Oliver Stounun Nazarbayev barədə filmi Moskvada qapalı çevrədə təqdim olundu Featured

 

Qazaxıstanın Birinci Prezidenti, türk dünyasının görkəmli oğlu Nursultan Nazarbayev haqqında "Qazax: qızıl insanın tarixi" adlı sənədli filmin qapalı nümayişi cümə axşamı Moskvada keçirilib. Filmin rejissorları Oliver Stoun və İqor Lapatenokdur.

 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, məşhur amerika rejissoru, ssenaristi və prodüsseri, 3 dəfə Oskar qazanmış, dəfələrlə “Qızıl qlobus”, BAFTA  kimi nüfuzlu ödüllərə layiq görülmüş Oliver Stounun cəlbedici qonorarın müqabilində ortaya qoyduğu bu iş heç də sıradan bir iş alınmayıb, yaradıcıların sözlərinə görə, film Roma kinofestivalında təqdim olunacaq. İyulun sonundan isə 8 seriyadan ibarət serial formatında Moskva televiziyası ilə filmin nümayişi başlanacaq.

 

Rejissor Lapatenokun verdiyi açıqlamaya görə, filmi çəkmək üçün pandemiya ciddi maneə törədib. Sərhədlərin bağlanması ilə bağlı çətinliklərdən əlavə, qrupun bir neçə üzvü koronavirusa yoluxub, buna görə əvvəlcədən hazırlanmış çəkilişləri ləğv etmək lazım gəlib.

 

"Təsəvvür edin, qrupumuzda üç simptomatik xəstə var. Heç bir test yoxdur, təyyarələr uçmur, yoluxmuş insanları daşımaq üçün humanitar təyyarə ala bilmirik.  Bununla belə, biz Nur-Sultan şəhərinə uçuruq. Bizim prodüser İqor Kobzev isə dərhal reanimasiyaya alınır", - deyə rejissor bildirib.

 

Kobzev filmin premyerası zamanı qazaxıstanlı həkimlərə ayrıca təşəkkür edib və həyatını xilas etdiklərinə görə bu insanlara ömür boyu borclu olacağını bildirib. Onun ağciyərlərinin buzlaşma dərəcəsi 84% - ə çatıbmış.

 

Sonradan, çəkilişlərin aparıldığı hava şəraiti də film istehsalçılarına ciddi problem yaradıb, həddindən artıq isti imiş, qumsal çöllərdə havanın temperaturu 55 dərəcə selsidən də çox imiş.

 

Rejissorun sözlərinə görə, filmin çəkilişlərində Nursultan Nazarbayev çəkiliş komandasına “tapşırıqları canla-başla yerinə yetirməsi səbəbi ilə” çox kömək edib. "Çəkiliş zamanı qəhrəmanımızı həqiqətən sevdik, çünki onun xalqı üçün nələr etdiyini öyrəndik", - deyə Lapatenok bildirib.

 

"Biz təcrübəli, xalqına hər şey vermiş görkəmli hökmdarın fenomenini görürük", - deyə o əlavə edib.

 

Filmdə Nazarbayevin həyatı uşaqlığından üzü bəri göstərilir. Qazaxıstanın gələcək ilk prezidentinin metallurgiya zavodu ilə başlayan əmək yolu təsvir edilir.

 

Bundan başqa, əsərin baş qəhrəmanı müstəqillik qazandıqdan sonra Qazaxıstanın tarixindən danışır və mühüm siyasi qərarların qəbul edilməsinin məntiqini izah edir, məsələn, SSRİ-nin dağılmasından sonra respublikada qalmış nüvə silahı arsenalından imtina etmələri barədə.

 

Nazarbayev həm də Ukraynada vəziyyətin nizamlanması üzrə Norman formatının yaradılmasında özünün müstəsna rolundan danışır.

 

Filmin nümayişində iştirak edən Qazaxıstanın Rusiyadakı səfiri Yermek Koşerbayev isə, öz növbəsində, ssenarinin, dialoqların və musiqinin təbiiliyini qeyd edib. "Mən həyəcanlandım, hər şey çox təbiidir. Bundan başqa, mən özüm  filmdə göstərilən hadisələrin əksəriyyətinin şahidiyəm", - deyə diplomat vurğulayıb.

 

Mövcud pandemiya şəraitinə görə Oliver Stoun özü təqdimetməyə qatılmayıb, Nursultan Nazarbayev də həmçinin. Qeyd etdiyimiz kimi, bu, dar çərçivədə qapalı bir təqdimat olub. Amma Stounun da, Nazarbayevin də iştirakıyla "Qazax: qızıl insanın tarixi" adlı sənədli filminin açıq geniş təqdimatının keçiriləcəyi də gündəmdədir.

 

Nazarbayev Qarabağ probleminin nizamlanmasında Azərbaycan meyilli fəaliyyəti ilə, habelə qüdrətli türk dünyasının təşəkkül tapmasında göstərdiyi səyləri ilə azərbaycanlılar arasında çox sevilir. Düzdür, filmdə onun Qarabağ problemi, türk dünyası ilə bağlı fəaliyyət spektrləri barədə söz açılıb-açılmaması haqda xəbərdar deyilik, bununla belə, qeyd etməliyik ki, bu 81 yaşlı qocaman türk oğlu barədə Oliver Stounun film çəkməsi çox böyük hadisədir.

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.