Heydər Əliyev Fondunun təşkilatçılığı, Təhsil və Mədəniyyət nazirlikləri, Bakı Musiqi Akademiyası və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən, xarici və yerli musiqiçilərin rəğbətini qazanan, gözəl ənənəyə çevrilən Qəbələ musiqi festival bu dəfə iyulun 31-dən avqustun 4-dək reallaşacaq.
Mədəniyyət Nazirliyindən bildirilib ki, bu il də festival əlamətdar hadisəyə həsr olunub. Məlum olduğu kimi, 2021-ci il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi qeyd olunur. Yubileyin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev 26 may 2021-ci il tarixində Sərəncam imzalayıb. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
AzərTAC-ın məlumatına görə, ictimaiyyət arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngindir. Musiqisevərlər 5 gün davam edəcək festivalda bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alacaqlar. Həmçinin festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olunub.
Festivalın bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, icraçı direktoru Əməkdar artist Səbinə Əsədova, festivalın koordinatoru və bukletin tərtibatçısı Azərbaycan Dövlət Akademik Filarmoniyasının quruluşçu rejissoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə, festivalın təşkilat komitəsinin üzvləri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi professor Nərminə Quliyeva, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr, ictimai əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti professor Yeganə Axundova, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini Afət Mikayılov, festivalın aparıcıları isə Xalq artisti professor Zəhra Quliyeva, Əməkdar artist Oleq Əmirbəyovdur.
İlk olaraq iyulun 31-də 17.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konserti keçiriləcək. Heydər Əliyev Konqres Mərkəzində baş tutacaq konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış edəcəklər.
XII Qəbələ Musiqi Festivalının təntənəli açılışı 31 iyul saat 21.00-da açıq səhnədə (Qafqaz Resort) Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin ifası ilə reallaşacaq. Açılışda bədii rəhbər və baş hərbi dirijor Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti general-mayor Yusif Axundzadə, Orkestr rəisi, Əməkdar incəsənət xadimi polkovnik-leytenant Rüfət Axundzadə və hərbi dirijor baş leytenant Elnur Qurbanovun rəhbərliyi altında Arslan Növrəsli (tar), Aynur İsgəndərli (vokal), Kənan Qədimov (vokal), Gülnar Qüdrətli (xanəndə), Namiq Qurbanov (zurna, balaban) və Anar Hüseynovun (nağara) ifası dinləniləcək.
Avqustun 1-də 17.00-da Konqres Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konserti keçiriləcək.
Həmçinin avqustun 1-də saat 21.00-da Konqres Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin "Bakı Kamera orkestri"nin konserti olacaq.
Avqustun 2-də saat 17.00-da Konqres Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin konserti keçiriləcək.
Avqustun 2-də saat 21.00-da açıq səhnədə (Qafqaz Resort) "Zəfər muğam kompozisiyası" adlı Muğam axşamı keçiriləcək.
Avqustun 3-də saat 17.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin konserti baş tutacaq.
Avqustun 3-də saat 21.00-da isə açıq səhnədə bədii rəhbər və baş dirijor Xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti, Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Əməkdar artist, istedadlı violin ifaçısı Elvin Qəniyevin konserti təşkil olunacaq.
Avqustun 4-də saat 17.00-da Konqres Mərkəzində respublika və beynəlxalq müsabiqələr laureatı Eldəniz Ələkbərzadənin ifasında “Fortepiano musiqisi axşamı” keçiriləcək.
XII Qəbələ Musiqi Festivalının təntənəli bağlanışı avqustun 4-də saat 21.00-da açıq səhnədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə - Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu altında tamaşaçılara “Viva opera” adlı konsert proqramı təqdim olunacaq. Solistlər - Xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov, Əvəz Abdulla, Əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, respublika və beynəlxalq müsabiqələr laureatları Elmina Həsənova, Adil Axundov, Mahir Tağızadə, Atəş Qarayevdir.