Super User
“Can Cankaya” Bakıda çıxış edəcək
Sentyabrın 23-dən 30-dək Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcəyi barədə sizləri məlumatlandırmışdıq.
Həmin festival çərçivəsində sentyabrın 24-də “Enerji Club”da Türkiyənin tanınmış “Can Cankaya” kvarteti çıxış edəcək.
Qrupun yaradıcısı Can Çankaya İstanbulun caz səhnəsində öz nəslinin aparıcı musiqiçilərindən biri sayılır. O, “Uilyam Paterson Universiteti”ndə magistr dərəcəsinə yüksəlib, Harold Mabern, Malqryu Miller və Ceyms Vaydman ilə fortepiano və ansambl üzrə təhsil alıb. Bu illər ərzində o, dünyaşöhrətli sənətçilərlə birgə müxtəlif beynəlxalq caz festivallarında səhnəni bölüşüb, çoxsaylı albomlar yazdırıb. “Can Çankaya” kvarteti Engin Recepogullari, Kagan Yıldız və Ferit Odman kimi İstanbulun ən çox sayılıb seçilən musiqiçilərinin görüş yeridir. Kvartet bu dəfə də orijinal və ənənəvi caz kompozisiyalarını ifa etməklə festivala rəng qatacaq.
Bakıda “Kids Festival”ı təşkil olunacaq
Sentyabrın 10-11-də Bakıda Uşaq musiqi və incəsənət məktəblərinin Xalq çalğı alətləri şöbəsində ifa edən şagirdlərin iştirakı ilə “Kids Festival”ı keçiriləcək. Festival “Cultural Network House” (“Mədəniyyət Şəbəkələr Evi”) Assosiasiyası və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əsədullayevin rəhbərliyi ilə həyata keçirilən “Ustad dərsləri” layihəsi əsasında reallaşacaq.
“Ədəbiyyat və incəsənət” portalı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə istinadən xəbər verir ki, festivalda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin “Nağara” ansamblı, H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin “Saz” Ansamblı, Şüvəlan qəsəbə Mədəniyyət Evinin və Xətai rayon Mədəniyyət Mərkəzinin nəzdindəki “Səma” rəqs ansamblı iştirak edəcəklər.
Bundan əlavə, animasiya şousu, teatr tamaşaları, nağıl saatı, uşaqlar və böyüklər üçün ustad dərsləri də festival proqramına daxildir.
Damı zirzəmidə olan könhə daxmanın balladası – Roksana İlienin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı istəkli oxucularına Rumınyanın tanınmış gənc şair və esseisti Roksana İlienin şeirlərini Ümid Nəccarinin tərcüməsində təqdim edir. Şeirləri kimi özü də gözəl olan Roksana İlie Buxarest Universitetinin Xarici Dillər və Ədəbiyyat Fakültəsinin doktorantura tələbəsidir. Alman, ingilis, ispan, portuqal, rus, italyan dillərinin tərcüməçisi və “Mozaicul” mədəniyyət jurnalının redaktorudur. Şeirləri ingilis, italyan, türk, ispan, alban dillərinə tərcümə edilib. O, şeir və tərcümələrinə görə önəmli milli mükafatlar qazanıb.
Roksana İlie “Mihai Eminesku” Ümumdünya Poeziya Festivalının üç dəfə iştirakçısı olub və bu beynəlxalq festivalın antologiyasına daxil olan bir neçə şeirin tərcüməçisidir.
BÜTÜN QADINLAR
Oğruların quyusunda,
əcdadların bədənləri Günəşin yanında fırlanırlar.
Quyunun qumları saçlarımı çəkib yoldu,
məni geri çəkdi,
kərpiclər arasından…
Hər üç kərpicdən bir göyə çırpılırdım
Təkrar-təkrar
qan laylası kimi…
orada ola bilərdim
orada Raçila haqqında yazılmışdır.
Sinəsi bir pəncərə kimi quyunun dibinə açıldı.
At kirpiklərinin uzandığı yerdir burası
At susuzluqdan əziyyət çəkən yer.
Onu burada dəfn etmişdilər,
quyunun qısır nəfəsi altında
iyirmi il,
öz kənarında
sümükləri dərisinin altında cücərir.
kimin ağlına gələrdi ki, onun qara saçları
atlara yem olacaq.
Dilsiz gecələr
uşaqlarına yemək yedizdirirdi.
Kim səni, Raçila, səsləyərdi?
Öz bulağından
ayrılmış bir su ilə,
ayaqlarını necə yapışdırırsan
quyunun dibinə.
Bütün sözlərin dayanacağı yerdə
nəfəs alma.
Sənin xoş dadın var, Raçila,
acı albalı kimi
sükut dadında…
Quyunun kənarını qucaqlayır
qanadsız quş kimi.
İşığın batdığı yerdə
bütün qadınlar basdırılacaq.
Sənin qara saçların quyunun dibində
sönük bir dua kimi yer üzünə…
sənin qara saçların, Raçila
oğrular quyusunda…
KÖLGƏLƏRİ OXUYAN RAÇİLA
Bu köhnə daxmada,
Biz bütün kölgələri yığa bilərik, Raçila.
Çürük və ağarmış paltarlar
yer üzündən asılır,
ayaqları başlarının altına sıxılmış halda
Hər gün qaranlığın açılmasına icazə vermək,
kölgələr getdikcə ağarır, Raçila…
Onların qara südü susuzluğunuzu qaldırmaz
onların qara südü sənin bütün uşaqlarına içizdiriləcək,
evin altından əsən küləyin qəzəbi ilə,
onların qaralığı damarlarınızdan keçəcək,
onların turş qoxusu dərinizi dəyişəcək.
Bu köhnə daxmada, Raçila,
kölgələrin incəliyi bizi isidəcək.
Onların zərif barmaqları səngərlər qazacaq
evin ortasında…
Bu köhnə daxmada, Raçila,
evin damı zirzəmidədir,
tör-töküntü…
kölgələrin altında…
Keçmişinin kölgələrini oxu, Raçıla!
Bakıda keçiriləcək V “Animafilm” Beynəlxalq Animasiya Festivalına 29 ölkədən 75 film qəbul edilib
Bakıda “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyinin (İB) təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək V “Animafilm” Beynəlxalq Animasiya Festivalı ilə əlaqədar sentyabrın 6-da Nizami Kino Mərkəzində mətbuat konfransı təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə İB-nin sədri, festivalın təsisçisi və direktoru Rəşid Ağamalıyev festivalın proqramı barədə geniş məlumat verib. Builki festivalın daha fərqli olacağını vurğulayan R.Ağamalıyev deyib: “Sentyabrın 7-dən 11-dək uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi festival Nizami Kino Mərkəzində baş tutacaq. Festival "Bir bilet-bir ağac" şüarı altında keçiriləcək. İqlim dəyişikliyinə həsr olunan tədbirdə bilet satışından əldə olunacaq gəlir azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcək".
Onun sözlərinə görə, festivala 50 müxtəlif ölkədən 230 film daxil olub: "Seçim komissiyası müsabiqəyə 29 ölkədən 75 film qəbul edib. Bu filmlər 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə yarışacaq. Azərbaycandan 16 film müsabiqədə iştirak edir. Bütün seçilmiş filmlərə beynəlxalq münsiflər heyəti baxacaq, qaliblər V “Animafilm” Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimində elan olunacaq”.
"Animafilm" Beynəlxalq Animasiya Festivalının media meneceri Bahar Zeynallının sözlərinə görə, builki festival tamaşaçılara üç əsas proqram təqdim edir - müsabiqə və müsabiqədənkənar, eləcə də peşəkarlar üçün proqram.
O bildirib ki, festivalda animasiya filmlərinin nümayişi ilə yanaşı, yerli və xarici peşəkarların iştirakı ilə vörkşoplar və ustad dərsləri də təşkil olunacaq.
Mədəniyyət Nazirliyinin əməkdaşı Elşad Əliyev ölkəmizdə animasiya filmlərinin istehsalından danışıb. Bildirib ki, mütəmadi olaraq Mədəniyyət Nazirliyinin sifarişi ilə müxtəlif şirkətlərlə əməkdaşlıq çərçivəsində animasiya filmləri istehsal olunur: “2021-ci ildə "Böyük Qayıdış" adlı müsabiqə keçirildi. Bu, Vətən müharibəsinə, qazilərimizə həsr olunmuş müsabiqə idi. Həmin müsabiqədə Qarabağ mövzusunda olan animasiyalar seçilmişdi ki, o animasiyalar müstəqil şirkətlər tərəfindən təqdim olunmuşdu. Nazirliyin dəstəyi ilə həmin animasiyalardan birinin hətta Milli Kino Günündə təqdimatı da keçirildi. Digər animasiyanın isə istehsalı hələ ki, davam etdirilir. Mədəniyyət Nazirliyi mütəmadi olaraq animasiya layihələrinə dəstək olur. Bu dəstəklərdən biri də şahidi olduğunuz V "Animafilm" Beynəlxalq Animasiya Festivalıdır".
"Animafilm" Beynəlxalq Animasiya Festivalının art direktoru Nəzrin Ağamalıyeva deyib ki, festivalın müsabiqədənkənar proqramında iqlim dəyişikliyi ilə bağlı filmlər, uşaqlar üçün “Ana təbiət” proqramı, Çexiyanın “Hətta siçanlar da cənnətə aiddir” tammetrajlı filmi, Ukrayna animasiyası, virtual sərgi və Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalib filmləri təqdim olunacaq. Həmçinin Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “Hava övladı” adlı tammetrajlı animasiya filmi nümayiş etdiriləcək. Peşəkarlar üçün proqramda hazırda üzərində iş gedən Azərbaycan animasiya filmləri təqdim olunacaq, beynəlxalq münsiflər heyəti ilə görüşlər nəzərdə tutulub. “Bir bilet - bir ağac” şüarı altında keçiriləcək V “Animafilm” festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib. Siyahı festivalın www.animafilm.az rəsmi saytında dərc olunub".
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədr müavini Telman Məlikzadə festival təşkilatçılarını təbrik edərək deyib: “Bizim federasiyamız bütün yaradıcılıq sahələrində fəaliyyət göstərən peşəkarların, assosiasiyaların, şirkətlərin fəaliyyətinin əlaqələndirilməsinə dəstək göstərir və bizim əsas tərəfdaşlarımız Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər qurumlardır. O cümlədən ölkəmizdə yaradıcılıq sahəsi üzrə bir çox tədbirlərdə aktiv şəkildə tərəfdaşlıq edərək dəstək göstəririk. Bu festivalın proqramı çox zəngindir və biz, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası olaraq bu cür önəmli layihələrə hər zaman öz dəstəyimizi veririk".
Daha sonra animator rəssam V "Animafilm" Festivalının qonağı Nitya Ramloqan festivalla bağlı öz təəssüratlarını bölüşərək təşkilatçılara xoş arzularını çatdırıb.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Nazir Anar Kərimov SSRİ Xalq artisti Valentin Yelizaryevlə görüşüb
Mədəniyyət naziri Anar Kərimov SSRİ Xalq artisti, professor, görkəmli baletmeyster, pedaqoq Valentin Nikolayeviç Yelizaryevlə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Qonağı səmimi salamlayan A. Kərimov Valentin Nikolayeviçin bir sənətkar kimi daim bəşəriyyəti narahat edən problemləri parlaq şəkildə nümayiş etdirməyə nail olduğunu vurğulayıb. Dünya şöhrətli baletmeysterin XX əsr müasir balet sənətində fərqli və maraqlı xoreoqraf kimi tanınmasından bəhs edib. Eləcə də Azərbaycan və Belarus arasında opera və balet sahəsində mövcud əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb.
Nazir Azərbaycan mədəniyyətinin nəinki Belarus, eləcə də dünyada layiqincə tanıdılmasında böyük töhfəsi olan V.Yelizaryevə təşəkkürünü bildirərərək, sevilən sənətkara “Şuşa 270” Döş nişanını təqdim edib.
Yaradıcılığına, sənət yoluna göstərilən böyük diqqət və qayğıya görə təşəkkürünü bildirən V.Yelizaryev bundan sonra da dünyaya göz açdığı doğma Azərbaycanı layiqli təmsil edəcəyini bildirib.
Anar Kərimov görkəmli baletmeyster, xoreoqraf V.Yelizarevə işlərində uğurlar, möhkəm can sağlığı arzulayıb.
Azərbaycan kino industriyasının yaranışının yubiley ildönümü möhtəşəm tədbirlərlə yadda qalacaq
Kimi soruşsan, deyəcək ki, köhnə Azərbaycan filmlərindən ötrü sinov gedirəm. Həqiqətən də o filmləri peşəkar rejissorlar və mahir aktyorlar birgə ərsəyə gətirərək kino tariximizin qızıl salnaməsini yaradıblar. 2023-cü ildə “Azərbaycanfilm” kinostudiyasının yaranmasının 100, Azərbaycan kinosunun isə 125 ili tamam olacaq.
Bu münasibətlə tədbirlər planı tərtib edilib və kino qurumları bu planları açıqlayıblar.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 2022-2023-cü illəri əhatə edən tədbirlər planında “Azərbaycanfilm”də indiyə qədər istehsal olunan filmlərin bərpası, təbliği və yeni filmlərin istehsalı nəzərdə tutulub. Bundan başqa, filmlərin təbliği ilə bağlı olan planda klassik filmlərin posterlərinin, treylerlərinin, ingilis dilində subtitrlərinin hazırlanması, köhnə filmlərimizin rəqəmsal formata keçirilməsi, sosial media ilə bağlı həftəlik müzakirə verilişlərinin hazırlanması da nəzərdə tutulub.
Tədbirlər planında “Azərbaycanfilm 100 -afişalar”, “Azərbaycanfilm 100- kadr arxasında”, həmçinin rekvizit-geyim, eskiz- dekorların sərgisi, dəyirmi masalar, konfransların keçirilməsi də öz əksini tapır. Bununla yanaşı, “Azərbaycanfilm”in 100 illik tarixini, fəaliyyət istiqamətini, həyata keçirdiyi ən uğurlu layihələri bir neçə versiyadan ibarət olan tanıtım çarxlarında nümayiş olunacaq.
Kinostudiyanın nəşrlərə bağlı planında isə, kino ilə bağlı fundamental nəşrlərin tərcüməsi və nəşri, klassik filmlərin ssenarilərinin çapı, “Azərbaycanfilm – 100” kataloqunun iki dildə hazırlanıb nəşr edilməsi nəzərdə tutulub. İstehsalın inkişaf etdirilməsi məqsədilə mütəmadi müsabiqələrin keçirilməsi, ssenari portfelinin formalaşdırılması da planda yer alıb.
Qeyd edək ki, tədbirlər planında tələbələr üçün “Açıq qapı günü – “Azərbaycanfilm” turu”nun təşkil edilməsi, hər ay bir bölgədə olmaqla seçilmiş 12 bölgədə (Naxçıvan, Gəncə, Şamaxı, Şəki, Quba, Lənkəran, Zaqatala, Biləsuvar, Ağdam, Yevlax, Qazax, Şirvan ) “Azərbaycanfilm-100” kino həftəsinin keçirilməsi – həftə ərzində həmin bölgədə tamaşaçılarla kino mütəxəssislərinin görüşlərinin, film nümayişlərinin və müvafiq sərgilərin təşkil olunması xüsusilə qeyd olunub.
Türkdilli ölkələrdə və MDB məkanında “Azərbaycanfilm” tanıtım tədbirlərinin keçirilməsi də bu plana daxildir.
Bir sözlə, əlamətdar tarixlər geniş qeyd ediləcək.
Günün fotosu: Haqq söz dediyinə görə 22 il həbs
Günün fotosu: Haqq söz dediyinə görə 22 il həbs
Mpskva məhlkəməsi Kommersant nəşrinin jurnalisti İvan Safronovu vətənə xəyanət maddəsi ilə 22 il azadlıqdan məhrum edib. Səbəb - onun Ukrayna müharibəsi barədə həqiqəti yazması olub.
Foto: Euronews
SÖZ-ün hesabına ölümdən xilas olan adam...
Elman Eldaroğlu yazır
Allah onu dünya malıyla, can sağlığıyla çox imtahana çəkib, necə deyərlər, əzib əzişdirib, sonda şükranlığına, imanına bağışlayıb...
Deyir ki,- “Mən vaxtilə çox maksimalist idim, həyatdan çox şey istəyirdim. Yaş artdıqca istəklərim minimuma endi. Bilmirəm, bu dünyayla, taleylə barışmaqdımı, çarəsizlikdən doğan bir vəziyyətdimi, ya məğlubiyyətdimi? Hər halda arzulara məğlub olmaq çox ağrılı bir şeydi, mən bu ağrıları yazılarıma, şeirlərimə köçürmüşəm. Özümü bu yolla ağrıdan xilas etməyə çalışmışam. Allah sanki sözü mənə xilas yolu kimi nişan verib. Söz məni ölümdən xilas edib. İndi mən artıq həyatdan nəsə istəməyə qorxuram, həyat itkilərlə gözümün odunu alıb…”
Nəzakətli, yolagedən, optimist və xəyalpərəst adamdır. Davranışı və rəftarı hadisələrin gedişindən çox asılıdır. Buyruqdan və boynuna öhdəlik götürməkdən zəhləsi gedir. Pis niyyətli deyil. İnsanlara hələ də inanır və güvənir. İstedadlıdır. Praktikliyi sayəsində müvəffəqiyyət qazana bilir. Rahatlığı və əmin-amanlığı sevir.
Saysız-hesabsız istək və arzuları var. Bunları reallaşdıra bilməyəndə, özünəməxsus xəyal aləmində həyata keçirir. Onun bu aləmi o qədər güclüdür ki, tez-tez gerçəklə qarışdırır. Digər tərəfdən mistik və fəlsəfi hadisələri öyrənməyi sevir. Zehni xəyallar seli və qorxunc duyğu dalğaları ilə doludur. Mənəviyyatının dərinliyindən gələn bu partlayışları yaradıcılığna yönəltdiyindən, gücü tükənmir...
“Uşaq vaxtından şeirlər, hekayələr yazırdım, ancaq üzə çıxarmırdım. 9-10 yaşlarımdan şerlərimi “Azərbaycan pioneri” qəzetinə və “Pioner” jurnalına təqdim edirdim. Bir neçə dəfə mənə bildirdilər ki, bədii cəhətdən zəif olduğu üçün çapa yaramır. 5-6 dəfə göndərdim, nəhayət, bir dəfə balaca bir şerimi “Pioner” jurnalında dərc etdilər. Sonradan Azərbaycanın enkslopedik alimlərindən, rəhmətlik Rəhimağa İmaməliyevin ədəbiyyata gəlməyimdə böyük rolu oldu. O, məndə inam yaratdı ki, sən yaza bilərsən. 1995-ci ildən mətbuatdayam. Jurnalist kimi fəaliyyət göstərsəm də şeir və hekayə də yazıram, ancaq uzun müddət onları ədəbi mühitə çıxarmırdım. 2000-ci illərin əvvəllərində təsadüfən Yazıçılar Birliyində Samir Sədaqətoğlu ilə tanış oldum. O, “Ədalət” qazetində ədəbiyyat bölməsini aparırdı. Mənə bildirdi ki, ayrıca ədəbiyyat qazeti buraxmaq istəyirlər. Mən də dedim əlimdə tərcümələrim var. Dedi gətir, çap edək. Elə oldu ki, həmin qazeti birlikdə buraxası olduq. Və beləcə ədəbi mühitin içinə düşdüm. Öz hekayələrim də orada çap olundu. Sonralar “Kaspi” qazetində şeirlərim çıxdı. 2003-cü ildə isə “Ədalət” qazetinə keçdim, ayrıca “Yazar” adlı ədəbiyyat qazeti buraxdıq.”- söyləyir...
Haqqında söhbət açdığım Kənan Hacı 1975-ci ildə Buzovna qəsəbəsində anadan olub. Orta təhsilini Xəzər rayonu, Buzovna qəsəbəsinin 125 saylı məktəbində alıb. 1995-ci ildə özəl universitetlərin birində jurnalistika ixtisasına yiyələnib. 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “İki sahil”, “Ədalət”, “Vətəndaş həmrəyliyi”, “Yazar” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “Qanun” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində redaktor vəzifələrində işləyib. Sonra Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktoru olaraq fəaliyyət göstərib. "Mücrü" jurnalının baş redaktorudur. AYB-nin üzvüdür. Müxtəlif ədəbi əsərlərindən ibarət 11 kitabı nəşr olunub. Xarici dillərdə yazılmış 5 kitabı ana dilinə çevirib. Əsərləri rus, türk, ingilis və ukrayn dillərinə tərcümə olunub...
Evin tək uşağı olub. Erkən gəncliyində atası vəfat edib. Min cür çətinliyə qatlaşıb, acınacaqlı günlər yaşayıb. Əsgərliyi bitirən vaxtlarında xəstələnib hospitala düşüb, əməliyyat olunub. Və bir gün xəbər tutub ki, Hepatit C xəstəliyinə yoluxub. Xəstəliyini 8 il ən yaxın dostlarından belə gizlədib. Heç kəs bilməyib ki, evsiz-eşiksiz yaşayır. Üstəlik ağır xəstədir. Amma taleyindən heç zaman gileylənməyib. Allaha inanıb- nə vatsa zamanın üzünə güləcəyinə ümid bəsləyib. Və həmin gün gəlib. Artıq ev-eşik sahibidir. Xəstəliyə qalib gələrək yaşayır, yaşayacaq da. Yaradıcılığından da geri qalmır. Güclü təxəyyülü, ədəbi təhlili var...
Deyir ki,- “Uzun-uzadı təsvirlərlə oxucunu yoran şişman romanların dövrü çoxdan keçib. Artıq roman janrı tam yeni bir mərhələyə qədəm qoyub. Bu proses davam etməkdədir. İndi zaman yazıçıdan fikri lakonik ifadə etməyi tələb edir. Mənim fikrimcə, janrların şərtiləşməsi ədəbiyyata bir rəngarənglik gətirir. Dəyərli tənqidçimiz Rəhim Əliyev bir dəfə söhbətimizdə çox gözəl bir fikir dedi. Dedi ki, heç nəyə baxmadan oturub yazmaq lazımdır. Məğlubiyyətdən qorxmaq lazım deyil. Yazmaq yazıçının həyat tərzinə çevrilməlidir. Mən yaradıcılıqda sərbəstliyin tərəfdarıyam, ölçülü-biçili roman yazmağı, əsəri standart janr qəlibinə salmağı xoşlamıram. Ənənəvi düşüncədən bacardıqca qaçmaq lazımdır. Sovet dövründə yüzlərlə belə romanlar yazılmışdı, əksəriyyəti unudulub getdi, qalmadı. Amma məsələn, Sartrın “Sözlər” romanını götürək, sırf avtobioqrafik əsərdir, roman janrının tələblərinə cavab vermir. Amma möhtəşəm əsərdir, biz onu memuar kimi yox, elə roman kimi də oxuyuruq...”
Rəngli bir daxili aləmi var. Bu aləmdə müsbət xüsusiyyətlərin say-hesabı yoxdur. Səxavətlidir və başqalarını məmnun etməkdən xoşlanan adamdır. Yaddaşı çox güclüdür, heç nəyi unutmur. Mütaliyyə diapazonu geniş olduğundan zəngin “Söz sandığı”na və bilgiyə sahibdir. Bir sözlə, Kənan Hacı təpədən dırnağa parlaq bir istedaddır...
“Gün keçdi" filminin çəkilişləri zamanı rejissor Arif Babayevlə Həsən Məmmədovun sözləri çəp gəlir…
“Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə Kulis.az-a istinadən Xalq artisti Həsən Məmmədov haqqında on maraqlı faktı təqdim edir.
1. Həsən Ağaməmməd oğlu Məmmədov (əsl adı Əbülhəsən) Salyan rayonunda doğulub. Valideynlərinin istəyi ilə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Atası oğlunu ali təhsilli müəllim görmək istəyir. O, isə 2-ci kursda təhsilini yarımçıq qoyub Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə - Mehdi Məmmədovun kursuna daxil olur. Təyinatla Akademik Milli Dram Teatrına işə düzəlir.
2. Kinoya gəlişi "Böyük dayaq" filmi ilə olur. Həmin filmdə o, Qaraş rolunu canlandırır. Aktyora birdən-birə şöhrət gətirən bu film onun atası ilə də münasibətlərinin düzəlməsində böyük rol oynayır. Belə ki, müəllim olmaqdan vaz keçib teatra üz tutanda atası onu nəinki dəstəkləməmiş, hətta ondan küsmüşdü. Film televiziyada yayımlanandan sonra qəfildən Ağaməmməd kişinin oğlu bütün rayon əhlinin dilinə düşür. Xəbərlər tezliklə küskün atanın qulağına da çatır. Ata oğlunu ürəyində bağışlayır.
3. Üçüncü kursda oxuyanda Həbib İsmayılov Həsəni "Böyük dayaq" filminin sınaq çəkilişlərinə dəvət edir. Həmin vaxt "Qaraş" rolunun sınaq çəkilişinə güləş üzrə dünya çempionu Sadıq Süleymanovun oğlu da dəvət almışdı. Həsən düşünür ki, məşhurun oğlunu qoyub, yəqin ki, onu filmə çəkməyəcəklər. Tətildə çıxıb gedir Salyana. Bədii Şura sınaq çəkilişlərində "Qaraş" obrazına kimi çəkəcəyi barədə tərəddüd edir. Bu zaman Bədii Şuranın üzvü Rza Əfqanlının qızı Bədurə Əfqanlı deyib ki, Həsən elə əsl "Qaraş"dır, o çəkilsin. Bundan sonra qərar verilib. Salyana teleqram vururlar ki, tez gəl, səni filmə təsdiqləyiblər.
4. Kinostudiyanın yaxınlığında kirayə qaldığı həyətdə ondan başqa da tələbələr qalırdı. Onlardan biri Lətifə adlı qız Həsənin bütün diqqətini özünə cəlb edir. Çəkilişlərdən vaxt tapan kimi Həsən Məmmədov qarabaqara bu qızın arxasınca düşür. Bir gün Lətifə fərqinə varır ki, hər gün onun ardınca yaraşıqlı bir gənc gəlir. Ondan heç gözlərini çəkmir. Bu vəziyyət üç-dörd ay davam edir. Qız da kim olduğunu bilmədiyi bu səssiz oğlana uzaqdan bağlanır. Uzaqdan sevirlər bir-birlərini. Və elə bir gün gəlir ki, artıq Həsən Lətifəyə qəlbini açır. Onlar 1967-ci ildə evlənirlər. İki övladları dünyaya gəlir - Aynur və Əvəz.
5. 1971-ci ildə "Gün keçdi" filminin çəkilişləri zamanı rejissor Arif Babayevlə Həsən Məmmədovun sözləri çəp gəlir. A. Babayevin ssenariyə görə Əsmərlə (Leyla Şıxlinskaya) Oqtayın öpüşməsi səhnəsini çəkmək istəyi 33 yaşlı aktyor tərəfindən etirazla qarşılanır. Maraqlıdır ki, L. Şıxlinskaya bu epizoda razı olduğu halda, Məmmədov kəskin şəkildə etiraz edir və Arif Babayevə bildirir ki, bir daha belə bir təklif etsə, filmdən imtina edəcək. Həmkarlarının dediyinə görə, həmin vaxt H. Məmmədov ailəli imiş və həyat yoldaşını çox sevdiyindən, bu epizoda çəkilməyə razılıq vermir. Hətta bildirilir ki, həyat yoldaşı da H. Məmmədovun sözügedən epizoda çəkilməsinə heç nə demir. Amma aktyor xanımının razılığına baxmayaraq, yenə də fikrini dəyişmir.
6. Heç vaxt onun dilindən kimsə sərt cavab, təhqir eşitməyib. Olduqca mülayim adam olub. Hamıya "qurban sənə" deyə müraciət edirmiş.
7. Kino sahəsində Həsən Məmmədov ən rahat aktyor hesab olunur. Film çəkilişləri başlananda o, rejissorlardan bircə kəlmə soruşurmuş, filmi hansı planda çəkirsən? Qalanını özü bilirdi. Daha ona demək lazım gəlmirdi ki, Həsən sən nəyi necə eləməlisən.
8. Kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. "İstintaq" bədii filmindəki Murad roluna görə SSRİ, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycan SSR dövlət mükafatları ilə təltif edilib. 1970-ci ildə "7 oğul istərəm" filmindəki Bəxtiyar roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.
9. Rejissor Tofiq İsmayılovun evində keçirilən ad gününə əlində iri bağlama ilə gəlir. Tofiqə deyir ki, bu vazanı sənə hədiyyə gətirmişəm. Səhəri gün qrup yoldaşı Rafiq Əzimov dərsə gedəndə Həsəni qanıqara görüb nə olduğunu soruşur. Həsən deyir ki, dünən ad gününə hədiyyə ala bilməyib. Məcbur qalıb, qardaşı arvadının cehizlik büllur vazasını Tofiqə aparıb. Arvad da ərinə deyib ki, vaza yoxdur, yəqin Həsən sındırıb. Sonra da gizlədib ki, evdə heç kimin xəbəri olmasın. Məndən məsləhət istədi ki, indi nə edim? Dedim Tofiqdən vazanı geri almaq ayıb olar. Dedi, onda məni evə buraxmayacaqlar. Tofiqin ailəsində də məsələni bilmişdilər, həmin gün o özüylə vazanı dərsə gətirib Həsənə verir ki, apar qoy yerinə.
10. Bir gün tədbirlərin birində çəkinə-çəkinə nazir Polad Bülbüloğluna yaxınlaşıb yenidən teatra qayıtmaq istədiyini bildirir. Polad Bülbüloğlu dərhal "Azdrama"nın o vaxtkı rəhbəri Həsən Turabova tapşırır ki, Həsən Məmmədovu işinə bərpa etsin. Ömrünün sonlarına yaxın ürək xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkir. Ürəyindən ağır əməliyyat keçirir. Lakin 2003-cü il avqustun 26-da 64 yaşında dünyasını dəyişir. İkinci Fəxri Xiyabanda dəfn olunur.
Şəkildə: Həsən Məmmədov “Gün keçdi” filmində.
Azərbaycan filmi ABŞ-da keçirilən beynəlxalq yarışmada mükafat qazanıb
“SSP Production”un istehsal olan “Xatirə və Xəta” bədii filmi ABŞ-da keçirilən nüfuzlu 19-cu “Accolade Qlobal Film Yarışması”nda “Ən yaxşı bədii film” kateqoriyası üzrə “Accolade heykəlciyi” adlandırılan qızıl prizə layiq görülüb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovdur. Ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polis və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib. Filmdə əsas rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru Əkbər Qoşalı, montajı Elnur Tarverdiyevə məxsusdur.