PƏRDƏARXASI – İlginc bilgilər Featured

Əkbər Qoşalı yazır

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist, siyasi icmalçı Əkbər Qoşalının növbəti siyasi şərhini təqdim edir. 

 

“SOCAR-Türkiyə”nin önündə yığışıb, əyləm edən qrup var(dı) ha, bax, onlarla bağlı yeni ilginc xəbərlər olsa, nə deyərsiniz? – “Sən demə, həmin qrup Qarabağda məscidlərin dağıdılmasına, öz havadarlarına arxalanan ermənilərin Qarabağda, Zəngəzurda İslam ibadətgahlarına donuz doldurmasına, işğalçıların müsəlman qəbristanlıqlarını təhqir etməsinə, habelə, Tehran rejiminin soydaşlarımızın ən adi haqq-hüquqlarını tanımamasına, eləcə də, uyğurların Doğu Türküstanda – öz dədə-baba el-obalarında sıxıntı içində yaşamalarına dəxi sabitqədəm şəkildə reaksiya veribmişlər.

Məgər, həmin qrup dünyanın dörd yanında bir müsəlmanın burnu qanayınca, mədəni Avropada “Quran” yandırma əyləmləri olunca, istər sosial media üzərindən, istər müvafiq ünvanlar qarşısına yığışmaqla etiraz aksiyaları keçirirmiş. Müxtəlif ölkələrin Ankaradakı Böyükelçilikləri, İstanbuldakı konsulluqları səhər işə gələrkən, axşam evə dönərkən bəlli qrupla qarşılaşırmış. “SOCAR-Türkiyə” önündən tanıdığımız bu qrup, üstəlik, İsraillə sıx işbirliyi içində olan (yaxud yəhudilərə məxsus) bir çox ünlü brendin, markanın Türkiyə üzrə təmsilçiliklərinin önünü zaman-zaman zəbt edibmiş... – Bax, bizim qardaş ölkəmizdə yarımmövcud olan bu qrup beləcə səmimi müsəlman təəssübkeşliyi içindəymiş”. – Siz canınız, dırnaq içində verilmiş “təəsübkeşlik örnəkləri”nin hansınasa azacıq inandınızmı? – Əlbəttə, yox! Niyə inanasınız ki?! Bəyəm, elə sadəlöhv adam var?..

Bax, belə bir açıq-aşkar təxribatla üz-üzə qalmışıq. “Qalmışıq” deyirəm – çünki bu, yalnız “SOCAR-Türkiyə”yə, ümumən SOCAR-a deyil, hətta yalnız Azərbaycan hökumətinə də deyil, Azərbaycan-Türkiyə qardaşlığına, Türkiyənin özünə, deyərdim, Türk birliyinə (Türk Dövlətləri Təşkilatına) yönəlib. Belə çıxmasın ki, bir kiçik qrupu böyüdürəm – əsla, yox! Əsla, başarılı ola bilməyəcəklər! – Ona görə yox ki, enində-sonunda “bir qrupdu, dəstədi başlarından hündürə tullanmağa gücləri çatmaz” deyirəm; ona görə ki, haqqı təmsil etmirlər, imitasiya edirlər. Ona görə ki, ən adi məntiqli sual qarşısında cavabsız qalarlar; amma haqqın incəldiyini hamı görüb, üzüldüyünü kimsə görübmü?..

Bəs bu kiçik qrupun arxasında böyük məkr ola bilərmi? – Çox böyük ehtimal ki, vardır. Bu əyləmlərdəkilərin bir çoxunun gözünü Paris dəbi ilə Qum örtmüş ola bilməzmi?.. Bir bölümü də oyun içində oyuna düşmüş olmazmı? Bu ehtimalların nə dərəcə yaşarılı olduğuna bir qədər sonra – əyləm günlərinə diqqət edərkən cavab ararıq...

 

Əziz qardaşı, dostu, qonşusu ilə Qanun qüvvəli “Şuşa Bəyannaməsi”nə malik Azərbaycanın İslam həmrəyliyində, Türk birliyi strategiyasında, hələ-hələ Türkiyə ilə həmrəyliyində qüsursuz özkeçmişi, bu günü və gələcəyə üfüqügeniş baxışı var. Fələstin, Qəzza mövzusunda da biz beynəlxalq hüququn yanında, tərəfində, arxasında olmuşuq. Hərçənd Fələstinin ünlü liderlərinin işğalçı Ermənistanla aşırı məhəbbəti (həşr-nəşrliyi) bilinən məsələdir; o da bilinən məsələdir ki, “SOCAR-Türkiyə” iddia olunduğu kimi İsraillə xam neft üzrə birbaşa ticarət bağına malik deyil. Gəlin şirkətin özünün tutarlı açıqlamasından bir bölümə diqqət edək: “Son dövrlər regionda baş verən geosiyasi proseslər nəticəsində müəyyən etiraz aksiyalarında SOCAR Türkiyə və qrup şirkətləri bir müddətdir ki,  bəzi təxribatçı qruplar tərəfindən həm sosial media üzərindən, həm də həyata keçirilən fiziki aksiyalarla hədəf göstərilməkdədir. Bu təxribatçı qruplar, şirkətimizin İsrail ilə xam neft üzrə ticarət əlaqəsi olduğuna dair əsassız ittihamlar irəli sürərək sosial media üzərindən təxribat xarakterli paylaşımlar etməkdə və şirkət binamıza əməkdaşlarımızın təhlükəsizliyini riskə atacaq şəkildə fiziki hücumlar həyata keçirməkdədirlər. İstanbuldakı mərkəz binamızda 12 mart, 29 may, 31 may və 2 iyun tarixlərində, Bursadakı Bursaqaz ofis binasında isə 24 may tarixində həyata keçirilən və getdikcə şiddətlənən təxribatların davam etməsi əməkdaşlarımızın həyatı üçün təhlükə yaratmaqdadır”. 

 

İndi isə ardıcıllıqla əyləm günlərinə (12 mart, 29 may, 31 may və 2 iyuna) diqqət edək:

 

12 mart – Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik bağların qurulmasının 32-ci ildönümü günüdür. O İran ki, güclü, dünyəvi Azərbaycan Respublikasının varlığını öz totalitar, gerilikçi rejimi üçün təhdid sayır. Və o İran ki, “SOCAR-Türkiyə” önündə əyləmə yığışanlar haqqında elə ilk günlərdəncə “İran proksi qrupları” deyə söz açıldı;

 

1921-ci ilin 12 martında Türk Millətinin İstiqlal Marşı, 12 mart 1936-cı ildə isə Türk bayrağı haqqında Qanun TBMM-də qəbul edilib. Tehran rejiminin güclü Türkiyəyə, Türk bayrağına münasibəti Azərbaycan Respublikasına, Azərbaycan bayrağına münasibətindən pisdir ki, yaxşı deyil;

12 mart 1985-ci ildə silahlı erməni militanları Türkiyənin Ottavadakı Böyükelçiliyinə basqın düzənləyib;

12 mart 2000-ci ildə Papa II İohann Pavel, Kilisənin keçmişdə yəhudilərə, müxaliflərə, qadınlara və yerlilərə qarşı işlədiyi günahlardan ötürü əfv diləyib;

  Bu il 12 mart – Yel çərşənbəsi günüydü...  

 

29 mart 1918-ci ildə Türk-İslam aləmində ilk demokratik respublikanı – Azərbaycan Xalq Cümhuriy­yətini bir gün öncə elan etmiş Milli Şura Antanta dövlətlərinin davamlı təzyiqlərindən sonra İrəvan şəhərinin (100 illiyinə) tarixdəki ilk erməni dövlətinə - Ermənistana verilməsi haqqında (yetərsaysız da olsa) qərar qəbul etmək zorunda qalıb;

 

29 martın ən möhtəşəm hadisəsi: 29 may 1453-cü ildə Sultan II Mehmedin başçılığı altındakı Osmanlı ordusu İstanbulu fəth edərək Bizans dövlətinin varlığına son qoyub!

 

31 may 1999-cu ildə İmralı adasında PKK lideri Abdullah Öcalanın yarğılanmasına başlanıb;

31 may 2010-cu ildə İsrail əsgərlərinin Qəzza bölgəsinə humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə hücumu nəticəsində 9 mülki şəxs həlak olub. (Türkiyədən hərəkət edən o gəmilər İnsani Yardım Vəqfinin yardımlarını daşıyırdı)...

 

2 iyun 1964-cü il – Demokratik, dünyəvi və milli Fələstin Dövləti qurmağı hədəfləyən, müxtəlif milli qurumları bir araya gətirən Fələstin Azadlıq Təşkilatı qurulub.

 

Nə gizlədim, əyləmə çıxan qrupların məhz bu tarixləri seçməsinin təsadüf əsəri olduğunu düşünmürəm. Solçu, “islamçı” və b. sifətlər qarışıb əcəbsandal olub sanki... Sanki rəmzlərlə hərəkət ediblər və bəzən, o günün hadisəsinə qarşı, bəzən də o günün adına yığışıblar... Sanki pərdə arxasında bir drijor çubuğu vardır və o drijor bilərəkdən “not”ları qarışdırıb...

Ancaq bu, çox fərqli hadisələrin təvafüq etdiyi günlərdə “SOCAR-Türkiyə” binası önünə yığışıb, ağzına, ağlına gələni hayqırmaq heç adekvat deyil, heç. O hadislər ki bizim qürur, sevinc qaynağımızdır, bayram ovqatı bəxş edir – onu elə “qeyd” etməzlər; o hadisələr ki, kədərlidir – onun da qeyd edilmə ünvanı “SOCAR-Türkiyə” binası ola bilməz; nəhayət, o hadisələr ki, Azərbaycanla, Türkiyə ilə birbaşa bağı yoxdur, daha çox hansısa üçüncü ölkənin ilgi alanındadır, yenə də, əyləmçilər ünvanı qətiyyən düz seçməyib.

 

*

İyunun 4-dən Bakı Enerji Həftəsi başlayıb. Dövlət, hökumət başçıları, nüfuzlu şirkət rəhbərləri evsahibinə - Azərbaycan Prezidentinə təbrik, müraciət məktubları ünvanlayıb. Bəli, ilk Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 30-cu ildönümüdür. Ölkəmizin enerji sektoruna birbaşa xarici yatırımların cəlb edilməsində önəmli rol oynamış Sərginin (“Caspian Oil&Gas”) bu il 29-cusu, habelə Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji (“Caspian Power”) sərgisinin 12-cisi düzənlənir. Bu tədbirlər enerji siyasətinin əsas seqmentlərini (neft, qaz, kəşfiyyat, hasilat, emal, nəql), eləcə də, yaşıl enerjini əhatə etməkdədir. Üstəlik, bu il respublikamızda “Yaşıl Dünya naminə Həmrəylik İli”dir; COP29-un bu ilki evsahibi də Azərbaycan Respublikasıdır.

Bəs belə önəmli hadisələri gözügötürməyənlər heçmi yoxdur? Öncəki illərdə bənzəri beynəlxalq tədbirlər (I Avropa Oyunları, Avropa Musiqi Yarışması, “Formula-1” Azərbaycan Qran Prisi və b.) ərəfəsində qanqaraldan olaylarla qarşılaşmadıqmı? İstər ölkə içində, qardaş ölkəmiz Türkiyədə, istərsə də, başqa ölkələrdə Azərbaycan əleyhinə əyləmlər olmadımı?..

Bu da keçər...  

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.