Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
Əsas mövzunu yazmadan öncə, bir neçə ay qabaq “Ulduz” jurnalına hazırladığım məqalənin bir parçasını paylaşmaq istəyirəm. Qədim Yunan mifologiyasında Zevsin və Mnemosinanın doqquz qızı olan Muzalar haqda.
Bu barədə çoxumuzun bilgimiz vardır. Bu Muzaların hərəsi bir sahədə ilham pəriləri kimi tanınmışdırlar. Həmin Muzalar şərq ədəbiyyatında da, xüsusilə Türk dünyasının ədəbiyyatında geniş yayılmışdır. Örnək olaraq Manas eposunda "Manasın anası Çıyırdı, Manası doğduğu anda gözünə dərviş görünür, Dərviş ona Manasın gələcəkdə qəhrəman olduğundan danışıb qeyb olur" məsələsi qəhrəmanların ilham pərisi kimi gözə görünür. Ya da Azərbaycan böyük şairi Seyid İmadəddin Nəsiminin yazdığı "Hənuz" rədifli qəzəlində Muzaların təsirini başqa bir ləfz ilə görürük: "Hüsni-rüхün kitabını хətm еyləmiş idim, Göydən rümuzi-vəhy tamam olmadan hənuz." Belə təsirlər klassik ədəbiyyat, epik dastanlar dövründə daha geniş yayılmışdır. Amma bu günün şairinin, yazarının, xüsusilə Güney ədəbiyyatçılarının Muzaları kimlərdir? Eləsə Muzalar vardırsa, onun müqabilində dayanıb əleyhinə işləyən boykotçular kimlərdir? Güney Azərbaycan deyəndə, hamının fikri coğrafiya anlamı üçün danışacağıma gedir. Yox, əslində məsələnin tam fərqli olduğundan danışmaq istəyirəm. Ədəbiyyat, dünyanın müxtəlif ölkələrində iş kimi tanınsa da, Güney Azərbaycanda istedad, maraq kimi tanınır. Nə bilim dünyanın haralarındasa minlərcə insanlar oturacaqlarına söykənib şeir yazırlar, roman yazırlar və apardıqları ədəbi tədqiqlərinə görə maaş qazanırlarsa da, Güney Azərbaycanda belə deyildir. Burdakı yazarlar, şairlər, ədəbi tənqidçilərin Muzaları hökumətin himayəsi deyil, bəlkə də 12 saat işlədikləri maaşı öz ailələrinin boğazından kəsib kitaba verib, oxumaqlarıdır. Bu sözləri çox sadə yazmaq istəyirəm, hamının başa düşəcəyinə əsaslanmaq üçün! Mənə Güney Azərbaycanda yaşayan ədəbiyyatçıları necə vizuallaşdırırsan dediklərində, həmişə öz beynimdə yaratdığım bir rəsim yadıma düşür. Ədəbiyyatçının bir əlində külüng, bir əlində qələm görürəm. Bu günün ədəbiyyatçısının muzası fəhləlikdə qazandığı maaşdır, əllərinin üstünü qabar basmış təcrübə amilləridir. Min müsibətlə təcrübə amillərini varağın üstünə gətirir, sonunda boykot olunur! Bəli, dəqiq desəm boykot olunur və bu boykotları edənlərin də kim olduğu hamımıza aydındır. 2 il öncə, "Güneydən gələn səslər" rubrikasının qurulmasını mənim ilə danışan əziz dostum, Azərbaycanın sevimli yazarı Varis Yolçuyevə, "Yox" - deyə bilməyib "Ədəbiyyat və incəsənət" portalında çalışmağa başladım. Təkcə amacım, Güney Azərbaycanda yaşayan qələmdaşlarıma alqış örnəyi olaraq bir pozitiv fikir buraxmaq idi. Əslində şairin, yazarın güclü-gücsüz olduğunu nəzərə almırdım. Bu iki il müddətində paylaşımlarımıza görə çoxları müraciət edib filan şəxsi pislədilər, filan şəxsin şeirinin pis olduğunu dedilər, amma mənim hədəfim tam fərqli olduğu üçün yolumu tutub gedirdim. Yazı gücsüz olsa da, o yazını sevən bir oxucunun tapılacaq ehtimalı çoxdur. Onun üçün də paylaşırdım. Əslində ikinci hədəfim də, Güney Azərbaycanda dilin assimilyasiyaya məruz qaldığına baxmayaraq Azərbaycan ədəbiyyatının və dilinin hələ də professional səviyyədə yaşadığını, sevildiyini, Quzey Azərbaycandakı soydaşlarımıza alqış örnəyi olsun deyə düşünürdüm. "Güneydən gələn səslər" rubrikası nə bir Muzadır, nə də ilham pərisidir! Amma bütün Güneyli ədəbiyyatçıların sahib olduğu bit kürsüdür. Bu iki il müddətində isə aşağıda ad apardığım 60 şairin, yazarın və tənqidçinin şeirləri, hekayələri və ədəbi fikirləri portalımızda dərc edilibdir: 1. Müjqan Siyami 2. Məryəm Qurbanzadə 3. Aynar Təbrizli 4. Məmməd Quruçay 5. Zaman Paşazadə 6. Məhəmmədrza Ləvayi 7. Mustafa Şeyxpur 8. Vüqar Nemət 9. Əmin Əhəryar 10. Oğuz Məhəmmədikiya 11. Məsum Cabbarpur 12. Rza Nuri 13. Rəsul Qədiri 14. Əmin Hacilu 15. Məryəm Gözəli 16. Behruz Sədiq 17. Atila Ərfəyi 18. Bəxtiyar Nizami 19. Həkimə Babakişizadə 20. İsmayıl Pilpayə 21. İlqar Müəzzinzadə 22. Qəfur Xiyavlı 23. Araz Asif 24. Mehdi Sırdaş 25. Sara Turi 26. Tohid Namvər 27. Yaz-Bahar 28. Alpər Ərtaş 29. Nuriyyə Lövh 30. Yalçın Türkay 31. Hümmət Şəhbazi 32. Məhsa Əbdüləlizadə 33. Əli Cavadpur 34. Fəriba Mürtəzayi 35. Sürəyya Xəliq Xiyavlı 36. Hadi Qaraçay 37. Arda Xani 38. Ramin Yaşar 39. Dərviş Təbrizli 40. Kamil Qəhrəmanoğlu 41. Səid Muğanlı 42. Xan Sənəm 43. Mərcan Mənafzadə 44. Şəhram Gülkar 45. Vida Heşməti 46. Elnaz İslamvənd 47. Mehdi Qəmsiz 48. Sevər Şəhabi 49. Əbasət Purhəsən 50. Həsən Babayi 51. Məhəmməd Çalğın 52. Ruqiyyə Kəbiri 53. Əli Qayıb 54. Rəhim Təkin 55. Səhər Xiyavlı 56. Arğın Paşa 57. Şahin Muradi 58. Mehdi Səhəndi 59. Səid Sadiqifər 60. Xosrov Barışan
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)