“OdƏrlər” romanı - postmodern kontekstdə

 

Azərbaycan nəsri müasir dövrdə hansı məcrada inkişaf edir?

 

Ənənəvi ədəbi cərəyanlar yeni ədəbi cərəyanların müdaxiləsini hiss edirmi?

 

Filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova “Şəmil Sadiqin “OdƏrlər” romanı - postmodern kontekstdə” resenziyasını “Ədəbiyyat və incəsənət” portalının oxucularına  təqdim edir. Burada bir əsərin timsalında həm də ümumən 21-ci əsr nəsrinin postmodern meyillərinə  şərh verilmişdir.

 

 Şəmil Sadiqin "OdƏrlər" tarixi-fəlsəfi romanı postmodernizm kontekstindən çox əhəmiyyətlidir. Əsəri Milli Qəhrəman Mübariz İbrahimovun və “İgidliyə görə” medalı ilə təltif edilmiş şəhid baş leytenant Fərid Əhmədovun əziz xatirəsinə həsr edən müəllif, burada əsərdə qələmə alaçağı süjetə diqqət çəkir.

 

Yazar romanda iki əsas süjet xətti cızır. Birinci süjet xəttində o, "Ulu Şaman" adlı məxfi təşkilatın fəaliyyətini, ikincidə isə - mifoloji yaşanmışlıqları əks etdirən hadisələr zənciri türk mifologiyası, azərbaycançılıq, postmodernizm kontekstində şərh olunur. Şəmil Sadiq romanına başlayarkən oxucularla bir çox məqamları, romanın ortaya çıxma prosesini, zaman kəsimini və əsərdəki xarakterlər barəsində fikirlərini açıq və gizli kodlarla bölüşür: Əsərdə istifadə olunan nümunələrdən konkret zaman kəsimini müəyyən etmək mümkündür. Bu isə metafiksiyadır.

 

Əsərin postmodern kontekstdən öyrənilməsi son dərəcə aktual və gərəklidir. Burada Şəmil Sadiq türk mifologiyası kontekstindən çıxış edir. Xüsusilə islam dininə dekonstruktiv yanaşmalar diqqəti cəlb edir. Məqalədə “OdƏrlər” romanı kontekstində  Azərbaycan bədii nəsrində yer alan postmodern elementlər və təmayüllər tədqiqata cəlb olunmuşdur. Postmodern nəzəriyyə və monoqrafiyalara əsaslanaraq romanda öz əksini tapmış postmodern elementlər araşdırılmış, intertekstuallıq baxımından edilən istinadlar müqayisəli şəkildə araşdırılmışdır.

 

Romanda baş verən hadisələrə giriş etməzdən öncə Şəmil Sadiq dahi Cavidin “Ölüm var ki, həyat qədər dəyərli...“ fikri ilə oxucuya kosmoqonik bir mesaj ötürür.

 

Şəmil Sadiq "OdƏrlər"in yazılma məqsədinin fəlsəfi düşüncələrinin çatdırılması və vətənpərvərlik kimi məsələlərə diqqət çəkmək, gənclərdə mübariz ruhun oyadılması kimi konsepsiyalarla bağlı olduğunu qeyd edib.

 

Əsər “Qısa bir zamanda dünyadan bixəbər ucqar kənddə yaşayan kəndlilər xəbər tutdu ki, kəndə nalyığan gəlib. Hamı bir-birinə dəymişdi. Dağ kəndində heç kimin ağlına gələ bilməyəcəyi bir hadisə baş vermişdi. Şəhərdən gəldiyi ehtimal edilən bir nəfər nal yığırdı. Həm də köhnə nal. Nala verilən pulla dörd təzə nal almaq olardı” !” - kimi girişlə başlayır. Postmodern dönəmdə yazılan əsərin nal hadisəsi ilə açılması da təsadüfi deyil. Türk mifologiyasında “Atla yanaşı, atın nalı da qutlu sayılır, nalın tapılması xoşbəxtlik kimi alqılanır, evin qapısı üzərində asılması da “göz qaytarma” (nəzərlik) sayılmışdır”.

 

Şəmil Sadiqin "OdƏrlər" romanı postmodern üslubunda yazılan və eyni zamanda Qarabağ münaqişəsinə həsr olunan nadir iri bədii nəsr nümunəsidir. Postmodern ədəbiyyat intertekstual əlaqələri ilə xüsusi seçilir. Azərbaycan postmodern romanında da güclü intertekstual əlaqələrə rast gəlirik. Məsələn, Şəmil Sadiqin “OdƏrlər” romanında Hüseyn Cavidin və İsa Hüseynovun əsərləri ilə sıx intertekstual əlaqələr müşahidə olunur”.

 

Bundan başqa Arslanın Qoroğlu adlandırılması və Dəmirçioğlu obrazı “Koroğlu dastan”ının özünü və “türk eposlarının özəyində duran “Qoroğlu/Koroğlu” mifinin tarixi köklərinə” istinad, işarə edir : “Tanrının qılıncını simvolizə edirdi. Bütün böyük sərkərdələr daim həmin bu qılıncın axtarışında olmuşdur. Atillanın əldə etdiyi qılınc da, Qoroğlunun (Goroğlunun, Koroğlunun) göylərdən gələn Misri qılıncı da bu qılıncdan idi. – Qoroğlu, yaxın gəl, al bu qılıncı. Bundan sonra son damla qanına qədər haqq yolundan yayınmayacağına and iç!”.

 

Göründüyü kimi, romanda  “Koroğlu” eposunun variantlarına edilən göndərmələr diqqəti cəlb edir. Bu səpkidə yazar ümumtürk mövqeyindən çıxış edərək postmodern təmayüllər fonunda əsərini inkişaf etdirir:

 

– Qoroğlu, aramıza xoş gəldin!

 

– Siz kimsiniz? Mən hara xoş gəldim?

 

–Oğul, sən Ata ocağınagəlmisən, narahatolma! İşti-rakçısı olduğun bu ocağın tarixi çox qədimdir. Türkdün – yasının və bəşəriyyətin qurtuluşu üçün çalışır, zaman-zaman böyük zərbələrə məruz qalaraq itirilmiş tarixlərin üzə çıxarılması üçün mübarizə aparır”.

 

          Postmodern romanda həmçinin  tarix obyektiv olmaqdan çıxır, çünki tarixin istinad etdiyi reallıq anlayışlarına şübhə duyulur. Tarixi reallığa sadiq qalmamaq müəllif üçün bir növ var olmaq prinsipidir, azadlıqdır. Buna müvəqqəti təhrif (Temporal distortion) deyilir. Postmodern bədii ədəbiyyatdakı müvəqqəti təhrif tez-tez ironiya naminə müxtəlif yollarla istifadə olunur. Tarixi metafiksiya buna bir nümunədir.

 

          Modern roman tarixdə populyar olanları nəhəng simalar və hadisələr fonunda kimi təqdim edərkən postmodern romanda adi insanlar tarixi şəxsiyyət kimi bədii ədəbiyyata daxil edilmişdir. Postmodernizmdə fərdi reallıqlar, mətnlər və zamanların məcmusunu əks etdirən həqiqət, mətn və zamana bənzər bir baxış mövcuddur. Zamanın şəxsi quruluşu mədəni kanondan və ayrıca fərdi idosistemdə ortaya çıxan fərdi duyğudan asılıdır.

 

Salidə Şərifova yazır: “Postmodern romanlarda zamanın "sıxlaşma"sı ("sıxılma") ona gətirib çıxarır ki, bədii əsərdə fasiləli nizamlı zamandan dövrü prosesə keçidi və ya da zamanın "dondurulması" ehtimal edilir. Məkan "sıxılma"sı real və sürreal qarşılıqlı nüfuz etmənin güclənməsində özünü göstərir. Zaman çərçivəsində zamansızlığı nəzərə çarpdırmaqla sərbəst hərəkət etmələr əsərin ahəngdarlığına xələl gətirmir. Şəmil Sadiqin "OdƏrlər" romanında fabula Odərlərin Şuşaya yürüşü və Dədə Əfəndinin altı söhbəti əsasında inkişaf edir. Hadisələr pərakəndəlik xarakteri daşısa da, bəzən bir-biri ilə əlaqəli olmasalar da romanın əsas ideyası ilə süjet xətlərinə birləşdirilirlər”.

 

Romanda süjetdəki hadisələrin bir-birinə bənd olunması montaj variantı ilə həyata keçirilmişdir: “Kapitan bu hadisəni həmişə dostları ilə söhbətində Nizaminin “İsgəndərnamə” poemasındakı İsgəndərin zəncilərlə döyüşü ilə müqayisə edirdi. Belə ki, bir gün İsgəndərin ordusu zəncilərlə döyüşdə məğlub olub geriyə qaçır. Döyüşçülər arasında belə bir şayiə yayılır ki, düşmən tərəfin şahı qaniçəndir. Əsir düşmüş əsgər-lərin qanını içir. İsgəndər bu hadisəni eşidəndə çox fikirləşdi. Amma yol tapa bilmirdi ki, bilmirdi. Bunun üçün də qaniçən ermənilərə İsgəndər kimi cavab vermək lazım idi.”

 

Vurğulayaq ki, Nizaminin haqqında bəhs olunan poemasında gerçəkdən də, belə məqamlar və hadisələr mövcuddur. Məmməd Qocayev yazır:  Döyüş səhnələri geniş şəkildə, bütün xırda təfərrüatları ilə təsvir olunur. Zənci bahadırları adları ilə təqdim olunur (Zəraçə, Pələngər), onların portretləri realist boyalarla təsvir olunur. İsgəndər özü də, hər şeydən əvvəl, bir cəngavər kimi çıxış edir. Heç bir pəhləvanın qalib gələ bilmədiyi qaniçən, filbədənli zənci bahadırının qarşısına İsgəndər özü çıxır və qalib gəlir. O, zəngibarlara öz mənəviyyatının üstünlüyünü deyil, öz gücünün üstünlüyünü göstərir”.

 

“Müqəddəs mətinlərin "Əvvəlcə söz var idi!" anlayışını interstekstuallığın mərkəzinə qoya bilərik. Bu anlayışa görə heç bir mətn bənzərsiz deyil. Mətn əvvəllər bu və ya digər şəkildə yazılmış mətndir. Mətn əvvəllər bu və ya digər şəkildə yazılmış bir mətnin ümumi və ya xüsusi bir parodiyasıdır. İlk baxışdan belə deyilsə, müəyyən hissələr kolajlanmıştır  və ya heç olmasa hər hansı bir mətnə istinadlar vardır”

 

Görüldüyü kimi Nizaminin “İsgəndərnamə” poemasındakı əsas süjet romana montaj-daxil edilib.

 

Romanda həmçinin islam, mifologiyaya müraciət, folklordan yaradıcı istifadə kimi məsələr də hakim mövqe tutur:

 

“Belə ki, Dədə Əfəndi, Ata kişi, Dəmirçioğlu ağsaqqal obrazları gözümüzdə Dədə Qorqudu canlandırır. Eyni zamanda romanda “Ulu Şaman” adlı məxfi təşkilatın fəaliyyəti əsasında yeni miflər formalaşdırılır. Postmodern romanlarda reallıqla əlaqəsi olan obrazlarla yanaşı gerçəkliklə əlaqəsi olmayan individual obrazlar romanın açıq mətn olmasına imkan yaradır. Dədə Əfəndinin altı söhbəti bizə ağsaqqal nəsihəti ilə ulularımızı xatırladır”.

 

Yaxud:

 

“Quran”da yazılıb ki, Tanrı bu dünyanı 6 günə yaratdı. O nə deməkdi, niyə altı günə? Bunlar da dediyimiz bu beş rəqəmi ilə bağlı idi. Bəs niyə həftənin beşinci günü müqəddəs gün hesab edilir?”.

 

Əsərdəki 6 rəqəmi müqqədəs olmaqla yanaşı, postmodernnizmin qurucularından olan Umberto Ekonun "Ədəbiyyat meşələrində altı gəzinti" əsərini xatırladır.

 

Romanda həmçinin qədim dövrə məxsus,  folklorun  nəfəsini özündə əks etdirən gizli simvollarla xəbərləşmə, igidi sınaqdan keçirmə kimi, şamanlıq,  müqqəddəs simvollar, xalq inancları kimi məsələlərə də geniş yer verilib. Əsərdəki obrazların hər birinin qanında xanların qanının olması məsələsi də Azərbaycan xalqının  milli-qəhrəmanlıq köklərini, tarixini özündə ehtiva edir.

 

Əsərdəki:  Rəhman və Rəhim Allahın adı ilə. Həmd-səna və tərif aləmlərin Rəbbi olan Allaha məxsusdur. Rəhm edənlərin rəhm edənidir. Qiyamət gününün sahibidir. İlahi! Yalnız sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola hidayət et. O kəslərin yoluna ki, onlara nemət vermisən...

 

“Fatihə” surəsinin tərcüməsi təqribən belə idi. Amma onlar Uca Tanrıya kitabların təklifinə əsasən Rəbbin tövsiyə etdiyi dildə – ərəb dilində ibadət edirdilər” hissədə “Fatihə” surəsindən olan hissə romana yapışdırılıb. Burada yazar postmodern texnika olan  pastişdən istifadə edir. Bu texnikanı istifadə etməkdə müəlliflərin əsas məqsədi əvvəlki müəlliflərin əsərlərinə və üslublarına hörmət etmək və ya parodiya etməkdir.

 

Romanda bir çox dinlər, təriqətlər haqqında tarixi və subyektiv mülahizələr mövcud olsa da, ən çox islam dini ilə məqamlarda yazar modernist, rasionalist və bəzən postmodern kimi çıxış edir.

 

 Oğul, “Quran” ayələri Məhəmməd peyğəmbərə heç də göydən o cür gəlməmişdi. Sadəcə həm Məhəmməd peyğəmbər, həm də ondan əvvəlki peyğəmbərlər Tanrının, Yaradanın insanlığa belə bir yaşam qanunları göndərdiyini bilirdilər. Onun dediklərinin əksəriyyəti Tanrının sözüdür, amma bəzi məsələləri dövrə, şəraitə və məkana görə ya dəyişmiş, ya da əlavələr etmişlər” – xüsusilə bu məqamda  “Qurani-Kərimin” dəyişdirilməyən yeganə müqəddəs mətn olduğu konsepsiyası dekonstruksiya olunur. Cavad Heyət “Göktanrı dini həmin şaman dinidir” deyə qeyd edir.

 

Əsərdə postmodernizmin Poioumenon və hiperreallıq kimi elementlərindən də istifadə olunub.

 

"Poioumenon", Alastair Fowler tərəfindən hekayənin yaradılış prosesi ilə bağlı olduğu metafiksiyanın müəyyən bir növünə istinad etmək üçün önə sürülən bir termindir. Fowlerə görə, "poioumenon, uydurma və reallığın sərhədlərini - mətnin həqiqətinin sərhədlərini araşdırmaq üçün fürsətlər təqdim etmək üçün yaradılır və buna hesablanır!

 

"Postmodernizmin təməl anlayışlarından biri olan hiperreallıq isə, eyni zamanda gerçəklə gerçək olmayan arasındakı xəttin bulanıqlaşdırıldığı bir vəziyyəti ifadə edir, burada "hiper" prefiksi bir reallıq modeli tərəfindən yaradılan həqiqətin gerçəklikdən daha real olduğunu göstərir”.

 

 “Quran”ın göydən kəlmə-kəlmə, surələrlə, ayələrlə, gəldiyi fikir də yanlışdır, oğul. Bizi Yaradan, səncə, o qədər dar düşüncəyə malik idi ki, insanlıq üçün fikirlər söyləsin, sonra da onların keçərsiz olduğunu qeyd etsin? İslam tarixini yadına salsan, görərsən ki, Məhəmmədin dövründə neçə-neçə ayənin sonra gələn ayələrdə keçərsiz olduğu qeyd edilir. “Əl-bəqərə” surəsinin 106-cı ayəsini yadına sal: “Biz (zaman və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olduğunu bilmirsənmi?” Bax, oğul, “Quran”ın özündə belə yazılıb ki, bəzi ayələri sonradan qüvvədən saldıq. Görürsən, nə qədər gülünc görünür?”

 

Çünki Rönesansla birlikdə inkişaf edən humanizm, Tanrı və vəhy mərkəzli bir dünya;  kainatdan insan mərkəzli dünya və kainata keçidinə əsaslanmışdır.

 

“Beləliklə, Tanrı və vəhy əsas istinad olmaqdan çıxdı, insan bir istinad sistemi olaraq Tanrı ilə əvəz edildi. Bunun təbii bir nəticəsi olaraq, insanın yaratdığı məlumatlar vəhyin yerini tutmuşdur”.

 

Romanda: “Onda Məhəmmədin kim olduğunu biləcəksən. O da seçilmişlərdən idi. O da Dədə Qorqud kimi seçilmiş, qanı təmizlərdən idi. Gök Tanrı elmini başqa formada ərəblərə satdı. Halbuki dədəmiz Mete xan əllərində olan ideyanı əsas tutaraq deyirdi ki, barış istəyən insanları qurtarmaq üçün Tanrı məni vəzifələndirdi” –kimi məqamlarda Məhəmməd peyğəmbər və  Dədə Qorqud eyniləşdirilir.

 

“Amasiyanın Qarağac kəndində yunan quldurları ağlasığmaz müsibətlər törətmişdilər. Qadınların kürəyinə qaynar su dolu samovarı bağlayıb əzab və işgəncə içində öldürmüş, hamilə qadınların qarnını yararaq körpələri çıxarmışdılar. Üç-dörd azyaşlı uşağı payaya keçirərək, üst-üstə kərpic evlərin fasadına söykəmişdilər...” -   romanda yunanların törətdiyi bu ağlasığmaz faciələr ermənilərin Xocalıda törətdiyi qətillər, vəhşiliklər - Xocalı faciəsi ilə intertekstual əlaqədədir.

 

Roman postmodernizmin bir çox əsas elementini özündə cəmləndirə bilib “OdƏrlər başsız atlı kimi yürüyürdülər. Fikirlər uzaqlarda, ruhlar isə göylərdə idi. Artıq xeyli məsafə qət etmişdilər, amma heç biri danışmırdı”.

 

Burada yazar “Başsız atlı”Mayn Rid tərəfindən 1865-cı ildə yazılmış romana göndərmə edir. Qeyd edək ki, Avropa ədəbiyyatında bu kimi göndərmələrə çox rast gəlinir. Yaxud: “Boqomilla uzunboğaz, qara çəkməsini tələsik bağlayıb, ona xüsusi yaraşıq verən qara saçlarını başı ilə arxaya ataraq, telefonunu götürüb hoteldən çıxdı. Amma cazibədar olmaq üçün lazım olan bütün vasitələrdən istifadə etmişdi.

 

 Vurduğu “Hypnose”la təninin vəhdətindən doğan ətirsə Patrik Zuskindin “Ətriyyatçı”sındakı Jan Batist Qrenuyun hazırladığı ətir kimi insanların ağlını başından çıxarırdı”.

 

Nəticə olaraq qeyd edə bilərik ki, roman azərbaycançılıq və türkçülük kontekstində yazılan önəmli əsərlərdən biridir. Əsər həm də, postmodernizmin çoxşaxəli diapozuna milli ruh qatan, türk və milli postmodern romançılığın inkişafı üçün atılan mühum addım kimi əhəmiyyətlidir. Burada yazar postmodernizmin bir çox elementlərindən istifadə etməklə klassik mətnlərə münasibət bildirmiş, beləliklə həm də türklərin sirli, ulu, qəhrəmanlıqlarla dolu tarixinə nəzər salmışdır. Bəzi kontekstlərdən müqəddəs mətnlərin və tarixin dekonstruksiyası ilə rastlaşsaq da, xüsusilə din ilə bağlı məsələlərdə yüksək skeptizimin nümayiş olunduğu roman Azərbaycan bədii nəsrində  önəmli yerlərdən birini tutacaq.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.