SÖZ - Şeyx Sahibzadə Sultan Əhməd Əlinin qəlbini fəth edən axşam Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Dövlət İncəsənət Muzeyində həm proqramın fəxri qonağı olan Şeyx Sahibzadə Sultan   Əhməd Əlinin - Sultan Bahunun 10-cu nəslindən olan müqtədir şəxs, Müsəlman İnstitutunun sədrinin, həm də qonaqların qəlblərini fəth edən, Azərbaycan-Pakistan dostluğunu simvolizə edən "SÖZ" layihəsi gecəsi keçirildi. 

 

"SÖZ" layihəsinin şairi və qurucusu Nigar Həsənzadədən fəxri qonaq barədə məlumatlar əldə etdik. Öyrəndik ki, Şeyx Sahibzadə Sultan Əhməd Əli Qədriyyə ordenindən olan məşhur sufi Müqəddəs Sultan əl-Arifin - Sultan Bahunun kral evinin onuncu nəslinin nümayəndəsidir, milyonlarla izləyicisi olan şəxsdir. İslamabad və Londonda ofisləri olan  Müsəlman İnstitutunun tədqiqat Mərkəzinin sədridir. O, həmçinin Islahi camaat və Almi Tanzim-ul-Arifin baş katibi, “Müsəlman perspektivləri” jurnalının Məşvərət Şurasının sədri, ən böyük aylıq “Urdu jurnalı - Mirrat ul-Arifina International”ın baş redaktoru, Al-Arifeen nəşriyyat və Al-Arifeen rəqəmsal istehsal qrupunun sədri və bir çox təhsil, sosial və akademik təşkilatlar Şurasının üzvüdür. 

Şeyx Sahibzadə Sultan Əhməd Əli həm də bir alimdir, ingilis və urdu dillərində bir çox kitabın, beynəlxalq jurnallarda və konfranslarda nəşr olunan bir çox tədqiqat məqaləsinin müəllifi və redaktorudur. 

Milli və beynəlxalq forumlarda saysız-hesabsız mühazirələr veribdir. Xeyriyyəçi olaraq sosial rifah, yoxsulluqla mübarizə və təhsilin təbliği sahələrində də əhəmiyyətli xidmətlər göstəribdir. Ləyaqətinin tanınmasında Şeyx Sahibzadə Sultan Əhməd Əli  INSPAD-ın seçiminə görə 2020-ci ilin ən nüfuzlu Müsəlmanları onluğuna daxil edilibdir. 

 

Axşamın mədəni proqramı iki ölkə arasında qardaşlıq - tarixi münasibətlərə, eləcə də fəxri qonağın fəaliyyətinə və yaradıcılığına həsr olunmuşdu. Axşamı Dövlət İncəsənət Muzeyinin direktoru, incəsənət tarixi professoru, Şirin Məlikova açdı. 

Sonra şairə Nigar Həsənzadə qonaqları salamlayaraq şeyxi dialoqa dəvət etdi və o, verilən suallara məmnuniyyətlə cavab verdi. 

Nigar Həsənzadə Şeyxin Azərbaycanın maraqlarının dəstəklənməsinə yönəlmiş mühüm fəaliyyətindən danışdı və ikinci Qarabağ müharibəsi zamanı Şeyxin Azərbaycan ordusuna və xalqına dəstək məqsədilə təşkil etdiyi çoxsaylı aksiyalara xüsusi diqqət yetirdi. 

Sahibzadə Sultan Əhməd Əli Pakistandakı təsəvvüfün rolu və təsiri, habelə Pakistanın müasir şairlərinin yaradıcılığında Sufi poeziyasının əhəmiyyəti barədə danışdı. Axşamın musiqi və bədii proqramı Beynəlxalq Muğam Mərkəzinin solistləri Rəşad İbrahimov, Təbriz Yusubov, Sayar  Teymurov, Vasif Yusibli, xanəndə İlkin Əhmədov, eləcə də "Sənət" uşaq musiqi və İncəsənət Mərkəzinin (xoreoqraf Günay Muradi) çıxışlarından ibarət idi.

Bu heyrətamiz axşamın sonunda Sahibzadə Sultan Əhməd Əli bir neçə şeirini urdu dilində oxudu. Dinləyicilər və qonaqlar üçün Şeyxin şeirləri paralel olaraq Azərbaycan dilində də təqdim olundu. Şeyx daha sonra əsərlərini əvvəllər tamaşaçılar qarşısında oxumadığını etiraf etdi. "Bu axşamı heç vaxt unutmayacağam, biz qardaşıq, həmişə də belə olacaq!"

Şeyx vidalaşaraq bunları dedi.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.