Super User

Super User

Bazar ertəsi, 10 İyun 2024 09:33

Doktor Syuzun uşaq şeiri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə UŞAQ ƏDƏBİYYATINI TANIDAQ layihəsində Britaniya və Amerika uşaq şeirindən seçmələr təqdim edilir.  Şeirləri ingilis dilindən tərcümə edən Şahin Xəlillidir.

 

Bu gün tanış olacağınız şeir Doktor Syuza aiddir. O, Amerika şairidir.

 

Doktor Syuz

(1904-1991)

ABŞ

 

Mənim gülüm

Ovcumdakı toxumu

Atdım o gün dibçəyə.

Qoydum günün altına,

Su da verdim içməyə.

Toxumda qaldı gözüm,

Başladı göyərməyə.

Bir də gördüm açıb gül,

Gəlib salam verməyə.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

 

Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov İstanbulda yaşayan incəsənət xadimləri və mədəniyyət sahəsində çalışan mütəxəssislərimizlə görüşüb.

 

AzərTAC xəbər verir ki, görüş Azərbaycanın İstanbuldakı Baş konsulluğunda keçirilib.

Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova, Xalq artisti Əlixan Səmədov, Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kamalə Kamal Cabbarova və digər mədəniyyət xadimlərimizin qatıldığı görüşdə milli mədəniyyətimizin qardaş ölkədə daha dərindən tanıdılması və təbliği ilə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətdə atılacaq addımlar nəzərdən keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

Bazar ertəsi, 10 İyun 2024 09:00

Mədəniyyət Nazirliyi etiraz edir!

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsi guya erməni bəstəkarı Arno Babacanyanın müəllifi olduğu “Vaqarşabat rəqsi” adı altında “Youtube” platformasında yerləşdirlmişdir. Bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi birgə bəyanat yaymışlar.

“Ədəbiyyat və incəsənət” portalı bəyanatın mətnini təqdim edir:

 

“Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsi guya erməni bəstəkarı Arno Babacanyanın müəllifi olduğu “Vaqarşabat rəqsi” adı altında “Youtube” platformasında yerləşdirlmişdir. Sözügedən mənimsəmə halı haqlı olaraq Azərbaycan cəmiyyəti tərəfindən kütləvi etiraza səbəb olmuşdur. Qeyd edilən məsələ ilə bağlı aşağıdakıları bildiririk:

 

1. Üzeyir Hacıbəyli “O olmasın, bu olsun” musiqili komediyasının (“Komediya”) musiqisini 1910-cu ildə, “Arşın mal alan” komediyasını isə 1913-cü ildə yazmışdır. Komediya 1913-cü il oktyabrın 25-də Bakıda H.Z.Tağıyev teatrında şəhnələşdirilmiş və ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru Müslim Maqomayev olmuşdur. İlk dəfə 1911-ci ildə səhnələşdirilmiş Üzeyir bəyin “O olmasın, bu olsun” komediyasının musiqisinin və librettosunun müəllifi olması ümumqəbuledilmiş faktdır, onu sübut edən çoxsaylı mənbələr, o cümlədən dövrə aid yazılar, tamaşa afişaları, not yazıları və s. sənədlər mövcuddur.

 

2. Komediyanın librettosu bir çox dillərə tərcümə olunaraq, komediya müxtəlif ölkələrin səhnələrində tamaşaya qoyulmuşdur.

 

3. Komediyanın əsasında 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən eyniadlı film çəkilmişdir. Filmin ssenari müəllifi Sabit Rəhman, rejissoru Hüseyn Seyidzadə, musiqi redaktoru böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovdur.

 

4. Komediyanın ilk tamaşaya qoyulduğu, yəni kütləvi ifası tarixindən bu günədək əsərin bu və ya digər hissəsi ermənilər tərəfindən mənimsənilmiş və ifa edilmişdir. Həmin mənimsəmə hallarının bəziləri aşağıda sadalanmışdır: - erməni bəstəkarı Arno Babacanyan komediyanın bir hissəsini 1982-ci ildə keçmiş SSRİ televiziyasında yayımlanan verilişlərin birində guya özünün müəllifi olduğu “Vaqarşabat rəqsi” adı altında ifa etmiş, həmin ifa sonradan “Youtube” platformasında yerləşdirlmişdir; - Con Suyan (2009), Endryu Boldi (2016), Aida Avanesyan (2021), Marian Vartapetyan (2021), Raffi Besalyan (2021), Kristina Tokatliyan (2022), Hayk Melikyan və digərləri də komediyanın sözügedən hissəsini “erməni musiqisi” kimi ifa edərək, “Youtube” platformasında yerləşdirmişdir; - vaxtilə “Soyuzmultfilm” studiyasında istehsal edilmiş “Pyos i kot” adlı cizgi filmində komediyanın məşhur hissəsi - Məşədi İbadın “Gəl xanım, gəl yanıma...” ariyası erməni musiqisi kimi təqdim edilmişdir. Filmin titrlərində bəstəkarın adı Karen Xaçaturyan olaraq qeyd edilmişdir. K.Xaçatryanın törətdiyi plagiatçılıq faktı ilə bağlı 2010-cu ildə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi “Detskiy mir” teleşirkətinə bildiriş göndərərək, həmin cizgi filminin nümayişinin dayandırılmasını tələb etmişdir. Məsələ ilə bağlı sübutedici sənədlərlə birlikdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) etiraz məktubu da göndərilmişdir. - 2011-ci ildə Rusiyanın “Mir” Dövlətlərarası televiziyasında Ermənistanla bağlı nümayiş etdirilən sənədli filmdə erməni bəstəkarı Komitas (Soqomon Soqomonyan) tərəfindən işlənmiş “Eranqi” adlı əsərdən istifadə olunmuşdur. Erməni rəqsi kimi təqdim edilən bu “əsər” də “O olmasın, bu olsun”un Arno Babacanyan tərəfindən mənimsənilərək “Vaqarşabat rəqsi” adı altında təqdim edilən hissəsi ilə eynilik təşkilik edir. 

 

5. Üzeyir Hacıbəylinin əsərlərinin ermənilər tərəfindən mənimsənilməsi təkcə “O olmasın, bu olsun” ilə məhdudlaşmamışdır: - 1915-ci ildə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası guya səhvən “erməni operettası” kimi təqdim olunmuş, bununla bu operettanın mənimsənilməsinin əsası qoyulmuşdur; - SSRİ dövründə “Arşın mal alan” ermənilər tərəfindən tamaşaya qoyularkən bilərəkdən müəllifin adı göstərilməmiş, titrlərdə yalnız erməni ifaçıların adları qeyd edilmişdir; - 1980-ci illərdə Arno Babacanyan SSRİ mərkəzi televiziyasının verilişlərinin birində çıxış edərkən Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının “kökləri”ni Qarabağın hansısa erməni kəndlərindən birində oxunan melodiyalarda “tapmış” və bununla da dolayısı yolla böyük Azərbaycan bəstəkarını plagiatçılıqda günahlandırmağa cəhd edərkən, əslində özünə haqq qazandırmağa çalışıb, “Vaqarşabat rəqsi”nin melodiyasının Üzeyir bəydən yox, guya erməni xalq musiqisindən götürüldüyünə işarə etmişdir.

 

6. Ermənilərin Azərbaycan musiqi irsini mənimsəməsi yalnız Üzeyir Hacıbəylinin əsərləri ilə məhdudlaşmamış və ya onun əsərləri ilə başlamamışdır. Ermənilər 17-18-ci əsrlərdən başlayaraq Azərbaycan xalqının mədəni irsini, o cümlədən musiqi irsini sistemli və davamlı şəkildə mənimsəmiş və özününküləşdirmiş, bu gün də davam edən və Azərbaycan ictimaiyyətinə məlum olan plagiatçılıq halları ermənilərin sistemli mənimsəmə siyasətinin bir parçası və üzdə görünən hissəsidir. Buna misal olaraq aşağıdakı faktları qeyd edirik: - 1925-ci ildə İrəvanda Elm və İncəsənət İnstitutu yanında yaradılan, xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi ilə məşğul olan xüsusi bölmənin əsas məqsədi məhz Qərbi Azərbaycan torpaqlarında xalq musiqimizi və rəqslərimizi nota almaq olmuşdur. Bu bölməyə ermənilər tərəfindən çoxsəsli klassik erməni musiqisinin banisi kimi təqdim edilən S.Komitasın şagirdi S.Məlikyan rəhbərlik edirdi. - Sözügedən Komitas uzun müddət bəstəkar kimi yox, etnoqraf kimi tanınmışdır. 1959-cu ildə nəşr edilmiş “Ensiklopedik musiqili lüğət”dən göründüyü kimi, Komitas Üzeyir Hacıbəylinin musiqisinin mənimsənilməsi nümunəsi olan “Erangi” rəqsi də daxil olmaqla üç mindən artıq musiqi əsərini nota köçürmüşdür. Hazırda həmin əsərlərdən 500-ə yaxını məlumdur, həmin əsərlərin böyük qismi Azərbaycan musiqisidir. - Komitas tərəfindən nota köçürülmüş Azərbaycan musiqi irsi nümunələrindən biri “Yes keza tesa” adı altında erməni xalq mahnısı kimi təqdim edilmiş Azərbaycan xalq mahnısı “Sarı gəlin”dir (“Etnoqrafik toplu”, с.1, № 56). Digər mahnılar sırasında “Sarı gəlin” Azərbaycan xalq mahnısı da S.Məlikyan tərəfindən Komitasın “Etnoqrafik toplusun”da şərhlə nəşr olunub. Bu toplu sonralar SSRİ xalqları musiqisi tarixində (1, 1970) bəstəkar K.Zaxaryanın işləməsində (təxminən 30-cu illərdə) verilmişdir. - Matenadaran və Ermənistanın digər arxivlərində saxlanılan 17-19-cu əsrlərə aid erməni əlyazmalarında qədim Azərbaycan mahnıları və havalarına geniş rast gəlinir. Qərbi Azərbaycan torpaqlarına yerləşdikdən dərhal sonra ermənilər Azərbaycan folkloru nümunələrini kütləvi şəkildə toplamağa, erməni əlfibasının transkripsiyasında yazmağa, erməni dilinə tərcümə etməyə, arxivlərdə saxlamağa, nəşr etməyə, gündəlik həyatda geniş istifadə etməyə başlamışlar. Beləliklə, həmin əsərlər ermənilərin “milli” mədəniyyət nümunələri kimi təqdim edilməyə başlanılmışdır. Buna misal R.Boyaçyan tərəfindən toplanmış və A.Seriyeks tərəfindən çapa hazırlanmış “Erməni xalq nəğmələri” kitabının Paris nəşridir. - Azərbaycan milli irsini, xüsusilə də musiqi irsini sistemli mənimsəmələrini dərinləşdirmək və əsaslandırmaq məqsədilə erməni müəlliflər mövcud olmayan mənbələr uydurur, növbəti “əsər”də həmin uydurma mənbəyə istinad edərək, “istinadlar zənciri” yaradırdı. Bu plagiatçılıq texnikasından istifadə bu gün də davam etməkdədir.

 

7. Ermənilərin törətdiyi kütləvi plagiat özləri və digər müəlliflər tərəfindən etiraf edilmişdir: - 19-cu əsrin məşhur erməni xadimlərindən biri olan M.Nalbandyan yazırdı ki, erməni "... melodiya və havalarının çoxu türklərdən [azərbaycanlılardan] götürülmüşdür. Mən ermənilərin yaşadığı çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək mən buna nail olmamışam! Düşünürəm ki, bizim musiqi alətlərinin adları: saz, santur, kaman - hamısı türkcədir” (“Qədim şeirlər və mahnılar haqqında”, Əsərlərinin tam külliyyatı, c. 1). - Məşhur ədəbiyyatşünas S.Palasanyan 1868-ci ildə özünün “Erməni melodiyaları” kitabında etiraf etmişdir ki, “...ümumiyyətlə, biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik...”. - X. Abovyan “...ermənilər ancaq türkcə (azərbaycanca) oxuyurlar”, çünki “ermənilərin mahnı ilə dastanları yoxdur”, A. Brutyan “ən məşhur erməni muğam ifaçıları Bakıdan və Şuşadan çıxmışlar”, Q. Ağayan isə “bu dil (Azərbaycan) ermənilər üçün doğma kimidir. Məhz buna görə də biz azərbaycanca oxuyuruq” cümlələrində plagiatçılıq siyasətini etiraf etmişlər. - A.Koroşşenko “Şərq, daha çox Qafqaz musiqisi üzərində müşahidələr” əsərində yazırdı ki, “...ermənilərin özlərinin xalq musiqisi yoxdur” (“Moskva xəbərləri”, 1896). Sovet dövründə xalq musiqisinin toplanması və yazıya köçürülməsi ilə məşğul olmuş erməni bəstəkarı və musiqişünası Sp.Melikyan da Koroşşenko ilə həmfikir idi. - M.Muradyan və Q. Tiqranovun da redaksiya heyətinə daxil olduğu “SSRİ xalqları musiqisinin tarixi”ndə (Moskva, 1970) qeyd edilmişdir: “O, [xalq musiqisini toplamaq və yazmaq məqsədi ilə], ekspedisiya işlərində müntəzəm iştirak edərək, əsl xalq mahnılarını aşkar edib qələmə alarkən erməni xalq musiqisinin orijinallığını, özünəməxsusluğunu inkar etdi”. Məhz bu səbəbdən M.Muradyan “XIX-XX əsrlərdə erməni-rus musiqi əlaqələri tarixindən” əsərində Sp.Melikyanın fikrini əsaslandıran “təsir nəzəriyyəsi”ni kəskin tənqid etmişdir, çünki bu nəzəriyyəyə əsasən, “erməni musiqisi müxtəlif mədəniyyətlərin təsirinin nizamsız yığımından ibarərdir”.

 

8. Azərbaycan mədəni irsi mədəniyyət və əqli mülkiyyət qanunvericiliyi ilə qorunmaqdadır. Azərbaycan mədəni irsinin ictimai varidat olmuş ən görkəmli nümunələri, o cümlədən Üzeyir bəy Hacıbəylinin əsərləri Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli 211 saylı Qərarı ilə dövlət varidatı elan edilmiş və onlardan istifadə xüsusi qaydalara əməl etməklə, mümkündür. Dövlət varidatı elan edilmilş əsərlərin müəlliflərinin, o cümlədən Üzeyir bəyin müəlliflik hüquqları pozulduqda, onun vərəsələri ilə bərabər Əqli Mülkiyyət Agentliyi həmin hüquqların bərpası məqsədilə məhkəmə iddiası qaldırmaq hüququ əldə etmişdir.

 

9. Azərbaycan mədəni irsinin, o cümlədən xalq mahnılarının və rəqslərinin, bəstəkar əsərlərinin oğurlanması faktlarının toplanması, sistemləşdirilməsi və ictimailəşdirilməsi, habelə bu cür plagitaçılıq hallarının azaldılması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Əqli Mülkiyyət Agentliyinin fəaliyyətlərinin prioritet istiqamətlərindən biri olmuşdur. Belə ki, - Kütləvi mənimsəmə və plagiatçılıq faktlarını sübut etmək üçün Əqli Mülkiyyət Agentliyi erməni və xarici mənbələr əsasında Azərbaycan, ingilis, rus və rumın dillərində “Erməni yadelli nağılları” kitabını, habelə “Gəldim, gördüm, mənimsədim...”, “Erməni tarixi uydurmalarının tarixinə giriş”, “Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir”, “Erməni müəlliflərinin kitablarındakı uydurmalara “müəlliflik hüququ” və s. kitablarını nəşr etmiş və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri vasitəsi ilə yaymışdır. - Mədəniyyət Nazirliyinin erməni lobbisinin ən güclü olduğu ölkələrdən biri olan Fransanın “Mezzo” kanalı ilə bağladığı müqaviləyə əsasən həyata keçirdiyi bir neçə irimiqyaslı layihə çərçivəsində Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Hacı Xanməmmədovun, Arif Məlikovun və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri məşhur konsert salonlarında dünya şöhrətli solist və orkestrlər tərəfindən Azərbaycan musiqisi kimi ifa olunmuşdur. Həmin layihələr “Mezzo” telekanalı tərəfindən lentə alınaraq 5 il ərzində müxtəlif vaxtlarda bütün dünyaya yayımlanacaqdır. - Bundan əlavə ölkəmizin xaricdə fəaliyyət göstərən səfirlikləri, mədəniyyət mərkəzləri ilə birgə layihələr hazırlanır. Keçirilən tədbirlərdə Azərbaycan musiqisi haqqında məlumatlar verilərək konsert proqramında səsləndirilir. - Əqli Mülkiyyət Agentliyi erməni plagiatçılığı ilə bağlı BMT-nin əqli mülkiyyət sahəsində ixtisaslaşmış qurumu olan və 190-dan artıq dövlətin üzv olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatına çoxsaylı müraciətlər ünvanlamışdır. Bu müraciətlər mütəxəssis rəyləri, sübutedici sənədlər və tarixi mənbələr əsasında tərtib edilmişdir. Qeyd edilənlərlə bağlı bəyan edirik ki, BMT üzvü olan Ermənistan Respublikası iştirak etdiyi beynəlxalq müqavilələr vasitəsilə əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı üzərinə götürdüyü çoxsaylı vəzifə və öhdəliklərini yerinə yetirmir, digər məsələlərdə olduğu kimi, əqli mülkiyyət sahəsində də beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edir. Ermənistan Respublikasının müvafiq dövlət orqanlarından Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” əsərlərinin yuxarıda qeyd edilən mənimsənilmə hallarının aradan qaldırılmasını, Üzeyir Hacıbəylinin müəllif hüquqlarının bərpa edilməsini, habelə Ermənistan Respublikasının ərazisində və ya onun subyektləri tərəfindən Azərbaycan mədəni irsi, xüsusilə də musiqi irsi nümunələrinin kütləvi şəkildə mənimsənilməsi hallarını təcili surətdə araşdırmağı və aradan qaldırmağı, beynəlxalq hüquqa və daxili milli qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb etməyi, görülmüş tədbirlər barədə ÜƏMT-yə məlumat verməyi tələb edirik”.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

Xəbər verdiyimiz kimi, Mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə iyunun 7-də İmişli rayonunda vətəndaş qəbulu keçirilib. 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri təşkil olunur. Hər ay keçirilən bu qəbildən görüşlərin məqsədi sakinlərin problem və təkliflərini yerində dinləmək, qaldırılan məsələlərin operativ həlli və digər məsələlərlə bağlı müraciətlərin aidiyyəti üzrə yönəldilməsidir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirıiyinə istinadən xəbər verir ki, İmişli rayon Heydər Əliyev Mərkəzində gerçəkləşən qəbuldan əvvəl nazir və rayonun icra başçısı Elçin Rzayev Ümummilli liderin şəhərdəki abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Əsasən, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından bir qrup vətəndaşın iştirak etdiyi qəbulda sakinlərin müraciətləri mədəniyyət sahəsinə dair təkliflər, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Nazir vətəndaşların ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini, fikirlərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə göstərilməsi, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

Cümə, 07 İyun 2024 19:03

Mayın “Ulduz”u çap olundu

“Ulduz”un Qərbi Azərbaycana həsr olunmuş may sayı “Ulduz” jurnalı, Təhsil Nəşriyyatı və Azərbaycan Dövlət Pedaqoji Universiteti “Qərbi Azərbaycan Ardaşdırmalar Mərkəzi”nin birgə layihəsi əsasında işıq üzü görüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, jurnal ADPU-nun prorektoru, Dərələyəz, Keşkənd icmasının rəhbəri, professor Mahirə Nağıqızı və tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun ön sözüylə açılır.

Jurnalda ADPU-nun rektoru Cəfər Cəfərovun “Qərbi Azərbaycan İcmasının yaranması tarixi zərurətdir”, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin “Qərbi Azərbaycana qayıdış əsas hədəfimizdir”, Misir Mərdanov və Ədalət Tahirzadənin “Vəkilov Həsənalısultan bəy Məhəmməd bəy oğlu”, Akademik Abel Məhərrəmovun “Qərbi Azərbaycanın Ağbaba mahalı”, millət vəkili Musa Urudun “Zəngəzurun təhsil tarixi”, millət vəkili Məlahət İbrahimqızının “Ermənistanda Azərbaycan türklərinin silinməz izləri”, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Qərbi Azərbaycanda aşıq yaradıcılığı: milli yaddaş və tarix” yazıları yer alır.

Tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramovun “Şimali Azərbaycan ərazilərinin Rusiya imperiyası tərəfindən işğalı və Qərbi Azərbaycan torpaqlarının ermənilərə güzəştə gedilməsi”, fizika elmləri doktoru, professor Bəxtiyar Nəcəfovun “Atam haqqında xatirələr”, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədlinin “Oğurlanmış ata yurdu – Qərbi Azərbaycan”, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “Əqidəsinə sadiq alim”, professor Hacı Həsənovun “XIX –XX yüzilliyin əvvəllərində Qərbi Azərbaycanda yürüdülmüş inzibati-ərazi idarəçilik siyasətinin tarixindən” yazıları qədim yurd yerimizin tarixini günümüzə daşıyır.

ADPU-nun filologiya fakültəsinin dekanı Könül Həsənovanın “Alim şair Həsən Mirzəyə həsr olunmuş şeir mətnlərində qənaət prinsipinin linqvokulturoloji xüsusiyyətləri”, tarix elmləri üzrə fəlsəfə doktoru Leyla Cəlalovanın “Azərbaycan sevdalı, dünya şöhrətli jurnalist – Leyla Vəkilli”, Araşdırmaçı Jurnalistlər Liqasının Baş katibi Şəfahət Avılbəylinin “Qərbi Azərbaycanın Qarabağı-Qaraqoyunlu”, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyevin “Göyçə mahalının tarixi və ədəbi mühiti” yazılarını oxuculara təqdim edir.

Əməkdar mühəndis Nəbi Ramazanlının “Loru-Pəmbək mahalı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin “110 yaşlı “Lək-Lək”” , Şumeroloq, biologiya elmləri doktoru Tariyel Azərtürkün (Əliyev) ”Nüvədinin uzaq-yaxın tarixi və daş yazılı abidəsi barədə”, “Bütöv Azərbaycan qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlunun “Qəbirlər də qəribləşir”, İstanbul Universitetinin doktorantı Dilqəm Əhmədin “İrəvanlı Cabbar Ərtürk”, yazıçı Yeganə Kərimzadənin “Bir köç gedir...” yazıları oxucuları Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə tanış edir.

Jurnalın bu sayında Qərbi Azərbaycanla bağlı şeirlər yer də alıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Ovuclayıb içdim səni, 

Dənizləşdi gözlərim. 

Mən suvardım gözlərimlə 

Həsrət qalan düzləri. 

Adın mənə qüvvət verdi, 

Bükülmədi dizlərim. 

Qoy alnına həkk olunsun 

Taleyimin sözləri. 

Çay bəxtini girov qoyan, 

Yazıq, nəcib Arazım! 

Öz yurdunda lənətlənmiş 

Doğma, qərib Arazım! 

 

Qayaların kölgəsindən 

Yaşmaq tutma bu sayaq.

Səndə batmış illərimi 

Gəl, bir yerdə biz sayaq, 

Daha qopur qəzəblərin 

Sarayından daş, suvaq, 

Bu dünyadan sərhədləri 

Bir götürək, 

Bir udaq,

Taleyinin dirəkləri 

Göyə dəyən Arazım, 

Məftilləri gül açmayan, 

Göyərməyən Arazım.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Dünən İstanbulda başlayan VI Etnosport Beynəlxalq Mədəniyyət Festivalında qurulan “Azərbaycan çadırı” qonaqların böyük marağına səbəb olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, hər il milyonlarla insanın qatıldığı etnosportda müxtəlif xalqların milli-mənəvi dəyərləri nümayiş etdirilir. Rəsmi açılış mərasimindən sonra tədbirin keçirildiyi Atatürk Hava Limanının ərazisində quraşdırılan milli çadırlar qonaqlara təqdim edilib.

Ölkəmizin Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə qurulan “Azərbaycan çadırı” qonaqlarda xüsusi maraq doğurub. Milli çadırımızda Azərbaycanın tarixi və mədəniyyətinə dair guşələr yaradılıb ki, burada tariximiz, dövlətçiliyimiz və mədəniyyətimizə dair nəşrlər sərgilənir, ölkəmizin tarixi, mədəniyyəti və turizm bölgələrinin əsrarəngiz gözəlliyinə dair videoçarxlar göstərilir. Bunlarla yanaşı, çadırda sadə Azərbaycan ailəsinin ənənəvi mənzilinin nümunəsi, məişətdə istifadə etdiyi əşyalar, qədim xalçalar, suvenirlər də nümayiş olunur, milli şirniyyatlarımız qonaqlara təqdim edilir. Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə xüsusi olaraq tədbir üçün İstanbula gələn İsmayıllı rayonundan xalçaçı Ruhiyyə Süleymanova, Bakıdan miniatür rəsmlərin yaradıcısı, rəssam İlahə Cəfərli və Qəbələdən ağacoyma ustası Şahin Rəhimov sahələri üzrə əl işlərinin yaradılma prosesini canlı olaraq qonaqlara nümayiş etdirirlər. Çadırımızı ziyarət edənlər arasında Türkiyənin nüfuzlu elm xadimləri də olub.

Festivalın bədii hissəsində Mərkəzin “Xəzər” Xalq Rəqs Ansamblının ifasında milli rəqslərimizi təqdim edilib.

Mərkəzin təşkilatçılığı ilə festivalda iştirak üçün İstanbula gələnlər arasında xüsusilə sosial şəbəkələrdə yayımlanan videoları ilə türklərin böyük sevgisini qazanan Azərbaycanın Ağdam rayonunun Gülablı kənd uşaq musiqi məktəbinin müəllimi Habil Məmmədov və onun şagirdləri də var. Müəllim və şagirdlərinin dueti tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılanıb.

Xatırladaq ki, festivalda Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin 52 nəfərdən ibarət heyəti iştirak edir. Onlar Qarabağ atlarının iştirakı ilə milli musiqimiz və zərif Azərbaycan rəqslərindən ibarət “Koroğlu” adlı şou-kompozisiya ilə çıxış edirlər.

Qeyd edək ki, Dünya Etnosport Konfederasiyasının təşkilatçılığı ilə bu gün başlayan VI Etnosport Mədəniyyət Festivalı iyunun 9-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

İyunun 6-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Anarın “Adamın adamı” pyesi və Xalq artisti Vasif Adıgözəlovun musiqisi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.

 

AzərTAC xəbər verir ki, səhnə əsərində Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər, həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.

 

Tamaşanın süjet xəttində cərəyan edən hadisələrdə cəmiyyətin bır sıra problemləri satirik-yumoristik vəziyyətlərlə ön plana çəkilir. Dəbdəbəli həyat tərzi ilə seçilən, vəzifə və pul düşkünlərinin əslində sosial-psixoloji durumlarındakı natamamlıqlar obrazların dili ilə tamaşaçılara çatdırılır.

 

Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun yeni quruluşda hazırladığı əsər ilk dəfə 2005-2010-cu illərdə mərhum rejissor Faiq Zöhrabovun “Aldın payını, çağır dayını” adı ilə nümayiş olunub.

 

“Adamın adamı”nın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, rejissoru Elməddin Dadaşov, konsertmeysterləri Kamil Həsənov və Fidan Məmmədova, rejissor assistenti Tamilla Aslanovadır.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan H.Abbasov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində şəhid Piriyev Raul Zabit oğlunun xatirəsi anılıb.

 

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhid anaları, mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, tələbələr iştirak ediblər.

Çıxış edənlər Raul Piriyevin qısa həyat və qəhrəmanlıq dolu döyüş yolundan bəhs ediblər.

Bədii hissədə şəhidin xatirəsinə ithaf edilən şeirlər səsləndirilib, mahnılar  ifa olunub, videoçarx nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Cümə, 07 İyun 2024 11:00

STATUSLAR STATUSUnda Cavid Zeynallı

Növbətçi: Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə facebook sosial şəbəkəsindən yazar Cavid Zeynallının bir postunu sizlər üçün seçdim. Post teatr mövzusundadır. 

 

Bu gün Almatı Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində bir tamaşaya baxdıq. 

Qarsiya Lorka, "Qanlı toy". 

Əvvəlcə oturmuşdum, sonra ayaq üstə baxmaq istədim. Mən çox az-az hallarda təəccüblənə bilirəm. Tamaşa o qədər böyük peşəkarlıqla və ustalıqla hazırlanmışdı ki, teatrın qarşısında otelin avtobusunu gözləyəndə kimsə belə dedi: 

-Bu tamaşa müzakirə olunmur. 

Amma sonra nə oldu? Hamı bir ağızdan heyrətini bölüşməyə başladı. 

Tamaşanın rejissoru: Dina Jumabayeva. Səhnəyə çıxmadı. Soruşdular ki, bəs rejissor hardadır? Cavab belə oldu: 

-Hardasa buralardadır. 

Hardasa buralarda e! Heyrət. Belə bir tamaşa qur, nə zala gəl, nə də sonda səhnəyə çıx.

Mən tamaşa haqqında çox şey yazaram. Amma yazmıram. İndi öz-özümə pıçıldayıram: istedad kopayoğlu şeydir. 

Başqa heç nə!

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.