Portalımızda bir həftə öncə şimal qonşumuzun ədəbiyyat funksionerlərinin yay günlərində istinin və pandemiyanın mərhumiyyətləri şəraitində ədəbiyyatsevərlərə üçgünlük III böyük onlayn layihə ilə əsil bayram yaşatması barədə “Dünyaşöhrətli Alan Din Foster III Böyük Beynəlxalq onlayn-layihəyə rəng qatdı” başlığl altında geniş yazı dərc edilmişdi. Beynəlmiləl Yazıçılar İttifaqı, “Rossiyskiy kolokol” jurnalı, Moskva Yazıçılar İttifaqı və digər təşkilatçıların birgə ərsəyə gətirdikləri bu layihə barədəki yazı oxucuların geniş marağına səbəb olmuşdu.
Yazıya xarici partnyorlar da diqqət göstərmişlər. Belə ki, inwriter.ru platformasında portalımızla bağlı təqdir yazısı getmişdir. Ayrıca, portalımızda dərc edilən “Dünyaşöhrətli Alan Din Foster III Böyük Beynəlxalq onlayn-layihəyə rəng qatdı” yazısının linki də qoyulmuşdur ki, maraqlananlar yazı ilə tanış ola bilsinlər.
Xatırladaq ki, sözügedən layihədə Rusiya yazarları ilə yanaşı Ukrayna, Belarus, İsrail, ABŞ, Avstraliya, o cümlədən Azərbaycan yazarları da iştirak edirdilər. Festivalın əsas sürprizi isə Alan Din Fosterlə – elmi-fantastik filmlər üçün ssenarilərin (o cümlədən dünyaca məşhur "Ulduz yolu" serialının), məşhur kinolentlərin ( o cümlədən "Qaranlıq ulduz", "Yad", "Riddikin Salnamələri", "Nə isə" və s.) dünyaşöhrətli müəllifi ilə görüş olmuşdu. Dünya fantastikasının klassiki ilə görüş videogörüntülər formatında keçirilmişdi. Alan Din Foster həyatımızda kitabın mənası, fantastika janrının yolu, onun dünyagörüşünü necə formalaşdırması, müasir oxucu çevrəsi haqqında danışmışdı. Onun tarixin fəlsəfəsinin dünya fantastikasına necə təsir etməsi və hazırda dünya fantastikasının necə dəyişməsi, mədəniyyəti hərəkətə gətirməsi və sivilizasiyanın inkişafına kömək etməsi haqqında mülahizələri hədsiz maraq doğurmuşdu.