Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İraq Respublikasının ölkəmizdə rəsmi səfərdə olan rabitə naziri Arkan Şihab Əhməd Əl-Şaibani ilə görüşüb.
Qonağı salamlayan nazir Anar Kərimov ölkələrimiz arasında münasibətlərin tarixi, mədəni və dini bağlar üzərində inkişaf etdiyini vurğulayaraq, həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Azərbaycan və İraq arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan nazir hazırkı səfərin də faydalı müzakirələrin aparılması üçün imkanlar yaratdığını bildirib. 2011-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında imzalanmış mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumundan söz açan Anar Kərimov bu sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
İraqın Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək verdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirən Anar Kərimov ölkəmizin ərazisinin bir hissəsinin 30 ilə yaxın Ermənistanın işğalı altında olduğu dövrdə mədəniyyətimizə və tarixi irsimizə dəymiş ziyan, vandalizm aktları barədə qonağı məlumatlandırıb. Nazir İraqın Azərbaycandakı səfirinin də işğaldan azad olunan ərazilərə baş çəkdiyini xatırladaraq bu ərazilərdə mədəniyyətlə bağlı bütün infrastrukturun, eləcə də qəbiristanlıqlar, məscidlər, xristian abidələri və digər məkanların erməni işğalçı qüvvələri tərəfindən məqsədli şəkildə dağıdıldığını diqqətə çatdırıb. Anar Kərimov qeyd edib ki, hazırda Azərbaycan dövləti işğaldan azad olunan torpaqlarda geniş yenidənqurma və bərpa işləri həyata keçirir. Həmin ərazilərdə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dini-etnik mənsubiyyətindən asılı olmayaraq bütün inanc yerləri qorunur, islam irsi ilə yanaşı xristian abidələrinin, qədim kilsələrin bərpasına başlanılıb.
Mədəniyyət Nazirliyinin beynəlxalq tərəfdaşlarla birgə başladığı “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasından danışan Anar Kərimov bildirib ki, bu kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mədəniyyətə qarşı törədilmiş soyqırımını, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırmaqdır.
Qəbula görə təşəkkürünü bildirən İraqın rabitə naziri ölkələrimiz arasında ikitərəfli münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasından söz açaraq qarşılılıqlı əlaqələrin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüb.
Arkan Şihab Əhməd Əl-Şaibani qədim sivilizasiyaların məkanı olan İraqda tarix boyu çoxsaylı müharibələrin olduğunu, bu ərazidə yerləşən tarixi abidə və tikililərin dağıntıya məruz qaldığını, mədəni irsə dair eksponatların oğurlandığını, talan edildiyini vurğulayaraq bu baxımdan Azərbaycanın qarşılaşdığı vəziyyəti aydın şəkildə anladığını bildirib.
Anar Kərimov söhbət zamanı İraq Respublikasının mədəniyyət nazirinin Azərbaycana dəvət olunması, iki ölkə arasında mədəniyyət sahəsində yeni sazişin imzalanması, İraq ərazisində yaşayan türkmənlərlə Azərbaycan xalqının tarixi-mədəni bağlılığı, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin İraqın Kərbəla şəhərindəki məqbərəsinin bərpası məsələlərinə də toxunub.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.