Vilnüsdə əsən külək hansı külək idi?

 

Xəbər verdiyimiz kimi, Litva Respublikası hökuməti yanında Milli Azlıqlar departamentinin dəstəyi ilə Yazıçı və Publisistlərinin Beynəlxalq Assosiasiyasının həyata keçirdiyi,  böyük rus yazıçısı Fyodr Dostoyevskinin anadan olmasının 200 illiyinə həsr olunan festival çərçivəsində “Baltiyskiy Qamayun - 2021” beynəlxalq ədəbiyyat müsabiqəsinin qalibləri arasında “Külək” hekayəsi ilə yazıçı-dramaturq Ülviyyə Heydərova da vardır.  “Ədəbiyyat və incəsənət” portalı həmin hekayəni oxucularına təqdim edir.

 

 

 

Ülviyyə Heydərova

 

KÜLƏK

 

Mən yenə gəldim. İndi camaat üzünü turşudacaq ki, buna bax, ilin-günün bu vaxtında utanmaz-utanmaz özünü əsdirir. Əlimdən beziblər.  Bəzən təkcə adamları yox, elə özümü də incidirəm. Həyatdı da, üzümə xoş baxmayanda, sifətimi bozardıram. Həmişə mülayim ola bilmərəm ki.

 

Özümçün sağa-sola sülənirəm, hara gəldi baş vururam. Hərdən elə tozanaq qoparıram, gəl görəsən. Qumu camaatın gözünə, başına səpəndə o ki var söyülürəm də. Hələ kişilərin başından papaqlarını qapmağımı, qadınların ətəklərini qaldırmağımı demirəm. Başa düşə bilmirəm də, niyə bəzi kişilərin papağını qaçıranda «vay, namusum əldən getdi» deyirlər? Bəyəm qeyrətlərini papaqlarına yapışdırıblar? Bəs abır-həyalı başıpapaqsızlar neyləsin? Belə məqamda, lap acığa düşürəm. Onların papaqlarını dənizə elə vızıldadıram ki... Heyf deyil qadınlar?! Ətəklərini bir balaca yuxarı qaldıran kimi üzləri gülür, könülləri açılır, hələ ürəklərində mənə “çox sağ ol” da deyirlər. Tellərini rahatca oxşayım deyə, nazlana-nazlana əllərini saçlarında gəzdirirlər. Bax, o zaman özüm də onlara qoşulub, “oxxay” deyirəm. Dünyanın hər dəlmə-deşiyinə girib-çıxan mən bircə qadınların incə barmaqlarında əsir-yesir qalmışam. Axı heç yerdə bu cür əzizlənmirəm. Deyim ki, məndən zəhləsi gedən qadınlar da az deyil. Ətəklərini elə bərk-bərk saxlayırlar ki, amandır, birdən ayaqlarını dünya görər, aləm bir-birinə dəyər. Həmişə üstdən əsirəm, imkan verməzlər ki, bir dəfə də altdan əsim. Amma o kiçik dünyaya yaxın düşə bilmirəm. Bəlkə də belə yaxşıdır. Qoy qadınlar görsün ki, mən də onların qarşısında əriyirəm.  

 

Eh, bu qadınlar, qadınlar… Çox qəribə məxluqdurlar. Yadımdadır, bir dəfə dəniz kənarında sakitcə dayanmışdım. Gəminin yavaş-yavaş dənizi qucaqladığını gördüm. Sərnişinlərdən iki qadın göyərtədə dama-dama yük çantalarının üstündə əyləşib, haqq-hesab edirdilər. Onlardan biri kağıza diqqətlə baxıb fikrə getdi. Dərhal sağ əlini yaxasına salıb pullarını çıxarmağa başlayanda, o biri qadın dedi:

 

- Ehtiyatlı ol! Birdən pulların dənizə tökülər.

 

- İnan ki, özümü onların arxasınca ataram, - söylədi digəri.

 

Qadının sözü məni tutdu. Necə yəni?! Pulları dənizə düşsə, özünü təhlükəyə atacaq? Axı həyat kağız parçasından qiymətlidir. Dəliliyimə salıb, onu sınamaq istədim. Qadın gəlişimi heç gözləmirdi, barmağını isladıb saydığı pulları qəfil əlindən qapıb, dənizə tulladım. Bilmədim o, əllərini neçə dəfə dizlərinə çırpdı. Bircə onu gördüm ki, pullar dalğaların qoynunda nazlanır. Qağayılar onlara baxıb iştaha gəldilər, suya enib kağızları dimdiklədilər. Bəlkə də, o an qadının ən böyük arzusu qağayı olmaq, pulları dənizdən toplamaq idi. O möcüzə isə baş vermədi. Rəfiqələr çantalarını götürüb kor-peşman kayuta döndülər, mənsə sahilə qayıtdım. O an anladım ki, həyat, doğrudan da, hər şeydən şirindir...

 

Küçədə veyillənəndə o qədər hadisələrin şahidi oluram ki. Heç bilmirəm, hansını deyim. Dünən axşamüstü şəhərdə idim. Beşinci mərtəbədə başısarıqlı uşaq eyvanda həvəslə nar yeyirdi. Aşağı mərtəbədəki qadın da ağları zivəyə sərirdi. Mələfələri sağ tərəfə yelkən kimi yellətdim. Uşaq narı böləndə çürük çıxdı. Onu eyvandan tullayanda ağları cəld sola üfürdüm. Nar otluğa düşdü. Uşaq elə sevindi ki. O dəqiqə anasını çağırıb hadisəni danışdı. Qəhrəmanlığını təkrarlamaq istəyəndə anası narı onun əlindən aldı, əvəzində kağızdan əl topu düzəldi. Uşaq sevinə-sevinə kağız topasını var gücüylə yerə vızıldatdı. “Top” ağların üstünə düşəndə o, təəssüflə anasına baxıb, burnunu salladı. Elə bildi, onun üçün yenə hoqqa çıxaracağam. Ay hay?! Düzü, ürəyini qırmaq istəməzdim. Sadəcə, günəşin qarşısında özünü əsdirən ağlara heyifim gəldi.  

 

Uşaqla axşama kimi oynamağa vaxtım yox idi. Yaxınlıqdakı parkda adətim üzrə axşam gəzintisinə çıxmağımın vaxtı idi. Bu dəfə ora hay-küylə deyil, səssizcə gəldim, sükutun xətrinə dəymək istəmədim. Uzaqdan kiminsə hıçqırtısını eşidib o tərəfə cumdum. İki gənc skamyada əyləşmişdi. Oğlan oturacağın bu başında dodağının altında mızıldanırdı, qız isə o biri tərəfdə için-için ağlayırdı. Onun bu halı məni özümdən çıxardı. Qıza kömək etmək istədim. Tozanaq qoparsaydım, ikisi də başlarını götürüb, oradan küsülü ayrılacaqdılar. Onları barışdırmaq üçün ehmalca başlarına dolandım. Bilirdim ki, qız üşüsə, oğlan dözməyib, pencəyini onun çiyninə atacaq. O qədər pençəkləri zərif çiyinlərdə görmüşəm ki. Yanılmadım. Oğlan nəinki pencəyini çıxarıb qızın çiyninə saldı, üstəlik, onu qucaqlayıb öpdü də. Onların umu-küsülərini havaya sovurub özümlə uzaqlara apardım. Bir kəndə çatdım. Ağacları damların üstündə görəndə anladım ki, tufan buraları alt-üst edib, aradan əkilib. Xilasedicilərin işlərini yüngülləşdirmək üçün yeri yerindən oynatdım. Düşündüm ki, ağacları evlərin damından kənara çəkər, qırılmış elektrik məftillərini üzə çıxardaram. Aşmış gövdələri var gücümlə itələyəndə, camaat tufanın acığını üstümə tökdü. Eşitmədiyim “xoş söz” qalmadı! Fikrimdən dönmədim. Ağacları evlərin başından aşırıb, təhlükəli məftilləri kənara çəkəndən sonra özümə fasilə verdim. O an xilasedicilərdən biri: «Şükür, dəlidən canımız qurtardı»,- dedi. Sözlərindən nə əsdim, nə də coşdum. Eləcə yerimdə donub qaldım. Sonra heç kəsin məni duymayacağı yerə üz tutdum.

 

İndi həmin o ucsuz-bucaqsız düzənlikdəyəm. Düşünürəm ki, niyə insanlar çox vaxt məni istəmirlər? Üstəlik, dəli, mərdimazar adlandırırlar. Niyə qoymurlar ki, onlara heç olmasa bir addım yaxınlaşım? O dəqiqə qapını - pəncərəni üzümə bağlayırlar. Elə hamı məndən üz döndərir, bir xəbər-ətər də tuta bilmirlər. Düzdür, çox şıltaqlıq edirəm. Amma nə olsun? İnsanların ki arasından əsmirəm.

Yerimdə də qala bilmirəm axı. İndi mən neyləyim? Ən yaxşısı üz tutum şəhərimə… Bakıma.                                                                 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.