Jalə İslam, "Ədəbiyyat və incəsənət"
Həyat yuxuda da öz sonuna doğru gedir.
A.Bule
2003-cü il Bakı
Bu gün Arazın Bakıda son günü idi. İndi o bu günə qədər böyüdüyü evinin hər küncünə içində qopan dərin fırtınalarla birlikdə baxmaqda idi. Anası evin içində cəld addımlarla o tərəf-bu tərəfə irəliləyir, son qalan əşyaları toparlayırdı.
Araz anasını atasının ölümündən bu yana ilk dəfə idi ki, bu qədər xoşbəxt görürdü. Həm də onun üzündə qəribə bir həyəcan da var idi. Nə də olsa bu gün onun həyatında artıq yeni bir başlanğıc idi.
Amma evdə əgər bir nəfər xoşbəxtdirsə, bu o demək deyildir ki, hər kəs xoşbəxt və bəxtiyar olmalıdır. Belə bir qanununun olduğunu düşünmürəm. Digər otaqda uzunmüddətdir ki, yataq xəstəsi olan nənəsinin onların gedişindən xəbərdar olduğu gündən etibarən göz yaşları dinmirdi. Oğlunun ölümündən sonra ona tək dayaq olan ailə üzvləri də bu yaşlı qadını tərk edib gedirdi...
İnsanlar həyatda bəzən seçim etmək məcburiyyətində qalırlar. Araz anlamışdı ki, nənəsi də bu seçimin qurbanıdır. Anasının düşüncəsiz seçimi onun içinə dərin duyğuların kök salmasına səbəb olmuşdu. Yaşanmış bəzi hadisələr bizi düşünməyə sövq edir. Əgər mən onun yerində olsa idim, nə edərdim? Ya da qarşımdakının seçim şansından biri də mən olsa idim, mən də qurban olardımmı?
Onu bütün bu suallar deyil, anasının növbəti seçimi qorxudurdu...
Biraz sonra maşın artıq qapıda dayanmışdı. Arazın isə anası ilə bərabər getməkdən başqa çarəsi yox idi. Buna seçim demək doğru deyil, çünki bu məcburiyyətdir.
Bütün vücudu daş kəsilmiş Arazın gözü divarda asılı olan, illər əvvəl çəkdirdikləri ailə şəklində qalmışdı. İndi nələri itirdiyini, nələrin yarım qaldığını çox yaxşı anlayırdı. Ruhu sakitlik nədir bilmirdi.
Mətbəxə tərəf yönəldi, masanın üzərində olan çörək və su qabını götürdü və nənəsinin çarpayısının yanında olan kiçik masanın üzərinə qoydu, nənəsinin üzərini örtdü, sel kimi axan və bəlkə də heç dayanmayacaq olan göz yaşlarını əlləri ilə son dəfə sildi. Anasının belə acımadığı bu qadına Arazın yazığı gəlirdi.
Hər zaman olduğu kimi yenə heç bir söz demədi. Susqunluq onun üçün tək çıxış yolu idi. Həzin addımlarla qapıya tərəf yönəldi, hər addım atdıqca onun içindəki hüzün daha da böyüyür, nənəsinin fəryadı daha da şiddətlənirdi. Artıq arxasına baxmamağa qərar verdi, çünki bu, əzabı özünə pulsuz satın almaq demək idi.
İnsanı uzaq səfərə çıxarkən doğma evindən uzaqlaşmaq düşüncəsi deyil, qayıdanda hər şeyi olduğu kimi tapmamaq düşüncəsi üzürdü.
*
Arazın içindəki narahatlıq onu kölgəsi kimi təqib edirdi. Əlini uzatsa tuta bilməyəcəyi buludların üzərindəki ilk səyahət belə ona uşaq ağlının yaşada biləcəyi illuziyaları yaşatmırdı. Səmanı və dənizi onsuz da sevmirdi. İki il əvvəl atasını qurban verdiyi dənizi, ya da bütün bunları etinasızca seyr edən səmanı necə bağışlaya bilərdi ki?! Sağ tərəfində əyləşən anası ilə göz təmasından qaçırdı. Qəbul edə bilmirdi ki, artıq anası da onun içində çoxdan ölüb. Axı necə ola bilərdi ki, iki il əvvəl səni heç kimə dəyişməyəcəm dediyi həyat yoldaşını indi başqa bir adama dəyişirdi?!
Murad anasına böyük vədlər vermişdi. Elə Araz da anası ilə birlikdə bu vədlərin arxasınca yad bir elə üz tuturdu. Lakin anası - Leyla bir şeyi unudurdu ki, yad elin yad qanunları var və bütün qanunlar ədalətə tabe deyil!
*
Təyyarədən endikləri zaman Murad onlara gülümsəyərək dedi:
-Sizə söz verirəm ki, hər şey çox yaxşı olacaq. Siz sadəcə mənə güvənin.
Amma Araz çoxdan bilirdi ki, bu şəhər onu udacaq!
Sankt-Peterburq,2003-cü il
Böyük şəhərlər dərin insanlar üçün bir cəhənnəm, dərin insanlar isə kiçik şəhərlər üçün bir tabutdur!
Fikirlərin əsirində keçən bu səyahət artıq sonlanmışdı. Onu bu əsirlikdən maşının ani dayanması oyatdı. Deyəsən, indi, həqiqətən də hər şey üçün çox gec idi.
Qapıda onları Muradın anası Pakizə qarşıladı.
-Baxın bu mənim oğlumdur. O çox sakit, mülayim və tərbiyəli uşaqdır. Bəzi problemlərə görə danışmır. Amma mən inanıram ki, o mənə yenə əvvəlki kimi ana deyəcək.
Araz anasının bu qədər həvəsli davranışları ilə ilk dəfə idi ki, qarşı-qarşıya qalırdı. Hər şey bir-birinə qarışmışdı. Bütün bunlara yalnız Pakizə və Araz sanki yadplanetli imiş kimi baxırdılar. Elə məhz buna görə də Araz bu hisslərin təlatümündə ilk dəfə tək olmadığını anlamışdı.
…Hər kəs yatmağa hazırlaşırdı. Murad və anası çoxdan getmişdilər. Yaşlı qadının harada olduğu isə məlum deyildi. Araz isə divanın bir küncündə daş kəsilmişdi. Öz evini düşünür və kədərlənirdi. İndi anlayırdı ki, əgər öz evlərində olsa idi, divanın bir küncünə qısılıb qalacaq qədər çarəsiz olmazdı.
Bu dəmdə Pakizə əlində bir balınc və ədyal ilə içəri daxil oldu. Əlini salon ilə qarşı-qarşıya olan otağı işarə etdi. Otaqda iki çarpayı var idi və sol tərəfdəki çarpayıda bir nəfər üzü divara doğru uzanıb yatırdı. Divarlar rəsmlərlə dolu idi. Bu rəsmlər eynilə melanxolik düşüncəli insanların çəkə biləcəyi rəsmlərə bənzəyirdi. Nə qədər gözəl görünsələr də, bir o qədər də vahiməli idilər.
*
Səhər oyananda qarşısındakı mənzərə onu qorxutmuş, evin sakinləri Arazın qışqırığına oyanmışdı. Bu qorxu sonradan ona utandırıcı gəlsə də, həmin anı xatırlayanda yenə də dizləri əsirdi.
Muradın oğlu ilə bu cür tanış olmaq istəməzdi, lakin qarşısında bu günə qədər görmədiyi görünüşdə bir adam dayanmışdı. Bir insanın xarici görünüşü ilə alçaldılması ona həmişə pis təsir etsə də, o özü də heç istəmədən bu xətaya düşmüşdü. Hər şey bir yana, illər sonra övladının dilindən ilk dəfə “Ana” sözünü eşidən Leyla buna dediyi kimi heyrətamiz deyil, etinasızca yanaşmışdı. Deyəsən, ikinci seçim şansı artıq qarşıda idi. Bəs bu dəfə qurban kim olacaqdı?
Zamanla hər şeyə alışarsan və buna qorxuların da daxildir.
Araz bu vahiməli simaya hər baxanda utanırdı, onun baxışlarının altında əzilirdi. Amma nə qədər təəccüblü olsa da, bu evdəki ümid işığı yalnız onun gözlərində parıldayırdı.
-Hey cavan oğlan, niyə heç danışmırsan? Nə vaxta qədər belə susacaqsan? Ən sonunda danışmalı olacaqsan və gördüyüm qədərilə səninlə danışmağa heç kim yoxdur.
-Mənə səssizlik yaraşır!
Qapı bir anda şiddətlə açıldı. Evin səssizliyi Muradın gəlişi ilə pozmuşdu. O içkili idi. Araz sağına baxdı. Bu vahiməli, həm də şad sima,bir anda yerini qorxu ilə əvəzlədi. Evin qapısı açılanda artıq onun da içinə qurd düşmüşdü. İçəri girər-girməz oğlunun üzərinə şığıdı. Gözü dönmüşdü, üst-üstə zərbələr endirirdi. Və hər kəs sadəcə tamaşa edirdi.
Arazın gözü anasına sataşdı. O ayırmağa deyil, Muradı sakitləşdirməyə çalışırdı. Artıq zamanı idi, bu dəfə ola bilməzdi, on dörd illik həyatı ona bu qədər riyakarlıq qatmamışdı.
Muradın biləyindən yapışaraq onu var gücü ilə geri itələdi:
-Bəsdir artıq, dayan. Bütün bunlar sənə ağır gəlmir? Qarşındakı sənin oğlundur. Ona bu cür davrana bilməzsən. Heç ürəyin ağrımır?!
-Sən kimsən? Əsas sən mənim qarşıma keçib bu sualları verməyə utanmırsan?!
Dünənə qədər ağzına su alıb oturmuşdun. İndi filosof oldun başıma?
-Mən Tanrının bir bəndəsiyəm. Bəllidir ki, sən də şeytanın bir bənzətməsi. Mən sizin bu nə olduğu bilinməyən məhəbbət adı verdiyiniz illuziyyaya artıq dayana bilmirəm. Bizə əzəldən öyrədilib ki, özümüzdən zəif olanları qorumaqla hökmlüyük.
Bu sözləri eşitmək Muradın qürurunu incitmişdi. İrəli gələrək onu vurmağa cəsarət etdi. Buna Leyla icazə vermədi. Araz ilk dəfə anasının onun yanında olduğunu düşünmüşdü, bu düşüncəsindən onu anasının üzündə deyil, ürəyində yara açan şilləsi oyatdı. Bəli, o da artıq qurban idi.
Hər kəs öz otağına çəkilmişdi, o isə yenə öz yerində daş kəsilmişdi. Arxadan bir səs eşitdi:
-Təşəkkür edirəm və üzr istəyirəm!
Araz arxasına dönərək dedi:
-O, məni heç sevmədi...
Səssizlik ən gözəl melodiyadır, lakin bu dünyaya şamil deyil.
-Mənim adım Vladimirdi, Araz. Üzüm isə illər öncə evin arxa tərəfindəki kömürlükdə yanıb. Yandırılıb...
Uzun bir sükutdan sonra:
-Mənim adım Arazdır. “Kim yandırıb?”-deyə soruşmayacam. “Niyə yandırıb?”-deyə soruşacam.
Vladimir həfif gülümsədi və üzünü pəncərəyə tərəf döndərədək:
-O,məni heç sevmədi..., -dedi. Və davam etdi:
-Bilirsən, Araz, bura ev deyil, cəhənnəmdir. Bu evin pəncərəsindən heç ulduzları da görə bilmirəm. Tanrı bunu belə mənə rəva bilmir.
-Anan haradadır?
-O, öldü... Məni bu dünyada çarəsiz qoyaraq getdi... Hərdən üsyan edirəm. “Tanrı ruhu əbədiyyətə qovuşan hər kəsə bir ulduz bəxş edir”- deyirlər. Görəsən,mənim anamın da ulduzu varmı?
-Bəs sənin atan niyə belə edir?
-Bilmirəm. İnanırsan, heç nəyi bilmirəm.
-Bəs o yaşlı qadın, o necə birisidir?
-O var, amma həm də yoxdur. Bəs sənin atan haradadır?
-Mənim atam gəmi kapitanı idi. Onu çox sevdiyi mavi dənizi aldı məndən. Onun üçün çox darıxıram. Əgər yaşasaydı, indi belə bir həyatım çox güman olmayacaqdı...
-Bizi onların yoxluğu deyil, geriyə dilimizə bir imza kimi miras qoyduqları “əgər” və “kaş” sözləri tükədir.
-Nənəm isə xəstədir. O çox gözəl qadındır. Onu çox sevirəm, amma sevgimi bir yana qoyaq, həyata qarşı olan nifrətim belə onu xilas etməyə yetmədi. Bilirsən, biz nə etdik? Biz yeriməyə belə taqəti olmayan o qadını evində təkbaşına qoyub bura gəldik. Səbəbi isə sənin səfeh, ağlı başında olmayan atandır.
-Zamanında belə bir cümlə oxumuşdum: Həyatımızın yarısını valideynlərimiz,digər yarısını isə uşaqlarımız dağıdır. Bu həyat belədir, Araz. Adamlar səni yıxmaq üçün ən çətin zamanını gözləyirlər. Bilirsən, bir gün buradan qurtulmağa çalışdım, hətta demək olar ki, tam qurtulurdum.
-Necə?
-Qazı açdım və evdən çıxıb getdim. Mən gedirəmsə, məni tapa biləcəkləri ehtimalını düşünərək geridə heç bir iz qoymaq istəmədim. Amma heç gedəcəyim ünvana yetişməmiş atam məni tutdu.
-Ən azından cəsur imişsən.
*
Növbəti səhər Vladimir otağında yenə o qəribə və vahiməli şəkillərindən birini çəkirdi.
-Araz, bax bizi çəkirəm.
-Biz bu qədər çirkin deyilik, Vladimir.
-Kim deyir ki, çirkinik?! İnsan kimliyi ilə,ya da zahiri görünüşü ilə deyil, əməlləri ilə tanınmalıdır, Araz.
-....
-“Bəs bu həyatda əməllərini həyata keçirməyə taqəti olmayan insanlar necə gün üzünə çıxır?”-deyə içdən-içə soruşduğuna əminəm. Onların baxışlarına, səssiz çırpınışlarına və ürəyinə bax deyərdim. Amma bunu deməklə heç nəyi həll edə bilmədiyimi özüm də bilirəm. Kim bu dünyada ipi, ya da göz oxşayan kəpənəyi sevdiyi qədər baramaqurdunu sevir ki?
*
Araz artıq çox sarsılmışdı. Neçə gün idi ki, anası ilə də danışmırdı. Bu burulğanın onu udacağını hiss edirdi. Deyəsən bunu Vladimir də anlamışdı:
-Get bu evdən, Araz.
-Gedəcəyəm, Vladimir.
Vladimir əli ilə ona paltarlar olan şkafı göstərdi:
-Orda biraz pul və mənim paltarım var, gedəndə o paltarı geyinib get. Amma səndən xahiş edirəm ki, geridə heç bir iz qoyma!
Araz Vladimirin nə demək istədiyini də və artıq nə etməli olduğunu da bilirdi.
*
Gecə saat iki idi. Bu gün artıq Arazın bu evdə son günü idi. Bunu özünə qəbul etdirmişdi. Vladimir çoxdan yatmışdı. Eynilə onun dediyi kimi etdi. Şkafta olan paltarlardan geyindi və pulu götürdü. Son dəfə anası ilə Muradın qaldığı otağın qapısından onları izlədi. Anası çox xoşbəxt bir sima ilə yuxuya getmişdi. Ona baxaraq içində bir yerlərdə qeyb olan ana sevgisini yenidən tapmaq istəsə də, o duyğuları artıq anasının gözündəki nifrəti gördüyü zaman itirdiyinin özü də fərqində idi.
Mətbəxə doğru yönəldi və heç düşünmədən qazı açdı. Vladimirlə eynilə nənəsi ilə vidalaşdığı kimi vidalaşmaq istəyirdi.
Onun da üzərini örtdü və son sözlərini qulağına pıçıldadı.
-Bağışla məni!
Arxaya dönüb qapıdan çıxarkən Vladimirin sözlərini eşitdi :
-BİZİ AYIRAN YOLLAR BİR GÜN QOVUŞDURACAQ, AMMA SƏNİ ÖZ ÜNVANINA QOVUŞDURDUQDAN SONRA!
Arazın gözündən yaşlar bir-biri ardınca süzülməyə başladı:
-Anan ilə qovuşduqda ulduzlarınız ilk mənə parlasın, Vladimir!
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)