Super User

Super User


150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti nəşr - dünyaşöhrətli Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin ikicildlik “Seçilmiş əsərləri” kitabı işıq üzü gördü.
Dövlət Tərcümə Mərkəzinin verdiyi məlumata görə, mərkəzin mətbəəsində çap edilən kitabın “Hekayələr”, “Romanlar”, “Söhbətlər, müsahibələr” adlı fəsillərdən ibarət I cildinə yazıçının “Dünyanın ən gözəl ölüsü”, “İsabel Makondada yağışa baxır”, “Montyelin dul qadını”, “Üçüncü itaət”, “Süni qızılgüllər”, “Polkovnikə məktub yoxdur”, “Gəmidən dənizə düşən adamın tarixçəsi”, “Küskün gözəlçələrimi xatırlayıram” kimi məşhur roman və hekayələri, ədəbiyyat, sənət, həyat haqqında söhbət və müsahibələri daxil edilib.
İkinci cilddə yer almış “Patriarxın payızı” və “Gözlənilən bir qətlin tarixçəsi” romanları “Latın Amerikasının tənhalığından keçən dünyanın ən məşhur yazıçısı” adlı “Ön söz” və Venesuela yazıçısı Migel Otero Silva ilə Qabriel Qarsia Markesin “Patriarxın payızı” romanı haqqında düşüncələri ilə təqdim olunub.
Əsərləri Azərbaycan dilinə – İshaq İbrahimov, Afaq Məsud, Natiq Səfərov, Arif Əmrahoğlu, Saday Budaqlı və digər tanınmış yazıçı və tərcüməçilər çevirib.


“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə ithaf edilmiş, müəllifi İlqar Kamil olan"Polad necə bərkidi" kitabının təqdimat mərasimi keçirildi. Müəllifi İlqar Kamil olan
Mərasimdə şəhid generalın anası Səmayə xanım, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli, fəlsəfə doktoru, pedaqoq Mail Yaqub, KİV rəhbərləri və ziyalılar iştirak edirdilər.
Öncə şəhidlərin xatirəsi ehtiramla yad olundu. Sonra çıxışlar başlandı.
Tədbir iştirakçıları xüsusən Səmayə xanımın çıxışını həm ürək ağrısıyla, həm də qürur duya-duya dinlədilər.
Səmaya xanım söylədi: “Polad sözündən dönməyən mərhəmətli, iradəli, hərdən öz dünyasına qapılan bir uşaq idi. Foto çəkməyi sevərdi. Kənd uşaqlarını çəkərdi. Çox cəsarətli idi, hər şeyi öyrənməyə çalışırdı. İdmanla məşğul olaraq özü də bilmədən özünü sanki gələcək qəhrəmanlığına hazırlayırdı. Hərbi hissədə əsgərləri onu “mənim komandirim” deyə çağırardı. Kitaba gəlincə, bu işdə kimin zəhməti varsa hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Mən fəxr edirəm ki, sizin kimi qədirbilən gənclərimiz var”.
Sonda kitab müəllifin imzası ilə tədbir iştirakçılarına təqdim edildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Bregenzdə keçirilən ənəvi festivalda Verdinin operası əsasında bəstəkar Arriqo Boytonun yaratdığı "Neron" raritet operasının yeni quruluşda premyerası baş tutdu.

Week-end həftəliyi bu böyük hadisə barədə yazır: “Bəzi festivallar sanki unudulmuş və yazılmamış operaların mövcudluğundan xəbərsizdirlər və yalnız zamanla yoxlanmış, təsdiqlənmiş əsərlərlə işləyirlər. Digərləri, əksinə, az tanınanlara və hətta arxiv musiqisinə üstünlük verirlər — barokko musiqi sahəsində bu, olduqca asandır. Bregenzdəki festival tam olaraq bu iki mövqenin ortasında fəaliyyət göstərir: hələ ki göl səhnəsində açıq səma altında kassa hitləri gedir. Pandemiya səbəbindən festivalın keçənilki  ləğvindən sonra bu il sanki hamı ikiqat şövqlə çalışır”.
Filipp Şteltsin quruluşunda möhtəşəm "Riqoletto" operası bərpa edilərək nümayiş olundu -qapalı səhnədə unikal gözəllik və qrasiya göstərildi. İndi də "Nero" - repertuarında  heç vaxt nəyisə etməyə gecikməyən Arrigo Boytonun (1842-1918) şedevri.
Üstəlik, Boytonun adı daim afişalardadır, axı Verdinin "Ottello" və "Falstafa" kimi operalarının librettoçusu kimi Boyto adını incəsənət tarixinə yaza bilib. Üstəlik, Boyto həm də ambisiyalı bəstəkardır, ən  yaxşı halda onun yalnız bir operası — "Mefistofel"operası tanınıb şöhrət qazansa da bu onun bəstəkarlıq məziyyətlərini kölgəyə sala bilməz.
Vaqnerdən uzaq, lakin Verdiyə yaxın olan və Puççiniyə bənzəyən stildə "Neron"u Bregenzdə alman Dirk Kafkanın başçılığı altında Vyana Simfonik Orkestri səsləndirdi.
Qeyd edək ki, indi Bonn operasına rəhbərlik edən alman dirijoru, ilk dəfə deyil ki, festivalda çıxış edir, əvvəllər o, burada müasir musiqi nümunələri ilə dirijorluq edib. Partitura onun qarşısında yerinə yetirilməmiş vəzifələr qoymur, ümumiyyətlə, onu sözün, səsin və səhnənin vəhdətinin əsil təşkilatçısı kimi qəbul etmək olar.
Dram imperatorun anası Agrippinanın cənazəsinin görüntüləri   və Neronun (Neron obrazını meksikalı tenor Raphael Rojas canlandırır) düşüncələri səhnəsi  ilə başlayır ki, bu, əslində, opera üçün çox mürəkkəb görünür. Sual doğur, qadın nə üçün öldürülüb? Neron cinayətin izlərini gizlətməyə çalışır, amma ruhun qurtuluşu haqqında xəyal etmək lazım deyil. Nəhayət, onu arxasında qara qanadları olan  Simon Volxvanın ( İtalyan baritonu Lucho Gallo canlandırır) iblis davranışı  haqlayır. O, Neronu özünə tabe etmək istəyir. Bunun üçün ona Asteria imperatoru ilə işbirliyi barədə yalan satır. Neron əvvəlcə Simona heyran olur, amma aldanma haqqında öyrəndikdən sonra qəzəblənir. O, sonsuz qəzəbini xristianların üzərinə tökür. Repressiyanın ardınca yüksələn sonsuz zorakılıq və qəddarlıq operanın kostyumlarında  da öz əksini tapır. Onlar büsbütün qan ləkələri ilə boyanıb.
Qəddar mənzərədir, həm gözəl musiqidən, süjetin dərinliyindən, təkrarsız ifadan zövq alırsan, həm də göstərilənlərin mahiyyətindən  sarsılırsan.

Bu iyul günlərində musiqisevərlərin fikri-zikri Avstriyadadır.  Orada, Zalsburq şəhərində klassik musiqi festivalı keçirilir.
Avropada ən məşhur musiqi festivallarından biri olan Zalsburq festivalı bu il 100 illik yubileyini qeyd edir. Pandemiya şəraiti olsa belə festivalı izləməyə dünyanın əksər guşəsindən minlərlə sənətsevər gəlib. Zalsburq festivalı hazırda öz populyarlığı ilə Tokioda keçirilən yay Olimpiya Oyunlarından heç də geridə qalmır.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir ki, Zalsburqa gəlmiş qonaqlara
160-a yaxın tədbir - dünya opera və musiqi səhnəsinin ulduzlarının iştirakı ilə teatr tamaşaları və konsertlər təqdim olunur.
Opera proqramı iyulun 26-da Avropanın ən böyük teatr rejissoru Romeo Kastelluççinin quruluşunda V. Motsartın “Don Juan" operasının premyerası ilə başlayıb, bu böyük incəsənət hadisəsi bol ovasiya qazanıb.
Festival iştirakçıları arasında Vyana və Berlin Filarmonik orkestrləri, Çikaqo simfonik orkestri var.
Forumun təşkilatçıları 200 mindən çox bilet satıblar, qiymətlər 100 avrodan 450 avroya qədərdir. Turizm şirkətləri Zalsburqa birbaşa festival turları təşkil edirlər.
Festivalın rəsmi ünvanına Bakıdan onlayn bilellər də sifariş vermək olar:
Kartenbüro der Salzburger Festspiele
Herbert von Karajan Platz 11
Postfach 140
A-5010 Salzburg
Тел. +43662 8045-500
Festivalın elektron ünvanı isə belədir: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Festivalın büdcəsi 60 milyon avro təşkil edir.
Mədəniyyət proqramı avqustun 31-də başa çatacaq.
Gün o gün olsun ki, bizim əsl sənətsevərlərimizin, mədəniyyət xadimlərimizin, virtuoz ifaçılarımızın maddi durumu elə bir səviyyəyə çatsın ki, bu sayaq tədbirləri izləyə bilsinlər.
Amin!

Ölkə kitabsevərlərinin əsas ocağı sayılan Bakı Kitab Mərkəzi bu yay günlərində də qonaqlı-qaralıdır. Ötən gün orada gənc yazıçı xanımın - Şah Selimi Türkayın “Ev dustağıyam” əsərinin təqdimatı və imza günü keçirildi.
Tədbiri giriş sözü ilə açan Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirdi ki, “Ev dustağıyam” romanı müəllifin Azərbaycan dilində yazdığı ilk əsərdir. Müəllifin uzun illər Londonda yaşadığını deyən G.Anarqızı bildirdi ki, yazıçı gənclər üçün bir örnəkdir, çünki o, ölkəmizi xaricdə layiqincə təmsil edir.
Əsərin olduqca maraqlı və peşəkar səviyyədə yazıldığını bildirən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid qeyd etdi ki, kitabı oxuduqdan sonra onda suallar yaranıb və o, bu suallara romanın son fəslində cavab tapıb. Əsərin əvvəlcə ingilis dilində yazıldığını, sonradan müəllif tərəfindən tərcümə olunduğunu bildirən Rəşad Məcid söylədi ki, mətn Azərbaycan dilində olduqca qeyri-adi və orijinal səslənir: “Hamı bilir ki, böyük romanlar insanları qorxudur, ancaq bu kitab məni cazibəsinə aldı və əsəri axıra qədər oxudum”, - deyə Rəşad Məcid vurğuladı.
“ASAN Radio”nun rəhbəri Emin Musəvi əsərə Azərbaycanın tanımış yazıçıları tərəfindən müsbət rəy verildiyini söylədi. Qeyd etdi ki, bu, Şah Selimi Türkay üçün böyük uğurdur. O, bunun gələcəkdə yazıçı üçün bir motivasiya olacağını dedi.
AzərTAC-ın verdiyi xəbərə görə, sonda tədbirə qatılanlara təşəkkür edən Şah Selimi Türkay əsərlə bağlı fikirlərini bölüşdü: “Romanın ümumi məğzi azadlıqda olarkən öz daxili dustaqlıq həyatını yaşayan insanlar barəsindədir. Mən nümunəvi, həqiqi müəllim obrazı yaratmaq istəmişəm. Ümid edirəm yaratdığım həqiqi müəllim obrazı bir çox gənclərimizə nümunə olacaq”.
Qeyd edək ki, Şah Selimi Türkay Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunu olduqdan sonra təhsilini Londonda davam etdirib. 2015-2018-ci illərdə Azərbaycanın müxtəlif dövlət qurumlarında strateji tədqiqatçı, iqtisadi analitik, layihə və investisiyalar üzrə mütəxəssis kimi fəaliyyət göstərib. Ədəbi yaradıcılığa xüsusi marağı olan Şah Selimi Türkayın 2019-cu ildə qələmə aldığı bir qısa hekayəsi Londonun tanınmış Faber Akademiyası tərəfindən yüksək qiymətləndirilib.
O ki qaldı “Ev dustağı” əsərinə, əsərin ana xəttini insan əqidəsinin, ruhunun, fikir və düşüncəsinin azadlığı, mənəvi müstəqilliyi təşkil edir. Əsərin qəhrəmanlarının dilindən sonsuz sevgi, övlad və yurd həsrəti, humanistlik və insan dünyasının mənəvi toxluğu, türk dünyasının keçdiyi tarixi yol ön planda bədii ifadələrlə və obrazlı sözlərlə təsvir edilib.

Cümə axşamı, 29 İyul 2021 05:37

Nitsanı YUNESKO Dünya İrs Siyahısına daxil etdi

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (YUNESKO) Çərşənbə axşamı Nitsa şəhərini Dünya İrsi Siyahısına daxil etdi. Qərar YUNESKO-nun Dünya İrs Komitəsinin Fuco (Fujian əyaləti) şəhərində keçirilən 44-cü sessiyasında online rejimində qəbul edildi.
Bu barədə “Ədəbiyyat və
incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir.
Nitsa “Qış Rivierasının şəhər kurortu" kimi siyahıya alındı.
Şəhərin yeni Fəxri statusunu şərh edən onun meri Kristian Estrozi vurğuladı ki, "Nitsa şəhərinin tarixi  həmişə dünyaya açıq olub, bu, həm Aralıq dənizi, həm də Alp regionlarının tarixidir, bu, bir Avropa şəhəridir və həm də kosmopolit şəhərdir". "Nitsanın arxitekturası və mənzərələri unikaldır, dünyanın bir çox şəhərləri üçün o, bir nümunədir” - deyə mer əlavə edib.
Mələklər buxtasının sahilində yerləşən Nitsa Sahilyanı Alp Departamentinin paytaxtı və Fransanın Kəhraba sahilində əsas şəhər və kurort bölgəsidir. IV əsrdə Qədim yunanlar tərəfindən qurulan yaşayış məntəqəsi tez bir zamanda sahillərin ən böyük ticarət şəhərlərindən birinə çevrilmişdi.
Hazırda bura həm də mədəniyyət mərkəzi kimi tanınır, dünya kinosunun əsas hadisələrindən sayılan Kann festivalı orada keçirilir.
Qeyd edək ki, London, Mayami, Karlovı-Varı kimi Nitsa da azərbaycanlı varlılar üçün ən çox mülk alınan şəhərlər sırasındadır.

Həvəskar və peşəkar fotoqraflar arasında bu il üçün “Luis Valtuenya Beynəlxalq humanitar fotoqrafiya mükafatı” uğrunda müsabiqə proqramı elan olundu.  
Bu müsabiqə İspaniyanın “Medicos del Mundo” təşkilatı tərəfindən təşkil edilib. Müsabiqənin əsas məziyyəti odur ki, istənilən şəxs ona qatıla bilər. Təbii ki, ölkəmizin fotosevərləri də öz növbələrində.
Hər bir iştirakçı  minimum 5 və maksimum 10 fotoşəkil təqdim etməlidir. Müsabiqə pandemiya, sağlamlıq, təbii fəlakətlər, humanitar fəaliyyət, beynəlxalq əməkdaşlıq, sosial təcrid, insan haqlarının pozulması, silahlı qarşıdurmalar, həssas qruplar, qaçqın və ya miqrant əhalisi nominasiyaları üzrə keçirilir.
Təqdim olunan fotoşəkillər 2020-2021-ci illər arasında çəkilmiş olmalıdır.
Birinci yeri tutana 6 min avro və “Leica Q2” professional fotokamerası hədiyyə edilir.
Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün https://premioluisvaltuena.org/en/open-call/ linkinə daxil ola bilərsiniz.
Və onu da qeyd edək ki, qalib gəlmək üçün hər kəsin şansı var, ötən il müsabiqənin qalibi Mərakeş əsilli həvəskar fotoqraf olub.

Cümə axşamı, 29 İyul 2021 05:37

Ədalət Şükürov yeni klipini Moskvada çəkdirdi

Tanınmış müğənni, Respublikanın Əməkdar Artisti Ədalət Şükürov bir müddət idi ki, bir neçə sənət yoldaşıyla birgə Moskva şəhərində yaradıcılıq ezamiyyətində idi, konsertlər verirdilər. Həmin dönəmdə Ədalət yeni mahnısına - «Bu nə həyatdır”a («И что за жизнь») klip çəkdirməyə də macal tapıb.
Ayrılıq barədə olan mahnıda sevginin ən böyük xoşbəxtlik olması və bir gün əliqılınclı ayrılığın gəlişinin labüdlüyü lirik tonlarla dinləyici ovqatını kövrəkliyə kökləyir. Klip də çox gözəl alınıb, mahnının ideyasını və məziyyətlərini tam açır.
Ədalət Şükürovun “Bu nə həyatdır” mahnısının hit-paradlarda yer tutacağı, ölkə musiqi gündəminə yeni ab-hava gətirəcəyi gözləniləndir.

Çərşənbə, 28 İyul 2021 18:55

AYB sədri Anar Seyran Səxavəti təltif etdi



Yazıçı Seyran Səxavət Azərbaycan Yazıçılar Birliyinin “Nizami Gəncəvi” mükafatına layiq görülüb.
Yazıçılar Birliyinin Mətbuat katibi Xəyal Rzanın verdiyi məlumata görə, mükafatı yazıçıya iyulun 27-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar təqdim edib. AYB sədri yazıçını bu münasibətlə təbrik edərək ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb. Seyran Səxavət belə bir dəyərli mükafata layiq görüldüyü üçün AYB rəhbərliyinə təşəkkürünü bildirib.  
Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil alıb. “Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləmişdir (1981-1991).
Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlamışdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dillərə tərcümə olunmuşdur. "Qızıl teşt" pyesi Azərbaycan Akademik Dram teatrında (1988), "Büst" pyesi Lənkəran (1989), "Qapıların o üzündə qalan dünya" pyesi Füzuli (1990) Dövlət Dram teatrlarında tamaşaya qoyulmuşdur.
2002-ci ildə yazıçının "Nekroloq" romanı Azərbaycan Yazıçılar Birliyinin Y. Səmədoğlu adına "İlin ən yaxşı romanı" mükafatına layiq görülmüşdür.

Dünən məşhur Metal Church rok qrupunun vokalçısı Mike Hou Kaliforniya ştatının Jurica şəhərində həyatının 56 ilində haqq dünyasına qovuşdu.
"Ən dərin təəssüflərlə qardaşımızın, dostumuzun və xevi-metalın əsl əfsanəsinin ölümü barədə məlumat verməliyik. Mayk Hou bu səhər Kaliforniyanın Yurika şəhərində öz evində vəfat edib. Biz viran qalmışıq və sözləri tapa bilmirik", - deyə qrupun Facebook-dakı saytında dərc edilmiş məlumatda bildirilir. Musiqiçinin ölüm səbəbi dəqiqləşdirilməyib hələ.
Metal Church-Amerika rok qrupu San Fransisko şəhərində 1980-ci ildə yaradılmışdır. Qrup indiyədək 12-dən çox studiya albomu buraxmışdır.
Qeyd edək ki, eyni gündə Amerikadan daha bir üzücü xəbər gəldi.
Köhnə təbilçi və Slipknot Amerika rok qrupunun təsisçilərindən biri olan Joey Jordison həyatının 47-ci ilində vəfat etdi. Bu barədə müsiqiçinin ailəsinin yaydığı bəyanatda deyilir. Bəyanatdan göründüyü kimi, 2013-cü ildə Slipknot tərkibindən çıxan Jordison yatıb yuxudan durmayıb. Musiqiçinin dəfni geniş ictimaiyyət üçün bağlı olacaq, onun qohumları vurğulayıblar.
Slipknot rok qrupu 1995-ci ildə Ayova əyalətində yaradılıb. Cordison 18 ildən artıqdır ki, Nyu-metal janrında musiqi ifa edən kollektivin təbilçisi olub. Slipknot bir neçə Platin  alboma (10 milyon nüsxədən artıq satılan albomlar) sahibdir, 2006-cı ildə qrup Before I Forget mahnısına görə Grammy mükafatına layiq görülmüşdü.

Şəkillərdə: Mike Hau və Joey Jordison

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.