Super User
Bu gün TÜRKSOY-un yaradılmasının 28 ili tamam olur
Bu gün Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un yarandığı gündür.
AZƏRTAC xəbər verir ki, ötən müddət ərzində TÜRKSOY türkdilli xalqların mədəniyyətinin, ədəbiyyatının təbliği və ortaq dəyərlərinin yaşadılaraq gələcək nəsillərə ötürülməsi naminə onlarla layihəyə imza atıb, olduqca yaddaqalan tədbirlər keçirib və türk dünyasının birliyi naminə mühüm addımlar atıb.
1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Sonrakı illərdə Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakas və Saxa-Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi və Şimali Kipr Türk Respublikası təşkilata üzv olub. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyət Təşkilatı adlanır.
TÜRKSOY təşkilatı türkdilli xalqların sosial-mədəni oxşarlığının bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, incəsənətinin, adət - ənənələrinin, mədəni irsinin araşdırılması, qorunması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulub. Mənzil-qərargahı Ankara şəhərində yerləşir. Təşkilatın fəaliyyəti hər il toplantıları keçirilən Mədəniyyət Nazirləri Daimi Şurası tərəfindən müəyyən olunur. Qurumun cari fəaliyyətinə baş katib rəhbərlik edir.
Azərbaycan Respublikasının Rusiyadakı səfiri, keçmiş mədəniyyət naziri, Xalq Artisti, professor Polad Bülbüloğlu 1993-2006-cı illərdə TÜRKSOY-un ilk baş katibi olub. Hazırda TÜRKSOY-a Qazaxıstanın keçmiş mədəniyyət naziri, professor Düsen Kaseinov rəhbərlik edir.
Ötən 28 ildə TÜRKSOY ümumtürk mədəni irsinin təbliği və tanıdılması, türkdilli xalqlar, ölkə və diyarlar arasında mədəniyyət, incəsənət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük işlər görüb, çoxsaylı layihələr həyata keçirib. Bu layihələrin bir çoxu ənənə halını alaraq hər il davam etdirilir.
TÜRKSOY bir sıra beynəlxalq qurumlarla, o cümlədən 1996-cı ildə birgə müqavilə imzaladığı UNESCO ilə, habelə Türk Əməkdaşlıq Şurası, TürkPA, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edir.
Azərbaycan təşkilatın fəaliyyətində yaxından iştirak edir. Qurumun ölkəmizlə çox sıx əməkdaşlıq telləri var. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Son dövrdə reallaşan mühüm tədbirlər sırasında 2016-cı ildə Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsini, 2017-ci ildə TÜRKSOY tərəfindən elan olunan “Molla Pənah Vaqif ili”nin uğurla keçirilməsini, həmçinin ölkəmizin fəal təmsil olunduğu ənənəvi layihələri – TÜRKSOY-un rəssamlar, fotoqraflar, bəstəkarlar və s. görüşlərini qeyd etmək olar. TÜRKSOY tərəfindən Avropa və Amerikada, BMT-nin baş qərargahında təşkil olunan ənənəvi Novruz tədbirlərində Azərbaycan xüsusilə fəal iştirak edir.
Türkdilli ölkələrin teatr festivalı, rəssamların sərgiləri və digər layihələrdə iştirak Azərbaycan mədəniyyətini dünyada təbliğ etməklə yanaşı, türk mədəniyyətinin nümayəndələrinin də ölkəmizdə tanıdılmasına şərait yaradır. 2009-cu ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operası TÜRKSOY-un təşəbbüsü ilə beynəlxalq layihə əsasında səhnələşdirilmişdi. Layihədə Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, həm də Başqırdıstan və Tatarıstan muxtar respublikalarının təmsilçiləri iştirak edirdilər.
Düsen Kaseinov TÜRKSOY-un qurucu üzvlərindən biri olan Azərbaycanın qurum daxilindəki fəaliyyətini hər zaman yüksək qiymətləndirib. O, Azərbaycan rəhbərliyinin, xüsusilə Prezident İlham Əliyevin hər zaman TÜRKSOY-un fəaliyyətini yüksək səviyyədə dəstəklədiyini vurğulayıb.
Azərbaycanın görkəmli mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri ilə bağlı bir çox tədbirlər həyata keçirən TÜRKSOY Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına əsasən dahi şairin 880 illiyinə həsr olunmuş müxtəlif tədbirlər təşkil edib. Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ankarada – TÜRKSOY-un qərargahında “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və rəsm sərgiləri açılıb, eləcə də bu il 100 illik yubileyi tamam olan görkəmli Azərbaycan rəssamı Mikayıl Abdullayevin Nizami irsinə həsr olunmuş əsərlərindən ibarət sərgi təşkil edilib.
“OdƏrlər” romanı - postmodern kontekstdə
Azərbaycan nəsri müasir dövrdə hansı məcrada inkişaf edir?
Ənənəvi ədəbi cərəyanlar yeni ədəbi cərəyanların müdaxiləsini hiss edirmi?
Filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova “Şəmil Sadiqin “OdƏrlər” romanı - postmodern kontekstdə” resenziyasını “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edir. Burada bir əsərin timsalında həm də ümumən 21-ci əsr nəsrinin postmodern meyillərinə şərh verilmişdir.
Şəmil Sadiqin "OdƏrlər" tarixi-fəlsəfi romanı postmodernizm kontekstindən çox əhəmiyyətlidir. Əsəri Milli Qəhrəman Mübariz İbrahimovun və “İgidliyə görə” medalı ilə təltif edilmiş şəhid baş leytenant Fərid Əhmədovun əziz xatirəsinə həsr edən müəllif, burada əsərdə qələmə alaçağı süjetə diqqət çəkir.
Yazar romanda iki əsas süjet xətti cızır. Birinci süjet xəttində o, "Ulu Şaman" adlı məxfi təşkilatın fəaliyyətini, ikincidə isə - mifoloji yaşanmışlıqları əks etdirən hadisələr zənciri türk mifologiyası, azərbaycançılıq, postmodernizm kontekstində şərh olunur. Şəmil Sadiq romanına başlayarkən oxucularla bir çox məqamları, romanın ortaya çıxma prosesini, zaman kəsimini və əsərdəki xarakterlər barəsində fikirlərini açıq və gizli kodlarla bölüşür: Əsərdə istifadə olunan nümunələrdən konkret zaman kəsimini müəyyən etmək mümkündür. Bu isə metafiksiyadır.
Əsərin postmodern kontekstdən öyrənilməsi son dərəcə aktual və gərəklidir. Burada Şəmil Sadiq türk mifologiyası kontekstindən çıxış edir. Xüsusilə islam dininə dekonstruktiv yanaşmalar diqqəti cəlb edir. Məqalədə “OdƏrlər” romanı kontekstində Azərbaycan bədii nəsrində yer alan postmodern elementlər və təmayüllər tədqiqata cəlb olunmuşdur. Postmodern nəzəriyyə və monoqrafiyalara əsaslanaraq romanda öz əksini tapmış postmodern elementlər araşdırılmış, intertekstuallıq baxımından edilən istinadlar müqayisəli şəkildə araşdırılmışdır.
Romanda baş verən hadisələrə giriş etməzdən öncə Şəmil Sadiq dahi Cavidin “Ölüm var ki, həyat qədər dəyərli...“ fikri ilə oxucuya kosmoqonik bir mesaj ötürür.
Şəmil Sadiq "OdƏrlər"in yazılma məqsədinin fəlsəfi düşüncələrinin çatdırılması və vətənpərvərlik kimi məsələlərə diqqət çəkmək, gənclərdə mübariz ruhun oyadılması kimi konsepsiyalarla bağlı olduğunu qeyd edib.
Əsər “Qısa bir zamanda dünyadan bixəbər ucqar kənddə yaşayan kəndlilər xəbər tutdu ki, kəndə nalyığan gəlib. Hamı bir-birinə dəymişdi. Dağ kəndində heç kimin ağlına gələ bilməyəcəyi bir hadisə baş vermişdi. Şəhərdən gəldiyi ehtimal edilən bir nəfər nal yığırdı. Həm də köhnə nal. Nala verilən pulla dörd təzə nal almaq olardı” !” - kimi girişlə başlayır. Postmodern dönəmdə yazılan əsərin nal hadisəsi ilə açılması da təsadüfi deyil. Türk mifologiyasında “Atla yanaşı, atın nalı da qutlu sayılır, nalın tapılması xoşbəxtlik kimi alqılanır, evin qapısı üzərində asılması da “göz qaytarma” (nəzərlik) sayılmışdır”.
“Şəmil Sadiqin "OdƏrlər" romanı postmodern üslubunda yazılan və eyni zamanda Qarabağ münaqişəsinə həsr olunan nadir iri bədii nəsr nümunəsidir. Postmodern ədəbiyyat intertekstual əlaqələri ilə xüsusi seçilir. Azərbaycan postmodern romanında da güclü intertekstual əlaqələrə rast gəlirik. Məsələn, Şəmil Sadiqin “OdƏrlər” romanında Hüseyn Cavidin və İsa Hüseynovun əsərləri ilə sıx intertekstual əlaqələr müşahidə olunur”.
Bundan başqa Arslanın Qoroğlu adlandırılması və Dəmirçioğlu obrazı “Koroğlu dastan”ının özünü və “türk eposlarının özəyində duran “Qoroğlu/Koroğlu” mifinin tarixi köklərinə” istinad, işarə edir : “Tanrının qılıncını simvolizə edirdi. Bütün böyük sərkərdələr daim həmin bu qılıncın axtarışında olmuşdur. Atillanın əldə etdiyi qılınc da, Qoroğlunun (Goroğlunun, Koroğlunun) göylərdən gələn Misri qılıncı da bu qılıncdan idi. – Qoroğlu, yaxın gəl, al bu qılıncı. Bundan sonra son damla qanına qədər haqq yolundan yayınmayacağına and iç!”.
Göründüyü kimi, romanda “Koroğlu” eposunun variantlarına edilən göndərmələr diqqəti cəlb edir. Bu səpkidə yazar ümumtürk mövqeyindən çıxış edərək postmodern təmayüllər fonunda əsərini inkişaf etdirir:
“– Qoroğlu, aramıza xoş gəldin!
– Siz kimsiniz? Mən hara xoş gəldim?
–Oğul, sən Ata ocağınagəlmisən, narahatolma! İşti-rakçısı olduğun bu ocağın tarixi çox qədimdir. Türkdün – yasının və bəşəriyyətin qurtuluşu üçün çalışır, zaman-zaman böyük zərbələrə məruz qalaraq itirilmiş tarixlərin üzə çıxarılması üçün mübarizə aparır”.
Postmodern romanda həmçinin tarix obyektiv olmaqdan çıxır, çünki tarixin istinad etdiyi reallıq anlayışlarına şübhə duyulur. Tarixi reallığa sadiq qalmamaq müəllif üçün bir növ var olmaq prinsipidir, azadlıqdır. Buna müvəqqəti təhrif (Temporal distortion) deyilir. Postmodern bədii ədəbiyyatdakı müvəqqəti təhrif tez-tez ironiya naminə müxtəlif yollarla istifadə olunur. Tarixi metafiksiya buna bir nümunədir.
Modern roman tarixdə populyar olanları nəhəng simalar və hadisələr fonunda kimi təqdim edərkən postmodern romanda adi insanlar tarixi şəxsiyyət kimi bədii ədəbiyyata daxil edilmişdir. Postmodernizmdə fərdi reallıqlar, mətnlər və zamanların məcmusunu əks etdirən həqiqət, mətn və zamana bənzər bir baxış mövcuddur. Zamanın şəxsi quruluşu mədəni kanondan və ayrıca fərdi idosistemdə ortaya çıxan fərdi duyğudan asılıdır.
Salidə Şərifova yazır: “Postmodern romanlarda zamanın "sıxlaşma"sı ("sıxılma") ona gətirib çıxarır ki, bədii əsərdə fasiləli nizamlı zamandan dövrü prosesə keçidi və ya da zamanın "dondurulması" ehtimal edilir. Məkan "sıxılma"sı real və sürreal qarşılıqlı nüfuz etmənin güclənməsində özünü göstərir. Zaman çərçivəsində zamansızlığı nəzərə çarpdırmaqla sərbəst hərəkət etmələr əsərin ahəngdarlığına xələl gətirmir. Şəmil Sadiqin "OdƏrlər" romanında fabula Odərlərin Şuşaya yürüşü və Dədə Əfəndinin altı söhbəti əsasında inkişaf edir. Hadisələr pərakəndəlik xarakteri daşısa da, bəzən bir-biri ilə əlaqəli olmasalar da romanın əsas ideyası ilə süjet xətlərinə birləşdirilirlər”.
Romanda süjetdəki hadisələrin bir-birinə bənd olunması montaj variantı ilə həyata keçirilmişdir: “Kapitan bu hadisəni həmişə dostları ilə söhbətində Nizaminin “İsgəndərnamə” poemasındakı İsgəndərin zəncilərlə döyüşü ilə müqayisə edirdi. Belə ki, bir gün İsgəndərin ordusu zəncilərlə döyüşdə məğlub olub geriyə qaçır. Döyüşçülər arasında belə bir şayiə yayılır ki, düşmən tərəfin şahı qaniçəndir. Əsir düşmüş əsgər-lərin qanını içir. İsgəndər bu hadisəni eşidəndə çox fikirləşdi. Amma yol tapa bilmirdi ki, bilmirdi. Bunun üçün də qaniçən ermənilərə İsgəndər kimi cavab vermək lazım idi.”
Vurğulayaq ki, Nizaminin haqqında bəhs olunan poemasında gerçəkdən də, belə məqamlar və hadisələr mövcuddur. Məmməd Qocayev yazır: “Döyüş səhnələri geniş şəkildə, bütün xırda təfərrüatları ilə təsvir olunur. Zənci bahadırları adları ilə təqdim olunur (Zəraçə, Pələngər), onların portretləri realist boyalarla təsvir olunur. İsgəndər özü də, hər şeydən əvvəl, bir cəngavər kimi çıxış edir. Heç bir pəhləvanın qalib gələ bilmədiyi qaniçən, filbədənli zənci bahadırının qarşısına İsgəndər özü çıxır və qalib gəlir. O, zəngibarlara öz mənəviyyatının üstünlüyünü deyil, öz gücünün üstünlüyünü göstərir”.
“Müqəddəs mətinlərin "Əvvəlcə söz var idi!" anlayışını interstekstuallığın mərkəzinə qoya bilərik. Bu anlayışa görə heç bir mətn bənzərsiz deyil. Mətn əvvəllər bu və ya digər şəkildə yazılmış mətndir. Mətn əvvəllər bu və ya digər şəkildə yazılmış bir mətnin ümumi və ya xüsusi bir parodiyasıdır. İlk baxışdan belə deyilsə, müəyyən hissələr kolajlanmıştır və ya heç olmasa hər hansı bir mətnə istinadlar vardır”
Görüldüyü kimi Nizaminin “İsgəndərnamə” poemasındakı əsas süjet romana montaj-daxil edilib.
Romanda həmçinin islam, mifologiyaya müraciət, folklordan yaradıcı istifadə kimi məsələr də hakim mövqe tutur:
“Belə ki, Dədə Əfəndi, Ata kişi, Dəmirçioğlu ağsaqqal obrazları gözümüzdə Dədə Qorqudu canlandırır. Eyni zamanda romanda “Ulu Şaman” adlı məxfi təşkilatın fəaliyyəti əsasında yeni miflər formalaşdırılır. Postmodern romanlarda reallıqla əlaqəsi olan obrazlarla yanaşı gerçəkliklə əlaqəsi olmayan individual obrazlar romanın açıq mətn olmasına imkan yaradır. Dədə Əfəndinin altı söhbəti bizə ağsaqqal nəsihəti ilə ulularımızı xatırladır”.
Yaxud:
“Quran”da yazılıb ki, Tanrı bu dünyanı 6 günə yaratdı. O nə deməkdi, niyə altı günə? Bunlar da dediyimiz bu beş rəqəmi ilə bağlı idi. Bəs niyə həftənin beşinci günü müqəddəs gün hesab edilir?”.
Əsərdəki 6 rəqəmi müqqədəs olmaqla yanaşı, postmodernnizmin qurucularından olan Umberto Ekonun "Ədəbiyyat meşələrində altı gəzinti" əsərini xatırladır.
Romanda həmçinin qədim dövrə məxsus, folklorun nəfəsini özündə əks etdirən gizli simvollarla xəbərləşmə, igidi sınaqdan keçirmə kimi, şamanlıq, müqqəddəs simvollar, xalq inancları kimi məsələlərə də geniş yer verilib. Əsərdəki obrazların hər birinin qanında xanların qanının olması məsələsi də Azərbaycan xalqının milli-qəhrəmanlıq köklərini, tarixini özündə ehtiva edir.
Əsərdəki: “Rəhman və Rəhim Allahın adı ilə. Həmd-səna və tərif aləmlərin Rəbbi olan Allaha məxsusdur. Rəhm edənlərin rəhm edənidir. Qiyamət gününün sahibidir. İlahi! Yalnız sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola hidayət et. O kəslərin yoluna ki, onlara nemət vermisən...
“Fatihə” surəsinin tərcüməsi təqribən belə idi. Amma onlar Uca Tanrıya kitabların təklifinə əsasən Rəbbin tövsiyə etdiyi dildə – ərəb dilində ibadət edirdilər” hissədə “Fatihə” surəsindən olan hissə romana yapışdırılıb. Burada yazar postmodern texnika olan pastişdən istifadə edir. Bu texnikanı istifadə etməkdə müəlliflərin əsas məqsədi əvvəlki müəlliflərin əsərlərinə və üslublarına hörmət etmək və ya parodiya etməkdir.
Romanda bir çox dinlər, təriqətlər haqqında tarixi və subyektiv mülahizələr mövcud olsa da, ən çox islam dini ilə məqamlarda yazar modernist, rasionalist və bəzən postmodern kimi çıxış edir.
“Oğul, “Quran” ayələri Məhəmməd peyğəmbərə heç də göydən o cür gəlməmişdi. Sadəcə həm Məhəmməd peyğəmbər, həm də ondan əvvəlki peyğəmbərlər Tanrının, Yaradanın insanlığa belə bir yaşam qanunları göndərdiyini bilirdilər. Onun dediklərinin əksəriyyəti Tanrının sözüdür, amma bəzi məsələləri dövrə, şəraitə və məkana görə ya dəyişmiş, ya da əlavələr etmişlər” – xüsusilə bu məqamda “Qurani-Kərimin” dəyişdirilməyən yeganə müqəddəs mətn olduğu konsepsiyası dekonstruksiya olunur. Cavad Heyət “Göktanrı dini həmin şaman dinidir” deyə qeyd edir.
Əsərdə postmodernizmin Poioumenon və hiperreallıq kimi elementlərindən də istifadə olunub.
"Poioumenon", Alastair Fowler tərəfindən hekayənin yaradılış prosesi ilə bağlı olduğu metafiksiyanın müəyyən bir növünə istinad etmək üçün önə sürülən bir termindir. Fowlerə görə, "poioumenon, uydurma və reallığın sərhədlərini - mətnin həqiqətinin sərhədlərini araşdırmaq üçün fürsətlər təqdim etmək üçün yaradılır və buna hesablanır!
"Postmodernizmin təməl anlayışlarından biri olan hiperreallıq isə, eyni zamanda gerçəklə gerçək olmayan arasındakı xəttin bulanıqlaşdırıldığı bir vəziyyəti ifadə edir, burada "hiper" prefiksi bir reallıq modeli tərəfindən yaradılan həqiqətin gerçəklikdən daha real olduğunu göstərir”.
“Quran”ın göydən kəlmə-kəlmə, surələrlə, ayələrlə, gəldiyi fikir də yanlışdır, oğul. Bizi Yaradan, səncə, o qədər dar düşüncəyə malik idi ki, insanlıq üçün fikirlər söyləsin, sonra da onların keçərsiz olduğunu qeyd etsin? İslam tarixini yadına salsan, görərsən ki, Məhəmmədin dövründə neçə-neçə ayənin sonra gələn ayələrdə keçərsiz olduğu qeyd edilir. “Əl-bəqərə” surəsinin 106-cı ayəsini yadına sal: “Biz (zaman və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olduğunu bilmirsənmi?” Bax, oğul, “Quran”ın özündə belə yazılıb ki, bəzi ayələri sonradan qüvvədən saldıq. Görürsən, nə qədər gülünc görünür?”
Çünki Rönesansla birlikdə inkişaf edən humanizm, Tanrı və vəhy mərkəzli bir dünya; kainatdan insan mərkəzli dünya və kainata keçidinə əsaslanmışdır.
“Beləliklə, Tanrı və vəhy əsas istinad olmaqdan çıxdı, insan bir istinad sistemi olaraq Tanrı ilə əvəz edildi. Bunun təbii bir nəticəsi olaraq, insanın yaratdığı məlumatlar vəhyin yerini tutmuşdur”.
Romanda: “Onda Məhəmmədin kim olduğunu biləcəksən. O da seçilmişlərdən idi. O da Dədə Qorqud kimi seçilmiş, qanı təmizlərdən idi. Gök Tanrı elmini başqa formada ərəblərə satdı. Halbuki dədəmiz Mete xan əllərində olan ideyanı əsas tutaraq deyirdi ki, barış istəyən insanları qurtarmaq üçün Tanrı məni vəzifələndirdi” –kimi məqamlarda Məhəmməd peyğəmbər və Dədə Qorqud eyniləşdirilir.
“Amasiyanın Qarağac kəndində yunan quldurları ağlasığmaz müsibətlər törətmişdilər. Qadınların kürəyinə qaynar su dolu samovarı bağlayıb əzab və işgəncə içində öldürmüş, hamilə qadınların qarnını yararaq körpələri çıxarmışdılar. Üç-dörd azyaşlı uşağı payaya keçirərək, üst-üstə kərpic evlərin fasadına söykəmişdilər...” - romanda yunanların törətdiyi bu ağlasığmaz faciələr ermənilərin Xocalıda törətdiyi qətillər, vəhşiliklər - Xocalı faciəsi ilə intertekstual əlaqədədir.
Roman postmodernizmin bir çox əsas elementini özündə cəmləndirə bilib “OdƏrlər başsız atlı kimi yürüyürdülər. Fikirlər uzaqlarda, ruhlar isə göylərdə idi. Artıq xeyli məsafə qət etmişdilər, amma heç biri danışmırdı”.
Burada yazar “Başsız atlı” — Mayn Rid tərəfindən 1865-cı ildə yazılmış romana göndərmə edir. Qeyd edək ki, Avropa ədəbiyyatında bu kimi göndərmələrə çox rast gəlinir. Yaxud: “Boqomilla uzunboğaz, qara çəkməsini tələsik bağlayıb, ona xüsusi yaraşıq verən qara saçlarını başı ilə arxaya ataraq, telefonunu götürüb hoteldən çıxdı. Amma cazibədar olmaq üçün lazım olan bütün vasitələrdən istifadə etmişdi.
Vurduğu “Hypnose”la təninin vəhdətindən doğan ətirsə Patrik Zuskindin “Ətriyyatçı”sındakı Jan Batist Qrenuyun hazırladığı ətir kimi insanların ağlını başından çıxarırdı”.
Nəticə olaraq qeyd edə bilərik ki, roman azərbaycançılıq və türkçülük kontekstində yazılan önəmli əsərlərdən biridir. Əsər həm də, postmodernizmin çoxşaxəli diapozuna milli ruh qatan, türk və milli postmodern romançılığın inkişafı üçün atılan mühum addım kimi əhəmiyyətlidir. Burada yazar postmodernizmin bir çox elementlərindən istifadə etməklə klassik mətnlərə münasibət bildirmiş, beləliklə həm də türklərin sirli, ulu, qəhrəmanlıqlarla dolu tarixinə nəzər salmışdır. Bəzi kontekstlərdən müqəddəs mətnlərin və tarixin dekonstruksiyası ilə rastlaşsaq da, xüsusilə din ilə bağlı məsələlərdə yüksək skeptizimin nümayiş olunduğu roman Azərbaycan bədii nəsrində önəmli yerlərdən birini tutacaq.
Şahbaz Xuduoğludan gözəl təşəbbüs - ucqarlarda mədəni inqilab
Şahbaz Xuduoğludan gözəl təşəbbüs - ucqarlarda mədəni inqilab
"Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu doğulduğu Yardımlı rayonunun Hamarkənd kəndində “Kitab qovşağı” yaradıb. O, köşklər vasitəsi ilə kitabların təbliği-mübadiləsi məsələsini gündəmə gətirib. Hər kəs bu köşklərə oxuduğu kitabı qoyub başqasını oxumaq üçün götürə bilir.
Şahbaz Xuduoğlu öz sosial media hesabında yazır:
"Bir köşk qoymuşdum, hazırda işləyir, digər ikisi də artıq hazırdır.
Hər kəs bura kitab qoyub kitab götürə bilər. Öz kitabını göndərmək istəyən müəlliflər isə mütləq avtoqraf yazsınlar, hətta naməlum oxucuya məktub da yazıb kitabın arasına qoya bilərlər.
Hər dəfə kəndə gedəndə qovşaqlara yeni kitablar aparıram. Bu kitablar satılmır, eləcə də alınmır. Sadəcə oxumaq üçündür. Bir nəfər götürüb oxuyur, sonra köşkə qoyur, başqa kitab götürür.
Buna kitab dəyişmək də deyirlər. Oxuduğumu qoyub, oxumadığımı götürürəm.
Kitab qovşaqlarını yaratmaqda məqsəd kitabxanası olmayan kəndlərimizi, məhəllələrimizi, bloklarımızı kitabla təmin etməkdir.”
Şahbaz Xuduoğlu cəmiyyətimizdə tüğyan edən bir bəladan da yazıb:
“Son illər çox sayda kitabxanalar bağlanıb, köhnə kitablar - kiril qrafikası ilə olanlar məhv edilib. Cəmiyyətimiz kitabsız bir mühitə yuvarlanıb. Qovşaqlar mühiti dəyişəcək, kitaba marağı artıracaq.
Bəzən evində kitabı artıq görən insanlar onları da aparıb zibilliyə atır. Yaxşısı, kitab qovşaqlarına qoyun, qoy kitab öz oxucusunu tapsın.
Dünyada elə bir kitab yoxdur ki, onun ən azı üç oxucusu olmasın. Bu mənada, heç bir kitab atılmalı deyil".
Cox gözəl təşəbbüs qaldırıb Şahbaz Xuduoğlu. Bütün nəhəng işlər kiçik başlanğıclara borcludurlar.
Mədəniyyət nazirinin TİKA nümayəndə heyəti ilə görüşü
Dünən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Serkan Kayaların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mədəniyyət Nazirliyindən bildirilir ki, görüşdə nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, TİKA-nın Bakı proqram koordinatoru Teoman Tiryaki, agentliyin protokol müdiri Samet Kapısız, TİKA-nın Bakı proqram koordinasiya ofisinin assistenti Abbas Hümmətov və digər rəsmilər iştirak ediblər.
Nazir qonaqları salamlayaraq Azərbaycanla Türkiyə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu vurğulayıb. Anar Kərimov ölkələrimizin mədəni əlaqələrinin gündən-günə inkişaf edərək genişlənməsindən məmnunluğunu ifadə edib.
Görüşdə mədəni irsin mühafizəsi, tarixi-mədəni abidələrinin bərpası və konservasiyası sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Serkan Kayalar görüşə görə təşəkkür edərək, mədəni irsin və tarixi abidələrin bərpası ilə bağlı TİKA-nın bundan sonra da ölkəmizlə birgə layihələrinin, eyni zamanda, beynəlxalq əməkdaşlıq sahəsində işlərin davam etdiriləcəyinə əminliyini vurğulayıb.
Görüş zamanı TİKA tərəfindən Azərbaycanda mədəni irsin bərpası sahəsində müxtəlif təlim layihələrinin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin gələcək inkişafı, o cümlədən mədəni irs sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Görüş tərəflər arasında daha sıx, uğurlu əməkdaşlıq vəd edir.
Rəşad Məcid: “Elçin Hüseynbəyliyə dedim, gəl, uşaqlardan bir neçəsinə deyək, gətirib sənin kitablarını AYB-nin önündə yandırsınlar”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda bu gün Rəşad Məcidlə görüşürük. Gözəl şair, ədəbiyyat funksioneri, yeni təyinatla Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, populyar “525-ci qəzet”in baş redaktoru olan Rəşad Məcid, təbii ki, çox söhbətcil adamdır, onunla söhbətləşdinsə, demək, oxucu üçün maraq doğuracaq çoxlu mətləblər olacaq.
Müsahibəni ev sahibi İntiqam Yaşar aparır.
-Salam, Rəşad müəllim. Yeni işiniz uğurlu olsun. Məsuliyyət və iş yükü artdımı bu təyinatla?
-Çox sağ olun, təşəkkür edirəm. İş yükü də, məsuliyyət də artır. Yenə gənclərlə bağlı iş davam edəcək, eyni zamanda AYB-nin Azərbaycan dilində olan ədəbi orqanlarının kurasiyası və təşkilatın ümumi fəaliyyətinə rəhbərlik də mənə həvalə olunub. İndi ümumiyyətlə işlərin əhatəsi genişlənəcək. Əvvəllər hansısa məsələlərlə bağlı işə qarışmaq istəmirdimsə, arqumentim “mən gənclər üzrə katibəm, ancaq gənclərlə bağlı məsələlərə qarışıram” olurdusa, bundan sonra o bəhanə sıradan çıxacaq və daha geniş məsuliyyət çiynimə düşəcək.
-Gənclərlə işləyirsiniz. Sizi nə qane edir və ya əksinə, nə qane etmir?
-Gənclərlə işləmək xoşdur əlbəttə. Mən 2004-cü ildən bu günə gənclər üzrə katibəm, işimdən hədsiz zövq aldığım vaxtlar olub təbii ki. Əsas onu deyim ki, istedadlı bir gənc görəndə, mütaliəli, çalışqan, zəhmət çəkməkdən qorxmayan gənc görəndə, mən də qanad açmışam, bütün imkanlarımla istəmişəm ki, kömək edəm. Amma təəssüf ki, iddiası böyük olan, özünü şair, yazıçı adlandırıb bir kitab oxumayan, bir şeiri əzbər bilməyən, hansısa tanınmış şairi, yazıçını belə tanımayan gənclər də çox gəlir AYB-yə. Belə hallar məni pessimist və bədbin edir. Amma ümumilikdə götürəndə, həmişə demişəm, bizim yeni gənclik arasında, istedadlı, məlumatlı, bilikli gənclər var və onlar Azərbaycan ədəbiyyatını layiqincə təmsil etməyə qadirdirlər.
-Xalq yazıçısı Kamal Abdulla ilə keçən dəfəki söhbətimizdə gənclərin əsassız iddialarından o da bəhs etdi. Dedi ki, əsassız iddia irəli keçəndə problemlər baş qaldırır və belə olan halda bizim ədəbiyyatımız heç bir şeyə nail ola bilməz. Siz bu haqda nə düşünürsünüz?
-Mən, məsələn, 15 il əvvəl başqa cür baxırdım məsələyə. Amma gənclərlə işlədikcə, xarakterlərini öyrəndikcə, psixologiyalarını araşdırdıqca təbii baxmağa başladım hər şeyə. Məqamlar olurdu ki, hansısa gənci tərifləyirdim, onun istedadından, yaradıcı potensialından danışırdım. Anar müəllim, rəhmətlik Fikrət Qoca deyirdilər ki, yaxşı yazır, amma “ulduz xəstəliyi”nə tutulmasın, korlanmasın. Vaxtı ilə Qulu Ağsəsin də belə bir sözü var idi ki, Rəşad Məcid gəncləri yetişdirmir, gəncləri qudurdur. Nə qədər kobud olsa da belə bir söz demişdi. Nəyə görə belə demişdi? Ona görə belə demişdi ki, mən inandığım, etibar elədiyim, istedadını gördüyüm gəncləri o dəqiqə tərifləyir, onların istedadını, üzə çıxarmağa çalışırdım, AYB-nin rəhbərliyinə onları təqdim edirdim. Əlbəttə ki, bəzən yanılmalar da olurdu. “Ulduz xəstəliyi”nə tutulmağı mən absurd hesab edirdim. Amma sonralar razılaşdım ki, bu olur. Bu da gənclərin xarakterindən asılıdır. Məsələn, iddia ilə bağlı əvvəllər tez-tez Seymur Baycana deyirdim ki, sənin yazılarında diqqət çəkən, qeyri-adi motivlər olur, ümumiyyətlə, bu iddianın ardınca sizlər ciddi əsər ortaya qoymasanız, onda getdikcə bu iddianız gülüş mənbəyinə çevriləcək və sizə rişxənd obyekti kimi baxılacaq. Fitrətən yaradıcı, yazıçı adamın içində bir eqo olur. Bu da iddiaya gətirib çıxarır, amma daha müdrik olanlar onu tənzimləyə bilirlər. Ümumiyyətlə, yaradıcılıq, Orxan Pamukun sözü ilə deyirəm, iynə ilə quyu qazmaq deməkdir və yalnız güclülər bu prosesi sona çatdıra bilirlər.
- Əbədi sferada durğunluq müşahidə olunur, hərəkətlilik yoxdur. Burda pandemiyanın da rolu var, digər amillər də rol oynayır. Nə kimi işlər görmək olar ki, bu dinamik ədəbi proses davamlı hal alsın?
-Bu durğunluğu mən də sizin dediyiniz kimi, pandemiya ilə bağlayıram, çünki pandemiya yaradıcı insanlarda da gələcəklə bağlı məyusluq, bədbinlik yaradır. Ona görə bu bəla yaradıcı aləmə də mənfi təsir edir. Bir tərəfdən görüşlərin, mütəmadi kitab təqdimatlarının keçirilməməsi, hamısının virtuala çevrilməsi ədəbi mühitin dinamikliyinə təsir edir. Amma, bir tərəfdən də düşünəndə ki, ədəbiyyat məhz fərdi yaradıcılıq sahəsidir, hər kəs tək yaradır ədəbiyyatı, onda bu virtuallıq çox da qorxulu görünmür. Müxtəlif qurumlar, Mədəniyyət Nazirliyi müxtəlif müsabiqələr keçirdilər pandemiya dövründə. Həm 44 günlük Vətən müharibəmizlə bağlı, həm də pandemiyanın fəsadları haqqında müsabiqələr idi bunlar. Ayrı-ayrı babat yazılar oldu, amma ümumi götürəndə durğunluq davam edir. Yəni bu durğunluğu mən yeni dövrün informasiya texnologiyalarının yaratdığı internetlə, YoTube kanalıyla, Tik-Tok-la da bağlaya bilərəm. Vaxtı ilə bədii ədəbiyyatın klassik formaları ilə - şeirlə, nəsrlə, hekayə ilə deyilən fikirlərin bir çoxu, daha kreativ, dinamik formaya çevrilir. Camaatın da əlində bir telefon olduğu üçün kitab oxumaqdansa məsələn, hansısa sosial şəbəkədə nəyi isə izləməyi və ya dinləməyi üstün tuturlar. Bunlar da hamısı, elə bilirəm, ədəbiyyatın təsir dairəsinin daralmasına səbəb olur.
- Bəs sosial şəbəkələrdən istifadə edərək, ədəbiyyatın daha geniş kütlələrə çatması üçün nə etmək olar? Zamanın tələbidir, telefon istifadə edirik, texnologiyalar inkişaf edir, bunlardan yararlanmaqla məhz ədəbiyyatın sahəsini daha da genişləndirmək üçün nə etmək olar?
-Əvvəllər ədəbiyyatla bağlı AYB ətrafında hansısa qalmaqallar, hansısa gənclərin AYB-ni bəyənməməsi, müzakirələrin, qeybət tipli söhbətlərin getdiyi zamanlarda, hətta mənə kənar adamlar deyirdilər ki, belə qeybət xarakterli söhbətlərin olması da yaxşıdır, ədəbiyyata diqqəti artırır. Və bundan istifadə edib ədəbiyyatın təbliğinə nail olmaq lazımdır. 15 il əvvəllə müqayisə edəndə indi vəziyyət daha qənaətbəxşdir. Biz 10-15 il əvvəl fəryad edirdik ki, Bakıda kitab mağazaları yoxdur, regionlarda kitab mağazaları yoxdur. Deyirdik, insanların mütaliə vərdişi tamamilə sıradan çıxıb. Amma son illər əksinə tendensiyalar oldu, gənclər arasında kitaba meyli olanlar çoxaldı, kitablara maraq artdı. Di gəl, bu texnologiyalar o qədər sürətlə inkişaf edir ki, bizim yazıçılar onlarla ayaqlaşmırlar, sadəcə, əsərlərini yazırlar, passiv seyrçi mövqeyində qalırlar. Məsələn, 2 il əvvəl Beynəlxalq Kitab Sərgisində bizim tanınmış yazıçı Nəriman Əbdülrəhmanlı kitabının imza gününü keçirirdi. Mən dedim ki, Nəriman, bu cür sakit və fağır görkəmdə yazıçı oxucu cəlb edə bilməz. Düzdür, bizim yazıçıların xaricdəkilər kimi geniş imkanları yoxdur ki, özlərinə menecerlər tutsunlar və əsərlərinin təbliğində daha kreativ üsullar düşünsünlər, amma yenə nələrsə etmək olar axı. Məsələn, vaxtı ilə Elçin Hüseynbəyli məşhur Don Juandan roman yazmışdı. O vaxt hansısa QHT bəyanat vermişdi ki, bu adam gedib xristianlığı qəbul edən azərbaycanlıdan əsər yazıb və s. Mən o zaman dedim ki, Elçin, gəl bundan istifadə edək, yaxşı fürsətdir. O uşaqlardan bir neçəsinə deyək, sənin kitabını gətirib AYB-nin önündə yandırsınlar və bütün ölkənin diqqəti sənin əsərinə yönəlsin. Hamı sənin əsərini alıb oxuyacaq ki, görüm bu nə cür əsərdir. Elçin Hüseynbəylinin rəngi ağardı və o, bundan çəkindi. Və yaxud, vaxtı ilə “525-ci qəzet”in ofisinin yanında “Xural” qəzeti yerləşirdi. Onlar Adolf Hitlerin “Mənim mübarizəm” kitabını çap etmişdilər və birini də mənə gətirmişdilər. Mən 20 dollara almışdım o kitabı. Bir də eşitdim ki, o zamankı MTN əməkdaşları redaksiyada çalışanları aparıb bu kitaba görə. Böyük bir qalmaqal yarandı. Halbuki bunlar həyəcanla yanıma gələndə sevinmişdim ki, gətirin kitabları mənim otağıma, bu dəqiqə nazirlər, digər yüksək ranqlılar axtaracaq bu kitabı ki, “Mənim mübarizəm” azərbaycanca çapdan çıxıb. Sonradan məlum oldu, cəmi bu kitabdan 5 nüsxə çıxarıblar və birini də mənə gətiriblər. Dedim, bu boyda hay-küy 5 kitab üçün idi? Bu boyda reklamı heç kim edə bilməzdi. Kəsəsi, yəqin yazıçılar özləri də fikirləşib kreativ nəsə taparlar. Son vaxtlar nə qədər tendensiyalı da olsa Kəramət Böyükçölün öz kitablarını satması, ədəbiyyata olan diqqəti heç olmasa saxlayır. Onun sosial şəbəkələrdə fenomen olması, bəzi fikirlər yazması, izləyicilərinin çox olması istər- istəməz kitaba diqqət yönəldir. İnsanlar düşünür ki, kitab var, kitab yazan var. Yoxsa kitab tamamən düşüncələrdən çıxar. Məsələn, mən qəzet redaktoru kimi görürəm ki, həm də obyektiv səbəblərdən qəzetə maraq azalır, yazıları telefondan oxuyurlar, qəzet almağa ehtiyac olmur. O cümlədən də, böyük həcmli əsərləri oxumağa insanların vaxtı yoxdur. Hədsiz qaçaqaç, sürət zəmanəsidir. Buna görə də yazıçıdan menecerlik qabiliyyəti, kreativlik tələb olunur ki, öz əsərini necə təbliğ etsin. Amma dediyim kimi, bizim yazıçıların çoxu Nəriman Əbdülrəhmanlı kimi, sakit və təvazökardırlar.
- AYB-də olan son dəyişikliklərdən danışaq. Bu dəyişikliklərdən sonra nə kimi fərqli mənzərənin şahidi olacağıq?
-İndi Səlim Babullaoğlu yaxşı ədəbi əlaqələrə sahibdir. Elə görürəm ki, Səlimin təyinatı ilə ədəbi əlaqələr sahəsində xeyli dinamiklik yaranacaq və bu, ədəbiyyatımıza müsbət təsir göstərəcək. Elçin Hüseynbəyli yaradıcılıq seksiyalarına rəhbərliyi ilə, elə bilirəm ki, pozitivlik yarada biləcək. Sonra, Pərvinin yazıları “Qobustan” jurnalının fəlsəfəsinə uyğundur və o, Anar müəllimin də yaradıcılığını yaxşı bilir. Elə bilirəm ki, o, “Qobustan” jurnalında ənənələrə sadiq qalmaqla incəsənətimizin, ədəbiyyatımızın yeni formada təqdimatına nail ola biləcək. Bu baxımdan, elə hesab edirəm ki, yeni həvəs, yeni ovqat yaranacaq. Gənclər Şurası yenilənib. Fərid Hüseyn fəaldır, elə hesab edirəm ki, Gənclər Şurasının fəaliyyəti də ümumiyyətlə katibliyə və AYB-yə sirayət edəcək. Bir yerdə, toplum halında, hər halda, dediyiniz ədəbi mühitdəki durğunluqda hərəkətlilik yaratmaq imkanı yaranacaq.
- Gənclərin təmsilçiliyindən söz açdınız. Gənclər Şurasında 21 nəfərdən 31 nəfərə say artırıldı. Bundan sonra gənclərin üzərinə nə kimi vəzifələr düşür?
-Hər halda, gəncləri daha çox cəlb etmək lazımdır, yəqin qurultaydan sonra və ya qurultayqabağı jurnalların redaksiya heyətində də gəncləşmə çox olacaq. O gün iclasda da gördük ki, AYB-dən elə şeylər umurlar ki, güya AYB istəsə bu gənc yazarı böyük yazıçı edə bilər, bunu tanınmış yazıçı edə bilər. Bu illüziyadır və Sovetdən qalan bir düşüncədir. O zaman Sovet ideologiyası var idi, məhdud telekanallar var idi, məhdud sayda böyük tirajlarla mətbu orqanlar var idi. Hansısa yazıçını məşhurlaşdırmaq çox rahat idi. Amma indi bu qədər telekanallar, sosial şəbəkələr var. Bunların içində özün qeyri-adi yazılar yazmasan, fəal iştirak etməsən, lap səni gündə efirə çıxarsalar da xeyri yoxdur. Buna görə hər kəs günahı özündə axtarmalıdır. Əgər sənin əsərlərin reaksiya doğurmursa, onda sən özün müqayisə etməlisən, digərlərində yox, özündə günah axtarmalısan. Sən özün maraqlı əsərlər yazmalısan, dinamiklik göstərməlisən, fəal olmalısan, elə yazılar yazmalısan ki, sənə maraq oyansın. Sosial şəbəkələri düzgün istifadə edib, ədəbiyyatı və öz yazılarını təbliğ etmək vacibdir.
- AYB bundan sonra azad Qarabağda hansı tədbirləri həyata keçirəcək? Planlarınız varmı?
-Əlbəttə ki, prezidentimiz tərəfindən Şuşa Azərbaycanın Mədəniyyət paytaxtı elan olunub və yəqin ki, yaxın vaxtlarda “Vaqif poeziya günləri” də keçiriləcək. Azərbaycan sənət adamlarının bir qrupu “Xarı Bülbül” festivalında iştirak etdilər, yəqin ki, geniş bir qrup da Şuşaya gedəcək. Şuşanı görməyənlər də Şuşanı görəcək və Şuşa doğrudan da bütün dünyada Azərbaycanın Mədəniyyət Paytaxtı kimi tanınacaq, dünyanın bir çox mədəniyyət sahəsində çalışan adamları da Şuşaya səfər edəcək, Şuşa diskussiyaların, gözəl tədbirlərin baş tutacağı məkana çevriləcəkdir. Əlbəttə ki, Mədəniyyət Nazirliyi də bir çox quruculuq işləri görəcək. Bu baxımdan, quruculuq işləri başladıqdan sonra yəqin ki Ağdamda da, digər rayonlarda da ədəbiyyatımız, mədəniyyətimiz naminə gözəl işlər ortaya qoyulacaq.
- “Xarı Bülbül” festivalından danışdınız. Siz də getmişdiniz festivala. Xəyallarınızın Şuşasına qovuşmaq necə hiss idi?
-Şuşada keçirdiyim hisslər barədə həm statuslar yazdım, həm də “Şuşa gör, nələr eylər” adlı yazı yazdım. Mənim 1979-cu ildə yazdığım və Hüseyn Arifin “Uğurlu yol” yazısı ilə “Azərbaycan Gəncləri” qəzetində 1981-ci ilin sentyabr ayında çap olunan ilk şeirim "Cıdır düzü" adlanırdı. Mən o şeiri 15 yaşımda yazmışdım. Ondan sonra bu il mayın 1-də yenə bir şeir yazdım, “Şuşa” adlı. Bu şeir Azərbaycan prezidentinin sözlərindən yaranan bir şeir idi. O, öz çıxışında dedi ki, mən dünyanın heç bir yerində Şuşaya bənzər şəhər görməmişəm. Bu da mənim şeirimin yaranmasında rol oynadı. Şuşa elə uşaqlıqdan, gənclikdən mənim üçün müqəddəs bir yer olub və Şuşaya mənim kimi münasibət göstərən adamlar mənim gözümün işığına, doğmama çevrilir. Məsələn, Anar müəllimə mənim sevgimin xeyli hissəsi yazdığı “Qarabağ şikəstəsi” yazısı, Şuşa haqqında dediyi sözlər və ondan sonra da Şuşanı həmişə müqəddəs şəhər kimi yad eləməsi səbəbindən yaranıb. Yeni gələnlərin də Şuşaya heyran olması, eyni zamanda prezidentin Şuşa haqqında gözəl fikirləri, dərin sevgisi mənə elə gəlir ki, bütün insanlara sirayət edəcək. Bütün yazıçılarımız, şairlərimiz həmişə deyib ki, Şuşaya bir gələn, bir də gəlmək istəyir. Yeni gələnlər də Şuşaya heyran qalacaqlar.Vaxtı ilə, bayaq adını çəkdiyim Seymur Baycan jurnalistlər heyətinin tərkibində Şuşaya getmişdi. Ona qədər o, həmişə lağ edirdi ki, bu nədir, elə hər yerdə, həmişə Şuşa, Cıdır düzü, İsa bulağı, Şuşanın kababı deyirsiniz. Görməmişdi oraları, ironiya edirdi. Gedib qayıdandan sonra “525-ci qəzet”ə müsahibə vermişdi ki, "Şuşa haqqında, Cıdır düzü haqqında dediyim sözlərə görə üzrxahlıq edirəm və bu barədə incitdiyim bütün adamlardan üzr istəyirəm. Şuşa da, Cıdır düzü də əfsanəvi və möcüzəvi yerlərdir." Seymur kimi adam belə düşündüsə, elə bilirəm ki, Şuşanın təsir etmədiyi insan ola bilməz. Şuşa mədəniyyətimizin paytaxtı, mənəviyyatımızın əsas sütunlarından biridir. Bu mənada, elə bilirəm ki, mədəniyyətimizin bəlkə də ikinci intibahı Şuşanın işğaldan azad olunması ilə başlayır.
- Rəşad müəllim, yeni gələn gənc jurnalistlər ümidvericidir, yoxsa gənc şairlər?
-İndi daha çox mən jurnalistləri gənc şairlərin, yazıçıların arasından seçirəm. Mənim fikrimcə, yaxşı yaza bilən, özünü ifadə edə bilən gənc şair və yazıçılar eyni zamanda jurnalistikanı da, publisistikanı da yaxşı bacarır. Bu, mənim 30 illik qəzetçilik təcrübəmdə də var, ümumiyyətlə dünyada da həmişə belə olub. Mən həmişə nümunə çəkirəm: Hemenquey, Markes, onlar yaxşı jurnalistlər olublar, yaxşı reportyorlar olublar. Bəziləri deyir ki, jurnalistika şairi, yazıçını “yeyir”, onu yaxşı bədii əsərlər yazmağa qoymur. Burda da haqlı məqamlar var. Amma mən düşünürəm ki, jurnalistika ilə məşğul olmaq yazıçının, şairin qələmini “itiləyir”, ona yaxşı təsir göstərir, yazıçının və şairin peşəkarlaşmasında böyük rol oynayır. Ona görə mən şair və yazıçı gənclərin jurnalistika ilə məşğul olmasına müsbət baxıram.
- Azərbaycanda qəbul edilən ənənəvi şair obrazı ədəbiyyata necə təsir edir? Bundan qurtulmaq lazımdırmı?
-Şair obrazı, məncə, getdikcə arxaikləşir. Vaxtı ilə Vaqif Səmədoğlunun pyeslərində, dram əsərlərində şairin bir az gülməli obrazı olub. Moşu Göyəzənli kimi. Məsələn, Ramiz Rövşən 70 illik yubileyində demişdi ki, “Mənə 20 yaşımda desəydilər ki, 70 yaşda bu çəkidə şair olar, deyərdim ki, olmaz”. Yəni, şair obrazı bizdə, əsasən, necə olub? Xüsusi ilə Nəsimi filmində bunu yaradıblar. Arıq, sısqa, əzabçəkən, özünü fəda edən. Mənə elə gəlir ki, indi əsas sözdür. Əgər sən şeirinlə insanları heyrətləndirə bilirsənsə, o şeirin arxasında necə bir bədənin olması o qədər də əhəmiyyətli deyil.
- Publisistika sizə nə verdi? Şeir sizə nə verdı?
-Birinci kitabım 90-cı illərdə yayımlandı. Amma ön sözünü 80-ci illərdə yazmağa başlamışdım. Orda Folknerin sözünü də nümunə gətirmişdim ki, şairlik üçün ən yaxşı yaş 24 yaşa qədərdir. Ondan sonra romantik dövr yavaş-yavaş gedir və nəsr üçün münbit zəmin yaranır. Mən o kitabımda yazmışdım ki, mənim özümü ən rahat və xoşbəxt hiss etdiyim an, "buludların üzərində yeridiyimi” hiss etdiyim andı, gözəl bir şeirin nöqtəsini qoyduğum andı. 1988-ci ildən sonra məlum hadisələr başladı. Həm Qarabağ müharibəsi, həm Azərbaycanın müstəqilliyi uğrunda mübarizə. Və tale belə gətirdi, mən belə başa düşdüm ki, özümü publisistikada daha çox realizə edə bilərəm. Bunun da nəticəsində “525-ci qəzet” yarandı. Mən tək özümü yox, Azərbaycanın həm yaşlı nəsil ziyalılarını, ədəbi intellektual insanlarını, həm yazarlarını ora cəlb edə bildim. Qəzetin qapısı həmişə gənclərin də üzünə açıq oldu. Qəzet eyni zamanda gənc nəsillə yaşlı nəslin arasında körpüyə çevrildi, bir vəhdət yaratdı. Ədəbiyyatın, ədəbi dəyərlərin qorunmasında “525-ci qəzet”in rolu böyük olub, misilsiz olub. Həmişə, hər zaman, hər kəs yüksək səviyyədə bunu vurğulayır.
-İkisindən birini seçmək məcburiyyətində qalsaydınız, hansını seçərdiniz?Ədəbiyyat, yoxsa jurnalistika?
-Son 25 ildə mənim ən çox məşğul olduğum, şübhəsiz ki, publisistika, redaktorluq, qəzet olub. Bunun da davamı kimi mən “Qələmsiz yazılanlar” adlı kitab da çap etdirdim. Bunlar statuslarda yazdığım, vaxt tapıb yaza bilmədiyim, şeirin, nəsrin elə publisistikanın qarışığından olan şeylərdir. Yeni dövrün janrıdır. Elə status olur ki, mənim yaza bilmədiyim bir şeirin havası, hekayənin motivləri olur orada. Eləsi də var ki, ictimai-siyasi məsələlərə münasibətimdir. Ona görə, elə bilirəm ki, bunların qarışığından belə bir janr yaranıb və özümü bu 3 janrın qarışığında tapmışam. Dövr ona təsir edir. Daha sakit, stabil bir dövr olsaydı, daha çox şeirə, nəsrə üstünlük verərdim. Həmişə deyirəm ki, bir az vaxtım olsaydı, tərki-dünya ola bilsəydim, beynimdə romanların sujetləri var, onları yazardım. Amma indiki dövrümüz elə gətirib ki, məhz qələmsiz yazılanları gətirib ön plana çıxardır. Məncə, bu da ədəbiyyatın qorunmasına, ədəbiyyatın sıradan çıxmamasına bir müqavimətimdir ki, özünü belə üzə çıxardı.
-Üzə çıxmayan, amma sizin demək istədiyiniz nəsə qalırmı?
- Demək istədiyim olanda, günün istənilən vaxtı, sosial şəbəkələr, qələmsiz yazılanlar o şəraiti hamı kimi mənə də yaradıb, gecənin yarısı da olsa, beyninə nəsə gələndə onu yaza bilirsən, ictimailəşdirə bilirsən. Bu baxımdan, indi o problem yoxdur. Hansısa gənc deyəndə ki, çap olunmamaq kimi qarşımızda sədlər var, mənə gülməli gəlir. Mən bir şeirimin çap olunması üçün bir il gözləyirdim. Bayaq adını çəkdim, Hüseyin Arifin “Uğurlu yol”u ilə “Azərbaycan gəncləri” qəzetində şeirimin çap olunmasnı 6 ay gözləmişəm. Amma o da var ki, onda qəzetin tirajı beş yüz min idi. Və yazın çap olunanda böyük bir reaksiya doğururdu, hamı səni tanıyırdı. Mən neçə illər gözləmişəm ki, “Ulduz” jurnalında mənim şəklim və iki şeirim çap olunsun. 4-5 ildən sonra çap olunmuşdu. “Ulduz” jurnalı da o zaman 90 min tirajla çap olunurdu və səni bütün ədəbi dairələr tanıyırdı. Jurnal ziyalılar, yazıçılar, arasında məşhur idi. İndi çap olunmaq imkanları genişdir, amma reaksia azdır. O reaksiyanı almaq üçün sən həddindən artıq istedadlı və həddindən artıq iti beyinli olmalısan.
-Gözəl söhbət üşün təşəkkür edirəm, Rəşad müəllim.
“Həyatın mənası” Belqradda işıq üzü gördü
Rusiyanın Krasnoyarsk diyarında yaşayan azərbaycanlı yazar Eldar Əhədovun “Həyatın mənası” hekayələr kitabı Belqradda işıq üzü gördü.
Kitabın serb dilinə tərcüməsini və redaktorluğunu Milutin Djuriçkoviç və Dayana Lazareviç həyata keçiriblər.
Nəsr kitabında Eldar Əhədov ömrün ahıl çağında həyata baxışlarını ümumiləşdirərək hər kəsə insanlığa sevgi ilə yanaşmağı, humanizmlə yaşamağı tövsiyyə edir.
Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirir ki, iclasın gündəliyində cari məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
İttifaqın İdarə Heyətinin qərarı ilə Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, Əməkdar incəsənət xadimi ssenarist Firuz Mustafa, Əməkdar artist Ötkəm İskəndərov, habelə
prodüser, rejissor, ssenarist Vahid Mustafayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv qəbul olunublar.
Şair Ramiz Qusarçaylı “Nergiz” dərgisində
Tanınmış şair Ramiz Qusarçaylı Türkiyədə yayıma başlayan və ilk sayı işıq üzü görən “Nergiz” Ədəbiyyat Dərgisinin Yayın Kuruluna üzv seçilib və dərginin ilk sayında onun şeiri dərc olunub.
Bu barədə bilgi verən şair Ramiz Qusarçaylı “Nergiz” dərgisinin tesisçisi və imtiyaz sahibi olan istedadlı şair Burhan Bilgiçə dərin teşəkkürünü bildirir, əminlik izhar edir ki, “Nergiz” Ədəbiyyat Dərgisi nəinki qardaş Türki ve Azərbaycan ədəbiyyatına, eləcə də bütün Türk dünyasına hizmət edəcəkdir.
Mütaliəyə marağı artırmaq yolu
Kitabxanalarda uşaq ədəbiyyatının təbliği ilə əlaqədar azyaşlı oxucuların mütaliəyə həvəsini və kitaba olan marağını artırmaq məqsədilə facebook-da “Kitabsevər uşaqlar” səhifəsi yaradılmışdır. Bu səhifə daxilində uşaq və böyüklər üçün “Sərhədsiz informasiya tribunası” ümumi qrupu yaradılmışdır.
Azərtac xəbər verir ki, layihənin rəhbəri və ideya müəllifi Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədovadır. Qrupda Zərdab, Qusar, Şirvan, Xaçmaz, Ağdaş, Yasamal rayon Mərkəzi kitabxanalarının əməkdaşları fəal iştirak edirlər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, paylaşılan məlumatlar arasında Azərbaycan şair və yazıçılarının yubiley və anım günləri ilə əlaqədar, tarixi faktlar, hərbi vətənpərvərlik, müxtəlif informativ məlumatlar, nağıl və hekayələr üstünlük təşkil edir. Qrup beş ildir ki, fəaliyyət göstərir. “Sərhədsiz informasiya tribunası”nda yerləşdirilən materiallar dünyanın müxtəlif ölkələrindən izlənilir.
Necə oldu ki, Müslüm Maqomayevin külqabısı ilə Araz Ağalarov özünə karyera qurdu
“Ədəbiyyat və incəsənət” portalı “Daycest” bölümündə Crocus Group-un sahibi, milyardçı Araz Ağalarovun TASS agentliyinə iyulun 8-də verdiyi müsahibəsinin bəzi maraqlı məqamlarını təqdim edir.
Diqqət: Yazını götürüb dərc edəcək media nümayəndələrindən xahiş edirik ki, mütləq istinad etsinlər.
- Bir dəfə özünüzü dirijora bənzətmişdiniz.
-Belə şey olub, bəli.
- Sizin orkestr indi nə ifa eləyir?
- Məsələ artıq yeni repertuarı öyrənməkdə deyil, köhnəni saxlamaqdadır. Əgər obrazlı şəkildə ifadə edilsə… İqtisadiyyatda vəziyyət mürəkkəbdir, indiki mərhələdə biznesin inkişafı haqqında yox, biznesin saxlanması haqqında düşünmək lazım gəlir. Hər şey üst-üstə gəldi — həm pandemiya, həm də sahibkarlara təzyiq göstərən vergi yükü... Mənim fikrimcə, bu, reallıqlara uyğun deyil.
Bu gün biz hər bir rubldan 40 qəpik vergi veririk. Daxili bazarda işləyənlər, özəl müəssisə yaradanlar üçün bu, ağır yükdür. Ümumi tələbat azalmışdır, bir çox insanlarda maaşlar aşağı düşmüşdür, gəlirlər isə bir ildir ki, dalbadal azalır…
Mənə çoxdan elə gəlir ki, vergiləri azaltmaq vaxtıdır. Aydındır ki, indi buna getməyəcəklər, amma nəyisə dəyişmək mütləqdir.
— Bəs sizdə hansı orkestrdir, simfonik, yoxsa kamera?
— Müəyyən hallar üçün müxtəlif instrumental kollektivlərdən istifadə edirik. Hər şey konkret anda həll etdiyimiz vəzifələrdən asılıdır. Bəzən bir kvartet, hətta bir trio ola bilər. Biz binaların tikintisini, istismarını həyata keçiririk, ticarət, xidmət sahəsi, sərgilərin təşkili ilə məşğul oluruq, bizdə "Sənin evin", "Veqaslar”, Crocus City hipermarketləri şəbəkəsi, konsert zalı, Expo pavilyonları və mehmanxana var. Çox şey var, çox fərqli fəaliyyət istiqamətləri aparırıq. Özümüz özümüzü, indi deyildiyi kimi, kontentlə yükləyə bilərik. Hər zövqə uyğun.
- Niyə söhbət musiqi ilə başladı? Siz bir vaxtlar danışmısınız ki, ilk pullarınızı musiqinin köməyi ilə qazanmısınız.
- Bəli, sovet dövründə Bakıda səsyazma studiyaları yayılmışdı. Və onların xidmətləri çox bahalı idi. 60 dəqiqəlik kompakt kaset üçün müştərilər 10 rubl, saat yarım üçün isə 15 rubl ödəyirdilər. Bu rəsmi qiymət idi. Sifarişlər çox olurdu, Dövlət studiyaları (o vaxtlar digərləri yox idi) bu işin öhtəsindən gələ bilmirdilər və mən tanışlar vasitəsilə razılığa gəldim ki, kassetləri evdə yazacağam, sonra isə satmağa verəcəyəm. Bax bu cür ibtidai autsorsinq. Şərtlər mənimçün xoş deyildi, bir kaset üçün 2 rubl ödəyirdilər, qalanlarını isə özlərinə götürürdülər.
— Və nə qədər qazanırdınız?
- Ayda 1000 rubla qədər, inanılmaz olsa da.
- O zaman bu, böyük pul idi.
— Əlbəttə. Diplomlu mühəndislər bir neçə dəfə az alırdılar, mənsə onda yalnız institutun birinci kurs tələbəsi idim. Məsələ kommersiya relslərinə tez düşmüşdü: vinil plastinkalardan yazılmış master-kasetlər alırdım, sonra isə paralel olaraq onları on əsəd babin maqnitofona köçürürdüm.
- Keyfiyyəti qurban verirdiniz?
-Yox, yox, hər şeyi yüksək səviyyədə edirdim. Mən zir-zibil tərəfdarı deyildim, yaxşı texnikam vardı, əsl deklərim var idi.
— Bəs siz onları haradan almışdınız? Axı bu da çox pul tələb edirdi.
— Getdikcə təsərrüfatım genişlənirdi. Əvvəlcə iki maqnitofon var idi, sonra pul yığıb başqa birini, daha sonra növbətisini almışdıq. Bilirsiniz, mən erkən böyümüşəm. Atamı itirəndə 14 yaşında idim…
— Nə səbəbdən vəfat edib atanız?
- Bu irsəndir. Ata xəttindən olan bütün kişilər qan damarlarının tıxanması nəticəsində infarkt və ya insultdan ölürlər. Bu, 2000-ci ildə mənim böyük qardaşımla da baş verdi. O, atletik adam idi, hər gün onlarla kilometr piyada gəzirdi, az qala beşinci mərtəbəyə qalxırdı. 61 yaşında birdən gözlənilməz ölüm…
Sonra həkimlərə getdim, araşdırmağa başladım və bizim nəsil kişilərində genetik cəhətdən yüksək xolesterol və triqliseridlərin olması üzə çıxdı, normadan bir neçə dəfə yüksək. Sən demə, bu, fiziki cəhətdən möhkəm insanların çoxunun qismətidir. Çəlik ilə çətinliklə addımlayanlar var, amma 100 ilə qədər yaşayırlar. Lətifədə deyildiyi kimi: onun xəstəliyi başqalarının həyatından daha uzun çəkdi. Ciddi desək, xolesterin, triqliseridlər — fiziki sağlamlığın göstəriciləridir, amma böyük dozalarda onlar qan dövranına mane olurlar, damarlarda yığılırlar ki, bu da gec-tez insult və ya infarkta gətirib çıxarır.
Mən bu məsələni araşdırdım, statinlər və nikotin turşusu içmək lazım olduğunu başa düşdüm, Amerikada təcrübəli məsləhətçilər tapdım və artıq 20 ildir ki. xolesterolun aşağı səviyyəyə salınmasını təmin edə bilirəm.
Yeri gəlmişkən, maraqlı faktdır: bilirsiniz, dünyada həkimlərin orta ömür müddəti nə qədərdir? Onların xəstələrindən 15-20 il daha qısadır. Bax, bu, elə bir paradoksdur ki, onun məntiqi izahını tapmaq çətindir. Siz diqqət yetirirmisinizmi ki, psixoloq-məsləhətçilərin arasında kimsəsiz və boşanmış insanlar sayca çoxdur? Çox qəribə bir vəziyyətdir, başqalarına necə həyat qurmağı, ailənin əlaqələrini yaxşılaşdırmağı məsləhət görürlər, amma özləri ilə nə baş verdiyini başa düşə bilmirlər.
Eynən həkimlərlə də belədir. Göz müayinəsinə gedirəmsə və həkimi eynəkli görürəmsə, bu məni həyəcanlandırır. Özünə kömək edə bilməyən, amma məni müalicə etmək istəyən mütəxəssis nəyə nail olasıdır ki?
- Məsələyə fundamental yanaşırsınlz.
-Bəli, buna bir qədər tənqidi yanaşıram.
- Təkcə buna yox.
- Belə bir xüsusiyyətim var. Mən gəncliyimdən zəhlətökən, vasvasıyam. Hesab edirdim ki, əgər yaxşı bir şey etmək istəyirsənsə, əvvəlcə hər şeyi özün tam analiz eləməlisən.
- Niyə məktəbdən sonra Politexnik İnstitutuna getdiniz?
- Düzünü deyim ki, oraya girmək daha asan idi. Həmin illərdə Bakıda iki ali məktəb — Politexnik institutu və Azərbaycan Neft və Kimya İnstitutu məsləhətli sayılırdı, lakin onlarda müsabiqə dəhşətli dərcədə idi. Bunlardan betəri yalnız universitetin hüquq fakültəsi idi, lakin Sovet dövründə ora yalnız raykom katiblərinin, hakimlərin və prokurorların uşaqları düşə bilirdi.
-Sizin də ailəniz elə də adi deyildi.
- Atam Azərbaycan Elmlər Akademiyasının Su Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini işləyib, öz mühitində tanınmış alim sayılıb, Neft və Kimya İnstitutunun rektoru ilə yaxın dostluq edib. 16 yaşım tamam olanda anam rektorun evinə getdi. Dedi, salam, sizinlə məsləhətləşmək istəyirəm, Araz hansı instituta, hansı fakültəyə sənəd versin. Anam birbaşa xahiş etmirdi, lakin işarə aydın idi. Atamın doktorluq dissertasiyası yazmağa kömək etdiyi bu yaxın dostu isə anama dedi ki, “məsələni mənimlə deyil, Politexnik institutunda işləyən böyük oğlunuzla müzakirə etmək daha yaxşıdır." Qardaşım Politexnik İnstitutunda baş müəllim vəzifəsində çalışırdı.
— Demək, sizi yola verdi.
— Belə də demək olar. Mən onun bu münasibətini illər uzunu unuda bilməmişəm. Nə isə. Nəticədə, sənədlərimi politexə verdim, daxil oldum, oxudum və paralel olaraq kaset yazmaqla pul qazandım. 1976-cı ildə İnstitutu bitirdim, rabitə mühəndisi diplomunu aldım və Bakının şəhərlərarası telefon stansiyasına təyinat verdilər. Etiraf edim ki, ixtisas üzrə işləməyə can atmırdım.
— Niyə?
— Mənə elə gəlirdi ki, bu çox darıxdırıcı işdir. Mən fəal gənc idim, böyümək və inkişaf etmək istəyirdim, burada isə hansısa bir gündəlik, darıxdırıcı prosedurlar - bütün bunlar o qədər də maraqlı deyildi. Doğrudur, məni tez, iki ildən sonra Rabitə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin azad olunmuş sədri vəzifəsinə irəli çəkdilər.
— Nüfuzlu vəzifə idi?
— Müəyyən mənada, bəli. İndi, mobil rabitə dövründə inanmaq çətindir, lakin ötən əsrin 70-ci illərinin sonunda telefonçular müəyyən güc və resurslara malik idilər. Vısotskinin necə oxuduğunu xatırlayırsınlz? "Mən əbədi 07 yığıram..." . O vaxt şəhərlərarası telefon stansiyasının imkanları məhdud idi, insanlar saatlarla əlaqə gözləyirdi və mən problemi bir saniyə ərzində həll edirdim. Əlbəttə, mənə tez-tez müraciət edirdilər və mən heç kəsi rədd etmirdim.
- Maraqlıdır, o vaxtlar keqebeçilər ( Dövlət Təhlükəsizliyi Komitəsi əməkdaşları -red.) söhbətləri dinləyirdi?
- Rəsmi olaraq yox, ancaq hər hansı bir əlaqə xəttinə asanlıqla qoşula bilirdilər. Respublikanın rəhbər şəxsləri danışdıqları təqdirdə mühəndislər xətti mütləq dinləyirdilər ki, texniki problem, nasazlıq olanda aradan qaldırsınlar. Tutaq ki, Heydər Əliyev Moskvaya - MQİMO (Beynəlxalq Münasibətlər İnstitutu - red.) -da təhsil alan oğlu İlhama zəng edirdi və biz fasiləsiz əlaqəni-əsas xətti və iki ehtiyat xəttin fəaliyyətini təmin etməli idik. Adətən bizdən eşitdiklərimizi heç yerdə açıqlamamaq öhtəliyi götürürdülər, amma həmsöhbətlər açıq rabitə kanallarında olduqlarını başa düşərək heç nə barədə ciddi fikir söyləmirdilər. Belə, sakit, məişət danışıqları aparırdılar.
O zamanlar Zoom, Skype və digər VKS (video-konfrans sistemi - red.) yox idi. Ona görə də biz vaxtaşırı selektor müşavirələrini təmin edirdik. Stansiyada xüsusi danışıq otaqları var idi, məsələn, Azərbaycanın kənd təsərrüfatı naziri bütün müavinləri ilə gəlirdi, Moskvadakı ittifaq idarəsinin başçısı onlarla qiyabi konfrans keçirirdi. Mən hər dəfə heyran qalırdım ki, Moskvadakı rəhbərlər ölkədə vəziyyətə nə qədər sahibdirlər. Yerlərdə nə baş verdiyini ətraflı bilirdilər. Təsəvvür edirsinizmi, SSRİ - də 15 respublika, böyük təsərrüfat var, nazir isə hər kəsə kolxoz və sovxozlar haqqında dəqiq suallar verir. Və cavab verə bilməyənin dərhal kitabı bağlanır. Onda kadrları seçməyi bacarırdılar, idarəetmədəkilər insanlar yox, canavarlar idilər, əsl peşəkarlar idilər. Bax belə bir işdə çalışırdım. Amma bir neçə ildən sonra hiss etdim ki, yerindəcə oturmuşam, inkişaf yoxdur. İlişib qalmışam və dəyişikliklər istəyirəm. Birdən Moskvada Ümumittifaq Mərkəzi Həmkarlar İttifaqları Şurası yanında həmkarlar ittifaqı hərəkatının Ali məktəbinə daxil olmaq imkanı yarandı. Mən sənədləri topladım, tam əmin idim ki, heç bir problem olmayacaqdır. Amma məlum oldu ki, abituriyentlər arasında ağlasığmaz müsabiqə olasıdır, hansısa başgicəlləndirici, qeyri-real rəqəmlər var idi. Bütün ölkənin mənim kimi həvəsli gəncləri axışıb gəlmişdilər.
Aydındır ki, həmkarlar ittifaqı adında elm heç vaxt mövcud olmamışdır. Əslində, bura əyani aspirantura, yaxud əmək haqqının saxlanılması ilə adi iqtisadi ali məktəb idi. Nəzərdə tutulurdu ki, təhsil alandan sonra yüksək ixtisaslı kadrlar əvvəlki xidmət yerinə, lakin artıq rəhbər işə qayıdacaqlar. Ona görə də çoxları, mən də daxil olmaqla bura can atırdıq. Böyük rəqabəti görəndə dərhal başa düşdüm: şansım azdır. Ya hansısa əliuzun tanış axtarmaq, ya da qəbul imtahanlarını layiqli şəkildə verməyə çalışmaq lazım idi. Əsas fənlərin öhtəsindən plyus-minus gələ bilərdim, amma İngilis dilim çox zəif idi. Mən vaxtilə Bakıda rus məktəbində oxuyanda belə bir hiylə işlətmişdim, xarici dil kimi özümə Azərbaycan dilinini yazdırtmışdım. Bir neçə il buna fikir vermədilər, sonra birdən-birə şübhələndilər: doğma dilini xarici dil kimi öyrənən azərbaycanlı möhkəmcə danlandı. Deyim ki, o dövrlər mən axmaq olmuşam ki ingilis dilini öyrənməmişəm.
Ali məktəbdəki aspirantura şöbəsinin müdiri olan Qalina İvanovna açıq şəkildə dedi: “Araz, imtahanı Vadim Jerebkov götürəcək, o poliqlotdur, 17 dil bilir, onu aldatmaq ağlına belə gəlməsin".
— Bəs bu Jerebkovla necə dil tapdınız?
- Bax, mən müəllimin ev ünvanını soruşdum. Onsuz da itiriləsi heç bir şey yox idi. Getdim evinə. Kursk dəmir yolu stansiyasında yerləşən adi kərpic doqquzmərtəbəli bina idi. Mərtəbəyə qalxdım, qapını yəhudi qadın açdı, məni başdan-ayağa süzdü: "Siz kimsiniz?" Soruşdum, Vadim Aleksandroviç evdədir? O, geri döndü:"Vadik, səni istəyirlər” deyib mürəxxəs oldu. Jerebkov çıxdı. Məxmər xalatda, əlində siqaretli müştük. Bir qədər sərtliklə:" Siz nə istəyirsiniz?" soruşdu, izah etməyə başladım ki, Moskvada gəlməyəm, çıxılmaz vəziyyətdəyəm, aspiranturaya daxil olmalıyam, amma ingiliscə problemlərim var... Gördüm, artıq qapını bağlamaq istəyir. Mən davam etdim: "Bəlkə repetitorlar məsləhət görərsiniz?" Vadim Aleksandroviç başını buladı: “Siz üç ay ərzində dil öyrənməyi planlaşdırırsınız?” Və soyadımı soruşdu. Dedim: "Ağalarov". Və başladım, nə başladım. Ağa sözünün etmologiyasını izah etdim. Dedim, “Əcdadlarım Şamaxıdandır, ora ticarət yollarının mərkəzidir, “ağa" isə yüksək nüfuzlu, rütbəli insanlara hörmətlə yanaşıldığını vurğulayan tituldur.”
Jerebkov bir az yumşaldı, dedi:" Yaxşı, ağa, gəlin, səviyyənizi yoxlayacağam... " Məni içəri buraxdı. Nə yoxlasın? Bilik - demək olar ki, sıfır. Vadim Aleksandroviçin tez bir zamanda gözündə laqeydlik və boşluq ortaya çıxdı: “Hər kəs qəbul olmaq istəyir, amma bu iş imtahan komissiya tərəfindən həll edilir, buna görə, sizin şansınız əsla yoxdur". Bu sözlər üzümə çırpıldı.
Mən başa düşürdüm ki, indicə qovulacağam və heç olmasa, nəyəsə ilişmək üçün bir yol axtarırdım. Birdən masanın üstündə bir neçə külqabı gördüm. Müxtəlif ölçülü, formalı və rəngli külqabılar göz oxşayırdı. "Yığırsınızmı?"- deyə soruşdum. Professor canlandı:"Kimsə markalar, nişanlar və ya etiketlər yığır, mən isə külqabı yığıram".
Və sonra mən sanki işığa büründüm. Xatırladım ki, mənim dostluq etdiyim Müslüm Maqomayevin evində, royalın üstündə həmişə ən azı iki külqabı dururdu. O, buxar lokomotivi kimi siqaret çəkirdi, gündə üç-dörd qutu boşaldırdı və evin hər yerində dostlarının hədiyyə etdikləri külqabılar düzülürdü. Mən Jerebkovdan soruşdum: "Sizin kolleksiyanı zənginləşdirmək mümkündürmü? Məndə sizdə olmayan şeylər var". Belə bir təklifdən Vadim Aleksandroviç imtina edə bilmədi, bu pul deyil, hətta alkoqol da deyil. Bunun nəyi rüşvət olsun ki?
- Maqomayev öz əmlakını bölüşməyə asanlıqla razılıq verdi?
- Ümumiyyətlə, sual belə vermədi, dedi, “Sənə nə qədər lazımdır, götür”. Növbəti gün mən böyük bir qutu ilə professorgilə getdim. Professor eşidəndə ki, bu, Maqomayevdən gələn hədiyyədir, gözləri yaşardı…
Təsəvvür edin, Jerebkov mənimlə üç ay məşğul oldu, mükəmməl alınana qədər sözləri təkrar etməyə məcbur edərək əla tələffüzümə müvəffəq oldu. Dili eşitmə yolu ilə qəbul etdim, müəllim belə bir texnika seçdi. İki saat olmaqla həftədə iki dəfə dərsə gəldim və Vadim Aleksandroviç məndən bir qəpik almadan mənə dili öyrətdi. Unikal bir insan idi o.
O, mənə rus dilində heç bir söz olmayan Oksford özünüdərk proqramını da məsləhət görmüşdü. Mən daim maşında da kasetləri dinləyirdim və nəticədə imtahan verə bildim, aspiranturaya daxil oldum.
-Pulunuz var idi, bu aspirantura nəyinizə gərək idi?
-Sovet dövründə elmə, mədəniyyətə diqqət böyük idi, karyera pilləsində bu mərtəbədəki insanlar yüksəkdə dayanardı, nüfuz yiyələri idi. Əmim məişət kombinatının müdiri idi, dərzi, bərbər, çəkməçi sexlərinin yiyəsiydi, pulu xəzəl kimiydi, amma ali təhsil almamışdı, ömründə cəmi bir kitab oxumuşdu, “Moydadır”. Onu da yarımçıq. Akademiklərdən, yazıçılardan dəfələrlə çox qazansa da nüfuz pilləsində çox aşağı idi, elmsizlik öz sözünü deyirdi. Bu, mənimçün bir nümunə idi.
-Bəs Müslümlə necə dostlaşdınız?
-Müslüm məndən 13 yaş böyük idi, biz hələ Bakıda ünsiyyət qurmuşduq, o Tamara Sinyavskaya ilə sevişirdi, Tamara gah Moskvada, gah Milanda idi, Müslümlə onu calaşdırırdım ki danışsınlar. Özüm də baxırdım ki, əməkdaşlardan heç kəs onları dinləməsin. Amma dostluğumuz sonralar yarandı, o, səhnədən çıxıb birdən-birə tək qalanda, bax həmin məqam biz yaxınlaşdıq. Yox, tamaşaçılar onu hələ də çox sevirdilər, lakin Maqomayevlə yan-yana əyləşən, şöhrət zirvəsində olanda onu əhatələyən dostları dərhal yoxa çıxmışdılar və hiss etdim ki, ona mənəvi dəstək lazımdır. Bax, onda biz çox yaxın olduq.
Müslüm 50 yaşında çıxış etməyi dayandırdı, səhnədən sakitcə getdi, vidalaşmadan getdi. Baxmayaraq ki. son günlərə qədər tələb olunurdu. Onun səsi ilə heç kimin səsi müqayisə oluna bilməz.
— Bəs Azərbaycan səfirliyinin yaxınlığında yerləşən Maqomayevin abidəsinin xərclərini siz ödəmisiniz?
- Bəli, heykəltəraş Rukavişnikovu tapdım və layihə sifariş etdim. Hətta Müslümü daha yaxşı təsvir etməkmün məsləhətlər də verdim. O, axı həmişə səhnədə xarakterik pozanı qəbul edib... Rukavişnikov abidənin üzərində "Maqomayevə onun dostu Ağalarovdan" yazısını yazdı. Halbuki mən təkid edirdim ki, bu lövhəciyi gözlərdən uzaq eləsinlər. Axı bu cür şeylər təvazökarlıqdan uzaqdır.
- Orkestrinizdə kimsə saxta ifa edirsə nə edirsiniz?
- Çalışıram ki, vəziyyəti düzəldim, onu başqa alətlərə köçürüm. Həddindən artıq kritik hallarda litavrlara keçirirəm. Orada səhv buraxmaq mümkünsüzdür. Əlbəttə, kollektivin uzlaşması, ifaçılıq ustalığı vacibdir. Yalnız bu uzlaşma nəticəsində melodiya səslənəcək.
— Bəs indi vəziyyət necədir?
— Hələ ki, antraktdır. Son zamanlar baş verənləri dərk etmək, hara irəliləmək lazım olduğunu anlamaq lazımdır. İnsan elə qurulub ki, həmişə sabahı gözləyir. Ona elə gəlir ki, əsas tamaşa ertəsi gün olacaq, indi isə yalnız məşqdir. Belə ki, sabah həyat daha yaxşı olacaq anlamı ilə ömrünü keçirir.
Gələcəyə ümid etmək lazım deyil, bu günü yaşamaq lazımdır. Uşaqlıqdan bu bilgi mənimlədir, nənəmdən keçib. Nənəm hər səhər durardı və ilk növbədə dua edərdi. Mən balaca idim, anlamırdım. Bir dəfə soruşdum: "Niyə hər dəfə eyni şeyi mızıldayırsan?” Nənəm gülümsəyərək cavab verdi: “Haçan böyüyəcəksən, bax onda anlayacaqsan. Bu namazdır. Elə ki, oyandın, gördün sağ-salamatsan, heç yerin ağrımır, demək, artıq xoşbəxtsən".
Onun sözləri yaddaşıma möhkəm daxil olub, yaşamağıma kömək edir.
Mən yaşadığım bu günümü qiymətləndirməyi, hər günə sevinməyi öyrənmişəm.
Şəkillərdə: Araz Ağalarov və Müslüm Maqomayev 17 sentyabr 2008-ci ildə Müslümün ad gününü qeyd edirlər; Moskvadakı səfirliyimizin yaxınlığında Müslüm Maqomayevin abidəsinin açılışı mərasimi.
.