İntizar ədəbiyyatı - Mədinə Gülgün Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Deyirdin baharda görüşərik biz,

Bahar gəldi, getdi, sən gəlməz oldun.

Daşlaramı dəydi sındı əhdimiz,

Aylar gəldi, getdi sən gəlməz oldun. 

 

Dedin, durnalarla gələrəm mən də,

Durnalar qayıtdı sən gəlməz oldun.

Saraldı yarpaqlar çöldə, çəməndə,

Payız fəsli çatdı sən gəlməz oldun. 

 

Deyirdin qapına qonaram quş tək,

Quşlar cəh-cəh vurdu,sən gəlməz oldun,

Yaşamaq eşqiylə vəcdə gələrək

Quşlar yuva qurdu sən gəlməz oldun. 

 

Dedin nəğmələrlə dönərəm geri,

Min nəğmə ucaldı, sən gəlməz oldun.

Tükəndi ömrümün bahar günləri,

Könlüm sənsiz qaldı sən gəlməz oldun. 

 

Sənsiz dönə-dönə yollara baxdım;

Gözlərim qaraldı,sən gəlməz oldun.

Ay mənim taleyim,ay mənim baxtım,

Söylə,bu nə haldı sən gəlməz oldun. 

 

Dərdimi ahəstə çaldım, sevgilim,

Susdular çaylar da sən gəlməz oldun.

Axı necə deyim, heç gəlmir dilim,

De bəs qaldın harda sən gəlməz oldun? 

 

Sən dönük deyildin,dönük deyilsən,

Yəqin…eh nə deyim, sən gəlməz oldun.

Dözümlü olsam da, darıxır hərdən,

Ovunmur ürəyim-sən gəlməz oldun. 

 

Fəqət inanıram, bir gün olacaq

Mən deməyəcəm sən gəlməz oldun,

Qəmim o həsrətli gündə qalacaq.

Kim deyir sən xəyal, ya bir səs oldun.

Gün gələr demərəm sən gəlməz oldun… 

 

Poeziyası başdan-başa intizar notları ilə pərçimlənmiş, ömrü boyu bir gün bu intizarının bitəcəyi ümidi ilə yaşamış xalq şairi Mədinə Gülgün.

O, 17 yanvar 1926-cı ildə Bakıda əslən Cənubi Azərbaycandan olan dəmiryol işçisinin ailəsində dünyaya gəlib. 1938- ci ildə Mədinə xanım da ailəsi ilə birlikdə Ərdəbilə, daha sonra isə Təbrizə köçür.

Əmək fəaliyyətinə Təbrizdə toxuculuq karxanasında başlayan Mədinə xanım daha sonra Təbriz dram teatrında və Azərbaycan qəzetinin redaksiyasında işləyir. O, da həmkarları kimi 1945-1946-cı illərdə Cənubi Azərbaycan milli azadlıq hərəkatına qoşulur və hərəkatın ən fəal üzvlərindən birinə çevrilir. Hətta hərəkat və teatrdakı fəaliyyətinə görə o, Azərbaycan qəzetinə xüsusi müxbir kimi dəvət olunur. Şairin ilk şeirləri də məhz bu dövrlərdə çap olunur. Milli Azadlıq hərəkatı qələbə ilə nəticələndiyi zaman hərəkatın fəal iştirakçısı olaraq Mədinə Gülgün də  "21Azər" medalı ilə təltif olunur. 1947-ci ildə milli hökumət devrildikdən sonra Mədinə xanım ailəsindən ayrılaraq bir qrup hərəkat iştirakçısı ilə birlikdə Bakıya gəlir. Burada o, Bakı Dövlət pedaqoji universitetinin dil və ədəbiyyat fakultəsində təhsil alır. 

 

Qəzəbi şimşəklərdən,

Atəşi ürəklərdən, 

Ətrini çiçəklərdən

Alıbdır şerim mənim  

 

Deyən Mədinə Gülgünün 1945-1949-cu illər ərzində yazdığı şeirlərinin toplandığı "Təbrizin baharı" adlı ilk kitabı 1950-ci ildə Bakıda çap olunmuşdur. Sonralar isə şairin müxtəlif illərdə Bakıda və Moskvada  Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin” , “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və s. kimi kitabları işıq üzü görmüş, əsərləri hələ sağlığında bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Sözlərinə "Sən gəlməz oldun", '"Məhəbbət olmayanda" və başqa mahnılar bəstələnmişdir. 

 

Biz ki özgə deyilik -

Bölünək bölük-bölük.

Bir obayıq, bir elik -

Bakıdan Təbrizəcən. 

 

Vüsal olsa, nə dərdim,

Quşlarla bəhs edərdim,

Mən piyada gedərdim -

Bakıdan Təbrizəcən... 

 

Vətənə məhəbbət, Təbriz həsrəti Mədinə Gülgün yaradıcılığının əsas leytmotivini təşkil edir.

O, üç dəfə Azərbaycan SSRİ Ali soveti rəyasət heyyətinin fəxri fərmanına, "21Azər" və əmək veteranı medallarna, Şərəf nişanı ordenininə layiq görülmüşdür. 

Şair Bakıya gəldikdən sonra Təbrizdəykən tanış olduğu və "21Azər" hərəkatında çiyin-çiyinə mübarizə apardığı, özü kimi Təbriz həsrətli xalq şairi Balaş Azəroglu ilə ailə həyatı qurur. 

 

İnan sevgiyə, anda, 

Düşsən alova, oda.

Keçərəm canımdan da

Səninçin. 

 

Göytək halbahal ollam,

Bir şirin xəyal ollam,

Dağlarda tonqal ollam

Səninçin. 

 

Fəqət qala bilmirəm,

Könlün ala bilmirəm.

Vətən ola bilmirəm

Səninçin.

Səninçin... 

 

Həyat yoldaşına, ailə həyatına həsr etdiyi  başqa bir şeirində Mədinə xanım belə yazır. 

 

Yer üzündə bir evim var 

Pəncərəsi günəşə. 

Nəğmə deyib, quşlar qonar 

Pəncərəmə həmişə. 

Yer üzündə bir evim var,

Min zəhmətlə qurmuşam.

Ordan iki körpə qartal 

Böyüdüb uçurmuşarn. 

Yer üzündə bir evim var, 

Ocağı daim yanır. 

Onun sönməz şöləsindən 

Ürəyim işıqlanır. 

Yer üzünde bir evim var, 

Xatirələr məskənim. 

İlqarında düz olana 

Açıqdır qapım mənim. 

Yer üzündə bir evim var, 

Orda neçə illərdir, 

Taleyi bir, arzusu bir 

İki şair ömr edir. 

Yer üzündə bir evim var, 

Orda qəmim, sevincim. 

Ordan gedər əlçatmayan 

İllərə ömür köçüm. 

Yer üzündə bir evim var, 

Sanki xəyala dalmış. 

O, mənimçün ən müqəddəs, 

İsti aşiyan olmuş. 

Yer üzündə bir evim var, 

Batmaz tufanlar ona. 

Bünövrədən bağlıdır o, 

Bu vətən torpağına, 

Bu vətən torpağına, 

 

Bir də Təbrizə getməyi, ailəsi ilə görüşməyi çox istəsə də, şairin bu arzusu heç vaxt baş tutmur. O, ömrü boyu Təbrizə və anasına həsrət qalır. Uzun müddət ürək xəstəliyindən əziyyət çəkən Mədinə Gülgün 1991-ci il fevralın 17-də Bakıda dünyasını dəyişmiş fəxri xiyabanda dəfn olunmuşdur.

Onun yazdığı son şeir 1990-cı il dekabrın 11-də Balaş Azəroğluna xitabən yazdığı "Bir gün" şeiridir. 

 

Bir gün ağlayacaqsan, 

Yaman ağlayacaqsan, 

Lap körpə uşaq kimi. 

Tökdüyün göz yaşları, 

İnan ki, məzarda da 

Yandıracaq qəlbimi... 

Çalış nə gizlində, 

Nə də aşkarda ağla, 

Faydasızdır göz yaşı. 

Tapa bilməzsən məni, 

Lap axtarsan soraqla, 

Ay ömrümün yoldaşı. 

Sən ağlama, ağlasan 

Daşım, torpağım ağlar. 

Məzarım dönər oda,

Torpaq yatağım ağlar. 

Məzarda da mən gərək 

Özüm ağlayım səni. 

Məndən sonra, bilirəm, 

Qalacaqsan tənha, tək, 

Ey ömrümün yelkəni. 

Sən ağlama, amandır, 

And verirəm mən səni 

Allaha, yerə, göyə. 

Ağlasan, məzarda da 

Mən bataram günaha 

Sən tək qalıbsan deyə....

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.