Super User

Super User

 

Xəbər verdiyimiz kimi, Litva Respublikası hökuməti yanında Milli Azlıqlar departamentinin dəstəyi ilə Yazıçı və Publisistlərinin Beynəlxalq Assosiasiyasının həyata keçirdiyi,  böyük rus yazıçısı Fyodr Dostoyevskinin anadan olmasının 200 illiyinə həsr olunan festival çərçivəsində “Baltiyskiy Qamayun - 2021” beynəlxalq ədəbiyyat müsabiqəsinin qalibləri arasında “Külək” hekayəsi ilə yazıçı-dramaturq Ülviyyə Heydərova da vardır.  “Ədəbiyyat və incəsənət” portalı həmin hekayəni oxucularına təqdim edir.

 

 

 

Ülviyyə Heydərova

 

KÜLƏK

 

Mən yenə gəldim. İndi camaat üzünü turşudacaq ki, buna bax, ilin-günün bu vaxtında utanmaz-utanmaz özünü əsdirir. Əlimdən beziblər.  Bəzən təkcə adamları yox, elə özümü də incidirəm. Həyatdı da, üzümə xoş baxmayanda, sifətimi bozardıram. Həmişə mülayim ola bilmərəm ki.

 

Özümçün sağa-sola sülənirəm, hara gəldi baş vururam. Hərdən elə tozanaq qoparıram, gəl görəsən. Qumu camaatın gözünə, başına səpəndə o ki var söyülürəm də. Hələ kişilərin başından papaqlarını qapmağımı, qadınların ətəklərini qaldırmağımı demirəm. Başa düşə bilmirəm də, niyə bəzi kişilərin papağını qaçıranda «vay, namusum əldən getdi» deyirlər? Bəyəm qeyrətlərini papaqlarına yapışdırıblar? Bəs abır-həyalı başıpapaqsızlar neyləsin? Belə məqamda, lap acığa düşürəm. Onların papaqlarını dənizə elə vızıldadıram ki... Heyf deyil qadınlar?! Ətəklərini bir balaca yuxarı qaldıran kimi üzləri gülür, könülləri açılır, hələ ürəklərində mənə “çox sağ ol” da deyirlər. Tellərini rahatca oxşayım deyə, nazlana-nazlana əllərini saçlarında gəzdirirlər. Bax, o zaman özüm də onlara qoşulub, “oxxay” deyirəm. Dünyanın hər dəlmə-deşiyinə girib-çıxan mən bircə qadınların incə barmaqlarında əsir-yesir qalmışam. Axı heç yerdə bu cür əzizlənmirəm. Deyim ki, məndən zəhləsi gedən qadınlar da az deyil. Ətəklərini elə bərk-bərk saxlayırlar ki, amandır, birdən ayaqlarını dünya görər, aləm bir-birinə dəyər. Həmişə üstdən əsirəm, imkan verməzlər ki, bir dəfə də altdan əsim. Amma o kiçik dünyaya yaxın düşə bilmirəm. Bəlkə də belə yaxşıdır. Qoy qadınlar görsün ki, mən də onların qarşısında əriyirəm.  

 

Eh, bu qadınlar, qadınlar… Çox qəribə məxluqdurlar. Yadımdadır, bir dəfə dəniz kənarında sakitcə dayanmışdım. Gəminin yavaş-yavaş dənizi qucaqladığını gördüm. Sərnişinlərdən iki qadın göyərtədə dama-dama yük çantalarının üstündə əyləşib, haqq-hesab edirdilər. Onlardan biri kağıza diqqətlə baxıb fikrə getdi. Dərhal sağ əlini yaxasına salıb pullarını çıxarmağa başlayanda, o biri qadın dedi:

 

- Ehtiyatlı ol! Birdən pulların dənizə tökülər.

 

- İnan ki, özümü onların arxasınca ataram, - söylədi digəri.

 

Qadının sözü məni tutdu. Necə yəni?! Pulları dənizə düşsə, özünü təhlükəyə atacaq? Axı həyat kağız parçasından qiymətlidir. Dəliliyimə salıb, onu sınamaq istədim. Qadın gəlişimi heç gözləmirdi, barmağını isladıb saydığı pulları qəfil əlindən qapıb, dənizə tulladım. Bilmədim o, əllərini neçə dəfə dizlərinə çırpdı. Bircə onu gördüm ki, pullar dalğaların qoynunda nazlanır. Qağayılar onlara baxıb iştaha gəldilər, suya enib kağızları dimdiklədilər. Bəlkə də, o an qadının ən böyük arzusu qağayı olmaq, pulları dənizdən toplamaq idi. O möcüzə isə baş vermədi. Rəfiqələr çantalarını götürüb kor-peşman kayuta döndülər, mənsə sahilə qayıtdım. O an anladım ki, həyat, doğrudan da, hər şeydən şirindir...

 

Küçədə veyillənəndə o qədər hadisələrin şahidi oluram ki. Heç bilmirəm, hansını deyim. Dünən axşamüstü şəhərdə idim. Beşinci mərtəbədə başısarıqlı uşaq eyvanda həvəslə nar yeyirdi. Aşağı mərtəbədəki qadın da ağları zivəyə sərirdi. Mələfələri sağ tərəfə yelkən kimi yellətdim. Uşaq narı böləndə çürük çıxdı. Onu eyvandan tullayanda ağları cəld sola üfürdüm. Nar otluğa düşdü. Uşaq elə sevindi ki. O dəqiqə anasını çağırıb hadisəni danışdı. Qəhrəmanlığını təkrarlamaq istəyəndə anası narı onun əlindən aldı, əvəzində kağızdan əl topu düzəldi. Uşaq sevinə-sevinə kağız topasını var gücüylə yerə vızıldatdı. “Top” ağların üstünə düşəndə o, təəssüflə anasına baxıb, burnunu salladı. Elə bildi, onun üçün yenə hoqqa çıxaracağam. Ay hay?! Düzü, ürəyini qırmaq istəməzdim. Sadəcə, günəşin qarşısında özünü əsdirən ağlara heyifim gəldi.  

 

Uşaqla axşama kimi oynamağa vaxtım yox idi. Yaxınlıqdakı parkda adətim üzrə axşam gəzintisinə çıxmağımın vaxtı idi. Bu dəfə ora hay-küylə deyil, səssizcə gəldim, sükutun xətrinə dəymək istəmədim. Uzaqdan kiminsə hıçqırtısını eşidib o tərəfə cumdum. İki gənc skamyada əyləşmişdi. Oğlan oturacağın bu başında dodağının altında mızıldanırdı, qız isə o biri tərəfdə için-için ağlayırdı. Onun bu halı məni özümdən çıxardı. Qıza kömək etmək istədim. Tozanaq qoparsaydım, ikisi də başlarını götürüb, oradan küsülü ayrılacaqdılar. Onları barışdırmaq üçün ehmalca başlarına dolandım. Bilirdim ki, qız üşüsə, oğlan dözməyib, pencəyini onun çiyninə atacaq. O qədər pençəkləri zərif çiyinlərdə görmüşəm ki. Yanılmadım. Oğlan nəinki pencəyini çıxarıb qızın çiyninə saldı, üstəlik, onu qucaqlayıb öpdü də. Onların umu-küsülərini havaya sovurub özümlə uzaqlara apardım. Bir kəndə çatdım. Ağacları damların üstündə görəndə anladım ki, tufan buraları alt-üst edib, aradan əkilib. Xilasedicilərin işlərini yüngülləşdirmək üçün yeri yerindən oynatdım. Düşündüm ki, ağacları evlərin damından kənara çəkər, qırılmış elektrik məftillərini üzə çıxardaram. Aşmış gövdələri var gücümlə itələyəndə, camaat tufanın acığını üstümə tökdü. Eşitmədiyim “xoş söz” qalmadı! Fikrimdən dönmədim. Ağacları evlərin başından aşırıb, təhlükəli məftilləri kənara çəkəndən sonra özümə fasilə verdim. O an xilasedicilərdən biri: «Şükür, dəlidən canımız qurtardı»,- dedi. Sözlərindən nə əsdim, nə də coşdum. Eləcə yerimdə donub qaldım. Sonra heç kəsin məni duymayacağı yerə üz tutdum.

 

İndi həmin o ucsuz-bucaqsız düzənlikdəyəm. Düşünürəm ki, niyə insanlar çox vaxt məni istəmirlər? Üstəlik, dəli, mərdimazar adlandırırlar. Niyə qoymurlar ki, onlara heç olmasa bir addım yaxınlaşım? O dəqiqə qapını - pəncərəni üzümə bağlayırlar. Elə hamı məndən üz döndərir, bir xəbər-ətər də tuta bilmirlər. Düzdür, çox şıltaqlıq edirəm. Amma nə olsun? İnsanların ki arasından əsmirəm.

Yerimdə də qala bilmirəm axı. İndi mən neyləyim? Ən yaxşısı üz tutum şəhərimə… Bakıma.                                                                 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İraq Respublikasının ölkəmizdə rəsmi səfərdə olan rabitə naziri Arkan Şihab Əhməd Əl-Şaibani ilə görüşüb.
Qonağı salamlayan nazir Anar Kərimov ölkələrimiz arasında münasibətlərin tarixi, mədəni və dini bağlar üzərində inkişaf etdiyini vurğulayaraq, həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Azərbaycan və İraq arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan nazir hazırkı səfərin də faydalı müzakirələrin aparılması üçün imkanlar yaratdığını bildirib. 2011-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında imzalanmış mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumundan söz açan Anar Kərimov bu sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
İraqın Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək verdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirən Anar Kərimov ölkəmizin ərazisinin bir hissəsinin 30 ilə yaxın Ermənistanın işğalı altında olduğu dövrdə mədəniyyətimizə və tarixi irsimizə dəymiş ziyan, vandalizm aktları barədə qonağı məlumatlandırıb. Nazir İraqın Azərbaycandakı səfirinin də işğaldan azad olunan ərazilərə baş çəkdiyini xatırladaraq bu ərazilərdə mədəniyyətlə bağlı bütün infrastrukturun, eləcə də qəbiristanlıqlar, məscidlər, xristian abidələri və digər məkanların erməni işğalçı qüvvələri tərəfindən məqsədli şəkildə dağıdıldığını diqqətə çatdırıb. Anar Kərimov qeyd edib ki, hazırda Azərbaycan dövləti işğaldan azad olunan torpaqlarda geniş yenidənqurma və bərpa işləri həyata keçirir. Həmin ərazilərdə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dini-etnik mənsubiyyətindən asılı olmayaraq bütün inanc yerləri qorunur, islam irsi ilə yanaşı xristian abidələrinin, qədim kilsələrin bərpasına başlanılıb.
Mədəniyyət Nazirliyinin beynəlxalq tərəfdaşlarla birgə başladığı “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasından danışan Anar Kərimov bildirib ki, bu kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mədəniyyətə qarşı törədilmiş soyqırımını, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırmaqdır.
Qəbula görə təşəkkürünü bildirən İraqın rabitə naziri ölkələrimiz arasında ikitərəfli münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq  Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasından söz açaraq qarşılılıqlı əlaqələrin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüb.
Arkan Şihab Əhməd Əl-Şaibani qədim sivilizasiyaların məkanı olan İraqda tarix boyu çoxsaylı müharibələrin olduğunu, bu ərazidə yerləşən tarixi abidə və tikililərin dağıntıya məruz qaldığını, mədəni irsə dair eksponatların oğurlandığını, talan edildiyini vurğulayaraq bu baxımdan Azərbaycanın qarşılaşdığı vəziyyəti aydın şəkildə anladığını bildirib.
Anar Kərimov söhbət zamanı İraq Respublikasının mədəniyyət nazirinin Azərbaycana dəvət olunması, iki ölkə arasında mədəniyyət sahəsində yeni sazişin imzalanması, İraq ərazisində yaşayan türkmənlərlə Azərbaycan xalqının tarixi-mədəni bağlılığı, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin İraqın Kərbəla şəhərindəki məqbərəsinin bərpası məsələlərinə də toxunub.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

Cümə axşamı, 05 Avqust 2021 17:58

Qobustan” jurnalının növbəti sayı çıxdı


AYB-nin orqanı olan “Qobustan” jurnalının bu il üçün ikinci nömrəsi işıq üzü görüb.
Jurnal Vaqif Vəlixanlının “Qırx sətir” sərlövhəli yazısı ilə başlayır. Yazı islam Şərqinin mədəniyyəti, özünəməxsus ab-havası barədədir.
“Gəncənin Nizamisi” bölməsində İradə Musayeva “Məhəmməd Əmin Rəsulzadə Nizami haqqında”, Xəzangül “Nizami Gəncəvi yaradıcılığında dünyəvilik”, Zülfiyyə Dəvəliməhəmməd “Nizamidə din-iman”, Ağaverdi Xəlil “Nizami Gəncəvidə Azərbaycan ruhu”, Sədnik Paşayev “Nizamidə folklor kökləri” məqalələri ilə çıxış ediblər.
“Dünyanın Nizamisi” bölməsində Nizami haqqında deyimlər yer alıb. Akademik Y.Bertelsin “Nizami dünyası”, “Nizami sufiydimi?”, “Nizami və yer-göy elmləri”, “Nizami niyə saray şairi olmadı” adlı məqalələri jurnalın bu nömrəsində oxuculara təqdim olunub.
“Şeyx Nizami” bölməsi Qəzənfər Xalıqovun müəllifi olduğu Nizami portreti barədə yazı ilə başlayır. Bu bölmədə yer alan “Nur heykəli” adlı yazı heykəltəraş Fuad Əbdürrəhmanovun sənətkarlığı barədədir.
“O illərin havası” Yaşar Rzayevin 80 illik yubileyinə həsr olunub. “Qobustan”ın bu nömrəsində Cabir Albantürkün şeirləri də yer alıb. “Göy qurşağı” bölməsində Həşim Paşayev Fikrət Həşimovun bənzərsiz sənətindən, Pakizə Kazımova isə Qarabağ mənzərələrindən yazıb. Esmira Nəzərlinin “Hər şey unudulur, səndən savayı” adlı yazısı Xalq artisti Qara Tağızadənin ruhuna ithaf olunub.

Jurnalın anonsu AzərTAC-ın məlumatı əsasında hazırlanmışdır.


Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Musiqi Festivalı iştirakçılarının üzünə açdı.
Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin və Bakı Musiqi Akademiyasının  dəstəyi ilə iyulun 31-də başlayan XII Qəbələ Musiqi Festivalı avqustun 4-dək davam etdi.
Mədəniyyət Nazirliyinin məlimatına görə, builki festival əlamətdar hadisəyə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuşdu. Yubileyin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 26-da Sərəncam imzaladı. Bununla bağlı respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. XII Qəbələ Musiqi Festivalı da yubileyə həsr olunmuş tədbirlərdən biri idi.
Musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də çox zəngin oldu. Musiqisevərlər festival günlərində bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq aldılar. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axşamları da təşkil olundu. Bu ilki Qəbələ Musiqi Festivalının ən başlıca məziyyətlərindən biri o oldu ki, ölkəmizin aparıcı musiqi təhsil ocaqlarının müəllim və tələbələri, eləcə də müxtəlif ifaçı kollektivləri geniş səpkidə iştirak etdilər.
İyulun 31-də XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi oldu. Əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxundu. Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın, mədəniyyət naziri Anar Kərimovun iştirak etdikləri açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Bakı Musiqi Akademiyasının rektoru, Qəbələ Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxış etdilər. Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrin ifasında geniş konsert proqramı təqdim olundu.
Avqustun 1-də Konqres Mərkəzində BMA-nın müəllim və tələbələrinin iştirakilə kamera-instrumental musiqi gecəsi keçirildi. Respublika və beynəlxalq müsabiqələr laureatları olan tələbələr – pianoçular Fəqan Həsənli, Vüsalə Babayeva, Ləman Seyidova, Elxan Niftiyev, Leyla Zeynalova, Cəmalə Abdinzadə, Jalə İslamova, qoboy ifaçısı Əziz Pənah, vokalçılar Lalə İbrahimova, Mahir Tağızadə, Rza Xosrovzadə, violonçelist Ərol Rzayev və digər gənc ifaçılar konsertin məxsusi təravətli ab-havasını yaratdılar.
Həmin gün baş tutan kamera musiqi axşamında Respublikanın xalq və əməkdar artistləri, BMA-nın müəllimləri olan Zəhra Quliyeva, Yeganə Axundova, Murad Hüseynov, İlham Nəzərov, “Bakı Kamera Orkestri” və onun dirijoru Fuad İbrahimov, Cavad Tağızadə, gənc qoboy ifaçısı Əziz Pənah konsertin əsas iştirakçıları oldular. Gənc bəstəkar, II Qarabağ Müharibəsi qazisi Vüqar Məmmədzadənin “Şəhidlərə ithaf” adlı əsəri konsertin məxsusi qəhrəmani və zəfər ovqatını ifadə edə bildi.
2 avqust tarixində BMA-nın müəllim və tələbələri digər bir maraqlı kamera konsertini təqdim etdilər. Gənc bəstəkar Vüqar Məmmədzadənin (prof.A.Əzimovun sinfi) “Ay üzlü Nigarım” əsərinin ilk ifası, respublikanın Xalq artisti Ülviyyə Hacıbəyovanın ifasında Azərbaycan klassik musqi inciləri, Əməkdar müəllim Nəzakət Rimazi ilə Elnarə Kəbirlinskayanın duet ifasında səslənən Ravel, BMA-nın  “Lumineux” vokal ansamblı və onun bədii rəhbəri, BMA-nın Əməkdar müəllimi Naala Barateliya, gənc pianoçular –Züleyxa Abdulla, Fəqan Həsənli, Səidə Tağızadə, Nərgiz Kəngərli, Leyla Əhmədxanova, “Clarte” klarnet kvartetinin parlaq ifaları alqışlandı.
Eyni gündə açıq səhnədə keçirilən “Zəfər muğam kompozisiyası” adlı konsert – festivalın əlamətdar musiqi gecələrindən biri oldu. Respublikanın Xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov, Əməkdar artistlər Təyyar Bayramov, Elnur Əhmədovun ifalarında muğamlar və Nazim Əliverdibəyovun “Muğam” xoreoqrafik miniatürü (R.Axundova və M.Məmmədovun quruluşunda) səsləndi.  
Avqustun 3-də Konqres Mərkəzində respublikanın tanınmış ifaçıları, xalq və əməkdar artistlər Murad Adıgözəlzadə ilə Əvəz Abdullanın, vokalçı Gülnaz İsmayılova ilə bəstəkar Ceyhun Allahverdiyevin, messo-soprano müğənni Fəridə Məmmədova ilə bəstəkar Elnarə Dadaşovanın duet ifaları, respublika və beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəflinin iştirakı ilə  baş tutan kamera-vokal musiqi axşamı XII Qəbələ Musiqi Festivalını uğurla başa vurdu.


Ötən gün mədəniyyət naziri Anar Kərimov Yunus Əmrə İnstitutunun rəhbəri Şeref Ateşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mədəniyyət Nazirliyinin məlumatına görə, Anar Kərimov nümayəndə heyətini səmimi salamlayıb, qardaş Türkiyədə baş vermiş meşə yanğınlarının törətdiyi fəsadlardan sarsıldığını bildirib, eləcə də yanğınlar zamanı həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı çatdırıb.
İnstitutun rəhbəri isə öz növbəsində qardaş Azərbaycanın göndərdiyi yardım heyəti və texnika dəstəyinə görə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycanla Türkiyə arasında mədəniyyət, kitabxana sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin zəngin və qədim tarixi ilə tanınan Qarabağa həsr olunmuş filmlərin çəkilməsi, ortaq mədəni irsin qorunması, qarşılıqlı uzunmüddətli təlimlərin keçirilməsi, tarixi abidələrin araşdırılması ilə bağlı müzakirələr aparılıb. Digər layihələrin icrası ilə bağlı birgə fəaliyyət planının hazırlanması məsələləri müzakirə edilib.
Şeref Ateş qəbula görə Anar Kərimova təşəkkür edib, iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra da Yunus Əmrə İnstitutu ilə Mədəniyyət Nazirliyi arasında birgə fəaliyyəti bundan sonra da  uğurla davam etdirməyə hazır olduqlarını bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Portalımızda bir həftə öncə şimal  qonşumuzun ədəbiyyat funksionerlərinin yay günlərində istinin və pandemiyanın mərhumiyyətləri şəraitində ədəbiyyatsevərlərə üçgünlük III böyük onlayn layihə ilə əsil bayram yaşatması barədə “Dünyaşöhrətli Alan Din Foster III Böyük Beynəlxalq onlayn-layihəyə rəng qatdı” başlığl altında geniş yazı dərc edilmişdi. Beynəlmiləl Yazıçılar İttifaqı, “Rossiyskiy kolokol” jurnalı, Moskva Yazıçılar İttifaqı və digər təşkilatçıların birgə ərsəyə gətirdikləri bu layihə barədəki yazı oxucuların geniş marağına səbəb olmuşdu.
Yazıya xarici partnyorlar da diqqət göstərmişlər. Belə ki, inwriter.ru platformasında portalımızla bağlı təqdir yazısı getmişdir. Ayrıca, portalımızda dərc edilən “Dünyaşöhrətli Alan Din Foster III Böyük Beynəlxalq onlayn-layihəyə rəng qatdı” yazısının linki də qoyulmuşdur ki, maraqlananlar yazı ilə tanış ola bilsinlər.
Xatırladaq ki, sözügedən layihədə Rusiya yazarları ilə yanaşı Ukrayna, Belarus, İsrail, ABŞ, Avstraliya, o cümlədən Azərbaycan yazarları da iştirak edirdilər. Festivalın əsas sürprizi isə Alan Din Fosterlə – elmi-fantastik filmlər üçün ssenarilərin (o cümlədən dünyaca məşhur "Ulduz yolu" serialının), məşhur kinolentlərin ( o cümlədən "Qaranlıq ulduz", "Yad", "Riddikin Salnamələri", "Nə isə" və s.) dünyaşöhrətli müəllifi ilə görüş olmuşdu. Dünya fantastikasının klassiki ilə görüş videogörüntülər formatında keçirilmişdi. Alan Din Foster həyatımızda kitabın mənası, fantastika janrının yolu, onun dünyagörüşünü necə formalaşdırması, müasir oxucu çevrəsi haqqında danışmışdı. Onun tarixin fəlsəfəsinin dünya fantastikasına necə təsir etməsi və hazırda dünya fantastikasının necə dəyişməsi, mədəniyyəti hərəkətə gətirməsi və sivilizasiyanın inkişafına kömək etməsi haqqında mülahizələri hədsiz maraq doğurmuşdu.

Cümə axşamı, 05 Avqust 2021 05:34

Kəpənəklərin göz yaşlarını göstərən misralar

Bir neçə gün öncə “Azərkitab-Kitab Mərkəzi”ndə növbəti kitab təqdimatı baş tutmuşdu, İki müddətlik Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Bəstəkarlar İttifaqının üzvü, Gənclər mükafatçısı, "Azərkitab-Kitab Mərkəzi"nin mətbuat katibi Aysel Kərimin "Kəpənəyin göz yaşı" adlı şeir kitabının təqdimat mərasimi keçirilmişdi. Tədbirdə ədəbi elitanın xalq yazıçısı Çingiz Abdullayev, AYB-nin katibibləri Rəşad Məcid və Səlim Babullaoğlu kimi nümayəndələri qatılmışdı. Hacı Nuran və digər ziyalıların iştirakı təqdimata bir ayrı rəng qatırdı. Tədbirin giriş sözünü Kitab Mərkəzinin layihə rəhbəri Mirsabir Həsənov etmişdi.
Qeyd edək ki, şairənin lirik mənini ortaya qoymağa müvəffəq olan “Kəpənəyin göz yaşı” kitabında xalq yazıçısı, millət vəkili Sabir Rüstəmxanlının geniş rəyi yer alıb. Ön söz müəllifi isə Rəşad Məciddir. Bu kitab Aysel Kərimin oxucularla ikinci görüşüdür. Bundan öncə onun "Bir ovuc yağış" adlı şeir kitabı nəşr edilmişdi.
Aysel xanım ovuca sığan yağış barədə gözəl lövhə yarada bilmişdi, bu dəfə isə o, kəpənəyin göz yaşlarını əyani olaraq göstərə bildi.
“Ədəbiyyat və incəsənət” Ayselin  bir neçə şeirini oxucularına təqdim edir.

ŞAHİD

Mənim  belə  şahid  nəyimə  lazım?
Sükut  ondan  yaxşı  danışa  bilir.
Bu alın  yazımı  onunla  yazım?
Gah  küsür, gah da ki, barışa  bilir.
 
Bu dəli  şeytanın  oyununa  bax,
Göstərmək  istəyir mənə  öz  görkün.
Etdiyin  hər şeyi  gəl başıma  qax,
Sənin  özgələrdən  nə  fərqin  var ki?
 
Açdın  qıfılını  bağlı sandığın,
Çəkildi  sinəmə  çalın-çarpaz dağ.
Ey mənim  içimdə  hər  gün  andığım,
Qapımı  döyürsən, gir, içəri  bax.
 
Gəl  öz  gözlərinlə  halımı  gör  ki,
Sonra vicdanına  yenilməyəsən.
Həsrət  körpüsünü  sevginlə hör  ki,
Bir də ayrı  düşüb, bölünməyəsən.

 SEVGİ HƏSRƏTİ
 
Yenə  xatirələr göz  önündədir,
Qəlbimdə  yenə  də  sevgi  həsrəti.
Bu  könül  mülkünü  küsdürən  nədir?
Dözümdən  savayı  yox  cəsarəti.
 
Yenə  varlığım da  puç  olur, inan,
Həsrətdən  don  geyir  hər  gündüz-gecə.
Həsrət  məkanında  gizlicə  dayan,
Ruhumu aldadım  mən  də  beləcə.
 
İndi  viranədir  yamyaşıl  bağlar,
İlahi, şəfa  ver  qanlı  yarama.
Görsən ki, səninçün  bir doğma  ağlar,
Onda  yad  ünvanda  məlhəm  arama.

Kimsələr  dərdini  dərindən  bilməz,
Heç  kim  güzgüdəki  üzümüz  deyil.
İllər  sovursa da, qəlbindən, silməz,
Bu şirin  vədəli  sözümüz deyil.
 
DUMAN

Yolu azdırdı duman,
Qərib ellərə getdik.
Ulu  yazdırdı  zaman,
Dönüb sellərə  getdik.
 
Düşdük  dar  cığırlara,
Qaçmağa  yerimiz  yox.
Rəhm  eylə  fağırlara,
Başqa  bir  qibləmiz  yox.

Əlimiz  sənə  qalxır,
Qəlbimiz  səni deyir.
Bu  gözlər  sənə  baxır,
Axan  yaşları  silir.
 
Bizi  qaytar  geriyə,
Biz  burda  neyləyirik?
Nə  vaxt  qarlar  əriyər,
Onda  yenə  gələrik.
 
Ömrün  havası  kimi,
Göz  oxşayan  bir  zərik.
Bir göl sonası kimi,
Biz də gəldi-gedərik.

MÖHÜR

Möhür  vurdun  bu  ömrümə  indi sən,
Sualsız, vergülsüz, nöqtəsiz  gəldin.
Sən  demə  o  çılğın  nidaydın  əsən,
Əsərək ömrünə tabe  elədin.

Nədir istədiyin, nədir  umduğun?
Nədir, bu canımdan nə  istəyirsən?
Hər  zaman sevgiylə  açıb-yumduğum,
İndi bu gözlərdən  nə  gizləyirsən?
 
Köç  etdi  taleyin  yüklü  karvanı,
Büküldü  arxanca  qaçan  bu  dizlər.
Get ara, istəsən  indi  haranı,
Hər  yer mənə  aid addımlar, izlər.
 
Sızıldar bu yara, qanatma  onu,
Əzilər, bükülər  bir  kağız  kimi.
Bəlkə  yuxudadır, oyatma onu,
İlləri  həbs  olub bir məhbus  kimi.


Nüfuzlu “Əl Cəzirə” telekanalı ermənilərin Qarabağda məhv etdikləri Azərbaycan xalqına məxsus tarixi-mədəni irs abidələri haqqında reportaj yayımlayıb.
AzərTAC-ın Qahirə müxbirinin məlumatına görə, reportajda tədqiqatçı Bayram Niftəliyevə istinadən 30 ilə yaxın işğal dövründə ermənilərin tarixi mədəniyyət abidələrini, muzeyləri, təhsil müəssisələrini, kitabxanaları, qəbiristanlıqları, məscidləri, alban və rus ortodoks kilsələrini məhv etdikləri açıqlanıb. Tarixçi Şaiq Aslanov isə telekanala müsahibəsində qeyd edib ki, müharibə təkcə dinc insanları və hərbçilərin həlak olması kimi fəlakətlər gətirməyib, həmçinin tarixi-mədəni irs abidələrinin də dağıdılmasına da səbəb olub. O əlavə edib ki, Qarabağda İslam və xristian abidələrinə qarşı vandal aktları törədilib. O ümidvar olduğunu bildirib ki, bəşəriyyətin mədəni irsinin ayrılmaz hissəsi olan tarixi abidələr bir daha məhv edilməyəcək.
Azərbaycanın Xocavənd rayonunda reportaj hazırlayan telekanalın müxbiri Rəsul Sərdar qeyd edib ki, atəşkəs elan edildikdən və silahlar susduqdan sonra Azərbaycan və Ermənistanı sülhə aparan uzun yol gözləyir. Lakin insanlar ümid edirlər ki, bu torpaqlarda yaşanan dəhşətli hadisələr bir daha təkrar olunmayacaq.

Çərşənbə, 04 Avqust 2021 11:00

Varisin “Qızıl cib saatı”

Xəbər verdiyimiz kimi, Türkiyədə TADEV Yayınları nəşriyyatında yazıçı Varisin “Qızıl cib saatı” romanı nəşr olunmuşdur.
Dünya miqyasında erməni millətçiliyinin riyakar maskasını 1893-cü ildə Osmanlı imperiyasındakı xəyanət fəaliyyətindən tutmuş 1993-cü ildəki Qarabağdakı işğalçılıq fəaliyyətinədək yüz illik bir dövr ərzində aça biləcək “Qızıl cib saatı” romanı Britaniya, Türkiyə və Azərbaycan arxivlərinin materialları əsasında yazılmış, sırf dünya oxucusuna ünvanlanmış bu romana
Azərbaycanın Xalq Yazıçısı Kamal Abdulla ön söz yazmışdır.
Romanı Türkiyə türkcəsinə İmdat Avşar çevirmişdir.
“Ədəbiyyat və incəsənət” portalı xalq yazıçısı Kamal Abdullanın ön sözünü və romandan bir parçanı oxucularına təqdim edir.

Varisin “Qızıl cib saatı”

Postmodern estetikada Umerto Ekonun ortaya qoyduğu belə bir sual var: Aristotel və ya Herodot niyə şair deyil, amma Homer, Vergili şairdir. Halbuki hər biri öz yazdıqlarını bir ədəbi, əbədi mətn kimi yaradıblar. Bəzi müasir ədəbi mətnlərdə biz bir zamanlar bir-birindən ayrılmış tarix və ədəbiyyatın sintezini müşahidə edirik. Hətta burada sərhədlərin hiss edilməyəcək dərəcədə itməsi halları da olur. Demək ki, önəmli olan əlahəzrət mətndir, yerdə qalan təfərrüatdır.
Varisin oxuduğum “Qızıl cib saatı” romanı yuxarıda dediyim məsələlər baxımından olduqca maraqlıdır. Roman bir-birinə paralel addımlayan iki süjetdən ibarətdir. Birinci sujet əri Qarabağ döyüşlərində şəhid olan, atasının qisasını almaq üçün 17 yaşında müharibəyə gedən və əsir düşən oğlunun intizarında əriyən və bu intizarın bitməsi naminə evində gənc ermənini əsir saxlayan, ona öz balası kimi qayğı göstərən ananın hisslərinin dramını detallı şəkildə bizə anladır. İkinci süjet isə daha çox gündəlik xarakterli olub İstanbul ermənisinin 1918-ci ilin mart ayında ermənilərin Azərbaycanda törətdiyi soyqırımı öz gözüylə görüb qələmə almasından, erməni vəhşiliyinin erməninin öz dili ilə tarixi faktlarla, tarixi şəxslərin adları ilə ifşasından bəhs edir.
Romanda müəllifin çox yaxşı nağılçı olması aydın şəkildə hiss edilir. Roman insan taleyinin məhrumiyyətlərindən detallı şəkildə bəhs etdiyindən birnəfəsə oxunur. Oxucu sanki baş verən prosesin hansı nəticə ilə bitəcəyi üçün darıxır. Həm də Əsli ananın əzablarının tez bitməsini istədiyindən romanı da tez oxuyub bitirmək istəyir.
Roman ermənilərin yüz il öncə Bakıda törətdikləri azərbaycanlı qırğınlarına tutulan güzgü, həmçinin hazırda da davam edən Qarabağ münaqişəsinin ədalətli həlli üçün aparılan informasiya savaşında çox yaxşı silahdır. Romanda təsvir edilən ana obrazı bütün Azərbaycan analarının ümumiləşmiş insanpərvər obrazıdır. Bu obraz əksər hallarda heç bir ədəbi-bədii bənzətmələrlə deyil, sadəcə, onun əməllərinin təsviri ilə ədəbi qəhrəmana çevrilir.
Roman Azərbaycanın haqq səsini dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı. Bu işdə ədəbiyyatın gücü digər güclərdən daha təsirlidir.
Mən belə bir romanın ərsəyə gəlməsi münasibətilə Varisi təbrik edirəm, “Qızıl cib saatı” romanına gözəl ədəbi tale arzulayıram.
Xalq yazıçısı Kamal Abdulla

ROMANDAN PARÇALAR
                                               
lll hissə
5-ci gün. 6 mart
Gecə gündüzün nidası da ola bilir, sualı da. Gecənin aylı-ulduzlu, işıqlı, yaxud zülmət olması yalnız oyaq qalanlar üçün fərq edər. Birincidə azacıq ovunar, o ayın, ulduzun işığına bələnib bir qədər nikbinləşərsən, ikincidəsə dibsiz qaranlığın vahiməsi səni büsbütün bədbinləşdirər...
Gecə ara-sıra yuxuladıqca elə hey Samiri görürdü. Görürdü ki, əziz balası zarıyır, inildəyir, hıçqırır...
Səhər ertədən ata evinə yollandı. Çox soyuq idi, otda, kol-kosda qırov varıydı. Şalına bürünsə də, titrəyirdi.
İkimərtəbəli, yastı damlı evdi, di gəl, oranı hər görəndə, sanır kəndləri boyda, rayonları boydadı. Bəlkə də, dünya boydadı, heç dünyaya da sığmaz.
Bu boz-bulanıq mart günündə gözündə bütün həyət-baca rəngbərəng güllərə, alabəzək kəpənəklərə büründü. Burada yaşanan uşaqlıq, yeniyetməlik və ilk gənclik illərinin gözəl xatirələri hər yanı durmadan gözəlləşdirir, daha sevimli, daha dəyərli edirdi.
Atası əynində sırıqlı həyətdə oturmuşdu, əlində kəlbətin köhnə bir yəhərlə qurdalanırdı, həmişəki kimi, qarşısında da armudu stəkanda buğlanan çayı və xırda doğranmış kəllə qəndi varıydı. Anası illərin vərdişiylə toyuq-cücəyə dən səpə-səpə “cip” kəlməsini dalbadal, mahnı kimi səsləndirirdi.
Bir qoca nənəsi də var Əslinin. Anasının anası. Sevimli Tükəz nənəsi. Valideynləri ilə görüşüb, onlara Samirdən hələ bir xəbər olmaması məyusluğu yaşadıb (bir istədi, əsir barədə danışıb qocaları ümidləndirsin, amma sonra Camonun tapşırığını xatırlayıb fikrindən vaz keçdi), nənəsini soruşdu. Hələ yatırmış. Sübh namazını qılıb sonra yenidən yuxuya dalıbmış.
Nənəsini çox sevir. Gözünü açandan onu əli “Quran”lı, təsbehli görüb. Nənəsi ona Mir Həmzə ağanın qəzəllərini öyrədib, sufilikdən, nəqşibəndilikdən danışıb.
 
Eşqin kanı, Qarabağdır məkanım,
Bülbülü-şeydayam, cənnət yerimdir...
Sinəmə çəkilən qara dağımdır,
Qara bağrım qanlı Qarabağımdır.
 
Yerdə bardaş qurub çiyin ata-ata, yırğalana-yırğalana avazla qəzəl oxuyar, beş rükət namazını qılar, gün ərzində ağzından dua əskik olmazdı. 99 sədəf muncuqlu təsbehini də ardıcıl dörd dəfə çevirər, birincidə “Sübhanallah”, növbətilərdə “Əlhəmdülilləh”, “La ilahə illəllah” və “Allahu Əkbər” söyləyərdi.
Əslinin ana tərəfi Qarabağın tanınmış nəslindəndir, onlara Dəyirmançılar deyirlər. Tükəz nənəsinin atası İldırım bəy çar dövründə Qarabağda ən böyük dəyirmanlardan birinin sahibi olmuşdu. Nənəsinə də “Dəyirmançı qızı” deyərdilər. Bolşeviklər gələndə qolçomaq adıyla kişini güllələmiş, dəyirmanı da qapadıb anbara çevirmişdilər...
...Evə girdi, səliqə-sahman yaratdı, həyət-bacaya əl gəzdirdi. Su qaynatdı, kirli paltarları yuyub zivədən asdı.
Qocaların çayı, şəkəri bol idi, ancaq un urvanın dibindəydi. Özünü qınadı ki, gərək o gün arvadlar deyəndə gedib növbəyə durardı, un alıb gətirərdi...
Kartof-soğanları, iki-üç bişirimlik ətləri də var idi. Atası yaşlaşsa da, gözləri işığını xeyli itirsə də, pinəçiliyindən qalmır, beş-on manat çörəkpulu qazanır. Üstəlik, mal-qara, toyuq-cücə də karlarına gəlir. Maşallah, anası qıvraqdı, çox vaxt rayona -- bazara özü gedib süd-qatıq, yumurta satır...
Nənəsi oyansaydı, bir onunla hal-əhval tutardı, azacıq da olsa nikbinliyə köklənərdi, ancaq, maşallah, yaman möhkəm yatmışdı qarı. Başının üstündə durub bir qədər bu doğma insana tamaşa etdi. Cizgiləri o qədər gözəldi. Ağ birçəyi, qırışları bu gözəlliyə xələl gətirmir, onu tamamlayır. Yaşına uyğun olmayan tərzdə sakit yatıb. Əsla xorultu səsi yoxdur.
Nənəsindən həmişə güc alıb, təsəlli alıb. Çətində, darda onun Təsəvvüfdən gələn, çoxunu da əzbər bildiyi sözlərinə sığınıb. “Başına nə gəlirsə-gəlsin, hətta səni səndən alan, göyün hansısa bir qatına qaldırıb da yerə çırpan vaqeələr belə baş versin, yenə məyuslaşıb ruhdan düşmə, təslim olma! İstədiyini əldə edənə qədər şükür etmək lazımdır. Uğur -- diləyi gerçəkləşməyəndə də şükür etməyi bacaranındır”.
Yaxud bu: “Bütün qapılar üzünə örtülsə belə, axırda Tanrı heç gözləmədiyin halda mütləq üzünə bir qapı açacaq. Bu qapının cırıltısı artıq eşidilmək üzrədir, dinləsənə!”
Yaxud...
...Eşiyə çıxanda ilk gözünə sataşan nəhəng tut ağacı (ikiyə haçalanan gövdəsindən yoğun-yoğun o qədər qol-budağı çıxmışdı ki) oldu. Samirin gözdən oğurlanan kimi bu həyətə gəlməsini, baba-nənəsinə, böyük nənəsinə necə sarmanmasını, eləcə də bu həyət-bacaya aid bir çox şeylərə, bax elə bu tut ağacına necə bağlanmasını xatırlayıb doluxsundu.
Anasına nəsə sözü varıydı. Bayaqdan ha düşünürdü, yadına sala bilmirdi. Axır ki, tut ağacının hüzurunda xatırladı nə deyəsi olduğunu. Ev səmtə boylanıb, artırmadan görünən anasına dedi, ay ana, odunum qurtarır, özünüzə alanda mənim qapıma da bir yük yolladın, pulunu verim.
Anası dərhal gileyləndi ki, niyə üstündə haqqın böyük olan baldızıngil sənin odununu gətirmirlər, pulla alırsan?
İndi hərə öz başını girlədiyindən heç kəsdən heç nə ummurdu. İnsanları, necə ki, aldıqları tərbiyə, mühit, təbii şərait, iqlim formalaşdırır, eləcə də baş verən fəlakətlərdən – zəlzələlərdən, sel və daşqınlardan, quraqlıqdan, münaqişə və müharibələrdən doğan, həyəcan, təşviş və qorxuya söykənmiş özünüqoruma instinkti də tam dəyişdirə bilir.
...Evə qayıdanda yol boyu madarı üçün yenə xısın-xısın ağladı.
Bax bu yolla Samir məktəbə gedərdi.
Bax bir dəfə bu hasarın qabağında dostları ilə dayanmışdı, şəhərdən qonaq gəlmiş şalvarlı bir qıza söz atırdılar qırışmallar.
Bir dəfə bu döngədə kiminsə velosipedini sürəndə yıxılmışdı, dizi sıyrılmışdı.
O tikan-qanqal basmış meydançada dostlarıyla futbol oynayardı.
O yol onu dükana aparıb gətirirdi...
Hər addım oğluyla bağlı xatirəydi. Dünyada xatirə qədər yandırıb cızdağ çıxaran ikinci bir şey yoxmuş.
Evə çatandan ta ki günorta Camonun göndərdiyi əsgər gələnə kimi yenə də elə hey istədi emalatxanaya girib əsirdən hesab sorsun. Hətta nazik hulqumu çıxan boğazından yapışıb onu boğmaq istəyinəcən gedib çıxdı. Axı nə idi günahları?! Niyə dağıtdılar tifaqlarını? Hamıya yaxşılıq edərək, xoşbəxtlik arzulayaraq şad-xürrəm yaşayırdılar. Yazıq İsa necə xeyirxah idi, neçə körpəyə havayı beşik düzəldib vermişdi. Aralarında nə qədər erməni də var idi. Bir kəsin xətrinə dəyməmişdi, gözün üstə qaşın var deməmişdi.
Madar balası necə də yaxşı oxuyurdu, bütün qiymətləri dörd-beş idi. Ən yaxşı instituta girəsiydi, ən dəyərli diplomu alasıydı...Allah, o necə yaraşıqlıdı, şirindi. Bir də görürdün, gözünün üstünə düşən kəkilini əlinin yanı ilə itələyir. Bir də görürdün, yanaqlarının batması şərti ilə bəxtəvər-bəxtəvər gülümsəyir...
Niyə hər şey bircə anda məhv edildi axı?!
Birdən ağlına gəldi ki, bəlkə də, ərinin qatili həmin onun düzəltdiyi o beşiklərdən birində böyüyüb. Lap elə, bəlkə də, emalatxanadakı o əsirdir!
Üşürgələndi. Tükləri biz-biz oldu.
Emalatxanaya tərəf addımladı. Qapıya çathaçatda sanki güclü bir yel axını üzünü yalayaraq keçib getdi. Eşitdiyinə, bildiyinə görə, ruhlar öz gəlişləri barədə məhz bu cür xəbərdarlıq edirlər. “Bismillah” söylədi, ürəyində gileyləndi ki, nahaq bu kafir erməni dığasının emalatxanaya saldırılmasına razılıq verdi. İsanın ruhu, yəqin, narahatdır.
İsa Əslidən bir yaş böyük idi, 1949-cu il təvəllüdlüydü, o da adlı-sanlı nəsildəndi. Ulu babası Nurulla bəy Qarabağın ən nüfuzlu bəylərindən sayılırmış. Qəribə xüsusiyyəti vardı bu nəslin. Nəsil şəcərələrinə görə yeddi nəsil bütün kişilər cəmi bir oğul övladına sahib olmuşdular. Eləcə də İsanın atası Qasım elə bil, missiyasını yerinə yetirməyi gözləyirmiş. Kolxozun yük maşınını sürürdü, İsa dünyaya gələndən cəmi üç gün sonra maşını aşırdıb dünyadan köçmüşdü.
İsanın anası Qəmər iki uşaqla (İsadan qabaq bir qızları olmuşdu) dam altında tək qalmış, o ağır illərdə çox əziyyət çəkmiş, uşaqlarının acından ölməməsi naminə Yəhya adlı bir dul dülgərə ərə getməyə razılıq vermişdi. Qəmərlə Yəhyanın izdivacından daha bir qız dünyaya gəlmişdi, ancaq tale işiydi ki, Allah İsaya qardaş verməmişdi.
Yaman nikbin adam idi İsa. Əsliylə ailə quranda ona ailə hekayətlərini söyləmiş, gülümsünərək əlavə etmişdi ki, biz öz böyük sevgimizlə nəslin cəmi bir oğlan uşağı ənənəsini pozacaq, bir-birindən yaraşıqlı üç-dörd oğlan uşağı dünyaya gətirəcəyik.
Samir dünyaya gələndə İsa xoşbəxtlikdən quş kimi uçurdu, deyirdi, birincisi gəldi, qaldı sonrakılar. Amma sonrakılar gəlmədilər. Heç birinin əyər-əskiyi yox idi, Qəmər arvad qabağına qatıb hətta onları Bakıya müayinəyə də aparmışdı ki, kənd yerində oğullu-uşaqlı olmaq adətdir. Bir uşaq amanatdır, onunla kifayətlənməkmi olar? Di gəl, Allah, nədisə, onlara ikinci övladı vermədi. İndi də bircə balası ilə Əslini sınağa çəkir.
Bəlkə, balasını əsir götürən elə emalatxanadakı o köpək oğlu köpəkdir?
Fikir ani olaraq gəlib beyninə doldu, ani olaraq da getdi. Ayaq üstündə qırxı çıxmış o köpək oğlundan əsir götürənmi çıxar?
Amma az sonra həmin fikir hərlənib-fırlanıb yenə gəldi. Dünyanın işini bilmək olmaz. Doğrudan da, bu erməni it oğlu it bizimkilərə əsir düşübsə, deməli, buralarda -- bu həndəvərdə vuruşanlardandır. Samiri də elə buralarda, bu həndəvərdə vuruşanlar əsir götürüblər də. Şəxsən bu köpək oğlunun özünün əsir götürmək qırımı olmasa belə, ola bilər, əsirgötürmə məqamının iştirakçısı olsun.
Camonun əsgəri gəlib gedəndən xeyli sonra, nəhayət ki, özünü toparlayıb sakitcə emalatxanaya girdi. Əsir səmtindən yayınaraq içinə dolmuş qəzəbdən yüngülcə titrəyiş keçirən baxışları ərinin dəzgahında, mancanağında gəzdi. Özünü inandırmağa çalışdı ki, indi qalxıb evdən balta-bıçaq gətirməklə ərinin, balasının qisasını rahatca ala bilər. Bıçağı bu erməni gədəsinin ürəyinə saplayar, baltanın qundağını təpəsinə çırpar, yaxud boğazından yapışıb bərk-bərk boğar onu...
Amma “lənət şeytana” deyib əsirə nəzər yetirmədən də emalatxanadan çıxdı. Bunları edə bilərdimi? Bəlkə də edərdi. Amma bir başqasına qarşı. Əzazil, zalım, yaşı çox, əli bizimkilərin qanına bulaşması bəlli birinə qarşı. İsanın qatilinə qarşı dəqiq edərdi. Bu bədbəxtsə lap uşaqdır, oğlu yaşındadır... Gərək onu qorusun. Oğluyla dəyişəsidirlər axı. Çox tanış gələn də sifəti var. Kiməsə hədsiz dərəcədə bənzəyir. Amma kimə?
Evdə qərar tuta bilmədi. Qulaq yoldaşı olan televizor da köməyinə yetmədi.
Nə oldu bu əsir dəyişmək məsələsi?! Niyə həll etmirlər axı?!
Tez-tələsik şalını başına atıb qaloşlarını geyindi. Bir də onu gördü “pozisiya” deyilən yerə yön alıb. (“Pozisiya”  kəndin yuxarı tərəfində -- təpəlikdə yerli könüllülərin mövqe tutduğu yerdir. Burada blindajda qərargah yerləşir, əsgərlər də döyüş hazırlığı vəziyyətində müxtəlif mövqelərdə düzülürlər).
Məqsədi gedib Camonu danışdırmaq, elə uşaqlığından sirr doğarcığı kimi heç kəslə heç nəyi bölüşməməkdə ad çıxarmış qohumundan nəsə söz almaq idi. Barxudarın anbarının yanına çatanda yanında UAZ avtomobilinin dayandığını gördü. Camo öz yekəpər vücudunu quş kimi yerə atdı.
-- Bibiqızı, hara belə? -- soruşması ilə onunla qabaq-qənşər dayanması bircə an çəkdi.
Yaxşı qohum idi, mehriban idi. Bibisi qızını harda gördü, əhval-ruhiyyəsindən asılı olmayaraq çöhrəsinə sevinc qonurdu.
-- Elə sənin yanına gəlirdim.
-- Xeyirdir?
-- Dedim, görüm, uşaqdan bir xəbər varmı.
-- Dünən gətirmədik əsiri? Səbr elə də.
-- Dünən gətirməmisiz, beş gündür artıq.
-- Beş gün müharibə üçün bilirsən nədir? Beş dəqiqə, beş saniyə.
-- Dözə bilmirəm axı, neynəyim.
-- Darıxma, əsas odur dəyişməyə əsirimiz var. Samvelə demişəm, əsirin valideynlərini tapıb dərhal əlaqə saxlasın, birləşib uşağın yerini öyrənsinlər, dəyişək.
Camo bir siqaret yandırıb dəyiş-düyüşün ən rahat yol olmasını söylədi. Yoxsa ki, pulla əsir almaq çox müşküldür. Əsgərə beş min rubl, zabitə on min rubl qiymət qoyulub. Üstəlik, pulun batmaq ehtimalı da yüksəkdir.
Belədə, Əsli soruşdu, səncə, nə vaxt bir xəbər olar?
Camo çiyinlərini çəkdi.
Sonra da Əsli Camonun siqaretini sümürüb qurtarmasını, kötüyü yerə tullayıb xrom çəkmələri ilə tapdalamasını, torpağa qarışdırmasını məyusluqla izlədi. Baxışları Camodan qopanda Barxudarın divarının şirəsi qopub tökülmüş sovetdənqalma, xeyli nəhəng anbarı səmtə yön aldı. Bir vaxtlar kənd camaatının vurhavur un, düyü, şəkər çuvalları, yağ, makaron-vermeşil qutuları daşıdığı bu ünvan indi qapısına vurulmuş böyük, paslı qıfılla xeyli aciz, miskin görüntü almışdı...
                                                     *
Gecə sanki əvvəlki gecələrə bənzəmirdi, fərqliydi. Zülmətin çalarları daha tünd, ulduzların parıltısı daha gur, ağacların xışıltısı daha ucadan idi. Yatağına uzanıb yorğana bürünəndə yüngülcə qapı cırıltısı eşitdi, yenə üzünü yalayaraq keçib gedən yel axınını hiss etdi. Yenə “Bismillah” söylədi, salavat çevirdi. Ürəyi bərk-bərk döyündü, köksünü yarıb çıxmaq istədi. Gözünü elə bu an nəsə sezəcəkmiş kimi otağın zil qaranlığına zillədi, az keçmiş qaramtıl-göy rəngli önlükdə enlibığ bir kişi (İsa?!) gəlib gözünün qabağında dayandı.
Gözlərini ovuşdurdu, bilmədi yatırmı, yuxudamı görür onu, ya oyaqdırmı.
Tədricən sima dəyişdi, üz cizgiləri bir-birinə qarışdı, nurani bir kişiyə çevrildi. O, dümağ saqqallıydı, ağ upuzun əba geyinmişdi, yaşıl çalması, əlində əsası varıydı (Mir Həmzə ağa?!). Əsasını asta-asta yerə döyəcləyərək yapışıqlı bir səslə sual etdi ki, məndən nəsə soruşmaq istəyirsən, düzdürmü?
Yuxu ilə oyaqlığın, xəyalla gerçəkliyin arasında vurnuxmaqda olan Əsliyə cavab söyləməyə imkan verməyərək ardınca daha bir sual ünvanladı, soruşdu, ruh barədə bilmək istəyirsən özü də, eləmi?
Əsli bir onu duydu ki, qan-tərin içindədir, amma tamamilə rahat idi. Asudə idi həm də.
Dümağ saqqallı, upuzun əbalı, əli əsalı şəxs əsasını asta-asta yerə döyəcləməklə danışmağa başladı. Sözlər sirr dolu, sehr doluydu, çox əsrarəngiz idi. İlmə-ilmə toxunub mənalı cümlələr yaradır, sonra yaratdıqları mənaları qoyub özləri qeyb olur, yerlərini növbəti gələnlərə təhvil verirdilər.
-- O, gəlib gedir, sənin çevrəndədir, deyilmi? O gün qütbləşmə barədə əbəs düşünməmisən. Mövcudiyyat da iki qütbdədir, birində bütün maddi və mənəvi gerçəkliyi Özündə ehtiva edən, daim mövcud olan Mütləq Varlıq dayanır. O Tanrıdır. Digərindəsə Onun Vücudundan yaranan sonsuz sayda maddi varlıqlar, cisimlər, əşyalar, insanlar dayanır. Gördüyün hər şey Tanrı Vücudunun ən fərqli görkəmdə, quruluşda, rənglərdə görünüşüdür, Haqdan qeyri nə varsa, hamısı Haqqın Zat və Sifətlərinin törənişi, Onun çeşidli cismani varlıqlar şəklində təzahürüdür. Kainatdakı bütün qətrə və zərrələrdə ilahi ünsür vardır.
Otağın bumbuz soyuqluğu daha yox idi, ilıq, ruhoxşayan havaydı, yamyaşıl çəmənliyin gül-çiçəyinə kəpənəklər daraşmışdı, ağaclarına quşlar qonub cəh-cəh vururdu.
-- Bil, Tanrı Zatından hər an sonsuz sayda nurlar ayrılır, ruh adlanan həmin nurlar İlahi Varlıqdan maddi aləmə doğru eniş yoluna başlayır, ruhlar aləminə keçirlər. O aləmə ki, orada sonsuz sayda şəkil və simalar mövcuddur, hamısı da cismani deyil, xəyalidir, şəffafdır. İlahi Zatından qopmuş nur üçün bu aləm çox gözəldir, onu nə qədər sevincə, həzzə qovuşdurur. Ancaq ilkin yaranışda ona verilən vücud sevgisi tezliklə öz işini görür, onu vücuda qovuşmağa sövq edir. Beləcə, nur eniş yolunu bir qədər də davam etdirir.
Doğrudan da, sanki nələrsə, çox xırda cisimciklər yuxarıdan aşağıya tökülüşürdü. Ayırd etdi ki, bunlar qığılcımlardır. Yay gecəsinin qaranlıq səmasında ulduzların enişini az görməmişdi, buradasa bir yox, bir neçə parıltı eniş trayektoriyası edirdi.
-- Ruh doqquz qatdan keçib, nəhayət, maddi aləmə çatır. O aləmə ki, orada istilik və soyuqluqla, yumşaqlıq və sərtliklə üzləşir, dörd ünsür olan havayla, odla, suyla, torpaqla baş-başa qalır. İlahi nur maddi aləmdə mövcud olan üçlüklə -- canlı bitkiylə, canlı heyvanatla, ən nəhayət, insanla qovuşur, vücuda daxil olur, surət, forma, rəng alır. Burada da o, sevincə, həzzə qərq olur. Amma bütün yarananlar öz əzəllərinin cazibəsindən qopa bilmirlər axı. Get-gedə ruh da əzəlinin -Tanrı Zatının xiffətini çəkir. Vücudun ötəri olması səbəbindən vücud sevgisinin də ötəriliyi hər an bir az da şiddətlənir. Nəhayət, vücud sevgisi bilmərrə qeybə çəkilib Tanrı sevgisi ilə əvəzlənir, ruh öz əslinə qayıdır.
Tədricən səs zəifləməyə, çəmənlik, gül-çiçək, quş cəh-cəhi cənnəti çəkilməyə, otağın soyuqluğu və zülmət qaranlığı bərpa olunmağa başladı. Tədricən dümağ saqqallı şəxsin sifət cizgiləri də qarışdı, o, gənc, göyçək bir oğlana çevrildi, əlinin yanı ilə kəkilini dala itələyib gülümsədi, yanaqlarında çökəklər peyda oldu (Aman Allah! Samir?!).
Son sözlərini söyləyə-söyləyə dumanınmı, tüstününmü, buludunmu, axır ki, ağlığın içində qeyb olmağa başladı:
-- Tanrının sübutu naminə Öz İradəsi ilə Onun Zatından qopmuş zərrələr çeşidli maddi yollardan keçərək sonda yenidən əslinə -- Onun Özünə qayıdıb Ona qovuşur. Bütün maddiyyat, Kainat Haqq Zatının törəməsi olduğundan, hansı səmtə baxsan, Tanrını görəcəksən! Tanrı Zatı sonsuz sirlərlə doludur, çox gizlindir, dərkolunmazdır. Haqqı Haqqın Özündən başqa heç kəs dərk edə bilməz. Çünki yaradılmış hər şeydə bir əskiklik var, bir nöqsan var. Nöqsansız olansa yalnız Tanrı Zatıdır.
 
XXVI hissə
9-cu dəftər
“İstəyirsiniz, mən göyləri, yerləri şahid çəkim ki, qələm əsla cansız deyil, canlıdır. O, yazdıqlarının mahiyyətinə varır, sevincindən bəhs edəndə özü də sevinir, kədərdən bəhs edəndə isə qəmə, kədərə batır.
Artıq tam olaraq Bakıda mənim millətimin müsəlmanlara qarşı qətliam həyata keçirdiklərinə əmin olduqdan, “erməniləri müsəlmanlardan qorumaq”, “bolşevizmi qəbul ermək istəməyənlərə bolşevizmi qəbul etdirmək” kimi cəfəngiyyatlardan dolayı yalan pərdəsinin küçələr boyu qalaqlanmış günahsız, dinc müsəlmanların eybəcər hala salınmış meyitləri reallığıyla tam yırtılmasından sonra mən həqiqətən bir utanc hissi keçirirdim. And olsun o müqəddəs Yaradana ki, yer yarılsaydı yerə girərdim.
Martın 25-də - onda ki, martın 24-də 36-cı Türküstan polkunun tələbi, matrosların hədə-qorxusu və Çaparidzenin müdaxiləsindən sonra bizimkilər qətliamı dayandırmışdılar, tərəflər arasında barışıq elan olunmuşdu, gec də olsa Fəhlə, əsgər və matros deputatları Soveti Bakıda asayişi bərpa etməyə başlamışdı, həmin məqamda bir iş də o olmuşdu ki, Sovetin müsəlman üzvü Kazım Axundova şəhərin dağlıq hissəsini – Çəmbərəkəndi mümkün ola biləcək erməni basqınlarından qorumaq üçün 10 silahlı matros verilmişdi. O vədədə tanış olduğum bu fədakar insan öz işini təkcə Çəmbərəkəndi qorumaqla bitmiş hesab etmirdi, küçələrdə qalaqlanmış meyitlərin yığılmasının təşkili ilə də məşğul olurdu.
Haşıyədən kənara çıxıb söyləyim ki, bütün şəhər üzrə həm bolşeviklərin, həm də müsəlman komitələrinin təşkilatçılığı ilə meyitlər yığılırdı, “Vulkan” cəmiyyətinin istifadəsiz qalmış limanına 6748 meyit yığılmışdı, sonra onlar Petrovsk və Jeleznodorojnıy limanlarından barajlarla Bibi Heybətə daşındı. Ən azı altı baraj meyit aparmışdılar, and olsun Yaradana. Meyit yığılması düz 31 marta kimi davam etmişdi. Bunlar hələ meyitlərin hamısı deyildi. Sonradan bəzi meyitlərin Sabunçu, Suraxanı və Binə kəndlərində quyulara basdırılması aşkar ediləcəkdi, Poxlu Dərədə isə elə təkcə bir quyudan qulağı, burnu, cinsiyyəti kəsilmiş, qarnı yırtılmış 57 qadın meyiti aşkarlanacaqdı.
Hə, Axundov Nikolayevsk küçəsindən meyitlər daşınanda gözlərindən bildır-bildır yaş axıdaraq üç və beş yaşlı uşaqların, gimnaziya şagirdlərinin meyitlərini mənə göstərib soruşurdu ki, Allah heç bu zülmü götürərmi.
Mərkəzi Türmənin yanında 400 müsəlman meyiti saydım. Hamısı soyundurulmuşdu, başları Qərb istiqamətində qoyulmuşdu. Niyə? Bilmədim.
Mən bu yazımın əvvəlində qələmin canlı olmasından, yazdıqlarının mahiyyətinə varmasından boşuna söz açmadım. Zira, yazdığım qeydlərin həcmcə çox böyüməməsi, belimə şələləyib özümlə gəzdirdiyim rükzakımı tam zəbt etməməsi üçün onsuz da çox mətləbləri qeyd etməkdən vaz keçir, bir növ qənaət rejiminə əməl edirəm. Həmin gün Kazım Axundovun bir insaflı qəzetəçi sayaraq məni və həvəskar fotoqraf olan rus Vladimir Sokolovu Kərpicxana deyilən yaşayış məskəninə dəvət etməsi, Sokolovdan tarix üçün üç-dörd foto çəkməsi xahişi səbəbindən doğmuşdu, amma o anlarda bax məhz dediyim qələmlə bağlı hadisə baş verdi. Necə ki, bir vəhşət görəndə insanın damarında qanı donur, bax eləcə də, mənim qələmimin mürəkkəbi dondu, nə illah elədim, qeydlərimi başa çatdıra bilməyib titrək əlimlə birtəhər qələmimi və qeyd dəftərimi rükzakıma dürtüşdürüb gözümlə gördüyüm, insanlıqla bir araya gəlməyəcək səhnəni beynimə yazası oldum.
Bir mənzildə Sokolov ilk fotosunu çəkdi, iki yaşlı körpəni yeddi-səkkiz verşka uzunluqlu kazaçkov mismarı ilə daş divara pərçimləmişdilər. İkinci mənzildə növbəti fotosunu çəkəsi olan Sokolov içini çəkərək “heyvanlar” söylədi, bu sözün, sandım ki, bizlərin hər birinə, o cümlədən mənə də aidiyyatı var, özü də çoxdur.
Yataqda 13-14 yaşlı çılpaq qız uzanıqlı vəziyyətdə əbədi yuxuya dalmışdı, bədəni qançır-qançır idi, ayaqları aralıydı, ayaqlarının arasında qan gölməçəsi yaranmışdı, iki-üç milçək vızıltılyla qan içirdi. Biçarəni onlarca şəxs sıra ilə zorlamışdı, elə bu təcavüzdən də dünyasını dəyişmişdi, olduqca ürəkdağlayan mənzərə idi.
Daha bir neçə mənzili gəzəndən sonra növbəti mənzilə yetişəndə birinci otaqda yerdə 23-24 yaşlı lüt qadının və altı-yeddi yaşlı oğlan uşağının meyitini gördük. İkinci otağa keçəndə isə... Mən bilmirəm, vallah bilmirəm, müqəddəs xaç haqqı bilmirəm, insan hansı anında bütün insanlıq deyilən xüsusiyyətlər cəmini itirib Ali Yaradanın iradəsinin ziddinə olaraq ən yırtıcı, ən vəhşi heyvandan belə yırtıcı və vəhşi xislətə düşə bilər. Yerdə südəmər körpə meyiti vardı, sifətindəki gülümsər ifadə ondan xəbər verirdi ki, kürəyinə süngü soxularkən şipşirin yuxudaymış. Bilmirəm, uşaqlar yuxu görə bilirlərmi, ancaq həmin an onun gözəl yuxu gördüyü şəksiz idi. Bəlkə də yuxusunda o böyümüşdü, xoşbəxtlik, bəxtəvərçilik dənizinə baş vurmaqdaydı... Körpənin əl-ayağını isə içəri soxulmuş kirli-paslı küçə itləri gəmirib didişdirirdi.
Sokolov necə dəhşətə gəldisə foto çəkməyi dayandırıb hövlnak oradan qaçdı, mənsə Axundovun fasiləsiz yağdırılan “Bunu Allah götürərmi” suallarının şillə kimi üzümə-gözümə çırpılan şiddətindən qurtulmaq üçün mıxlanıb yerdə qalmış zalım ayaqlarımdan tərpənib getməyi acizanə surətdə rica edə-edə qaldım...
Bu hadisə məni necə əzmişdi, qəlbimi necə inlətmişdi, söyləyə bilmirəm. Dəfələrlə o yataqda qan-içində ölüb qalmış kütləvi zorlanmaya məruz qalan qızın yerində bacım Noranı, nişanlım Anuşu təsəvvür edib ürəyimin çırpıntılarından köksümü yarıb çölə çıxacağı və gərilən damarların tab gətirməyərək partlayıb yaşadığım evin ağappaq divarlarını al qırmızı qanla bulaşdıracağı təəssüratı yaşamışdım həmin gecə.
Hələ o körpə!!! Aman Allah!
Çox sarşılmışdım. Nəyin bahasına olursa olsun geriyə qayıtmaq istəyirdim, amma dezertir damğası alacağımdan, valideyinlərimin incidiləcəyindən hədsiz ehtiyat etməyim yenə də mənim şərin qoynunda duruş gətirib qalmağımı diktə edirdi.
                                                 *
Bakı qətliamı xırda-para epizodları çıxmaq şərti ilə yatırılmışdı, “İrəli” daşnak qəzeti yazırdı ki, bu son xoşagəlməz günlərdə Erməni Milli Şurası müsəlman əhalini bacardıqca müdafiə edir, onları himayəsi altına alırdı. Bu boyda yalanmı olardı?
Müsəlman komitələri isə qırğının, ziyanın miqyasını hesablayırdı. Təkcə elə 19-21 mart tarixlərində - üç gündə Bakıda 11 min müsəlman öldürülmüşdü, əhaliyə 400 000 000 rubl ziyan dəymişdi. Bakının müsəlmanlar yaşayan Məmmədli, Poxlu Dərə və Kərpicxana adlı hissələri büsbütün dağıdılmış, əhalisi güllələnmiş, süngüdən keçirilmişdi. Şəhərin mərkəzindəki əksər binalar, mehmanxana və mağazalar qarət edilmiş, yandırılmışdı. Bir də təkrarlayım ki, Bakının qürur rəmzi olan, arxitektura şedevri İsmailiyyə binası da həmçinin.
Ara azacıq sakitləşən kimi vahimə və panika içində olan bəzi Bakı sakinləri canlarını qurtarmaq üçün Biləcəri dəmir yolu stansiyasına (Bakı stansiyası quldurların tam nəzarətində idi) gedir, ordan faytonla 50 rubl ödəməklə Sumqayıt stansiyasına yollanır, ordan yük vaqonu ilə Xaçmaza, ordan da atlarla Qubaya pənah aparırdı. Halbuki, mənim əlimdə səhih məlumat var idi ki, müsəlman qırğını tək Bakı ilə məhdudlaşmayacaq, böyük dəmir yolu stansiyalarında – Yevlax, Ucar və Kürdəmirdə, ən əsas coğrafi nöqtələrdə - Quba, Lənkəran və Gəncə quberniyasında, xüsusən Şamaxıda daha azğınlıqla davam etdiriləcək.
Bakı qırğınından keçən növbəti günlərdə mən əzab və səksəkə içində əvvəlki ünvanımda yaşamaqda davam edir, hər günümü bir şüşə vodka ilə bitirməklə növbəti gündə Poqosovdan xidmətimi bitirməyim və geriyə - vətənə qayıtmağım müjdəsini gözləyirdim. Amma bu gözləntim elə gözlənti olaraq da qalır, qurğuşun ağırlığında olan ümidlərim polad ağırlığında olan reallıq yükünün altında çabalayıb inləyirdi.
Otaq yoldaşlarım yaxşı ki, mürəxxəs olub getmişdilər. Yoxsa bu ağır durumda onların mövcudluğuna sadəcə tab gətirə bilməyəcəkdim. Şəhərə çıxır, Poqosovun, yanına gedib-gəlir, bu şəhərdə yeganə həmdəmim olan Yakov Smirnovu ziyarət edib saatlarca söhbətləşir, Bakının talanmış, xarabalığa çevrilmiş baş küçələri ilə dərdli-dərdli gəzişirdim.
Poqosovun yanına gedib-gələndə də, digər erməni komitələrinə baş vuranda da, küçələri gəzəndə də fikrim-zikrim həm də onda olurdu ki, birdən Hamleti görərəm, ondan bir xəbər bilərəm. Hesabla o da bu vədələr Zaqafqaziyada olmalıydı, tale bizi kaş ki, yenidən görüşdürəydi, keçmiş o xoşbəxt həyatımın yeganə yadigarı ilə bircə an baş-başa qala bilməyim mənə bu iztirablı aylardan, illərdən qat-qat dəyərli olardı. Amma Hamletdən yox, Qriqori Melkumyandan xəbər tutdum – Qriqori əmimdən, atamın dostundan. O şəxsdən ki, 1912-ci ilin günəşli və küləkli bir günündə Üsküdərdəki evimizə qonaq gəlib anamın bişirdiyi yaşıl lobya soyutmasını sarımsaq-qatıqla bəh-bəhlə yediyi zamanda atamın məni işə düzəltmək xahişini məni bax bu bəlaya – bu oküz boyunduruğuna salmaqla həll edərək yaxşılıq etdiyi halda əslində görünməz bir pislik etmişdi. Sonradan, necə ki mənəvi ölümümə bu cür səbəbkar olmuşdusa, eləcə, Vanda alçaq Mesrop Ülgüc tərəfindən həbs edilərək zülmət zirzəmiyə salındığımda da xilaskarıma çevrilmişdi, xəbərimi eşidib dərhal Vana gəlmiş, şəxsi əlaqələrinin köməyi ilə məni fiziki ölümün pəncəsindən qoparmışdı. Parapet yanındakı Erməni kilsəsindən əzizlərimçün dua etmək ritualını bitirib çıxanda Konstantinopolda atamla Qriqori əminin müştərək dostları olan Vartaz əmini gördüm. Tanrım, özgə vaxtı heç salam vemədiyim, çox da xoşlamadığım bu adamı burada görcək necə sevindim, ona sarmaşıb necə ağladım?! Vartazdan  Konstantinopolun, hətta atamın belə qoxusunu da aldım həmin anda. Bax onda hal-əhval tutmağımızın sonunda Qriqori əmimin edam edilməsi xəbərini eşitcək sarsıldım. Deməzsənmiş, Qriqori Melkumyan 1915-ci ilin 17-18 iyulunda Diyarbakırın Ziyer kəndində 500 qiyamçının, 29 iyulda Maraşda 400 qiyamçının, 2-3 avqustda Sivasda da yenə də 400 qiyamçının üsyanlarının təşkilatçılarından biri kimi Dendil yaxınlığında həbs olunaraq edam edilibmiş.
Onunla Muşda olanda – 1915-ci ilin yanvarında son dəfə telefon əlaqəmizi xatırladım. Göz yaşı içində tam yorulduğumu, usandığımı, hətta intihar edəcəyimi söyləmişdim. O da demişdi, ağlını başına yığ, uzağı apreldə müharibə bitəcək. Bəxtin gətirsə müstəqil Ermənistanın fədaisi kimi, gətirməsə isə zəngin təcrübəyə malik bir qəzetəçi kimi Konstantinopola dönəcəksən, atan da səni evləndirəcək. Toyunda da Qriqori əmin musiqiçiləri özü dəvət edəcək, aşıq Şeram və aşıq Avasını çağıracağam, bir erməni “Tərəkəmə”si də oynayacağam.
Sona qədər millətçi, sona qədər qərəzli oldu. Hətta son sözlərində də türkün “Tərəkmə”sinə erməni “Tərəkmə”si dedi. Eh. Həyat. Sənin dolanbac yollarında azmamaq bəlkə də mümkünsüzdür.
                                                 *
Bir də bilirsiniz, 1918-ci ilin martında Bakı küçələrində nəyi müşahidə etmək acınacaqlıydı? Sadəlövh müsəlmanlar onlara dəyən ziyana görə Şaumyanın, onun əlaltılarının qəbuluna düşmək üçün uzun-uzadı növbələr yaratmışdılar, xırda qaniçənlərin vurduqları ziyana görə böyük qaniçənlərdən pənah umurdular. Belə bir hadisənin də şahidi olmuşdum: qırğın zamanı ayağından güllə dəyib amputasiyaya məruz qalan Serkovnıy, 18 ünvanında yaşayan Məmməd Əliyev əsalara dirənərək iki sutka gecə-gündüz növbə gözləmiş, nəhayət Şaumyanın kabinetinə düşəndə gözlərindən yaş axıdaraq ailə üzvlərinin güllələndiyini, bütün əmlakının talandığını söyləmiş, çarəsiz duruma düşdüyünü vurğulayaraq imdad diləmişdi. Şaumyansa üz-gözünü turşudub: “Allahına şükür elə ki, özün sağ qalmısan. Get burdan!” – hədəsi ilə onu qovmuşdu.
Həmin dönəmlər Bakıya ürək dağlayan bir mənzərə hakim idi. Erməni mənzillərində şadyanalıq, yeyib-içmə, qələbə təntənəsi öz epogey halına çatmışdı. (Bir gün qapımı döyüb erməni mühəndis Adamovun həyat yoldaşı mənə bir ovuc şirinlik qənd də gətirib vermişdi, müsəlmanların Novruzunu qara gətirib qanlarına susandığını görcək evlərə şəkər paylayacağını əhd etdiyini dilə gətirmişdi). Erməni komitələri, daşnak bürosu məclislər, ballar keçirir, əldə etdikləri milyonlarla pulun, daş-qaşın işığında qopardıqları ton-ton ərzaqdan israfcasına dadır, oxuyur, rəqs edir, əylənirdilər. Doğmalarını itirən, ev-eşiyi yandırılan sağ qalmış müsəlmanlar isə (şikəst qalanı, yaralı olanları da kifayət qədər idi) çəkdikləri dəhşətli əzabla yanaşı bütün maddiyyatlarını, ərzaq ehtiyatlarını itirdiklərinə görə indi də aclıq təhlükəsinə tuş gəlmişdilər. O günlərdə gözlərim şəhər zibilliklərində yemək axtaran, acından küçədə yıxılıb qalan müsəlmanları görməyə alışmışdı. Zəngin neft səltənətinin aborogen millətinin bu hala salınması, fikrimcə, çox böyük ədalətsizlik idi. Amma bu ədalətsizliyi bir erməni kimi etiraf etməyim kimə lazım idi? Poqosov və Poqosovkimilər “vətən xaini” damğası ilə dərhal mənim məhvimə fərman verər, ailəmi belə təqibə məruz qoyardılar. Müsəlmanlar üçünsə mənim – sıravi bir erməni yazarının, sözü sözlər yanında milçək vızıltısı qədər belə eşidilməyəcək bir məğmun, aciz, gücsüz bəndənin söylədikləri yaralarına məlhəm, dərdlərinə təsəlli ola bilməyəcəkdi. Mənim millətim xristian olması – xristian güclərə arxalanması hesabına bu mücadilədə güclü tərəf idi, müsəlmanları tam yenmişdi - əsas həqiqət bax buydu.
O ki Əhməd İzzət Paşanın əmriylə yaş senzinə görə ordudan kənarlaşdırılmış Maraş komantanı Süleyman Paşa təsəlli üçün atlı qarışqaları döyüşdürərkən təqribən eyni ölçülü-biçimli, eyni güclü qarışqalardan birinə qahmar çıxaraq yoğun barmağıyla digərini daim aşağı itələyirdi, eynən o cür də bolşevizmin yoğun barmağı erməni – müsəlman münaqişəsinin müqəddəratını həll etməkdəydi.
Qaranlıq düşəndə qarabasmalarım başlayırdı, ağlımı get-gedə itirmək üzrə olduğumu ehtimallarım, fərziyyələrim daha aydın isbatlayırdı. Bu şəhərin hər gün təkrarlanan küləklərinin vıyıltısı pəncərəni çərçivə qarışıq qoparmaq, damı laxladıb uçurmaq çabalarıyla çıxardıqları səs-sədayla mənə lap sarımı uddururdu. Bir yandan da, çox güman, ev sahibəsi Marqonun yanına gələn erkəklərin gecə yarı belə usanmadan taxta pillələri cırıldadaraq aşağı-yuxarı çıxmaları içimə vəlvələ salırdı. Gözlərim yuxusuzluqdan alışıb yansa belə onları yuman kimi gah bu lənətə gəlmiş səslərin qorxu-hürküsü, onlar imkan verəndə isə həmin o qarabasmaların basqısı (daha çox qaynar su ilə dolu qazan başıma əndərilir, ərşə çatan tonqalda heyvan kimi ətim şişə taxılıb qızardılır, xəncərlə gözüm ovulub xırçıltıyla yerə tökülürdü) məni yataqdan dik atılmağa, işığı yandıraraq su qrafinini başıma çəkməyə, yanğımın söndürülməsi prosesinin bir belə uzun çəkməsindən sonra da təngnəfəs halda ciblərimi axtararaq papiros və kibrit tapıb ciyərlərimin məhvini labüdləşdirən papirosçəkmə cəzasına sövq edirdi.
Belə vaxtlar “bəlkə mən lənətlənmişəm” deyə düşünür, bu düşüncənin öldürücü təsiri əvvəlki vəziyyətimi bunun yanında lap toyagetməli edirdi. Özümü hamam otağına salıb başımı soyuq suyun altına tutur, fınxırıb burnumu təmizləməklə kəsilməkdə olan nəfəsimi bərpa edəcəyimi düşünür, bir də alüminium tübikdəki mentol dadı verən pasta ilə ciddi-cəhdlə, var-gücümlə dişlərimi sürtürdüm.
Haçansa hardansa oxumuşdum ki, ruhi sarsıntı keçirən insanların özəl qəribəlikləri olur, gecəyarısı dişimin mina qatının indicə qoparılıb aparılacağı təsəvvürü yaradan çox kobud təmasla diş fırçalamağım, şübhəsiz, mənim ruhi sarsıntımı isbatlayan özəl qəribəliyim sayıla bilərdi.
Tarix ona görə tarix olur ki, güclüyə xidmət edib zəifi aşağılayır. Tarixin qələmini, kağızını güclülər ayırır, onu yazan mirzələri güclülər seçir, bir tikə çörəyini, bir içim suyunu verir ki, otur yaz. Onlar da yazır. Qaraya ağ, ağa qara deyə-deyə yazdıqlarını üst-üstə qalaqlayırlar.
Şərəfin tarixi əsla mümkün olan şey deyil. Məncə, yalnız şərəfsizliyin tarixi mövcuddur!”

“Bakı Jazz” Beynəlxalq Caz Festivalı çərçivəsində gənc ifaçılar üçün “İ Am Jazzman!” adlı müsabiqə elan olundu. 14-30 yaşlı musiqiçilər üçün nəzərdə tutulan müsabiqədə
seçim turu iki mərhələdən ibarət olacaq, burada peşəkar münsiflər heyəti iştirakçının musiqi biliklərini qiymətləndirəcək. Birinci yerin qalibinə mükafat olaraq 1000 manat məbləğində pul veriləcək.
Müsabiqədə iştirak etmək istəyənlər Nizami 90A, Landmark, 22 mərtəbə ünvanına müraciət edə bilərlər.
Xatırladaq ki, Bakı Beynəlxalq Caz Festivalı  Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və "Jazz Dünyası" jurnalı tərəfindən təşkil edilən layihədir. Bakı Beynəlxalq Caz Festivalı 2005-ci ildən keçirilir. Festivalda həm xarici həm də yerli caz ulduzları iştirak edir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.