Mənim Vaqif Səmədoğlum - ESSE Featured

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

Dünən Vaqif Səmədoğlu barəsində olan bir tədbirə getmişdim.

Evə gələn kimi köhnə yazılarımı evin üzünə töküb axtarmağa başladım. Uzun illər əvvəl yazdığım bir esseni tapan kimi sevindim.

 

“Mən burdayam, İlahi, uzaq yaşıl adada”

 

99-cu il idi, deyəsən. Gənc və özümdən razı, gələcəyə ümidlə baxan vaxtlarım. Evimizə yeni iki kitab gəldi. “Mən burdayam İlahi”, “Uzaq, yaşıl ada”. Kitabların müəllifi Vaqif Səmədoğlu. 

Vərəqlədikcə anlayırdım ki, şeirlər oxunmur, sanki yaşanır. Saatlarca oxudum. Oxuduqca qarşımda yeni insanlar, qəribə mühit, yollar, pillələr açılırdı. Qəribəsi o idi ki, o dünyada - onun dünyasında özümü rahat və xoşbəxt hiss edirdim.

 Bir yazı yazdım: “Mən burdayam, İlahi, uzaq yaşıl adada”. O vaxt “Ədəbiyyat”da çap olundu. “Yaradıcılığıma diqqətinə görə təşəkkür edirəm, Aysel balam” imzalı bir kitab göndərdi. Bu kitabı indiyə qədər hər dəfə vərəqləyəndə qəribə bir doğmalıq duyuram.

 Dünən İncəsənət muzeyində “Söz” layihəsi çərçivəsində Nigar Həsənzadənin təşkil etdiyi tədbir vaqifsevərləri bir yerə yığmışdı. Hamı, hər kəs ordaydı.

 Mehriban Zəki gözəl bir söz dedi; şairin “Heç kimə demə” şeirini əsas tutub dedi ki, Vaqif Səmədoğlu elə burdadı, bizim yanımızdadı, heç kimə deməyin!

 Bir anlıq anladım ki, bu həzin poetik gecə Vaqif Səmədoğlunu burda oturan hər kəsə qısqandırır. Heç kim onu bir-biri ilə paylaşa bilmir. Çünki hərənin öz Vaqifi var.

Mənim Vaqif Səmədoğlum Bakının dar küçələrində fotoaparatıyla gəzən qəribə bir adam idi. Atam Fikrət Sadıqla onun görüş səhnələrini unuda bilmirəm. Ona böyük bir ata kimi yanaşmağı, qayğı ilə halını soruşmağı onu mənim doğmam edirdi. Onsuz da biz hamımız şeir tərəfdən qohumuq, doğmayıq. Sonra anladım ki, kimsə səndən öncə sənin yaşantılarını eyni ilə yaşaya bilər və beləcə həyatda yeni sənlər doğular ölər.

 Yazdıqlarını içinə gömən şair yaşadıqlarının şəklini çəkməyi sevirdi. Həyatı olduğu kimi qəbul edib hər anını tutmaq istəyirdi - musiqi ilə, şeir ilə, kadr ilə... O, hislərə can verən adam idi.

 Mənim Vaqif Səmədoğlum ömrünün ahıl çağında sevgisini tapmış bir sevgili idi. Ömrünün sonuna qədər sevdiyinə məktub yazardı. Çünki sevgi bir insanda özünü tapmaqdı. Kimdə sən daha çoxsan, o, sənin əsil sevdiyindi. Bunu hər kəs bu dünyada qazanmır. Hər bəndə Tanrısının yanına ardıyca bu qədər aşiqi qoyub getmir. Vaqif Səmədoğlu bütün bunları bacarmışdı.

 Vaqif Səmədoğlu uzun müddət çap oluna bilməyib. Çünki o, Sovet adamının tənhalığından yaza bilməzdi.

Bəlkə də tək-tük şairin timsalında şeirlərində anlayırıq ki, bütün insanlıq əslində tənhadır.

 Hər insanın öz musiqisi var. O, mənim üçün klassik musiqinin cazla sintezi kimidir: dövrünün və dövründən sonra da gələnlərə düşüncələrini cəsarətlə qələmə almağı öyrədir.

 Vaqif Səmədoğlu mənə həm də yaradıcı ailənin sonbeşiyi olmağı ilə doğmadır.

 Yalnız o acı günlər, onun bir şeir parçasında deyilən kimi:

 

bəlkə mən ağlayım

 sən də bərkdən güləsən,

 qoy eşidilsin həyatın səsi.

 

Bax, o xəstəlik də bu işığa kölgə salan əsil müvəqqəti həyatın səsi idi.

 Akademik Dram Teatrında olan son ad gunu tədbirində onu səhnə arxası görməyə getdim. İçəri keçib, qapıdan ona baxdım. Yazıçı Anarla oturmuşdu, üzü gülürdü, yalnız ətrafında olan insanlar onu sanki yorurdu. Ağrısını, xəstəliyini kənara qoyub onunla görüşmək üçün sıralanmışdılar. Birdən-birə duydum ki, bu izdiham onu incidir. Qapıdan dönüb, qaçıb getdim. Yolu gedə-gedə düşünürdüm Vaqif Səmədoğlunu.

 

Sevgilim mən öləndə

 bir küncdə xısın-xısın ağlayacaqsanmı sən?

 Kimin xarabasında bir damla yaşa dönüb

 düşəcəyəm gözündən…

 

Bu misralarla bütöv bir həyat tarixçəsini yazan adam.

 Hər kəsin olmağı bacaran həzin insan…

 

Ayrılıq bir dənizdir,

 Sən uzaq yaşıl ada...

 

Bu dünyada hər kəs olmaq asandır, bir kəs olmaq çətin. Həmin kəs Bakının dar küçələrində boynunda fotoaparat, ağ saçlı, iri eynəkli görkəmi, danışığı, rəftarı, özündən yaxın və doğma şeirləri yorğun və düşündürən - mənim Vaqif Səmədoğlumdur.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.