Nizami Gəncəvinin “Xəmsə”si Bursa Konfransında müstəsna qiymət aldı

Xəbər verdiyimiz kimi, Türkiyənin Bursa şəhərində Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans keçirilir.
Bursa konfransı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Nizami Gəncəvi İli” çərçivəsində görülən tədbirlərin davamı olaraq təşkil edilib.
Konfrans çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Nizami Gəncəvinin əsərlərinə həsr edilən rəsm əsərləri, o cümlədən Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində nəşr olunmuş Nizami Gəncəvinin küliyyatı, eləcə də Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatının Nizami Gəncəvinin kitabları daxil olmaqla nəşrləri, həmçinin TÜRKSOY-un nəşrləri sərgilənir.
Konfrans çərçivəsində daha iki panel baş tutub. Bursa Uludağ Universitetinin (BUU) professoru Hatice Şahinin sədrliyi ilə keçirilən birinci paneldə özbək alim Erkin Nuriddinov, azərbaycanlı alimlər Bayram Apoyev, Şəfa Qurbanova, BUU-nun dosenti Erdem Özdemirin sədrlik etdiyi ikinci paneldə isə azərbaycanlı alimlər Xədicə Hüseynova, Bibixanım İbadova, Əlimuxtar Muxtarov, Sərxan Cəfərov, Özbəkistandan dosent Dildor Nuriddinova və digərlərinin çıxışları dinlənilib.
Çıxışlarda Nizami Gəncəvinin “Xəmsə”si bəşəriyyətin elmi, ədəbi, mənəvi abidəsi kimi dəyərləndirilib. Vurğulanıb ki, böyük Azərbaycan şairinin əsərləri dünya ədəbiyyatında misilsiz bir xəzinədir. Azərbaycanda “Nizami Gəncəvi İli” çərçivəsində görülən işlərdən, o cümlədən şairin əsərlərinin başqa dillərə tərcüməsi və çeşidli nəşrlərinin xüsusi əhəmiyyətindən bəhs olunub.
AzərTAC xəbər verir ki, Nizami Gəncəvinin həyatı və yaradıcılığı üzərində səmərəli müzakirələr aparan alimlər vurğulayıblar ki, Gəncəvi beynəlxalq aləmdə təkcə nadir yaradıcılıq üslubu ilə seçilən şair kimi deyil, filosof və mütəfəkkir kimi tanıtdırılmalıdır. Qeyd olunub ki, məhz son illər görülən işlərin böyük nəticəsi olaraq dünyanın ayrı-ayrı ölkələrində Nizami Gəncəvinin həyat və yaradıcılığı mövzusunda elmi tədqiqatlar sürətlə artmaqdadır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.