Super User

Super User

Çərşənbə, 28 İyul 2021 18:55

AYB sədri Anar Seyran Səxavəti təltif etdi



Yazıçı Seyran Səxavət Azərbaycan Yazıçılar Birliyinin “Nizami Gəncəvi” mükafatına layiq görülüb.
Yazıçılar Birliyinin Mətbuat katibi Xəyal Rzanın verdiyi məlumata görə, mükafatı yazıçıya iyulun 27-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar təqdim edib. AYB sədri yazıçını bu münasibətlə təbrik edərək ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb. Seyran Səxavət belə bir dəyərli mükafata layiq görüldüyü üçün AYB rəhbərliyinə təşəkkürünü bildirib.  
Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil alıb. “Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləmişdir (1981-1991).
Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlamışdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dillərə tərcümə olunmuşdur. "Qızıl teşt" pyesi Azərbaycan Akademik Dram teatrında (1988), "Büst" pyesi Lənkəran (1989), "Qapıların o üzündə qalan dünya" pyesi Füzuli (1990) Dövlət Dram teatrlarında tamaşaya qoyulmuşdur.
2002-ci ildə yazıçının "Nekroloq" romanı Azərbaycan Yazıçılar Birliyinin Y. Səmədoğlu adına "İlin ən yaxşı romanı" mükafatına layiq görülmüşdür.

Dünən məşhur Metal Church rok qrupunun vokalçısı Mike Hou Kaliforniya ştatının Jurica şəhərində həyatının 56 ilində haqq dünyasına qovuşdu.
"Ən dərin təəssüflərlə qardaşımızın, dostumuzun və xevi-metalın əsl əfsanəsinin ölümü barədə məlumat verməliyik. Mayk Hou bu səhər Kaliforniyanın Yurika şəhərində öz evində vəfat edib. Biz viran qalmışıq və sözləri tapa bilmirik", - deyə qrupun Facebook-dakı saytında dərc edilmiş məlumatda bildirilir. Musiqiçinin ölüm səbəbi dəqiqləşdirilməyib hələ.
Metal Church-Amerika rok qrupu San Fransisko şəhərində 1980-ci ildə yaradılmışdır. Qrup indiyədək 12-dən çox studiya albomu buraxmışdır.
Qeyd edək ki, eyni gündə Amerikadan daha bir üzücü xəbər gəldi.
Köhnə təbilçi və Slipknot Amerika rok qrupunun təsisçilərindən biri olan Joey Jordison həyatının 47-ci ilində vəfat etdi. Bu barədə müsiqiçinin ailəsinin yaydığı bəyanatda deyilir. Bəyanatdan göründüyü kimi, 2013-cü ildə Slipknot tərkibindən çıxan Jordison yatıb yuxudan durmayıb. Musiqiçinin dəfni geniş ictimaiyyət üçün bağlı olacaq, onun qohumları vurğulayıblar.
Slipknot rok qrupu 1995-ci ildə Ayova əyalətində yaradılıb. Cordison 18 ildən artıqdır ki, Nyu-metal janrında musiqi ifa edən kollektivin təbilçisi olub. Slipknot bir neçə Platin  alboma (10 milyon nüsxədən artıq satılan albomlar) sahibdir, 2006-cı ildə qrup Before I Forget mahnısına görə Grammy mükafatına layiq görülmüşdü.

Şəkillərdə: Mike Hau və Joey Jordison

Daşkənddə özbək dilində çap edilən “Kitob dunyasi” qəzetində Azərbaycan mövzusunda materiallar yer alıb.
AzərTAC-ın Daşkənd bürosunun məlumatına görə, qəzetin birinci səhifəsində Azərbaycanın Xalq şairi Musa Yaqubun həyat və yaradıcılığı haqqında geniş məqalə dərc olunub.
Qəzetdə şairlər Afaq Şıxlının, Təranə Turan Rəhimlinin şeirləri də yer alıb.
Nəşrin növbəti nömrəsində Əkbər Qoşalının “Özbəkistan” şeri və Fərid Hüseynin “Xivə dəftəri” silsiləsindən şeirləri də yerləşdirib.
Şeirləri orijinaldan Raxmat Bobojon, Şəhla Qasımova, Şermurod Subhon və Marufjon Yuldaşev tərcümə edib.

Heydər Əliyev Fondunun təşkilatçılığı, Təhsil və Mədəniyyət nazirlikləri, Bakı Musiqi Akademiyası və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən, xarici və yerli musiqiçilərin rəğbətini qazanan, gözəl ənənəyə çevrilən Qəbələ musiqi festival bu dəfə iyulun 31-dən avqustun 4-dək reallaşacaq.
Mədəniyyət Nazirliyindən bildirilib ki, bu il də festival əlamətdar hadisəyə həsr olunub. Məlum olduğu kimi, 2021-ci il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi qeyd olunur. Yubileyin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev 26 may 2021-ci il tarixində Sərəncam imzalayıb. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
AzərTAC-ın məlumatına görə, ictimaiyyət arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngindir. Musiqisevərlər 5 gün davam edəcək festivalda bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alacaqlar. Həmçinin festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunub.
Festivalın bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, icraçı direktoru Əməkdar artist Səbinə Əsədova, festivalın koordinatoru və bukletin tərtibatçısı Azərbaycan Dövlət Akademik Filarmoniyasının quruluşçu rejissoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə, festivalın təşkilat komitəsinin üzvləri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi professor Nərminə Quliyeva, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr, ictimai əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti professor Yeganə Axundova, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini Afət Mikayılov, festivalın aparıcıları isə Xalq artisti professor Zəhra Quliyeva, Əməkdar artist Oleq Əmirbəyovdur.
İlk olaraq iyulun 31-də 17.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konserti keçiriləcək. Heydər Əliyev Konqres Mərkəzində baş tutacaq konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış edəcəklər.
XII Qəbələ Musiqi Festivalının təntənəli açılışı 31 iyul saat 21.00-da açıq səhnədə (Qafqaz Resort) Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin ifası ilə reallaşacaq. Açılışda bədii rəhbər və baş hərbi dirijor Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti general-mayor Yusif Axundzadə, Orkestr rəisi, Əməkdar incəsənət xadimi polkovnik-leytenant Rüfət Axundzadə və hərbi dirijor baş leytenant Elnur Qurbanovun rəhbərliyi altında Arslan Növrəsli (tar), Aynur İsgəndərli (vokal), Kənan Qədimov (vokal), Gülnar Qüdrətli (xanəndə), Namiq Qurbanov (zurna, balaban) və Anar Hüseynovun (nağara) ifası dinləniləcək.
Avqustun 1-də 17.00-da Konqres Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konserti keçiriləcək.
Həmçinin avqustun 1-də saat 21.00-da Konqres Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin "Bakı Kamera orkestri"nin konserti olacaq.
Avqustun 2-də saat 17.00-da Konqres Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin konserti keçiriləcək.
Avqustun 2-də saat 21.00-da açıq səhnədə (Qafqaz Resort) "Zəfər muğam kompozisiyası" adlı Muğam axşamı keçiriləcək.
Avqustun 3-də saat 17.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin konserti baş tutacaq.
Avqustun 3-də saat 21.00-da isə açıq səhnədə bədii rəhbər və baş dirijor Xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti, Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Əməkdar artist, istedadlı violin ifaçısı Elvin Qəniyevin konserti təşkil olunacaq.
Avqustun 4-də saat 17.00-da Konqres Mərkəzində respublika və beynəlxalq müsabiqələr laureatı Eldəniz Ələkbərzadənin ifasında “Fortepiano musiqisi axşamı” keçiriləcək.
XII Qəbələ Musiqi Festivalının təntənəli bağlanışı avqustun 4-də saat 21.00-da açıq səhnədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə - Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu altında tamaşaçılara “Viva opera” adlı konsert proqramı təqdim olunacaq. Solistlər - Xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov, Əvəz Abdulla, Əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, respublika və beynəlxalq müsabiqələr laureatları Elmina Həsənova, Adil Axundov, Mahir Tağızadə, Atəş Qarayevdir.

Xəbər verdiyimiz kimi Londonda ingilis dilində ədəbiyyat sahəsində ən nüfuzlu mükafatlardan biri olan Buker mükafatının (Booker Prize) 13 yazıçıdan ibarət uzun siyahısı elan edilib. Yapon mənşəli Britaniya yazıçısı Kazuo Isiquronun adının "Klara və Günəş" (Klara and The Sun) antiutopiya janrında fantastik romanı ilə uzun siyahıya daxil edilməsi onu ən şanslı namizəd kimi nəzərdən keçirməyə imkan verir.

 

Bəs digər 12 nəfər kimlərdir? Birləşmiş Krallığı siyahıda üç yazıçı təmsil eləyir. Bu, artıq adını çəkdiyimiz İsiquro, eləcə də Sunjiv Sahota və Francis Spafforddur. İngilis pasportuna uzun siyahıdan daha iki müəllif malikdir - kanadalı Reyçel Kask və Somalidən olan yazıçı Nadif Mohamed. ABŞ-dan mübarizəni dörd müəllif davam etdirir: Riçard Pauers, Maggi Şipsted, Natan Harris və Patrisiya Lokvud. Son iki müəllif bu siyahıya debüt işləri ilə daxil olub. Eyni zamanda iki yazıçı - Deymon Gelgut və Karen Jennings Cənubi Afrikanı, Anuk Arudpragazam  Şri - Lankanı, Meri Louson Kanadanı təmsil edirlər.

 

Kadzuo İsiquro

 

Həqiqətən də Nobel mükafatçısı, şöhrətli İsiquro ən şanslı namizəd hesab edilir. İsiquro 1954 -cü ildə 2-ci dünya müharibəsi zamanı amerikalıların atom bombası atdıqları Naqasaki şəhərində dünyaya gəlib, 1960-cı ildə ailəsi ilə birlikdə Böyük Britaniyaya köçüb.

 

O, hələ 1989-cu ildə "Günün qalan hissəsi" romanı (The Remains of the Day) üçün Buker mükafatına layiq görülüb, qısa siyahıya indiyə kimi cəmi üç dəfə düşüb. Nobel mükafatı isə ona 2017-ci ildə verilib.

 

Bu dəfə yazıçı "Klara və Günəş" adlı antiutopiya janrında yazdığı fantastik romanı ilə uzun siyahıya daxil olub. Kitab 2021-ci ildə nəşr olunub, bir neçə xarici ölkədə nəşr olunmağa macal tapıb.

 

Münsiflər heyəti sədrinin rəyi

 

Münsiflər heyətinin rəhbəri, amerikalı tarixçi və yazıçı, Harvard Universitetinin müəllimi Maya Sasanoff seçilmiş bütün əsərlərin özünəməxsus dilinə diqqət çəkib.

 

"Bu kitabları birləşdirən bir şey, oxucunu qeyri-adi bir hekayəyə daxil etmək və bunu bacarıqlı, fərqli səslənmənin köməyi ilə etmək imkanıdır. Pandemiya zamanı xüsusilə qeyd etmək vacibdir ki, bütün bu kitablarda cəmiyyətlərin təbiəti haqqında vacib məlumatlar var - kiçik və tənha olanlardan kiberməkanın ölçüyəgəlməz genişliklərinə qədər", - deyə o, həmkarlarının mövqeyini şərh edib.

 

Mükafat haqqında

 

Uzun siyahıya daxil edilmiş kitablar 2020-ci ilin 1 oktyabrınadək Böyük Britaniyada və ya İrlandiyada nəşr olunmuş 158 əsərdən seçilib.

 

13 yazıçıdan 6-nın daxil olacağı qısa siyahı sentyabrın 14 - də, mükafat mükafat qazanan şəxsin adı isə noyabrın əvvəlində elan ediləcək. Həmin yazar 50 min funt sterlinq (69 min dollar) qazanacaq.

 

Buker mükafatı 1968-ci ildə təsis edilib. İlk dəfə onun təqdimatı 1969-cu ildə baş tutub. 2013-cü ilə qədər bu mükafat Böyük Britaniya, İrlandiya və ya Zimbabvedə yaşayan müəlliflərə verilirdi, həmin ildən isə başqa ölkələrdən olan yazışılar da ingilis dilində yazılmış və Birləşmiş Krallıqda çap olunmuş əsərləri ilə mükafata iddia irəli sürmək hüququ qazandılar.

 

Keçən il mükafatın sahibi “Shuggie Bain” debüt romanı ilə şotland yazıçısı Douglas Stüart olub.

Əlbəttə, maddiyyatın mənəviyyatdan qat-qat üstün olduğu indiki dönəmdə hansı yollarla olursa olsun, mədəniyyətin ayaqda qalmasına çalışmaq lazımdır. Söhbət postsovet məkanından gedir, o məkandan ki, oranın sakinləri uzun müddət sosializm quruluşunda yaşayıblar, indisə kapitalizmdə. İdeologiya faktorunun - yəni mənəvi olanın üstün olması hara, kapitalın, yəni maddi olanın üstün olması hara?
Krım yarımadasında yerləşən Simferopol liman şəhərində mərkəzi parkda skamyaların üzərinə böyük rus şairi Aleksandr Puşkinin şeirlərinin bəndlərini həkk edirlər. Görün necə gözəl mənzərədir. (Fotolarda). Əyləşən, ya da keçib gedən bu sətirləri oxuyur, feyziyab olur:

Я помню чудное мгновение
Передо мной явилась ты.
Как мимолетнее виденье,
Как гений чистой красоты.

İnsan gərək daim görüb bəyəndiyi qabaqcıl təcrübədən istifadə etsin. Simferopollular da, yəqin skamyaya şeir bəndlərini yazmağı bir başqa şəhərin təcrübəsindən yararlanaraq ediblər. Bu yerdə Nizami ili elan olunmuş 2021-ci ildə Bakının dənizkənarı parkında olmazmı bizlər də Nizaminin müdrik kəlamlarını əks etdirək?
Əlbəttə olar, amma bu işi təşkil etmək səlahiyyətində olanların yetər ki, beyinlərini yalnız maddi qazanc məşğul etməsin.

Çərşənbə axşamı, 27 İyul 2021 15:27

Londonda Buker mükafatının uzun siyahısı elan edildi

 

Uzun siyahıya Nobel mükafatı laureatı Kadzuo İsiquronun  "Klara və Günəş" antiutopiya janrında fantastik romanı da daxil edilib

 

 

 

Bazar ertəsi, gecədən xeyli keçmiş Londonda ingilis dilində ədəbiyyat sahəsində ən nüfuzlu mükafatlardan biri olan Buker mükafatının (Booker Prize) 13 yazıçıdan ibarət uzun siyahısı elan edildi. Yapon mənşəli Britaniya yazıçısı Kazuo Isiquronun adının uzun siyahıya daxil edilməsi onu ən şanslı namizəd kimi nəzərdən keçirməyə imkan verir. Bu barədə bu gün Buker mükafatı Fondunun mətbuat xidmətinin Twitter hesabındakı məlumatda deyilir.

 

Birləşmiş Krallığı siyahıda üç yazıçı təmsil eləyir. Bu, artıq adını çəkdiyimiz İsiquro, eləcə də Sunjiv Sahota və Francis Spafforddur. İngilis pasportuna uzun siyahıdan daha iki müəllif malikdir - kanadalı Reyçel Kask və Somalidən olan yazıçı Nadif Mohamed. ABŞ-dan mübarizəni dörd müəllif davam etdirir: Riçard Pauers, Maggi Şipsted, Natan Harris və Patrisiya Lokvud. Son iki müəllif bu siyahıya debüt işləri ilə daxil olub.

 

Eyni zamanda iki yazıçı - Deymon Gelgut və Karen Jennings Cənubi Afrikanı, Anuk Arudpragazam  Şri - Lankanı, Meri Louson Kanadanı təmsil edirlər.

 

 

 

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının işıqçısı, Vətən müharibəsi şəhidi Əliağa Məmmədovun anım günündə ona həsr edilən xatirə lövhəsinin açılışı oldu.
Mədəniyyət Nazirliyinin məlumatına görə, Dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimdə Vətən uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Anım tədbirində Xalq artisti Fatma Mahmudova, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı və teatrın digər əməkdaşları Əliağanın nurlu xatirəsindən söhbət açdılar.
Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin əsgər yoldaşları, ailə üzvləri, media nümayəndələri və digər qonaqlar da iştirak edirdilər.

Əliağa Eldəniz oğlu Məmmədov 26 iyul 2001-ci ildə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. Milli Qəhrəman Nazim İsmayılov adına 80 saylı tam orta məktəbi bitirdikdən sonra özünü idman sahəsində sınayıb, cüdo üzrə müxtəlif yarışlarda çıxışları ona medallar və sertifikatlar qazandırıb.
Peşə təhsili alandan sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıqçı kimi fəaliyyətə başlayıb. Elə hərbi xidmətə də çalışdığı doğma teatrdan yola düşüb. Teatrın səhnəsini işıqlandıran gənc Vətən qarşısında müqəddəs borcunu da layiqincə yerinə yetirib.
2020-ci ilin 44 günlük Vətən müharibəsinin ilk günlərindən qəhrəmancasına vuruşub. Oktyabrın 6-da ağır döyüşlərin birində Əliağa tabor komandirinin həyatını öz canı bahasına xilas edib və şəhidlik zirvəsinə ucalıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xəbər verdiyimiz kimi, Türkiyənin Bursa şəhərində Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçirilir.
Bursa konfransı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Nizami Gəncəvi İli” çərçivəsində görülən tədbirlərin davamı olaraq təşkil edilib.
Konfrans çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Nizami Gəncəvinin əsərlərinə həsr edilən rəsm əsərləri, o cümlədən Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində nəşr olunmuş Nizami Gəncəvinin küliyyatı, eləcə də Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatının Nizami Gəncəvinin kitabları daxil olmaqla nəşrləri, həmçinin TÜRKSOY-un nəşrləri sərgilənir.
Konfrans çərçivəsində daha iki panel baş tutub. Bursa Uludağ Universitetinin (BUU) professoru Hatice Şahinin sədrliyi ilə keçirilən birinci paneldə özbək alim Erkin Nuriddinov, azərbaycanlı alimlər Bayram Apoyev, Şəfa Qurbanova, BUU-nun dosenti Erdem Özdemirin sədrlik etdiyi ikinci paneldə isə azərbaycanlı alimlər Xədicə Hüseynova, Bibixanım İbadova, Əlimuxtar Muxtarov, Sərxan Cəfərov, Özbəkistandan dosent Dildor Nuriddinova və digərlərinin çıxışları dinlənilib.
Çıxışlarda Nizami Gəncəvinin “Xəmsə”si bəşəriyyətin elmi, ədəbi, mənəvi abidəsi kimi dəyərləndirilib. Vurğulanıb ki, böyük Azərbaycan şairinin əsərləri dünya ədəbiyyatında misilsiz bir xəzinədir. Azərbaycanda “Nizami Gəncəvi İli” çərçivəsində görülən işlərdən, o cümlədən şairin əsərlərinin başqa dillərə tərcüməsi və çeşidli nəşrlərinin xüsusi əhəmiyyətindən bəhs olunub.
AzərTAC xəbər verir ki, Nizami Gəncəvinin həyatı və yaradıcılığı üzərində səmərəli müzakirələr aparan alimlər vurğulayıblar ki, Gəncəvi beynəlxalq aləmdə təkcə nadir yaradıcılıq üslubu ilə seçilən şair kimi deyil, filosof və mütəfəkkir kimi tanıtdırılmalıdır. Qeyd olunub ki, məhz son illər görülən işlərin böyük nəticəsi olaraq dünyanın ayrı-ayrı ölkələrində Nizami Gəncəvinin həyat və yaradıcılığı mövzusunda elmi tədqiqatlar sürətlə artmaqdadır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.