Super User
STATUSLAR STATUSUnda Əli Niyazbəyli
Növbətçi: Könül, “Ədəbiyyat və incəsənət”
Bu dəfə facebook sosial şəbəkəsindən sumqayıtlı aktyor Əli Niyazbəylinin bir postunu sizlər üçün seçdim. Post toy məclisləri mövzusundadır. Axı Əli bəyi hamı mahir toy aparıcısı kimi tanıyır.
Toy məclislərinin tarixin hansı günündən başlandığını dəqiq bilən yoxdur. Sonunu da heç kim bilməyəcək. Nə qədər həyat var, insanlıq var, toy da var olacaq. Ancaq çox təəssüf ki, dəbdən-dəbə, haldan-hala düşən toylarımız bu gün çeynənilib dadını itirib yumşalan saqqıza bənzəyir. Bu işdə günahkar axtarmaq lazım deyil. Günah birbaşa toy sahiblərindədir. Adam otuz-qırx il gözləyir ki, övladına toy etsin, ağsaqqal xeyir-duası olsun, bir qohum, bir dost məclisə münasibət bildirsin, toyu peşəkar tamada idarə etsin. Ancaq nə baş verir: yarı müğənni, yarı aparıcı məclisi pis vəziyyətə gətirib çıxarır. Çox insan düşünür ki, kimin toyunda çox adam oynayırsa, kimin toyunda çox səs-küy varsa, demək, o toy yaxşı keçir. Səhv edirsiniz. Toy ancaq oynamaq üçün deyil. Toya gələnlər istirahət etməlidirlər, tamada bəy-gəlinə öyüd-nəsihət verməlidir, arada birbaşa məclis üçün gərəkli olan şeirlər deməli, atalar sözlərindən istifadə etməlidir, bir az muğam, bir az xalq mahnıları səslənməlidir, təbii ki rəqs də olmalıdır. Mən qırx il toy məclisləri idarə etmişəm. Bütün Azərbaycanımızda mənim səsim, sözüm var. Toyunu etdiyim cütlüklər hamısı xoşbəxtdir. Toy bir teatr tamaşasıdır, onu qurmaq lazımdır. İndi hərə beş-on şeir əzbərləyib düşüb toyların canına. Toyu idarə edən insanın özünün nümunəvi ailəsi olmalıdır, ailə dəyərlərini bilməlidir. Ay insanlar, toyunuzu tapşırırsınız, Zəlimxan Yaqub demişkən: “Dörd dəfə evlənib beş dəfə boşananlara”. Onun özünün normal ailəsi yoxdursa, o nə xeyir-dua verə bilər, sizin övladlarınıza hansı ailə dəyərlərindən danışa bilər? Boşanmaların bir səbəbi də məhz budur. Siz çox gec başa düşəcəksiniz ki, səhv etmisiniz. Tamada başqa şeydir, aparıcı başqa.
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)
Bu dünya nə yaman boşalıb… - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ
1.
İndi qaranlıqdan keçir
bütün xəyallar,
Ulduzlar bir gecəlik qonaqdı.
Köhnə havanı oynayır təzə arzular,
Əl çalmaq yasaqdı.
...Torpaq yağışı arzulamır,
Əslində buludlar torpağa acdı.
...Pəncərəsi açıq evlərin
sirrini küləklər yayır,
Bağlı qapılar qeybətə möhtacdı.
..İndi sevgilər bu gündən yox,
sabahdan asılır.
Ona görə də çox vaxt
"Azadlıq" sözü dırnaq arasında yazılır.
2.
Ümid edə -edə ömrü bitirdik,
Ömürdən o yana nə var, İlahi?
Gah suya yüyürdük, gah dənə qaçdıq,
Getdi biz gözləyən qatar, İlahi.
Aşdı üstümüzə əzablarımız,
Nə tapdıq hamısı alayarımçıq.
Sən verən bu ömrü yaşamadıq ki,
Tutunub dayandıq qonşuya acıq.
Sən demə nağıllar baş alladırmış,
Günəş də zülmətdən doğurmuş demə.
Qismət deyə -deyə, bəxt gəzə-gəzə
Şeytan evimizi yıxırmış demə.
Xəyallar sonuymuş həqiqətlərin,
Aldanmaq ən acı həqiqət imiş.
Görüşə çətirsiz gələnlər üçün
Sən demə yağış da səadət imiş.
Nə bahar görmədik, nə də ki, payız,
İndi də qapını qış alıb, Allah.
Deyəsən tənhalıq ömrü yaşayır--
Bu dünya nə yaman boşalıb, Allah.
3.
İSTANBULDAN DÖNƏRKƏN YAZDIĞIM ŞEİR.
Cığır-cığır, çəpər -çəpər,
Dəniz-dəniz, liman-liman,
Ölkə -ölkə, şəhər-şəhər,
Qaya-qaya, orman-orman
Ürəyimdə kök atmısan,
Dodağımın sözü Vətən,
Həsrətimin özü, Vətən!
Tarixlərin yaddaşında
Ərən kimi qalan yurdum,
Talan yurdum.
Dərdlərində yanıb, yanıb
Külündə bir də doğulan
Qalam yurdum,
Azərbaycan,
Salam, yurdum!!
Kimlərə pay verməmisən
Axı halal çörəyindən?
Üzünə kim ağ olmayıb,
Kimlər çəkib ətəyindən?
Kimlər verib ürəyini,
Kimlər vurub ürəyindən?
Kimlər keçib ələyindən?
Şərəfiylə, qeyrətiylə,
Sevgisiylə, şəfqətiylə
Dünyaya səs salan yurdum,
Azərbaycan,
Salam, yurdum!
Hara getsəm çəkir məni
Bu torpaq, bu su, bu hava,
Bu duman, bu külək, bu çən,
Bu yuva, bu el, bu oba,
Anam Vətən, babam Vətən,
İstəyirəm yağış olub
Damcı -damcı torpağına hopam, Vətən!
Minib arzu köhlənimə
Səni dağ-dağ, çəmən -çəmən
O baş , bu baş çapam, Vətən.
Sərhəd -sərhəd tikələnib
Şəhid-şəhid bütövlənən ,
Şeir -şeir hecalanan,
Varaq-varaq çiçəklənən,
Dilimizdə ən müqəddəs
Kəlam, yurdum,
Azərbaycan,
Salam, yurdum!
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)
1964 yaşlı şair - Qulu AĞSƏSDƏN
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində 85 illiyini qeyd etdiyimiz mərhum Xalq şairimiz Vaqif Səmədoğlu barədə növbəti yazı təqdim edilir. Müəllif Qulu Ağsəsdir.
"Ömür gedir, ölüm gedir,
O bir yana, bu bir yana.
Yerini de, unutmuşam,
Səsim hardadı,
ay ana?!"
Vaqif Səmədoğlu bu şeirində nənəsinin tumanından tutub qonşuya oturmağa gedən uşaq yaşındadı...
"Burda qoyma bura gəlməyini də!"
Vaqif Səmədoğlu təzəcə sevir...
"Qəzetdə bir yazı oxudum, amma
Nədənsə qızlarım düşdü yadıma".
Vaqif Səmədoğlu qocalır, deyəsən...
"Başımız bir yastıqda
Bir-birimizdən xəbərsiz".
Vaqif Səmədoğlu darıxır...
"Sənə inamdan da gözəl sevgi var,
Məhəbbət dəmidi, saxlama məni."
Vaqif Səmədoğlu təzədən cavanlaşır...
"Qoy tarixdə adım qalsın
Nüşabənin qulu kimi".
Vaqif Səmədoğlu yavaş-yavaş ev-eşiyə sığmaq istəyir...
"Millət, dövlət zirvəsindən
İnsana enmək vaxtıdı".
Vaqif Səmədoğlu ictimailəşir...
"Yenə dərdə sığınıb
Azərbaycan ölkəsi".
Vaqif Səmədoğlu siyasiləşir...
"Allah, keç günahımdan
Qospodi, prosti".
Vaqif Səmədoğlu yalvarır...
"Mən burdayam, İlahi!"
Harda Vaqif Səmədoğlu?
"Yumruğunla qız üzündə
Anamı söydüyün yerdə".
Ora çoxmu uzaqdı?
"Papirosum da yox,
Ölçəm bu yolun uzunluğunu".
Niyə göz-gözü görmür?
"Bakıya duman gəlib,
Deyəsən, yaman gəlib,
heç kəsə demə..."
Ayrı nə var, nə yox?
"39-da doğuldum,
37-də tutuldum".
2003-39...
1964 yaşınız mübarək, Vaqif Səmədoğlu!
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)
BİR SUAL, BİR CAVAB El Roman ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
Öyrəndikdən və sevdikdən sonra daha çox əzab çəkəcəksiniz. ( Viktor Hüqo)
Gedişini xəyal edib
Gülüşündən yan keçirəm.
Göz yaşımı sel edənin
Göz-qaşına and içirəm.
Günahkaram, damarımdan
Qan içənə qansız dedim.
Can alana canan deyib
Can verənə cansız dedim...
( El Roman)
El Roman bəy, sevginin əzabı acıdırmı, yoxsa şirin, bəlkə də, hər iki daddan yaranan bir daddır?
CAVAB:
- Məncə, sevgi ən orijinal hissdir. Heç bir hissin törəməsi deyil və heç bir hissə yaxın deyil. Yerdə qalan istənilən hiss hansısa başqa hissdən törəmədir. Sevginin o qədər dəqiq simptomları var ki, kimisə sevən kimi bu hissin adının sevgi olduğuna əmin ola bilərsən. Ad qoya bilməyənlər artistlik edir. "Sevginin əzabı" deyilən bir şey yoxdur. Əzab nəyə deyirsiniz ki? Qarşı tərəfin tərk etməyi nəzərdə tutulursa, bu çox absurd və əsassız düşüncədir. Tərk edilmək sənətdir axı. Özün özünün sənətkarı olursan. Sən sonradan bu haldan istifadə edərək bərkiyirsən, yoğrulursan, xarakter formalaşdırırsan. Hansı əzabdan söhbət gedə bilər? Əzab sevə bilməməkdir. Gör onda yeməyin dadını bilirsənmi? Yuxundan ləzzət ala bilirsənmi? Ümumiyyətlə, sevə bilmirsənsə, nələrə güləcəksən?
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)
Məsləhət deyil
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam etdirir.
Məsləhət deyil
Yeni il qabağı baş konsul Xarici İşlər nazirinə rəsmi müraciət edir ki, ailəsi ilə birlikdə bayram keçirmək üçün Bakıya gəlmək istəyir. Nazir də məktubu göndərir Şərq ölkələri ilə məşğul olan şöbənin müdirinə ki, cavab versin. Cavab çox gecikir, Baş konsul Bakıya gəlir, Yeni ili keçirir, geri qayıdır. Görür ki, müraciətə cavab gəlib. Şöbə müdiri yazmışdır: "Məsləhət deyil".
Xeyrəddin müəllim çox həssas adam olduğundan əsəbiləşir, sonra da gülümsəyərək dillənir:
-Guya mən bunun məsləhəti ilə oturub-dururam...
Bir dəfə həmin şöbə müdirinin Xeyrəddin Qocaya ciddi işi düşür, işçiləri vasitəsilə ondan pul istəyir. Hamıya əl tutmağa, kömək göstərməyə çalışan baş konsul iş yoldaşlarına deyir:
-Ona deyin ki, məsləhət deyil...
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)
Mükafatçıların müsabiqəyə təqdim etdikləri poeziya nümunələri - I YER: CAVİD QASIMOV
Bildiyiniz kimi, “Ulduz" aylıq ədəbiyyat dərgisi və Azərbaycan Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri poeziya müsabiqəsinin qalibləri bu gün mükafatlandırılacaqlar.
I yer:
Cavid Qasımov;
II yer:
Rəşad Nağı Mustafa,
Allahşükür Ağa;
III yer:
Eminquey,
Seyyidəli Sübhi,
El Roman
“Ədəbiyyat və incəsənə” portalı mükafatçıların poeziya nümunələrinin təqdimatını başa çatdırır. Bu gün 1-ci yerin sahibinin şeirləri təqdim edilir.
I YER
CAVİD QASIMOV
Dil bilməyən sərçələr
Bu qışı da qarşıladı
Həyətimizdə.
Yenə dua edirlər:
– Bol olsun süfrələrin çörək qırıntıları...
Dəyirmanların ürəyi daşdan olmasaydı,
Köçməzdi ölkədən ölkəyə quşlar...
Zaman ötdükcə anlayıram ki,
Sünbül günəşdən də yandırıcıdır.
Yoxluğu nəinki yeriməyi bacaranlar,
Uçmağı bilən quşlar üçün də utandırıcıdır.
Gileylənmirəm, İlahi, gileylənmirəm.
Buna da şükür,
Bizi sərçələrin duaları saxlayır,
Sərçələri sən.
*
O gün yadımdadır, qarışqalar da
Yeraltı bahardan qayıdırdılar,
Çiçəklər təzəcə dil açmışdı ki,
Arılar nahardan qayıdırdılar.
Mən isə dənizdən şeir deyirdim
Qanadı qırılmış qağayılara.
O gün yadımdadır, yarasalardan
Gecənin qanını götürürdülər.
Hə, hə...
Yadımdadır çarpayısında
Uzanan adama köçürürdülər.
Mən isə həyatdan şeir deyirdim
Gecəni yatmayan səfil dostuma.
O gün yadımdadır, işıqforların
Gözləri hirsindən qan bağlamışdı.
Görmüşdü uzaqda işıq dirəyin
Kimsəsiz bir uşaq, qucaqlamışdı.
Mən isə anadan şeir deyirdim
Körpələr evinin darvazasında.
O gün yadımdadır, dostum gəlmədi,
Onu da bayraqla gətirmişdilər.
Heç vaxt uzaqlara ata bilməyən
Ayağın uzaqdan götürmüşdülər.
Mən isə yollardan şeir deyirdim
Oğlu itkin düşmüş ata evində.
O gün yadımdadır, ağaclar hələ
Körpə meyvələrin bəsləyirdilər.
Dəcəl uşaqları meyvə dərməyə
Kölgə-kölgə düşüb səsləyirdilər.
Mən isə qocaya şeir deyirdim
Meyvədən xəbərsiz əlağacından.
O gün yadımdadır, xatırlayıram:
Daha günüm yoxdur xatırlanası.
Söz verdim Allaha, şeir yazmaram
Qadın qulağına pıçıldanası.
O gün yadındadır?
– Yadımda deyil...
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)
“Bu həyatda sizin cəmi bir arxanız var. O da...” - Uğura doğru kreativ irəliləmənin Xakamada yolu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Motivasiya ədəbiyyatı içərisində oxucularıma nümunə gətirəcəyim daha bir təlim Rusiya siyasətçisi və publisisti İrina Xakamadaya məxsusdur.
Atası yapon, anası rus olan İrina Rusiya kimi mürəkkəb bir ölkədə uğurlu siyasi karyera qurması ilə məşhurlaşaraq Rusiya tarixində seçkidə ən çox səs toplayan prezidentliyə namizəd qadın olması, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini postunadək yüksəlməsi, aparıcı bir siyasi partiyaya həmsədrlik etməsi kimi uğurlar əldə edib, bunlar ona nə qədər nüfuz gətiribsə iqtisadiyyat üzrə elmlər namizədi mərtəbəsinədək yüksəlməsi, məşhur teleradio aparıcısı olması, Moskva Beynəlxalq Munasibətlər İnstitutundakı pedaqoji fəaliyyəti, yazdığı populyar roman və pyeslər, «uğurlu insan olmaq» mövzusunda oxuduğu master-klasslar da ona bir o qədər nüfuz gətirib. Təsəvvür edin ki, «Taym» jurnalı onu dünyanın XXI əsrdəki 100 ən məşhur qadınları reytinqinə daxil edib. Bu «uğurlu» qadın barədə onun, hədsiz nüfuzu barədə bircə fakt söyləmək istəyirəm: 2002-ci ildə Moskvanın Dubrovka adlı ərazisindəki Teatr mərkəzində terrorçular dinc insanları girov götürərkən İrina onlarla danışıqlar apararaq üçü uşaq olmaqla dörd girovu azad etməyə müvəffəq olub.
Onun, xüsusən, uğurlu karyera qurmaqla bağlı fərqli və kreativ məsləhətləri çox maraqlıdır. (Məsələn, Təqribən ayda bir dəfə ölüm haqqında bədii filmlərə baxın ki, həyatı qiymətləndirə biləsiniz).
Gəlin bunlara diqqət yetirək:
3.Cəsur olmanız üçün sizə yeni fəlsəfə kömək edə bilər: bu həyatda sizin cəmi bir arxanız var. Vəssalam. Bu nə ailədir, nə ölkədir, nə sosial-müdafiə fondudur, nə məmurlardır. Yalnız özünüzsünüz.
Bu isə öncəki gün paylaşdığımdır:
1.
Hədəfə, məqsədə doğru deyil, özünə tərəf hərəkət etməlisən. «Məqsədə doğru nə qədər sürətlə getsən, o sürətlə də məqsəd səndən kənarlaşacaq. Səadətə doğru irəlilə», - deyə öyrədirlər daosistlər. Eynən serfinqist kimi səni yuxarı qaldıracaq öz dalğanı tapmalısan. Buna görə də mütləq axından qopub özünü dinləməlisən.
2.
Rəsmi TV kanallara az baxın, orada göstərilənlərin real həyatla əlaqəsi yoxdur. Daha yaxşısı – əyləncəlilərdir. Əgər mütləq informasiya lazımdırsa, onu da internetdən götürün. Ümumən isə informasiyanı ətrafdakı insanlardan alın. Taksi sürücüsüylə, zərgərlə ünsiyyət qurmaqla heç bilirsiniz, nə qədər informasiya ala bilərsiniz? Dünyanı dinləyin ki, öz dalğanızı tutasınız.
Sabah davamı olacaq.
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)
Yazıçı, publicist və araşdırmaşı Pənah Qurbanov! - HƏM DƏ ŞAİR
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” üçün
Yazıçı, publicist və araşdırmaşı Pənah Qurbanov! O, 1938-ci ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu kəndində anadan olmuşdur. İlk təhsilini Yaqubludakı natamam orta məktəbində, orta təhsiini isə Padar kənd məktəbində almışdır.
Əmək fəaliyyətinə Yaqublu kəndindəki kolxozda başlamışdır. Bir müddət rayon qəzetində işləmişdir. Ötən əsrin 60-cı illərində Bakıda Montin adına zavodda və metro tikintisində əmək fəaliyyətini davam etdirmişdir. Həmin illərdə BDU-nun jirnalistika fakültəsini bitirmişdir.
Hələ cavan yaşlarından tanınmış qələm sahibləri V.Əziz, Ə.Kərim, A.Laçınlı, M.Səməd və başqaları ilə yoldaş olmuş, tez-tez onlarla ədəbi məclislərdə iştirak etmişdir.
1968-ci ildən Mingəçevirdə məskunlaşmışdır. “Mingəçevir işıqları” qəzetində foto-müxbir olmuşdur. Sonrakı illərdə şəhər Partiya Komtəsində təlimatçı və “Bilik” cəmiyyətində məsul vəzifədə işləmişdir.
1970-ci ildən Mingəçevir radiosunda müxbir kimi əmək fəaliyyətini davam etdirmişdir.
1973-cü ildə tanınmış radiojurnalist Firuz Əhmədlinin köməkliyi və zəmanəti ilə Azərbaycan radiosu və televiziyasının Şəki-Zaqatala bölgəsi üzrə müxbiri təyin olunmuşdur. Az sonra Azərbaycan Televiziyasının “Günün ekranı” xəbərlər proqramının xüsusi müxbiri olmuş, 1985-ci ilə kimi burada çalışmışdır. Burada işləyərkən V.Sənani, N.Muradxanlı, N.Səfərli, Z.Zeynalov, İ.Göyçaylı və Ş.Rza kimi peşəkarlardan çox şey öyrənmişdir.
1986-cı ildə Mingəçevir radiosunun məsul redaktoru təyin olunmuşdur. Şəhərin ilk qurucuları, Mingəçevir SES tikintisi onun əsas araşdırma mövzusu olub. 1995-ci ildə P.Qurbanovun “Mingəçevir: hidroqovuşaq və şəhər necə yarandı”, 1999-cu ildə “Onlar Mingəçeviri qurmuşlar” tarixi səlnamələri, daha sonra M.Füzuliyə həsr olunuş “Ayrılıq karvanı” kitabları çapdan çıxmışdır. Ümumiyyətlə, bu günə kimi onun 8 kitabı nəşr olunmuşdur ki, onların 6-sı müasir Mingəçevirin tarixindən bəhs edir.
P.Qurbanov görkəmli yazıçılarımız Ə.Kürçaylı və F.Kərimzadə ilə dostluq edirdi . O, qəzet müsahibələrinin birində belə deyir: “Ömrümün ən ağır və kədərli günləri dostluq etdiyim Ə.Kürçaylı və F.Kərimzadə kimi istedadlı qələm sahiblərinin vaxtsız itkisi ilə bağlıdır.”
Onun istedadlı şair M.Daşqının yaradıcılığı barədə araşdırmaları professor M.Bağırov tərəfindən çap olunmuş kitaba daxil edilmişdir.
Çoxlu sayda publisistik yazıları və reportajları da vardır. Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər ittifaqının üzvü idi.
P.Qurbanovun “Mingəçevir SES tikinti” və Azərbaycan”, “Arxivlərdə yatan imzalar”, “Qranatnı roşa”nın sonuncu sakini”, “Danışır Mingəçevir” və “Batalyon kömək istəyr”, “Ömrümüz çiçəktək solacaq bir gün” adlı əsərlərin də müəllifidir.
P.Qurbanov bəzən öz kövrək duyğularını şeirlərlə də ifadə etmişdir. Bu şeirlər Vətənə, onun təbiətinə və bu təbiət qədər saf olan insanlarına həsr olunmuşdur.
Əsərləri ilə tanış olan hər kəs aydın hiss edir ki, onun qələminin sehri də , gücü də öz Vətəninə, anadan olduğu Yaqublu kəndinə, uzun illər sakini olduğu Mingəçevir şəhərinə, onun daşına, torpağına, bu torpağın üstündə yaşayan həmvətənlərinə olan sonsuz məhəbbətdədir.
Təsadüfi deyil ki, P.Qurbanov öz doğma məktəbinin kitabxanasına bağışladığı kitablarının birinə belə bir avtoqraf yazıb: “Mənə həyat vəsiqəsi vermiş, xatiratımda unudulmaz iz qoymuş doğma məktəbim və Yaqublu kəndi yaradıcılığımın əsas mənəvi dayağı və mövzusudur.”
P.Qurbanov 2006-cı ildən təqaüdə çıxmışdır. 2022-ci ildə vəfat etmiş və Mingəçevir şəhərində dəfn olunmuşdur.
Sonda P.Qurbanovun M.Füzulinin 500 illik yubileyi ərəfəsində yazdığı bir qəzəli dahi şairin 530 illik yublieyini qeyd etməkdə olduğumuz bir dövrdə hörmətli oxucularımızın nəzərə çatdırmaqda bir qəbahət görmürük:
Kərbalada ucalanda Allahu-Əkbər səsləri,
Burda parladı bir gün söz mülkünün sərkəri.
Ad qoydular o dühaya, müqəddəslər şərəfinə,
Mühəmmədi-Əleyhissəlam, Ali həzrət şərəfinə.
Qərib eldə böyüdükcə Süıeymanın göz işığı,
Sanki artıb çıxalırdı Kərbəlanın yaraşığı.
İraqi-Ərəb, Bağdad, Hillə möcüzələr aləmiydi,
Burda ürək yandırırdı, Məcnun ahı, Leyli dərdi.
Boylandıqca ətrafına hicran gördü, əfqan gördü,
Bir gün könül qapısını “Şəbi-hicran” yaman döydü.
Gah nəvasın gülə dedi, gah çöllərə, gah yellərə,
Füzun oldu, düşdü dilə, bu sayaq “türki-dilrubə”.
“Ləhceyi-türki” eylədi qəzəllə “məşhuri-cahan”,
Bu dildə çünki “oxumaq da, yazmaq da asan”.
Zamanmı səni məşhur eylədi, ya sənmi zamanı ?!
Yox! Sən oldun ey ulu ustad, zamanın söz sultanı.
Dərgahına qədəm qoymaq asan deyil, sənin çünki,
Söz mülkünün sirri dərin, “dürri-ərən, dedim, dedi”.
Üzr qıl bu cürətimə, xəzinənə əl uzatdım,
Gövhərinə üzüm sürtüb astananda qul tək yatdım.
Əxz eylədik biz səndəki aşiqliyi, dəyanəti,
Nəymiş sənin söz mülkünün “haqq adına” bu hikməti?!
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)
\
“Hədəfimiz Qərbi Azərbaycana qayıdışdır” - MAHİRƏ NAĞIQIZI, SƏMƏD VƏKİLOV
“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsinin icrasına başlayır. Bu gün sizlər üçün layihəni ADPU-nun prorektoru, Dərələyəz, Keşkənd icmasının rəhbəri, professor Mahirə NAĞIQIZI və tədqiqatçı-hüquqşünas Səməd VƏKİLOV təqdim edirlər.
“Keçmiş zamanlarda Azərbaycanın torpaqlarının bir qismi əlindən gedibdir. Xalqımız əldən getmiş torpaqların nisgilini indi də çəkir. İndi də Göyçə mahalı, Zəngəzur deyəndə xalqımızın ürəyi ağrıyır, xalq o torpaqların arzusu ilə yaşayır” - Ümummili Lider Heydər Əliyev.
Əziz oxucular, daşına, torpağına vətən dediyimiz, hər parçası Azərbaycan türklərinin qanı ilə yoğrulmuş, nisgillərimizin, həsrətlərimizin ünvanı olan Qərbi Azərbaycana həsr edilən bu layihədə fərqli çalarların olması tamamilə təbiidir.
Bir parça daş vətəndir,
Hər yerdə baş vətəndir!
Bu poetik düşüncənin məna çalarlarının əsas motivi vətən sevgisi olmaqla bizim özümüzü də vətənin bir parçasına çevirir.
Hədəfimiz öz doğma yurdumuz olan Qərbi Azərbaycana qayıdışdır. Bu qayıdış isə təkcə mənəvi amillərlə özünü ehtiva etmir. Bu məsələdə tarixi və hüquqi aspektlərdən yan keçmək mümkün deyil. Bütövlükdə Qərbi Azərbaycana qayıdış konsepsiyası mənəvi-hüquqi, tarixi aspektləri özündə əks etdirən irimiqyaslı bir fəaliyyət sahəsidir. Azərbaycan dövlətinin siyasi prioritetinə çevrilən Qərbi Azərbaycana qayıdış hərəkatı yurd-yuvasından zorla çıxarılmış yurddaşlarımızın iradəsinin ifadəsidir və tarixi şüura əsaslanır. Tarixi aspekt, Qərbi Azərbaycan ərazisində olan tarixi abidələr, toponimlər qırğınlar nəticəsində tarixdən silinmiş, dağıdılaraq xarabalığa çevrilmiş kəndlər. Bir də unutmayaq ki, vətən torpaqlarının mənəvi bütövlüyünün qorunduğu yeganə ünvan folklorumuzdur. İrtica nə qədər vətənimizi parçalasa da, folklorda vətən torpağının hüdudları tamdır! Vətənimiz Bütöv Azərbaycandır! Bu bütövlüyü yaşadan isə bizim vətən övladlarıdır. Şifahi yaddaşımızın daşıyıcılarıdır ki, onlar bu mədəniyyəti nəsildən-nəslə ötürür. Zəngin mədəni irsə malik olan Qərbi Azərbaycan folklorunun öyrənilməsi, təbliği və mühafizəsi günün aktual problemi olaraq qalmaqdadır. Beləliklə, bu bütövlük ədəbiyyatımızda, mədəniyyətimizdə, incəsənətimizdə özünün varlığını yaşadır. Bu mənəvi dəyərlər sistemi bizim Qərbi Azərbaycana qayıdışımızı təmin edəcək ən həlledici amildir. Bu mənəvi dəyərlərin əsasını isə inam təşkil edir. Biz zaman-zaman bu inamı dövlət rəhbərlərimizin dilindən eşitdikcə qayıdışa olan ümidlərimiz qəlbimizdə daha da möhkəmlənir.
Ümumilli Lider Heydər Əliyev Qərbi Azərbaycandan olan bir qrup şəxslə görüşündə qayıdışa olan sarsılmaz inamını ifadə edərək qeyd etmişdir:"Azərbaycan xalqının bu əzab-əziyyətinə görə hər şey onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz".
Uğurlu siyasi varis, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu mövzuda olan hər çıxışı qayıdışa olan inamın dönməzliyini bir daha təsdiq edir. Prezident İlham Əliyev:"Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. Zəngəzur, Göyçə mahalı, İrəvan bizim doğma torpağımızdır. Biz qayıdacağıq!.
Qayıdışın hüquqi aspektlərinə gəldikdə Ümummilli lider Heydər Əliyev tərəfindən vaxtı ilə qəbul edilmiş 18 dekabr 1997-ci il tarixli 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaq-larından kütləvi surətdə deportasiyası haqqında, 28 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanlarla Qərbi Azərbaycana qayıdışın təmin olunması istiqamətində fəaliyyət üçün hüquqi təminatlar yaradır.
Qərbi Azərbaycandan zorakılıqla çıxarılmış şəxslərin öz yurdlarına qayıtması beynəlxalq hüquqa əsaslanır. Azərbaycan və Ermənistan respublikalarının radifikasiya etdiyi BMT-nin 10 dekabr 1948-ci il tarixli "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"sinin 13-cü maddəsində deyilir: "Hər bir insan hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququna malikdir. Hər bir insan, öz ölkəsi də daxil olmaqla, istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir".
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən,heç kəs öz ölkəsinə qayıtmaq hüququndan məhrum edilə bilməz.
"Qaçqınların statusu haqqında Cenevrə Konvensiyası", "İnsan hüquqları haqqında Beynəlxalq Bill", "İqtısadı, sosial və mədənı hüquqlar haqqında Beynəlxalq Pakt", "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya", "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya", "Uşaq hüquqları haqqında Konvensiya"və s. beynəlxalq sənədlərdə Qərbi Azərbaycandan deportasiya edilmiş vətəndaşlarımıza verilmiş hüquq və azadlıq-lar kobud şəkildə pozulub. Eyni zamanda bu sənədlər onların öz yurdlarına qayıtması üçün hüquqi təminatlar yaradır.
Cənab Prezident İlham Əliyev gənc nəslin tərbiyəsi ilə bağlı çox vacib məqama toxunaraq söyləyir: "Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin. Zəngəzur 1920-ci ildə, yüz il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi".
"Biz də, Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq!" – deyən Prezident İlham Əliyevin sarsılmaz inamı və bütün platformalarda bu taleyüklü məsələdə səfərbər olunmaqla biz hədəfimizə çatacağıq.
Əziz oxucu, bu layihə Azərbaycan türklərinin ana yurdu olan Qərbi Azərbaycana qayıdış hərəkatına kiçik bir töhfədir. Tarixi keçmişimizi unutmayaq. Biz Qərbi Azərbaycana mütləq qayıdacağıq!
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)
Ən çox oxunan kitabların adları açıqlandı
TEASpress Yayın Evi May ayında ən çox oxunan yerli və xarici müəlliflərin kitablarının beşliyini açıqlayıb.
“Ədəbiyyat və incəsənət” portalı Yayın Evinə istinadən həmin kitab beşliklərini təqdim edir:
YERLİ MÜƏLLİFLƏR
5.Raqif Raufoğlu, Ustad”
4.Dilşad Talıbova, “Eşqin adı sənsən”
3.Varis, “Uzaqdan gələn yağış”
2.Aysel Şıxlı, “Qanadsız mələk”
1.Elxan Elatlı, “Şantaj”
XARİCİ MÜƏLLİFLƏR
5.Aqata Kristi, “Natamam portret”
4.Con Qordon, “Şikayətlənməmək qaydası”
3.Luiza Hey, “Sən həyatını yaxşılaşdıra bilərsən”
2.Rayan Holidey, “Stoikin gündəliyi”
1.Hektor Qarsiya, “İkiqay: stressiz həyatın resepti”.
“Ədəbiyyat və incəsənət”
(10.06.2024)