Super User
Gənclər kitabxanasında Xalq şairi Hüseyn Arifin 100 illiyi münasibətilə məlumat bazası hazırlanıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Hüseyn Arifin 100 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlayıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, məlumat bazasında şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilərək əsərlərindən nümunələr təqdim edilib.
Həmçinin burda ədib haqqında qələmə alınan Xalq yazıçısı İsmayıl Şıxlının “Elə bağlı şair”,”, və Xalq şairi Nəriman Həsənzadənən “Hüseyn Arif - 50” adlı məqalələrin tam mətni, şeirlərindən nümunələr, müəllifi olduğu əsərlərin, məqalələrin, sözlərinə bəstələnən musiqi əsərlərinin siyahısı, görkəmli şəxsiyyətlərin ədib haqqında söylədikləri dəyərli fikirlər, xatirələr yer alıb.
Məlumat bazasında “Xalq şairi Hüseyn Arif aşıq yaradıcılığı”, “Mükafatlar”, “Video və fotoqaleraya”, “Virtual sərgi” kimi bölmələr nümayiş olunub.
Elektron məlumat bazası ilə kitabxananın rəsmi saytından tanış olmaq mümkündür.
“Ədəbiyyat və incəsənət”
(13.06.2024)
“Xurşudbanu Natəvan” tamaşası bu dəfə ASAN könüllülərinin ifasında
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində ASAN könüllülərinin təqdimatında İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” tamaşası ingilis dilində səhnələşdirilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlimat verilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, ASAN könüllüləri iştirak ediblər.
15 İyun-Milli Qurtuluş Gününə həsr olunan tamaşa “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı və Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.
18 ASAN könüllüsünün hazırladığı səhnə işinin məqsədi sözügedən əsərin motivləri əsasında Qarabağımızın tarixinin, zəngin mədəniyyətinin, ənənələrinin təbliğidir.
600-dən çox tamaşaçının iştirakı ilə baş tutan tədbirin sonunda könüllülər təltif ediliblər və xatirə şəkli çəkdirilib.
Ümumilikdə “Mədəniyyət Carçısı” proqramı çərçivəsində bu günədək 100-dən çox tamaşa və rəsm sərgisi, 500-dən çox ustad dərsi reallaşdırılıb.
“Ədəbiyyat və incəsənət”
(13.06.2024)
ARKA kinomuzun gələcək uğurları istiqamətində yeni layihəyə imza atıb
Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) kinomuzun gələcək uğurları istiqamətində yeni layihəyə imza atıb. Belə ki, gənc və istedadli kinodramaturqların, kinorejissorların, operatorların, aktyorların üzə çıxarılması, onların fəaliyyəti üçün hərtərəfli imkanların yaradılmasi istiqamətində möhtəşəm işə başlanılıb.
“Ədəbiyyat və incəsənət” portalı ARKA-ya istinadən xəbər verir ki, qurumla “TƏDRİS-FİLM” kinostudiyası arasında bağlanan müqaviləyə əsasən 12 tələbə filminin istehsalı uçun kifayət qədər vəsait ayrılıb.
Ümid etmək olar ki, “İnam”, “Düşmüş mələk”, “Tullantılar dünyası”, “Balıqçı kafesində görüş”, “Fundament”, “Dəyişə bilməyən adam”, “Çağırılmamış qonaq”, “Ulduzun hekayəsi”, “Şirin yuxu”, “Biçilmiş don”, “Mühafiz”, “Sabah” kimi layihələrin istehsala buraxılması ilə istedadli tələbələrlə ARKA arasında bünövrəsi qoyulan bu yaradıcı əməkdaşlığın bəhrəsini yaxın vaxtlarda ərsəyə gələcək uğurlu ekran işləri ilə görəcəyik.
Bəzi çətinliklərdən sonra nəhayət ki, heç zaman Azərbaycan kinosunun tarixində olmayan bir işə imza atılıb. ARKA 12 gəncin ilk filmini maliyyələşdirməklə onların sənətlə bağlı arzularının möhkəm bünövrə üzərində qurulmasına vəsilə olub. Bu ənənə hər il davam edəcək, yəni hər il diplom işlərini ARKA maliyyələşdirəcək.
Bu mənada azərbaycanlı tələbələrin Qazaxıstanda təşkil edilən Fərabi Film Festivalında “Bir vaxtlar Sabunçuda”, “Lənt” filmlərinin mükafata layiq görülməsi təsadüfi deyil, Azərbaycan kinosunun gələcək uğurundan xəbər verir.
Gənclərə dəstək təkcə maliyyə yardımı ilə yekunlaşmır. Gənc kinematoqrafçılara dəstək məqsədilə ARKA Alternativ Kino Akademiyası təsis edib.
“Ədəbiyyat və incəsənət”
(13.06.2024)
Fazil Mustafa Yusif Nəğməkara məktub ünvanlayıb
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü,
tanınmış şair-publisist Yusif Nəğməkara məktub ünvanlayıb.
“Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir:
“Hörmətli Yusif müəllim,
Sizi doğum gününüz və yaradıcılıq uğurlarınızla bağlı təbrik edir, möhkəm cansağlığı, yeni başarılar diləyirəm!
Siz özünəxas mədəniyyət-sənət, ruhaniyyat iqlimi olan qədim Beyləqan torpağında, Birinci Aşıqlı elində və əlamətdar bir gündə doğulmusunuz. – Sizdən öncələr Azərbaycanda və Türk dünyasında bir sıra görkəmli sənətkarların doğum və anım günü kimi mədəniyyət təqvimə düşən 15 iyun, artıq 27 ildir Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü olaraq Azərbaycanda rəsmi dövlət bayramı günüdür. Azərbaycanla qardaş Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi” 3 il öncə – məhz 15 iyunda imzalanıb. Siz bu əlamətdar günün mənəvi haqqını ödəməyə çalışan, öz yaradıcılığı ilə vətənə, xalqa, Türk dünyasına xidmət edən şairlərdənsiniz. Təsadüfi deyil ki, sizin şeirlərinizə Azərbaycan bəstəkarları ilə yanaşı Türkiyə bəstəkarları da müraciət edir. “Mehtər” marşı üstə ifa edilən “Azərbaycan, Türk bayrağı” şeiriniz qardaş ölkə xorunun ifasında rəğbətlə qarşılanıb.
Siz uzun illərdir Jurnalistlər Birliyinin, Yazıçılar Birliyinin üzvü, habelə “Qazax Xeyriyyə Cəmiyyəti”nin fəxri üzvü, Azərbaycan Sənaye Korporasiyasının mətbuat katibisiniz.
1973-1977-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Filologiya fskültəsində ali təhsil almısınız. Beyləqan rayonunda bir neçə il müəllimlik etdikdən sonra Dövlət Teleradio Verilişləri Komitəsində (indiki “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də) müxtəlif vəzifələrdə çalışmısınız (1983-2006).
Siz hələ 22 yaşında olarkən, Xalq şairi Rəsul Rza sizə uğurlu yol yazıb (“Ədəbiyyat və incəsənət” qəzeti, 30.04.1977).
Sonralar Xalq şairi Bəxtiyar Vahabzadə “Mənim çox sevdiyim şair Yusif Nəğməkar” adlı məqalə yazıb, “Dünən, bu gün və sabah” adlı şeirini sizə həsr edib.
Siz 2015-ci ildə Çanaqqala Zəfərinin 100 illiyi ərəfəsində ünlü “Çanaqqala – Türkə qala” poemasını yazmısınız.
İndiyədək 20-dən artıq kitabınız gün üzü görüb.
Rəsul Rza və Şahmar Əkbərzadə adına beynəlxalq ədəbi mükafatlar laureatısınız.
Sizi yaradıcılıq uğurlarınız və doğum gününüzlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(13.06.2024)
Komitə sədrindən şair Rəfail İncəyurda təbrik məktubu ünvanlanıb
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist
Rəfail İncəyurdu qarşıdan gələn 70 illik yubileyi ilə bağlı təbrik edib.
Təbrik məktubunda şairin həyat və yaradıcılığının ən ümdə məqamlarına vurğu edilib. “Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir:
“Hörmətli Rəfail müəllim,
Sizi 70 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz özünəxas şeir-sənət gələnəkləri olan Qazaxın Kəmərli kəndində doğulmusunuz. 1961-1971-ci illərdə Kəmərli kənd orta məktəbində, 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU-da) oxumusunuz.
Univerisiteti bitirdikdən sonra Qubadlının Fərcan kəndin orta məktəbdə müəllim olmuş, daha sonra BDU-da və paytaxtda yerləşən bir sıra digər müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmusunuz.
Siz 1975-ci ildən bəri davamlı olaraq dövrü mətbuatda öz yaradıcılıq örnəklərinizlə çıxış edirsiniz. 1986-cı ildən ədəbi fəaliyyətə daha çox önəm verməkdəsiniz: BDU nəşriyyatında redaktor, böyük redaktor, “Təhsil” nəşriyyatında redaktor, “Diplomat” nəşriyyatında baş redaktor, “Xarici Siyasət Arxivi” jurnalında baş redaktorun müavini, Odlar Yurdu Universitetinin nəşriyyatında redaktor olmusunuz.
Şeirləriniz ölkəmizlə yanaşı, qardaş Türkiyə, habelə Rusiya mətbuatında da yayınlanıb; bir sıra şeirləriniz ingilis və fars dillərinə çevrilib.
200-dən çox elmi və bədii kitabın redaktoru, önsöz yazarı, bir neçə ədəbi toplunun tərtibçisi olmusunuz.
Sizin özünüzün səkkiz kitabınız gün üzü görüb: “Ömürdən o yana yollar uzanır” (1996), “Könül dünyam” (2001), “Köhnə kişilər” (2004), “Köz yaşı” (2007), “15-imdən 55-ə varanda...” (2009), “ÖZü SÖZə ucaltmışlar odası” (2014), “Arzuların yuvasına toxunma” (2016), “Səcdə” (2019).
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvüsünüz.
2011-12-ci illərdə Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olmusunuz, həmçinin bir sıra ictimai ədəbi təltiflər almısınız.
Sizi 70 illik yubileyiniz, ictimai və yaradıcılıq uğurlarınızla bağlı bir daha təbrik edir, Mədəniyyət Komitəsi adından ən xoş diləklərimi yetirirəm”!
“Ədəbiyyat və incəsənət”
(13.06.2024)
Teatrda
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam etdirir.
Başabəla tanış
Xeyrəddin Qoca bir tanışını onun öz xahişi ilə partiyaya üzv yazdırır. Aradan xeyli keçir. İclasların birində necə olursa, həmin tanışı Xeyrəddin Qocanın əleyhinə danışır. Xeyrəddin müəllim bərk hirslənir:
-Mənə bax, səni bu partiyaya kim soxuşdurub, hə?
Həmin tanış da bərkdən gülərək cavab verir:
- Sən!
Teatrda
Xeyrəddin Qoca Akademik Milli Dram Teatrında «Mesenat» tamaşasına baxırdı. Ona hörmət əlaməti olaraq lojada yer vermişdilər. Tamaşa son dərəcə maraqlı olduğundan tamaşaçı ilə dolu salondan səs çıxmırdı. Xeyrəddin Qoca bir də görür ki, oturduğu stul əyilir, əyildikcə də, cırıltılı səs çıxır. Heç demə, stul sınıq imiş. Barmaq işarəsi ilə arada - ortada gəzən nəzarətçini yanına çağırıb pıçıltı ilə deyir:
-O Hacı Zeynalabdinə deyin ki, bu qədər xeyirxah işlər görür, bu stulları da dəyişdirsin.
Nəzarətçi gülür, çünki Hacı Zeynalabdin rolunu teatrın direktoru oynayırdı...
“Ədəbiyyat və incəsənət”
(13.06.2024)
Pis dəlləyin müştərisi
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Qadının kişi fikri istəməsi yenə öz fikrini eşitmək istəyidir, ancaq bu dəfə bass-da.
2.
Vaqif Səmədoğlunun 85 illiyi münasibətilə keçirilən Poeziya müsabiqəsinin şərtlərində qeyd edilir ki, müsabiqəyə 35 yaşına kimi şəxslər buraxılır.
Bir xanım müraciətində yazır: “Mənim 37 yaşım var, amma hamı mənə uzağı 30 yaş verir. Odur ki, xahiş edirəm, məni də iştirakçı olaraq təsdiqləyəsiniz”.
3.
Pul səndə olmayanda əl çirkidir, elə ki səndə oldu, onda dönüb olur əl təmizliyi.
4.
Pis dəlləyin bütün müştəriləri keçəl olar.
5.
-Siz ərinizi nəyə görə vurmusunuz?
-İlahi, guya bundan ötrü səbəb də lazımdır ki?
“Ədəbiyyat və incəsənət”
(13.06.2024)
POETİK QİRAƏTdə Emin Pirinin “Venesiyaya birinci məktub” şeiri
Poetik Qiraətdə bu gün qazi şair Emin Piridir. Onun “Venesiyaya birinci məktub” şeiri lirik ovqatlıdır.
“Bir az əsmər, bir az günəş-şokolad qız,
sən gedəli
Burda şirniyyatların dadı qaçıb.”
Elə başlanğıcdan adamı çəkir.”
Xoş mütaliələr!
Venesiyaya birinci məktub
Bir az əsmər, bir az günəş-şokolad qız,
sən gedəli
Burda şirniyyatların dadı qaçıb.
Venesiyanın suları
gecələr pıçıldayırmı qulağına
Sumqayıtın yalnızlığını?
Heç gördünmü
Eşqə qalxmışam desin kimsə?
Hamı düşdü,
düşdü.
Düşmək qalxmaqdı
necə ki, Yusifi endirdilər
qalxmasıyçün
Allahın eşq quyusuna.
Sən də mənim eşq quyumsan
balıqların Marian zirvəsi kimi.
Ayaqlarımın addımlamağı
əllərimi aldatmaqdı
səcdə edir getdiyin yollara.
Üzümü hara tutum dua edəndə
Məkkəyə, Vatikana
Yoxsa Venesiyaya?
Bədənimdən ayrı düşən ayaqlarım,
“Axilles dabanı”msan.
Kişilər qadınsız yeriyə bilməz bu həyatı.
Günəşə həsrət mamırlar
ayağına dolanıb yalvarırmı
getmə, qal, əsmər günəş-deyə?!
Üzük yerinə
öpsəmmi barmağından?!
…bəlkə də, bir itimiz olar,
adını Kio qoyarıq.
Sevgi dilində danışır itlər-
elə mənim dilimdə.
Çox yorulmuşam, şokolad qız…
Bu həyatdan nə doydum, nə də bezdim.
Yoruldum,
yoruldum, şokolad qız.
Aldadasan hamını…
Elə özünü də
Tanrını da
Onun yazdığı 75 illik ömrü də
33 yaşında
atasan özünü
dənizin qolları arasına.
Cırasan alın yazısının qalan səhifələrini
balıqlar öpə gözündən,
yosunlar anantək bələyə səni.
Allah da köks ötürüb deyə:
“Bağışla.
Bağışla məni”.
Mənim gücüm çatan iş deyil bu iş,
alın yazısında proqnozlarım
özünü doğrultmur buralarda heç…
İkiəlli yapışıb tavandakı ipdən
özünü asan gəncin kölgəsi.
Körpüdən ölümünə tərəf boylanan
bir başqasının da kölgəsi
boğulub dənizdə çoxdan…
Kölgəmiz cəsarətli çıxır özümüzdən.
Yuxularımız necə
Onlar da yazılıb alın yerinə?!
Şeytan Allahın,
gecə gündüzün,
yuxular həyatın
sən mənim kölgəmsən.
Ədəbiyyat və incəsənət”
(13.06.2024)
“İncəsənət tarixi, əslində hasarlar və sərhədlər arasında daimi çarpaz mayalanma tarixidir” - CON MAKSVELL KUTZEE
Cənubi Afrika Respublikasının dünyaşöhrətli yazıçısı, tənqidçi, dilçi, 2003-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, iki dəfə Buker mükafatı almış ilk yazıçı olan Con Maksvel Kutzeenin şəxsiyyəti maraqlı və sirlidir. Bu günlərdə xarici mediada Devid Etvelin ondan 20 il öncə aldığı müsahibə təkrarən gündəmi tutdu. Müsahibə ilk dəfə yazıçı Nobel mükafatını aldıqdan qısa müddət sonra İsveçin "Dagens Nyheter" qəzetində dərc olunub. Müsahibəni dilimizə Nilufər Hacılı çevirib və “Ədəbiyyat və incəsənət” portalı onu sizin diqqətinizə çatdlrır.
- İlk növbədə, aldığınız mükafat münasibətilə ürəkdən təbrik edirəm. (Nobel mükafatını nəzərdə tutur.)
- Təşəkkürlər.
- Sizcə, həm şəxsən sizin üçün, həm geniş mənada, Nobelin əhəmiyyəti nədir?
- Ədəbi mükafatın məntiqi yazıçının, yaradıcılığına görə müdrik sayıldığı dövrlərə gedib çıxır. Heç bir quruma bağlı olmadığı üçün həm indiki dövr, həm də mənəvi dəyərlərlə son sözü deyə bilən müdrikdir.
- İndi sizi nə gözləyir?
- Artıq səyahət və konfrans dəvətləri almağa başlamışam. Məncə, ədəbi şöhrətin ən qəribə tərəfi də budur. Özünüzü yazıçı və hekayəçi kimi sübut edirsiniz, sonra insanlar sizi dayanmadan çıxışlar etməyə və dünya haqqında fikirlərinizi izah etməyə dəvət edirlər.
- "Nöqtənin ikiqatlanması"ndan ("Doubling the Point") sonra həm avtobioqrafiya janrında əsərlər yaratmısınız, həm də janrın özü haqqında yazmısınız. Bunların arasında daha az tanınan "Sədaqət" ("Homage") Rilke, Musil, Paund, Folkner, Ford Madoks Ford və Bekketin sizə təsirlərindən bəhs etmisiniz. Bunlar ədəbiyyat avtoritetləri tərəfindən hər hansı bir cərəyan altında qruplaşdırılan adlar deyil, ancaq demək ki, bir topluluq olaraq sizin üçün məna daşıyırlar. Burada əsl diqqətçəkən şey sizin onlarla olan dərin bağınızdır. Siz bildirirsiniz ki, başqa yazıçılardan əldə edəcəyiniz şey "ideya" deyil, "üslub"dur. Belə deyək, sizin özünüzə görə yan-yana gətirdiyiniz yazıçılar qrupu sizinçün adlar silsiləsindən ziyadə, həyat tərzi ifadə edirmi?
- Dediyiniz məqalə əslində dərs dediyim günlərdən qalma bir məqalədir. Düşünürəm ki, diqqətlə oxumağa dəyməz. Çünki təsirləndiyimi söylədiyim insanlar eyni ədəbi cərəyandan deyillər. Bir adama ən çox təsir edən müəlliflər, adətən daha təsirli olan yeniyetməlik illəri haqqında nələrsə oxuduğunuz müəlliflər olur. Həmin yazıçıların gənclik illərində yazdıqları əsərlər də adama ən çox təsir edən kitablar olur. Məsələn, elə götürək, Musili. Gəncliyimdə məni onun son əsərləri deyil, gənclik illərində yazdığı əsərlər heyran edirdi. Bekketə gəlincə, 1952-ci ildən əvvəl yazdığı əsərlər mənə ən çox təsir edən əsərlərdi, sonrakılar deyil.
O məqalədə başqa bir problem də var. Elə ədəbiyyat əsərləri var ki, adama güclü, lakin dolayı yolla təsir edir. Çünki siz onu birbaşa təqlid etməyə bilərsiniz, ancaq bütün bir mədəniyyət vasitəsilə sizə çatır. Vilyam Vordsvort ağlıma gələn ilk addır. Əsərlərimdə Vordsvortun düşüncəsinin və ya yazı tərzinin təsirini görmürəm, lakin buna baxmayaraq, Vordsvort insan və təbiətlə münasibəti haqqında yazdıqlarımda həmişə var.
Sualınıza qayıtsaq, insan öz yaratdığı bir siyahıda təcrübəyə qarşı yaradılan cavab tərzini və ya daha ehtiyatla desək, öz cavablarını təsdiq etməyin yollarını tapır.
- Elə həmin məqalədə deyirsiniz ki, "Bəzi dövrlər və yerlər, qarşılaşdıqları çətinliklərin öhdəsindən gələ bilən yazıçıları önə çıxarır, bəziləri isə çıxarmaz". Təxminən belə bir şey, kiminsə ədəbi cəhətdən formalaşması həmin insanı yaşayacağı çətinliklərə hazırlayır, hazırlamasa da, bu dəfə insan situasiyaya uyğunlaşır. Şəxsi "antologiyanız" və Cənubi Afrika arasındakı əlaqə haqqında heç düşünmüsünüzmü? Keçmişə nəzər saldıqda, sizcə, bu münasibət əsərlərinizdə özünü necə göstərib?
- Kənardan baxanda, tarixi nümunə kimi görünən mən, əslində xristian təqvimilə XVI əsrdə başlayan və XX əsrin ortalarına qədər davam edən Avropanın geniş ekspansionist hərəkatının gecikmiş təmsilçisiyəm. Bu hərəkat, Amerika və Okeaniya qitələrində işğal və məskunlaşma ambisiyalarını az-çox, gerçəkləşdirdi, amma Asiyada tamamilə, Afrikada isə qismən məğlubiyyətə uğradı. Mən bu hərəkatı təmsil edirəm, ona görə ki, mənim intellektual bazam dəqiq avropalıdır, afrikalı deyil. Mən, həmçinin eyni zamanda aparteid (irqçi) rejimdən ən çox faydalanmaq üçün yaradılmış Cənubi afrikalı bir nəslin də nümayəndəsiyəm.
- Arxa planında zülm keçmişi olmuş və ya hələ də məğlubiyyətə uğramış müstəmləkəçi hərəkatın nümayəndəsi ilə özünə yer etmək istədiyi, lakin bacarmadığı bölgə və xalqları arasındakı düzgün münasibət forması necə olmalıdır?
- Bu sualın cavabından əmin deyiləm. Məncə, buna mücərrəd şəkildə cavab verməyə çalışmaqdansa, yaşadığım müddətdə bunu yaşamağa çalışmaq daha məhsuldar olub və elə də olacaq. Bu sualı "yaşamaq" dedimsə, təkcə gündəlik həyatda deyil, əsərlərimdə də yaşamağı nəzərdə tuturam.
Gördüyünüz kimi, mən bədii ədəbiyyat yaratmağı, yəni fantaziya icad etməyi və inkişaf etdirməyi bir növ, mücərrəd düşüncə kimi qəbul etmirəm. Təbii ki, mən ağlın faydalılığını da inkar etmək istəmirəm, lakin bəzən insan tək ağılla heç bir şey əldə etməyəndə, intuisiyasını hərəkətə keçirir.
- Bayaq qeyd etdiyiniz Avropa ekspansionist hərəkatında XX əsrin əvvəllərində və ortalarında estetika anlayışı xüsusilə təsirli görünür. Siz bu ənənə çərçivəsində öz brendinizi yaratdınız. Bəlkə də bu, əsərlərinizin əksəriyyətini yazdığınız Cənubi Afrikadan, əsərlərinizdə böyük yer tutan iztirab və bədən qavrayışını almış olmağınızla bağlıdır. Başqa bir misal da, - etik və estetik anlayış baxımından - fərqlilik və başqa cür yaşamağın nə demək olduğuna dair sizin gətirdiyiniz izah. Bu mənada, sizin yazdıqlarınız, insanların ünsiyyət baxımından çətinlik çəkdiklərindən bəhs edən ənənəvi mətnlərdən daha cəlbedicidir. Təbii ki, başqa uğurlarınız da var. İsveç Akademiyası artıq bunları müşahidə edib və yüksək qiymətləndirib.
- İsveç Akademiyası haqqında dedikləriniz barədə nəsə demək mənə düşməz. Amma madam ki, siz bayaq Samuel Bekketin üzərimdəki formalaşdırıcı təsirindən bəhs etdiniz, bunu deməliyəm. Bekketi, əlbəttə ki, yüksək səviyyəli modernlərdən, daha doğrusu, ilk postmodernlərdən biri kimi qiymətləndirmək olar. Bekket, Afrika ilə heç bir əlaqəsi olmayan irlandiyalı, avropalı idi. Amma Atol Fuqard kimi həssas və istedadlı dramaturqun əlində Bekket Cənubi Afrikaya daşına bilər, o qədər mükəmməl ki, az qala, yerli kimi göstərilə bilər. Yaxşı, bu nə deməkdir? İncəsənət tarixi, əslində hasarlar və sərhədlər arasında daimi çarpaz mayalanma tarixidir.
- 2003-cü ildə "Buker" mükafatına namizəd olan "Elizabet Kostela" adlı romanınızın eyniadlı qəhrəmanının özünə şübhə problemi var, bu da "Elizabet, Ledi Çandosdan Frensis Bekona məktub" adlı fəsillə yekunlaşır. Elizabetin məktubu onu böhran, daha doğrusu, fəlakət hissinə sürükləyir. Çünki məktubun tarixi 11 sentyabrdır (1603)! Daha doğrusu, Elizabet mətni özünü inkar edərək tərk edir. Bunu demək istəyir? Ədəbi həyat son nəticədə "uçurumun kənarındakı ruh" üçün çıxış yolu və ya xilas təmin etmir.
- Məndən əsərlərimi şərh etməyi istəyəndə, adətən buna qarşı gəlirəm. Bunu düzgün hesab etmirəm... Elizabet, dilin hüdudları daxilində yazdığını iddia edir. Əgər daima onun arxasınca düşüb kifayət qədər ağıllı olmadığı üçün ifadə etmək istəyib, edə bilmədiklərini izah etməyə çalışsam, onu təhqir etmiş olmaram? Mayın 1-i kimi, 11 sentyabr da bəzi adamlar üçün çox önəmli, bəziləri üçünsə adi bir gündür.
"Uçurumun kənarındakı ruh" üçün ən yaxşı həyat tərzinin nə olduğuna gəlincə, indicə "ədəbi həyat" adlandırdığınız şey, ya da bizə varlığımız haqqında düşünmək üçün başqa hər hansı həyat tərzi - fantaziya, işarələr, hekayə danışmaq - mənə yaxşı təsir edir. "Yaxşı" deyəndə, etik mənada, məsuliyyəti nəzərdə tuturam.
“Ədəbiyyat və incəsənət”
(13.06.2024)
Milli Xalça Muzeyində “Müxtəlifliyin gözəlliyi” adlı sərgi açılacaq
Bu gün - iyunun 13-də ölkəmizdə ilk dəfə Azərbaycan Milli Xalça Muzeyində Monteneqro xalqının milli mədəni özünəməxsusluğunu, dünyagörüşünü, həyat tərzini, etnik, dini xüsusiyyətlərini təcəssüm etdirən sərgi açılacaq.
Xalça Muzeyinin yaydığı məlumatda bildirilir ki, “Müxtəlifliyin gözəlliyi” adlı sərgidə fərqli mədəniyyətlərin bir-birinə qarşılıqlı təsirindən yaranan 170-dən artıq eksponat nümayiş olunacaq.
Mədəniyyət Nazirliyi, Monteneqro Mədəniyyət və Media Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Monteneqro Milli Muzeyinin təşkilatçılığı ilə reallaşacaq sərgidə qədim Balkan, Roma, Bizans, yunan və slavyan irsinin özəlliklərini əks etdirən XIX-XX əsrlərə aid ənənəvi geyimlər, aksesuarlar, zərgərlik nümunələri, silahlar nümayiş olunacaq.
Eksponatların arasında qədim Monteneqro xalqının milli kimliyinin vacib elementinə, əsas atributuna çevrilən, çoxsaylı nəbati, həndəsi, zoomorf motivlərlə bəzədilmiş rəsmi geyim dəstləri də mövcuddur.
Əsasən şəhər və kənd, xristian və müsəlman, həmçinin gündəlik və mərasim libasları kimi xarakterizə edilən geyimlər naxış elementlərinə, rənglərin harmoniyasına, biçiminə, formasına görə yüksək zövqlə hazırlanıb. Kişi geyimləri əsasən sadə, qadın geyimləri isə zəngin naxışlı və rəngarəngdir.
Sərgi iyunun 14-dən avqustun 31-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(13.06.2024)