“Adamın adamı”nın premyerası oldu

İyunun 6-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Anarın “Adamın adamı” pyesi və Xalq artisti Vasif Adıgözəlovun musiqisi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.

 

AzərTAC xəbər verir ki, səhnə əsərində Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər, həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.

 

Tamaşanın süjet xəttində cərəyan edən hadisələrdə cəmiyyətin bır sıra problemləri satirik-yumoristik vəziyyətlərlə ön plana çəkilir. Dəbdəbəli həyat tərzi ilə seçilən, vəzifə və pul düşkünlərinin əslində sosial-psixoloji durumlarındakı natamamlıqlar obrazların dili ilə tamaşaçılara çatdırılır.

 

Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun yeni quruluşda hazırladığı əsər ilk dəfə 2005-2010-cu illərdə mərhum rejissor Faiq Zöhrabovun “Aldın payını, çağır dayını” adı ilə nümayiş olunub.

 

“Adamın adamı”nın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, rejissoru Elməddin Dadaşov, konsertmeysterləri Kamil Həsənov və Fidan Məmmədova, rejissor assistenti Tamilla Aslanovadır.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.