Super User

Super User

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
AZƏRTAC Tbilisidən xəbər verir ki, Baş nazir Azərbaycanın mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini salamlamaqdan məmnunluğunu bildirib. Qeyd edib ki, Gürcüstan ilə Azərbaycan bölgədə çox səmərəli əməkdaşlıq edirlər. Bu əməkdaşlığın inkişaf etdirilməsi Gürcüstan üçün böyük əhəmiyyət daşıyır.
Anar Kərimov da öz növbəsində Azərbaycan və Gürcüstan arasındakı mədəni və humanitar sahələr üzrə əməkdaşlıq məsələlərinin diqqət mərkəzində olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva əməkdar jurnalist, yazıçı-publisist Varis Yolçiyevi doğum günü münasibəti ilə təbrik edib.
Görüşdə millət vəkili V. Yolçiyevin istər ədəbi, istərsə də ictimai fəaliyyətdə hər zaman fərqləndiyini diqqətə çatdırıb:
“Təsadüfi deyil ki, siz Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, Beynəlxalq Yazıçılar Gildiyasının, Beynəlxalq PEN klubun, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının, Rusiya Yazıçılar İttifaqının da üzvüsüz. 1991-ci ildə “168 saat” qəzetinin baş redaktoru, 1993-cü ildə “7 gün” qəzetinin redaktoru olmusuz. 1995-ci ildə AzTV-nin “Gecə kanalı” proqramının yaradıcılarından olmusunuz.
2004-cü ildə “Azərbaycan” nəşriyyatına baş redaktor təyin edilmisiniz. 2007-ci ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru vəzifəsinə gətirilmisiniz. Siz, həmçinin Azərbaycanda ilk milli teleradio jurnalı “TV plyus”un baş redaktoru olmusunuz”, – millət vəkili bildirib.
18 kitabın redaktoru, 13 kitabın müəllifi olan V. Yolçiyevin yaradıcılığına toxunan millət vəkili bildirib ki, “Sonuncu ölən ümidlərdir”, “Bir ovuc torpaq”, “Sənə inanıram”, “Yetmiş yeddinci gün”, “Əzilmiş fotoşəkillər”, “Metamorfoz”, “Yol ayrıcında azıb qalanlar”, “Son məktub”, “Yaşıl üzlü gündəlik”, “Bitməyən matç”, “Üçbucaq”, “Uzaqdan gələn yağış” və b. kitabları ona oxucu məhəbbəti qazandırıb.
Azərbaycan Mədəniyyət Nazirliyinin  “Qızıl Kəlmə” ədəbiyyat mükafatı, Avrasiya materikinin III LiFFT festivallar festivalının qızıl medalı, UNESKO-nun “Adam Mitskeviç” medalı, Rusiya Yazıçılar İttifaqının “Mayakovski”, “Puşkin” medalları ilə təltif edilən yazarı Qənirə Paşayeva bir daha təbrik edib, yaradıcılıq uğurları arzulayıb.
Q. Paşayeva Varisə Komitə adından təbrik məktubu və xatirə hədiyyəsi: tanınmış rəssam Sabit Çopuroğlunun rəsm əsərini təqdim edib.

Cümə axşamı, 08 İyul 2021 12:38

USİD yeni nəşrlərini təqdim edir


Türkiyənin Uluslararası Sənət və Elm dərnəyi olan USİD-in sahibi olduğu İMBİK YAYINLARI  və EFSUN YAYINCILIK nəşr evləri yeni kitablarını təqdim edir. USİD başqanı Mehmet Nuri Parmaksızın verdiyi məlumatda qeyd olunur:
-USİD -Uluslararası Sanat ve İlim Derneği’nin sahibi olduğu İMBİK  ve EFSUN Yayınları olarak pandemi süreci çalışmalarımızı biraz aksatsa da, USİD -Uluslararası Sanat ve İlim Derneği olarak sanat ve ilim alanındaki çalışmalarımıza İmbik dergisi yanında, güvenilir ve kaliteli yayıncılık anlayışı ile İmbik Yayınları ve Efsun Yayıncılık olarak yola devam ediyoruz.
USİD-in yeni yayınlarına sahib olmaq istəyənlər www.usid.org.tr adresindeki web səhifəsindən kitab satış bölümündən, ya da internet üzərindən başqa satış sitələrindən alışveriş edə bilərlər:
http://www.usid.org.tr/40/kitap-satis


Gürcüstanda rəsmi səfərdə olan mədəniyyət nazirimiz Anar Kərimov yeni bir tədbirə qatılıb, yeni bir açılışa səbəb olub. Mədəniyyət Nazirliyinin məlumatına görə bu gün Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyindəki rəsm qalereyasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb. Sərgidə N.Gəncəviyə həsr olunmuş miniatür və rəsm əsərləri nümayiş etdirilir,
Azərbaycan və Gürcüstan rəssamları öz əsərlərini təqdim edirlər.
Sərgini Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla yanaşı, Gürcüstanın mədəniyyət nazirinin müavini Kaxa Sixarelidze, Azərbaycan səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri də izləyiblər.
Nazirimiz tədbirdə çıxış edərək Azərbaycan Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinin əhəmiyyətindən danışıb. Bu cür qərarların Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edib.
O, qonşu Gürcüstanda bu cür sərgilərin açılmasının mədəni əlaqələrimizin inkişafına xidmət etdiyini bildirib.
Gürcüstan mədəniyyət nazirinin müavini Kaxa Sixarelidze isə dahi söz ustadı Nizami Gəncəviyə həsr olunmuş sərginin açılışını yüksək qiymətləndirib. Bildirib ki, N.Gəncəvinin əsərlərinə Gürcüstanda da böyük maraq var. Onun gözəl şeirləri, fəlsəfi fikirləri bu gündə sevilir və gələcək nəsillər üçün elm mənbəyi olacaq.
Sərgidə, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyinin Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar elan etdiyi rəsm müsabiqəsinin qaliblərinə və fərqlənən gənc rəssamlara diplom və hədiyyələr təqdim olunub.
Ölməz Nizaminin dünyada bax bu cür geniş təbliği mədəniyyət siyasətimizin  başlıca məqsədlərindən biri olmalıdır.

Cümə axşamı, 08 İyul 2021 11:44

Sumqayıt ölkə memarlığında ilkə imza atır


Erməni separatçılarının cinayətləri ölkəmizi başdan-başa Şəhidlər Xiyabanına bürüyüb. Belə xiyabanlardan biri də Sumqayıt Şəhidlər Xiyabanıdır. 1992-ci ildə yaradılan, 510 şəhidimizin uyuduğu bu məkan 10 min kvadrat metr ərazini tutur.
Quruculuq və abadlıq işlərində daim öndə olan, fərqlənən gənclər şəhəri daha bir ilkə imza atır. Belə ki, Sumqayıtın Şəhidlər Xiyabanında təmir, bərpa və yenidənqurma işlərinə başlanılıb, bu işlər ona hesablanıb ki, ölkədə ilk olaraq Sumqayıtda şəhidlərimizin məzarları yerləşən ərazi qüssə, kədər gətirən anım məkanı yox, qürur gətirən zəfər məkanı olsun.
“Ədəbiyyat və incəsənət” portalı bildirir ki, Sumqayıt Şəhidlər Xiyabanı tam olaraq öz simasını dəyişəcək, döşəmə daşları büsbütün dəyşdirilməklə, yaşıl ərazinin bitki örtüyü tam yenilənməklə xiyabanın girişində ağır konstruksiyalı müxtəlif atributlardan, fiqurlardan ibarət kompozisiya qurulacaq. Orta hissədə daim vətənin müdafiəsinə hazır olmanın gərəkliyini göstərən əsgər heykəli qoyulacaq. Bu heykəl şəhidlərimizin ümumi obrazını yaradacaq. Minadan gül, mərmidən yer kürəsi formatlı kompozisiya da inşa olunacaq. Bunlarla yanaşı, xiyabanda hündürlüyü 30 metrə çatacaq bayraq dirəyi ucaldılacaq. Xiyabanın sağ və sol hissələrində müxtəlif atributların, fiqurların quraşdırılması da nəzərdə tutulur.
Sumqayıt şəhərinin baş memarı Cahid Həsənov əməkdaşımıza söyləmişdir:
-Yeni layihə forma və ideya etibarı ilə  yeni şəhərsalma və memarlıq layihəsidir. Sumqayıt Şəhidlər Xiyabanı ənənəvi soyqırım, naməlum əsgər, şəhidlər məzarlığı statusundan zəfər və qəhrəmanlıq kompleksi statusuna gətiriləcək. Bütün artibutlar - fiqurlar, kompozisiyalar, heykəl, yaşıllıq zolağı, döşəmə - hamısı tam bir vəhdət təşkil edəcək, park və xiyaban statusundan daha yüksək bir status yaradılacaq. Ən əsası - bura Sovetlər dönəmindən qalmış ildə bir dəfə - ildönümlərində baş çəkiləcək bir məkandan hər gün gediləcək kütləvi gəzinti yerinə çevriləcək.

Şəkillərdə: Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovu və başçının müavini Gündüz Əliyevi şəhərin baş memarı Cahid Həsənov Şəhidlər Xiyabanının yeni layihəsi ilə tanış edir; Xiyabanın yenidənqurma maketi.

Noyabrın 3-dən 7-dək Bakıda 5-ci “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalını keçiriləcək. Builki festivalın əsas mövzusu “Hİsslər±” olacaq.
Hazırkı dövrdə insanların hissləri sosial və siyasi mühit, maddi rifah və qlobal pandemiya kimi ciddi sınaqlara məruz qaldığına görə belə bir seçim edilib.
Bu il münsiflər heyətini insanların daxili və xarici dəyişimlərinə, özünü axtarışlarına və yer üzündə var olma anlamlarına həsr olunmuş filmlər xüsusilə maraqlandıracaq.
Bu il müsabiqədən kənar filmlər də nümayiş olunacaq. Bundan əlavə, festival çərçivəsində Azərbaycan sənədli filmlərinin retrospektivi təşkil olunacaqdır. Bu, mərhum azərbaycanlı ssenarist və rejissor Çingiz Rəsulzadənin xatirəsinə həsr ediləcək. Müraciətlər sentyabrın 20-dək www.filmfreeway.com platformasına təqdim edilə bilər.
Qeyd edək ki, 2017-ci ildə yaradılmış festivalın məqsədi dünyanın hər yerindən qabaqcıl sənədli filmləri təqdim etməkdir.



İyul ayının 1-də rəsmi açılışı olan Vienna Caz musiqisi festivalı həqiqətən də  Avropada ən mühüm musiqi hadisələrindən biridir. Bu il festival 40 illik yubileyini qeyd edir.
“Ədəbiyyat və incəsənət” portalı Week-end-ə istinadən xəbər verir ki,
düz 30 il bundan əvvəl Fransanın Vienna şəhərində, Ron çayının sahilində baş tutmuş bu festivalın səhnəsində əfsanəvi Miles Devis  vəfatından bir neçə ay əvvəl çıxış etmişdi. Son konsertin arxiv yazıları qorunub saxlanılmışdır, titrlərdə isə yazılmışdır ki, əfsanəvi trubaç 1 iyul 1991-ci ildə bu festivalda öz kollektivi ilə iştirak etmişdir.
Jean-Paul Butelier - festivalın həmtəsisçisi söyləyir:
"Maraqlıdır ki, bu, Devisin öz kollektivi ilə son birgə çıxışıdır. O vaxt o, Montredə, Parisdə başqa konsertlər də verirdi. Amma bu konsertlər başqa şəraitdə - başqa musiqiçilərlə idi. Bundan əlavə, Devis Vienna səhnəsində Prins tərəfindən yazılmış mahnıları təqdim etmişdi. Devis onları studiyada yazmağı planlaşdırırdı, lakin təəssüf ki, ona vaxtı çatmadı. Əldə qalan yeganə ekzemplyar bizim festivaldakı ifa oldu. Məhz buna görə də  bu video belə qiymətlidir. Və biz səsi, görüntünü qayğı ilə yeniləyir, qoruyub saxlayırıq. Bu, tamamilə unikal bir şeydir".
Devisin sözügedən musiqisini antik teatrın ərazisində salınmış bağda ictimaiyyət üçün xüsusi təşkil edilmiş seanslarda dinləmək olar. Yeri gəlmişkən, Vienna Caz Festivalının proqramı çox zəngindir.
Benjamen Tangi, festivalın direktoru söyləyir:
"Bu il biz festivalın tarixinə, ona aidiyyəti olan dahilərin adlarının çəkilməsinə, ümumilikdə caz tarixinə müraciət etdik. Eyni zamanda, yeni nəsil cazmenləri də unutmadıq,  janrların qarışığı, müasir layihələr qoyduq ortaya. Əlbəttə ki, biz Mişel Petruççianinin xatirəsinə də hörmət etdik”.
Qeyd edək ki, Miçel Petruççiani ağır genetik xəstəlikdən əziyyət çəkirdi. Ancaq inanılmaz bir qabiliyyətə sahib idi. Mişel Petruççianini bütün dövrlərin ən yaxşı fransız caz pianoçularından biri hesab edirlər.
Toni Petruçççiani, gitaraçı, Mişel Petruççianinin atası söyləyir: "Mənə xoşdur ki, bu qədər yaxşı musiqiçilər Mişelin variasiyalarını ifa edəcəklər. Viendndə oynamağı oğlum çox xoşlayırdı, çünki burada gözəl səhnə, gözəl mənzərə var. Əsl tamaşa!”
Təxminən minlərlə musiqiçi Fransanın bu ecazkar əyalət şəhərinə gəlib, yüzlərlə konsert verilir, onların əksəriyyəti şəhər ətrafında pulsuzdur.
Vienna caz fedtivalı iyulun 10-dək davam edəcək. Estafeti ondan Montre Caz Festivalı qəbul edəcək.

Fotolarda: Festivaldan bir görüntü; Miles Devis.


Bu gün Bakı Kitab Mərkəzində, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Muradın nağılları” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC-ın verdiyi xəbərə görə  təqdimat çərçivəsində Xalq rəssamı Arif Hüseynovun kitab üçün çəkdiyi rəsm əsərlərindən ibarət sərgi də nümayiş olunub.
Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirib ki, “Muradın nağılları” məktəbəqədər yaşda uşaqlar üçün dəyərli uşaq ədəbiyyatı nümunəsidir. Yazıçı bu maraqlı kitabı nəticəsi Muradın ilk ad gününə həsr edib. Burada Anarın yeni yazılmış mətnləri ilə yanaşı, uzun illər öncə qələmə aldığı hekayələri və uşaqlar üçün yazdığı “Yuxum qaçıb” adlı radiopyesi də yer alıb. “Nəfis tərtibatı ilə seçilən kitabın sehrli bir aurası var. Xalq rəssamı Arif Hüseynovun kitab üçün çəkdiyi illüstrasiyalar elə ilk baxışdaca uşaqları ovsunlamağa, nağıl dünyasına aparmağa qadirdir”, - deyə G.Anarqızı deyib.
Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti kitabın məzmunundan söz açıb. Bildirib ki, müasir dövrdə hərfləri tanımayan uşaqlarına nağıllar oxuyan, nitqlərinin düzgün inkişafına, dünyagörüşlərinin formalaşmasına bədii nümunələr vasitəsilə təsir göstərməyə çalışan valideynlər azlıq təşkil edir. Məktəbəqədər yaşlara oxumaq üçün mətnlər seçərkən valideynlər məzmunla yanaşı, səslənməyə, dilin leksik, qrammatik vasitələrinə də diqqət yetirsələr yaxşı olar. Anarın “Əlifba” nağılı bu baxımdan azyaşlı uşaqlara oxunula bilən kifayət qədər uğurlu mətndir.
Bildirib ki, öyrədicilik baxımdan kitabdakı daha bir maraqlı mətn "Sözü tap, yerinə qoy" hekayəsidir. Burada məqsəd uşağı əyləndirərək öyrətməkdir. Məsələ hekayənin qəhrəmanı Muradın anasına "Mənə çay bişir" deməsi ilə başlayır. Anası nəvazişlə ona başa salır ki, çayı bişirməzlər, dəmləyərlər, xörəyi isə bişirərlər. Beləcə, anası Murada Azərbaycan mətbəxinə aid bəzi yeməklərin, ərzaqların əvvəlcə adlarını, sonra isə xüsusiyyətlərini öyrədir.
Xalq rəssamı Arif Hüseynov sərginin təşkil edilməsində məqsədini açıqlayıb. Bildirib ki, çox zaman kitabda nəşr olunan rəsmlər orijinaldan fərqli olur. O, uşaqları rəsmlərin əslinə baxmağa dəvət edib və tövsiyə edib ki, onlar bu kitabı mütləq oxusunlar.
Rəssam, həmçinin qeyd edib ki, bu, onun uşaqlar üçün yaratdığı ilk illüstrasiyalarıdır.
Xalq yazıçısı Anar tədbirə toplaşanlara və Arif Hüseynova təşəkkürünü bildirib və qeyd edib ki, Murad olmasaydı kitabı ərsəyə gətirə bilməzdi.
Təqdimatda Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən “Çiçəyim” uşaq teatrının gənc aktyorları maraqlı proqramla çıxış ediblər. Onların ifasında kitabdan parçalar səhnələşdirilib.


Xəbər verdiyimiz kimi Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstanda rəsmi səfərdədir.  Nazir səfər çərçivəsində
Tbilisidə görkəmli azərbaycan ədibi Cəlil Məmmədquluzadənin ev-muzeyini ziyarət edib.
Nazir muzeyin hazırkı vəziyyəti ilə tanış olub, azərbaycanlı ictimaiyyət nümayəndələri ilə görüşüb söhbətləşib.
Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov nazirə məlumat verərək deyib: “Bu muzey 1998-ci ildən fəaliyyət göstərir. Muzeyin yerləşdiyi ikimərtəbəli binada 10 ailə yaşayır.
Yerli ekspertlərin rəyinə əsasən, bina üçüncü dərəcəli qəzalı vəziyyətdədir. Tbilisi meriyası binanın divarlarının möhkəmləndirilməsinə tələb olunan vəsaitin 95 faizini öz üzərinə götürməyə hazırdır.”
Anar Kərimov deyib ki, muzeyin bərpası, eksponatların yenilənməsi məsələsi diqqət mərkəzində saxlanılacaq, interyerin tərtibatına azərbaycanlı mütəxəssislər də cəlb oluna bilər.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, muzey özünün ilkin vəziyyətinə uyğun bərpa olunmalıdır. O, binada möhkəmləndirmə işlərinin sürətləndirilməsi üçün Tbilisi meriyası ilə danışıqlar aparılacağını qeyd edib.
Uzun illərdən sonra, deyəsən, Mirzə Cəlilin ruhu dincələcək, inşallah.



Ədəbiyyat və incəsənət portalı “TOP 5” rubrikasında bu günlərdə 55 yaşını qeyd etmiş Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini, təniqdçi Əsəd Cahangirin Azvision.az saytına verdiyi müsahibəsinə üz tutur:
1.
“55 il ömrüm gedib. Əvəzində oxucu diqqəti, paxılların məzəmməti və bir neçə kitab qazanmışam. Ən böyük qazancım Tanrıya inamımdır. Həyat bir məktəbdir və burda əsas məsələ ruhun mümkün qədər çoxlu bilgi toplamasdır. Bilgi toplamaq isə əzablı prosesdir. Uşaqlar həmişə dərsin bitməsini həsrətlə gözləyir, bəzən dərsdən qaçırlar. Həyat məktəbində isə heç yerə qaçmaq olmur, çünki burda hər yer məktəbdir, hətta dərsdən qaçmağın özü də bir dərsdir”
2.
“Görürəm ki, çox az adama müyəssər olan məsələlərdən agah olmuş, Qazan xanın sudan, ağacdan, itdən, qurddan ala bilmədiyi cavabları almışam. Nəsimi, Füzuli heç kəsə etibar etmədikləri sirlərini mənə açıblar. Sabir Əhmədli kimi ustad yazıçı ədəbiyyata gəlişimə xeyir-dua verib. Muğanna kimi dahi, “Sənin məhəbbətin məni yaşadır”, - deyib. Elçin kimi, Afaq Məsud, Ramiz Rövşən kimi fenomenal istedadlar məni yüksək dəyərləndirir, Anar kimi, Çingiz Abdullayev kimi dünya çapında olan şəxslərlə iyirmi ildən artıqdır iki, bir binada işləyirəm. On minlərlə oxucu yazılarımı oxuyur və bəyənir. Bütün bunlar göstərir ki, o qədər də pis şagird deyiləm”.
3.
“Bir an belə Allahın ədalətinə şübhə etməmişəm. Ən kritik anlarda onun varlığını hiss etmişəm. Heç vaxt ona qarşı hər hansı sualım olmayıb. Sual vermək lazımdırsa, özümə vermişəm. Baş verənlərdə bütün məsuliyyəti Allahın üstünə yıxmağın tərəfdarı deyiləm. Mən reinkarnasiyaya inanıram. Yəni gələcək həyatımızı bugünkü davranışımızla özümüz seçirik. Bu seçimə, Allah, sadəcə, dərkənar qoyur”
4.
“Özümü həm də bədxahlarıma borclu sayıram. Onlar bütöv bir tipajlar qalereyası, Haqverdiyevin diliylə desəm, “mənim marallarım”dır. Məni evlərinə qonaq çağırıb, səsimi gizlicə telefona yazanlar, haqqımda ali instansiyalara heç bir əsas olmadan şikayət edənlər, ən xırda uğurumu görüb yuxusu qarışanlar, məndən tərifli yazı umub, buna nail ola bilməyəndə əleyhimə böhtan, şantaj xarakterli yazılar yazan və yazdıranlar, şəxsi əlaqədə olduqları adamları yuxarı başa keçirmək üçün məndən donos çatdıranlar... Sağ olsunlar, məni daim öz üzərimdə işləməyə vadar edib, arxayınlaşmağa qoymayıblar.
5
Özümə arzularım: Can sağlığı, ilhamlı yaradıcılıq, yeni idrak üfüqləri. Bir də istəyərdim ki, “Porshe” maşınım olsun. Anar müəllim söz verib ki, gələn ildən maaşını artıracam. Benzin pulu problem olmaz yəqin”

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.