Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Vasif Əlihüseynin şeirləri təqdim edilir.

 

 

DƏRD ELƏMƏ, ƏZİZİM

 

Küçədə yağış yağır,

sel götürüb hər yanı.

Yuyur günahlarını,

təmizləyir dünyanı.

 

Sənin də günahın var,

düzün deyim, bağışla.

İndi fürsətdi sənə,

çıx küçəyə yağışda.

 

Qoy saçların islansın,

gözlərinə yaş dolsun.

Ürəyinə “heyif”lər,

ürəyinə “kaş” dolsun.

 

Dərd eləmə, əzizim,

günahsız insan yoxdu.

İndi nə çıxdın-çıxdın,

sabaha leysan yoxdu.

 

 

KİNO ÇƏKİRSƏN

 

Eh! İndi bələnmiş xına əllərin,

Əsirdi kiminsə baş hərfinə.

Özün öz könlünlə çıxıb gedirsən,

Mənim hisslərimin bircə səhvinə.

 

Hələ sızıldamır o daş ürəyin,

Qoy hava qaralsın, bir gecə olsun.

Ən yaxşı günümüz toy günündüsə,

Bəs ən pis günümüz, de, necə olsun?

 

Bəlkə də, oturub ötən günündən

Yanıb dəqiqəsinə külün əkirsən.

Səndən yeddi oğul, qız istədilər,

Olmaya-olmaya kino çəkirsən. 

 

 

KÖRPƏLƏRİN ŞƏKLİ

 

Bütün müharibələrə

körpələrin yatdığı yerdə

şəklini göstərin,

onda anlayacaqlar

dünyanın nə qədər mənasız olduğunu

 

anaların qolları

saat kəfkiri kimi

yelləyir bu ağlağan uşağın beşiyini,

 

yellədikcə zaman ötür,

körpələr böyüyür,

əsgər olur.

 

 

SİNƏSİNƏ MİNA BASDIRILMIŞ TORPAQDI ÖMÜR

 

Sinəsinə mina basdırılmış

torpaqdı ömür,

Yaşayırıq, Allaha təvəkkül.

 

Gəl, istehkamı çağır,

irəlidə getsin,

biz də arxasınca –

qarşıdakı günləri qarşılamaq üçün.

 

Bax, ayağını itirən o adam

Hələ də peşmandı

Cızından çıxdığı üçün...

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

 

 

Bazar ertəsi, 10 İyun 2024 10:29

Şəhidlər barədə şeirlər – RAQUF ORUCOV

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Raquf Orucova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

                                                                

 

RAQUF İBRAHİM OĞLU  ORUCOV

(12.07.1972.-04.04.2016)

 

Ağdam rayonu Cinli kəndində doğulmuş, Azərbaycanın Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Aprel döyüşlərinin şəhidi

Şəhid olduğu yer: Ağdərə rayonu Talış kəndi

Dəfn yeri: Bakı şəhəri Şəhidlər Xiyabanı

 

 

 

MUROV QARTALI

 

I

Sevirdi bu Vətəni sonsuz məhəbbət ilə,

Yaşadı öz ömrünü Raquf ləyaqət ilə,

Son anadək döyüşdü düşmənlə qeyrət ilə,

Adını ölməzlərin cərgəsinə yazdı o.

 

   II

 

Taleyinə düşmüşdü doğulmaq Qarabağda.

Cənnət elə burdadır, axtarmayın uzaqda.

Nankor, kafir qonşular insan yox,  şeytan imiş,

Hiyləgərlik, alçaqlıq tayfadan, soydan imiş.

 

Torpağı əlimizdən istədilər alsınlar,

Qonaq kimi gələnlər sahib kimi qalsınlar.

Bu yurdun balaları düşmənə torpaq verər?

Heç bir çopur daş verməz, gözəl Qarabağ verər?

 

Atıldılar döyüşə ölümdən qorxmayaraq,

Yalnız qeyrətləridir  onlara silah-yaraq.

Vətəndən uzaqdaydı Raquf həmin zaman,

Hərbi xidmətdə idi, məkansa Özbəkistan.

 

Tez qayıtdı Ağdama, ana Vətən dardadır.

Vətən axtarır onu, deyir, -balam, hardadır?

Yazıldı ordumuza  qorxmaz bir əsgər oldu.

Onun evi-eşiyi dağ, meşə, səngər oldu.

 

Döyüşlərin birində o, ağır yaralandı,

Yarasını gizlətdi, ağrı-acısın dandı.

Ruhdan düşmədi Raquf döyüşə getdi yenə,

Söylədi, ön cəbhədə ehtiyac vardır mənə.

 

Düşmən-arxalı köpək, o simasız, hiyləgər,

Bir-bir ələ keçirir neçə kənd, neçə şəhər.

Doğma kəndi Cinlinin bir gün gəldi bəlası,

Necə də dəhşət idi...şəhid oldu anası.

 

Dünya bir heçə döndü gözlərində igidin:

“Yox-yox... alınmalıdır qisası hər şəhidin.

Oxuyub səy edərək hərbçi olacağam,

Vətən şəhidlərinin qisasın alacağam.”

 

 

 

III

Çalışdı, zəhmət çəkdi, ali məktəbə girdi,

Komandirlər Məktəbin uğur ilə  bitirdi.

Alaraq ön cəbhəyə Raquf təyinatını,

Şərəflə davam etdi öz zabit həyatını.

 

Qisas hissi qəlbindəcoşur, aşıb-daşırdı,

Torpaq azad olunar, xəyalla dolaşırdı.

Kəşfiyyat komandiri oldu “Murov qartalı”,

Yağıları qovmaqdı əqidəsi,  amalı.

 

Cəsur kəşfiyyatçılar düşməni salır çaş-baş.

Raquf əsgərlərinə həm komandir, həm qardaş.

Raquf erməni dilin öyrənmişdi, bilirdi,

Adını eşidəndə“Tayqulaqlar” ölürdü.

 

  IV

 

O “Aprel döyüşləri”mücdəsiydi zəfərin,

Haqq- ədalət sındırdı belini fitnə-şərin.

Bu döyülərşdə Raquf  göstərərək rəşadət,

Şəhid oldu, şəhidin yeri- müqəddəs cənnət.

Sumqayıt şəhərində Şəhidlər Xiyabanı,

Qucağına alıbdır ölümsüz qəhrəmanı.

 

Raqufun həyatının həm fərəhi, sevinci,

Aqşindi, Nihad idi bir də vardı Sevinci.

Onlar Raqufun adın uca tutub hər zaman,

Sübut eylədilər ki bizimlədir qəhrəman.

 

Raquf, sənin müqəddəs arzun çiçək açıbdır,

Qarabağ azad olub bizə qucaq açıbdır.

Ağdam, Şuşa, Kəlbəcər, yenidən tikilir bax,

Ruhun şad olsun igid, azad olub Qarabağ.

 

(Yazılma tarixi: 08.04.2024)

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

 

 

 

 

 

 

 

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

İTKİ

3.

 

Səhnə 31. İnt. Gün..

Qadın və Səfər mətbəxdə oturublar... Qapının zəngi eşidilir.

Qadın:

– Dur qapını aç... Onu da mən eləməyəcəm ki...

Səfər ayağa qalxır və qapıya doğru gedir. Qapını açır. İçəri Sarışın daxil olur. Sarışın qadınla öpüşüb-görüşür. Hiss olunur ki, Sarışın bu evdə yad deyil. Səfər qapının yanında onlara tamaşa edir.

Sarışın:

– Heç yerdə yoxdur. Elə bil heç olmayıb.

Sarışın sözünü dedikdən sonra qadına baxır və otağa keçir... Daha sonra qadın araya çökmüş sükutu pozur və Səfərə deyir...

Qadın:

– Sən hələ dostunla düşmənini ayıra bilmirsən... Bu adama sirr etibar eləmək olar?

Səfər acıqlı şəkildə qadının yaxasından tutur...

Səfər:

Adam ancaq sənin o peysər qardaşındır, hə?!

Qadın:

Qardaşımın adını çəkmə. O, sənin tayın deyil!

Qadın yaxasını Səfərdən qurtarır.

Səfər:

Get çay gətir!

Qadın heç nə olmamış kimi mətbəxə keçir.

 

Səhnə 32. İnt.  Gün.

Səfər və Sarışın otaqda oturublar. Hər ikisi fikirlidir. Sükutu Səfər pozur.

Səfər:

Neynəyim?

Sarışın:

Doğurdan heç nə xatırlamırsan?

Səfər:

Vallah xatırlamıram.

Qadın otağa qayıdıb soruşur.

Qadın:

Məndən nə istəmişdin, unutdum...

Sarışın:

Çay.

Qadın yenidən mətbəxə qayıdır.

 

Səhnə 33. Ext. Axşam

1-ci və 2-ci nərd oynamağa davam edirlər. 2-ci adamın kefi kökdür. O fikirləşir və daha sonra həmləsini edir.

1-ci adam:

Paho… Belə də şey olar?! İndi səni peşman edərəm…

Hava qaralmaq üzrədir… 2-ci vəziyyətin mürəkkəb olduğunu indi başa düşür. Bir udum çay içmək üçün stəkanı götürür. Bu zaman qəza baş verir və 2-ci adam zəri atarkən zərlər yerə dığırlanır.

 

Səhnə 34. Ext. Gün.

Dənizkənarı park. Sarışınla Səfər səhər idmanı edirlər. Qaçırlar.

Səfər:

İllərdir ki, səhər durub, axşam yatıram. Ondan savayı yadıma heç nə gəlmir. Gördüm ətrafımda hamı pul qazanır. Mən də istədim. Yıxılanı təpiklədim. Güclüdən qorxdum. Əyilsəm də, ailəmi tox saxladım. Qurban vaxtı qurban kəsdim, borc istəyənə borc verdim. Zəlzələ olanda iki kasıb qonşumu da evimdə saxladım. Onlara toyuq şorbasına qədər hazırlatdım... Kim edərdi bunu? Hamı necə, mən də elə, ay qardaş... Desəm hamıdan yaxşı olmuşam, yalan olar. Desəm ki, pisəm, o da düz olmaz. Olmamışam axı... Vallah, mən pis adam deyiləm... Bu niyə itsin?

Sarışın:

Bəlkə adam öldürmüsən?

Səfər:

Ə tövbə!

Sarışın:

Bəlkə səni öldürüblər?

Səfər:

Ağ eləmə!

Sarışın:

Bəlkə qorxudub əlindən alıblar?

Səfər:

Kim?

Sarışın:

Nəsə əldə etməkdən ötrü nəyisə qurban verməlisən... Bilmirsən bunu? Elə bilirsən mən heç nə itirməmişəm? Atamdan mənə bir portsiqar qalmışdı. Üstündə Stalinin döyməsi vardı. Onu oğlumun komandirinə verdim. İndi də məni yandırır... Bu, itki deyil?!

Səfər Sarışının sözünü yarımçıq kəsərək dənizə doğru qaçır. Səfər paltarlı dənizə girir... Dərinliyə doğru gedir...

 

Səhnə 35. İnt. Gecə.

Səfər çarpayının qarşısında oturub. O, qadına deyir.

Səfər:

Dur yerimi sal, yatıram.

Qadın otağa daxil olub çarpayını sahmanlayır. Yapıxmış balıncı çırparaq yerinə qoyur. Döşəkağını dəyişir. Səfər gecə köynəyini geyinib güzgünün qarşısına keçir. Diqqətlə özünə baxır. Əliylə üz-gözünü sığallayır. Çiyninə, başına toxunur. Qadın da gecə köynəyini geyinib yerinə uzanır.

Qadın:

Gəl gir yerinə! Bundan sonra kimə lazımsan?

Səfər dinməzcə yerinə girir və yorğanı başına çəkir. Yorğanın altından onun boğuq səsi eşidilir.

Səfər:

Əlimdən tut. Qorxuram...

Qadın:

Burdayam da. Uşaqsan?

Səfər:

Bəlkə kənddə itirmişəm?

Qadın:

Ola bilməz!

Səfər:

Atangildə deyil?

Qadın:

Oranın sənə nə dəxli var?

Araya sükut çökür. Səfər yorğanın altında hönkür-hönkür ağlayır.

Qadın:

Niyə ağlayırsan?

Səfər:

Ağlamıram!

Qadın:

Görmürəm? Ağlayırsan!

Səfər:

Qorxuram da...

Qadın:

Nədən qorxursan?

Səfər:

Sənə asan gəlməsin e...

Qadın ayağa qalxıb işıqları yandırır. Səfər yorğanın altındadır. Üzü görünmür...

Qadın:

Necəsən?

Səfərdən səs çıxmır... Qadın barmaqları ilə yorğanı Səfərin üzündən çəkir. Səfərin onsuz da iri olan gözləri bir az da açılıb. O, qorxa-qorxa qadının üzünə baxır...

Qadın:

Adə, səninləyəm... Necəsən?

Səfər:

Gördün? Sənə nə deyirdim... Belə necə yaşayacam indi? İtib də... Görmürsən itib?..

Qadın yenidən işıqları söndürüb yerinə uzanır.

Səfər:

Bilinir?

Qadın:

Burda məndən başqa adam var görə?

Səfər:

Yata bilmirəm, layla oxu mənə!

Qadın yorğanın altında Səfəri qucaqlayıb layla oxumağa başlayır.

Qadın:

Saçı uzun Burla xatın,

Bu balamı qəndə qatın.

Əgər yatmaq istəməsə,

Pəncərədən çölə atın!..

 

Burdasan, adə?!

...

Nə tez yatdın?

Səfərin səsi yenə eşidilmir...

Qadın:

Eşitmirsən məni?

Səfər (xırıltılı səslə):

Bu cür öləcəm?

Qadın:

Tapmasan, hə!

Səfər:

Bəlkə sən götürmüsən?

Qadın:

Götürənə Allah lənət eləsin!

Səfər:

Bəs indi mən neynəyim?

Qadın:

Yat! hamı necə, sən də elə... yat daha.

 

Saçı uzun Burla xatın,

Bu balamı qəndə qatın.

Əgər yatmaq istəməsə,

Pəncərədən çölə atın!..

 

Səhnə 36. Ext. Gecə

Dəniz kənarı. Balıqçı daxması. 2-ci adam zərləri axtarmağa başlayır. Amma masanın altında tapa bilmir. Daha sonra 1-ci tərəfə çevrilir və deyir.

2-ci adam:

Fənəri ver.

1-ci adam alışqan fənəri 2-ci adama uzadır. 2-ci adam bir cibindən bir siqaret çıxarır və yandırır. Daha sonra alışqanın fənəri ilə zəri axtarmağa başlayır…

1-ci adam:

Bircə cüt zərimiz var idi. Onu da itirdin.

 

 “Ədəbiyyat və incəsənət”

(10.06.2024)

 

 

 

 

 

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Yazıçı Varis növbəti doğum gününü qeyd etdi. Ondan bir iqtibas gətirmək istəyirəm, “Son məktub” romanındandır. 

Hadisələri İstanbul şəhərində bəhs edən bu roman İstanbulda, IQ yayınlarında dərc edildiyi 2014-cü ildə Türkiyə kitab bazarını araşdıran 1000kitapcom portalının “Populyar kitablar listəsi”nə düşməyi bacarlb, yerli və əcnəbi, müasir və klassik yazarların 75000 kitabı arasında sadəcə 52-ci pilləyə yüksələ bilib. 

 

“…Bir bilsən əvvəlki illərdə sənə nə qədər məktublar yazmış, cırıb küləklərdə uçurtmuşam.

Bəzən hətta uşaq sadəlövlüyü ilə bu kağız parçalarından birinin sənin əlinə keçəcəyinə də özümü inandırmışam hələ.

Nə qədərini də xəyalən yazmışam, beynimdə yaranıb, beynimdə də gömülüb onlar.

Sənsiz yetim qalan hislərimi, duyğularımı bura köçürəsi halım yoxdur.

Bilmirəm haralardasan, kiminləsən. Bildiyim tək bir şey odur ki, aramızda illər var, sərhədlər var, bir də dəfn etdiyimiz arzular, istəklər.

Bir tək ümidlərə sığınaraq axı nə qədər yaşamaq olar?!

Bu, sənə yazdığım son məktubdur. Doğrudan da sonuncudur.

Bilirsən, illər keçəndən sonra yazılan bütün məktublar ya cırılıb atılır, ya da silinir, yalnız ilk və son məktub istisna olmaqla. 

İşə bax ki, indiyədək sənə nə ilk məktubumu göndərmişəm, nə də sonrakıları. Görünür, yalnız son məktubumu oxumağın qismət imiş.

Səndən heç bir istəyim yoxdur, heç niyə yazdığımı da bilmirəm.

Sadəcə, yazdım. Yazdım ki, bunları biləsən. Biləsən ki, sənə qədərki və səndən sonrakı həyatım olmayıb. Yalnız səninlə keçən həyatım olub. 

Qarşımda günahkarsan. Və qarşında günahkaram. Ən böyük həqiqət bax budur. 

Hər bir insanın içində işıq var. Çox vaxt insanların içindəki işığı zaman söndürür. Amma biz içimizdəki işığı özümüz söndürdük”.

 

Xatırladım ki, Varis Ümumdünya Yazıçılar Təşkilatının Türk dövlətləri və türkdilli xalqlar bölməsinin katibi, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, 

əməkdar jurnalist, ölkədə ən çox satılan kitabın -  "Sonuncu ölən ümidlərdir" romanının müəllifi, Azərbaycanın tanınmış yazıçısıdır.

O, Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 

"168 saat" və "7 gün" kimi qəzetlərdə redaktorluq və baş redaktorluq edib.

1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının "Gecə kanalı" proqramının yaradıcılarından olub.

2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Azərbaycan" nəşriyyatına baş redaktor,  2007-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru təyin edilib. O, həmçinin Azərbaycanda ilk "TV plyus" milli teleradio jurnalının baş redaktoru olmuşdur.

2001-2005-ci illərdə  müxtəlif beynəlxalq qurumlar tərəfindən media mükafatlarına layiq görülüb

Müxtəlif illərdə "Dan ulduzu" ali jurnalistika mükafatına, "İlin ən yaxşı redaktoru", "əməkdar jurnalist" adına layiq görülüb.

İlk hekayələri Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə "Ulduz" jurnalında dərc edilib.

Hazırda "Sonuncu ölən ümidlərdir", "Bir ovuc torpaq", "Sənə inanıram", "Son məktub", "Uzaqdan gələn yağış", "Yetmiş yeddinci gün", "Qırmızı ləçəklər", "Qızıl cib saatı" kimi bir çox sevilən romanların müəllifidir.

Kitabları ABŞ, Özbəkistan, Rusiya, Türkiyə, İran kimi xarici ölkələrdə çap olunub.

Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LİFFt festivalının qızıl laureatı, UNESCO-nun A.Mitskeviç medalçısıdır.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparmış mərhum şairimiz Çərkəz Məcidin həyat və yaradıcılığından bəhs edən "İkinci ömür" adlı kitabının təqdimatı keçirilib. Kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, şair Elşad Baratdır.

 

Elşad Baratın “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, tədbirə  tanınmış şair Yusif Nəğməkar aparıcılıq edib. 

Çərkəz Məcidin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış üçün ilk söz Çərkəz Məcidin oğlu Əli Çərkəzoğluna verilib. Geniş çıxış edən Əli Çərkəzoğlu tədbir iştirakçılarına və müəllifə təşəkkürünu bildirib. 

Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda baş tutan tədbirdə Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, şair Sayman Aruz, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri, şair Xəyal Rza,  yazıçı-publisist Bahəddin Həzi, "Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs, "Mirvari Dilbazi porziya məclisi" İctimai Birliyinin sədri, yazıçı Güllü Tomarlı, biologiya üzrə fəlsəfə doktoru, yazıçı Sadıq Qarayev və başqa bir çox ədəbiyyat, mədəniyyət, media nümayəndələri çıxış ediblər. 

Qiraətçilər tərəfində Çərkəz Məcidin şeirləri səsləndirilib. Sonra xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

Bazar ertəsi, 10 İyun 2024 14:04

Tacik təyyarəsi

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Təyyarə qəzaya uğramaqdadır. Hamı panikada, çığır-bağırda.

Təkcə bir qadın sakitcə oturub.

Biri bunu görüb ondan soruşur:

-Yəni siz xilas olunacağınıza əminsiniz?

-Bəli.

-Hardandır axı bu əminlik?

-Bilirsiz, mənim qaynanam dünyanın ən bəxti gətirməyən şəxsidir. 

 

2.

Amerika.

-Mənim cəmi 45 yaşım var. Ailə qurmaq, uşaq yiyəsi olmaq hələ çox tezdir.

Afrika.

-Mənim artıq 25 yaşım var. Və bu yaşda

cəmi 3 nəvəm var. 

 

3.

Mən hər dəfə sabahdan içkini atacağıma söz verirəm. 

Amma səhər ayılanda təqvimə baxıb görürəm ki, yenə də bu gündür.

 

4.

Bir dəfə Tacikistandan Bakıya gələndə tacik aviakompaniyasına məxsus təyyarə ilə gələsi oldum. Və başa düşdüm ki, öz smartfonumu kreslonun arxasındakı usb portuna qoşanda, mənim telefonum təyyarəyə “zaryatka” verməyə başlayır. 

 

5.

Bu da 3-cü minillik. 

Evlərdə üç televizor, üç kompüter, beş mobil telefon və tapa bilsən, bir kitab. 

 

6.

İşə götürülən gənc xanım bir kadr kimi peşəkar idi. 70 yaşlı müdirsə həvəskar idi. Peşəkar həvəskarı!

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Suda bişmiş səbzəli baliğın hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR

§ Balıq – 156 qr

§ Soğan – 20 qr

§ Kərəviz – 12 qr

§ Cəfəri – 12 qr

§ Tərxun – 12 qr

§ Alça (albalı) – 10 qr

§ Yumru qara istiot – 2 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Ala qızılbalıq təmizlənir, yuyulur, duz, istiot vurulur. Soğan və göyərtilər doğranır. Balığa yumru qara istiot və təzə alça əlavə olunur. Alça olmadıqda isə təzə pomidor və ya pomidor rubu, çəyirdəyi çıxarıl- mış albalı əlavə oluna bilər. Vam odda bişirili

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) təşkilatçılığı, Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi, ICESCO və Dövlət Turizm Agentliyinin dəstəyi ilə iyunun 7-də ICESCO-nun Rabat şəhərindəki baş qərargahında “Şuşa günləri” tədbiri maraqlı və yaddaqalan gecə ilə yekunlaşıb.

 

AzərTAC xəbər verir ki, tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov, Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin sədri Murad Ağabəyli, ŞŞDQİ-nin icraçı direktoru Tural Novruzov, xüsusi nümayəndəliyin, qoruğun əməkdaşları, həmçinin müxtəlif ölkələrin Mərakeşdə akkreditə olunmuş səfirləri, ICESCO rəsmiləri, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AzərTAC-ın təqdim etdiyi fotolardan ibarət sərgiyə baxış olub. Burada Şuşanın tarixi keçmişini, müharibədən əvvəlki və sonrakı vəziyyətini bərpa-quruculuq, yenidənqurma işlərini, əsrarəngiz təbiətini özündə əks etdirən müxtəlif fotolar sərgilənib, hər biri haqqında məlumatlar verilib.

Sonra qonaqlara XVIII-XIX əsrlərə aid Qarabağ milli geyimləri nümayiş olunub, onların tarixi haqqında məlumat təqdim edilib.

Tədbirin kulinariya bölümündə qeyd olunub ki, Azərbaycanın milli mətbəxində unikal iqlim şərtləri və formalaşma tarixi ilə təkrarsız məhsulların coğrafiyası olan Qarabağ regionu, xüsusilə mədəniyyət beşiyimiz Şuşanın mətbəxi dünya qastronomiyasında özünəməxsus yer tutur. Şuşa mətbəxinin Mərakeş mətbəxi ilə ortaq tərəflərini tərənnüm edən menyu pip dolması, kabab büryan, firni, boyanalı aş, Qarabağ kətəsi, reyhan şərbətindən ibarət olmaqla hazırlanıb. Eləcə də təndir kimi milli bişirmə alətlərində təqdim olunan menyu Şuşanın qeyri-maddi mədəni irsindən ibarət mədəni proqramın bir hissəsi kimi nümayiş etdirilib. Şuşa mətbəx nümunələrini dadmaq şansı əldə edən qonaqlara, həmçinin ölkəmizin turistik qastronomiya marşrutları haqqında da məlumat verilib.

Qarabağımıza, Şuşamıza həsr edilən səyahət konsert proqramı ilə davam edib. Konsertdən əvvəl ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov çıxış edib, “Şuşa günləri”nin önəmindən, 30 il işğal altında qalmış tarixi şəhərin bu gün yenidən dirçəlməsindən, Şuşada keçirilən beynəlxalq səviyyəli tədbirlərin hər birinin əhəmiyyətindən söz açıblar.

Daha sonra söz Azərbaycanın tanınmış incəsənət xadimlərinə verilib. Şuşamıza həsr olunan videoçarxın nümayişindən sonra təqdim olunan konsert proqramında Qarabağı, Şuşanı vəsf edən mahnılar səsləndirilib, Azərbaycan Dövlət Rəqs Ansamblının üzvlərinin ifasında milli rəqslərimiz ifa edilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

Bazar ertəsi, 10 İyun 2024 10:14

“Sənsiz" Qazaxıstanda nümayiş olunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Qazaxıstanda keçirilən MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin V Teatr Forumunda ölkəmizi təmsil edir. Hər şeydən əvvəl türk dövlətində keçirilən bu forumu türk teatr xadimlərinin növbəti ünsiyyəti də adlandıra bilərik. 

 

AzərTAC xəbər verir ki, beynəlxalq tədbirdə iştirak Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə həyata keçirilir.

Forumda teatrşünasların, dramaturqların, teatr rəssamlarının iştirakı ilə yanaşı, gənc rejissorların iştirakı da proqrama daxildir.

Beynəlxalq forumda iştirak edən 22 nəfərlik qrupa rəhbərliyi Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov edir.

Bu il forumda Azərbaycanı gənclərdən Cavid Zeynallı, Dağlar Yusif, Abdulla Elşadlı, Ümüd Abbaszadə, Sahib Əhmədov, Elmira Üzeyirova və Fərəh Quliyeva təmsil edir.

Forumun maarifləndirici proqramında teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edəcək, master-klasslar və sərgi təşkil olunur.

Həmçinin forum çərçivəsində Uyğur Respublikasının K.Kujamyarov adına Dövlət Musiqili Komediya Teatrında Azərbaycan

Dövlət Akademik Milli Dram Teatrının “Sənsiz” tamaşası nümayiş olunub.

Yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır.

Rolları Xalq artisti Mehriban Zəki (Sevinc), Əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral), Elçin Əfəndi (Fərhad), Elsevər Rəhimov (gənc Tərlan), Lalə Süleymanova (gənc Sevinc) canlandırıblar.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

İyunun 27-də İstanbul Atatürk Mədəniyyət Mərkəzinin qalereyasında Azərbaycan Respublikasının 105, Türkiyə Cümhuriyyətinin isə 100-cü ildönümü münasibətilə istedadlı rəssam Eldəniz Babayevin “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılacaq və “Eldəniz Babayev. Zəfər müjdəsi” adlı kitab-kataloqun təqdimatı keçiriləcək.

 

AzərTAC xəbər verir ki, rəssamın yaradıcılığının müxtəlif dövrlərini əks etdirən sərgidə əsasən portret, natürmort, məişət və tarixi janrlarda olan və təqribən yetmişə qədər bоyakarlıq və qrafika əsərləri nümayiş olunacaq. Sərgidə Azərbaycanın Vətən müharibəsində qazandığı misilsiz Qələbə, “Bir millət, iki dövlət” ifadəsinin aktuallığını açıqlayan, Azərbaycan–Türkiyə dоstluğunu tərənnüm edən, həmçinin xalqımızın məişətini, adət-ənənələrini, mədəniyyətini vəsf edən təsviri sənət nümunələri nümayiş olunacaq.

Sərgidə Ümummilli Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, eləcə də Azərbaycanın müstəqillik qazanması uğrunda müstəsna rol oynamış Azərbaycan və Türkiyə hərbi komandanlarının portretləri də yer alacaq.

Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, TÜRKSOY-un, Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanda Atatürk Mərkəzinin, Azərbaycan Beynəlxalq Əlaqələr Mərkəzinin, “Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Rəssamlar Birliyinin, Bakı Rəsm Qalereyasının və “Yeni Gallery” Bakı Sənət Mərkəzinin dəstəyi ilə keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.