Super User
Prezident Xalq artisti Əli Nura mənzil hədiyyə elədi
Prezident İlham Əliyev Xalq artisti, şəhid atası Əli Nura 4 otaqlı mənzil hədiyyə edib. Bu barədə Akademik Milli Dram Teatrının mətbuat xidməti məlumat yayıb. Əli Nur diqqət və qayğısı üçün Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib:
“Mənim üçün, ailəm üçün böyük sevinc oldu. Şəhərin gözəl bir yerində geniş mənzildir. Bu mənzil bizim üçün böyük hədiyyədir. Onu da deyim ki, dünən şəhid oğlumun ailəsinə də Xocasən qəsəbəsində mənzil verildi. Bir daha ailəm adından, nəvələrim adından Ali Baş Komandanımız İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, Əli Nur Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsüdür. Oğlu Baş leytenant Rövşən Nurzadə Şuşanın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə canından keçərək qəhrəmancasına şəhid olub.
74-cü Kann kinofestivalı bu gecə qaliblərini elan etdi, “Qızıl palma budağı” Fransa filminə qismət oldu
Budur, dünən gecə saatlarında 10 gün ərzində Baş mükafat uğrunda 24 kinolentin mübarizə apardığı Kann kinofestivalı sona çatdı. Fransalı qadın rejissor və ssenarist Culiya Dyükorno festivalın ən ağlasığmazı adlandırılan “Titan” (Titane) dramına görə (“Ədəbiyyat və incəsənət” portalında bu haqda bəhs edilmişdi) qalib elan olundu.
Bu barədə festivalın münsiflər heyətinin qərarını ünlü amerikalı aktrisa Şeron Stoun elan elədi.
37 yaşlı Dyükorno festivalın tarixində filminə görə ən yüksək mükafata layiq görülən ikinci qadın oldu. Rejissor mükafat alarkən həyəcanını güclə gizlədirdi. O, Festival sarayının səhnəsindən onunla birlikdə film üzərində işləyən çəkiliş qrupuna təşəkkür etdi. "Mən bu qiymətləndirməyə görə çox minnətdaram", - deyə Dyükorno müsabiqənin münsiflər heyətinə müraciət elədi.
“Titan” nə barədədir, niyə onu ağlasığmaz adlandırırlar? Uşaqlıq dövründə baş qəhrəman Aleksiya başından ağır yaralanır, buna görə də kəlləsinin bir hissəsi titan plitəsi ilə əvəz edilir. O, böyüyür, rəqqasə kimi çalışır və çoxsaylı pərəstişkarlarını səmimi rəqsləri ilə cəlb edir. Onlardan biri işdən sonra qızı avtomobilinədək təqib edir və israrla onunla əlaqə qurmağı tələb edir. Aleksiya saç sançağını qulağına sancmaqla bu şəxsi öldürür, meyiti gizlədir, işə qayıdır, cinayətin izlərini yuyur. Başındakı metal kütlə onun beynini də əsarətə saldığından bu epizod Aleksiyanı cızığından çıxarır, o evə qayıdanda valideynlərini də yandırır və sevimli avtomobili ilə şəhərdən qaçır...
Süjet güman ki, sizə qəribə görünəcək və bu, həqiqətən belədir. Film sərt ritm rejimini axıradək saxlayır - bir qəddar qanlı səhnə başqa biri ilə əvəz olunur.
Bəs niyə belə bir dəhşət, mistika filmi qalib oldu? Məgər cəmiyyət qana susayıb? Kinematoqrafiya niyə daha ağıllı, maarifləndirici, tərbiyələndirici filmləri üstün bilmədi? Kann Fransa şəhəri olduğu üçün bəlkə də burda yerlipərəstlik motivləri rol oynadı.
Mükafatlandırma mərasimi insidentsiz də ötüşmədi. Onun lap əvvəlində münsiflər heyətinin rəhbəri Spayk Li səhvən qalib filmin adını çəkdi, bütün ssenari və mərasim xronologiyasını pozdu. Laureatların Siyahısı dərhal onun əlindən alındı. Zalda çaşqınlıq yarandı. Spaykın bəyanatı isə ali mükafata layiq görülmüş əsərin rəsmi elan edilməsi ilə yalnız bir saatdan artıq davam edən mərasimin sonunda təsdiq edildi.
Finlandiyalı rejissor Yuxo Kuosmanenin “6 nömrəli kupe” filmi (çox maraqlıdır ki, bu film Rusiya Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilib), habelə iranlı rejissor Əsgər Fərhadinin “Qəhrəman” filmi Qran-pri mükafatına layiq görüldülər. Leos Karaks “Annett” filminə görə ən yaxşı rejissor, Rusuke Xamaquti “Mənim maşınımın sükanı arxasına keç” filminə görə ən yaxşı ssenarist elan olundular.
İtalyan kinorejissoru Marko Bellokkyo isə Kann kinofestivalının fəxri "Qızıl palma budağı" na layiq görüldü. O, bu mükafata Təşkilat Komitəsinin qərarı ilə "müasir kinematoqrafa güc və azadlıq verən nadir yaradıcılığına" görə layiq görüldü.
Bellokkyo mükafatını italyan rejissoru Paolo Sorrentinonun əlindən aldı.
Bellokkyonun debüt işi 1960-cı illərin sonlarında sosial etirazları qabaqcadan duyan "Cibində yumruqlar" (I Pugni in Tasca) filmi ilə olub. Ümumilikdə, İtalyan ustasının hesabında 32 film var ki, onların çoxu tənqidçilər və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir.
Bellokkyo Kann kinofestivalının ən yüksək fəxri mükafatının onuncu laureatı oldu. Müxtəlif illərdə fəxri "Qızıl palma budağı"na adları dünya kinematoqrafiyasının Şöhrət Zalına çoxdan daxil olmuş sənətkarlar layiq görülürdü: Janna Moro, Bernardo Bertoluççi, Ceyn Fondu, Jan-Pol Belmondo, Manuel de Oliveyra, Jan-Pyer Leo, Aniyes Varda, Alen Delon. Xatırladaq ki, 74-cü Kann kinofestivalının açılış mərasimi zamanı - iyulun 6-da
daha bir fəxri “Qızıl palma budağı
Amerika kinoaktrisa Codi Fosterə "parlaq və istedadlı xidmətinə"ə görə təqdim edilmişdi.
Çində UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü sessiyası işə başladı
Çinin Fucou şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü geniş sessiyası işə başlayıb.
AzərTAC-ın məlumatına görə, UNESCO-nun Çin hökumətiilə birgə təşkil etdiyi sessiya təşkilatın tarixində ilk dəfə olaraq videokonfrans formatında keçirilir. Cədvəl üzrə ötən il keçirilməli olan 44-cü sessiya COVID-19 pandemiyası səbəbindən bu ilə təxirə salınıb. Sessiya 2020 və 2021–ci illəri əhatə etdiyindən uzadılaraq 15 gün davam edəcək. Tədbirin gedişində Dünya Mədəni İrs Siyahısına düşmək üçün 45 yeni müraciətə baxılacaq, habelə artıq siyahıda olan obyektlərin vəziyyəti haqqında 258 hesabat təqdim olunacaq. Sessiya çərçivəsində onlayn görüşlər, seminarlar, sərgilər təşkil ediləcək.
Qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü sessiyasının Çində keçirilməsi barədə qərar komitənin 2019-cu ildə Bakıda keçirilmiş 43-cü sessiyasında qəbul olunub.
Dünya Mədəni İrs Siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılıb. Sözügedən konvensiya Dünya Mədəni İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik olan abidə və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür. Bu siyahıya hazırda 1121 obyekt daxildir ki, onların 869 mədəni, 213-ü təbiət, 39-u isə qarışıq abidədir.
Azərbaycandan həmin siyahıya “Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçəri şəhər”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” və “Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi” daxildir.
Hazırda palçıq vulkanlarına geopark statusu verilməsi və onların UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi üçün işlər aparılır. Bundan başqa, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın və milli memarlığımızın incilərindən hesab olunan Xudafərin körpülərinin də Dünya Mədəni İrs Siyahısına daxil edilməsi ilə bağlı təkliflər var və bu istiqamətdə işlərə başlanılıb.
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri bəlli oldu
İctimai iştirakçılıq haqqında "Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanunu"na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 16 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci mərhələsi keçirilmiş, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 8 namizəd İctimai Şuranın üzvü seçilmişdir:
Abdulova Cəmilə Çingiz qızı - “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi
Qədirov Şahin Kərim oğlu - “Zirvə” mədəniyyət və incəsənət İctimai Birliyi
Mustafayeva Samirə Vəli qızı - “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
Nəsibova Bəsti Mahmud qızı - “Gələcəyə baxış” Avropaya İnteqrasiya İctimai Birliyi
Rəhimli Davud Səid oğlu - “Əlil Təşkilatları İttifaqı”
Verdiyeva Bəyimxanım İsfəndiyar qızı - Xan Şuşinski Fondu
Yolçuyev Əkbər Mehdi oğlu - Dünya gənc türk yazarlar birliyi
Zeyni Rauf Xurşud oğlu - “Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu
Xatırladırıq ki, 13 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin birinci mərhələsi keçirilmiş, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış Əlibəyov Gəray Ayaz oğlu ("Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyi) İctimai Şuranın üzvü seçilmişdir.
Hər iki seçkinin nəticəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya ümumilikdə 9 üzv seçilmişdir.
Türkiyənin “İLESAM” təşkilatı tərəfindən 10 min nüsxə kitabın Azərbaycana hədiyyə edilməsi mərasimi keçirildi
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) tərəfindən gətirilmiş 10 min nüsxə kitabın Azərbaycana hədiyyə edilməsi mərasimi keçirildi.
Tədbir Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində reallaşdı. Təqdim olunan kitablar Qarabağda fəaliyyəti bərpa ediləcək kitabxanaların fonduna veriləcək.
Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bildirdi:
-Prezident İlham Əliyev Füzuliyə səfər edəndən sonra biz qərara aldıq ki, kitabtoplama kampaniyasına başlayaq. Məqsəd Prezidentə dəstək olmaq və işğaldan azad edilən torpaqlarda kitabxanaları bərpa etmək idi. Bu kampaniyaya ilk olaraq Azərbaycan Yazıçılar Birliyi qoşuldu, sonradan Xalq yazıçısı Elçin Əfəndiyev kitabxanaya 500 kitab hədiyyə etdi. Bu gün isə “İLESAM” təşkilatı kitabxanaya 10 min kitab bağışlayır. Bizim “İLESAM” təşkilatı ilə əməkdaşlığımız 2017-ci ildə başlayıb. Ümid edirəm, yaxın gələcəkdə topladığımız kitabları Qarabağdakı kitabxanaların fondlarına təqdim edəcəyik.
Mədəniyyət naziri Anar Kərimov söylədi:
-Türkiyənin Azərbaycana çox isti münasibəti var. Bizə qardaş ölkə həm müharibə dövründə, həm də dağıdılmış şəhərlərin yenidən qurulmasında, tarixi-mədəni abidələrin bərpa edilməsində dəstəyini əsirgəmir. Qarabağda 900 kitabxana dağılıb, bu, ən çox ziyan çəkən mədəni abidələrimizdir. Ölkə rəhbərinin çağırışına qoşulmaq üçün Mədəniyyət Nazirliyi bu dəfə “Qarabağa kitabla gedək” layihəsinə başlayıb. Hər bir vətəndaş bu layihəyə qoşularaq özü ilə kitab gətirə bilər. Artıq bir çox ziyalılarımız bundan əvvəlki kitabtoplama kampaniyasında iştirak edib. Qardaş Türkiyənin kitabxanaya verdiyi kitablar bizim üçün böyük hadisədir.
Tədbirə qoşulmuş Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı dedi:
-Bu gün bizim Milli Kitabxanaya kitab hədiyyə etməyimiz Türkiyənin Azərbaycanla olan sıx əlaqələrinin daha bir göstəricisidir. Bu əməkdaşlığı möhkəmləndirmək üçün kitab ən gözəl vasitədir.
“İLESAM”ın rəhbəri Mehmet Nuri Parmaksız söylədi:
-Əgər təmsil etdiyim təşkilatı dəstəkləyən qurumlar olmasaydı belə bir tədbiri keçirmək mümkün olmazdı. “İLESAM”ı dünyanın aparıcı qurumları dəstəkləyir. Təşkilat nəinki türkdilli ölkələrə, eyni zamanda bütün müsəlman dünyasına kitablar hədiyyə edir. Biz, həmçinin Azərbaycandan da Türkiyəyə kitab aparmaq istəyirik. Bizim türkiyəli oxucular Azərbaycanı daha yaxından tanımaq üçün qardaş ölkənin tarixini bilməli və yazıçılarını oxumalıdırlar.
Çıxışının sonunda Mehmet Nuri Parmaksız mədəniyyət naziri Anar Kərimova “Alim, şair, yazar və sənətçilər ensiklopediyası” kitabını hədiyyə etdi.
Tədbirin sonunda iştirakçılar Milli Kitabxanaya hədiyyə olunan kitabların sərgisi ilə tanış oldular. Bir daha xatırladaq ki, söhbət 10 min kitabdan gedir.
Qeyd: Türkiyə Cumhuriyyəti Dövlət Departamenti, Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “İLESAM” ümumilikdə 80 000 kitabı ianələr kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Makedoniyaya hədiyyə edib.
Bu il həmin layihə çərçivəsində yenə təşkilat Azərbaycana (Bakı) və Kosovoya (Priştina) ümumilikdə 20 000 kitab hədiyyə edir.
İLESAMIN MƏNZİL-QƏRARGAHI
Ünvan: İzmir 1. Küçə nömrəsi: 33/16 aydın çoxmənzilli ev, mərtəbə: 4 qızıl / Ankara
Tel: 0312 419 49 38 / Faks: 0312 419 49 39
Web: www.ilesam.org.tr
E-mail :
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Tanınmış aktyorumuz gizli birliyə dəvət alıb
“Ədəbiyyat və incəsənət” portalının bugünkü şənbə həmsöhbəti aktyor Ruslan Sabirlidir. “Sənə inanıram” teleserialından sonra məşhurlaşan Ruslan hazırda bir neçə cəbhədə fəaliyyət göstərir, onu ən müxtəlif tədbirlərdə görmək olur.
Aktyora bir neçə sual ünvanladıq və oxucularımız üçün onları maraqlandıran bu suallara cavab aldıq.
Beləliklə, buyurun, qəhrəmanınızın hazırkı gündəmi ilə tanış olun.
-Ruslan bəy, hər vaxtınız xeyir. Son fəaliyyətinizdən az-çox xəbərdarıq. Özünüzü necə təqdim edərdiniz? Sadəcə aktyormu?
-Hər vaxtınız xeyir. Tamaşaçılar məni əvvəlcə aktyor kimi tanıdılar, düzdür, amma sonra “Buktreyler” Festivalının rəhbəri kimi gündəmdə oldum, hazırda prodüser, rejissor və mentalist kimi fəaliyyətimi davam etdirirəm. Necə deyərlər, istedadlı insan hər sahədə istedadlıdır. Amma hər halda, düşünürəm ki, kinoaktyor Ruslan Sabirli kimi təqdimat daha uyğundur, çünki, geniş auditoriya məni məhz belə tanıyır.
- Hal-hazırda nə ilə məşğulsunuz?
-Bir ssenari üzərində çalışıram, hazır olanda çəkməyi düşünürəm. Çox danışa bilməyəcəyəm bu barədə, amma onu deyim ki, qısametrajlı bir film olacaq və bu, bir sinema hadisəsinə çevriləcək. Bundan əlavə “Buktreyler” Festivalı və CineMo Mobil Film Festivalını reallaşdırmaq istiqamətində işlər aparılır.
Daha çox zamanımı mentalizmə ayırıram desəm, yanılmaram, çox vaxtımı ona həsr edirəm. Yəqin oxucularda sual yaranacaq ki, mentalizm nədir? Ona görə də bu suala da yerində cavab verməyi düzgün hesab edirəm. Mentalizm sözünün kökü ingilis dilindən olan “mental” sözüdür. Yəni, beyin, fikir, zehin. Yəni, bunun mahiyyəti bir insanın fikirlərini oxumaq, onun fikirlərinə təsir etmək kimi bacarıqlardan ibarətdir. Yeri gəlmişkən, mən mentalizm seanslarımı YouTube kanalımda yerləşdirirəm, üstəlik, orda mən mentalizmin sirlərini açan master-klasslar da keçirirəm.
-Demək, siz insanların fikirlərini oxuya bilirsiniz. Bunu necə edirsiniz?
-Texnikası var bunun. Ən elememtarını deyim, insanların gözlərindən, əşyaların energetikasından. Məsələn, kartlarla, Rubik kubiki ilə maraqlı seanslar həyata keçirirəm.
-Çox maraqlıdır. Ən maraqlı seanslarınız kimlərlə olub?
-Mən bir neçə teleproqramda canlı seanslar göstərmişəm. Eldar Qasımov, Nigar Camal, Afaq Gəncəli, Oksana Rəsulova və sair, və illaxır. Çoxdur.
-Hamı mentalist ola bilərmi?
-Bunun üçün xüsusi istedad lazımdır, telepatik qabiliyyət, intuisiya lazımdır.
-Mentalist kimi perspektivləriniz varmı?
-Bəli. Hal-hazırda Dünya Mentalistlərinin Gizli Birliyinə dəvət almışam. Qeyd edim ki, birliyə daxil olmaq açıq deyil. Birlik özü dünyada olan mentalistləri tapır və üzvlüyə dəvət edir. Qəbul üçün isə müəyyən bacarıq tələbləri var, yəni sınaq imtahanı keçmək var. Onları vermişəm, hal-hazırda cavab gözləyirəm, göstəricilərim yüksəkdir, özümə inanıram, inanıram ki, “mentalist” titulunu almış olacağam.
-İnanmaqdan söz düşmüşkən, siz ”Sənə inanıram” serialı ilə məşhurlaşdınız. Hazırda bu sahədə fəaliyyət davam edirmi, hansısa yeni serialda rol almısınızmı?
-Bəli elədir, həmin serialla məşhurlaşdım. Onu da qeyd etmək lazımdır ki, ”Sənə inanıram” serialındakı Həmid obrazı 5-ci baş rolum idi. Ondan sonra Almaniyaya köçdüm, bir müddət aktyorluq və rejissorluq üzrə təhsil aldım, sonra Azərbaycana qayıdar-qayıtmaz biznes layihə təklifi gəldi və bu dəfə Gürcüstana köçməli oldum. 3 il Tiflisdə yaşadıqdan sonra geri – vətənə döndüm. Serial çəkilişlərinə təkliflər təbii ki, gəldi və gəlir, amma hər layihəyə razılaşmıram. Ən son, keçən ilin sonunda dostum Oksana Rəsulovanın “Yalan həqiqət” serialında kiçik bir obraz canlandırmışam. Hazırda yenə bir neçə təklif var, düşünürəm, götür-qoy edirəm, hələ nəsə demək tezdir.
-Ruslan bəy, ölkənin serial bazarının hazırkı durumunu necə qiymətləndirərdiniz?
-Əfsuslar olsun ki, tərbiyəm BƏRBAD sözündən də bərbadını deməyə imkan vermir, yoxsa səsləndirərdim. Səviyyəsiz və cılız məişət mövzuları ilə doldurulub seriallar. Nə deyəsən.
-Amma bu arada dünyanın, elə qardaş Türkiyənin serial industriyasında ardıcıl şedevrlər ortaya çıxarılır. Budur, bu günlərdə ABŞ-ın ən nüfuzlu Emmy mükafatı nominantları da elan edildi. Bu hadisəyə necə şərh verərdiniz?
-Bəli, bu xəbəri izlədim. "Tac" (The Crown) və "Mandalorian" (The Mandalorian) serialları bu il 73-cü dəfə veriləcək Emmy televiziya mükafatına əsas namizəddirlər. Uğur siyahısına düşən digər gözəl işlərin də adlarını qeyd edərdim, "Oğlanlar" (The Boys), "Bridcertonlar" (Bridgerton), "Qulluqçu hekayəsi" (The Handmaid's Tale), "Lavkraft ölkəsi" (Lovecraft Country), "Poza" (Pose) və “Bu bizik” (This) serialları da diqqətçəkəndir. Bilirsiniz, hazırda serial industriyası yüngül macəra dalınca getmir, sabun operalarının zamanı arxada qalıb. Seriallar əksərən psixoloji trillerlərdən mövzu alır. Onlarda bol informasiya, maarifləndirici bilgilər yer alır, didaktika da öz yerində. Yəni, bizdəki kimi, cinayət-xəyanət manipulyasiyası meydanda at oynatmır.
-Ruslan bəy, sizin ideyanızla ortaya qoyulan “Buktreyler” Festivalı qısa müddətdə ölkədə çox populyarlaşdı. Bu layihə ona görə əlamətdar idi ki, birdən-birə iki sahəni – kinonu və ədəbiyyatı gündəmə gətirirdi. Neçə-neçə parlaq istedadlı gənci də ortaya çıxardınız. Festivala Mədəniyyət Nazirliyinin dəstək olması onun nüfuzunu xeyli artırmış oldu. Nazirlikdə kadr dəyişikliyi oldu, bəs festivalın necə, davamı olacaqmı?
-Təbii ki olacaq. Nə qədər ki, tələb var, bu festivalı keçirmək niyyətindəyəm.
Buktreyleri həm anlayış, termin olaraq həm də Festival olaraq Azərbaycana 2016-cı ildə gətirdim və uğurla 5 il keçirdim. Buktreyler – ingilis sözü olub Book (kitab) və trailer (anons) sözlərindən ibarətdir, kitabın video anonsu deməkdir. Hal-hazırda Festivalın facebook, instagram səhifələrinə və email ünvanına suallar gəlir, növbəti festival nə vaxtdır və s. Bildiyiniz kimi biz festivala hər il 2 Fevral – Gənclər Günündən start verib onu 23 aprel – Beynəlxalq Kitab Günündə bitirirdik. Keçən il pandemiya ilində 5 illik yubiley Festivalını keçirdik, ondan sonra gözləmə rejimindəyik. Mədəniyyət Nazirliyindən təşkilati dəstək barədə məlumat gələcəyini gözləyirik. Ümid edirəm ki, tezliklə müsbət cavab alacağıq və gec də olsa bu il 6-cı “Buktreyler” Festivalını keçirəcəyik.
-Kann kinofestivalını izləyirsinizmi?
-Xeyr, izləmirəm. Çünki ölkədə medianın mədəniyyət tədbirlərinə münasibəti yanlışdır, heç bir möhtəşəm mədəniyyət hadisəsi bizim media üçün sıravi kriminal xəbərdən üstün ola bilməz. Xarici mediayla təmas imkanları isə çox məhduddur. Məhz belə bir məqamda ölkəmizdə ixtisaslaşdırılmış mədəniyyət portalının fəaliyyətə başlaması sevindiricidir. Fürsətdən istifadə edib “Ədəbiyyat və incəsənət”ə uğurlar arzulayıram.
-Çox sağ olun. Bəs ölkənin mədəniyyat həyatında yeni nazirin təyinatından sonra nə kimi dəyişikliklər hiss edirsiniz?
-Bu, mənimçün çətin sualdır. Amma mən ölkənin mədəni həyatında olan bir ictimai fiqur kimi öz layihələrimin timsalından çıxış etsəm, fikrimi aydın izah etmiş olaram. Məlumdur ki, keçən il pandemiyanın başlanması və ardınca yeni nazirin təyinatı kimi proseslər start vermiş olduğum 5-ci “Buktreyler” Festivalının işini dondurdu. Amma artıq payız aylarında nazirliyə müraciət etdim ki, festivalın yarımçıq saxlanılması düzgün deyil, iştirakçılar da, təşkilatçılar da gözləmə rejimindəyik, zəhmət olmasa bitirək başlanılmış işi. Yeni nazir də çox sağ olsun, sözümüzü dinlədi və lazımi dəstəyi verəcəyini bildirdi. Hərçənd, bu il bir neçə dəfə müraciət etsək də, nazirlik rəsmilərindən konkret cavab ala bilmirik. Amma yenə də müsbət cavab alacağıma ümidliyəm. Çünki, tanıdığım bəzi yoldaşlar yeni naziri çox tərifləyirlər, onun həqiqətən də lazımlı və gözlənilən kadr olmasını söyləyirlər. Onun ortaya qoyduğu işlər də göz önündədir. Bundan əlavə, CineMo Mobil Film Festival layihəm də var, onun üçün də Mədəniyyət Nazirliyində müvafiq əməkdaşlarla bəzi söhbətlərim olub, bu layihənin də gerçəkləşəcəyinə inamım böyükdür.
-Təşəkkür edirik suallarımızı cavablandırdığınız üçün, Ruslan bəy.
Şəkildə: “Sənə inanıram” teleserialından bir görüntü.
Səudiyyə Ərəbistanından olan heykəltəraş Quranın mətnini 30 mərmər lövhədə həkk edib
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, Husban bin Əhməd əl-Anizi 30 mərmər plitənin üzərində müsəlmanlar üçün müqəddəs olan Quran kitabının mətnini həkk etdirməklə bu işə tam səkkiz il vaxt sərf edib.
"Hər şey hələ 20 il əvvəl mənim zəngin ərəb dilinə olan marağımdan başlayıb. Birincisi, vətənim Tabukda (Səudiyyə Ərəbistanının şimal-qərbində əyalət - red.) çıxarılan qranit bloklarında “Bismillah” ensiklopediyasını hazırladım, yəni hər bir Quran surəsi bu kəlmə ilə başlayır. İndi də Quranı tam mərmər plitələrə köçürdüm. Həqiqətən, bizim region əsrlər boyu rəssamları yüksək yaradıcılığa ruhlandırıb", - deyə heykəltəraş bildirib.
Quranın mətnini yaratmaq üçün əl - Anizi Müqəddəs Kitabın 114 surəsini Osmanlı imperiyasında, xüsusilə rəsmi sənədlərdə geniş tətbiq edilən ərəb kalliqrafiyası ilə xüsusi məktub şəklində yaşıl mərmər lövhələrdən istifadə etmişdir.
"Bütün bu illər ərzində mən krallığımızda sənətkarlıq peşələri ilə bağlı müxtəlif festivallarda iştirak etmişəm. Hökumətimiz ənənəvi incəsənətə, əsasən, irs üzrə Xüsusi Dövlət Komissiyası vasitəsilə böyük diqqət yetirir. Bu yaxınlarda mən Tabukda Səudiyyə heykəltəraşlarının yeni nəsillərini yetişdirmək üçün gənclər incəsənət mərkəzi yaratmağı planlaşdırıram", - deyə sənətkar bildirib. Bundan başqa, əl-Anizi ümid etdiyini bildirib ki, tezliklə onun işini artıq ərizə verdiyi Ginnesin Rekordlar kitabından xüsusi komissiya da layiqincə qiymətləndirəcək.
Oliver Stounun Nazarbayev barədə filmi Moskvada qapalı çevrədə təqdim olundu
Qazaxıstanın Birinci Prezidenti, türk dünyasının görkəmli oğlu Nursultan Nazarbayev haqqında "Qazax: qızıl insanın tarixi" adlı sənədli filmin qapalı nümayişi cümə axşamı Moskvada keçirilib. Filmin rejissorları Oliver Stoun və İqor Lapatenokdur.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, məşhur amerika rejissoru, ssenaristi və prodüsseri, 3 dəfə Oskar qazanmış, dəfələrlə “Qızıl qlobus”, BAFTA kimi nüfuzlu ödüllərə layiq görülmüş Oliver Stounun cəlbedici qonorarın müqabilində ortaya qoyduğu bu iş heç də sıradan bir iş alınmayıb, yaradıcıların sözlərinə görə, film Roma kinofestivalında təqdim olunacaq. İyulun sonundan isə 8 seriyadan ibarət serial formatında Moskva televiziyası ilə filmin nümayişi başlanacaq.
Rejissor Lapatenokun verdiyi açıqlamaya görə, filmi çəkmək üçün pandemiya ciddi maneə törədib. Sərhədlərin bağlanması ilə bağlı çətinliklərdən əlavə, qrupun bir neçə üzvü koronavirusa yoluxub, buna görə əvvəlcədən hazırlanmış çəkilişləri ləğv etmək lazım gəlib.
"Təsəvvür edin, qrupumuzda üç simptomatik xəstə var. Heç bir test yoxdur, təyyarələr uçmur, yoluxmuş insanları daşımaq üçün humanitar təyyarə ala bilmirik. Bununla belə, biz Nur-Sultan şəhərinə uçuruq. Bizim prodüser İqor Kobzev isə dərhal reanimasiyaya alınır", - deyə rejissor bildirib.
Kobzev filmin premyerası zamanı qazaxıstanlı həkimlərə ayrıca təşəkkür edib və həyatını xilas etdiklərinə görə bu insanlara ömür boyu borclu olacağını bildirib. Onun ağciyərlərinin buzlaşma dərəcəsi 84% - ə çatıbmış.
Sonradan, çəkilişlərin aparıldığı hava şəraiti də film istehsalçılarına ciddi problem yaradıb, həddindən artıq isti imiş, qumsal çöllərdə havanın temperaturu 55 dərəcə selsidən də çox imiş.
Rejissorun sözlərinə görə, filmin çəkilişlərində Nursultan Nazarbayev çəkiliş komandasına “tapşırıqları canla-başla yerinə yetirməsi səbəbi ilə” çox kömək edib. "Çəkiliş zamanı qəhrəmanımızı həqiqətən sevdik, çünki onun xalqı üçün nələr etdiyini öyrəndik", - deyə Lapatenok bildirib.
"Biz təcrübəli, xalqına hər şey vermiş görkəmli hökmdarın fenomenini görürük", - deyə o əlavə edib.
Filmdə Nazarbayevin həyatı uşaqlığından üzü bəri göstərilir. Qazaxıstanın gələcək ilk prezidentinin metallurgiya zavodu ilə başlayan əmək yolu təsvir edilir.
Bundan başqa, əsərin baş qəhrəmanı müstəqillik qazandıqdan sonra Qazaxıstanın tarixindən danışır və mühüm siyasi qərarların qəbul edilməsinin məntiqini izah edir, məsələn, SSRİ-nin dağılmasından sonra respublikada qalmış nüvə silahı arsenalından imtina etmələri barədə.
Nazarbayev həm də Ukraynada vəziyyətin nizamlanması üzrə Norman formatının yaradılmasında özünün müstəsna rolundan danışır.
Filmin nümayişində iştirak edən Qazaxıstanın Rusiyadakı səfiri Yermek Koşerbayev isə, öz növbəsində, ssenarinin, dialoqların və musiqinin təbiiliyini qeyd edib. "Mən həyəcanlandım, hər şey çox təbiidir. Bundan başqa, mən özüm filmdə göstərilən hadisələrin əksəriyyətinin şahidiyəm", - deyə diplomat vurğulayıb.
Mövcud pandemiya şəraitinə görə Oliver Stoun özü təqdimetməyə qatılmayıb, Nursultan Nazarbayev də həmçinin. Qeyd etdiyimiz kimi, bu, dar çərçivədə qapalı bir təqdimat olub. Amma Stounun da, Nazarbayevin də iştirakıyla "Qazax: qızıl insanın tarixi" adlı sənədli filminin açıq geniş təqdimatının keçiriləcəyi də gündəmdədir.
Nazarbayev Qarabağ probleminin nizamlanmasında Azərbaycan meyilli fəaliyyəti ilə, habelə qüdrətli türk dünyasının təşəkkül tapmasında göstərdiyi səyləri ilə azərbaycanlılar arasında çox sevilir. Düzdür, filmdə onun Qarabağ problemi, türk dünyası ilə bağlı fəaliyyət spektrləri barədə söz açılıb-açılmaması haqda xəbərdar deyilik, bununla belə, qeyd etməliyik ki, bu 81 yaşlı qocaman türk oğlu barədə Oliver Stounun film çəkməsi çox böyük hadisədir.
Kann festivalının ən ağlasığmaz və ən uğurlu filmlərinin adları açıqlandı
Yekunlaşmaqda olan Kann kinofestivalının iki filmini mütəxəssislər və media nümunə gətirir: “Titan" və “Avtomobilimin sükanı arxasında otur" filmlərini. Fikirlər birmənalıdır: bu filmlər Kannın ən ağlasığmaz və ən müvəffəqiyyətli filmləri hesab olunur.
Fransız Culiya Dyukornonun təxribat xarakterli qanlı trilleri və yapon Rsuke Hamaguchinin zövqverici fəlsəfi dramı haqqında "Ədəbiyyat və incəsənət" portal olaraq "Screen" jurnalına istinadən danışaçağıq.
Kann ictimaiyyəti Pol Verxovenin şəhvətpərəst rahiblərindən zövq almağa tam macal tapmamış fransız xanım Culiya Dükkorno öz qanlı "Titan" dramı ilə gündəmi zəbt etdi. Culiyanın həyata kinayə ilə çəkilmiş “Çiy” filmindən sonra, hərçənd, jurnalistlər ondan nəsə bir yeni təxribatı onsuz da gözləyirdilər. "Çiy" filmində qəhrəman öz ətini yeyirdi, dəhşətlə, hardasa adam diskindirmələriylə, hətta lap iyrəncliklərlə bol idi o film. "Nəhayət ki, kino Kanna döndü" deyə filmin nümayişindən sonra çoşqun tamaşaçılar qışqırışdılar. Jurnalistlər də ayağa qalxıb filmi alqışladılar. Bu, jurnalistlərin səmimi alqışladığı müsabiqənin ilk filmi oldu. Əlbəttə ki, "Lumiere" teatrında tamaşaçıların rəsmən film alqışlamaları ənənədir, onlar bütün filmləri alqışlayırlar, bunu həmişə, hamı üçün edirlər. Amma söhbət bol ovasiyalardan gedir. Demək ki, kino zövqləri qana susamış vampirlər, qandonduran vəhşət səhnələrinə susayıb.
"Titan"ın "Palma budağı"na əsas namizədlərdən biri olduğunu söyləmək amma hələ tezdir. Hər halda, qarşıda Odiar, Şon Beyker, baş rolda Lea Seidu ilə macar rejissoru İldiko Enyedinin dramı, habelə Apitçappon Viradetakulun filmi durur. Amma fikirlər yekdildir ki, “Titan” builki proqramın ən parlaq filmlərindən biridir.
Uşaqlıq dövründə Aleksiya başından yaralanır, buna görə də kəlləsinin bir hissəsi titan plitəsi ilə əvəz edilir. O, böyüyür, rəqqasə kimi çalışır və çoxsaylı pərəstişkarlarını səmimi rəqsləri ilə cəlb edir. Onlardan biri işdən sonra qızı avtomobilinədək təqib edir və israrla onunla əlaqə qurmağı tələb edir. Aleksiya saç sançağını qulağına sancmaqla bu şəxsi öldürür, meyiti gizlədir, işə qayıdır, cinayətin izlərini yuyur. Başındakı metal beynini də əsarətə saldığından bu epizod Aleksiyanı cızığından çıxarır, o evə qayıdanda valideynlərini də yandırır və sevimli avtomobili ilə şəhərdən qaçır...
Süjet güman ki, sizə qəribə görünəcək və bu, həqiqətən belədir. Film sərt ritm rejimini axıradək saxlayır - bir qəddar qanlı səhnə başqa biri ilə əvəz olunur. Qəhrəmanın depressiyadan çıxmaq üçün şəxsi evdə özünə kiçik bir parti qurması epizodu, hətta Kventin Tarantinonun üslubuna uyğun gəlir, burada bir ixtiraçılıq və yumor var. Vizual olaraq film tamamilə güzəştsizdir.
Müsabiqədə Verhoven "kişi baxışı"nda ittiham olunurdu, Dyükorno isə "Titan" da, şübhəsiz, qadın baxışı ortaya qoyur, əmin olun ki, bu filmi kişi çəksəydi, onu çılpaq qadın bədəninin bolluca nümayişi üçün yandırardılar. Lakin, fransız rejissoru yalnız qəhrəmanının cinsi tərəfi deyil, transformasiya və yenidən dirçəlmə qabiliyyəti də maraqlandırır. Ağırlıq, ağrılar, əzab-əziyyətlər - bütün bunlar tamaşaçıya praktiki olaraq fiziki basqı göstərir. "Titan"ı haqlı olaraq Devid Kronenberqin "Fəlakəti" ilə müqayisə edirlər. Həmin film də Kann festivalında göstərilmişdi və ona tamaşaçıların verdikləri reaksiya birmənalı olmamışdı. Nəticədə, film "cəsarət və orijinallıq" üçün mükafatlandırılmışdı. Kim bilir, bəlkə də Dyükorno da “qadın cəsarəti”nə görə təltif olunacaq.
İndi də keçək ikinci filmə. Bəlkə də başqa heç bir filmlər "Titan"la yaponiyalı Rüsuke Hamaguchi tərəfindən çəkilmiş "Avtomobilimin sükanı arxasında otur" filmləri qədər bir-biri ilə əks qütbdə dayanmayıblar. Amma bu iki filmi birləşdirən cəhət də var, hər ikisində avtomobil əsas rol oynayır. Odur ki, hər iki film barədə paralel danışmaq üçün kinokritiklər bu çox zəif əlaqədən istifadə edirlər.
Bu il Hamaguchi artıq iki film təqdim edib: birincisi "Təsadüf və təxmin" filmidir ki, Berlinaledə münsiflər heyətinin Qran-Prisini qazanıb, ikincisi isə "Avtomobilimin sükanı arxasında otur"dur ki, Kann festivalının əsas müsabiqəsinə düşüb. Burda da yaponun uğur qazanaçağı ehtimalı böyükdür, belə ki, "Avtomobilimin sükanı arxasında otur" "Screen" jurnalının reytinqinə görə kinokritiklərin sevimlisi olaraq qalır və indiyə qədər heç kim onu keçə bilmir.
Hamaguchi rejissor kişi ilə ssenarist qadının ər-arvad münasibətlərini lentə alıb, bir dəfə kişi başqası ilə görüşərkən qadınının üstünə çıxır, lakin bunu açıb-ağartmır. Hər dəfə məqam gəzir bu məsələ barədə danışmağa, beləcə də günü günə satır. Epizodun gərginliyi ər-arvad münasibətlərini bütün çılpaqlığı ilə ortaya qoyur, kişi arvadının əzizləmələrinin süniliyini duyaraq yaşayır, hər gün onun yeni xəyanətlərlə məşğul olmasını düşünür. Qəfildən də qadın avtomobil qəzasında dünyasını dəyişir, kişi ona xəyanətkar olduğunu söyləyə bilmir...
Fotolarda: Hər iki filmdən fraqment.
Foto: © Carole Bethuel
Vaqif Bayatlının yaradıcılığı Gürcüstanın ədəbiyyat portalında
Gürcüstanın populyar “Axali saunce” (“Yeni xəzinə”) ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Bayatlı Odərin gürcü dilinə tərcümə olunmuş “Dünya söndükcə, sən görünürsən, ilahi” şeirinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.
AzərTAC Dövlət Tərcümə Mərkəzinə istinadən bildirir ki, şeirin tərcümə müəllifi şair-tərcüməçi İmir Məmmədlidir.
Qeyd edək ki, Gürcüstan Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən portal, əsasən dünya ədəbiyyatının yayını üzrə fəaliyyət göstərir. Oxucular portal vasitəsilə Çarlz Dikkens, Vladimir Mayakovski, Velimir Xlebnikov, Harold Pinter, Rolan Bart, Olqa Tokarçuk, İtalo Kalvino kimi dünya ədiblərinin əsərlərinin elektron versiyası ilə tanış olurlar.