə yazılarımı evin üzünə töküb axtarmağa başladım. Uzun illər əvvəl yazdığım bir esseni tapan kimi sevindim.

 

“Mən burdayam, İlahi, uzaq yaşıl adada”

 

99-cu il idi, deyəsən. Gənc və özümdən razı, gələcəyə ümidlə baxan vaxtlarım. Evimizə yeni iki kitab gəldi. “Mən burdayam İlahi”, “Uzaq, yaşıl ada”. Kitabların müəllifi Vaqif Səmədoğlu. 

Vərəqlədikcə anlayırdım ki, şeirlər oxunmur, sanki yaşanır. Saatlarca oxudum. Oxuduqca qarşımda yeni insanlar, qəribə mühit, yollar, pillələr açılırdı. Qəribəsi o idi ki, o dünyada - onun dünyasında özümü rahat və xoşbəxt hiss edirdim.

 Bir yazı yazdım: “Mən burdayam, İlahi, uzaq yaşıl adada”. O vaxt “Ədəbiyyat”da çap olundu. “Yaradıcılığıma diqqətinə görə təşəkkür edirəm, Aysel balam” imzalı bir kitab göndərdi. Bu kitabı indiyə qədər hər dəfə vərəqləyəndə qəribə bir doğmalıq duyuram.

 Dünən İncəsənət muzeyində “Söz” layihəsi çərçivəsində Nigar Həsənzadənin təşkil etdiyi tədbir vaqifsevərləri bir yerə yığmışdı. Hamı, hər kəs ordaydı.

 Mehriban Zəki gözəl bir söz dedi; şairin “Heç kimə demə” şeirini əsas tutub dedi ki, Vaqif Səmədoğlu elə burdadı, bizim yanımızdadı, heç kimə deməyin!

 Bir anlıq anladım ki, bu həzin poetik gecə Vaqif Səmədoğlunu burda oturan hər kəsə qısqandırır. Heç kim onu bir-biri ilə paylaşa bilmir. Çünki hərənin öz Vaqifi var.

Mənim Vaqif Səmədoğlum Bakının dar küçələrində fotoaparatıyla gəzən qəribə bir adam idi. Atam Fikrət Sadıqla onun görüş səhnələrini unuda bilmirəm. Ona böyük bir ata kimi yanaşmağı, qayğı ilə halını soruşmağı onu mənim doğmam edirdi. Onsuz da biz hamımız şeir tərəfdən qohumuq, doğmayıq. Sonra anladım ki, kimsə səndən öncə sənin yaşantılarını eyni ilə yaşaya bilər və beləcə həyatda yeni sənlər doğular ölər.

 Yazdıqlarını içinə gömən şair yaşadıqlarının şəklini çəkməyi sevirdi. Həyatı olduğu kimi qəbul edib hər anını tutmaq istəyirdi - musiqi ilə, şeir ilə, kadr ilə... O, hislərə can verən adam idi.

 Mənim Vaqif Səmədoğlum ömrünün ahıl çağında sevgisini tapmış bir sevgili idi. Ömrünün sonuna qədər sevdiyinə məktub yazardı. Çünki sevgi bir insanda özünü tapmaqdı. Kimdə sən daha çoxsan, o, sənin əsil sevdiyindi. Bunu hər kəs bu dünyada qazanmır. Hər bəndə Tanrısının yanına ardıyca bu qədər aşiqi qoyub getmir. Vaqif Səmədoğlu bütün bunları bacarmışdı.

 Vaqif Səmədoğlu uzun müddət çap oluna bilməyib. Çünki o, Sovet adamının tənhalığından yaza bilməzdi.

Bəlkə də tək-tük şairin timsalında şeirlərində anlayırıq ki, bütün insanlıq əslində tənhadır.

 Hər insanın öz musiqisi var. O, mənim üçün klassik musiqinin cazla sintezi kimidir: dövrünün və dövründən sonra da gələnlərə düşüncələrini cəsarətlə qələmə almağı öyrədir.

 Vaqif Səmədoğlu mənə həm də yaradıcı ailənin sonbeşiyi olmağı ilə doğmadır.

 Yalnız o acı günlər, onun bir şeir parçasında deyilən kimi:

 

bəlkə mən ağlayım

 sən də bərkdən güləsən,

 qoy eşidilsin həyatın səsi.

 

Bax, o xəstəlik də bu işığa kölgə salan əsil müvəqqəti həyatın səsi idi.

 Akademik Dram Teatrında olan son ad gunu tədbirində onu səhnə arxası görməyə getdim. İçəri keçib, qapıdan ona baxdım. Yazıçı Anarla oturmuşdu, üzü gülürdü, yalnız ətrafında olan insanlar onu sanki yorurdu. Ağrısını, xəstəliyini kənara qoyub onunla görüşmək üçün sıralanmışdılar. Birdən-birə duydum ki, bu izdiham onu incidir. Qapıdan dönüb, qaçıb getdim. Yolu gedə-gedə düşünürdüm Vaqif Səmədoğlunu.

 

Sevgilim mən öləndə

 bir küncdə xısın-xısın ağlayacaqsanmı sən?

 Kimin xarabasında bir damla yaşa dönüb

 düşəcəyəm gözündən…

 

Bu misralarla bütöv bir həyat tarixçəsini yazan adam.

 Hər kəsin olmağı bacaran həzin insan…

 

Ayrılıq bir dənizdir,

 Sən uzaq yaşıl ada...

 

Bu dünyada hər kəs olmaq asandır, bir kəs olmaq çətin. Həmin kəs Bakının dar küçələrində boynunda fotoaparat, ağ saçlı, iri eynəkli görkəmi, danışığı, rəftarı, özündən yaxın və doğma şeirləri yorğun və düşündürən - mənim Vaqif Səmədoğlumdur.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində 85 illiyini qeyd etdiyimiz mərhum Xalq şairimiz Vaqif Səmədoğlu barədə növbəti yazı təqdim edilir. Müəllif Kənan Hacıdır. 

 

Vaqif müəllimlə poeziyadan kənar, başqa vərdişləri, hobbisi haqqında ayrıca bir müsahibə eləmək istəyirdim. Bir-iki dəfə zəngləşdik, onda hələ amansız xəstəliyin izi-sorağı yox idi. Razılaşdı, amma hər dəfə görüş vaxtı qeyri-müəyyən vaxta qalırdı. Sonuncu dəfə "İçərişəhər" metrosundan çıxanda Vaqif müəllimi gördüm. Əlində kitablar vardı, kimisə gözləyirdi. Görüşdük, hal-əhval tutdu, özü haqqında yazılmış yazıların, müxtəlif mətbuat orqanlarına verdiyi müsahibələrin toplandığı kitabı mənə hədiyyə etdi.

-Başqa kitablarım səndə var? - deyə soruşdu. - Bütün kitablarınız məndə var, Vaqif müəllim. Hətta sovet dövründə çıxanları da axtarıb tapmışam, - dedim. Gülümsədi. 2000-ci ildə Vaqif müəllimin 60 yaşına bir yazı yazmışdım."Yaşıl uzaq ada"ya səyahət və ya azadlıqla baş-başa". Həmin yazı mətbuatda dərc olunmuşdu. Haqqında yazılanlardan ibarət kitabda öz yazımı axtardım, rastıma çıxmadı. Həmin yazını Vaqif müəllimə xatırlatdım. Əlini çiynimə qoyub dedi:

-Kənan, qadan alım, xatırlayıram o yazını. Vallah, kitab hazırlananda nəsə tapa bilmədim. İstəsən, təkrar çap etdirərsən.

-Yaxşı, - dedim. Sonrakı görüşümüz gənc şair Fərid Hüseynin toyunda oldu. Eyni masada oturmuşduq, Vaqif müəllimin əhvalı çox yüksək idi. Gənc yazarlarla özünəməxsus zarafatlar edir, düşündürücü fikirlər söyləyirdi. Ondan bir az əvvəl feysbuk hesabımda Vaqif müəllimin şeirindən bir bənd paylaşmışdım.

 

Qoy sevinim bu gün, utanım sabah,

Yarımçıq çıxmasın sinəmdən bu ah.

Günaha batmağım gəlib, ay Allah,

Cəsarət dəmidir, saxlama məni.

 

Mənalı-mənalı üzümə baxıb: "Kənancan, gördüm şeirimi paylaşmısan, bəs niyə bir bənd? Şeiri gərək bütöv paylaşaydın", - dedi.

-Vaqif müəllim, nədənsə məhz həmin bəndi paylaşmaq istədim, - deyə cavab verdim. Bığaltı qımışdı: - Birdən çaşıb sən də belə günahlar edərsən ha, - söylədi. Gülüşdük. Sözarası müsahibəni yadına saldım, "mütləq, vaxt tapıb görüşək", - dedi.

Amma tale elə gətirdi ki, nə biz Vaqif müəllimlə görüşüb söhbətləşə bildik, nə də o yazını yenidən çap etdirməyə imkan oldu. Sonra şairin amansız xəstəliklə mübarizəsi başladı... Həmin yazı arxivimdə qalır, nə vaxtsa mütləq yenidən çapa verəcəm. Vaqif müəllimi bir də Akademik Dram Teatrında özünün 75 illik yubileyində gördüm. Cismən çox zəifləmişdi, amma həmişə olduğu kimi həyat eşqiylə dolu idi... Salona toplaşanların hamısı bilirdi ki, şair bu dəfə doğrudan da oxucuları ilə, dostları ilə, onu sevənlərlə sağollaşır. Səhnəyə çıxmazdan əvvəl kulisdə divanda əyləşmişdi, salamlaşdım. O anda Vaqif müəllim qayıtdı ki, Kənanın da cəmi bircə şeirim xoşuna gəlib, onu da yarımçıq paylaşıb. Yaddaşına heyrət elədim.

Bu, Vaqif müəllimin mənimlə sonuncu zarafatı idi...

Vaqif Səmədoğlu Azərbaycan poeziyasında hadisə idi... İstisnasız, bütün şeirləri, poemaları, pyesləri, "Gürzəçöl yazıları" fenomenal təfəkkürün məhsulu idi.

O, bu həyatda ölümü də ömür kimi yaşadı...

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Cümə, 07 İyun 2024 11:13

Bakıdan yola salıram

“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam  etdirir. 

 

Bakıdan yola salıram

 

Xeyrəddin Qoca baş konsul vəzifəsində ayrı-ayrı vaxtlarda üç Xarici İşlər naziri ilə işləmişdir. Bir gün baş konsul şəxsi işləri ilə əlaqədar təcili Bakıya gəlməli olur. Təyyarə limanında yeni nazirlə rastlaşır. Nazirdən soruşur:

-Hara belə?

-İstanbula gedirəm, tədbir var.

Xeyrəddin müəllim təəssüflə:

-Bağışlayın ki, sizi İstanbulda qarşılaya bilmirəm, əvəzində Bakıdan yola salıram...

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Zaur  Ustac, “Ədəbiyyat və incəsənət” üçün 

 

Əlimdə Təranə Dəmirin yenicə işıq üzü görmüş  "Üşüyəndə özünü yandıran şair" kitabı, beynimdə (qalanı eynimə də deyil...) düzü-dünyaya səpələnmiş Kolanı elləri haqqında düşüncələr (Naxçıvan - Şahbuz - Kolanısından rəhmətlik Əhəd dayının dedikləri), gözlərim Biçənək aşırımında... 

 

Azərbaycan...

Öz adıma çox sevindim belə bir nümunənin mövcud olmasına... Hal-hazırda ədəbiyyatımızın, ədəbi cameənin - mühitin belə səmimi hisslərin məcmusuna çox böyük ehtiyacı var... İçdən, qandan, candan gəlməsə, belə kitabların ərsəyə gəlməsi əsla mümkün deyil... Hər iki qəhrəmanı; dəyərlimiz Qulu müəllimi və əzizizimiz Təranə xanımı təbrik edirəm! Bizi qarabaqara izləyib, ağzımızı güdən gənclik üçün gözəl örnəkdir! Sağ olun!

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının iyun repertuarı çox rəngarəngdir. Bu uik-end günlərində də sənət ocağı repertuarında xüsusi yer tutan tamaşaları teatrsevərlərin ixtiyarına verəcək.

 

7 iyun - “Motsart və Salyeri”, “Daş qonaq”

8 iyun - “Sindbad”, “Mən gəldim, qızlar”

9 iyun - “Qaraca qız”, “Qağayı”

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Cümə, 07 İyun 2024 15:36

Doktor Balametov

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

-Başa düşmürəm, sən bir gün ərzində bu qədər axmaqlıqları necə etmisən?

-Mən yuxudan çox erkən dururam. 

 

2.

Koroğlu Keçəl Həmzəyə həm də ona görə nifrət edirdi ki, vayfayına hansı parolu qoyurdusa qoysun, Keçəl Həmzə patolu qırıb rahat-rahat onun internetini israf edirdi.

 

3.

Qərb etiketləri ilə silahlanaraq Avropada tibbi təhsil alıb Bakıya dönən doktor Balametov dünyasını dəyişmiş pasientə “öldü”, “vəfat etdi” kimi sözləri etikadankənar hesab edərək yazmır, yazır ki, “məlum səbəblər üzündən daha müalicəsinə ehtiyac qalmadı”.

 

4.

RUS LƏTİFƏSİ

Ryazan çilingərləri yerli hakimiyyət əleyhinə hamılıqla etiraz aksiyasına başlayıblar.

Onlar arağı daha “zakuska”sız içirlər. 

 

5.

Balaca Səbuhi işdə olan anasına mesaj yazır:

-Ana, büsqalter sözündə ü olmalıdır, yoxsa u.

Anası cəld heyrət içində ona zəng vurur:

-Bu söz hardan sənin ağlına gəlib?

-Ana, dərsdə hər kəs anasının iş yerini yazmalıydı. Mən də büsqalter yazdım. Amma bilmirəm, ü düzdür, ya u.

Anası başını bulayır:

-Oğlum, mən büsqalter yox, buxalter işləyirəm.

 

6.

Optimist adam cibinin pulla dolmayacağını bilib də ciblərini çox kiçik tikdirir.

 

7.

Qoyun sürüsündə nə qədər seçki keçirirsənsə keçir, yenə də seçkini böyük fərqlə çoban qazanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə fərqli reseptlə Boranı çığırtmasının hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR 

§ Boranı – 150 qr

§ Noxud – 25 qr

§ Lobya – 25 qr

§ Çil lobya – 25 qr

§ Qara gavalı – 25 qr

§ Soğan – 20 qr

§ Yağ – 50 qr

§ Şəkər tozu – 30 qr

§ Duz – 4 qr

 

HAZIRLANMASI:

Boranının qabığı soyulur, xırda doğranır, tavaya yığılır və üzərinə su əlavə olunur. Suya noxud, lobya, çil lobya, qara gavalı əlavə olunur və bişirilir. Ərzaqlar bişdikdə üzərinə qızardılmış soğan, şəkər tozu əlavə olunur, əzilir və qarışdırılır.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.