Eskişehir xatirələri - ƏLİ ÇAĞLANIN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər layihəsində bu gün sizlərə portalın Güney Azərbaycan təmsilçisi Əli Çağlanın şeirləri təqdim edilir. 

Yeri gəlmişkən, Əli Çağla həm də Ümumdünya Yazıçılar Təşkilatının (WOW) Türk dövlətləri və Türkdilli xalqlar bölməsinin İran (Güney Azərbaycan) üzrə təmsilçisi təyin edilib. 

 

 

ESKİŞEHİR XATİRƏLƏRİ (I)

 

İndi mən, göydə çətiri açılmayan paraşütçüyəm.

Göydən göy gözlərinə düşürəm indi mən

Gözlərinə tapşır məni, boğmasınlar

Üzmək bacarmıram.

 

Sənin gözlərin dəniz,

Mənim dərdlərim dəniz.

Sənin gözlərin pinar,

Mənim ürəyim yanar.

 

İndi mən sənin dəniz gözlərində bir kapitanam

Nəhənglər mühasirə ediblər ətrafımı.

Dəlinir, deşilir dərdlərimin içində olan gözlərin kimi,

Su ilə dolur gəmim

Mənə bir əl at bu gəmini limana çatdıraq

Ey tanrının dəllalı, ey mənim Nuh əmim!..

 

Mən səninlə iki bardaq 

Leyla şərabı içmək istəyirdim 

Cuba Barda

Barlar sokağına bomba qoyub partlatdı DEAŞ-lar .

Porsuk çayında 

foto çəkdirmək istəyirdim səninlə

Sel gəlib apardı Səməd adlı duyğularımı.

-Ehey, Musa bəy!..

Çəliyini əmanət verərsənmi?

Selin ortasında foto çəkdirmək istəyirəm.  

-Çəliyim Sina dağında 

tanrının güdazına getdi Əli bəy, bağışla!..

Sazovada ulduzların uçuşunu 

seyr etmək istəyirdim səninlə

Göylərə divar çəkdilər siyasət adamları

Ulduzların saçı görünür, naməhrəmdirlər deyə.

 

İndi Eskişehirin tramvayları içimdən keçir

İçindən keçirəm tramvayların indi mən.

Mənim içimdən keçirsən tramvayda sən

Sənə aldığım kitabı oxuyarkən.

 

Mən boğulmadım dəniz gözlüm,

Məni terror edə bilmədilər, kommunist baxışlım,

Divarları üstümə örtə bilmədilər əfəndim,

Mən yenə də ölmədim,

            Yenə də varam,

Sənin dəniz gözlərinə şeir yazıram Təbrizdən.

 

Sənin gözlərin dəniz,

Mənim dərdlərim dəniz.

Sənin gözlərin pinar,

Mənim ürəyim yanar...

 

 

ESKİŞEHİR XATİRƏLƏRİ (II)

 

Sənin köynəyindən qırılıb-qopan düymə kimi

Qırılıb-qopuram bu şəhərdən indi mən.

Səndən sağollaşmamış ayrılsam, bağışlarsan.

Trengarın divarlarındakı saatların əqrəbələri

Görəsən nədən darıxır mənim barmaqlarım kimi?!..

Özümü bu qatarla Təbrizə götürsəm də

Ürəyim səndə qalıb...

 

 

ESKİŞEHİR XATİRƏLƏRİ (III)

Başımın üstündə qırmızı bir quş uçur aylardır,

Yuvasız bir quş.

O quşun yerinə olsaydım bəlkə də

Durmadan uçub yanına gələrdim.

Ey quş,

Heç bir zəncir bağlaya bilməz səni,

Saxlaya bilməz səni heç bir qəfəs

Özgürlüyün dadını anlayan quş...

Sənin özgürlüyün ümiddir mənim üçün

Sənin qanadların dözümdür mənim üçün

Sənin uçuşun özgürlükdür mənim üçün,

Varlığından danışarsam

Bütün azadlıq heykəlləri muma çevrilər xiyabanlarda.

 

Başımın üstündə qırmızı bir quş uçur aylardır

Bu quş da mənim kimi yuvasızdırmı görəsən?

O quşun yerinə olsaydım bəlkə də,

Bəlkə də uçub yanına gələrdim durmadan.

Ey quş!

Heç bir zəncirə bağlanma

Sənə qəfəs yaraşmır.

Özgürlüyü sənin qanadlarından öyrənirəm

Uçuşun mənə azadlıq dərsi verir.

Sənin qanadlarının altında qalırlar sərhədlər.

Rəngin qırmızı möhür basır bütün passportlara

Varlığından söz açıram...

Bütün azadlıq heykəlləri muma çevrilir xiyabanlarda.

 

Mən sevdanın zəncirinə bağlandım

Qəfəsləri yaraşdırdılar mənə,

Özgürlüyü sənin qanadlarından öyrənsəm də belə.

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.