Xəbər verdiyimiz kimi, Türkiyədə TADEV Yayınları nəşriyyatında yazıçı Varisin “Qızıl cib saatı” romanı nəşr olunmuşdur.
Dünya miqyasında erməni millətçiliyinin riyakar maskasını 1893-cü ildə Osmanlı imperiyasındakı xəyanət fəaliyyətindən tutmuş 1993-cü ildəki Qarabağdakı işğalçılıq fəaliyyətinədək yüz illik bir dövr ərzində aça biləcək “Qızıl cib saatı” romanı Britaniya, Türkiyə və Azərbaycan arxivlərinin materialları əsasında yazılmış, sırf dünya oxucusuna ünvanlanmış bu romana
Azərbaycanın Xalq Yazıçısı Kamal Abdulla ön söz yazmışdır.
Romanı Türkiyə türkcəsinə İmdat Avşar çevirmişdir.
“Ədəbiyyat və incəsənət” portalı xalq yazıçısı Kamal Abdullanın ön sözünü və romandan bir parçanı oxucularına təqdim edir.
Varisin “Qızıl cib saatı”
Postmodern estetikada Umerto Ekonun ortaya qoyduğu belə bir sual var: Aristotel və ya Herodot niyə şair deyil, amma Homer, Vergili şairdir. Halbuki hər biri öz yazdıqlarını bir ədəbi, əbədi mətn kimi yaradıblar. Bəzi müasir ədəbi mətnlərdə biz bir zamanlar bir-birindən ayrılmış tarix və ədəbiyyatın sintezini müşahidə edirik. Hətta burada sərhədlərin hiss edilməyəcək dərəcədə itməsi halları da olur. Demək ki, önəmli olan əlahəzrət mətndir, yerdə qalan təfərrüatdır.
Varisin oxuduğum “Qızıl cib saatı” romanı yuxarıda dediyim məsələlər baxımından olduqca maraqlıdır. Roman bir-birinə paralel addımlayan iki süjetdən ibarətdir. Birinci sujet əri Qarabağ döyüşlərində şəhid olan, atasının qisasını almaq üçün 17 yaşında müharibəyə gedən və əsir düşən oğlunun intizarında əriyən və bu intizarın bitməsi naminə evində gənc ermənini əsir saxlayan, ona öz balası kimi qayğı göstərən ananın hisslərinin dramını detallı şəkildə bizə anladır. İkinci süjet isə daha çox gündəlik xarakterli olub İstanbul ermənisinin 1918-ci ilin mart ayında ermənilərin Azərbaycanda törətdiyi soyqırımı öz gözüylə görüb qələmə almasından, erməni vəhşiliyinin erməninin öz dili ilə tarixi faktlarla, tarixi şəxslərin adları ilə ifşasından bəhs edir.
Romanda müəllifin çox yaxşı nağılçı olması aydın şəkildə hiss edilir. Roman insan taleyinin məhrumiyyətlərindən detallı şəkildə bəhs etdiyindən birnəfəsə oxunur. Oxucu sanki baş verən prosesin hansı nəticə ilə bitəcəyi üçün darıxır. Həm də Əsli ananın əzablarının tez bitməsini istədiyindən romanı da tez oxuyub bitirmək istəyir.
Roman ermənilərin yüz il öncə Bakıda törətdikləri azərbaycanlı qırğınlarına tutulan güzgü, həmçinin hazırda da davam edən Qarabağ münaqişəsinin ədalətli həlli üçün aparılan informasiya savaşında çox yaxşı silahdır. Romanda təsvir edilən ana obrazı bütün Azərbaycan analarının ümumiləşmiş insanpərvər obrazıdır. Bu obraz əksər hallarda heç bir ədəbi-bədii bənzətmələrlə deyil, sadəcə, onun əməllərinin təsviri ilə ədəbi qəhrəmana çevrilir.
Roman Azərbaycanın haqq səsini dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı. Bu işdə ədəbiyyatın gücü digər güclərdən daha təsirlidir.
Mən belə bir romanın ərsəyə gəlməsi münasibətilə Varisi təbrik edirəm, “Qızıl cib saatı” romanına gözəl ədəbi tale arzulayıram.
Xalq yazıçısı Kamal Abdulla
ROMANDAN PARÇALAR
lll hissə
5-ci gün. 6 mart
Gecə gündüzün nidası da ola bilir, sualı da. Gecənin aylı-ulduzlu, işıqlı, yaxud zülmət olması yalnız oyaq qalanlar üçün fərq edər. Birincidə azacıq ovunar, o ayın, ulduzun işığına bələnib bir qədər nikbinləşərsən, ikincidəsə dibsiz qaranlığın vahiməsi səni büsbütün bədbinləşdirər...
Gecə ara-sıra yuxuladıqca elə hey Samiri görürdü. Görürdü ki, əziz balası zarıyır, inildəyir, hıçqırır...
Səhər ertədən ata evinə yollandı. Çox soyuq idi, otda, kol-kosda qırov varıydı. Şalına bürünsə də, titrəyirdi.
İkimərtəbəli, yastı damlı evdi, di gəl, oranı hər görəndə, sanır kəndləri boyda, rayonları boydadı. Bəlkə də, dünya boydadı, heç dünyaya da sığmaz.
Bu boz-bulanıq mart günündə gözündə bütün həyət-baca rəngbərəng güllərə, alabəzək kəpənəklərə büründü. Burada yaşanan uşaqlıq, yeniyetməlik və ilk gənclik illərinin gözəl xatirələri hər yanı durmadan gözəlləşdirir, daha sevimli, daha dəyərli edirdi.
Atası əynində sırıqlı həyətdə oturmuşdu, əlində kəlbətin köhnə bir yəhərlə qurdalanırdı, həmişəki kimi, qarşısında da armudu stəkanda buğlanan çayı və xırda doğranmış kəllə qəndi varıydı. Anası illərin vərdişiylə toyuq-cücəyə dən səpə-səpə “cip” kəlməsini dalbadal, mahnı kimi səsləndirirdi.
Bir qoca nənəsi də var Əslinin. Anasının anası. Sevimli Tükəz nənəsi. Valideynləri ilə görüşüb, onlara Samirdən hələ bir xəbər olmaması məyusluğu yaşadıb (bir istədi, əsir barədə danışıb qocaları ümidləndirsin, amma sonra Camonun tapşırığını xatırlayıb fikrindən vaz keçdi), nənəsini soruşdu. Hələ yatırmış. Sübh namazını qılıb sonra yenidən yuxuya dalıbmış.
Nənəsini çox sevir. Gözünü açandan onu əli “Quran”lı, təsbehli görüb. Nənəsi ona Mir Həmzə ağanın qəzəllərini öyrədib, sufilikdən, nəqşibəndilikdən danışıb.
Eşqin kanı, Qarabağdır məkanım,
Bülbülü-şeydayam, cənnət yerimdir...
Sinəmə çəkilən qara dağımdır,
Qara bağrım qanlı Qarabağımdır.
Yerdə bardaş qurub çiyin ata-ata, yırğalana-yırğalana avazla qəzəl oxuyar, beş rükət namazını qılar, gün ərzində ağzından dua əskik olmazdı. 99 sədəf muncuqlu təsbehini də ardıcıl dörd dəfə çevirər, birincidə “Sübhanallah”, növbətilərdə “Əlhəmdülilləh”, “La ilahə illəllah” və “Allahu Əkbər” söyləyərdi.
Əslinin ana tərəfi Qarabağın tanınmış nəslindəndir, onlara Dəyirmançılar deyirlər. Tükəz nənəsinin atası İldırım bəy çar dövründə Qarabağda ən böyük dəyirmanlardan birinin sahibi olmuşdu. Nənəsinə də “Dəyirmançı qızı” deyərdilər. Bolşeviklər gələndə qolçomaq adıyla kişini güllələmiş, dəyirmanı da qapadıb anbara çevirmişdilər...
...Evə girdi, səliqə-sahman yaratdı, həyət-bacaya əl gəzdirdi. Su qaynatdı, kirli paltarları yuyub zivədən asdı.
Qocaların çayı, şəkəri bol idi, ancaq un urvanın dibindəydi. Özünü qınadı ki, gərək o gün arvadlar deyəndə gedib növbəyə durardı, un alıb gətirərdi...
Kartof-soğanları, iki-üç bişirimlik ətləri də var idi. Atası yaşlaşsa da, gözləri işığını xeyli itirsə də, pinəçiliyindən qalmır, beş-on manat çörəkpulu qazanır. Üstəlik, mal-qara, toyuq-cücə də karlarına gəlir. Maşallah, anası qıvraqdı, çox vaxt rayona -- bazara özü gedib süd-qatıq, yumurta satır...
Nənəsi oyansaydı, bir onunla hal-əhval tutardı, azacıq da olsa nikbinliyə köklənərdi, ancaq, maşallah, yaman möhkəm yatmışdı qarı. Başının üstündə durub bir qədər bu doğma insana tamaşa etdi. Cizgiləri o qədər gözəldi. Ağ birçəyi, qırışları bu gözəlliyə xələl gətirmir, onu tamamlayır. Yaşına uyğun olmayan tərzdə sakit yatıb. Əsla xorultu səsi yoxdur.
Nənəsindən həmişə güc alıb, təsəlli alıb. Çətində, darda onun Təsəvvüfdən gələn, çoxunu da əzbər bildiyi sözlərinə sığınıb. “Başına nə gəlirsə-gəlsin, hətta səni səndən alan, göyün hansısa bir qatına qaldırıb da yerə çırpan vaqeələr belə baş versin, yenə məyuslaşıb ruhdan düşmə, təslim olma! İstədiyini əldə edənə qədər şükür etmək lazımdır. Uğur -- diləyi gerçəkləşməyəndə də şükür etməyi bacaranındır”.
Yaxud bu: “Bütün qapılar üzünə örtülsə belə, axırda Tanrı heç gözləmədiyin halda mütləq üzünə bir qapı açacaq. Bu qapının cırıltısı artıq eşidilmək üzrədir, dinləsənə!”
Yaxud...
...Eşiyə çıxanda ilk gözünə sataşan nəhəng tut ağacı (ikiyə haçalanan gövdəsindən yoğun-yoğun o qədər qol-budağı çıxmışdı ki) oldu. Samirin gözdən oğurlanan kimi bu həyətə gəlməsini, baba-nənəsinə, böyük nənəsinə necə sarmanmasını, eləcə də bu həyət-bacaya aid bir çox şeylərə, bax elə bu tut ağacına necə bağlanmasını xatırlayıb doluxsundu.
Anasına nəsə sözü varıydı. Bayaqdan ha düşünürdü, yadına sala bilmirdi. Axır ki, tut ağacının hüzurunda xatırladı nə deyəsi olduğunu. Ev səmtə boylanıb, artırmadan görünən anasına dedi, ay ana, odunum qurtarır, özünüzə alanda mənim qapıma da bir yük yolladın, pulunu verim.
Anası dərhal gileyləndi ki, niyə üstündə haqqın böyük olan baldızıngil sənin odununu gətirmirlər, pulla alırsan?
İndi hərə öz başını girlədiyindən heç kəsdən heç nə ummurdu. İnsanları, necə ki, aldıqları tərbiyə, mühit, təbii şərait, iqlim formalaşdırır, eləcə də baş verən fəlakətlərdən – zəlzələlərdən, sel və daşqınlardan, quraqlıqdan, münaqişə və müharibələrdən doğan, həyəcan, təşviş və qorxuya söykənmiş özünüqoruma instinkti də tam dəyişdirə bilir.
...Evə qayıdanda yol boyu madarı üçün yenə xısın-xısın ağladı.
Bax bu yolla Samir məktəbə gedərdi.
Bax bir dəfə bu hasarın qabağında dostları ilə dayanmışdı, şəhərdən qonaq gəlmiş şalvarlı bir qıza söz atırdılar qırışmallar.
Bir dəfə bu döngədə kiminsə velosipedini sürəndə yıxılmışdı, dizi sıyrılmışdı.
O tikan-qanqal basmış meydançada dostlarıyla futbol oynayardı.
O yol onu dükana aparıb gətirirdi...
Hər addım oğluyla bağlı xatirəydi. Dünyada xatirə qədər yandırıb cızdağ çıxaran ikinci bir şey yoxmuş.
Evə çatandan ta ki günorta Camonun göndərdiyi əsgər gələnə kimi yenə də elə hey istədi emalatxanaya girib əsirdən hesab sorsun. Hətta nazik hulqumu çıxan boğazından yapışıb onu boğmaq istəyinəcən gedib çıxdı. Axı nə idi günahları?! Niyə dağıtdılar tifaqlarını? Hamıya yaxşılıq edərək, xoşbəxtlik arzulayaraq şad-xürrəm yaşayırdılar. Yazıq İsa necə xeyirxah idi, neçə körpəyə havayı beşik düzəldib vermişdi. Aralarında nə qədər erməni də var idi. Bir kəsin xətrinə dəyməmişdi, gözün üstə qaşın var deməmişdi.
Madar balası necə də yaxşı oxuyurdu, bütün qiymətləri dörd-beş idi. Ən yaxşı instituta girəsiydi, ən dəyərli diplomu alasıydı...Allah, o necə yaraşıqlıdı, şirindi. Bir də görürdün, gözünün üstünə düşən kəkilini əlinin yanı ilə itələyir. Bir də görürdün, yanaqlarının batması şərti ilə bəxtəvər-bəxtəvər gülümsəyir...
Niyə hər şey bircə anda məhv edildi axı?!
Birdən ağlına gəldi ki, bəlkə də, ərinin qatili həmin onun düzəltdiyi o beşiklərdən birində böyüyüb. Lap elə, bəlkə də, emalatxanadakı o əsirdir!
Üşürgələndi. Tükləri biz-biz oldu.
Emalatxanaya tərəf addımladı. Qapıya çathaçatda sanki güclü bir yel axını üzünü yalayaraq keçib getdi. Eşitdiyinə, bildiyinə görə, ruhlar öz gəlişləri barədə məhz bu cür xəbərdarlıq edirlər. “Bismillah” söylədi, ürəyində gileyləndi ki, nahaq bu kafir erməni dığasının emalatxanaya saldırılmasına razılıq verdi. İsanın ruhu, yəqin, narahatdır.
İsa Əslidən bir yaş böyük idi, 1949-cu il təvəllüdlüydü, o da adlı-sanlı nəsildəndi. Ulu babası Nurulla bəy Qarabağın ən nüfuzlu bəylərindən sayılırmış. Qəribə xüsusiyyəti vardı bu nəslin. Nəsil şəcərələrinə görə yeddi nəsil bütün kişilər cəmi bir oğul övladına sahib olmuşdular. Eləcə də İsanın atası Qasım elə bil, missiyasını yerinə yetirməyi gözləyirmiş. Kolxozun yük maşınını sürürdü, İsa dünyaya gələndən cəmi üç gün sonra maşını aşırdıb dünyadan köçmüşdü.
İsanın anası Qəmər iki uşaqla (İsadan qabaq bir qızları olmuşdu) dam altında tək qalmış, o ağır illərdə çox əziyyət çəkmiş, uşaqlarının acından ölməməsi naminə Yəhya adlı bir dul dülgərə ərə getməyə razılıq vermişdi. Qəmərlə Yəhyanın izdivacından daha bir qız dünyaya gəlmişdi, ancaq tale işiydi ki, Allah İsaya qardaş verməmişdi.
Yaman nikbin adam idi İsa. Əsliylə ailə quranda ona ailə hekayətlərini söyləmiş, gülümsünərək əlavə etmişdi ki, biz öz böyük sevgimizlə nəslin cəmi bir oğlan uşağı ənənəsini pozacaq, bir-birindən yaraşıqlı üç-dörd oğlan uşağı dünyaya gətirəcəyik.
Samir dünyaya gələndə İsa xoşbəxtlikdən quş kimi uçurdu, deyirdi, birincisi gəldi, qaldı sonrakılar. Amma sonrakılar gəlmədilər. Heç birinin əyər-əskiyi yox idi, Qəmər arvad qabağına qatıb hətta onları Bakıya müayinəyə də aparmışdı ki, kənd yerində oğullu-uşaqlı olmaq adətdir. Bir uşaq amanatdır, onunla kifayətlənməkmi olar? Di gəl, Allah, nədisə, onlara ikinci övladı vermədi. İndi də bircə balası ilə Əslini sınağa çəkir.
Bəlkə, balasını əsir götürən elə emalatxanadakı o köpək oğlu köpəkdir?
Fikir ani olaraq gəlib beyninə doldu, ani olaraq da getdi. Ayaq üstündə qırxı çıxmış o köpək oğlundan əsir götürənmi çıxar?
Amma az sonra həmin fikir hərlənib-fırlanıb yenə gəldi. Dünyanın işini bilmək olmaz. Doğrudan da, bu erməni it oğlu it bizimkilərə əsir düşübsə, deməli, buralarda -- bu həndəvərdə vuruşanlardandır. Samiri də elə buralarda, bu həndəvərdə vuruşanlar əsir götürüblər də. Şəxsən bu köpək oğlunun özünün əsir götürmək qırımı olmasa belə, ola bilər, əsirgötürmə məqamının iştirakçısı olsun.
Camonun əsgəri gəlib gedəndən xeyli sonra, nəhayət ki, özünü toparlayıb sakitcə emalatxanaya girdi. Əsir səmtindən yayınaraq içinə dolmuş qəzəbdən yüngülcə titrəyiş keçirən baxışları ərinin dəzgahında, mancanağında gəzdi. Özünü inandırmağa çalışdı ki, indi qalxıb evdən balta-bıçaq gətirməklə ərinin, balasının qisasını rahatca ala bilər. Bıçağı bu erməni gədəsinin ürəyinə saplayar, baltanın qundağını təpəsinə çırpar, yaxud boğazından yapışıb bərk-bərk boğar onu...
Amma “lənət şeytana” deyib əsirə nəzər yetirmədən də emalatxanadan çıxdı. Bunları edə bilərdimi? Bəlkə də edərdi. Amma bir başqasına qarşı. Əzazil, zalım, yaşı çox, əli bizimkilərin qanına bulaşması bəlli birinə qarşı. İsanın qatilinə qarşı dəqiq edərdi. Bu bədbəxtsə lap uşaqdır, oğlu yaşındadır... Gərək onu qorusun. Oğluyla dəyişəsidirlər axı. Çox tanış gələn də sifəti var. Kiməsə hədsiz dərəcədə bənzəyir. Amma kimə?
Evdə qərar tuta bilmədi. Qulaq yoldaşı olan televizor da köməyinə yetmədi.
Nə oldu bu əsir dəyişmək məsələsi?! Niyə həll etmirlər axı?!
Tez-tələsik şalını başına atıb qaloşlarını geyindi. Bir də onu gördü “pozisiya” deyilən yerə yön alıb. (“Pozisiya” kəndin yuxarı tərəfində -- təpəlikdə yerli könüllülərin mövqe tutduğu yerdir. Burada blindajda qərargah yerləşir, əsgərlər də döyüş hazırlığı vəziyyətində müxtəlif mövqelərdə düzülürlər).
Məqsədi gedib Camonu danışdırmaq, elə uşaqlığından sirr doğarcığı kimi heç kəslə heç nəyi bölüşməməkdə ad çıxarmış qohumundan nəsə söz almaq idi. Barxudarın anbarının yanına çatanda yanında UAZ avtomobilinin dayandığını gördü. Camo öz yekəpər vücudunu quş kimi yerə atdı.
-- Bibiqızı, hara belə? -- soruşması ilə onunla qabaq-qənşər dayanması bircə an çəkdi.
Yaxşı qohum idi, mehriban idi. Bibisi qızını harda gördü, əhval-ruhiyyəsindən asılı olmayaraq çöhrəsinə sevinc qonurdu.
-- Elə sənin yanına gəlirdim.
-- Xeyirdir?
-- Dedim, görüm, uşaqdan bir xəbər varmı.
-- Dünən gətirmədik əsiri? Səbr elə də.
-- Dünən gətirməmisiz, beş gündür artıq.
-- Beş gün müharibə üçün bilirsən nədir? Beş dəqiqə, beş saniyə.
-- Dözə bilmirəm axı, neynəyim.
-- Darıxma, əsas odur dəyişməyə əsirimiz var. Samvelə demişəm, əsirin valideynlərini tapıb dərhal əlaqə saxlasın, birləşib uşağın yerini öyrənsinlər, dəyişək.
Camo bir siqaret yandırıb dəyiş-düyüşün ən rahat yol olmasını söylədi. Yoxsa ki, pulla əsir almaq çox müşküldür. Əsgərə beş min rubl, zabitə on min rubl qiymət qoyulub. Üstəlik, pulun batmaq ehtimalı da yüksəkdir.
Belədə, Əsli soruşdu, səncə, nə vaxt bir xəbər olar?
Camo çiyinlərini çəkdi.
Sonra da Əsli Camonun siqaretini sümürüb qurtarmasını, kötüyü yerə tullayıb xrom çəkmələri ilə tapdalamasını, torpağa qarışdırmasını məyusluqla izlədi. Baxışları Camodan qopanda Barxudarın divarının şirəsi qopub tökülmüş sovetdənqalma, xeyli nəhəng anbarı səmtə yön aldı. Bir vaxtlar kənd camaatının vurhavur un, düyü, şəkər çuvalları, yağ, makaron-vermeşil qutuları daşıdığı bu ünvan indi qapısına vurulmuş böyük, paslı qıfılla xeyli aciz, miskin görüntü almışdı...
*
Gecə sanki əvvəlki gecələrə bənzəmirdi, fərqliydi. Zülmətin çalarları daha tünd, ulduzların parıltısı daha gur, ağacların xışıltısı daha ucadan idi. Yatağına uzanıb yorğana bürünəndə yüngülcə qapı cırıltısı eşitdi, yenə üzünü yalayaraq keçib gedən yel axınını hiss etdi. Yenə “Bismillah” söylədi, salavat çevirdi. Ürəyi bərk-bərk döyündü, köksünü yarıb çıxmaq istədi. Gözünü elə bu an nəsə sezəcəkmiş kimi otağın zil qaranlığına zillədi, az keçmiş qaramtıl-göy rəngli önlükdə enlibığ bir kişi (İsa?!) gəlib gözünün qabağında dayandı.
Gözlərini ovuşdurdu, bilmədi yatırmı, yuxudamı görür onu, ya oyaqdırmı.
Tədricən sima dəyişdi, üz cizgiləri bir-birinə qarışdı, nurani bir kişiyə çevrildi. O, dümağ saqqallıydı, ağ upuzun əba geyinmişdi, yaşıl çalması, əlində əsası varıydı (Mir Həmzə ağa?!). Əsasını asta-asta yerə döyəcləyərək yapışıqlı bir səslə sual etdi ki, məndən nəsə soruşmaq istəyirsən, düzdürmü?
Yuxu ilə oyaqlığın, xəyalla gerçəkliyin arasında vurnuxmaqda olan Əsliyə cavab söyləməyə imkan verməyərək ardınca daha bir sual ünvanladı, soruşdu, ruh barədə bilmək istəyirsən özü də, eləmi?
Əsli bir onu duydu ki, qan-tərin içindədir, amma tamamilə rahat idi. Asudə idi həm də.
Dümağ saqqallı, upuzun əbalı, əli əsalı şəxs əsasını asta-asta yerə döyəcləməklə danışmağa başladı. Sözlər sirr dolu, sehr doluydu, çox əsrarəngiz idi. İlmə-ilmə toxunub mənalı cümlələr yaradır, sonra yaratdıqları mənaları qoyub özləri qeyb olur, yerlərini növbəti gələnlərə təhvil verirdilər.
-- O, gəlib gedir, sənin çevrəndədir, deyilmi? O gün qütbləşmə barədə əbəs düşünməmisən. Mövcudiyyat da iki qütbdədir, birində bütün maddi və mənəvi gerçəkliyi Özündə ehtiva edən, daim mövcud olan Mütləq Varlıq dayanır. O Tanrıdır. Digərindəsə Onun Vücudundan yaranan sonsuz sayda maddi varlıqlar, cisimlər, əşyalar, insanlar dayanır. Gördüyün hər şey Tanrı Vücudunun ən fərqli görkəmdə, quruluşda, rənglərdə görünüşüdür, Haqdan qeyri nə varsa, hamısı Haqqın Zat və Sifətlərinin törənişi, Onun çeşidli cismani varlıqlar şəklində təzahürüdür. Kainatdakı bütün qətrə və zərrələrdə ilahi ünsür vardır.
Otağın bumbuz soyuqluğu daha yox idi, ilıq, ruhoxşayan havaydı, yamyaşıl çəmənliyin gül-çiçəyinə kəpənəklər daraşmışdı, ağaclarına quşlar qonub cəh-cəh vururdu.
-- Bil, Tanrı Zatından hər an sonsuz sayda nurlar ayrılır, ruh adlanan həmin nurlar İlahi Varlıqdan maddi aləmə doğru eniş yoluna başlayır, ruhlar aləminə keçirlər. O aləmə ki, orada sonsuz sayda şəkil və simalar mövcuddur, hamısı da cismani deyil, xəyalidir, şəffafdır. İlahi Zatından qopmuş nur üçün bu aləm çox gözəldir, onu nə qədər sevincə, həzzə qovuşdurur. Ancaq ilkin yaranışda ona verilən vücud sevgisi tezliklə öz işini görür, onu vücuda qovuşmağa sövq edir. Beləcə, nur eniş yolunu bir qədər də davam etdirir.
Doğrudan da, sanki nələrsə, çox xırda cisimciklər yuxarıdan aşağıya tökülüşürdü. Ayırd etdi ki, bunlar qığılcımlardır. Yay gecəsinin qaranlıq səmasında ulduzların enişini az görməmişdi, buradasa bir yox, bir neçə parıltı eniş trayektoriyası edirdi.
-- Ruh doqquz qatdan keçib, nəhayət, maddi aləmə çatır. O aləmə ki, orada istilik və soyuqluqla, yumşaqlıq və sərtliklə üzləşir, dörd ünsür olan havayla, odla, suyla, torpaqla baş-başa qalır. İlahi nur maddi aləmdə mövcud olan üçlüklə -- canlı bitkiylə, canlı heyvanatla, ən nəhayət, insanla qovuşur, vücuda daxil olur, surət, forma, rəng alır. Burada da o, sevincə, həzzə qərq olur. Amma bütün yarananlar öz əzəllərinin cazibəsindən qopa bilmirlər axı. Get-gedə ruh da əzəlinin -Tanrı Zatının xiffətini çəkir. Vücudun ötəri olması səbəbindən vücud sevgisinin də ötəriliyi hər an bir az da şiddətlənir. Nəhayət, vücud sevgisi bilmərrə qeybə çəkilib Tanrı sevgisi ilə əvəzlənir, ruh öz əslinə qayıdır.
Tədricən səs zəifləməyə, çəmənlik, gül-çiçək, quş cəh-cəhi cənnəti çəkilməyə, otağın soyuqluğu və zülmət qaranlığı bərpa olunmağa başladı. Tədricən dümağ saqqallı şəxsin sifət cizgiləri də qarışdı, o, gənc, göyçək bir oğlana çevrildi, əlinin yanı ilə kəkilini dala itələyib gülümsədi, yanaqlarında çökəklər peyda oldu (Aman Allah! Samir?!).
Son sözlərini söyləyə-söyləyə dumanınmı, tüstününmü, buludunmu, axır ki, ağlığın içində qeyb olmağa başladı:
-- Tanrının sübutu naminə Öz İradəsi ilə Onun Zatından qopmuş zərrələr çeşidli maddi yollardan keçərək sonda yenidən əslinə -- Onun Özünə qayıdıb Ona qovuşur. Bütün maddiyyat, Kainat Haqq Zatının törəməsi olduğundan, hansı səmtə baxsan, Tanrını görəcəksən! Tanrı Zatı sonsuz sirlərlə doludur, çox gizlindir, dərkolunmazdır. Haqqı Haqqın Özündən başqa heç kəs dərk edə bilməz. Çünki yaradılmış hər şeydə bir əskiklik var, bir nöqsan var. Nöqsansız olansa yalnız Tanrı Zatıdır.
XXVI hissə
9-cu dəftər
“İstəyirsiniz, mən göyləri, yerləri şahid çəkim ki, qələm əsla cansız deyil, canlıdır. O, yazdıqlarının mahiyyətinə varır, sevincindən bəhs edəndə özü də sevinir, kədərdən bəhs edəndə isə qəmə, kədərə batır.
Artıq tam olaraq Bakıda mənim millətimin müsəlmanlara qarşı qətliam həyata keçirdiklərinə əmin olduqdan, “erməniləri müsəlmanlardan qorumaq”, “bolşevizmi qəbul ermək istəməyənlərə bolşevizmi qəbul etdirmək” kimi cəfəngiyyatlardan dolayı yalan pərdəsinin küçələr boyu qalaqlanmış günahsız, dinc müsəlmanların eybəcər hala salınmış meyitləri reallığıyla tam yırtılmasından sonra mən həqiqətən bir utanc hissi keçirirdim. And olsun o müqəddəs Yaradana ki, yer yarılsaydı yerə girərdim.
Martın 25-də - onda ki, martın 24-də 36-cı Türküstan polkunun tələbi, matrosların hədə-qorxusu və Çaparidzenin müdaxiləsindən sonra bizimkilər qətliamı dayandırmışdılar, tərəflər arasında barışıq elan olunmuşdu, gec də olsa Fəhlə, əsgər və matros deputatları Soveti Bakıda asayişi bərpa etməyə başlamışdı, həmin məqamda bir iş də o olmuşdu ki, Sovetin müsəlman üzvü Kazım Axundova şəhərin dağlıq hissəsini – Çəmbərəkəndi mümkün ola biləcək erməni basqınlarından qorumaq üçün 10 silahlı matros verilmişdi. O vədədə tanış olduğum bu fədakar insan öz işini təkcə Çəmbərəkəndi qorumaqla bitmiş hesab etmirdi, küçələrdə qalaqlanmış meyitlərin yığılmasının təşkili ilə də məşğul olurdu.
Haşıyədən kənara çıxıb söyləyim ki, bütün şəhər üzrə həm bolşeviklərin, həm də müsəlman komitələrinin təşkilatçılığı ilə meyitlər yığılırdı, “Vulkan” cəmiyyətinin istifadəsiz qalmış limanına 6748 meyit yığılmışdı, sonra onlar Petrovsk və Jeleznodorojnıy limanlarından barajlarla Bibi Heybətə daşındı. Ən azı altı baraj meyit aparmışdılar, and olsun Yaradana. Meyit yığılması düz 31 marta kimi davam etmişdi. Bunlar hələ meyitlərin hamısı deyildi. Sonradan bəzi meyitlərin Sabunçu, Suraxanı və Binə kəndlərində quyulara basdırılması aşkar ediləcəkdi, Poxlu Dərədə isə elə təkcə bir quyudan qulağı, burnu, cinsiyyəti kəsilmiş, qarnı yırtılmış 57 qadın meyiti aşkarlanacaqdı.
Hə, Axundov Nikolayevsk küçəsindən meyitlər daşınanda gözlərindən bildır-bildır yaş axıdaraq üç və beş yaşlı uşaqların, gimnaziya şagirdlərinin meyitlərini mənə göstərib soruşurdu ki, Allah heç bu zülmü götürərmi.
Mərkəzi Türmənin yanında 400 müsəlman meyiti saydım. Hamısı soyundurulmuşdu, başları Qərb istiqamətində qoyulmuşdu. Niyə? Bilmədim.
Mən bu yazımın əvvəlində qələmin canlı olmasından, yazdıqlarının mahiyyətinə varmasından boşuna söz açmadım. Zira, yazdığım qeydlərin həcmcə çox böyüməməsi, belimə şələləyib özümlə gəzdirdiyim rükzakımı tam zəbt etməməsi üçün onsuz da çox mətləbləri qeyd etməkdən vaz keçir, bir növ qənaət rejiminə əməl edirəm. Həmin gün Kazım Axundovun bir insaflı qəzetəçi sayaraq məni və həvəskar fotoqraf olan rus Vladimir Sokolovu Kərpicxana deyilən yaşayış məskəninə dəvət etməsi, Sokolovdan tarix üçün üç-dörd foto çəkməsi xahişi səbəbindən doğmuşdu, amma o anlarda bax məhz dediyim qələmlə bağlı hadisə baş verdi. Necə ki, bir vəhşət görəndə insanın damarında qanı donur, bax eləcə də, mənim qələmimin mürəkkəbi dondu, nə illah elədim, qeydlərimi başa çatdıra bilməyib titrək əlimlə birtəhər qələmimi və qeyd dəftərimi rükzakıma dürtüşdürüb gözümlə gördüyüm, insanlıqla bir araya gəlməyəcək səhnəni beynimə yazası oldum.
Bir mənzildə Sokolov ilk fotosunu çəkdi, iki yaşlı körpəni yeddi-səkkiz verşka uzunluqlu kazaçkov mismarı ilə daş divara pərçimləmişdilər. İkinci mənzildə növbəti fotosunu çəkəsi olan Sokolov içini çəkərək “heyvanlar” söylədi, bu sözün, sandım ki, bizlərin hər birinə, o cümlədən mənə də aidiyyatı var, özü də çoxdur.
Yataqda 13-14 yaşlı çılpaq qız uzanıqlı vəziyyətdə əbədi yuxuya dalmışdı, bədəni qançır-qançır idi, ayaqları aralıydı, ayaqlarının arasında qan gölməçəsi yaranmışdı, iki-üç milçək vızıltılyla qan içirdi. Biçarəni onlarca şəxs sıra ilə zorlamışdı, elə bu təcavüzdən də dünyasını dəyişmişdi, olduqca ürəkdağlayan mənzərə idi.
Daha bir neçə mənzili gəzəndən sonra növbəti mənzilə yetişəndə birinci otaqda yerdə 23-24 yaşlı lüt qadının və altı-yeddi yaşlı oğlan uşağının meyitini gördük. İkinci otağa keçəndə isə... Mən bilmirəm, vallah bilmirəm, müqəddəs xaç haqqı bilmirəm, insan hansı anında bütün insanlıq deyilən xüsusiyyətlər cəmini itirib Ali Yaradanın iradəsinin ziddinə olaraq ən yırtıcı, ən vəhşi heyvandan belə yırtıcı və vəhşi xislətə düşə bilər. Yerdə südəmər körpə meyiti vardı, sifətindəki gülümsər ifadə ondan xəbər verirdi ki, kürəyinə süngü soxularkən şipşirin yuxudaymış. Bilmirəm, uşaqlar yuxu görə bilirlərmi, ancaq həmin an onun gözəl yuxu gördüyü şəksiz idi. Bəlkə də yuxusunda o böyümüşdü, xoşbəxtlik, bəxtəvərçilik dənizinə baş vurmaqdaydı... Körpənin əl-ayağını isə içəri soxulmuş kirli-paslı küçə itləri gəmirib didişdirirdi.
Sokolov necə dəhşətə gəldisə foto çəkməyi dayandırıb hövlnak oradan qaçdı, mənsə Axundovun fasiləsiz yağdırılan “Bunu Allah götürərmi” suallarının şillə kimi üzümə-gözümə çırpılan şiddətindən qurtulmaq üçün mıxlanıb yerdə qalmış zalım ayaqlarımdan tərpənib getməyi acizanə surətdə rica edə-edə qaldım...
Bu hadisə məni necə əzmişdi, qəlbimi necə inlətmişdi, söyləyə bilmirəm. Dəfələrlə o yataqda qan-içində ölüb qalmış kütləvi zorlanmaya məruz qalan qızın yerində bacım Noranı, nişanlım Anuşu təsəvvür edib ürəyimin çırpıntılarından köksümü yarıb çölə çıxacağı və gərilən damarların tab gətirməyərək partlayıb yaşadığım evin ağappaq divarlarını al qırmızı qanla bulaşdıracağı təəssüratı yaşamışdım həmin gecə.
Hələ o körpə!!! Aman Allah!
Çox sarşılmışdım. Nəyin bahasına olursa olsun geriyə qayıtmaq istəyirdim, amma dezertir damğası alacağımdan, valideyinlərimin incidiləcəyindən hədsiz ehtiyat etməyim yenə də mənim şərin qoynunda duruş gətirib qalmağımı diktə edirdi.
*
Bakı qətliamı xırda-para epizodları çıxmaq şərti ilə yatırılmışdı, “İrəli” daşnak qəzeti yazırdı ki, bu son xoşagəlməz günlərdə Erməni Milli Şurası müsəlman əhalini bacardıqca müdafiə edir, onları himayəsi altına alırdı. Bu boyda yalanmı olardı?
Müsəlman komitələri isə qırğının, ziyanın miqyasını hesablayırdı. Təkcə elə 19-21 mart tarixlərində - üç gündə Bakıda 11 min müsəlman öldürülmüşdü, əhaliyə 400 000 000 rubl ziyan dəymişdi. Bakının müsəlmanlar yaşayan Məmmədli, Poxlu Dərə və Kərpicxana adlı hissələri büsbütün dağıdılmış, əhalisi güllələnmiş, süngüdən keçirilmişdi. Şəhərin mərkəzindəki əksər binalar, mehmanxana və mağazalar qarət edilmiş, yandırılmışdı. Bir də təkrarlayım ki, Bakının qürur rəmzi olan, arxitektura şedevri İsmailiyyə binası da həmçinin.
Ara azacıq sakitləşən kimi vahimə və panika içində olan bəzi Bakı sakinləri canlarını qurtarmaq üçün Biləcəri dəmir yolu stansiyasına (Bakı stansiyası quldurların tam nəzarətində idi) gedir, ordan faytonla 50 rubl ödəməklə Sumqayıt stansiyasına yollanır, ordan yük vaqonu ilə Xaçmaza, ordan da atlarla Qubaya pənah aparırdı. Halbuki, mənim əlimdə səhih məlumat var idi ki, müsəlman qırğını tək Bakı ilə məhdudlaşmayacaq, böyük dəmir yolu stansiyalarında – Yevlax, Ucar və Kürdəmirdə, ən əsas coğrafi nöqtələrdə - Quba, Lənkəran və Gəncə quberniyasında, xüsusən Şamaxıda daha azğınlıqla davam etdiriləcək.
Bakı qırğınından keçən növbəti günlərdə mən əzab və səksəkə içində əvvəlki ünvanımda yaşamaqda davam edir, hər günümü bir şüşə vodka ilə bitirməklə növbəti gündə Poqosovdan xidmətimi bitirməyim və geriyə - vətənə qayıtmağım müjdəsini gözləyirdim. Amma bu gözləntim elə gözlənti olaraq da qalır, qurğuşun ağırlığında olan ümidlərim polad ağırlığında olan reallıq yükünün altında çabalayıb inləyirdi.
Otaq yoldaşlarım yaxşı ki, mürəxxəs olub getmişdilər. Yoxsa bu ağır durumda onların mövcudluğuna sadəcə tab gətirə bilməyəcəkdim. Şəhərə çıxır, Poqosovun, yanına gedib-gəlir, bu şəhərdə yeganə həmdəmim olan Yakov Smirnovu ziyarət edib saatlarca söhbətləşir, Bakının talanmış, xarabalığa çevrilmiş baş küçələri ilə dərdli-dərdli gəzişirdim.
Poqosovun yanına gedib-gələndə də, digər erməni komitələrinə baş vuranda da, küçələri gəzəndə də fikrim-zikrim həm də onda olurdu ki, birdən Hamleti görərəm, ondan bir xəbər bilərəm. Hesabla o da bu vədələr Zaqafqaziyada olmalıydı, tale bizi kaş ki, yenidən görüşdürəydi, keçmiş o xoşbəxt həyatımın yeganə yadigarı ilə bircə an baş-başa qala bilməyim mənə bu iztirablı aylardan, illərdən qat-qat dəyərli olardı. Amma Hamletdən yox, Qriqori Melkumyandan xəbər tutdum – Qriqori əmimdən, atamın dostundan. O şəxsdən ki, 1912-ci ilin günəşli və küləkli bir günündə Üsküdərdəki evimizə qonaq gəlib anamın bişirdiyi yaşıl lobya soyutmasını sarımsaq-qatıqla bəh-bəhlə yediyi zamanda atamın məni işə düzəltmək xahişini məni bax bu bəlaya – bu oküz boyunduruğuna salmaqla həll edərək yaxşılıq etdiyi halda əslində görünməz bir pislik etmişdi. Sonradan, necə ki mənəvi ölümümə bu cür səbəbkar olmuşdusa, eləcə, Vanda alçaq Mesrop Ülgüc tərəfindən həbs edilərək zülmət zirzəmiyə salındığımda da xilaskarıma çevrilmişdi, xəbərimi eşidib dərhal Vana gəlmiş, şəxsi əlaqələrinin köməyi ilə məni fiziki ölümün pəncəsindən qoparmışdı. Parapet yanındakı Erməni kilsəsindən əzizlərimçün dua etmək ritualını bitirib çıxanda Konstantinopolda atamla Qriqori əminin müştərək dostları olan Vartaz əmini gördüm. Tanrım, özgə vaxtı heç salam vemədiyim, çox da xoşlamadığım bu adamı burada görcək necə sevindim, ona sarmaşıb necə ağladım?! Vartazdan Konstantinopolun, hətta atamın belə qoxusunu da aldım həmin anda. Bax onda hal-əhval tutmağımızın sonunda Qriqori əmimin edam edilməsi xəbərini eşitcək sarsıldım. Deməzsənmiş, Qriqori Melkumyan 1915-ci ilin 17-18 iyulunda Diyarbakırın Ziyer kəndində 500 qiyamçının, 29 iyulda Maraşda 400 qiyamçının, 2-3 avqustda Sivasda da yenə də 400 qiyamçının üsyanlarının təşkilatçılarından biri kimi Dendil yaxınlığında həbs olunaraq edam edilibmiş.
Onunla Muşda olanda – 1915-ci ilin yanvarında son dəfə telefon əlaqəmizi xatırladım. Göz yaşı içində tam yorulduğumu, usandığımı, hətta intihar edəcəyimi söyləmişdim. O da demişdi, ağlını başına yığ, uzağı apreldə müharibə bitəcək. Bəxtin gətirsə müstəqil Ermənistanın fədaisi kimi, gətirməsə isə zəngin təcrübəyə malik bir qəzetəçi kimi Konstantinopola dönəcəksən, atan da səni evləndirəcək. Toyunda da Qriqori əmin musiqiçiləri özü dəvət edəcək, aşıq Şeram və aşıq Avasını çağıracağam, bir erməni “Tərəkəmə”si də oynayacağam.
Sona qədər millətçi, sona qədər qərəzli oldu. Hətta son sözlərində də türkün “Tərəkmə”sinə erməni “Tərəkmə”si dedi. Eh. Həyat. Sənin dolanbac yollarında azmamaq bəlkə də mümkünsüzdür.
*
Bir də bilirsiniz, 1918-ci ilin martında Bakı küçələrində nəyi müşahidə etmək acınacaqlıydı? Sadəlövh müsəlmanlar onlara dəyən ziyana görə Şaumyanın, onun əlaltılarının qəbuluna düşmək üçün uzun-uzadı növbələr yaratmışdılar, xırda qaniçənlərin vurduqları ziyana görə böyük qaniçənlərdən pənah umurdular. Belə bir hadisənin də şahidi olmuşdum: qırğın zamanı ayağından güllə dəyib amputasiyaya məruz qalan Serkovnıy, 18 ünvanında yaşayan Məmməd Əliyev əsalara dirənərək iki sutka gecə-gündüz növbə gözləmiş, nəhayət Şaumyanın kabinetinə düşəndə gözlərindən yaş axıdaraq ailə üzvlərinin güllələndiyini, bütün əmlakının talandığını söyləmiş, çarəsiz duruma düşdüyünü vurğulayaraq imdad diləmişdi. Şaumyansa üz-gözünü turşudub: “Allahına şükür elə ki, özün sağ qalmısan. Get burdan!” – hədəsi ilə onu qovmuşdu.
Həmin dönəmlər Bakıya ürək dağlayan bir mənzərə hakim idi. Erməni mənzillərində şadyanalıq, yeyib-içmə, qələbə təntənəsi öz epogey halına çatmışdı. (Bir gün qapımı döyüb erməni mühəndis Adamovun həyat yoldaşı mənə bir ovuc şirinlik qənd də gətirib vermişdi, müsəlmanların Novruzunu qara gətirib qanlarına susandığını görcək evlərə şəkər paylayacağını əhd etdiyini dilə gətirmişdi). Erməni komitələri, daşnak bürosu məclislər, ballar keçirir, əldə etdikləri milyonlarla pulun, daş-qaşın işığında qopardıqları ton-ton ərzaqdan israfcasına dadır, oxuyur, rəqs edir, əylənirdilər. Doğmalarını itirən, ev-eşiyi yandırılan sağ qalmış müsəlmanlar isə (şikəst qalanı, yaralı olanları da kifayət qədər idi) çəkdikləri dəhşətli əzabla yanaşı bütün maddiyyatlarını, ərzaq ehtiyatlarını itirdiklərinə görə indi də aclıq təhlükəsinə tuş gəlmişdilər. O günlərdə gözlərim şəhər zibilliklərində yemək axtaran, acından küçədə yıxılıb qalan müsəlmanları görməyə alışmışdı. Zəngin neft səltənətinin aborogen millətinin bu hala salınması, fikrimcə, çox böyük ədalətsizlik idi. Amma bu ədalətsizliyi bir erməni kimi etiraf etməyim kimə lazım idi? Poqosov və Poqosovkimilər “vətən xaini” damğası ilə dərhal mənim məhvimə fərman verər, ailəmi belə təqibə məruz qoyardılar. Müsəlmanlar üçünsə mənim – sıravi bir erməni yazarının, sözü sözlər yanında milçək vızıltısı qədər belə eşidilməyəcək bir məğmun, aciz, gücsüz bəndənin söylədikləri yaralarına məlhəm, dərdlərinə təsəlli ola bilməyəcəkdi. Mənim millətim xristian olması – xristian güclərə arxalanması hesabına bu mücadilədə güclü tərəf idi, müsəlmanları tam yenmişdi - əsas həqiqət bax buydu.
O ki Əhməd İzzət Paşanın əmriylə yaş senzinə görə ordudan kənarlaşdırılmış Maraş komantanı Süleyman Paşa təsəlli üçün atlı qarışqaları döyüşdürərkən təqribən eyni ölçülü-biçimli, eyni güclü qarışqalardan birinə qahmar çıxaraq yoğun barmağıyla digərini daim aşağı itələyirdi, eynən o cür də bolşevizmin yoğun barmağı erməni – müsəlman münaqişəsinin müqəddəratını həll etməkdəydi.
Qaranlıq düşəndə qarabasmalarım başlayırdı, ağlımı get-gedə itirmək üzrə olduğumu ehtimallarım, fərziyyələrim daha aydın isbatlayırdı. Bu şəhərin hər gün təkrarlanan küləklərinin vıyıltısı pəncərəni çərçivə qarışıq qoparmaq, damı laxladıb uçurmaq çabalarıyla çıxardıqları səs-sədayla mənə lap sarımı uddururdu. Bir yandan da, çox güman, ev sahibəsi Marqonun yanına gələn erkəklərin gecə yarı belə usanmadan taxta pillələri cırıldadaraq aşağı-yuxarı çıxmaları içimə vəlvələ salırdı. Gözlərim yuxusuzluqdan alışıb yansa belə onları yuman kimi gah bu lənətə gəlmiş səslərin qorxu-hürküsü, onlar imkan verəndə isə həmin o qarabasmaların basqısı (daha çox qaynar su ilə dolu qazan başıma əndərilir, ərşə çatan tonqalda heyvan kimi ətim şişə taxılıb qızardılır, xəncərlə gözüm ovulub xırçıltıyla yerə tökülürdü) məni yataqdan dik atılmağa, işığı yandıraraq su qrafinini başıma çəkməyə, yanğımın söndürülməsi prosesinin bir belə uzun çəkməsindən sonra da təngnəfəs halda ciblərimi axtararaq papiros və kibrit tapıb ciyərlərimin məhvini labüdləşdirən papirosçəkmə cəzasına sövq edirdi.
Belə vaxtlar “bəlkə mən lənətlənmişəm” deyə düşünür, bu düşüncənin öldürücü təsiri əvvəlki vəziyyətimi bunun yanında lap toyagetməli edirdi. Özümü hamam otağına salıb başımı soyuq suyun altına tutur, fınxırıb burnumu təmizləməklə kəsilməkdə olan nəfəsimi bərpa edəcəyimi düşünür, bir də alüminium tübikdəki mentol dadı verən pasta ilə ciddi-cəhdlə, var-gücümlə dişlərimi sürtürdüm.
Haçansa hardansa oxumuşdum ki, ruhi sarsıntı keçirən insanların özəl qəribəlikləri olur, gecəyarısı dişimin mina qatının indicə qoparılıb aparılacağı təsəvvürü yaradan çox kobud təmasla diş fırçalamağım, şübhəsiz, mənim ruhi sarsıntımı isbatlayan özəl qəribəliyim sayıla bilərdi.
Tarix ona görə tarix olur ki, güclüyə xidmət edib zəifi aşağılayır. Tarixin qələmini, kağızını güclülər ayırır, onu yazan mirzələri güclülər seçir, bir tikə çörəyini, bir içim suyunu verir ki, otur yaz. Onlar da yazır. Qaraya ağ, ağa qara deyə-deyə yazdıqlarını üst-üstə qalaqlayırlar.
Şərəfin tarixi əsla mümkün olan şey deyil. Məncə, yalnız şərəfsizliyin tarixi mövcuddur!”