Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Ən güclü KİŞİlər əvvəlcə kiçik məhlələrdə, həyət uşaqlarının arasında, sonradan isə onu əhatə edən cəmiyyətin yazılmayan qanunlarının təlimi altında yetişirlər. Bəlkə də belə bir təlimin, tərbiyə növünün mövcud olduğunu heç kim bilmir. Və ya da heç kim qəbul edib etiraf etmək istəmir. Bir də ki, adam gərək KİŞİ olmaq üçün doğulsun, təyinatı bu olsun...
Bəli, hər ömrün əvvəli olduğu kimi bir sonu da var. Hər kəs nə vaxtsa qazandıqlarını, lap elə sonuncu arzu və istəklərini də bu dünyada qoyub gedir. Özüylə apara biləcəyi yalnız çiyinlərində gəzdirdiyi əməllərinin xronikası olur. Xeyir əməllərinin xronikasını sağ, bəd əməllərinin isə sol çiynlərində aparır...
Onun çiyinlərində nə apardığını Allahdan başqa kimsə bilə bilməz. Bu dünyada qoyub getdiklərindən isə hamının məlumatı var. Azərbaycan kino, teatr tarixində yaratdığı obrazlar, bir də insan kimi ifadə etdiyi fikirlər və aşkar əməlləri həmişə yaddaşlarda qalacaq…
Bu dünyada parlaq istedadlı aktyorlar az olmayıb. Amma mükəmməl şəxsiyyət kimi yadda qalanları çox deyil. Bəli, Fuad Poladov şəxsiyyət kimi ürəklərdə yuva qurmağı bacaran sənətkarlardan oldu. Onun adı hələ uzun müddət ehtiramla yad ediləcək, ruhuna rəhmətlər dilənəcək. Axı insan onu tanıyanların sonuncu nəfəri dünyadan köçəndən sonra ölür...
Yüz il bundan sonra, onu şəxsən tanıyacaq kimsə həyatda olmayanda da ifa etdiyi rollar, yaddaşa köçürülən verilişlərdəki çıxışları dil açıb danışacaq. Gələcək nəsillərə onun barəsində məlumat ötürəcək. Təkcə necə aktyor olduğu barədə yox, həm də onun şəxsiyyəti, insanlığı haqqında fikir formalaşdıracaq. Azərbaycan KİŞİsinə xas olan keyfiyyətləri özündə ehtiva etdiyinə, bu yükün altında ləyaqətlə dayana bildiyinə görə…
24 may 1948-ci ildə doğulmuşdu, 4 may 2018-ci ildə BU DÜNYAnı yaxşı tanıyandan sonra O DÜNYAya köç etdi. ƏSL KİŞİlərin çox olduğu yerə...
Ruhun şad olsun, Fuad Poladov!
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)