Super User

Super User

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

        

 

 

 

Motivasiya ədəbiyyatı içərisində oxucularıma nümunə gətirəcəyim daha bir təlim Rusiya siyasətçisi və publisisti İrina Xakamadaya məxsusdur.

 

Atası yapon, anası rus olan İrina Rusiya kimi mürəkkəb bir ölkədə uğurlu siyasi karyera qurması ilə məşhurlaşaraq Rusiya tarixində seçkidə ən çox səs toplayan prezidentliyə namizəd qadın olması, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini postunadək yüksəlməsi, aparıcı bir siyasi partiyaya həmsədrlik etməsi kimi uğurlar əldə edib, bunlar ona nə qədər nüfuz gətiribsə iqtisadiyyat üzrə elmlər namizədi mərtəbəsinədək yüksəlməsi, məşhur teleradio aparıcısı olması, Moskva Beynəlxalq Munasibətlər İnstitutundakı pedaqoji fəaliyyəti, yazdığı populyar roman və pyeslər, «uğurlu insan olmaq» mövzusunda oxuduğu master-klasslar da ona bir o qədər nüfuz gətirib. Təsəvvür edin ki, «Taym» jurnalı onu dünyanın XXI əsrdəki 100 ən məşhur qadınları reytinqinə daxil edib. Bu «uğurlu» qadın barədə onun, hədsiz nüfuzu barədə bircə fakt söyləmək istəyirəm: 2002-ci ildə Moskvanın Dubrovka adlı ərazisindəki Teatr mərkəzində terrorçular dinc insanları girov götürərkən İrina onlarla danışıqlar apararaq üçü uşaq olmaqla dörd girovu azad etməyə müvəffəq olub.

 

 Onun, xüsusən, uğurlu karyera qurmaqla bağlı fərqli və kreativ məsləhətləri çox maraqlıdır. (Məsələn, Təqribən ayda bir dəfə ölüm haqqında bədii filmlərə baxın ki, həyatı qiymətləndirə biləsiniz).

 

Gəlin bunlara diqqət yetirək:

 

6.İnsanı öyrənmək istəyirsinizsə, melodramlara, kino dramlarına tamaşa etməli,  klassik ədəbiyyatı oxumalısınız.

 

 

 

Bu isə öncəki gün paylaşdığımdır:

 

1.

 

Hədəfə, məqsədə doğru deyil, özünə tərəf hərəkət etməlisən. «Məqsədə doğru nə qədər sürətlə getsən, o sürətlə də məqsəd səndən kənarlaşacaq. Səadətə doğru irəlilə», - deyə öyrədirlər daosistlər. Eynən serfinqist kimi səni yuxarı qaldıracaq öz dalğanı tapmalısan. Buna görə də mütləq axından qopub özünü dinləməlisən.

 

2.

 

Rəsmi TV kanallara az baxın, orada göstərilənlərin real həyatla əlaqəsi yoxdur. Daha yaxşısı – əyləncəlilərdir. Əgər mütləq informasiya lazımdırsa, onu da internetdən götürün. Ümumən isə informasiyanı ətrafdakı insanlardan alın. Taksi sürücüsüylə, zərgərlə ünsiyyət qurmaqla heç bilirsiniz, nə qədər informasiya ala bilərsiniz? Dünyanı dinləyin ki, öz dalğanızı tutasınız.

 

3.

 

Cəsur olmanız üçün sizə yeni fəlsəfə kömək edə bilər: bu həyatda sizin cəmi bir arxanız var. Vəssalam. Bu nə ailədir, nə ölkədir, nə sosial-müdafiə fondudur, nə məmurlardır. Yalnız özünüzsünüz.

 

4.

 

Uğurlu olmaq istəyirsinizsə hansı zəmanədə yaşadığınızı dərk etməli, bunu öz fəaliyyətinizdə əks etdirməlisiniz. Biz elə bir anlaşılmaz, şərholunmaz zamanda yaşayırıq ki, yeni texnologiyaların hesabına informasiya və hadisələr elə sürətlə dəyişir ki, sabitlik itir.

 

Sabitlik arzulayan hər kəs uduzur. Amma epoxanı qeyri-sabit, dəyişkən görməyə alışıb yeni çağırışlara uyğun olaraq hər gün yenidən doğulanlarda da, həyatın sürpriz və hədiyyələrinə istehza ilə yanaşanlarda da hər şey alınar.

 

5.

 

Riskli insan olun, amma riskləri xırda addımlarla atın ki, yıxılmayasınız. Yıxılmalara, pauzalara, depressiyalara hazır olun, çünki həyat büsbütün xalça döşənmiş yollardan ibarət deyil. Risk – problemsiz olmur.

 

 

 

Sabah davamı olacaq.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(13.06.2024)

 

 

 

 

Cümə axşamı, 13 İyun 2024 14:04

“Xiffət” - Xatirə Salahzadənin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün nəsr zamanıdır, sizlərə Xatirə Salahzadənin “Xiffət” hekayəsi təqdim edilir.                                                 

 

 

“Kiçik uşaqların dərdini kiçik görməməli”.

                                              Əbülqasım Firdovsi

 

Elə bir öləm ki,

Elə bir öləm ki, uşaqlar,

Sizə heç ölüm qalmaya...

                            Əziz Nesin

 

         Qəbiristan yoluna çatanda hələ günorta olmamışdı. Yol boyu “qəbiristan mollaları” sıra ilə düzülüb iş gözləyirdilər. Ovçu şikarını gözləyən kimi, onlar da ölü sahiblərini dörd gözlə gözləyər, adətən, yoldan keçən maşının içindəkiləri süzərdilər. Səhər obaşdan ziyarətə gələn ölü sahibləri “son mənzil”i tərk edirdilər. Kimi üzündən çəkilməmiş iztirabı, kədəri ilə, kimi sanki bir ritual icra edib dönən kəsin baxışı ilə, kimi göz yaşlarını heç cürə saxlayaa bilmədən güclə yol gedirdi.

         Qəbiristan əvvəllər, hələ kiçik yaşlarımdan vahiməli bir yer bilirdim. Bilirdim yox, hiss edirdim. Yadımdadır, heç qəbiristana getməmişdim, heç görməmişdim də. Kəndimizdə yas var idi. Yaşımı xatırlamıram, amma yəqin ki, elə də böyük deyildim ki, anam olmadan gecəni kiminsə yanında qala biləm. Buna görə də məni də özləri ilə kəndə aparmışdılar. Azyaşlı əmim oğlunu kənd avtobusu vurmuşdu. Həyətdə evin önündəcə divara qısılıb qalmışdım. Kənd arvadlarının ara-sıra “şaxsey-vaxsey” sədalarını eşidəndə körpə ürəyim sıxılır, sanki kimsə məni dondurur, tərpənməyə qorxur, heç ağlaya da bilmirdim. Arvadlar sakitləşən kimi donum açılırdı. Sanki növbəti donma rejiminə keçməzdən əvvəl nəfəs almağa tələsirdim. Əl-qolum açılan kimi bu dəfə də nənəmin, əmim arvadının divara çəkdikləri mavi rəngli şirəni balaca dırnağımla qoparıb yerə tökürdüm. Arvadların təziyə məclisinin səsi gələn kimi yenə də divara qısılıb donurdum. Arada indi də pis yuxudan ayılanda elə o vaxtdakı kimi qorxudan donuram, o biri tərəfə çönmək nədir, heç nəfəs almağa belə ürək edə bilmirəm. Ta ki, öz-özlüyündən yuxuya gedənədək qorxu məni ağuşuna alır. Başımın üstündə yerdən bir qədər hündürlükdə göy rəngdə taxtası və şüşəsi olan ikiqat açıq pəncərələr vardı. Uşaq düşüncələrimlə sanki pəncərədən ölən uşağı virtual olaraq görür, elə bilirdim ki, arvadlar “şaxsey-vaxsey”lərlə onu incidərək harasa yola salırlar. Özümü tanıyandan rejissor Cerri Zukerin 90-cı illərdə çəkdiyi “Ruh” filminə hər dəfə baxanda ölən artistləri qara əcaib şeylər aparan epizod eynilə bu səhnəni gözümdə canlandırırdı. Elə bil həmin qorxulu günü yenilənmiş kimi hiss edir, yenidən yaşayırdım. Hələ bu arada yerə düşən qopuntuların da fikrini edirdim. Evin kandarına şirə çəkiləndə ta onun qurumasını gözləyənədək nə içəri, nə də çölə çıxa bilərdik. Əks halda yerdəki şirə ayağımıza yapışar, yeri də korlamış olardıq. O zamanlarda kənd evlərində boya əvəzi istifadə olunan gilə oxşar bu maddə məni özünə cəlb edirdi. O qədər sevirdim ki şirəni. Kənddə tətillərimi keçirərkən vedrənin içinə quru gili töküb, su əlavə edib onu əllərimlə həll etmək ən sevdiyim məşğuliyyətlərimdən biri idi. Bir az böyüyəndə hətta özüm də çəkmişdim, baxmayaraq ki, şəhər uşağı idim. Yerə düşən şirə qopuntularını görcək “hadisə yeri”ndən aramla, üsulluca uzaqlaşırdım. Özümü başqa divara sıxılan tapırdım. Mən həqiqi qəbiristan görmədim, amma kənd həyətindəki o yası qəbiristan bildim. Hətta bir qədər böyüyəndə, kənd qəbiristanına sərbəst gedib ziyarət edəndə də, gündüz olmasa da, gecə “son mənzil”in xofu məni basırdı. Ancaq öz atam dünyasını dəyişəndə “son mənzil” mənə o qədər doğmalaşdı ki, elə bilirdim, atamın yeni mənzilidir. Qorxu sanki yoxa çıxmışdı... bəlkə, böyümüşdüm. Bəlkə də, acı qorxumu üstələmişdi, ona qalib gəlmişdi. Bilmirəm. Nə vaxtsa eşitmişdim ki, başqasının acısını öz vücudumuzda hiss etmək üçün eyni acını yaşamış olmamız lazımmış. Yaşadım, gördüm, bildim...

         Dərin düşüncələrə daldığımı görən Türkan – “Bax burda saxla, bulağın yanındadır onun qəbri. Sən düşmə!  Bir az tək qalım” – deyib tələsdi. Maşından enmədim. Uzaqdan daşdan kəsilmiş ağappaq barelyef görünürdü. Aralıda da olsam, qızılı haşiyədə yazılmış ... böyük adı açıq şəkildə görünürdü. Qəbrinin üstündəki çox uzun yazı isə heç görünmürdü. Çox güman ki, şeir idi. Atası şeirə aşiq idi. Evlərində Nazim Hikmətdən tutmuş, müasir şairlərə qədər kimin kitabını axtarsan, tapa bilərdin.

         Maşının şüşələrini açıq saxladım. Gedişini izlədim. Qəbrə aram-aram yaxınlaşdı. Dünəndən buz kəsmiş rəfiqəmin sanki bir parçasını yerə atıb sındırdılar. Naləsi yeri-göyü titrətdi. “Nifrət”i od püskürdü. Biz qəbiristana girəndə yenicə başlayan çiskin gur yağışa çevrilmiş, dayanmadan yağırdı. Türkanın göz yaşları yağışa qarışmışdı. Yağış onu, o, yağışı ağladırdı. Beləcə yerə çöməlib dədəsi ilə “dalaşdı”. İndiyədək boğazında düyünlənib qalan sevgiqarışıq nifrətinimi deyim, nifrətqarışıq sevgisinimi deyim, dilə gətirirdi. Heç vaxt üzünə deyə bilmədiyi, görmək istəmədiyi dədəsinə qəlbindəki bütün sözləri unudar, deyə bilməz, içində qalar qorxusu ilə tez-tez, təngnəfəs dilə gətirib bütün cümlələrini tamamlamağa çalışırdı. Yaxınlaşan molla çox qısa bir zamanda  əvvəlki yerinə- qəbiristanın mərkəzinə yön alıb gedirdi. Simasından surələri tez-tələsik, ala-yarımçıq oxuyub birtəhər yola verən mollalara bənzəyirdi. 

O vaxtlar mən kapsul dərmanları ilk dəfə onun atasında görmüşdüm. Hər axşam ərəb qorkasının rəfindən gözoxşayan, rəngarəng dərmanı götürərək açır, içindəki tozunu qəbul edib qabını atırdı. Uşaq idim, amma o kapsulların rəngarəngliyi məni necə cəlb etmişdisə, evimizdə görüb alışdığım, sovetin ağ, bəzən sarı rəngli tabletlərindən çox fərqli gəldiyi üçün onları oyuncaq da zənn edirdim. Arada o ərəb qorkasından bizim üçün Türkiyədən gətirdiyi – o zaman nadir tapılan – türk saqqızlarını da çıxarıb uzadaraq – xüsusi bir zəhmlə “di gedin oynayın” deyirdi. Mən onun atasından çəkinirdim, hətta qorxurdum da. Uşaqları sevməyən bir tövrü vardı. Amma qızını çox sevirdi. Hər işdən qayıdanda “nazım-quzum” deyib o üzündən-bu üzündən öpərdi. Daha doğrusu, Türkan özü atasından öncə tez onun önünə atılardı. Türkanın atasına qarşı böyük sevgisi vardı. Ona dədə deyərdi. Atası özü belə öyrətmişdi. Dolanışığa görə bir-iki yaxın məsləkdaşı ilə o, böyük qardaş Türkiyəyə pənah aparmışdı. Uzun müddət Türkiyə universitetlərinin birində Şərq ədəbiyyatından dərs demiş, orada yaşamışdı. Türk ləhcəsinə o qədər alışmışdı ki, öz Qarabağ ləhcəsini də ona qatıb danışırdı. Türkan ona dədə deyəndə elə bilirdim, atası daha da yaşlıdır. Hər dəfə Türkiyədən qayıdanda özü ilə çoxlu “Çocuk” uşaq jurnalları gətirərdi. Yaxşı xatirimdədir, o jurnalları necə böyük sevgi ilə vərəqləyər, xəyallara dalar, gündüzü axşama qatardıq. O zaman necə dostluqlar, necə qonşuluqlar vardı. Yatmaq vaxtı çatanda evimizə gedərdik. Qonşuluqda bu qədər narahatlıq da böyükləri heç incitməzdi. Qəlbimdəki ilk Türkiyə sevgisi də elə o evdəki abu-havadan yarandı. Evin divarlarında müxtəlif rakurslardan çəkilmiş Ayasofiya məbədi olan şəkillər lap çox idi. Ərəb mebelinin üzərində göz oxşayan, eyni zamanda qəribəliyi ilə düşündürən sənət heykəlcikləri vardı.

Aradan bir qədər zaman keçdi. Atasını evdə artıq çox az-az görməyə başladım. Zaman-zaman da heç görmədim. Beləcə onun valideynlərinin həyat yolları ayrıldı. Onlar – ata-qız artıq bir-birini görmür, unutmağa çalışırdılar. Artıq o böyük sevgi incikliyə, kiçik nifrətə qədər gedib çıxırdı. Atasından söz açılanda hər zaman nifrət püskürürdü. Amma mən nədənsə bu nifrətə heç vaxt inana bilmirdim. Valideynləri boşanan Türkanın həmişə özünü boynubükük, sıxıntılı, əskik hiss etdiyini dərindən duyurdum. Az-çox tanınan atası haqda heç vaxt heç kimə söz açmazdı. Ətrafında olan dost-tanışı heç onun atasının kimliyini bilməzdi. Bəzən məcbur qalanda “boşanıblar” deyib mövzunu dəyişərdi, vəssalam.  Həyatının hər bir dönəmində boşanmış valideynlərin övladı olmağın iztirabını içində çəkir, nifrəti, qəzəbi daha da artırdı. Biz bir-birimizdən az-çox fərqli olduğumuz üçün rəfiqəmin bu halı mənə onun düşündüyü kimi acınacaqlı gəlmirdi. Mən onu anlamırdım. Daha doğrusu,  onun vəziyyətini acınacaqlı  hesab etmir, atasına olan nifrətini isə heçə sayırdım, inanmırdım. Çünki atasına böyük sevgisi olan bir qızcığazın böyük nifrəti heç cürə ola bilməzdi. Mən ki, axı mən ki bu sevgini görmüşdüm. “Sevgidən nifrətə bir addımdır” ifadəsi onun bu vəziyyətində bir külliyyatlıq yalandır. Bu od püskürmə nifrətdən başqa hər şey idi. Nəsə, nəsə adını qoya bilmədiyim, nifrət pərdəsi arxasında gizlənən başqa bir şey idi. Onun öz vəziyyətini dünyanın sonu imiş kimi düşünməsini isə heç anlamırdım. Axı nə vardı ki burda, bir-birinə zidd iki insan nəticədə bir-biri ilə yollarını ayırırlar. Bu qədər bəsit. Birlikdə gəldikləri yolu yarıda qoyub yeni bir yola addım atırlar. Ayrı dildə danışan, bir-birini məsxərəyə qoyan, çox zaman kinayəli davranan, daşıması qeyri-mümkün dərdləri yaşayan cütlüklər bu əzablara sinə gəlib niyə zülmlə yaşamalıdır ki?.. Mənə hər zaman elə gəlirdi ki, bir-birini səmimi, təmiz, ülvi hisslərlə, təmənnasız sevən cütlükləri həyatda heç bir çətinlik ayıra bilmir. Ən ağır sınaqlardan belə üzüağ çıxırlar. Birtərəfli, nəyinsə naminə yaradılan sevgi zənciri günün birində qırılmağa məhkumdur. Niyə birgə yaşayıb, ömürlərini bir-birinə diksinərək baxıb cürütməlidirlər?! Güzəşt edən tərəf birtərəfli qalırsa, o da geci-tezi təslim bayrağını qaldırır. Di gəl, sən bunu rəfiqəmə anlat. Əslində, o nə vaxtsa anasını başa düşüb anlamağa da çalışıb. Hətta onun yanında da olub. Amma ürəyinə hökm edə bilməyib. “Boşanmış ailənin qızı” yükü onun zərif çiyinlərinə ağır gəlib həmişə. Yaxından tanımaq istəyən oğlanların ailəsi barədə gerçəkliyi biləndən sonra ondan uzaqlaşdıqlarını mənə etiraf edərkən necə həyatdan, insanlardan küsür, ağlamsınırdı. Üzündəki sakit qəzəbi insanı bugünkü kimi lərzəyə gətirirdi. Amma Allahdan olan kimi, çox mərhəmətli, rəhmli qız idi Türkan. Şeytana uymurdu. Bitib gedən münasibətlərin sonunda sakitliyini qoruyub saxlaya bilirdi ən azı. Mən o vaxt belə düşünürdüm. Türklərsayağı da “Allahın təqdiridir” deyər, nəyə isə sığınardı. Bir Məlikməmmədin onu divlərin əlindən xilas edib quyudan çıxaracağı günə, simurq quşunun lələklərini yandırdıqda onu bu qaranlıq dünyadan işıqlı dünyaya aparacağına cani-könüldən inanar və o günü böyük səbirlə gözləyərdi.

Keçib maşına əyləşdi. Göz yaşlarını kağız salfetlə silərək – “Tez ol, tez sür gedək burdan... Qurtuldum, qurtuldum... İndi soruşan hər kəsə rahatlıqla “atam yoxdur”, “atam yoxdur”... deyə bilərəm” sözlərini deyə bildi...

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

YADDAŞ

 

Birinci epizod.

Köhnə Bakı məhləsi. Statik plan.

Duman. Rejim. Yuxarı nöqtədən çəkiliş.

Haradansa uzaqdan azan səsi eşidilir.

Azan səsini get-gedə özləri görünməyən göyərçinlərin qurultusu batırır.

Məhlə italyansayağı inşa edilmiş, üçmərtəbəli, asimmetrik tikilidir.

Həyətin ortasında iri, budaqları budanmış donqar ağac görünür.

Ağacın budağından kilim asılıb.

Kadrda asfaltı çökmüş, köhnə meşin və taxta qapıları kilidli, adamsız və səssiz görüntülü məhlə ovqatını pozan yeganə müasir detal ağacın altında görünən “Formula 1” yarışlarının üstü reklamlı iri beton layıdır.

Qoca ilə Qarı kadra qəfil hərəkətlilik gətirirlər. Onlar üçkünc konstruksiyalı pillələrlə hərəsi kadrın bir tərəfindən aşağı enir.

Duman get-gedə çəkilməkdədir.

Qoca ilə Qarı hərəsi kadrın bir tərəfində pillələri aşağı enib kiçik dəmir meydançada şəkil çəkdirirmişlər kimi yan-yana dayanırlar.

Qoca bir müddətlik pauzadan sonra harasa uzaqlara baxa-baxa: “Üfüq bu gün çarpazdır!” – deyir.

Kadrı duman bürüyür.

Duman Qoca ilə Qarını görünməz edir.

 

İkinci epizod.

Qarı artırmada dayanıb.

O, ovcundakı dəni qapısının kandarına tökür.

Dənə uçub gəlmiş quşların pırıltısı qarının üzündə xəfif təbəssüm yaradıb.

Qoca evinin qapısını yaşına uyğun astagəlliklə örtdükdən sonra əlini pencəyinin cibinə salır. Bir müddət ciblərində eşələnərək qapının açarını axtarır. Tapmadığından gözgörəsi sinirlənir. Həyəcandan əlləri əsir.

Qarının başı quşlara qarışdığından Qocanın təlaşlandığını görmür.

Qoca hirslə əlində tutduğu sellofana bükülmüş gülləri kandarın döşəməsi üzərinə qoyur.

Qoca şalvarının ciblərini də yoxlayır.

Qarı Qocanı gözləmədən bir ayaq-bir ayaq taxta pillələrlə aşağı enir.

Bir xeyli ciblərində eşələndikdən sonra Qoca, nəhayət, açarı qapının açar dəliyində görür.

Qoca qapını açarla bağlayıb gülləri döşəmədən götürür.

Qoca da pillələrlə aşağı enir.

 

Üçüncü epizod.

Natura. Rejim. Duman. Bozluq.

Qarı Qocanın qoluna girib. Onlar asta gedişlə dağüstü küçədən üzüaşağı, mərkəzə doğru enirlər. Qəfil maşın yolunun ortasıyla iri maşın təkəri onların yanlarından keçib üzüaşağı diyirlənir.

Pırpız saçlı bir oğlan uşağı da nəsə çığıra-çığıra təkərin arxasınca qaçır.

Təkər yolun qurtaracağında əylənmiş bir maşına dəyib dayanır.

Təkər yerində bir qədər fırlandıqdan sonra asfalta çökür.

Pırpız saçlı uşaq təkəri yerdən qaldırmağa çalışır.

Onun buna gücü çatmır.

 

Qoca ilə Qarı qocafəndi yerişlə pırpız saçlının yanından keçirlər. Üzlərindən nur yağan cütlüyün geyimləri doxsanıncı illərin dəbindədir. Qarının zamanında kübar və baxımlı, Qocanın isə vəzifəli bir şəxs olduğu ağayana yerişlərindən və bir-biri ilə nəzakətli davranışlarından sezilir.

Pırpız saçlı uşaq təkəri, nəhayət ki, yerdən qaldırır.

Uşaq bu dəfə təkərin içinə girməyə çalışır...

 

Dördüncü epizod.

Tini burulanda Qarı: – Oxşayırdı bizmkinə? – soruşur.

Qoca sinirlənir: – Biz televizora baxmırıq! – deyir.

 

Beşinci epizod.

Duman get-gedə qatılaşır.

Qoca başını bulayaraq ayaq saxlayıb qarının başındakı tüllü qara örpəyini açıb yenidən bərk-bərk bağlayır.

Qoca: – Bir dənə xəstələnməyin qalıb! Mən sənə baxa bilmərəm e! Özünü qoru!

Qarı: – Gör nə tez deyinirsən. Hələ xəstələnməmişəm ha belə deyinirsən. Gör xəstələnsəm, nə oyun çıxaracaqsan. Oğluma nə gəlib... sən baxmazsan, oğlum baxar mənə!

Qoca xımır-xımır gülümsünüb irəli yeriməyə başlayır.

Qarı da onun arxasınca aram-aram gəlir. Onların arasında iki metr məsafə olar. Və bir-biriylə danışsalar da, hərəsi sanki öz-özü ilə danışır.

Qoca: “Heç kəs sənə mənim kimi baxa bilməz!”

 

Altıncı epizod.

Qoca tindən açıq küçəyə çıxdığı zaman qəfil küləklə üzləşir.

Külək onu əməlli-başlı silkələyir. Qoca ayaq saxlayıb Qarını gözləyir.

Qarı Qocaya çatıb dayanır.

Qoca: – Niyə belə nazik geyinmisən? Sənə dedim axı, havaya bax, sonra geyin!

Qarı başını qaldırıb Qocanın üzünə baxır.

Qocanın illər əymiş sısqa çiyinləri, ağappaq qaşları altından görünən xırda, solğun gözləri birdən-birə Qarıya doğma göründüyündən sinəsinə qısılır.

Qarı: – Gəl bu gün piyada gedək!

Qoca: – Geçikmərik? – soruşur.

Qarı: – Yox! – deyib ayağını toz-torpaqlı asfaltın üstünə qoyur.

Külək axırıncı sözü Qarının ağzından qapır.

Qoca əli ilə Qarıya “heç nə eşitmirəm” işarəsini verir.

Qarı Qocanın qoluna girib küləyin altında dinməzcə yol gedir.

 
Yeddinci epizod.

Texnika avadanlıq dükanının içi.

Qoca ilə Qarı dükanda qulaqcıq seçirlər.

Ən yuxarı rəfdə ağ rəngli qulaqcığı görən Qarı üzünü Qocaya tutur.

Qarı: – Səncə, bunu bəyənəcək?

Qoca gülümsünür.

Qoca: – Əlbəttə! – deyir.

Qoca satıcıya yaxınlaşıb qulaqcığı ona göstərməsini istəyir.

Qoca: – O ağ qulaqcığa yaxından baxa bilərəm?

Satıcı: – Lap filəyə də bilərsən, baba!

Qoca: – Allahın mənə verdiyi ömrü adam kimi filəyə bilmirəm, a bala, qulaqcığı necə üfürəcəm!

Qarı: – Qaramat-qaramat danışmaq elə sənə qalıb da deyirəm! Nə olub e sənə, maşallah!

Satıcı ağ qulaqcığı Qocaya uzadır.

Qoca əli ilə qulaqcığı sığallayır.

Qoca qulaqcığın qutusunu Qarıya uzadır.

Qarı qutunu alıb öpür.

 

Səkkizinci epizod.

Duman bir az seyrəlib. Qoca ilə Qarı texniki avadanlıq dükanının qapısından çölə çıxırlar.

Qoca qulaqcığın yaşıl bantlı qutusunu sinəsinə sıxıb.

Dükanın pillələrini enəndə Qocanın ayağı büdrəyir, az qalır yıxıla.

Qarı: – Qocalırsan ha, Səfərov!

Qoca: – Qocalıb eləmirəm!

 

Doqquzuncu epizod.

Qarı ilə Qoca “London taksisi”nin arxa oturacağında əyləşiblər.

Qoca Qarının əlini bərk-bərk tutub.

Hərəsi öz içindədir. Susublar.

Dodaqları tərpənməsə də, hərdən çarpazlaşan daxili monoloqlarını biz eşidirik.

Qoca: – Məktəbə girməyi yadındadır?

Qarı: – Çox yaxşı!

Qoca: – Birinci kursda onu Lənkərana apardılar. Çay yığmağa. Sən də hər gecə səsiz-səssiz yorğanın altında xısın-xısın ağlayırdın. Mən də yaman darıxırdım! İlk dəfəydi axı evdən gedirdi.

Qarı: – On altı yaşına kimi yanımda yatırtdım. Ana quzusu balam!

Qoca: – Orda bir qız da sevmişdi, deyəsən! Qubalı qızıydı!

Qarı: – Qızıl sırğa aldığım qızı deyirsən?

Qoca: – Deyirəm, bəlkə onlar lap yaxın olublar. Bildin də necə? Uşaqları ola biləcək qədər yaxın olublar da. Belə lap yaxın olublar e. Ər-arvad kimi yaxın. Ola bilər də! Sən bizim dövrümüzə baxma. İndikilər azaddırlar. Hər şey ola bilər!

Qarı: – Həyat səninçün serial deyil! Mənə yalandan ümid vermə! Uşağı olsa, deyər də mənə! Özünə fikrin getməsin, o, məndən heç nəyi gizlətmir.

Qoca: – Bəlkə utandığından demir?!

Qarı: – Heç vaxt ola bilməz. Çünki oğlun da sənin kimi əfəldir!

Qoca: – Mənəm əfəl?

Qarı: – Mən olmasaydım, sən də heç vaxt ailə qurmayacaqdın. Qorxağın biriydin! İndi də beləsən. Ölümdən qorxursan!

Qocanın dedikləri artıq kadrdadır. O, üzünü Qarısına tutub deyir: – Özümçün qorxmuram e. Səninçün qorxuram, ay xanımça. Mən ölsəm, kim baxacaq sənə? Qazın kartını belə sayğaca vura bilmirsən. Mən olmasam, soyuqdan donub öləcəksən e...

Qarı gülümsünür: – Oğluma nə gəlib?!

Qarının bu sözlərindən sonra Qocanın gözləri yol çəkir.

Qoca yenə susur.

Qoca üzünü taksiçiyə tutur: – Saxla, bir az piyada gəzim, bala, ürəyim sancdı!

 

Onuncu epizod.

Natura. Duman.

Taksi bir parkın qarşısında əylənir.

Qoca ilə Qarı maşından düşüb parkın skamyasına doğru gedirlər.

Qoca ilə Qarı skamyaya otururlar.

Qarı çantasından çıxardığı ürək dərmanını qocaya verir. Qoca dərmanı ağzına salıb dişləri arasında sıxır.

Bir müddət araya sükut çökür.

Sükutu qarı pozur.

Qarı: – Bəlkə sənə qonaqlıq verim?

Qoca: – Pensiyanı artırıblar?

Qarı: – Yox. İndicə xatırladım ki, səninlə restoranda sonuncu dəfə on dörd il bundan qabaq olmuşuq.

Qoca: – Üçümüz getmişdik. Yadımdadır!

Qarı: – Hansı restoran idi?

Qoca: – Şeydanın restoranı. Səkkizinci mikrorayonda.

Qarı: – Onun səhərisi günü getdi də!

Qoca: – Səhər saat yeddidə qapını döydülər. Geyinməyi on dəqiqə çəkmədi. Elə sevinirdi ki...

Qarı:  – Sən nə yeyəcəksən?

 

On birinci epizod!

Qoca ilə Qarı restoranda masa arxasında oturublar.

Onların masasına az qala qaça-qaça bir ofisiant yaxınlaşır. Ofisiant menyunu tələsik mizin üstünə atıb yenə harasa qaçır.

Qarı: – Qanacağını yeyəsən! Elə bil gədə konkadan açılıb!

Qoca eynəyini gözünə taxıb menyunu oxumağa başlayır.

Qoca: – Nə yeyəcəksən? Düşbərə, xəngəl, qutab! Ya kabablar?

Qarı: – Bozbaş yeyərəm. Hövsan soğanıyla.

Qoca: – Hövsan soğanıyla? Gecə yata bilərsən sonra? Həkim deməyib sənə acı olmaz? Yandırar e mədəni!

Qarı: – Hövsan soğanı acı olmur ki! Qənd kimi şirin olur!

Qoca: – Mən qutab yeyəcəm!

Qoca əlinin işarəsi ilə ofisiantı çağırır.

Qoca: – Yaxınlaş, mənim balam!

Ofisiant onların mizinə yaxınlaşır.

Qoca: – Bir bozbaş. Altı dənə də qutab. Dördü ət qutabı olsun, ikisi göy. Qatıq da gətirərsən! Bir də Hövsan soğanı gətir!

Ofisiant: – Ay baba, bizdə bozbaş olmur. Qutab da kətədir, xırda Bakı qutabı deyil. Siz o qədərini yeyə bilməzsiz, məncə! Bəlkə bir-bir gətirim?

Qarı: – Kətə nədir, a bala? Biz səndən qutab istəyirik. Bir də Hövsan soğanıyla bozbaş!

Ofisiant: – Hövsan soğanı ancaq Hövsanda olur, ay nənə. Bozbaş da tarixdə. Qutablar isə iridir. Qoy hərəsindən bir dənə gətirim, dadına baxın. Yeyə bilsəniz, yenə gətirərəm!

Qoca: – Yaxşı, bala. Sənin adın nədir?

Ofisiant: – Zaur!

Qoca:  – Mənim də sənin boyda, eynən sənin kimi bir oğlum var. Necə yaşın var, a bala?

Ofisiant: – İyirimi üç!

Qoca: – Onun qrıx səkkiz yaşı var!

Ofisiant: – Baba, mən nəvən yaşında olaram onda, oğlun yaşında yox, yaxşı hesabla!

Qoca: – Hə, a bala... Səni ağbəxt olasan. Yaxşı qocalasan... Qocalmaq böyük xoşbəxtlikdir! Orda olmusan?

Ofisiant: – Harda orda? İçəridə?

Qarı: – Uzatma, bala, gətir görək o kətə nədir?

Ofisiant gedəndən sonra Qarı ayağa qalxıb Qocaya yaxınlaşır. Əvvəlcə əllərini ağzına aparıb diliylə isladır. Sonra islaq əliylə Qocanın papağının altında pırtlaşmış saçlarını sığallayıb yatırdır.

Qarı: – Uşağım haqqında hər yerdə danışma, gözə gələr!

Qoca Qarının əl təmasından xoşhallanır.

Qoca: – Birdən Marusya-zad çıxar ha bir qıraqdan. Çox göyçək eləmə məni. Alar məni sənin əlindən! Qalarsan beləcə tək!

Qarı: – Kül olsun o Marusyanın da başına, sənin də başına. Üzünə gülən kimi əldən gedirsən. Adam içindəyik də, deyirəm, səliqəli olasan!

Qoca: – Şox sağ ol, əlin ağrımasın!

Qarı keçib yerinə oturur.

Qoca mizin üstünə qoyulmuş çörəkqabıdan bir dilım çörək götürüb dişləyir.

Çeynəyə-çeynəyə üzünü Qarısına tutur.

Qoca: – Görəsən, bizim gədə bu cazda nə görüb?

Qarı: – Mustafazadəni, Perri Rüstəmbəyovu, Vova Vladimirovu məndən çox sevir.

Qoca:  – O da bir cür musiqidir də. Bizim muğam kimi. Bircə təsəllim odur ki, indi hamı belədir, çönüb. Sərdarın oğlu da bizim uşaq kimidir! Dünən o da mənə oğlundan şikayət edirdi. Yəqin, indi dəb belədir, biz qanmırıq. Qocalmışıq da!

Qarı: – Balam müasirdi də! Qurban olum ona! İtalyan artistlərinə oxşayır!

Qoca: – Bəsdir, sən Allah! Öymə oğlunu! İtalyan ha.

Qarı: – Gecikmirik?

Qoca: – Yox, hələ vaxta var!

 

On ikinci epizod.

Küçə. Natura. Bozluq.

Qoca ilə Qarı geniş şəhər küçəsi ilə gedirlər.

Qoca qabaqda, Qarı arxada.

Qoca dükanın vitrininə baxmadan danışır.

Qoca: – Köynəyi var?

Qarı: – Keçən həftə Astaradan aldıq da!

Qoca: – Soruşuram da!

Qarı: – Hava əməlli-başlı soyudu!

Qoca: – Köpəkoğluna soyuq olar e birdən. Əyni nazikdir!

Qarı:  – Buna bax e... Ox batdı yaddaşıma... Onunçün şərf toxuyacaqdım! Unutdum!

Qoca sinirlənib dayanır.

Qarı da.

Qoca nə düşünürsə, yenə sürətlə yoluna davam edir.

Qarı da asta-asta qocanın arxasınca qaçır.

Qoca: – Bilmirəm beynində hansı fikirlər dolaşır da sənin? Adamı yarıtmırsan ki... Boynu-başı açıq soyuq olmaz indi uşağa?

Qarı: – Sabah qar da yağacaq! Kül olsun mənim başıma!

Qoca yenə ayaq saxlayır.

Qarı da dayanıb tövşüyə-tövşüyə üzünü Qocanın kürəyinə dayayır.

Qoca Qarının əlindən tutub irəli addımlayır.

Qocanın daxili monoloqu: – Mən də eləyəm. Yadımda heç nə qalmır daha. Uşaqlığı ən kiçik xırdalıqlarına qədər yadımdadır. Yeddi yaşına qədər cəmi üç diş çıxartmışdı. Üçüncü dişini çıxaranda sən iri əsgər qazanında hədik bişirmişdin. Yadındadır? Mərcisi də yox idi. Mərci mədəsində qaz yaradırdı deyə qazana atmamışdın. Ona yeddi yaşına qədər səhərlər isti süd içirirdin. Sonra nələrin olduğunu isə heç cür xatırlaya bilmirəm. Elə bil başıma iynəylə hava vurmusan. Loq-loq loqquldayır. Heç nə yadıma düşmür. Heç üzü də düşmür. Şəkillərdə də elə bil yaddır. Özü deyil. Necə oldu bəs bu uşaq? Hara getdi, görəsən? Ona nə oldusa, sonra oldu. Elə bil gədənin şəkli də dəyişdi e...

Qarı artıq kadrda qışqırır: – Danışdığından utanırsan heç? Necə baxacaqsan oğlunun üzünə? Sən həmişə belə daşürəkli olmusan. Uşağım quzu kimidi. Evə tort-zad alır hər gün. Hamı kimi işə gedir, gəlir. Göyçək də arvadı var. Bu il oğlu da olacaq!

 

On üçüncü epozid.

Qoca ilə Qarı artıq bizə tanış olan həyətlərinə qayıdıblar.

Qarı və Qoca pillələri üzüyuxarı çıxırlar.

Xaçvari eyvanın dörd tərəfindən iri rəngli xalılar asılıb.

İki balaca uşaq eyvanda çərpələng uçurur.

Bir balaca qız əlində üstü ağ mələfə ilə örtülü güzgü tutub.

Qarı tövşüyə-tövşüyə taxta pillələri qalxıb qapının ağzında dayanır.

Qarı Qocanı kandarda gözləyir.

Qoca da tövşüyə-tövşüyə, nəhayət, qapının kandarına çatır.

Qoca titrəyən əlləri ilə açarı cibindən çıxarıb qapını açır.

Qoca ilə Qarı mənzillərinə daxil olurlar.

Dəhlizdəki dibçəklərdə əkilmiş hündür şam ağaclarının saralmış yarpaqları bizə sıx cəngəllikləri xatırladır. Evin içindən ara-sıra ağacdələn dimdiyinin tıqqıltısı da eşidilir. Qoca ilə Qarı ağacların arasından keçirlər. Onların daxil olduqları dəhliz eyni zamanda həm də mətbəxdir. Bir kənarda qaz sobası, irəlidə isə əlüzyuyan və köhnə divan görünür.

Divarda Qoca ilə Qarının oğlu olduğu təxmin edilən 20-21 yaşlarında gülərüz bir oğlanın hərbi geyimdə böyük portreti asılıb.

Kamera şəklə aksent etmir.

Damdan şüşəbəndə qədər uzadılmış paltar zivəsində də biz köhnə əsgər paltarlarının asıldığını görürük.

Qoca bayaqdan bəri əlində tutduğu gül dəstəsini açıb döşəməyə qoyur.

Döşəmədə gül dəstələri çoxdur.

Qarı içəri girən kimi qazın üstündəki qəfədandan ağacların dibinə su tökür.

Döşəmədə haçansa yerə tökülüb saralmış gül ləçəkləri görünür.

Döşəmə başdan-ayağa saralmış gül ləçəkləri ilə örtülüb.

Qarının əlində tutduğu gül dəstəsinin təzə olmadığını da biz ancaq indi anlayırıq.

Əlləri əsdiyindən Qoca texniki avadanlıq dükanından aldığı qulaqcığın qutusunu heç cür aça bilmir.

Qarı qutunu onun əlindən hirslə alıb açır.

Qulaqcığı qutudan çıxarıb Qocaya uzadır.

Qoca qulaqcığı alıb sevinə-sevinə şəklin qarşısına düzülmüş digər müxtəlif ölçülü qulaqcıqların yanına qoyur.

Qarı köhnə, yaprıxmış divana oturur.

Qarının üzündə qəribə bir gülüş var.

Qoca şəklin qarşısından qaz sobasına tərəf gedir.

Qoca titrək barmaqlarıyla gözlərini ovuşdura-ovuşdura: “İçəri yaman soyuqdur, yəqin, pəncərə açıq qalıb!” – pıçıldayır.

Qarı ayağa qalxıb artırmanın işığını yandırır.

İşığın düşdüyü yerdə, ağacların arasında kiçik uşaq nənnisi görünür.

Nənninin üstündə bir ağ göyərçin oturub.

Qarı üzünü qocaya tutub: – Mənim gözəl balam, görəsən, bizsiz darıxmayıb ki? – soruşur.

Və çevrilib qorxa-qorxa göyərçinə tərəf baxır.

Qoca qaz sobasına yaxınlaşıb qazın puçunu burur.

Çartıltıyla alovlanan qazın xışıltısı eşidilir...

Qoca qəfədanın altında oynaşan alovun sarı dillərinə baxır.

Qoca qəfədanı bir kənara çəkib əllərini alovun üstünə tutur...

Alov qocanın əllərini artıq qızdırsa da, qoca tərpənmir. Əllərini qaz sobasının üstündən çəkmir.

Qəfil nənninin üstündə oturmuş quş qanad çalıb ağacların arasıyla sağa-sola uçmağa başlayır.

Quş sanki evin içində vurnuxur.

Və nəhayət, susur.

Qoca əllərini qızdırdıqdan sonra aram yerişlə divana yaxınlaşıb Qarısının yanında oturur.

Qarı kiçik pauzadan sonra başını qocanın çiyninə qoyur.

Qoca uzaqdan görünən qaz sobasının alovuna baxa-baxa Qarı üçün layla çalır.

Qoca:

Saçı uzun Burla xatın.

Bu balamı qəndə qatın.

Əgər yatmaq istəməsə,

Əgər yatmaq istəməsə,

Bu dünyadan çölə atın...

 

 “Ədəbiyyat və incəsənət”

(13.06.2024)

 

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Güney Azərbaycandan Həsən Umudoğlunun “Azərbaycan adının etimologiyası” məqaləsini diqqətinizə çatdırır. Azərbaycan adının etimologiyasında bizlərə ən müxtəlif versiyalar çatdırılıb. Hansına inanaq? 

Məqaləni redaksiyamıza Güney Azərbaycan təmsilçimiz Əli Çağla təqdim edib. 

 

 

“Tədqiqatçıların fikrinə görə, Azərbaycan, Atropatena sözü ilə əlaqədardır. Həmin söz müxtəlif şəkildə səslənsə də, onların hamısının bir ümumi cəhəti vardır: Mənaca oda sitayiş edilən, Zərdüşt dininin geniş yayıldığı diyar, ölkə deməkdir. Buna görə də Azərbaycana Odlar diyarı deyilir.”

H. Həsənov

 

İzah: Bu fikir səhvdir. Bu Yunan xalqının uydurduğu ad və mənadır. Guya ki, İskəndər dövründə buranın hakimi “Atropat/Atorpat” bir şəxs olmuş və Yunanlılar ona görə bura “Atorpaten” (Atropatenanın yurdu) demişlər. Bu adı Fars şovinizmi “Odlar diyarı” kimi məna edir. Necə olur ki, Yunan mənşəli ad, Fars sözü kimi izah edilir. İskəndər miladdan qabaq 323-365-ci illərdə yaşamışdır. Həmin dövrdə “İran” və “Fars dili” hələ yaranmamışdır. Azərbaycan sözünü Erməni v b dillərlə də bağlayırlar. Halbuki Azərbaycan adının yarandığı zamanda Grigori Erməniləri, məsihiyyət dünyası mövcud olmamışdır. Azərbaycan Türk mənşəli addır. Onun mənasını da Türk dilində axtarmaq lazımdır. Bizcə bu adın birinci hissəsi “Azr-Adr” odla, atəşlə heç bir əlaqəsi yoxdur. Azr/Adr sözündə olan “Z/D” hərfi sakindir, heç bir hərəkəsi yoxdur. Amma İran alimləri onu fəthə (اَ – Ə) ilə oxuyurlar.

Azr/Adr: (Uca yer və yüksək yer” deməkdir. Bax: “Divan lüğat-ət-Türk, 84-cü səh, Dr. Məhəmməd Dəbirsiyaqi) “Azerbazok”, “Azertağ”, “Azerlek” sözlərinə. Bay/Bak hissəsi əmir, hakim, varlı və sərvətli deməkdir. Bax: (Həmin kitab) və (cığatay sözlüyü. Şeyx Süleyman Əfəndi, çevirən: h. Umudoğlu, s. 7).

Qan/Xan komponenti uca, yüksək deməkdir. Fars dilində “q” məxrəci olmadığı halda qan hissəsi bu dildə “gan” və ərəb dilində isə “can”, başqa xalqlarda “kan” kimi gedir. Həmin qan hissəsi sonralar məkan bildirən şəkilçi kimi də işlənmişdir. Məşhur Fars lüğətinin müəllifi “məhəmməd hüseyn xələfı təbrizi” Azərbaycan/Azərbaygan adını belə izah edir: «y /ی  hərfi ilə azərabadegan vəznində və anlamındadır və Təbrizin Atəşgahının adıdır və bir vilayət adı olduqda, Təbriz də o vilayətin şəhərlərindən sayılır. Deyirlər “oğuz”(xan) o vilayəti aldıqda, “Ocan” (indiki Bostan abad) Çayırlığı Azərbaycanın bir vilayəti olduğu halda, oğuz xana xoş gəlmiş və hər bir insanının öz ətəyində bir ovuc torpaq gətirməsinə və ora tökdüyünə buyruq vermişdir. Oğuz xan özü də bir ovuc torpaq gətirib və o yığıldığı təpənin üstünə tökmüşdür. Bir böyük təpə düzəlib, oranın adını azərbaygan qoymuşdur və Azər türk dilində uca/böyük anlamında və baygan “böyüklər və möhtəşəmlər” mənasındadır. Onun müərrəbi və ərəbi formu “Azərbaycan”dır. (Borhanı qatı. M.h. Xələfı Təbrizi. Çap edən: doktor Moin. C.1.s. 249. Tehran. 1376. 6- cı çap. Fars dilində).

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün Misir Mərdanovun və Ədalət Tahirzadənin “Vəkilov Həsənalısultan bəy Məhəmməd bəy oğlu” məqaləsi təqdim edilir.

 

 

 

 

 

VƏKİLOV HƏSƏNALISULTAN BƏY MƏHƏMMƏD BƏY OĞLU

 

(1887, Çivə k./Şərur-Dərələyəz q.-1968)

 

 

 

Atası: Məhəmməd bəy Vəkilov Həsənalı sultan oğlu

 

Anası: Şirinxanım Səfiyeva (rəssam İbrahim Səfi və Əbdürrəhman bəy Düdənginskinin yaxın qohumudur).

 

  Həsənalısultan bəyhaqqında geniş bilgi və bəlgələri 2011-ci ildə bizə onun əmisi nəvəsi, hüquqşünas Səməd bəy Vəkilov təqdim edib. Aşağıda oxuyacağınız bütün materialın qaynağı Səməd bəydəndir (yalnız Xarkov Universitetindəki təhsili və mühacirətdəki siyasi fəaliyyəti haqqında bilgiləri özümüz müəyyənləşdirmişik).

 

Xarkov imperator Universiteti tələbələrinin 1912-1913-cü tədris ilinə aid siyahısının 35-ci səhifəsində 474-cü yerdə "Vəkilov Həsən-Əli Sultan-bəy" adını oxuyuruq. Orada haqqında bu bilgilər var: hüquq fakültəsinin 7-ci semestrinin (4-cü kurs) tələbəsidir; müsəlmandır; bəydir; 1888-ci il doğumludur; İrəvan gimnaziyasını bitirib; Universitetə 1909-cu ildə daxil olub. Sonrakı hüquqşünas fəaliyyəti onun universitet bitirdiyinə şübhə yeri qoymur.

 

 Həsənalısultan bəyəsasən Tiflisdə yaşayıb. 1920-ci ildə aldığı pasportunda onun Gürcüstan vətəndaşı olduğu qeyd edilib. Tiflisdə Mariya adlı gürcü qızı ilə ailə qurub.

 

 1920-ci ilin aprelində Rusiya Azərbaycan Cümhuriyyətini devirsə də, Gürcüstanda hələ milli hakimiyyət davam edirdi, ancaq Vəkilov tezliklə bu ölkənin də əsarət altına düşəcəyini güman etdiyinə görə Türkiyəyə mühacirət etməyi qərarlaşdırıb. Bu məqsədlə 30 sentyabr 1920-ci ildə Vladiqafqaz şəhərindəki Gürcüstanın Tersk-Dağıstan vilayəti konsulluğundan 4548/2841 saylı pasport alıb. Sənəd 1921-ci ilin 30 martınadək qüvvədə olub. Doğrudur, pasportda ailəli olduğu və 23 yaşlı arvadı Mariyanın da onunla birgə olduğu qeyd edilib, ancaq qohumlarının bildirdiyinə görə, Mariya xanım onunla Türkiyəyə getməkdən imtina edib.

 

Vəkilov Türkiyədə yenidən evlənib. Bu dəfə Krım türklərindən olan Safiyə xanım’la dünya evinə girib.

 

Onun Türkiyədəki həyatı haqqında bilgilər çox azdır. Yalnız Ramiz Abutalıbov və Giorgi Mamulianın araşdırmalarından bəlli olur ki, Həsənalısultan (Sultan) bəy qardaş ölkədə siyasi mühacir kimi fəaliyyət göstərib. Özü də o, Məhəmmədəmin Rəsulzadə cinahına qarşı mövqedə dayanıb və Parisdəki Azərbaycan Heyəti-Mürəxxəsəsinin (tam səlahiyyətli Nümayəndə Heyətinin) sədri Əlimərdan bəy Topçubaşı ilə eyni mövqedən çıxış edib. Məsələn, Azərbaycanlıların Partiyasızlar Qrupu nümayəndələrinin 28 sentyabr 1927-ci ildə İstanbuldan Əlimərdan bəyə göndərdiyi məktubu Qrupun qurucularından Hüseynqulu xan Xoyski (polkovnik), şahzadə Xosrov Mirzə Qacar (polkovnik), Lütfəli bəy Əmircanov, Zilli bəy Şamxorlu, Mahmud bəyZeynalov (polkovnik), Məhəmməd bəy Məhəmmədov (aqronom), Heydər Əliyev, Əliəkbər bəy Şamxorlu (hüquqçu) ilə yanaşı, "hüquqçu, prokuror yoldaşı"[Həsənəli]sultan bəy Vəkilovda imzalayıb. Məktuba qol çəkən bu şəxslər Heyəti-Mürəxxəsəyə bildiriblər ki, İstanbulda yaranmış Azərbaycanlıların Partiyasızlar Qrupu Əlimərdan bəyin başçılıq etdiyi Azərbaycan Nümayəndə Heyətini xaricdə Azərbaycan Cümhuriyyəti adından danışmaq səlahiyyətli yeganə qurum kimi tanıyır və "məsuliyyətsiz şəxslərin, yaxud qrupların" başqa cür çıxışlarını saymır. Onlar "məsuliyyətsiz şəxslər, yaxud qruplar" dedikdə ilk növbədə Məhəmmədəmin Rəsulzadəni və Müsavat Partiyasını nəzərdə tuturdular. Məktubun sonunda Qrupun qurucuları Heyəti-Mürəxxəsə sədrinin keçmişdə və indiki fəaliyyətini yüksək dəyərləndirib.

 

Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Birləşmiş Dövlət Siyasi İdarəsinin Xüsusi Şöbəsi 21 dekabr 1927-ci ildə hazırladığı "tamamilə məxfi" qrifli məlumatında Müsavat Partiyası Xarici Bürosu ilə Parisdəki Azərbaycan Nümayəndə Heyəti arasında 1 dekabr 1927-ci ildəki münaqişəyə və İstanbuldakı Azərbaycanlıların Partiyasızlar Qrupunun bu zaman tutduğu mövqeyi açıqlayarkən bildirib ki, Partiyasızlar Qrupu üçün Əlimərdan bəydən Həsənalısultan Vəkilovun və Əliəkbər bəy Şamxorlu’nun adına 19 noyabrda məktublar gəlib. Bu məktublarda o xəbər verib ki, satılmış neftli sahələr üçün düşən pul payını  Nümayəndə Heyətinin almasına imkan verməməkdən ötrü müsavatçılar Neft Sənayeçiləri Birliyinə məktub yazıblar ki, Heyət səlahiyyətlərindən məhrum edilib və onlara bir daha pul ödənilərsə, gələcək "Azərbaycan milli hökuməti" bu satış aktını tanımayacaq. Topçubaşov bunu da yazıb ki, ancaq müsavatçıların gözlədikləri olmayıb – neft şirkəti yalnız Nümayəndə Heyətini tanıyır.

 

Vəkilov Azərbaycan Milli Mərkəzində də yaranmış Topçubaşı-Rəsulzadə qütbündə Topçubaşının tərəfində dayanıb və burada yenə Partiyasızlar Qrupunu təmsil edib. 14 dekabr 1928-ci ildə onun adı önəmli bir yığıncağın qəbul etdiyi qətnamədə də keçir. Həmin qətnaməni bu nümayəndələr qəbul edib: Müsavat Partiyasının müstəqil təşkilat kimi ayrılmış hissəsindən Xəlil bəy Xasməhəmmədli, Şəfi bəy Rüstəmbəyli, Məhəmmədsadıq Axundzadə (Aran), Həsən Fəttahlı, Musa Rəfizadə, Milli Demokratik Partiyadan Xosrov bəy Sultanzadə, Azərbaycan Partiyasızlar Qrupundan Əbdüləli bəy Əmircanov, Əliəkbər bəy Şamxorlu, Mahmud bəy Zeynalov, Xosrov Mirzə Qacar Həsənalısultan bəy Vəkilov.

 

Bütün bunlar Vəkilovun 1920-ci illər boyunca İstanbulda siyasi mühitdə fəallıq göstərdiyini sübut edir.

 

Qohumlarının bildirdiyinə görə, Həsənalısultan bəyin özəlliklə Şəfi bəy Rüstəmbəyli ilə yaxın münasibətləri olub. Hətta onların şərikli ticarətinin mövcudluğu haqqında da fikirlər var.

 

1930-cu illərin başlarında Rüstəmbəyli ilə Rəsulzadə arasında kəskin münasibətlər yarandığı, ortaya qarşılıqlı ittihamlarla dolu kitablar qoyulduğu zaman Şəfi bəy aralarındakı mübahisəni həll etmək üçün müstəqil hüquqşünas kimi Həsənalısultan bəyi vicdan məhkəməsinin hakimliyinə namizədlərdən biri kimi təklif edib.

 

Bizə dəqiq bəlli olmayan bir tarixdə Vəkilov həyat yoldaşı Safiyə xanımla birgə Fransanın paytaxtı Paris şəhərinə köçüb. Burada 1932-ci ildə onların qızı Leyla Vəkilli dünyaya gəlib.

 

 

 

Qaynaqlar: Səməd Vəkilovun 2011-ci ildə bizə verdiyi bəlgə və bilgilər; Mamulia Giorgi, Abutalıbov Ramiz. "Odlar yurdu azadlıq və müstəqillik uğrunda mübarizədə. Azərbaycan mühacirətinin siyasi tarixi" (1920-1945), Bakı: "TEAS Press", 2015, s. 258; Список студентов императорского Харьковского Университета на 1912-1913 академический год. Харьков: Типография "Печатное Дело" Конторская, Клещевский пер., № 3, 1913, s. 35; За свободу и независимость Кавказа. Прометеевское движение в секретных документах и материалах участников, наблюдателей и противников. Составители, предисловие, перевод и примечания Г.Мамулиа и Р.Абуталыбова. Баку: "JekoPrint", 2020, s. 427.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(13.06.2024)

 

 

 

 

 

 

Cümə axşamı, 13 İyun 2024 11:01

Marlo Tomasın uşaq şeiri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə UŞAQ ƏDƏBİYYATINI TANIDAQ layihəsində Britaniya və Amerika uşaq şeirindən seçmələr təqdim edilir.  Şeirləri ingilis dilindən tərcümə edən Şahin Xəlillidir.

Bu gün tanış olacağınız şeir Marlo Tomasaaiddir. O, Amerika şairidir.

 

Marlo Tomas

(1937)

ABŞ

 

Sərbəst, azad olmalı

 

Hər oğlan istəyir ki,

Böyüyəndə ər olsun,

Hər qız da istəyir ki,

Xanım olsun, yar olsun.

Tut əlimdən, biz gedək

Gözəl uşaq elinə.

 

Tut əlimdən, biz gedək

Bizim təki şütüyən

O çayın sahilinə.

Gedək harda, harda ki,

Nur saçır, coşur dəniz.

Qaçır atlar ürküsüz,

Uşaqlar sərbəst gəzir.

Biz azadıq, bilirsən –

Mən mən olum, sən də sən.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

 

Cümə axşamı, 13 İyun 2024 12:45

“Ata yurdu” - Salatın Əhmədlinin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalı Salatın Əhmədlinin “Ata yurdu” hekayəsini təqdim edir.

 

Qızğın döyüşlər gedirdi. 60-80 nəfərlik dəstələrə bölünüb, təyin olunan istiqamətlərdə, günlərlə piyada irəli yeriyirdik. Nəhayət, Füzuli – Şuşa istiqamətində dağılmış, yerlə yeksan olunmuş kəndlərin birində axşamın düşməsini gözləməli olduq. İki tala ilə təpənin arasında xeyli düşmən qüvvələrinin olduğu barədə məlumat almışdıq. Onların çoxu bəlkə də postları, yüksəklikləri ələ keçir­diyimiz zaman qaçıb, sonralar bir yerdə birləşməyə nail olmuş düşmən qüvvələr idi. Həm də həmin qüvvələrin hələ irəlidə düşmən əlində olan ərazilərdən hərbi yardım ala biləcəyi, birləşib yenidən əks-hücuma keçəcəyi də mümkün idi.

Biz iyirmi nəfərlik qrupla onlardan 1-2 km aralıda - həmin dağılmış evlərdən bir az aralıda çökəkliklərdə uzanmışdıq, hava bəxtimizdən tutqun idi, yağış yağmasa da, havada bir rütubətlik vardı, sanki qarşıdan gələn payız mehi artıq özünü göstərməkdə idi.

Bura sübh tezdən gəlib çatmışdıq, çıxmaq qeyri-mümkün hesab edilirdi. Axşama kimi gözləmək əmri almışdıq. Dəstəmizdə Murad adlı əsgərimiz vardı, bu yerlərdən idi. Qaçqın düşəndən sonra dünyaya gəlmişdi. Onunla birlikdə çuxurda uzanmışdım.

-     Bax, bu yerlər atamın ata yurdudur.

-     Bilmirdim.

-     Bakıda doğulsam da, nədənsə, heç oralarda buradakı kimi özümü rahat hiss etmədiyimə inanırsan?

-     Əlbəttə, torpaqdı, çəkib də.

-     Bax, bu quru torpaqda uzanmışam. Heç atamın belə ağlına gəlməzdi ki, bu yerlərə mənim ayağım ondan qabaq dəyəcək. 

-     Niyə ki?

-     Elə deyirdi ki, bir az da gözləyəcəm, bu atəşkəs bir şey eləməsə, nəslin uşaqlarını yığacam, partizan dəstəsi yaradacağam, onların bu yerlərdə gününü göy əskiyə bürüyəcəyəm, məcbur olub buralardan qaçacaqlar. Ölüm kolonu buralarda gecələr başlarına od ələyəcək, gecəsi-gündüzü olmayacaq. Mən yaşamadığım yurdumda qoyma­yacağam erməni dığası yaşasın.

-     Eləyə bilərdi?

-     Niyə eləmirdi ki? Aprel döyüşlərindən sonra hər kəndə gedəndə eşidirdim, qohum-əqrəbanın əsgərlik çək­miş uşaqlarını başına yığır, anam deyir, bu qan-xata törə­dəcək.

Murad gördüm ki, gülür.

-     Gülürsən, – dedim,– canı yığılıbmış da boğazına. Səbri tükənibmiş də... gözlə, gözlə, ortada heç nə yox, yurd gedib, qeyrət gedib, xətir-hörmət gedib. Qınaq adamı istəyəndə qatil də edir...

-     Ona gülmürəm, mənim anam...

-     Nə olmuş ki, ona?

-     Mənə deyirdi ki, kişi düz eləyir, vallah, mən də qoşulacağam ona.

-     Qeyrətli anadır.

-     Birinci Qarabağ döyüşlərində anam cəbhədə olub, tibb bacısı kimi, kəndimiz düşmənlə üzbəüz idi, hər gün atırmışlar, Xankəndi tərəfdən də Şuşaya çoxlu qüvvə yerləşdirilirmiş. Bizimkilər o vaxt ikinci dəfə döyüşə girib, Xankəndi yolunu tutmaq istəyiblər. Dayım Yunus da ordaymış... Anam bilib, girib xəstəxanaya, yığıb bir kisə dava-dərman, bint, spirt, əlinə nə keçibsə qoyub çantaya, kənddə şofer Abbas varmış, onun sınıq-salxaq maşınıyla cəbhəyə kimi gəlib. Orada deyibmiş ki, mən geri dönə bilmərəm. Baş həkim məni şikayət edib tutduracaq, dövlətin əmlakını oğurlamışam. Ha mən deyim bunları cəbhəyə aparmışam, sübut eliyənə kimi tutub saxlaya­caqlar. Ondansa elə burada döyüşlərdə bir xeyri dəysin, bir şeyə yarayım, bəlkə o yolu bağladıq, qələbə də bizim oldu, onda yəqin üzə çıxacaq ki, bu qədər dava-dərmanı neylə­mişəm. Dayım danışırdı ki, allahsız qızı, allahsız, mənim sözümü dinləmədi, sonra da baş elə qarışdı ki, geriyə dönməyə macal tapmadıq, bizə o qədər lazım olurdu ki, döyüş, yaralı... çoxumuz onun sayəsində sağ qaldıq... Amma belə baxanda sən anamı görməmisən, elə bir zabitəli qadın da deyil. Atam deyirdi ki, boş olanda, lazım gələndə silah da alırdı əlinə.

-     Sonra noldu?

-     Nolacaq, rusların arxasında durduğu erməni şərəf­sizlər nəyə nail oldularsa, arada haqlarımız yeyildi, bax nəticəsi də bu... – Murad xaraba yurdu göstərdi.

-     Kefini pozma, gəlmişik daha, qayıdan deyilik, əldən də verən deyilik. Torpaq bizimsə, yenə buraları əllərimizlə gülüstana çevirəcəyik.

-     İnşallah, əlbəttə, atama söz vermişdim. Kəndimizin ortasında, dediyi o Lələdağın sinəsində əlimdə üçrəngli bayraq, şəklimi çəkib ona göndərəcəyəm... Amma elə ümidsiz idi ki, deyirdi, o günə yeddi qurban kəsərəm Allah yolunda.

-     Denən qurbanlarını hazırlasın, biz də gəlib bir qismət dadarıq.

-     İnşallah, inşallah. Bir bu müharibə bizim qələbə­mizlə qurtarsın. Sizə söz verirəm. Burda bir ev tikəcəyəm, hər birinizə də bir qu tükündən yorğan-döşək düzəltdirib vurduracağam yükə. Onda gələndə belə soyuq daş-torpaq üstündə yatmarıq.

-     İnşallah, Allah arzuna çatdırsın. O Həsən, Sərdar – onlar, şəhidlər ki var ha – onların adına o dağlardan bura bir bulaq çəkib gətirəcəyəm, günbəzlər tikdirəcəyəm, hamısının adlarını həkk elətdirəcəyəm.

-     O bulaqlar hər yerdə olacaq, əminəm, Murad, bizim haqq işimizi xalqımız dəyərləndirəcək.

-     Biz bu torpaqlara 30 ildən sonra ilk ayaq basan türk balalarıyıq... xalq bizim, dövlət bizim, torpaq bizim.

-     Mən bu kəndlərin yeni memarlıq üsulu ilə tikilməsi üçün plan-prospekt hazırlayacağam. Bacım Zivər memar­lıqda oxuyur, qurtarmaq üzrədir, demişəm hazırla­sın. Bütün evlərin üzü də Şuşaya doğru olsun. Açılan qapılar o istiqamətə açılsın- Qarabağın günəş gözü Şuşaya.

-     Mən o Şuşaya ilk girənlərdən olacağam.

-     Bu hansımızın arzusu deyil?!

-     Şəhid olmaqdan qorxmuram, Şuşanı görməyib ölməkdən qorxuram.

-     Biz ölüm üçün yox, alım üçün bu yoldayıq, gücünə güvən. Niyyətin hara, mənzilin də ora.

-     İnşallah.

Muradla ikimiz elə çökəklikdə əllərimizi irəli uzadıb, qollarımızın üstünə başımızı qoyub zamanın keçməsini gözləyirdik.

Bu zaman meşənin yaxınlığında iki qaraltı gözümə dəydi, bir-birimizə xəbər ötürdük. Onları hər kəs gör­müşdü. Sonra onların sayı çoxaldı, onlar meşədən çıxıb, tarlanın böyrüylə bizdən xəbərsiz dağınıq, kəndin ortasıyla böyrümüzdən keçib getdilər. Komandir iki nəfərin onları təqib etməsi əmrini verdi:

-     Toxunmayın, hara getdiklərini, nə məqsədlə get­diklərini öyrənin. Canlı dil gətirin.

-     Oldu, komandir.

Komandir mənimlə Muradı göndərdi. Biz üzərimizdəki yükün bir qismini orda qoyub onların arxasıyla gedirdik. Beş-altı erməni rahatca kəndin böyründəki tozlu, artıq illərdir gediş-gəliş olmadığından ot, tikan basmış yolun o tayına keçdilər. Biz də onları təqib edirdik. Onlar bir yerə çatanda dayandılar, qəribə bir səs çıxardılar, sanki donuz kolluğa girmişdi. Sonra o donuz xorultusuna bənzər bir səs də gəldi. Həmin səs gələn tərəfdən biri çıxdı, erməni hərbçisiydi. Onlara yaxınlaşdı, Muradla mən onlara diqqət kəsilmişdik. Onlar ermənicə danışırdılar:

-     Vəziyyət?

-     Gözləyirik. Bir xəbər yoxdur.

-     Çoxsunuz? Yanınıza yığışan var?

-     Yox, qaçan çoxdur, saxlaya bilmirik.

-     Neçə nəfərsiz?

-     On doqquz.

-     Silahınız var?

-     Bir minamyotumuz var, bir də elə üstümüzdəki.

-     Axşama kimi gözləyin, axşam birləşib, meşədən çıxıb, Arazboyu istiqamətdə gedəcəyik.

-     Türklər o istiqamətdə olmamış olmaz.

-     Onlar yəqin ki, İran–Azərbaycan sərhəddinə diqqət verəcəklər.

-     Bizim vəzifəmiz?

-     Bacardıqca arxada qalıb, onların dəstələrini irəli buraxıb, arxada yerləşənləri məhv etməkdir.

-     Gücümüz yetəcəkmi?

-     İrəli gedənlər XT-lılardır, onlar adamyeyənlərdir, onların əlimizdən aldığı postlarda yerləşdirilənlər isə adi Milli Ordunun əsgərləridir. Onları yerindəcə, göz açmamış o məsələ.

-     Bu çətin olacaq, qıracaqlar bizi.

-     Qıra bilməzlər. Bizdə peşəkar snayperçilər var, onlar da bir cürə adamyeyirlər – erməni xırıltıyla güldü.

-     Sizdə ərzaq olmalıdı.

-     Var, amma özümüzə.

-     Meşədə qorxudan ocaq da yandıra bilmirik, susuzuq, ərzaqsızıq... Komandirin əmri var, bunlar götürə biləcəkləri qədər ərzaq götürsün. Onsuz da sabah səhərə burdan çıxırsınız, o tərəfdə, əmr olunan istiqamətdə hər şeylə təmin olunacağıq. Ac qalmayacağıq.

-     Onda gəlin mənimlə.

Onlar erməninin arxasınca içəri keçdilər.

Murad onlara sarı baxırdı, narahat idi:

-     Nə edəcəyik?

-     İrəliyə, ancaq irəliyə! Baxaq görək bunlar harada yerləşib.

Onlar da ermənilərin arxasınca 50 metrə qədər irəlilədilər, orada yox oldular. Murad diqqətlə irəli, mən də ətrafa baxırdım. Az keçmədi, elə balaca təpə kimi yerdən, yaşıl yarpaqlı, balaca kolluqdan açılan qapıdan əsgərlər çiynində kisələr çıxdılar. Arxalarınca iki-üç erməni göründü. Onların yanına da yığışan erməniləri Murad dəqiq saydı.

-     On doqquz.

-     Xəbər verək.

Murad:

-     Özümüz bunların öhdəsindən gələrik.

-     Necə?

-     Bilmirəm, ətraflı baxaq, yoxlayaq.

-     Bəs bunlar?

-     Bizimkilərə yollayaq.

-     Deyirsən...

-     Onları düşünürsən buraxacaqlar?

-     Bunları buraxaq getsin, hələ bir...

-     Sonra...

-     Baxaq, görək, silah-sursat nələri var.

-     Yaxşı.

Onlar geri döndülər. Mən nigaran idim. Başqa yolla dönə bilərdilər. Amma bu iki qüvvənin birləşməməsi üçün əlimizdən gələni etməliydik...

Ara sakitləşdi, biz ətrafı yoxladıq. İki əsgər aralı məsafədə gözətçiydi, qalanlar isə həmin o təpənin altın­dakı yeraltı sığınacağa dolmuşdu... Tam əmin olduq ki, bunlar buradadır. Muradla ikimiz gözətçiləri aradan götürüb, sığınacağın ağzına gəldik, əlimizdəki qumbaraları çəkib açdıq, qapının yerini tapıb çəkdik, açıldı, içəridə, zəif şam işığında dünyadan xəbərsiz, silahlarını yerdə qoyub yatmış donuzları gördük.

-     Neynəyək?

-     Gözlə.

-     Fikrin?

-     Sən hazır ol.

Mən ermənidən götürdüyüm silahı hazır tutmuşdum.

-     Çalışaq səs çıxmasın, gedənlər duyuq düşə bilər.

-     Deyirsən...

-     Səs salacağam, qapıya çıxanları götürəcəyik.

Xısınlaşan səsə ermənilərdən biri içəridən:

-     Kimdir?

-     Mən, Artur. – Murad sən demə, aradan götürdüyü erməninin adını öyrənibmiş.

-     Nə var?

-     Bizi əvəz edin, üşüyürük.

-     Gəlirik.

İkisi çölə çıxıb gözətçi nöqtələrinə gedərkən başının üstünü aldıq.

-     On beş nəfər qaldı.

-     İndi nə?

-     İçəri gözyaşardıcı atacağıq.

-     Sonra...

-     Qapını bağlayıb, içəridə hesabımızı aparacağıq.

-     Hazırsan?

-     Hazıram.

Murad gözyaşardıcını içəri atdı, aləm qarışdı, içəridən çıxmaq istəyənin leşini sərdik. Biz leşləri qapının önünə dağ kimi yığmışdıq...

-     On iki.

-     Üçü yoxdur.

-     İçəridədir. Ehtiyatlı ol, – əlimlə işarə etdim.

Dayanıb gözləməyə başladıq. Bəlkə də yarım saat gözlədik.

Muradın ermənicə getdik deməsi içəridəki üç ermənini aldadıbmış.

Biz gizlənmişdik. Onlardan biri çıxdı, ətrafa baxdı, tam arxayın oldu ki, getmişik. Sonra ikisi də çıxdı. Biri zabit idi. Gördüyümüz adamıydı.

-     Kim oldu bunlar?

-     Əclaflar, bizimkilər, qaçanlar, aldatdılar bizi, ərzaqları tükənibmiş, türklərdən qaçmağa yerləri olmayıb, bizi – əclaflar...

-     Onlara qan udduracağam.

-     Komandir, biz üç nəfər qalmışıq.

Komandir cavab verənə qədər Murad onun üstünə şığıdı, mən ilk çıxanın gicgahına zərbəni endirib o birisini tutdum.

Hər şey elə anidən oldu ki, komandirin yerə yıxılıb qalmış cəsədi, mənim qolunu qamarlayıb, əllərini, qolla­rını sındırıb, diz çökdürdüyüm hərbçi, gicgahından vurdu­ğum elə ilk zərbə ilə cəhənnəmə vasil olmuşdu. Qolları sındırılmış ermənini kənara çəkdik. Dəhşətli qorxu içində yalvarırdı:

-     Öldürməyin məni.

-     Nəyiniz var burda?

-     İki minamyot, çoxlu mərmi, qumbara, ərzaq.

-     Haradadır?

-     İçəridə.

-     Ora niyə yığmısınız?

-     Bura əvvəllər ərzaq bazasıydı, postlarımız gəlib burdan aparırdılar.

-     Siz...

-     Komandir buranın yerini bilirdi, onlar qoyub qaçandan sonra irəliləyə bilmədik, burda gizləndik.

Murad güldü:

-     Yemək, içmək, silah, niyə qabağa gedəsiniz ki?...

-     Biz əmr almışdıq, birləşməliydik, imkan gözlə­yirdik.

-     Onlar yerləşən koordinatorun yerini bilirsənmi?

-     Bilirəm.

-     Xəritə var?

-     Var.

-     Hanı?

-     İçəridə, stolun üstündədir, siz...

-     Bildim, gir içəri görüm.

Biz içəri girəndə gözlərimə inanmadım. Bu böyük bir yeraltı kazarmaydı, içi dolu ərzaq, silah-sursat.

-     O meşənin arasında olan qüvvələrin bu bazadan xəbəri varmı?

-     Var, olmasaydı gəlməzdilər.

-     Demək, birləşəcəkdiniz. İstiqamətiniz?

-     Arxadakı o əlverişli postu yenidən ələ keçirmək əmri almışıq.

-     O meşədəkilərin əlində nə var?

-     Hərbi maşın, iki tank var, minamyot da var. Onlar əvvəldən hərbi texnikanı meşədə yerləşdirmişdilər, yüksəklik əlimizdə qalsaydı, ora göndəriləcəkdi.

-     Qismət olmaz, inşallah.

Biz ərzağın yerini təsbit edib, ermənini də götürüb geri döndük, qaranlıq düşürdü...

Ora çatanda heyrət içində qaldıq. Ermənilərin ərzaq dolu kisələri dağılmış bir evin içindəki çuxurda idi.

-     Necə oldu?

-     Onlar dönərkən siz dönmədiniz. Dərhal başlarının üstünü aldıq, and içib aman etdilər ki, sizi görməyiblər.

-Nigaran idik.

-Başa düşdük ki, gəlişinizin gecikməsinin səbəbi var.

Ermənini göstərən komandir bizə yaxınlaşdı. Məsə­ləni bilib, erməninin verdiyi xəritəni uzanıqlı halda yerə sərdi, diqqətli baxdı.

-     Belə edirik, ərzaqları tükənibsə, gücləri də azalıb, əvvəlcə hərbi texnikalarını ələ keçirəcəyik, içərilərinə sızacağıq, bu yetimlərin paltarını geyinib, içəridə götür-qoy edib, işə başlayacağıq. Onlar azad, asudə buralarda dolaşırlarsa, demək gəlişimizdən xəbərsizdirlər. Hazır olun, o paltarları altınız geyinin və qolunun üstündəki xəttə işarə qoyun, qəfil döyüş olar, sizləri səhv salmayaq.

Altı nəfər meyidlərin paltarlarını geyindi, kisələri boşaldıb, içinə çur-çubuq doldurdu, çiyninə alıb irəlilədikcə biz də onlardan aralıda sürünə-sürünə, onların arxasınca meşəyə, ordan da düzənliyə çıxdıq. Gözümüzə inanmadıq. Tankların üstünə ağacları qırıb tökmüşdülər, lüləsi isə aydın görünürdü, iki-üç pulemyot da yarpaqlarla, ağac qol-budaqlarıyla örtülmüşdü. İki hərbi maşın düzənliyin o üzündəydi. Görünür o tərəfə gedən yol vardı və qaçaqaç düşsə, qaçıb maşınlara dolacaqdı.

Muradla mən komandirin əmrinə əsasən hərbi yük maşınlarına sarı hərəkətə keçdik. Maşınların yanında heç kim yoxuydu, yaxşı-yaxşı içini, kuzovkasını yoxladıq. Orda iki yük maşını istiqamətində hazır olduq.

Komandirin əmriylə topçu Sənanla Natiq pulemyot­ların arxasına keçmişdi. Bizdə bir Miri vardı, tank üçün ölürdü, əvvəlcə tankçı olmaq istəyibmiş, sonra dəyişib fikrini, ilk əsgəri xidmətdə də tankçı olmuşdu. O da tankın yanında idi...

Biz düşmənin 300-ə yaxın qüvvəsini özlərinin hərbi silahlarıyla məhv elədik. İçəridən qaçıb hərbi maşınlara doğru gələnləri də Muradla mən zərərsizləşdirdik.

Gərgin döyüş qurtaranda anladıq ki, biz dörd saatdır döyüşürük... Düşmənin əsir düşənləri də çox oldu, ko­mand­ir ermənicə onlara tabe olsalar sağ qalacaqlarını bildirirdi.

Sübh açılana yaxın biz üç yaralımızla birlikdə arxadan köməyə gələn qüvvələrə sağ-salamat ələ keçirdi­yimiz qənimətləri, əsirləri təhvil verdik. Oradan da erməni­lərin hərbi sursatı, ərzağı olan yeri göstərdik. Həmin bazada üç saat dincəlib qalxdıq. Əmr gəlmişdi, biz Şuşa istiqa­mətində hərəkətə keçməliydik. Murad, dediyi kimi, ata yurdu kəndindən xeyli aralı yolla gedərkən çevrilib kəndləri istiqamətinə baxaraq: - Söz verirəm, geri dönəndə mütləq sənin içindən keçəcəyəm, öpüb qoxlayacağam səni – deyəndə səsi titrəyirdi.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

 

 

 

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” üçün

 

 

Söhbət Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli əfsanəvi müğənni Qədir Rüstəmovun “Sona bülbüllər”indən gedir. O, “Sona bülbüllər”dən ki, maestro Niyazi demişkən, “ona qulaq asmağa bir ömür bəs etməz”. Həmin “Sona bülbüllər”dən ki, ona 300-dən çox şeir həsr olunmuşdur. O, “Sona bülbüllər” ki, bir zamanlar kosmosa yer üzünü təmsilən göndərildiyini eşitmişəm.

 

Əfsanəvi müğənni Q.Rüstəmovun “Sona bülbüllər”ə ilk dəfə nə vaxt və hansı münasibətlə müraciət etməsi barədə xalq arasında və sosial şəbəkələrdə müxtəlif ehtimallar söylənilir. Əfsanəvi şəxslər haqqında bu cür ehtimalların meydana çıxmasını təbii hesab edərək birini də biz hörmətli oxucuların nəzərinizə çatdırmaq istəyirik.

1972-ci ildə Bakıdan Ağdama qayıdan Q.Rüstəmov 42 yaşında Fatimə xanımla ailə qurur. Əslində bu onun ikinci evliliyi idi. Bu vaxta kimi onun həyatından bir sevgi keçmişdi. Tanınmış müğənni, müharibə veteranı, 1973-cü ildə anadan olmuş Azər Rüstəmov bu sevginin bəhrəsidir.

Oğuz rayonunun Yaqublu kəndində yaşayan rəhmətlik Kazımova Xeyransa Kərim qızı söyləyirdi ki, 1995-ci ildə Bakıda xəstəxanada müalicə olunanda yanımda Sona adlı yaşlı bir qadın qalır, müharibə dövründə əsgərlərimizə təndir çörəyi aparan və bu zaman düşmən atəşi ilə ağır yaralanan qızına (yəni Qədirin baldızına) qulluq edirdi. Dediyinə görə, o, Ağdamın Üçoğlan kəndindən idi. Sona arvad Q.Rüstəmovun birinci qayınanası olduğunu söyləyirmiş. Deyirmiş ki, Qədir  məşhur “Sona bülbüllər”i ilk dəfə onun qızına aşiq olan vaxtlar oxuyub. Mahnıda sevən aşiqin dərdi, kədəri o dərəcədə güçlü çatdırılır ki, S.Səxavətin də dediyi kimi “Sona bülbüllər”i təklikdə dinləmək təhlükəlidir, adam intihar edə bilər”.   

Belə çıxır ki, Qədir Rüstəmovun məşhur, ölməz və solmaz “Sona bülbüllər”i onun ilk eşqi ilə birlikdə meydana çıxıb. Lakin bu evliliyin ömrü çox qısa olub.

Güman ki, sonralar acı təəssüratlar doğurduğu üçün müğənni özü də bu ifasını bəyənmirmiş. Kulis.az “Oğlunu danışdırmayan, Habil Əliyevi özündən çıxaran, Rəmişlə yola getməyən Qədir” adlı yazıda qeyd edir ki, “Onun öz ifasından da zəhləsi gedirdi. Xüsusən “Sona bülbüllər”dən . Bir dəfə Ağdamda uşaqlar onun uzaqdan gəldiyini görüb hörmət əlaməti olaraq “Sona bülbülləri” oxudurlar, üstlərinə yeriyir, hamısını söyüb-batırır. Əvvəl elə bilirlər Qədir cavanların onu ələ saldığını düşünür. Sonra məlum olur ki, özünün də bu ifasından heç xoşu gəlmir, hər dəfə eşidəndə əsəbləşir.

Bir dəfə mətbuatda etiraf etmişdi ki, bütün Azərbaycanı tilsimə salan “Sona bülübüllər” mahnısına özü bir dəfə də başdan-ayağa qulaq asmayıb. Orda-burda nə eşidibsə, odur”.

Bunlar bizim ehtimalımızı gücləndirsə də, qənaətləndirici hesab etmirik. Düzünü şahidlərin və Q.Rüstəmovu çox yaxından tanıyanların, onun həyatına ətraflı bələd olan şəxslərin söyləyəcəkləri sübut edə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

 

Bülbülün Memorial Muzeyinin təqdim etdiyi "Bülbülün qonaqları" rubrikasında növbəti dəfə Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlu yad edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına muzeydən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova Bülbül və Cabbar Qaryağdıoğlunun dostuluğundan, Elmi Tədqiqat Musiqi Kabinetindəki birgə fəaliyyətindən, xalq musiqisinin inkişafında xanəndənin misilsiz xidmətlərindən bəhs edib. 

Azərbaycan Milli Kosnervatoriyasının Tələbə və Gənclər Təşkilatının sədri Ayxan İmanov tədbirin təşkili üçün Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimiyə və muzeyin rəhbərliyinə təşəkkürünü bildirib. 

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tələbələri Murad Kərimli, Aycan Şükürlü, Nuray Hacızadə, VIII Muğam Televiziya Müsabiqəsinin laureatı Nərgiz Cabbarova "Rast", "Qatar", "Bayatı-Şiraz", "Şahnaz" təsniflərini ifa ediblər. 

Sonda xanəndənin repertuarından "Qarabağ şikəstəsi" səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

“Ulduz" aylıq ədəbiyyat dərgisi və Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri poeziya müsabiqəsi başa çatdı, qaliblər mükafatlandırıldılar. 

 

“Ədəbiyyat və incəsənət” portalının da xəbər verdiyi kimi, müsabiqənin mükafat yerləri aşağıdakı kimi bölüşdürüldü:

I yer: 

Cavid Qasımov;

II yer: 

Rəşad Nağı Mustafa, 

Allahşükür Ağa;

III yer: 

Eminquey, 

Seyyidəli Sübhi, 

El Roman

Beləliklə, 10 finalçıdan 6-sı mükafatlandırıldı. Amma digər 4 finalçının da şeirləri diqqətçəkən idi və ən azından portalımızda dərc edilərək geniş oxucu kütləsinə təqdim edilməyə dəyər. Bu gün Elçin Məhərrəmin şeirlərini təqdim edəcəyik.

 

 

Elçin Məhərrəm

 

Qoca, ip və ada

Ümid deyilən şey -


səhər saat altıdan


böyük balıq tutmaq üçün


xarabasından çıxan
qocadı.


Qarmağı- uşaqlıqda


cırcıramaların
quyruqlarına bağladığı


ip qədər uzundu.


Balıqsa - Vaqifin
"Uzaq yaşıl adasından "
gəlir.


 

Bu nə birincidir nə də sonuncu


 

Hökm verildi.
Qalxdı ağır -ağır


cəllad zamanın iti baltası.


Bu nə birincidir nə də sonucu

Eşafotu yoxdur onun


Edam yeri: təqaüd aldığın bankomatın
qabağı,


təyyarənin yumşaq
oturacağı,


sevgilinlə nə vaxtsa yatdığın
yatağın kənarı.



O gün saydım düz 32 baş tullandı
boşluğun qara çuxuruna,


Düz 32 min dildə qışqırdı qara çuxur.


Qışqırdı ki: Daha bəsdir yerim yoxdur.


Mən şair ürəyi, rəssam əli,
filosof dili istəyirəm.


Göndər gəlsin.
Onlara ki, yerim çoxdur .

Hökm verildi.


Endi bir anda
cəllad zamanın iti baltası

Bir şair infakt keçirdi
yeni şeirini yazarkən,

bir rəssamın tikəsini tapdılar

top mərmisin
tozanağı çəkiləndə,


bir filosofun dilindən asdılar


tanış saat qülləsinin əqrəbindən.

Bu nə birincidir nə də sonucu...

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.