Super User

Super User

Mədəniyyət naziri Anar Kərimovun qərarına əsasən 22 iyul tarixində Milli Mətbuat Günü münasibətilə Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədilə media nümayəndələri və onların ailə üzvləri üçün nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərə giriş sərbəst olacaq.
Nazirlikdən AzərTAC-a bildirilib ki, muzeylərin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.

Müraciətdə deyilir: “22 iyul hər bir azərbaycanlının taleyində olduqca önəmli tarixdir. Azərbaycanda  milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 146 ili tamam olur. Çünki məhz 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni, parlaq səhifə açılıb.
Tarix boyu xalqımızın böyük mütəfəkkirlərinin, ədiblərinin, dövlət xadimlərinin fəaliyyətində milli məfkurənin təbliği, dilimizin, mədəni dəyərlərimizin qorunması kimi ali dəyərlər  hər zaman özünü göstərib.
Bu cəhətləri ömür yoluna sığdıran aydınlarımızdan biri də vətənpərvər ziyalı, təbiətşünas-alim Həsən bəy Zərdabidir.
146 il əvvəl 22 iyul tarixində Həsən bəy Zərdabi  min bir əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdu. 1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb.
Sevindirici haldır ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Müstəqil Azərbaycanın memarı, Ümummilli lider Heydər Əliyev fəaliyyəti boyu mehriban dost münasibətilə jurnalistlərin də dərin sevgisini, güvənini qazanmışdı. Ulu öndərin bu ənənəsi bu gün  Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı mütəmadi olaraq çıxışlarında, jurnalist ictimaiyyəti ilə görüşlərində  mətbuat nümayəndələrinin söz azadlığının vacibliyini, onların fəaliyyətlərini diqqət mərkəzində saxladığını bildirir. Jurnalistlərin təklif və problemləri ilə yaxından maraqlanır.
Təsadüfi deyil ki, mətbuat nümayəndələri cənab Prezidentimizi  jurnalistlərin dostu adlandırırlar.
Buna misal olaraq 44 günlük Vətən müharibəsi və şanlı qələbəmizdən sonrakı dövrü xatırlatmaq istərdim. Ön cəbhədə Ali Baş Komandanın rəhbərlik etdiyi şücaətli Ordumuz, arxa cəbhədə, informasiya mübarizəsində isə zəhmətkeş jurnalistlərimiz mərdliklə vuruşmasaydı, dəmir yumruq kimi birləşib, həmrəylik nümayiş etdirməsəydi, dünya ictimaiyyətinə haqq səsimizi çatdırmaq da mümkün olmayacaqdı. İşğaldan azad edilmiş doğma torpaqlarımızda vəzifə borcunu yerinə yetirərkən, şəhidlik zirvəsinə ucalan jurnalistlərimiz Məhərrəm İbrahimov və Sirac Abışov kimi qəhrəmanlarımız sadalananların bariz nümunəsidir. Bu bir daha sübut edir ki, peşəmizdən asılı olmayaraq hər birimiz müqəddəs Azərbaycanın müsəlləh əsgəriyik.
Əkinçi zəhməti, biləyinin gücü, qəlbinin hərarəti ilə milli mətbuatımızın inkişafı, sağlam gələcəyi, bölgədə sülh və təhlükəsizlik naminə informasiya toxumları səpən Zərdabi davamçılarını Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bütün əməkdaşları adından ürəkdən təbrik edirik. Nazirliyimizin bütün yeniliklərini, layihə və  struktur fəaliyyətlərini qərəzsiz işıqlandırdığınıza görə  hər birinizə ürəkdən təşəkkür edirik. Sizinlə daha sıx, məhsuldar əməkdaşlığımızı davam etdirmək üçün öhdəmizə düşən vəzifəni bundan sonra da yerinə yetirəcəyimizə əmin ola bilərsiniz.
Bir daha milli mətbuat ailəsinin üzvlərini ürəkdən təbrik edir, Bütöv Azərbaycanın hər bir nöqtəsindən sədanızın  eşidilməyini arzulayıram.”

Cümə axşamı, 22 İyul 2021 14:27

Toğrul Nərimanbəyov. Natürmort

 

21-31 iyulun təqvimi Varisin təqdimatında

 

 

 

21 iyul. Belçika Krallığının milli bayramı

 

Bu bayramı Avropanın ən aparıcı dövlətlərindən biri sayılan Belçika 1831-ci ildən qeyd edir, həmin gün ölkə tarixinin ən əsas sülaləsinin təməli qoyulmuş, Kral 1-ci Leopold taxta çıxmışdır. Napoleon ordusunda xidmət keçmiş bu şəxs çox siyasətcil imiş, hər yerə əli çatırmış, hətta ona “Avropanın daydayı” təxəllüsü də veriblərmiş. Onun bir fərqliliyi də vardı, o, konservativ cəbhə yaratdığı, klerikallarla liberalları birləşdirdiyi, partiyaların və nazirliklərin səlahiyyətlərini öz əlində cəmləşdirdiyi üçün qitənin ilk avtoritar rəhbəri də hesab edilirmiş. Amma bu gün Belçika Avropanın əsas demokratiya beşiyi sayılır, Leopold adını isə sıravi azərbycanlı ən yaxşı halda “Leopold-pişik” cizgi filmindən xatırlayır.

 

 

 

21 iyul. ABŞ-da bol bayramlar günü

 

Təqvimin bu günü qeyd ediləcək hadisələrlə çox zəngindir. Elə təkcə amerikalıları götürək. Bu bəxtəvər insanlar iyulun 21-də milli qeyri-sağlam qida gününü, milli hot-doq gününü, milli küçüklərə qayğı gününü, ən nəhayət, milli dondurma gününü qeyd edirlər. Əgər təsadüfən macəra dolu Amerikadasınızsa, heç də sıxılmayın, bayramlardan hansını etmək zorunda qalmamaq üçün hot-doq və dondurma alın, gah bundan, gah ondan dişləyərək bir küçüyün də başına sığal çəkin. Vəssalam. Missiyanız bitəcək.

 

 

 

22 iyul. Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü

 

Ensiklopedik nəşrlərin dili ilə desək, “dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 1875-ci il 22 iyul tarixində nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşlar. Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə KİV-lər Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynamışlar. “Şərqi-rus”, “Həyat”, “Füyuzat”, “Tazə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” və digər qəzetlər xalqın milli özünüdərk hissinin formalaşmasına çalışmışlar. Azərbaycan mətbuatı Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, milli varlığını qoruyub saxlaya bilmiş, respublikanın ictimai-siyasi həyatında fəal rol oynamışdır. Ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli Fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – 22 iyul Azərbaycan Mətbuatı və Jurnalistikası Günü elan edilmişdir”.

 

Bunlara onu əlavə edək ki, bu gün ölkəmizdə medianın vəziyyəti o qədər də ürəkaçan deyil, media cəmiyyəti ardınca apara bilmir, peşəkar jurnalistika get-gedə öz yerini naşı jurnalistikaya təhvil verməkdədir. Bununla belə, biz bədbin deyilik, əminik ki, hər şey yaxşı olacaq.

 

Peşə bayramınız mübarək, əsil jurnalistlər!

 

 

 

22 iyul. Siçovultutanlar günü

 

Söhbət həqiqətən əcaib və iyrənc siçovuldan getmir, bu gün dünya ədəbiyyatında layiqli yer tutan Qrimm qardaşlarının anım günüdür. Siçovultutan obrazı da onların zəngin nağıl kolleksiyasında tamın kiçik bir hissəsidir.

 

Dünyanın hər bir guşəsində tanınan Qrimm qardaşları ilk nağıllarını heç də uşaqlar üçün yazmamışdılar, indiki ölçülərlə desək, o nağıllarda bol-bol 18+ səhnələri yer alırdı. Hətta məşhur “Zoluşka” nağılı da bu cür səhnələrdən sığortalanmamışdı. O vaxt nəşriyyatlar Qrimm qardaşlarına məsləhət gördülər ki, qardaşlar, gəlin bu nağılları kəsib-töküb sırf uşaqlar üçün edək, çünki “saqqallı uşaqları” hədəf götürüb də böyük nəticələr əldə etmək çətindir. Beləcə, qardaşlar da Haqq yoluna gəlib məsum balalara xidmət etmək yolunu tutdular, 1859-cu ildə onların nağıllarının sayı düz 211-ə çıxdı.

 

 

 

23 iyul. Korifey müğənni Flora Kərimovanın 80 illiyi

 

Azərbaycan musiqisinin canlı əfsanəsi, ecazkar səsə malik olan, mahnıları ilə milyonlarla insanın qəlbini riqqətə gətirən Flora xanım Kərimovanın 80 illik yubileyidir, bu gün yalnız onun ifalarını dinləməyə dəyər. İndi meyarlar itib, televiziyalar və radiolar bayağı musiqi səsləndirməkdə, internet hər cür musiqini ələkeçən eləməkdə ikən bəstəkarların yaradıcılığı da korşalıb, şedevrlər yaradılmır. Amma bir vaxtlar – xüsusən 80-ci illərdə qulaqlara yalnız keyfiyyətli musiqilər dəyirdi, bu musiqilərin içində vokal genişliyi ilə qəlbləri cuşa gətirən, sevgi misralarına sevgi yaşantıları verən Flora Kərimovanın mahnıları əvəzsiz yer tuturdu. “Heyif”, “Yaman gecikdin”, “Bilməzdim”, “Qayıt”, “Bağışla”, “Səndən xəbərsiz”, “Ağlamasın salxım söyüd” kimi mahnılar bütöv bir dövrün sevənlərinin himninə çevrilmişdi.

 

Flora Ələkbər qızı Kərimova 1941- ci il iyul ayının 23-də Bakıda anadan olub. 1964-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda, 1972-1977-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Səhnəyə ilk gəlişi 1956-1957-ci illərdə olub, Azərbaycan gənclərinin festivalında iştirak edib. Şmidt zavodunun bədii özfəaliyyət kollektivində, Azərbaycan Dövlət Tibb İnstitutunun “Çinar” ansamblında, Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti olub. Repertuarında görkəmli Azərbaycan bəstəkarları Tofiq Quliyev, Rauf Hacıyev, Fikrət Əmirov, Oktay Kazımi, Emin Sabitoğlu, Faiq Sücəddinovun bəstələdiyi mahnılar başlıca yer tutub. Bəstəkar Elza İbrahimova məxsusi olaraq Flora Kərimovanın səsi üçün “Afət” operasını bəstələyib. 1966-cı ildə o, Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli (“Leyli və Məcnun”, Üzeyir Hacıbəyli) rolunu ifa edib, 1969-cu ildə “Qanun naminə” bədii filmində Züleyxa roluna çəkilib. “Böyük Dayaq” (1962), “O qızı tapın” (1970), “Gün keçdi” (1971), “Həyat bizi sınayır” (1972), “Qız, oğlan və şir” (1974), “Payız melodiyaları” (1974), “Alma almaya bənzər” (1975), “Sonrakı peşmançılıq” (1978), “Qayınana” (1978), “Yollar görüşəndə” (1979), “Onun bəlalı sevgisi” (1980), “Ağ atlı oğlan” (1995) və s. film və tamaşalarda səslənən mahnıların ifaçısı Flora xanımdır. Füsunkar səsə malik Flora xanımın bayaq adlarını sadaladığımız mahnılardan başqa “Yoxluğunu bilə bilə”, “Yalan imiş”, “İlahi”, “Ruhumuz qovuşacaq”, “Qarabağ”, “Əzizim”, “Bakı sabahın xeyir”, “Bir axşam taksidən...”, “Bir daha”, “Dünya köhnə dünyadır”, “Əlvida”, “Onun bəlalı sevgisi”, “Unut sən məni”, “Saçlarına gül düzüm”, “Sən uzaq yaşıl ada” kimi mahnıları da günü bu gün tamaşaçılar tərəfindən sevə-sevə dinlənilir.

 

Azərbaycan musiqi ifaçılığı sənətinin inkişafındakı xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova 1990- cı ildə “Əməkdar artist”, 17 noyabr 1992-ci il tarixində “Xalq artisti” fəxri adlarına layiq görülüb. 1994-cü ildə ABŞ-ın Sülh və Demokratiya İnstitutu tərəfindən İnsan hüquqları Müdafiəsi Departamentinin “Ən mübariz müğənni - İnsan haqlarının müdafiəçisi” baş mükafatını alıb.

 

Flora Kərimova kimilərini tarix az-az yetişdirir, gəlin korifey müğənniyə sağlığında dəyər verməyi bacaraq.

 

 

 

23 iyul. Ayətulla Xomeyninin musiqiyə qadağa qoyduğu gün

 

Mən yenə də amerikalılardan başlayacağam, çünki onlar 21 iyulu ümumən dondurma günü kimi bayram edirdilər, 23 iyulu isə milli vanilli dondurma günü kimi qeyd edəcəklər. Demək, bu gün amerikalılar yalnız vanilli dondurma yeyəcəklər. Amma bu, hələ hamısı deyil. Bu günə onların daha bir bayramı var. Milli şokoladlı araxis yağı günü. Bəh-bəh-bəh. Bayrama baxın e.

 

İyulun 23-ünü Yaponiya məktub günü, Oman intibah günü, Rusiya bağçılıq günü, Boliviya dostluq günü, Sinqapur mühəndislik günü, İndoneziya uşaqların müdafiəsi günü, Misir inqilab günü, Argentina və Uruqvay menestrel günü (menestrel – yəni nəğməkar şair), İsrail 15-cı ava günü (rəvayətə görə, ava ayının 15-də ayın tam girdələnməsi şəraitində sevənlər bir-birinə qovuşurlar, bu bayramın başqa bir adı da sevgi bayramıdır) kimi qeyd edir.

 

1992-ci ilin bu günündə Abxaziya öz müstəqilliyini elan edib Gürcüstanın tərkibindən çıxdı (bizim Dağlıq Qarabağ yaramız kimi gürcülərin də Abxaziya yarası var),  1979-cu ildə İranın dini lideri Ayətulla Xomeyni “gənclərin tərbiyəsini pozur” deyə musiqi translyasiyalarına qadağa qoydu, 1965-ci ilin bu günündə Sovet adamlarının ən çox sevdiyi kinokomediya – “I əməliyyatı və Şurikin digər macəraları” ilk dəfə ekrana çıxdı, 1944-cü ildə sovet qoşunları Maydanek konslagerini ələ keçirib əsirləri azad etdilər, 1908-ci ildə Osmanlı İmperiyasında məşhur gənc türklər inqilabı baş tutdu, 1900- cü ildə Paris metrosu fəaliyyətə başladı. Maraqlı gündür iyulun 23-ü, deyilmi? Delfinlərdən və balinalardan isə mütləq ayrıca danışacağıq.

 

 

 

23 iyul. Tanınmış Azərbaycan rəssamı Maral Rəhmanzadənin 105 illiyi

 

Azərbaycan çox məşhur rəsamlar yetişdirib. Amma onların hamısı kişi olmayıb, içlərində qadına da rast gələrsən. Maral Yusif qızı Rəhmanzadə 1916-cı il iyul ayının 23-də Bakının Mərdəkan qəsəbəsində anadan olub. 1922-ci ildə Bakıdakı Hüseyn Cavid adına 8 saylı qız məktəbinə gedib. Hələ məktəbli ikən “Ana dili” kitabındakı xalq nağıllarına və “Aran köçü” hekayəsinə ilk şəkillərini çəkib. 1930-1933-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, 1934-1940-cı illərdə Moskva Rəssamlıq İnstitutunda təhsil alıb. Yaradıcılığının erkən dövründə çəkdiyi “Azərbaycan qadını keçmişdə və indi” (1940), “Qadınlar müharibə illərində” (1942) kimi dəzgah rəsmləri silsilələrində Azərbaycan qadınlarının həyatı, məişəti, qəhrəmanlığı öz əksini tapıb. Böyük Vətən müharibəsindən sonrakı illərdə o, əsasən litoqrafiya və linoqravüra sahəsində fəaliyyət göstərib, “Bizim Xəzərdə” (1953-1960), “Sosialist şəhəri Bakı” (1959-1960), “Sumqayıt-Rustavi” (1962) və s. linoqravüra silsilələrini çəkib, yaradıcılığında əmək və məişət mövzuları xüsusi yer tutub. 1965-1982-ci illərdə Azərbaycan kəndinin həyatı, doğma təbiət “Bizim qızlar”, “Doğma vətənim”, “Azərbaycan”, “Mənim bacılarım” rəngli linoqravüra silsilələrində sənətkarlıqla əks olunub, 1964-cü ildə çəkdiyi “Xınalıq. Sıldırım qaya üzərində” rəngli linoqravürası R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.

 

Azərbaycanlı olasan, neftdən ilham almayasan? “Dəniz nefti” mövzusu Maral Rəhmanzadə yaradıcılığında özünü işıqlı xətlə göstərib, “Neftin daşınması”, “Neftçilər tankerdə”, “Rezervuar parkı”, “Yeddi gəmi adası”, “Günəş şüaları”, “Fırtınada” və “Ərzaq gətiriblər” kimi qrafik miniatürləri digər işlərindən çox fərqlənib və rəssama uğur gətirib.

 

Maral Rəhmanzadə 1964-cü ildə Azərbaycan SSR-nin “Xalq rəssamı” fəxri adına layiq görülüb. 1965-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olub, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri ilə, həmçinin medallarla təltif edilib. 1996-cı ildə “Şöhrət” ordeninə layiq görülüb.

 

Tanınmış rəssam 2008-ci il mart ayının 16-da Bakı şəhərində vəfat edib. Ruhu şad olsun!

 

 

 

23 iyul. Ümumdünya delfinlər və balinalar günü

 

Mavi balina – dünyada yaşayan ən böyük canlıdır. Amma təsəvvür edin ki, bu boyda nəhəng canlı olduqca xırda, balıqqulaqlarına bənzər krill adlı varlıqlarla qidalanır. Balina, əslində, dünyanın nazu-nemətlərindən doymayan, yeyib-talayan, yüz nəsil sonrasına ehtiyat yığan gözüac insan övladına bir görk qoyur ki, ay zavallı, vallah mədə uğrunda çaba göstərmək nadanlıqdır.

 

Delfinin isə özəlliyi odur ki, o, canlılar işində homo-sapiensdən sonra ən ağıllısıdır, çalışsa, öz üzərində işləsə, hətta homo-sapiensə də çata bilər.

 

Bu günü bayram etmək ənənəsi 1986-cı ildəndir, Beynəlxalq Balina ovu komissiyasının təklifi ilə təqvimə salınıb, bu gün balina ovlamaq qadağandır. Zavallı balinaların bütün daxili orqanları qida və texniki məhsulların hazırlanmasında istifadə edilir, onlardan çox şeylər düzəlir, sürtkü yağları, mətbəə boyası, lineolium, kosmetik kremlər, ətriyyat, jelatin, kley, sabun, qliserin... Yazıqların ətini də yeyirlər. Bu bir yana. İncəsənətə adlayaq. Hətta, teatr qrimi də balinamənşəlidir. Ona görə də yetən balina ovuna girişir.

 

Delfini isə ovlamırlar, bu sarıdan onların bəxtləri gətirib. Onlardan delfinoterapiyada, şou-tamaşalarda, hətta hərbi məqsədlərşün, xilasetmə işlərində  istifadə edilir. Bax burada isə delfinlərin həyatlarına acımasızlıqla qıyırlar. Bəli, bəli. ABŞ Hərbi Dəniz Qüvvələri düşmən sualtı gəmilərini məhv etmək üçün biçarə delfinlərə “kamikadzelik” öyrədir.

 

Əlqərəz, bu canlıların sayı azalmaqdadır, bir gün onlara toxunmamaqla yaralarını sağaldarıqmı görən?

 

 

 

24 iyul. Beynəlxalq Özünəqayğı Günü

 

İnternational Self-Care Day gününün mahiyyəti odur ki, sağlam həyat tərzi üçün öz qayğısına qalmaqla insan başqalarına nümunə göstərsin.

 

Hazırkı zəmanədə insan qayğılarla o qədər yüklənib ki, ev, ailə, iş-karyera problemlərinə sosial problemlər də züy tuturlar, bir yandan da korona kimi bəşəri bəla ortaya çıxıb. İnsan hər şeyi çatdırır, təkcə özünə vaxt ayırmaqdan savayı. Lazımi qədər istirahət edə bilmir, keyfiyyətli qidalanmır, ağrı-acısı olanda həkimə belə getməyə lüzum görmür.

 

Biz fiziki hərəkətdən qalırıq, təbii qidadan qalırıq, sağlam həyat tərzi bizə röya kimi görünür. Bu səbəbdəndir ki, milçək kimi qırılıb gedirik. İnsan ömrünün uzunluğu azalmaq tendensiyasındadır. İndi BMT xahiş edir ki, ay insan, barı ilin bir günü öz qayğına qal. Vallah pis şey demir BMT.

 

 

 

25 iyul. Beynəlxalq Diş Texniki Günü

 

Hələ biri də var, 9 fevral – Beynəlxalq Stomotoloq günü. Bu günləri ümumən dişə qayğı günləri də adlandıra bilərik. Orta statistik amerikalı, avropalı və yapon üçün diş həkiminə getmək çox adi məşğuliyyətdir. Dişdə xırdaca karies oldumu, diş daşı yarandımı, ağız boşluğunda narahatçılıq duyuldumu, dərhal həkimə gedirlər. Bizsə yalnız diş tam çürüyüb dözülməz ağrı verəndə onu çıxarmaq üçün diş həkiminə müraciət edirik. Sapla dartıb diş çıxaranları hələ demirəm.

 

Diş günündə maraqlı bir detalı xatırladım. İlk diş pastası 5000 il əvvəl Misirdə peyda olub. O vaxt onun tərkibində, biədəbdir deyə adını çəkməyəcəyəm, ammiakla bol olan insan ifrazatı da var imiş. Hazırda əksər diş pastalarının tərkibində ammiak var, bu, dişləri çox dərindən təmizləyən bir maddədir.

 

O vaxt babalarımız bir məsəl çəkib, “Qonşun pisdir, köç qurtar, dişin ağrıyır, çək qurtar”. Gəlin, illər sonra bu məsəldə bir korrektə işi aparaq. “Qonşun pisdir, köç qurtar” qalsın, amma “dişin ağrıyır, çək qurtar”ı “dişin ağrıyır, get stomotoloqa” şəklində dəyişək.

 

 

 

26 iyul. Dünyaşöhrətli Britaniya yazıçısı və dramaturqu Bernard Şounun 165 illiyi

 

Corc Bernard Şou 1856-cı il iyul ayının 26-da İrlandiyada, Dublin şəhərində anadan olub. Mənşəcə irland olan Şou 1871-ci ildə kolleci bitirib, lakin maddi çətinlik üzündən universitetə daxil ola bilməyib, Londona köçüb, jurnalistlika fəaliyyəti ilə məşğul olub. Sonra da bədii ədəbiyyata meyil salıb, “Ağılsız kəbin” (1880), “Artistin məhəbbəti” (1881), “Keşel Bayronun sənəti” (1882) və kəskin sosial mövzulu “Həvəskar sosialist” (1883) romanları ilə ədəbi ictimaiyyətin rəğbətini qazanıb. 1884-cü ildə Bernard siyasətə biganə qala bilməyib, ingilis sosialistlərinin “Fabian” cəmiyyətinə üzv olub, 27 il bu cəmiyyətin sıralarında qalıb, əsərlərində sosialist ideyalarını təbliğ edib. Şounun dramaturgiyaya keçidi də uğurlu alınıb. “Dul kişinin evləri” (1892), “Arvadbaz” (1893), “Xanım Uorrenin sənəti” (1894) pyesləri ailə-məişət məsələlərinə, “Silah və insan” (1894), “Kandida” (1894), “Taleyin sevimlisi” (1895), “Yaşayarıq, görərik” (1895) pyesləri isə aktual sosial-etik problemlərə həsr edilib. “İnsan və fövqəlbəşər” (1901-1903), “Mayor Barbara” (1905), “Həkimin dilemması” (1906), “Piqmalion” (1913), “Ürək sındırılan evdə” (1913-1919), “Əngəl” (1933), “Milyoner arvadı” (1936) və s. pyeslərində o, kapitalist cəmiyyətinin antihumanist mahiyyətini, burjua demokratiyasını ifşa edib. 1923-cü ildə Bernard Şou yeganə faciə əsərini - Fransa milli qəhrəmanı Janna Darka həsr olunmuş “Müqəddəs İoanna” dramını, ömrünün son illərində isə “Bayantın milyardları” (1948) və “Uydurma təmsillər” (1950) pyeslərini qələmə alıb.

 

Ən vacibi: 1925-ci ildə ədib yaradıcılıq zirvəsinə ucalıb,  “İdealizm və humanizmlə səciyyələnən yaradıcılığına, əksər hallarda müstəsna poetik gözəlliklə müşayiət olunan sirayətedici satirasına görə” Nobel mükafatına layıq görülüb, pul mükafatını isə gözütox ədib İsveç ədəbiyyatını ingilis dilinə tərcümə etmək üçün fond yaradılmasına ayırıb. 1938-ci ildə “Piqmalion” pyesinin motivləri əsasında çəkilən filmə görə Şou həm də Oskar mükafatı alıb. O, Uilyam Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu hesab edilir.

 

1931-ci ildə sosialist ideyalarına vurğunluq ədibi SSRİ-yə aparıb. Ədib 1931-ci ildə “Proletariat diktaturası” məqaləsində, “Acı da olsa, həqiqət” pyesində keçmiş Sovet İttifaqına rəğbətini ifadə edib.

 

Uzun və məhsuldar həyatı boyu 250 mindən çox məktub yazan Bernard onların bir nüsxəsini qoruyub saxlayıb, sonradan bunlar dərc edilib.

 

İngilis yazıçısı və dramaturqu Azərbaycanda da tanınır və sevilir. O, bütün redaksiyalarda “Dünya ədəbiyyatı kitabxanası” seriyalarında təmsil olunub, onun “Şeytanın şagirdi” pyesi Azərbaycan səhnəsində tamaşaya qoyulub.

 

Dünyaşöhrətli ədib 1950-ci ildə dünyadan köçüb.

 

 

 

26 iyul. Paraşütçü Günü

 

Mən şəxsən sürəti sevsəm də yüksəklikdən qorxuram, ona görə də ömrümdə paraşütdən atlanmamışam. Atlananlar olubsa, bayramınız mübarək!

 

2000-ci il iyulun 26-da britaniyalı “havadaüzən”, 30 ölkədə 8000 dəfə paraşütlə tullanmış Adrian Nikolas sübut etdi ki, 1845-ci ildə Leonardo da Vinçi ilk paraşütün dizaynını çəkdiyinə görə paraşütün kəşfi məhz onun hesabına yazılmalıdır.

 

Bəs ilk dəfə paraşütdən kim atlanıb? Yox, bu kişi deyil. Bu heç qadın da deyil. Bu itdir. 1785-ci ildə fransız Jan Blanşar yeni kəşf etdiyi hava şarında ilk uçuşunu sevimli iti ilə etmişdi, müəyyən yüksəkliyə çatanda o, hava şarının ağırlığını hiss etdiyindən, qorxusundan itini paraşütlə aşağı buraxmışdı.

 

Paraşütdən tullanma təkcə adrenalin və cəsurluq deyil, həm də nəhayətsiz səmada azadlıq hissiyyatıdır. Nə yazıq ki, azadlıq hamının alın yazısı deyil.

 

 

 

26 iyul. Liftdə danışma günü

 

Bu günü nədənsə bir çox ispandilli və portəgizdilli ölkələr (İspaniya, Honduras, Portuqaliya, Braziliya və s.) baba-nənə günü kimi qeyd edirlər. Yaponlar 26 iyulu Əcinnələr günü kimi tarixə salıblar. İtalyanlar bu gün Müqəddəs Anna gününü bayram edirlər. Amerikalılar isə indi də bublik (türkcə desək, simit) gününü qeyd edəcəklər. Üstəlik, bu qarınqulular bu günə başqa bir bayram da salıblar: südlü qəhvə günü. Bəli, ondan ye, üstündən də bundan iç.

 

Ən nəhayət, 26 iyulun daha bir özəlliyi – bu gün liftdə danışma günüdür. Adətən necə olur? Liftə minirsən, üzünü yana tutub haçan düşəcəyini gözləyirsən. Nəyinin borcuna, içəridəkilər kimdir, nəçidir? Məhz buna görə də insan ünsiyyətinin gözəlliyini ortaya qoymaq üçün başbilənlər bu gün hamımızdan xahiş edirlər ki, liftə minəndə yol yoldaşımızla ünsiyyət quraq.

 

Çoxmərtəbədə yaşamayanlar bəs neynəsinlər? Çoxmərtəbədəki tanışlarına qonaq getsinlər. Belə şansı buraxmaqmı olar?

 

 

 

28 iyul. Ümumdünya hepatitlə mübarizə günü

 

Hepatit virusu həqiqətən də insanlığa qənim kəsilib. A (HAV) hepatiti ən geniş yayılanıdır, həm qidadan keçir, həm də insandan insana keçir. Məsələn, 1988-ci ildə Şanxayada 300000 adam bu virusa yoluxmuşdu, bu, əsil epidemiya halını almışdı.

 

Bu gün dünyada təqribən 250 milyon B viruslu hepatitə yoluxmuş insan var. Təqribən hər il 700000-ə yaxın insan bu bəladan dünyasını dəyişir.C hepatitindən isə təqribən 150 milyon insan əziyyət çəkir. C hepatiti də hər il təqribən 700000 can alır. Hələ bir E hepatiti də var, hər il təqribən 3,5 milyon insan ona yoluxur, bu virus hər il 60000 adamı dünyadan köçürür.

 

Allah bütün xəstələrə şəfa versin, sağlamları isə xəstələnməkdən qorusun.

 

 

 

28 iyul. Əfsanəvi geoloq Fərman Salmanovun 90 illiyi

 

2018-ci ildə Rusiyanın Tümen vilayətindəki “Surqut” Hava Limanına Fərman Salmanovun adı verildi. Biz azərbaycanlılar üçün qürurverici bir hadisə idi bu.

 

Fərman Qurban oğlu Salmanov 1931-ci il iyul ayının 28-də Şəmkir rayonunun Morul kəndində anadan olub. Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsini 1954-cü ildə bitirib. Əmək fəaliyyətinə hələ erkən yaşlarından geoloji ekspedisiyada sıravi işçi kimi başlayıb, 1954-1959-cu illərdə Novosibirsk geologiya idarəsində geoloq, böyük geoloq, neft kəşfiyyatı ekspedisiyasının rəisi olub. 1959-cu ildə Tümen Ərazi Geologiya İdarəsi Surqut neft kəşfiyyatı ekspedisiyasının rəisi vəzifəsinə təyin edilib, 1962-1964-cü illərdə Ust-Balık ekspedisiyasının baş geoloqu, 1964-1970-ci illərdə Pravdinsk neft kəşfiyyatı ekspedisiyasının rəisi, 1970-1987-ci illərdə Tümen Baş Geologiya İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışıb. 1987-1991-ci illərdə SSRİ geologiya nazirinin müavini olub, 1992- ci ildə “Rospan İnternəşnl” şirkətinin prezidenti, 2002-ci ildə isə “İtera” şirkəti Direktorlar şurası sədrinin müşaviri, eləcə də “Yuqneftqaz” cəmiyyəti Direktorlar şurasının sədri vəzifəsində çalışıb.

 

F.Salmanovun adı dünya neft tari­xinə Tümenin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olub. O, heç bir neft ehtiyatının olmadığı iddia edilən Qərbi Sibirdə 1961-ci ildə ilk neft yataqlarını üzə çıxarıb. Rəhbərliyi altında karbo-hidrogen ehtiyatları ilə zəngin yüzdən artıq irihəcmli yataq kəşf edilərək istismara verilib. İstehsalatda uğurlarını elmi fəaliyyətlə səmərəli şəkildə əlaqələndirən Salmanov 1972-ci ildə doktorluq dissertasiyası müdafiə edib, 1989-cu ildə Rusiya EA-nın müxbir üzvü seçilib. 160-dan çox elmi əsərin, 10 monoqrafiyanın müəllifidir.

 

Həmyerlimiz Xanti-Mansi və Yamalo-Nen Muxtar dairələrinin, Surqut şəhərinin, ABŞ-ın Texas ştatının və Çinin Çzinçjou şəhərinin fəxri vətəndaşı seçilib. Neft sənayesinin inkişafındakı xidmətlərinə görə 1966-cı ildə “Sosialist Əməyi Qəhrəmanı” fəxri adına, 1970-ci ildə Lenin mükafatı laureatı adına layiq görülüb, “Oktyabr inqilabı”, “Qırmızı Əmək Bayrağı” ordenlərilə təltif edilib, İ.M.Qubkin adına mükafatın laureatıdır, Rusiya Federasiyasının Əməkdar geoloqu, neft və qaz sənayesinin fəxri işçisi adlarına layiq görülüb. 2001-ci ildə sinəsinə Azərbaycanın ali mükafatı - “Şöhrət” ordeni taxılıb.

 

Fərman Salmanov 2007-ci il mart­ın 31-də vəfat edib, öz vəsiyyəti ilə Moskvada Vaqankovsk qəbiristan­lığında dəfn edilib. Onu “Rusiya neftinin atası” adlan- dırmış, haqqında film çəkmişlər. Sibirin Tümen şəhərində xatirə lövhəsi, Surqutdakı ev-muzeyi qarşısında Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təşəbbüsü ilə büstü qoyulub. 2019-cu ildə “Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan xüsusi istedadı ilə fərqlənən  tələbələr üçün “Fərman Salmanov adına təqaüd” təsis edilib, təhsil aldığı ümumi təhsil müəssisəsinə onun adı verilib, Şəmkir şəhərində heykəlinin ucaldılması tapşırılıb.

 

Onu da deyim ki, bu gün Rusiyanın başqa vilayətlərindən fərqli olaraq Tümendə azərbaycanlılara böyük hörmət var, bu hörmət də məhz Fərman Salmanovun sayəsindədir.

 

 

 

28 iyul. Birinci Dünya Müharibəsinin ildönümü

 

1992-ci ilin bu günündə Əfqanıstanda qadınların televiziyaya çıxışına qadağa qoyulub. 1916-ci ildə Briytaniyaya kokainin ixracı qadağan edilib. 1914-cü ildə Birinci dünya müharibəsi başlayıb. 1750-ci ildə dünyaşöhrətli bəstəkar Yohan Sebastyan Bax vəfat edib.

 

Deyirsiniz amerikalıların qarınla bağlı bü gün bayramları-filan yoxdur? Səhfsiniz. Var. Südlü şokolad günü.

 

 

 

29 iyul. Beynəlxalq Pələng Günü

 

Bu gün Amerikalıların növbəti toyuq qanadları bayramını, Yağış gününü, Adolf Hitlerin hakimiyyətə gəlməsinin, Parisdə dünya arxitekturasının şedevri olan Zəfər Tağının istifadəyə verilməsinin, məşhur bəstəkar Robert Şumanın vəfat etməsinin ildönümlərini bir qırağa qoyub pələng bayramından danışacağıq. Global Tiger Day gününü keçirmək barədə qərar Yer kürəsində pələnglərin qorunub saxlanması Beynəxalq Forumunda verilmişdir.

 

Bu gün pələnglər Qırmızı kitaba düşüblər, 1947-ci ildə onların ovlanmasına rəsmi qadağa olsa da gizlindən brokonyerlər öz işlərindədirlər.

 

Bayram günü hər yerdə insanlara pələnglərin sayının azalması, onları qorumağın vacibliyi barədə danışılır. Heyvanxanalarda pələnglərə əlavə yem verirlər. Bəzi təşkilatlar ianələr toplayırlar ki, bu ianələrlə pələnglərin artımına kömək etsinlər. Vəhşi təbiətin qorunması sahəsində bu gün Azərbaycanda da bir çox tədbirlər həyata keçirilir. Ölkə prezidentin qızı Leyla Əliyeva bu işin öncülüdür.

 

Bir vaxtlar dinozavrların axırına çıxılmadımı, çıxıldı. Nə dəxli var, bu hansı səbəbdən oldu. Gəlin elə eləyək, pələnglər - bu, gücün, qüvvənin, yenilməzliyin simvolu olan zolaqlı varlıqlar yer üzündən silinməsinlər. Elə eləyək, meşə çaqqalların umuduna qalmasın.

 

 

 

30 iyul. Beynəlxalq Dostluq Günü

 

İnternational Day of Friendship 1958-ci ildən qeyd olunur, bu ideya paraqvaylı həkim Artemio Braçioya məxsusdur. O, dostları ilə yeyib-içəndə, deyib, niyə də dünya dostluq gününü qeyd etmir? Paraqvaylılar o vaxtdan başlayıblar dostluq gününü qeyd etməyə, BMT də 2011-ci ildə bu ideyanı təsdiqləyib.

 

Dostluq sevgi ilə yanaşı insani münasibətlərin ən pik həddidir. Bu gün bütün dostlar görüşsünlər, iş-güc başları necə qatırsa, yəqin ki, çoxdandır görüşmürlər, kişilər mütləq bir yeyib-içmə məclisi qursunlar, qadınlar bir ürəkboşaltma (buna qeybət deyə bilmərəm) mərasimi təşkil etsinlər, axırı ki, dostlar bir araya gəlsinlər.

 

 

 

30 iyul. Türk yazarı Xalid Ziya Uşaqlıgilin 155 illiyi

 

Bu ad sizə heç nə demədi? Bir az səbr edin. Xalid Ziya Uşaqlıgil1866-cı il iyul ayının 30-da İstanbulda anadan olub, Fatih Hərbi Rüştiyesində oxuyub, müharibənin başlanması ilə əlaqədar ailəsi ilə birgə İzmirə köçüb, təhsilini İzmir Rüştiyəsində davam etdirib. Fransız dilini təkmilləşdirmək üçün internat məktəbinə gedib, fransız ədəbiyyatını yaxından öyrənib. İlk yazılarını İstanbulda “Xəzine-i-Evrak” adlı jurnalda “Məhməd Xalid” adıyla dərc etdirib. 1886-cı ildə dostu Tevfik Nevzat ilə birlikdə “Hizmet” (Xidmət) adlı bir qəzet nəşr ediblər ki, bu qəzet şəhərin mədəniyyət həyatına yenilik gətirib, yazıçıya isə geniş yaradıcılıq imkanı açıb. Eşq mövzulu ilk əsərləri - “Nemide” (1889), “Bir ölünün defteri” (1889), “Ferdi ve Şürekasi” (1894) hissə-hissə “Xidmət” qəzetində dərc olunub. 1893-cü ildə ədib İstanbula qayıdıb, baş katiblik vəzifəsində 16 il işləyib, vaxtının çoxunu mütaliəyə və yaradıcılığa ayırıb. 1897-ci ildə çap olunan “Mavi və siyah” adlı romanında ilk dəfə kədərli eşq macərası mövzusunu geri plana ataraq yazar dövrün mətbuat dünyasını, “Edebiyyat-e Cedide” ədəbiyyat birliyinin bu dünyaya baxışını əks etdirib.

 

İndi isə gəldik mətləbə. İlk böyük türk romanı sayılan “Puç olmuş həyatlar” romanını yazar 1898-1900-cu illərdə yazıb. Bu bilirsiniz hansı romandır? Türkiyəni, ardınca Azərbaycanı və Özbəkistanı, ardınca da Avropanı və Amerikanı fəth etmiş, milyonlarla tamaşaçı baxışı ilə bütün reytinqləri alt-üst etmiş “Aşkı-məmnu” adlı diziyə çevrilmiş romandır. Bir əsir sonra bütün dünyaya Bəhlül və Bihtər dedirtdi yazar. Tək elə bu roman Xalid Ziya Uşaqlıgilin adını ədəbiyyat tarixinə yazıbdır desək, yanılmarıq.

 

Yazar 1945-ci il mart ayının 27-də vəfat edib, İstanbulda Bakırköy qəbiristanlığında dəfn olunub.

 

 

 

30 iyul. Musiqişünas Adilə Nəzərovanın 65 illiyi

 

Bizdə incəsənət sahəsində çalışan fədailərin təbliği çox zəifdir. Odur ki, Adilə Niyazi qızı Yusifovanın xidmətlərinə göz yetirmək gərəkdir. O, 1956-cı il iyul ayının 30-da Bakı şəhərində anadan olub. 1975-1980-cı illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq şöbəsində, professor C.Hacıyevin sinfində təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1975-1999-cu illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda konsertmeystr, nəzəriyyə fənnlərindən dərs deyib. 1991-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında müəllim, 2006-cı ildən dosent, 2012-ci ildən professor kimi çalışır. 1992-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1997-ci ildə dissertasiya işini müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsini alıb. Adilə Yusifova fortepiano ilə orkestr üçün konsert (1980), fleyta və fortepiano üçün üç miniatür (1981), qoboy və fortepiano üçün “Triptix” (1981), Azərbaycan xalq rəqs işləmələri (1981), kamera orkestri üçün beş konsert pyesi (1984), “Milli naxışlar” (1993), tar və fortepiano üçün “Alov” fantaziyası (2003), soprano, tenor və fortepiano üçün “Nənə çin sandığında” süitası (2009) kimi əsərlərini yazıb. Bundan əlavə, bəstəkar musiqi təhsil ocaqlarının tələbələri üçün “Azərbaycan xalq melodiyalarının işləməsi və aranjimanı”, “Azərbaycan bəstəkarlarının işləmələri” adlı kitablar, Azərbaycan və rus dillərində “Soltan Hacıbəyov. Azərbaycan xalq melodiyalarının işləməsi” adlı dərs vəsaitini və rus dilində “Cövdət Hacıyev. Həyat salnaməsi. Məqalələr. Mülahizələr” adlı kitabını yazıb.

 

Adilə Yusifova 2011-ci ildə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülüb.

 

 

 

30 iyul. Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü

 

İlk dəfə bu tarixin insan alverinə qarşı beynəlxalq gün elan edilməsi qərarı 18 dekabr 2013-cü ildə qəbul edilmiş və rəsmi olaraq BMT Baş Assambleyasının “İnsan alverinə qarşı mübarizə səylərinin əlaqələndirilməsinin təkmilləşdirilməsi” adlı qətnaməsində təsdiq edilmişdir. Qətnamə insan alveri hadisəsinə qarşı yönəlmiş beynəlxalq səylərin gücləndirilməsi məqsədi ilə qəbul edilmişdir. Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Gününün təşəbbüskarlarından biri də Belarus Respublikasıdır. (Təəccübləndiniz, deyilmi?) Bu təşəbbüs, əsasən, geniş ictimaiyyətin diqqətini insan alveri problemi və onun nəticələrinə, insan alveri qurbanlarının vəziyyəti və hüquqlarının qorunmasına yönəltmək məqsədi daşıyır. Ümumdünya Günü, həm milli, həm də beynəlxalq səviyyədə fundamental insan hüquqlarına davamlı riayət etməklə bu fenomenlə mübarizə üçün əlaqəli və ardıcıl fəaliyyətin vacibliyini və ehtiyacını xatırlatmaq məqsədi daşıyır.

 

İnsan alverinin tarixi çox qədimdir. Tarixən müxtəlif insanlar bu cinayətin qurbanına çevrilib. Bu qurbanların alver pred­metinə çevrilməsinin müxtəlif səbəbləri olub. Köhnə vaxtlarda dövlətlər arasında baş verən müharibələr nəticəsində əsir götürülənləri alıb satırdılar. Təəssüflər olsun ki, bu problem indi də var. Ən azından, insanlar daxili orqan alveri qurbanlarına çevrilirlər.

 

 

 

30 iyul. Qaynanalar Günü

 

Yumşaq cildli kitab günü. ABŞ-da Arzular Teatrı günü. “Santa Barbara” serialının nümayişinin ildönümü (1984). Xristofor Kolumbun Mayya xalqının nümayəndələrini ilk dəfə görməsinin ildönümü (1502) və s. və i. 30 iyulun təyinatları çoxdur.

 

Kolumb Amerikanı kəşf edən kimi, biz Amerika kəşf etmədən də deyə bilərik ki, hər birimiz qaynanalarımızı çox sevirik. (Olmayanlara da Allah qismət eləsin). Qaynanalar mədəniyyətsevəndirlər, əksəriyyəti “Santa Barbara”ya da baxıb, yumşaq cildili kitab da oxuyur, üstəlik, lap teatra da gedir. Onsuz da ilin 365 günü onlar üçün bayram olsa belə, gəlin məxsusi bu gün onları səmimi qəlbdən təbrik edək. Xəncərimizin qaşı düşəsi deyil ki.

 

Arzuların teatrı çox hüdudsuzdur, biz orada həyatda çata bilmədiyimz nəsnələrə ani olaraq çatıb da sonradan bunun bir ilğım, bir xəyal olduğunu duyuncaya qədər xoşbəxtlik yaşayırıq. Bu teatrın ssenaristi də, rejissoru da, aktyoru da özümüzük. Və əlbəttə ki, tamaşaçısı da. Gəlin, yaxşı tamaşa göstərək ki, tamaşaçı zalı yarımçıq tərk eləməsin.

 

 

 

31 iyulun şeir bəndi

 

Bir qurşun sıxmaq istəyirəm,

 

bütün üfunət qoxuyan ağızlara.

 

Bir qurşun sıxmaq istəyirəm,

 

içində hüquqlarımız yazılan

 

heç nəyə yaramayan kağızlara.

 

                            Ayaz Arabaçı

 

Xəbər verdiyimiz kimi, 10 gün ərzində Baş mükafat uğrunda 24 kinolentin mübarizə apardığı 74-cü Kann kinofestivalı Fransa təmsilçisi olan qadın rejissor və ssenarist Culiya Dyükornonun “Titan” (Titane) dramının qalibiyyəti ilə başa çatdı. Dyükorno “Qızıl palma budağı”na layiq görüldü.
Finlandiyalı rejissor Yuxo Kuosmanenin “6 nömrəli kupe” filmi , habelə iranlı rejissor Əsgər Fərhadinin “Qəhrəman” filmi Qran-pri mükafatına layiq görüldülər. Leos Karaks “Annett” filminə görə ən yaxşı rejissor, Rusuke Xamaquti “Mənim maşınımın sükanı arxasına keç” filminə görə ən yaxşı ssenarist elan olundular.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu arada 75-ci Kann Film Festivalının keçirilmə vaxtı müəyyənləşdi. Festivalın rəsmi saytı bildirir ki, festival 2022-ci ildə mayın 17-dən 28-dək keçiriləcək.
Məkan isə dəyişməzdir - Kann kurort şəhərinin Festivallar və Konqress Sarayı.

Mahnıları dillər əzbəri olan, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Şimali Kipr Türk Respublikasının Yakın Doğu Universitetinin professoru, bəstəkar Cavanşir Quliyev vətənə gəlmişdir. Azərbaycana səfəri çərçivəsində o, Diasporla İş üzrə Dövlət Komitəsinə dəvət edilmiş, komitə sədri Fuad Muradovla görüşmüşdür.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Cavanşir Quliyev ölkəmizin türk dünyasında tanıdılması və mədəniyyətlərarası körpülərin qurulmasındakı səmərəli fəaliyyətinə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur.
C.Quliyev fəaliyyətinə verilən yüksək qiymətə görə Fuad Muradova təşəkkür etmiş və Azərbaycanı təmsil etməkdən qürur duyduğunu vurğulamışdır.

Çərşənbə, 21 İyul 2021 09:18

Payız Qadından nisgilli misralar

Bu dəfə Facebook sosial şəbəkəsindən seçimimiz Payız Qadın adlı istifadəçidəndir. O, Qəmər Sözay imzalı bir şeiri paylaşıb.
Təbii ki, həvəskar üçün heç də pis alınmayıb. Oxuduq və kədərləndik, sanki birdən-birə sevincli yaydan qüssəli payıza adladıq.

Nə sən həmin o adam,
nə mən həmin qadınam,
Boynu bükük ümidlər
ruhunu təslim edib.
Qarşılaşsaq döyünməz
Donub qalmış ürəklər,
Gecikmiş məhəbbətin
qatarı çoxdan gedib.

Yaşadığım ünvan da
daha həminki deyil,
Daha xatirələr də
canlanmayır gözümdə.
Varlığınla var olan
o qadından əsər yox,
Ölmüş bir qadın cismi
gəzdirirəm özümdə.

Bircə-bircə xəyallar
uçuruma adlayır,
Zaman da taleyimə
kəm biçəcək soydadır.
Zülmətlərə qərq olan
çarəsiz, tənha dünyam,
Qaniçən yoxluğunun
qaranlığı boydadır.

Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlının 15 cilddən ibarət Seçilmiş əsərləri “Qanun” nəşriyyatında işıq üzü görəcək. Cildlərdən biri - 1-ci cild artıq çap olunub.
Sabir Rüstəmxanlı yaradıcılığı boyu ərsəyə gətirdiyi həm şeirlərini, həm publisistik yazılarını Seçilmiş əsərlərinə daxil edib.
Xatırladaq ki, indiyədək xalq şairimizin “Tanımaq istəsən", “Xəbər gözləyirəm", “Sevgim, sevincim”, “Gəncə qapısı", “Sağ ol, ana dilim!",
“Qan yaddaşı", “Ömür kitabı", “Atamın ruhu”, “Bu sənin xalqındır , “Zaman məndən keçir", “Xətai yurdu", “Göy Tanrı", “Bütövlük həsrəti", “Ölüm zirvəsi", “Difai fədailəri", “Sunami", “Əbədi Sevda", “Dərdə əyilmə”,  “Şair və Şər”, Astar” kimi poeziya və publisistika kitabları işıq üzü görmüşdür.

70 il bundan əvvəlin bu iyul günündə amerikalı yazıçı Cerom  Sellincerin “Covdarlıqda uçurumdan qoruyan" romanı işıq üzü gördü.

Tənqid atəşinə tutulmasına baxmayaraq, romanın çıxışı ciddi qalmaqal və senzuraya cəhdlərlə müşayiət olunurdu, yazıçı senzuradankənar leksikadan, bol cinsi səhnələrdən istifadə etdiyinə görə lənətlənir, küfrdə, ailə dəyərlərinin pozulmasına yolvermədə, qiyama təhrikdə, alkoqolun və siqaret çəkmənin təbliğində, yalana uymaqda, cinsi nizamsızlığa təhriketmədə və digər ölümcül günahlarda suçlanırdı. 

Amma az sonra baxışlar 90 dərəcə dəyişmədimi, dəyişdi.  

70 il ərzində roman və onun baş qəhrəmanı, üsyançı yeniyetmə Holden Colfield yeniyetmə və gənclərin laxlayan marağını yalnız möhkəmləndirdi, geniş mifologiya ilə əhatə olunmuş bədii dünyanı gerçək dünyaya calaya bildi. 

Mifologiyayavarma romanın özü kimi, çox ziddiyyətlidir. 1950-60-cı illərdə baş verən və bir çox hallarda Sellincerin baiskarı hesab edilən bəzi mənfi hadisələr əskik olmurdu. Roman tərəfindən proqnozlaşdırılan bəzi hərəkətlərə təhrik edilən gənclər şüurlarının “azad edilməsi” mücadiləsinə qalxırdılar, bu da heç də həmişə müsbət nəticələr vermirdi. Tarixdə məlum olan ən qəddar hadisə isə 9 dekabr 1980-ci ildə baş vermişdi. Mark Çepman adlı bir gənc o vaxt bütün dünyanın səcdə etdiyi “Bitlz” qrupunun solisti Con Lennona ölümcül güllələr buraxmışdı, Mark həbs olunanda onun üzərində “Çovdarlıqda uçurumdan qoruyan"ın nüsxəsi aşkar edilmişdi, qatil özü isə məhkəmədə əməlinin izahını kitabdan fraqmentlər oxumaqla vermişdi.

Yəhudi əsilli Selincer bundan sonra daha roman yazmamışdı, onun 

yeganə romanı özünü də büsbütün dəyişmiş, dini görüşlərini fərqli etmiş, insanlara münasibətində bir ehtiyatlılıq, yersiz qorunma xüsusiyyətləri ilə silahlandırmışdı. Hətta Sellincer sonrakı həyatında qəhrəmanı kimi bol yalanlar danışması ilə də diqqət çəkmişdi. 

70 il keçsə də həyatı silkələyən, bütöv bir epoxanı dəyişən, şüurlara iz buraxan bu roman gündəmdən düşmür, onu bütün dünyada, o cümlədən Azərbaycanda sevə-sevə oxuyurlar. Onun barəsində rəvayətlər qoşur, şayiələr gəzdirirlər. 

Bu da romanın statusunu daha da gücləndirir. O, daim XX əsrin ən mühüm ədəbi əsərlərinin siyahısına daxil edilir. 

Yubiley günündə romanın özünün və onun müəllifinin qeyri-adi taleyini xatırlatmaq da məntiqidir. Bu yubiley günlərində dünyanın bir tərəfini dəhşətli yağışlardan yaranan sellər öz ağuşuna alıb, yüzlərlə insan həyatını itirməkdədir, digər tərəfdə isə öldürücü quraqlıq insanlara, təbiətə ölüm kabusu təki basqı edir.

Apokalipsis. Eynən “Çovdarlıqda uçurumdan oruyan”da olduğu kimi, bütün məntiqlərin məntiqsizliklə izahı!

Şəkildə: Romanın 1951-ci ildəki ilk nəşri.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.