Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.
“TURAN” bədii film ssenarisini təqdimatını başa çatdırırıq.
Titr yazı. 1925-ci il. SSRİ–Türkiyə sərhədi.
At yol kənarında oturmuş üç-dörd yaşlı lüt oğlan uşağının qarşısında dayanıb...
Uşaq sevgi ilə əllərini ata doğru uzadır.
At şahə qalxır...
At yerə çökür ki, uşaq belinə asan qalxa bilsin.
Uşaq atın belinə qalxmaq istəsə də, bacarmır.
Uşaq atın yalından tutur...
At dikəlib ayağa qalxanda uşaq yıxılıb ağlayır...
Atın gözlərində kədər var...
Uşaq da atın gözü ilə sərhəd dirəklərinə doğru baxır...
At ayağa qalxır...
At sərhədə doğru çapır...
Sovet İttifaqının Türkiyə ilə sərhəd zolağından atın qaçışına binoklla baxan iki sovet sərhədçisi.
Birinci sərhədçi: – Həmin at yenə sərhədə sarı gəlir.
İkinci sərhədçi: – Adamın tərsini görmüşdüm, atın yox.
Birinci sərhədçi: – Azı dörd il olar ki, bu at buralardadır...
İkinci sərhədçi: – Bəlkə vurum getsin?
Birinci sərhədçi: – Yox... adam deyil ki, atdır da... At haqqında təlimatda heç nə yazılmayıb.
İkinci sərhədçi: – O, at deyil... fikirdir... Elə bil kiminsə başından çıxıb... bizdən nəsə istəyir. At da sərhədi keçməyə çalışar?
Birinci sərhədçi: – Fikir haqqında da təlimatda heç nə yazılmayıb.
İkinci sərhədçi atın zastavaya lap yaxınlaşdığını görüb havaya güllə atır...
At güllədən yayınır...
At yenə geriyə, kəndə doğru qaçır...
At filmin əvvəlində onbaşı İzzətin yuxuda gördüyü boz yulğunlu çöllük boyu qaçır...
At, nəhayət, uçurumun qarşısında dayanır...
Haradansa yenə, yuxuda olduğu kimi, at nallarının tappıltısı eşidilir...
At nallarının altından qopan tappıltı altında filmin son titrləri görünür...
“Ədəbiyyat və incəsənət”
(06.05.2024)