Super User

Super User

Çərşənbə axşamı, 11 İyun 2024 10:01

İntizar ədəbiyyatı - Hökumə Billuri, "Təbriz"

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Qollarım dolanar boynuna bir gün, 

Yenə baş qoyaram dizinə, Təbriz. 

Həsrətdən, hicrandan cana doymuşam, 

Doyunca baxaram gözünə, Təbriz. 

 

Bulanlıq suların axsın, durulsun, 

Təzə günlərindən büsat qurulsun. 

Səhənd camalına bir də vurulsun, 

Bir qubar qonmasın üzünə, Təbriz, 

 

Həsrətin yandırar, pörşüdər məni, 

Zərif çiçək kimi üşüdər məni. 

Səsləsəm Savalan eşidər məni, 

Qızınnam oduna, közünə, Təbriz. 

 

Gülüstan bağının seyrinə gəliım, 

Lalə yamacında bir də dincəlim, 

Ötən günlərimə yetişməz əlim, 

Düşüm heç olmasa izinə, Təbriz. 

 

Ana təbəssümün ay işığıdır, 

Qolum qamətinin sarmaşığıdır. 

Şerin bu dünyanın yaraşığıdır, 

İncisi tükənməz xəzinə, Təbriz. 

 

Sən şair ömrümə vüqar vermisən, 

Solub-saralmayan gülzar vermisən. 

Etibar vermisən, ilqar vermisən, 

Hər igid oğluna, qızına, Təbriz. 

 

Səttarxan bayrağın göylərə ucalt! 

Qara buludları od ağzına at. 

Şair qızının da sözlərini qat 

Şirin söhbətinə, sözünə, Təbriz.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2024)

Çərşənbə axşamı, 11 İyun 2024 13:02

Event Office Yay Konsertlərində CEM ADRİAN

Güclü səsə, vokal imkanlara malik, mahnıları 7-dən 77-yə hər kəsin sevgisini qazanan sevilən müğənni, Türkiyənin pop ulduzu Cem Adrian Event Office Yay Konsertləri çərçivəsində Bakıda çıxış edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalının Event Office-dən aldığı məlumata görə, konsert avqustun 17-də Yaşıl Teatrda baş tutacaq. 

Masmavi səma altında, Yaşıl Teatrın təkrarsız rahatçılığı qoynunda musiqisevərlər musiqi və əyləncə dolu bir gecəyə dəvətlidirlər. 

Konsert saat 20-də başlayacaq. Biletlər 45-245 azn civarındadır. 

Əlaqə telefonu: +994 993338368

 

“Hatıram olsun”

“Derinlerde”

“Her yer kül”

“Sen benim şarkılarımsın”

“Zincir”… 

Hamısı Cem Adrianın biri-birindən gözəl, hit mahnılarıdır. Onunla görüşüb canlı ifasını dinləməkdən gözəl nə ola bilər?

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2024)

Çərşənbə axşamı, 11 İyun 2024 12:33

Eskişehir xatirələri - ƏLİ ÇAĞLANIN ŞEİRLƏRİ

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər layihəsində bu gün sizlərə portalın Güney Azərbaycan təmsilçisi Əli Çağlanın şeirləri təqdim edilir. 

Yeri gəlmişkən, Əli Çağla həm də Ümumdünya Yazıçılar Təşkilatının (WOW) Türk dövlətləri və Türkdilli xalqlar bölməsinin İran (Güney Azərbaycan) üzrə təmsilçisi təyin edilib. 

 

 

ESKİŞEHİR XATİRƏLƏRİ (I)

 

İndi mən, göydə çətiri açılmayan paraşütçüyəm.

Göydən göy gözlərinə düşürəm indi mən

Gözlərinə tapşır məni, boğmasınlar

Üzmək bacarmıram.

 

Sənin gözlərin dəniz,

Mənim dərdlərim dəniz.

Sənin gözlərin pinar,

Mənim ürəyim yanar.

 

İndi mən sənin dəniz gözlərində bir kapitanam

Nəhənglər mühasirə ediblər ətrafımı.

Dəlinir, deşilir dərdlərimin içində olan gözlərin kimi,

Su ilə dolur gəmim

Mənə bir əl at bu gəmini limana çatdıraq

Ey tanrının dəllalı, ey mənim Nuh əmim!..

 

Mən səninlə iki bardaq 

Leyla şərabı içmək istəyirdim 

Cuba Barda

Barlar sokağına bomba qoyub partlatdı DEAŞ-lar .

Porsuk çayında 

foto çəkdirmək istəyirdim səninlə

Sel gəlib apardı Səməd adlı duyğularımı.

-Ehey, Musa bəy!..

Çəliyini əmanət verərsənmi?

Selin ortasında foto çəkdirmək istəyirəm.  

-Çəliyim Sina dağında 

tanrının güdazına getdi Əli bəy, bağışla!..

Sazovada ulduzların uçuşunu 

seyr etmək istəyirdim səninlə

Göylərə divar çəkdilər siyasət adamları

Ulduzların saçı görünür, naməhrəmdirlər deyə.

 

İndi Eskişehirin tramvayları içimdən keçir

İçindən keçirəm tramvayların indi mən.

Mənim içimdən keçirsən tramvayda sən

Sənə aldığım kitabı oxuyarkən.

 

Mən boğulmadım dəniz gözlüm,

Məni terror edə bilmədilər, kommunist baxışlım,

Divarları üstümə örtə bilmədilər əfəndim,

Mən yenə də ölmədim,

            Yenə də varam,

Sənin dəniz gözlərinə şeir yazıram Təbrizdən.

 

Sənin gözlərin dəniz,

Mənim dərdlərim dəniz.

Sənin gözlərin pinar,

Mənim ürəyim yanar...

 

 

ESKİŞEHİR XATİRƏLƏRİ (II)

 

Sənin köynəyindən qırılıb-qopan düymə kimi

Qırılıb-qopuram bu şəhərdən indi mən.

Səndən sağollaşmamış ayrılsam, bağışlarsan.

Trengarın divarlarındakı saatların əqrəbələri

Görəsən nədən darıxır mənim barmaqlarım kimi?!..

Özümü bu qatarla Təbrizə götürsəm də

Ürəyim səndə qalıb...

 

 

ESKİŞEHİR XATİRƏLƏRİ (III)

Başımın üstündə qırmızı bir quş uçur aylardır,

Yuvasız bir quş.

O quşun yerinə olsaydım bəlkə də

Durmadan uçub yanına gələrdim.

Ey quş,

Heç bir zəncir bağlaya bilməz səni,

Saxlaya bilməz səni heç bir qəfəs

Özgürlüyün dadını anlayan quş...

Sənin özgürlüyün ümiddir mənim üçün

Sənin qanadların dözümdür mənim üçün

Sənin uçuşun özgürlükdür mənim üçün,

Varlığından danışarsam

Bütün azadlıq heykəlləri muma çevrilər xiyabanlarda.

 

Başımın üstündə qırmızı bir quş uçur aylardır

Bu quş da mənim kimi yuvasızdırmı görəsən?

O quşun yerinə olsaydım bəlkə də,

Bəlkə də uçub yanına gələrdim durmadan.

Ey quş!

Heç bir zəncirə bağlanma

Sənə qəfəs yaraşmır.

Özgürlüyü sənin qanadlarından öyrənirəm

Uçuşun mənə azadlıq dərsi verir.

Sənin qanadlarının altında qalırlar sərhədlər.

Rəngin qırmızı möhür basır bütün passportlara

Varlığından söz açıram...

Bütün azadlıq heykəlləri muma çevrilir xiyabanlarda.

 

Mən sevdanın zəncirinə bağlandım

Qəfəsləri yaraşdırdılar mənə,

Özgürlüyü sənin qanadlarından öyrənsəm də belə.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2024)

 

Beynəlxalq Muğam Mərkəzində şair, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşarın yeni çap olunmuş "Adını çəkirəm" şeirlər kitabının imza və təqdimat mərasimi olub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair Əkbər Qoşalının moderatorluğu ilə gerçəkləşən tədbirdə tanınmış ədəbiyyat-ictimaiyyət nümayəndələri, oxucular, mətbuat nümayəndələri iştirak edib.

Tədbirdə Ə.Qoşalı İntiqam Yaşarın yaradıcılığı və fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib.

Təqdimat mərasimində “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs, Milli Məclisin deputatı Vüqar İsgəndərov, Azərbaycan Ədəbiyyatı Fondunun baş direktoru, yazıçı Varis, Sumqayıt şəhər Əli Kərim adına Poeziya evinin direktoru şair İbrahim İlyaslı, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü şair Rəsmiyyə Sabir, Bakı Slavyan Universitetinin professoru, tərcüməçi Flora Naci, tanınmış alim Yazgül Abdıyeva, filologiya elmləri doktoru Təranə Turan Rəhimli, AYB-nin Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin, tanınmış yazıçı Kənan Hacı, şairlər Süleyman Abdulla, Polad İbrahimoğlu, Şahin Qədir, Ulucay Akif, Səddam Laçın, ədəbiyyatşünas alim Yeqzar Cəfərli və başqaları çıxış edərək İntiqam Yaşarın özünəməxsus yaradıcılıq axtarışlarından danışıb və ona uğurlar arzulayıblar.

Qiraətçilər Müşfiqə Baləddinqızı və Ayna Səs müəllifin şeirlərini səsləndiriblər.

Tədbirin sonunda müəllif yeni çap olunmuş kitabından şeirlər oxuyub və iştirakçılar üçün kitabları imzalayıb.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

 

“Ulduz" aylıq ədəbiyyat dərgisi və Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri  poeziya müsabiqəsinin qalibləri 10 iyun tarixində mükafatlandırılıblar.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən tədbirdə ədəbiyyat xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. 

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın təşəbbüsü ilə keçirilən müsabiqənin tənqidçi Seyfəddin Hüseynli, filoloq Günay Səma Şirvan, şair Taleh Mansur, yazıçı Varisin üzv olduqları, AYB katibi, şair Səlim Babullaoğlunun rəhbərlik etdiyi Münsiflər heyəti onlarla iştirakçının qatıldığı müsabiqənin mükafat yerlərini aşağıdakı kimi bölüşdürüb: 

I yer: 

Cavid Qasımov;

II yer: 

Rəşad Nağı Mustafa, 

Allahşükür Ağa;

III yer: 

Eminquey, 

Seyyidəli Sübhi, 

El Roman

Mərasimə moderatorluq edən Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis xalq şairinin mükəmməl yaradıcılığından söz açmış, onun şərəfinə təşkil edilmiş müsabiqənin necə böyük maraqla qarşılandığına diqqət çəkmişdir. 

İlk olaraq  söz Xalq yazıçısı Anara verilmişdir. Anar Vaqif Səmədoğlu ilə dostluğunun tarixçəsindən danışmış, onun yaradıcılığının əsas məziyyətlərindən söz açmış, qalibləri təbrik etmişdir. 

AYB sədrinin müavini Rəşad Məcid Vaqif Səmədoğlu ilə bağlı xatirələrini söyləmiş, onun şeirlərindən birini səsləndirmişdir.

“Ulduz” jurnalının Baş redaktoru Qulu Ağsəs müsabiqənin əhatə dairəsinin genişliyindən, iştirak edən gənclərin istedadlarından bəhs etmişdir. 

Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova 85 illiklə bağlı tədbirlərə qiraət müsabiqəsi ilə start verildiyini bildirmiş, bu şeir müsabiqəsinin növbəti addım olduğunu qeyd etmiş, qarşıda digər tədbirlərin də olacağına diqqət çəkmişdir. 

Müsabiqənin münsiflər heyətində təmsil olunan Seyfəddin Hüseynli və Taleh Mansur ayrı-ayrı iştirakçıların uğurlu poetik nümunələrindən bəhs etmişlər. 

Sonra qaliblər pul mükafatı və diplomla mükafatlandırılmışlar və şeirlərini ifa etmişlər. 

Müsabiqənin Təşkilati dəstəkçisi “Kəpəz hospital", İnformasiya dəstəkçisi "Ədəbiyyat və İncəsənət" portalıdır. 

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

Bazar ertəsi, 10 İyun 2024 11:49

98 yaşlı Hollivud ulduzu mükafat alıb

98 yaşı tamam olan əfsanəvi Hollivud aktyoru Dik Van Dayk uzun müddətdir davam edən "Həyatımızın günləri" serialında iştirakına görə mükafata layiq görülüb. Bu barədə kinonews.ru saytı məlumat yayıb. 

 

Emmi Mükafatı mərasimi Los-Ancelesin mərkəzində yerləşən "Westin Bonaventure" hotelində baş tutub.

"Meri Poppins"in ulduzu dörd Emmi mükafatının sahibidir. O, souncu dəfə bu mükafata 47 il əvvəl layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

Bazar ertəsi, 10 İyun 2024 07:46

Bu gün 36 dərəcə isti olacaq - HAVA PROQNOZU

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu günə - iyunun 10-na gözlənilən hava proqnozunu açıqlayıb. 

 

Bildirilir ki, bü gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 45-55% olacaq.

İyunun 10-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın “Təəssüf" adlı yeni klipinin təqdimat mərasimi keçirilib.

 

Mahnının musiqisi  Sevinc Tofiqqızına, sözləri isə Məhsim Məhsimova aiddir. 

Klipin quruluşçu rejissoru: Şahin Qəhrəman, aranjimançısı Rasim Əsgərov, quruluşçu operatoru: Azər Sultanov, prodüsseri: Zaur Nəbioğludur. Baş prodüser Məhsim Məhsimovdur. 

Təqdimatda müxtəlif sənət adamları, ictimai xadimlər və Gülyanaq xanımın pərəstişkarları iştirak etmişlər. 

Klipin təqdimatı maraqla qarşılanmışdır.

Qonaqlar Gülyanaq xanıma, sevimli bəstəkar Sevinc Toffiqqızına və Məhsim bəyə xoş arzularını bildirmişlər.

Xatırladaq ki, bu Gülyanaq və Sevinc xanımın ilk işbirliyi deyil.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

Bazar ertəsi, 10 İyun 2024 18:42

İntizar ədəbiyyatı - Hökumə Billuri

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Açın qoynunuzu, açın a dağlar,

Savalan həsrətli bir mehman gəlir

O, dağlar qoynuna köksündə dağlar 

Daşqın Araz kimi bağrı qan gəlir. 

 

Ötən əsrin 40-cı illərində Cənubi Azərbaycanda başlanan milli azadlıq hərəkatı cənubi Azərbaycandakı ziyalıları öz ətrafına topladı və onlar Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi "21 azər" hərəkatının ən fəal üzvlərinə çevrildilər. Hərəkat qələbə ilə nəticələndi və şairlərimiz gənc yaşlarında inqilabçı oldular. Lakin, təəssüfki bu səadət uzun sürmədi. 

Min bir əzabla, qanlar bahasına qurulan milli hökumət qısa zamanda İran dövləti tərəfindən devrildi. Bu zaman hərəkatın ən fəal üzvləri Arazın bu tayına, vətənin quzey parçasına, şimali Azərbaycana pənah gətirdilər.

Nə qəribədir 37-ci ildə soydaşlarımızın bir qismini Arazın o tayına sürgün edən tale 47-ci ildə soydaşlarımızın bir qismini bu dəfə də Arazın bu tayına mühacirət etməyə məcbur etdi.

Və beləliklə öz vətənində mühacir həyatı yaşayan, daim bütöv Azərbaycan həsrəti çəkən bu inqilab şairləri qəlblərindəki ağrını, nisgili, intizarı  kağız qələmlə bölüşərək intizar ədəbiyyatını yaratdılar. 

Həmin şairlərdən biri də bu gün haqqında danışacağımız əməkdar incəsənət xadimi, alim, tərcüməçi, xalq şairi Hökumə Billuri idi. 

 

Hökumə Billuri 1926-cı il martın 3-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Zəhmətkeş dəmirçi ailəsində böyüyüb. 

1933-1943-cü illərdə Azəri qızlar məktəbində orta təhsil alıb. Və məktəbi bitirdikdən sonra, həmin məktəbdə müəllim kimi işləməyə başlayıb.

İlk şeirlərini orta məktəb illərində yazıb. Qələmə aldığı “Fəhlə”, “Göyərçin”, “Sübh açıldı” adlı ilk şeirləri “Azər”, “Vətən yolunda” qəzetlərində və “Azərbaycan” jurnalında dərc olunub.

Şimali Azərbaycana mühacirət etdikdən sonra 1947-1952-ci illərdə Azərbaycan Dövlət universitetinin filologiya fakultəsində təhsil alıb.

1956-1960-cı illərdə Azərbaycan qəzetinin baş redaktoru olub.

1956-cı ildə Bakı Ali partiya məktəbi, 1963-cü ildə Moskvada Sovet İttifaqı Kommunist partiyası yanında İctimai Elmlər Akademiyasını bitirib. Təhsili dövründə (1963-cü ildə) İran Azərbaycanının realist demokratik ədəbiyyatı mövzusunda disertasiya müdafiə edərək filologiya elmləri namizədi dərəcəsi almışdır. Bir il sonra Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsinə dəvət olunub, ömrünün sonuna qədər orada çalışıb.

Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan Hökümə Billuri Şəhriyarın fars dilindəki şeirlərini azərbaycan dilinə, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirvarid Dilbazi və Nəbi Xəzrinin şeirlərini fars dilinə tərcümə edib. 

 

Mənim taleyimdir, mənim taleyim

Ömrümü tufana salanda odur

Xisləti sərt olan bir ana kimi 

Həmişə qeydimə qalanda odur. 

 

Mənim taleyimdir, mənim taleyim

O günəş nəfəsli, ay nəfəslidir

Köküylə bağlıdır ana torpağa

O şur nəğməlidir, muğam səslidir. 

 

Şair “Mənim ar­zum”, “Ölməz qəhrəman”, “Həyat yol­larında”, “Mübarizə illərində”, “Şeirlər”, “Şairin yadigarı”, “Səhər günəşi”, “Sən­dən uzaqlarda, “İstərəm”, “Necə unu­dum” , “Çinar gözləyir məni” “Apar məni o yerlərə”, Bir də bahar gəlsə”, “Seçil­miş əsərlər” “Dünya belə dünyadır”, “Nə qəribə dünya imiş” kimi çoxsaylı şeir kitablarının  “1940-1960: İran Azərbaycanında realist-demokratik poeziya” və “Məhəmmədhüseyn Şəhriyar” monoq­rafiyalarının müəllifidir

O,  2000-ci ildə noyabrın 22 də Bakıda vəfat etmişdir. 

 

Ölümün gözünün içinə baxıb

Sonra bir şam kimi sönəcəyəm mən

Qartal tək zirvəyə qalxdıqca qalxıb

Sonra bu dünyaya dönəcəyəm mən 

 

Yenidən doğacaq məni bu bahar 

Fəqət dağ insanı qəm, həsrət əyər

Azadlıq eşqi ilə irəli dostlar

İrəli bu yolda ölməyə dəyər.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2024)

Poetik Qiraətdə bu gün daimi müəllifimiz, ustad şairimiz Əlizadə Nuridir. Onun “Qarabasma” şeiri zəmanədən şikayət motivlidir. 

Götürüb öz dərdini

Hər adam  toya gedir.

Ömür - qatar kimidi

Sonda depoya gedir...

Həqiqətən də mükəmməldir!

Xoş mütaliələr!

 

Qarabasma

    

Günəşi gizlədiblər, 

Buludun arxasında.

Adam var toyundadı

Adam var öz yasında...

 

Tanrı insan  yaratdı,

İnsan səsdi, haraydı.

Yoxsa tək darıxdı O?

Gərək darıxmayaydı...

 

...Yüz il ömür istədin,

Əlli  il bəs eləmir?

Özünə bir ev tikən

Günü günbəz eləmir...

 

Hər yan saxta parıltı-

Çağırma, girmirəm mən.

Qaranlıqdan qorxmuram,

İşıqda görmürəm mən...

 

Onun iştahına bax,

İstəmir tacı düşsün:-

Göydən də üç alma yox 

Alma ağacı düşsün...

 

Ağa olmaq istədi,

Amma bir gün qul oldu.

Hamını uddu, ancaq 

Özünə məğlub oldu...

 

...Götürüb öz dərdini

Hər adam  toya gedir.

Ömür- qatar kimidi

Sonda depoya gedir...

 

Ədəbiyyat və incəsənət”

(10.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.